Страницы

13.03.2015

ÇƏRÇİVƏLƏRƏ SIĞMAYAN QADIN

Naidə xanımla tanış olanlara ilk baxışda elə gələr ki, onun heç bir qayğısı, problemi yoxdur. Həmişə gülərüz və mehribandır. Daha yaxından tanışlıqdan sonra isə məlum olur ki, bu insan daim narahat, daim axtarışdadır. Naidə xanımın gördüyü işləri sadəcə sadaladıqda inanmaq olmur ki, bütün bunlar zərif bir qadın işinin nəticəsidir. Onun uğurları az deyil. Elə söhbətə də həmin uğurlardan bəzilərini sadalamaqdan başlamaq istəyirik:
- Masallı rayonun Şərəfə kəndində anadan olub boya-başa çatan, 1985-ci ildən hal-hazıra kimi həmin kənddəki məktəbdə çalışan Naidə Məmmədova özünün ən böyük uğuru 2011- ci ildə ölkə başçısının sərəncamı ilə “ Ən yaxşı müəllim” adını qazanaraq prezident mükafatına layiq görülməsini hesab edir.
- 2003-cü il də Naidə xanım daha bir uğura imza atdı. O, həmin il ölkə üzrə 2 ən yaxşı müəllimdən biri kimi Fransaya göndərildi. Bu layihəyə dünyanın 54-dən artıq ölkəsindən ən yaxşı müəllimlər dəvət edilmişdi. Bir neçə ay davam edən bu təkmilləşmədə Naidə xanımın gələcək fəaliyyətində güclü stimul oldu.
- 2006-cı ildə Təhsil Nazirliyinin bir neçə mərhələli müsabiqələrindən və imtahanından keçərək “Müəllimlərin müəllimi” adını qazandı.
- 2012-ci ildə onun Respublika konfransına təqdim etdiyi yeni təlim strategiyaları ölkə üzrə 600 müəllimin layihəsi çərçivəsində ən effektlisi hesab edilərək Təhsil Nazirliyinin 1-ci dərəcəli diplomuna layiq görüldü və qərara alındı ki, Xarici Dillər Universitetində innovativ kafedra yaradılaraq bu yeni metodların tətbiqinə başlanılsın.

Naidə Məmmədova 1962-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. Xarici Dillər Universitetinin “Fransız-ingilis dilləri” fakültəsini bitirib.
Dastanlara sığmayan tələbəlik illəri. Bizim Naidə xanımla ilk tanışlığımız 1982-ci ildə, Masallıda keçirilən “Tələbə günü”ndən başlayıb. Həmin vaxt Naidə Məmmədova tələbə idi və rayonda tələbə günlərində aparıcılıq edirdi. Sonradan bəlli oldu ki, bu aparıcılıq Naidə xanımın nə birinci, nə sonuncu işidir. Belə ki, o, orta məktəb illərində də, təhsil aldığı ali məktəbdə də fəal aparıcı olub. Hətta arabir ölkə televiziyasında da ona aparıcılıq etibar ediblər.
Naidə xanım adi tələbə olmayıb. Onun tələbəlik illərində apardığı vəzifələrin isə sayı kifayət qədər çoxşaxəlidir. Onlardan bir neçəsini xatırlatmaq istəyirik:
-Naidə xanım 500-dən artıq tələbəni birləşdirən fakültə həmkarlar təşkilatının sədri olub; 
-Universitet üzrə mədəni-kütləvi işlər komissiyasının sədri kimi minlərlə tələbənin fəaliyyətini koordinasiya edib - turist səfərləri, konsertlər, ansambl yaratmaq, rəqs qrupu təşkil etmək, bir-birindən orijinal tədbirlər...
-Fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri olub. O həm də TEM sədri kimi nümunə göstərib. Belə ki, onun elmi işləri hələ tələbəlik illərində xüsusi diplomlara layiq görülüb.
Bütün bu işlərlə yanaşı o, əsas işinin yüksək səviyyəli təhsil almaq olduğunu unutmur və bütün semestrləri əla qiymətlərlə başa vurub. Bu, yekunda da özünü göstərib - Naidə Məmmədovu təhsil aldığı Xarici Dillər Universitetini fərqlənmə diplomu ilə başa vurub.
Ziyalı kənd qadınının gördüyü ictimai işlər. Naidə Məmmədova pedaqoji sahədə fəaliyyətə başlayandan sonra təkcə dərs deməklə işini bitmiş hesab etməyib. Öncə qardaşı ilə birgə boya-başa çatdığı Şərəfə kəndinin tarixi ilə bağlı tədqiqat xarakterli kitab hazırlayıb. 
Daha sonra Masallının təhsil tarixini ciddi şəkildə araşdırıb və maraqlı məlumatlar əldə edib.
Onun təhsilə sonsuz marağı da səbəbsiz deyildi. Naidə xanım Masallı təhsilinə ilk dəfə rəhbərlik edən İsmayıl Əzimovun ocağında gəlindir. Onun bacı və qardaşları ali təhsillidir.
Naidə xanım Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq etməyə də vaxt tapır. Belə ki, ABŞ-ın CHF (Beynəlxalq Humanitar Fond) təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edərək yerli fəalların köməyi ilə Şərəfə kəndində yeni yollar çəkilməsində, yaşıllaşdırma işlərinin aparılmasında, işıq dirəklərinin dəyişdirilməsində, kəndə yeni transformatorun alınmasında, kənd bələdiyyəsinin müasir avadanlıqlarla təmin olunmasında və digər işlərdə yaxından köməklik və yüksək təşkilatçılıq göstərib.
Bundan əlavə o, Qızıl Aypara Cəmiyyətinin kənddə keçirdiyi tədbirlərin əsas təşkilatçılarından olub. Bu təşkilatın rəhbəri, millət vəkili Novruz Aslanov yüksək təşkilatçılığa görə onu diplom və qiymətli hədiyyələr təqdim edib.
N. Məmmədova həm də Fransanın Azərbaycandakı səfirinin, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun şəxsən iştirakı ilə bir sıra ekoloji və pedaqoji tədbirlərin reallaşmasına yardımçı olub.
O, müəllim olduğunu heç vaxt unutmurdu. Naidə xanım ictimai işlərdə nə qədər fəallıq göstərsə də, o heç vaxt başlıca vəzifəsinin - müəllim olduğunu unutmayıb.
Onun dərs dediyi şagirdlər Fransiz dili olimpiadalarında ardıcıl olaraq bir neçə il rayon rayon turlarının qalibləri olaraq, ölkə miqyaslı turlarında Masallını uğurlu təmsil ediblər.
Bütün bu uğurlar Fransanın Bakıdakı səfirliyinin diqqətini cəlb etdi. Fransanın Azərbaycandakı o vaxtkı səfiri 1998-ci ildə Masallıya gəldi və N. Məmmədovun çalışdığı Şərəfə məktəbini fransız dilinin yeni metodla təlimi üzrə pilot məktəbi elan etdi.
Beləliklə, Naidə müəllimin həyatı yeni mərhələyə qədəm qoydu və o, Fransa səfirliyi ilə sız əməkdaşlığa başladı.
Naidə xanımın, eləcə Bakı şəhərindəki bəzi müəllimlərin hazırlıq səviyyəsini daha da yüksəltmək üçün Avropa ölkələrindən xüsusi mütəxəssislər dəvət olundu və onlar bu seçilmişlər üçün xüsusi təlimlər keçməyə başladılar.
Naidə müəllim və Fransa əlaqələri. Naidə xanım:
-Gördüyüm işləri daha da təkmilləşdirmək üçün Fransaya göndərildim. Bu 4 aylıq səfər çərçivəsində Türkiyə, İsveçrə və Fransanın 10- yaxın şəhərində təkmilləşdirmə kurslarında iştirak etdik. Əsas fəaliyyətimiz isə Fransanın Paris və Bezanson şəhərlərinin müxtəlif universitetlərində beynəlxalq təkmilləşdirmələrdə olduq. Bu layihə çərçivəsində yadımda qalan ən maraqlı məqamlardan biri də xarici dil dərslərinin mahnılarla, yəni əyləncəli formada keçirilməsi idi.
Fransada olarkən elmi araşdırmalar da apardım. Azərbaycanda anadan olmuş sonra Fransada yaşamış Ümbül Banu haqqında xeyli məlumatlar topladım. Qayıdandan sonra bu barədə elmi məqalələrlə çıxış etdim. Təəssüf ki, araşdırmalarımda ürək ağrıdan məqamlar aşkarlandı. Məlum oldu ki, Ümbul Banu Bakıda anadan olsa da, yaradıcılığında və həyatında Azərbaycanla bağlı ziddiyətli məqamlara rast gəlinir . Belə ki, o, muğamlarımızı və himninimizi sevmədiyini bildirir. Hətta dilimizi aşağılayaraq bildirib ki, bu dil yalnız çığırtılardan ibarətdir. O hətta öz əcdadlarına da biganə olub. Babası Şəmsi Əsədullayev haqqında deyib ki, bu şəxs bütün fəaliyyəti boyu insanları istismar edib, onların haqqını yeyib, beləsinə niyə hörmət bəsləmək olar. Ən ağrılı cəhət odur ki, o, islam dinindən imtina edərək xristianlığı qəbul edib. Onun bu addımı Ümbul Banunun dostu olmuş boyük Yunan yazıçısı Nikos Kazanzakinin də narahatlığına səbəb olub və ona münasibət bildirərək yazıb ki, əziz Banin, Allah eşqinə müsəlman cənnətini tərk etməyin. şərqli ruhunuz haqqında fikirləşin, onu heç vaxt alçaltmayan.
Ümbül Banu dəfələrlə Bakıya dəvət olunsa da hər dəfə buna rədd cavabı verib. 
Daha sonralar görkəmli alimimiz, Azərbaycan Şərşünaslıq İnstitutunun direktoru olmuş Aidə xanım İmanquliyevanın qərbə inteqrasiya ilə fəaliyyətini araşdırarkən onun yaradıcılığı ilə Ümbül Banunun ziddiyyətli dünyagörüşü ilə bağlı qaranlıq məqamlara cavab tapdım. Bu isə ayrıca bir məqalənin mövzusudur.
Fransadan qayıdandan sonra Fransa səfirliyi məni Bakıda bir neçə ali məktəblərdə müəllim işləməyim barədə təklif verdi. Lakin Bakıda yaşamağım üçün mənzil problemi olduğuna görə, həmin təkliflərdən imtina edib qonşu Lənkəran rayonundakı Universitetdə çalışmağa qərar verdim və 10 ildən artıq 1998-ci ildən 2011-ci ilə kimi orada çalışdım.
Müəllimlərin müəllimi. Bəzən kimsə kiməsə tərifləmək üçün onu müəllimlər müəllimi adlandırır. Naidə Məmmədova isə bu adı rəsmi şəkildə qazanıb. 
Belə ki, ölkədə və xaricdə kifayət qədər peşəkar kurslarda təcrübə qazandıqdan, beynəlxalq təcrübə əldə etdikdən sonra, Lənkəran Dövlət Universitetində işləyə-işləyə ölkənin 10-dan artıq rayonunda – Zaqatala, Şəki, Goranboy, Gəncə, Astara, Lənkəran, Quba, Qusar, Abşeron və digər rayonlarında hər dəfə 20-30 müəllim, eləcə də direktor, RTŞ-nin metodistləri olmaqla yüzlərlə pedaqoqa dərs keçib.
Naidə Məmmədova: 
-Daha sonra müəllimlərin müəllimi adını almaq üçün yarışmaya qoşuldum. Öncə Bakıdakı Avropa liseyində müəllimlərin müəllimi adını almaq üçün seminarlara qoşuldum və yekunda Azərbaycan Təhsil Nazirliyinin çoxsaylı ekspertləri qarşısında imtahan verdim. Bir neçə mərhələdən keçdikdən sonra bu şərəfli adı – Müəllimlərin müəllimi adını qazandım və bu adla çox qürur duyuram.
Yorulmaq bilməyən Naidə xanım. Naidə xanım: 
-Həmişə lider keyfiyyətlərinə malik qadın olmaq, çərçivələrə sığmamaq, standart yox, daha orijinal yollarla getməyi arzulamışam. Elmi yaradıcılıq daim məni özünə çəkib. Tələbəlik illərində Tələbə Elmi Cəmiyyətinə rəhbərlik etməyim məni elmə əbədi bağlılığıma səbəb olub. Namizədlik, fəlsəfə doktoru almaq üçün elmi işim də hazırdır. Sadəcə olaraq elmi işimi fransız dilində yazdığım üçün Azərbaycanda onun müdafiəsində problemlər yaranıb (Onu da xatırladaq ki, Naidə xanım ingilis, rus, fransız, latın, türk dillərini mükəmməl bilir-red).
Hazırda Respublika Təhsil Nazirliyinin sifarişi ilə müxtəlif rayonlarda müəllimlərin hazırlanması, yeni təhsil proqramının öyrədilməsi və sertifikatlaşması ilə məşğulam.
Azərbaycan dilində ilk dəfə xarici dilin mahnılarla tədrisi mexanizmi sahəsində araşdırma aparıb, bu barədə məqalələr yazıb, konfranslara təqdim etmişəm. 
Hazırda “Ədəbi mətnlərin analizi müasir paradiqm kontekstində”ı araşdırmalar aparıram. Qısaca desək, oxu mexanizmini yeniləşdirmək üzərində işləyirəm. Bu da o qədər maraqlı və faydalı sahədir ki, gələcəkdə imkan olsa, bununla bağlı ayrıca söhbət təşkil edə bilərik.
Ən böyük arzum məktəblərdə tədrisi elektron resurslar üzərində qurmaqdır. Bunun üçün bütün fənlər üzrə elektron resurslar olmalıdır. Bu isə olduqca gərgin və yaradıcı əmək tələb edir.xarici dilin daha orijinal (autentik) yolla tədrisi, xüsusən də xarici dildə sürətli danışığı öyrətmə mexanizmi də günün vacib məsələlərindəndir. Bununla bağlı mən özümü daha da təkmilləşdirmək üçün virtual yolla, internet vasitəsi ilə Fransadan müəllimlə əlaqə qurub bu sahəni daha mükəmməl öyrənirəm.
“Uğur”dakı Naidə müəllim. Bu il Masallıda ilk dəfə “Uğur” adlı Tədris Mərkəzi açılıb. Mərkəzin başlıca məqsədi şagirdləri ali məktəblərə hazırlamaqdır. Naidə Məmmədova hazırda bu mərkəzin icraçı direktorudur. Elə onunla söhbətimiz də bu məktəbdə baş tutdu.
Naidə xanım: 
-Hər sahədə özümü sınamaq istəyirəm. Bu mərkəzdə icraçı direktor işləməyim də bir təşkilatçılıq məktəbi keçməkdir. Mərkəzin rəhbəri Tural İsayev gənc də olsa çox maraqlı və dəyərli insandır. İşim mənə çox fərəh verir. Bu mərkəzdə ali məktəbə qəbul imtahanlarında 700 bal yığmağa şanslı olan şagirdlərimiz var. Şəxsən mənim özümün tədris etdiyim fransız dilindən onlarla şagirdim var ki, hər il bu fənn üzrə 100-də 100, yəni 25 balın hamısını toplayırlar.
Sizə qəribə gəlsə də hazırda öyrəndiyim sahələrdən biri də biznesdir. İstər elmdə olsun, istər yaradıcılıqda, insan biznesi bilməlidir. Belə olanda uğurlarınla yanaşı maddi durumun da qənaətbəxş olur...
Naidə xanımın ömür yolunu vərəqlədikcə sanki hər addımda yeni səhifələrlə rastlaşırsan – əlaçı tələbə, fəal gənc, gənc alim, yenilikçi, inovativ müəllim, fəal ictimayyətçi .. daha sonra müəllim oldu ki, yazımızın qəhrəmanı həm də tərcüməçiliklə, həm də şeir yazmaqla məşğuldur. O, 15-dən artıq fransız nağılını Azərbaycan dillinə tərcümə edib, həmçinin onlarla şeirin müəllifidir.
Söhbətimizin sonunda Naidə xanımla qadın problemləri barədə də söhbət etdik.
Naidə xanım: 
-Qadın həqiqı mənada öz gücünə inanmalıdır. Təkcə mənən yox, iqtisadi cəhətdən də müstəqil olmağı bacarmalıdır. Milli mentalitetə nə qədər hörmətlə yanaşsaq da, bəzən çərçivələri yarmağı da bacarmalıyıq. Çətinliklər önündə sınmamalı, taleyilə barışmamalı, daim nümunə olmaqla, gücümüzə güc qatmaqla hətta ən inadlı şəxsləri də təəccübləndirməyi bacarmalıyıq. 
Sonda bir məqama da toxunmaq istəyirəm. Biz, həyat yoldaşımıza da bəzi məqamları inandırmağı bacarmalıyıq. Mən həm də özümü xoşbəxt sayıram ki, həyat yoldaşım məni başa düşür və fəaliyyətimi dəyərləndirir. Aylarla xarici ölkələrdə, Azərbaycanın müxtəlif rayonlarınada günlərlə ezamiyyətdə olmaq təbii ki, ailədə bəzi çətinliklər yaradır. Yaxşı ki, belə səfərlərə 2 öqlum da, həyat yoldaşım da normal dəstək veriblər. Qazanan isə təkcə ailəmiz yox, regionumuz, təhsilimiz olub. Bunun başqa variantı da ola bilməzdi – çünki, yuxarıda qeyd etdiyim kimi gəlini olduğum ocaq Masallının ilk təhsil başqanı, təhsil fədaisi İsmayıl Əzimovun ocağıdır.
Sonda sizin “Qadın gücünə-güc” layihəsinə uğurlar arzulayıram. Çox faydalı iş görürsünüz, biz də imkan daxilində sizlərə dəstək olacağıq. Birlikdə daha güclüyük.

Zahir Əmənov                      cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий