Страницы

02.03.2015

Abbasağa - QƏDƏH

Daşlara çaldığım ey büllur qədəh,
Bir anın içində mən qırdım səni.
Xeyrini görübdür hansı bir əbləh?
Nə əcəb vaxtında sındırdım səni!

Üzünü görəndə deyirdim: Bəh, bəh!
Ey dolu qədəhli dünya, mənimsən!
Mən sonra anlayıb bildim, ey qədəh,
Abır düşmənisən, ömrə qənimsən.

Girdinmi birinin qılığına sən,
Atarsan-tutarsan onu şar kimi.
Bəzən cılızların sağlığına da 
Qədəh qaldırmışam saxtakar kimi.

Tutumun olsa da cəmi yüz qram,
Fitnəni-felini gerçək edənsən.
Ey qədəh! Səndəki "qüdrət"ə bir bax,
Sən fili kiçildib milçək edənsən.

Dünyanın bəlası, şeytanın şəri
Əbədi oyaqdır sənin dibində.
Deyirlər, mən səni qırandan bəri:
"Ağlın başındadır, pulun cibində."

***
İnsanlıq önündə çoxdur günahın,
İblisin, şeytanın fitnəsi qədəh!
Dostusan qüssənin, ağrının, ahın,
Güldürə bilməzsən heç kəsi nahaq.

Sındırılb atanda səni yaxında,
Titrəyib əsmədi əlim yaxanda.
Ən şirin nemətdir sənə baxanda,
Gürzənin zəhərli nəfəsi, qədəh!

Kim desə içkidən kef dürüst olur,
Yalandır!.. süst olan bədən süst olur!
Ürək gücsüz olur, can alt-üst olur,-
Söndürür arzunu, həvəsi qədəh!

Bilirəm, dindirsən, hansı sərxoşu,
Deyər nemətlərin şərabdır başı!
İndi ki, olmusan sən günah daşı,
Qoy onda mən olum tərəzi daşı.

Комментариев нет:

Отправить комментарий