Страницы

01.03.2015

Eynulla Əli Kərimlini tülküyə bənzətdi

Vətəninfo.az xəbər verir ki, Haqqın.az və Virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev AXCP sədri Əli Kərimli ilə bağlı rəhbəri olduğu saytda geniş məqalə yayımlayıb. Yayımlanan məqalədə yazay Əli Kərimlini ciddi şəkildə tənqid edib.

Gəlin Makiavellinin bir ifadəsini təkrar edib bu sualı verək: şirlə tülkünü eyni arabaya qoşmaq olarmı?
Florensiya Respublikasının ikinci dəftərxanasının birinci katibi insanların siyasi xarakteri barədə düşünərkən siyasətçiləri şirlərə və tülkülərə bənzədirdi. Şirlər tələdən, tülkülər isə canavardan qorxurlar! Nikkolo belə düşünürdü.
Amma şirlə tülkünü eyni qoşquda təsəvvür etmək mümkün deyil. Ən azı ona görə ki, Azərbaycan siyasətinin tülküsü Əli Kərimli əsas aslanın - Heydər Əliyevin hakimiyyətə gəlişi ilə artıq Azərbaycan iqtidarının tələsinə düşmüşdü.
Adi Saatlı zəhmətkeşi olan, rus dilini heç nəyə yaramayacaq səviyyədə bilən Kərimov öz sosial-sinfi mənsubiyyətinin verdiyi imtiyazlardan və əyalətin şəhər üzərindəki dominantlığının getdikcə güclənməsindən istifadə edərək sovet hakimiyyətinin çöküşü ərəfəsində Qorbaçov komsomolu sistemində başgicəlləndirici karyera qazanmağa qərar vermişdi.
Lakin sanki göydən düşübmüş kimi gözlənilmədən və qəfil gələn demokratikləşmə prosesi Azərbaycan Dövlət Universiteti (indiki BDU) komsomolunun I katibi olan Əli Kərimovun həyatını xeyli dərəcədə dəyişdi. Kənd uşaqları onları böyük gələcəyə aparan yolu dişləri-dırnaqları ilə açmağı bacarırlar. Bu fərasət onlarda anadangəlmədir. Onlara xas olan bu özünəvurğunluq və heç nədən utanmamaq hissi makiavellizmin “məqsəd vasitəyə haqq qazandırır” tövsiyəsi ilə izah oluna bilər.
Makiavellizmdən yeni nəfəs və ilham alan Kərimov bir andaca Kərimliyə çevrilir. Və komsomolun keçmiş I katibi Azərbaycanın Vatslav Haveli olmağa iddia edən adamın dissident dərnəyində peyda olur. Demoşizanın (demokratik şizofreniya) tipik nümayəndəsi olan bu yerli Havel özünün əcaib-qəraib manerası, qəribə hərəkətləri, adamı diksindirən zahiri görkəmi, dərvişlərdə olduğu kimi çirkli və cırıq-cındır pal-paltarı ilə lap papuasların arasında itib-batmış Mikluxo-Maklayı xatırladırdı.
Papuaslar Əliyev soyadlı bu dissidenti tezliklə Elçibəy, yəni “ilahi elçi” elan edirlər. Bununla da demoşizaya çevrilən komsomolçunun (“komsomalçik”in) bütün həyatı dəyişir. Yeni elçinin köməkçisi olan yoldaş Kərimli devizini elan edir: “Biz başqa yolla gedirik!”
Bəs sonra? Sonra isə onun həyatında adi inqilabçı karyerasının pillələri dururdu. Partiya qəzetinin müxbiri, partiya üzvü, MK-ya rəhbərlik, İnqilab Komitəsi (“revkom”), sonra çevriliş, daha sonra yüksək dövlət vəzifəsi...
Meydanlardan gəlmə ətrafı tərəfindən cuşa gətirilən Elçibəy hakimiyyəti regenerasiya etmək qərarına gəlir. Elçibəy belə bir qəribə qənaətə gəlir ki, cəmiyyəti və dövləti sovet totalitar irsinin qalıqlarına bulaşmamış yeni nəsil xilas edə bilər.
Nəticədə keçmiş komsomolçu və inqilabi qəzetin müxbiri bircə sıçrayışla dövlət katibi kimi yüksək posta sahiblənir. 27 yaşlı bu oğlan inzibati hakimiyyətin sükanı arxasına keçir. O, hər halda dövləti idarə edənlərdən biri idi.
Doğrudur, Kərimli öz postunda çox qala bilmədi. Bu kürsüdə cəmi 3 ay oturdu. Lakin tülkü hakimiyyətin dadını hər halda hiss etmişdi. Təlatümlərlə və əzab-əziyyətlə dolu yeni tariximizdə baş verən hadisələrin bütün təfərrüatlarını - Elçibəyin uzaq dağ kəndinə müəmmalı qaçışını, Patriarxın hakimiyyətə qayıdışını, 3 iyun irticasını, bütün aşağı Qarabağın təslim edilməsini və Kərimlinin özünün sirli şəkildə yoxa çıxmasını burada bütün xırdalıqlarına qədər təsvir etmək fikrimiz yoxdur.
Kərimli müəyyən müddətdən sonra inqilabi qəzetin Xaqani küçəsindəki redaksiyasında peyda oldu. Əsas müxalifət partiyasının qərargahı indi burada yerləşirdi. Redaksiyanın sınıq-salxaq binası bu sözün əsl mənasında əli hər şeydən çıxanların məskəninə çevrilmişdi. Saqqallı məmurlar dəstəsi ora toplaşmışdı.
Heç nədən utanıb-çəkinməyən lovğa Kərimli bunu o dəqiqə hesabladı ki, hakimiyyət dəhlizlərini doldurmuş “Makiavelli şirləri” hakimiyyətə uzun müddətə gəliblər. Bəs əli hər şeydən çıxmış 28 yaşlı inqilabçı rəhbər nə etdi? O, əsl tülkü xisləti ilə tələyə düşməmək, sonradan açıq meydana girmək və yeni mərhələdə fəaliyyət göstərə bilmək üçün dır-deşik axtarır, çıxış yolu tapmağa çalışırdı.
Yeni iqtidar isə qovulub küncə sıxışdırılmış Kərimli üçün məqbul və münasib oyun meydançasını çox tezliklə tapdı. Yeni hakimiyyət cəbhəçilərin, müsavatçıların və digər tör-töküntülərin batırıb buladığı siyasi məkanı bu köhnə “komsomalçik”in əli ilə yuyub təmizləməyə başladı.
Heydər Əliyev Əli Kərimliyə stavka edirdi. Əlbəttə, yaxşı idarə olunan və sözəbaxan olan cib müxalifəti kimi... Yəni Əli Kərimli 1995-ci ildə bugünkü İqbal Ağazadə demək idi. Amma onun yüyəni qısa idi. Əli Kərimli Asim Mollazadə, Əliməmməd Nuriyev, Nizami Quliyev, Qulamhüseyn Əlibəyli, Gündüz Tahirli, İbrahim Məmmədov kimi sınaqdan çıxarılmış nüfuz agentləri ilə əhatə olunmuşdu.
Hakimiyyət Əli Kərimlinin qarşısına aydın və konkret vəzifə qoymuşdu: AXCP-ni Mikluxo-Elçibəyin əlindən almaq, müxalifəti tamamilə gözdən salmaq, narazı elektoratı Əliyev iqtidarının alternativsiz olmasına və hakimiyyətin istər təkamül, istərsə də inqilabi yolla dəyişdirilməsi ideyasının absurdluğuna inandırmaq.
Açıq deyək ki, digər manqa başçısı Etibar Məmmədov kimi Əli Kərimli də üzərinə götürdüyü bu missiyanın öhdəsindən Heydər Əliyev hakimiyyətinin ilk illərində “verbovka” olunmuş, ələ alınmış qalan bütün müxalifətçilərdən daha yaxşı gəldi.
Beləliklə, cəmiyyət Elçibəy adlı siyasi anlaşılmazlığı məhz Əli Kərimlinin əlinin suyundan artıq 1995-ci ildə əməlli-başlı unutmuşdu.
Bundan əlavə, hakimiyyətlə gizli və separat sövdələşməyə gedən Kərimli hakimiyyətə qarşı çıxmaq, ona müxalifətçilik etmək ideyasının özünü də tamamilə gözdən salmış və ucuzlaşdırmışdı. Əvəzində Cəbhədəki bu yeni manqa başçısının qarşısında əla perspektiv açmışdılar.
Hakimiyyət Kərimlinin redaksiyasına eyni vaxtda bir neçə kanaldan nəhəng maliyyə axıdırdı. Kərimliyə Nazirlər Kabinetinin binasında (Əli Nağıyev və digər məmurlar da bu binada yaşayırdı) o dövr üçün çox dəbdəbəli sayılan mənzil də verdilər. Kərimlinin şəxsi mühafizə xidməti də dövlət katibinin cangüdənlər ordusundan heç nə ilə fərqlənmirdi. Dəbdəbəli xarici avtomobillər, şəxsi biznes də ki, öz yerində...
Əli Kərimli bütün bunlarla yanaşı parlamentdə böyük bir fraksiyaya da sahiblənmişdi. Bu müxalifətçinin bütün yaxın ətrafı Milli Məclisdə otururdu. Təsəvvür edirsinizmi?
Amma radikal İsa Qəmbər, pardon, o zamanlar üzərinə radikal müxalifətçi rolunu oynamaq öhdəliyi qoyulmuş Qəmbər isə parlamentə buraxılmadı. Əli Kərimlinin hakimiyyətlə əməkdaşlıq etdiyini, ona işlədiyini hətta heç bir siyasi savadı olmayanlar da bilirdi. Nə demək olar, bu da bir fərasətdir.
Doğrudur, müsavatçılar o zaman DİN-dən verilən ianə hesabına yaşamırdılar, pulu ayrı yerdən alırdılar. Amma onlar o zaman hirslərindən dil-dodaqlarını gəmirə-gəmirə hakimiyyətin bülletenləri Əli Kərimlinin xeyrinə olmaqla seçki qutularına topa-topa doldurduğunu bütün dünyaya göstərirdilər.
Əli Kərimli özünü parlamentdə nəzakətli aparmağa, Əliyevləri başağrısından, siyasi mübarizənin xoşagəlməzliklərindən qorumağa çalışırdı. Anlaşma belə idi.
Kərimli təpədən dırnağa qədər hakimiyyətin öz adamına çevrilmişdi. Hakim Yeni Azərbaycan Partiyasının o zamankı funksionerləri, nazirlər, hətta MTN-in o zamankı şefi Namiq Abbasovun özü də Əli Kərimli haqda ağızdolusu danışır, ona rəğbətlərini dilə gətirirdi. Dzerjinskinin sadiq davamçısı olan Namiq Abbasov isə boş yerə söz deyən, necə deyərlər, sözü havaya üfürən adam deyildi.
Lakin Rəsul Quliyev Əli Kərimlinin, İsa Qəmbərin, Etibar Məmmədovun və “qızıl sikkə” uğrunda savaşan digər bütün mübarizlərin bütün planlarını tamamilə gözlənilmədən pozdu. Əliyevin komandasının 2 nömrəli oyunçusunun xəyanəti və okeanın o tayına qaçması saxta müxalifətçilərin bütün kartlarını qarışdırdı. Meydana yeni rəqib çıxmışdı. Özü də söhbət hakim elitanı parçalamaq iddiası olan əsl müxalifətçidən gedirdi. Üstəlik bu yeni müxalifətçi neft oliqarxı idi. Bu isə nəsə təzə, qeyri-ənənəvi vəziyyət idi.
Əliyev hakimiyyəti anladı ki, Bakıda özünə rahat şəxsi həyat qurmuş müxalifətçilərin heç biri bu dönük canavarın qabağını ala bilməyəcək, buna qadir deyil.
Makiavellinin də dediyi kimi, bəli, siyasətdə tülkülərin çox qorxduğu canavarlar da var. Lakin bu canavarlar şirlər üçün o qədər də təhlükəli deyil, onlara təhlükə törətmir. Özü də Rəsul Quliyev məsələsində söhbət öz dəstəsini tərk etmiş dönük yalquzaqdan gedir. Bir də ki, azı dişləri sındırılıb çıxarılmış canavar kimə neyləyə bilər?! Lakin müxalifətçilər öz ağılsızlıqları ucbatından bunu da dərk edə bilmədi...
Əliyev hakimiyyətinin gücü bilirsinizmi nədədir? Həm ata, həm də oğul Əliyevlər öz qərarlarını hadisələrin inkişafının proqnozlaşdırılan ssenarisinə uyğun şəkildə verirdilər. Yəni onlar necə deyərlər, boş söhbətlərə əsaslanıb hərəkət etmirdi. Fors-major hadisələr də daxil bütün variantları diqqətlə, ölçü-biçili şəkildə nəzərə alırdılar.
Dönük yalquzaq isə əl müxalifəti sxeminə heç cür uyğun gəlmirdi. Üstəlik lovğalığına baxmayaraq Kərimli xırda çaplı siyasətçidir. Bütün ciddi-cəhdinə baxmayaraq onun yalquzağın yolunu kəsməyə gücü çatmazdı. Artıq hamının unutduğu Elçibəyi diriltmək qərarı bax, elə bu zaman verildi. O, bu sözün hərfi mənasında siyasi qəbirdən çıxarılıb ayağa qaldırıldı. Necə də olmasa sabiq prezidentin müəyyən qədər ad-sanı vardı, dağlardan enən əzabkeş idi.
Bakıda yeni dram tamaşası səhnələşdirildi. Naxçıvanlılardan (və təkcə onlardan da yox!) ibarət izdiham dağlardan enən “böyük əzabkeş”i alqış sədaları ilə qarşıladı.
Çoxu bəlkə də unudub. Amma yada salmaq lazımdır. Elçibəy yeni rolunu ifa etməyə başlayanda onun ilk bəyanatı bilirsinizmi nə oldu? Elçibəy MTN şefinə xüsusi müraciət ünvanlayaraq bildirdi ki, Rəsul Quliyev ona qarşı guya terror aktı hazırlayır! O, hakimiyyətdən faktiki olaraq bu terrorçunu zərərsizləşdirmək üçün təcili tədbirlər görməyi xahiş edirdi!
Bundan bir qədər sonra - taleyüklü 1998-ci il seçkilərində isə Elçibəy hakimiyyətin əlinə əla bir oyun oynadı. O, İvan Susanin kimi hərəkət etdi. Rəsul Quliyev də daxil prezidentliyə bütün namizədləri qaranlıq və sıx meşəyə aparıb azdırdı. Bununla da Heydər Əliyev üçün faktiki olaraq alternativsiz seçki keçirilməsini təmin etdi.
Bax, elə bu məqamda Əli Kərimli hiss etdi ki, işlər nəsə qaydasında deyil. Axı qayıdan şəxs təkcə Xozeyin yox, həm də rəqib idi! Yaxşı, bəs bundan sonra nə baş verəcək, dəbdəbəli sədr kabineti, ARDNŞ-dən müntəzəm gələn pullar, liderlik və gələcək perspektivlər necə olacaq?
Əli Kərimli bilirsinizmi nə etdi?! O, Elçibəy üçün partiya ofisinin ən hörmətsiz sayılan ayaqaltı yerində, ofisin pilləkənlərinin altındakı balaca, rütubətli və yöndəmsiz otaqda yeni kabinet hazırlatdırdı. Bununla da ona eyham vurdu ki, evin (partiyanın) sahibi o, özüdür. Elçibəy partiyanın mənzil-qərargahında komik kirayənişin kimi yerləşdirilib yerbəyer edildi. Heç kimə gərək olmayan qoca Bəyin siyasi reanimasiyasına inamını birdəfəlik itirən Kərimli cəbhəçilərin mütləq əksəriyyətini öz ətrafına yığaraq “köhnə qvardiya”dan olan cəbhəçiləri küncə sıxışdırdı.
Kərimli hakimiyyət qapılarını bir vaxtlar onun üzünə taybatay açmış adamı - amerikalıların sevimli ifadəsi ilə desək, onu öz əlləri ilə yaradan adamı gözdən salıb bitirməyə girişdi. Bu, tərtəmiz xəyanət idi. Kərimliyə rəqib olan və hakimiyyətdən sədəqə almağa bel bağlayan müxalifət yığnağı bundan yararlanmaq fürsətini əldən buraxmadı.
Elçibəyə divan tutulması prosesini təkcə Prezident Administrasiyasından yox, elə ABŞ səfirliyinin balkonlarından da görür və diqqətlə müşahidə edirdilər. Doğrudur, bizim hakimiyyət Əli Kərimlinin “başqa yumurtalarla eyni səbətdə olduğunu” görürdü, buna əmin idi. Amerikalılar isə başqa cür düşünürdü. Onlar bütün yumurtaları eyni səbətə yığmırlar.
“Narıncı inqilab”ların bütün postsovet məkanında müzəffər yürüşü fonunda baş verən sonrakı hadisələrin də göstərdiyi kimi, Vaşinqton Azərbaycan üçün də xüsusi ssenari hazırlayıbmış. Bu ssenari regionda sabitliyi pozmaq və Bakıdakı hakim elitanı parçalamaq üçün düşünülən ümumi plana daxil idi.
Amerikalı siyasi texnoloqlar 1998-ci ildə xüsusi bir “Eskudero planı” işləyib hazırladılar. Niyə Eskudero? Məsələ burasındadır ki, ölkədə təkamül yolu ilə islahatlar aparmağı, siyasi sabitliyi və vətəndaş sülhünü təmin etməli olan koalisiya hökumətinin yaradılmasına dair ssenari Heydər Əliyevə ABŞ-ın o zamankı səfiri Stenli Eskudero tərəfindən təqdim olunmuşdu.
Necə deyərlər, post-Heydər dövründə ölkənin gələcəyi o illərdə hamını, elə Heydər Əliyevin özünü də çox narahat edirdi. Bütün səylər və qüvvələr kataklizmlər qarşısında dözüb davam gətirə biləcək sabit siyasi sistemin modelləşdirilməsinə yönəldilmişdi.
Yeni koalisiya modeli qəbul olunsaydı, bu, amerikalıların qarşısında yeni üfüqlər və geniş imkanlar açacaqdı. Axı hakimiyyət və müxalifət partiyalarının nümayəndələrindən ibarət koalisyon hökumət amerikalıların çoxdan gözlədiyi vəziyyətə - hakim elitanın içdən parçalanmasına aparan yolu açırdı. Bu isə “məxməri hakimiyyət dəyişikliyi”ni şərtləndirən ilk və ən əsas faktor idi.
Vaşinqtonun Eskuderonun dili ilə dediyi, təklif etdiyi model nəyi nəzərdə tuturdu?
İlham Əliyevin gənc islahatçılar partiyasının hakimiyyətə gəlməsi ideyasını elə amerikalılar da dəstəkləyirdi. Lakin onlara elə gəlirdi ki, İlham Əliyev hökumətinin mövqeləri həm də guya xalqın etimadı ilə möhkəmləndirilməlidir. Və amerikalılar Heydər Əliyevi İlham Əliyevin Əli Kərimli və onun AXCP-si ilə koalisiyası modelinin üstünlüyünə inandırmağa, bu fikri Heydər Əliyevə aşılamağa və qəbul etdirməyə çalışırdılar. Əli Kərimlinin planına görə, AXCP-nin 5 nümayəndəsi İlham Əliyev hökumətində nazir portfeli almalı, Kərimlinin özü isə baş nazirin I müavini olmalı idi.
Okeanın o tayından rəsmi Bakıya hansı ssenarini sırımağa çalışdıqlarını anlamaq elə də çətin deyil. Buna heç bir şübhə yoxdur ki, əgər bu plan baş tutsaydı, Əli Kərimli hökumətin iclaslarının birində Saakaşvilinin Şevardnadze hökumətində çıxdığı oyundan çıxacaq, elə iclasdaca güclü piar aksiyası keçirəcəkdi. Yəni bəzi nazirlərə qarşı kompromatları başının üstündə yelləyə-yelləyə onları və hökuməti ittiham edəcək, bundan sonra isə yenidən hakimiyyətə qayıtmaq, özü də hakimiyyətin bu dəfə tam sahibi kimi qayıtmaq üçün istefaya gedəcəkdi.
Amerikalıların bu dolaşıq planına qarşı ilk çıxış edən şəxs elə İlham Əliyevin özü olub. İlham Əliyevin yaxın ətrafındakı insanlar onun bu məşhur sözünü hələ də xatırlayırlar: “Mən öz atasını satan adamla necə bir yerdə ola, ittifaq yarada bilərəm?!”
Təbii ki, söhbət Elçibəyi satmış Əli Kərimlidən gedirdi.
Amerikalıların Əliyevləri o zaman oyuncağa çevrilmiş Kərimli ilə koalisiyaya getməsinin vacibliyinə inandırmağa çalışdığı həmin günlərdə Kərimlinin qəzeti Elçibəyin dəhşətli xəstəliyə tutulması xəbərini bütün ölkəyə yaydı. Arxivləri qaldırıb yaddaşınızı təzələyin. “Azadlıq” qəzeti o zaman yazırdı ki, kimsə Elçibəyi SPİD-ə yoluxdurub.
“Mən belə mənəviyyata malik birini öz komandama necə qəbul edə bilərəm?!” – gənc Əliyev belə düşünürdü.
Lakin Elçibəyə qarşı xəyanət İlham Əliyevdən fərqli olaraq Əli Kərimlidən ötrü adi şey idi. O, bunu əvvəlki kimi makiavellizmlə izah edirdi. İlham Əliyev isə Makiavellinin bu sözlərini təkrarlayırdı: “Sənin necə olduğunu, necə göründüyünü hamı görür, amma sənin əslində necə olduğunu çox az adam hiss edir”.
Riyakarlara doğrudan da inanmaq olmaz!
“Əli Kərimli yalnız bir şeyi başa düşə bilmədi ki, İlham Əliyev satqınları və xəyanəti bağışlamır. İlham Əliyev hətta onun öz düşmənlərini satan satqınları da bağışlamır!” - bunu mənə prezidentlə yaxından dostluq edən bir nəfər söyləmişdi.
...O, canavarların üstünə gedib onların nəfəsini kəsən, tülküləri isə balaca və zəif sayıb onlara heç əhəmiyyət də verməyən xeyirxah və nəcib şirdir.
Bu əhvalatları xatırlayanda özlüyümdə bir daha yalnız bunu düşünürdüm: amerikalılar bizim ölkədə heç nəyi başa düşmədilər ki, düşmədilər... Onlar dünyanı idarə edirlər, amma xalqların nə düşündüyünü anlamırlar, bunu hiss etmirlər. Yoxsa onlar şirlə tülkünü bir qoşquya qoşmağa cəhd göstərərdilərmi?!

Комментариев нет:

Отправить комментарий