Страницы

11.03.2015

Kadusilər və talışlar: yazılı mənbələrdəki məlumatlar, faktlar, təhriflər və yozumlar

Tofiq Əzizov,
tarixçi-arxeoloq.

I məqalə

Problemin aktuallığı. Azərbaycan tarixinin həllini gözləyən əsas problemlərindən biri də Azərbaycan türklərinin etnogenezi məsələsidir. Hakim konsepsiyaya görə, İranda yaşayan Azərbaycan türklərinin böyük əksəriyyəti 9-13-cü əsrlərdə türkdilli tayfaların gəlişi ilə əlaqədar olaraq ana dilini unutmaq məcburiyyətində qalmış azərilər - talışlar və digər irandilli tayfalardır. İran alimi Əhməd Kəsrəvi tərəfindən irəli sürülmüş və 7 cildlik Azərbaycan tarixinin I cildinin İqrar Əliyev tərəfindən yazılmış XII fəslində də düzgün konsepsiya kimi öz əksini tapmış (Bax: Bakı – 1998, s. 266 - 271 ; Bakı – 2006, s. 288- 293 ) bu səhv konsepsiyaya son vermək üçün, talışların və kadusilərin kim olması sualına da mütləq dəqiq cavab tapılmalıdır.
Kadusilərin talışların əcdadı olması ehtimalının səbəbi. Kadusilərin talışların əcdadı olması haqqındakı ehtimal onların yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşaması ilə əlaqədar meydana çıxmışdır. Bu mülahizəni sübut etməyə çalışan ən nüfuzlu İran alimi isə Əhməd Kəsrəvi olmuşdur. Ə. Kəsrəviyə görə, nə kadusilər aradan getməmiş, nə də talışlar buraya başqa ərazidən gəlmışlər. Talışların əcdadı elə kadusilərdir (Bax: Abdulla Fazili. Azərbaycanın qədim tarixi müasir İran tarixşünaslığında. Bakı – 1970, s. 123). İran tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru Əli Əbdoli kadusilərin talışların əcdadı olması haqqında 272 səhifəlik monoqrafiya yazmış, İran dövlətçiliyi üçün əhəmiyyəti nəzərə alınaraq, həmin monoqrafiya sonralar Azərbaycan türkcəsinə də tərcümə edilib Tehranda nəşr edilmişdir (Bax: Əli Əbdoli. Kadusların tarixi. Tehran – 2002). Kitabın rəyçisi AMEA – nın akademiki İqrar Əliyevdir. Azərbaycan Respublikasında bu ehtimalın tərəfdarlarının istinad etdikləri ən qiymətli mənbə Q. Qeybullayevin əsərləridir.
Qiyasəddin Qeybullayevin əsərlərinə istinad edənlər Ittihamlarla çıxış edə bilməzlər.
Niyə? Çünki Q. Qeybullayev kadusilərin talışların əcdadı olması haqqındakı ehtimala haqq qazandırmaq üçün ərazi məsələsi ilə əlaqədar aşağıdakı "işləri" görmüşdür: 
1. Q. Qeybullayev yazır ki, talışların əcdadı olan kadusilərin Əhəmənilər dövlətinin XI satraplığında yaşaması haqqında ilk dəfə Herodot "Tarix" adlı əsərində (III, 92) məlumat vermişdir (Г. Гейбуллаев. К этногенезу азербайджанцев. Баку – 1991, s. 360). Həmin məlumat isə belədir: "Kaspilər, pavsiklər, pantimaflar və daritlər birlikdə 200 talant verirdilər. Bura XI dairədir”. Göründüyü kimi, burada kadusilər haqqında heç bir məlumat yoxdur.
2. Kadusilərin yaşadığı ərazi talışların yaşadığı əraziyə uyğun olsun deyə mənbələrdəki bəzi məlumatları təhrif etmişdir. Məsələn, Q. Qeybullayev yazır ki, Strabonun verdiyi məlumata görə, kadusilər Kaspi dənizi sahili boyunca beş yüz stadi (190 km.) uzunluğundakı ərazidə yaşayırmışlar (Yenə orada. S. 361). Əvvələn, bir stadi 192 m. olduğundan beş yüz stadi 190 km. yox, 96 km. – dir. İkincisi də, Strabonun verdiyi məlumata görə, bu məsafə sahil xətti üzrə beş yüz staddi yox, beş min stadi (Strabon. XI. 7, 1), yəni 960 km. olmuşdur. 
Yaxud da götürək kadusilərin matienlərlə harada həmsərhəd olması məsələsini. Strabon yazır ki, kadusilər matienlər və midiyalılarla Paraxoafr dağlarının ətəklərində həmsərhəd idilər (Strabon. XI. 8, 8). Q. Qeybullayev kadusilərin məhz talışların əcdadı olması ehtimalına haqq qazandırmaq üçün yazır ki, guya Strabonun verdiyi məlumatlara (Strabon. XI. 13, 2; XI. 14, 1) görə, Paraxoafr dağları yalnız müasir Boqrov (Bağro) və Talış dağlarıdır və kadusilər də matienlərlə Xəzər dənizinin cənub – qərb sahillərində həmsərhəd olmuşlar (Yenə orada. s. 359, 361 ). Məlum olduğu kimi, Boqrov dağları Astara şəhərindən cənuba doğru 225 km. məsafədə Xəzər dənizinə paralel şəkildə uzanan dağlardır. Lakin yazılı mənbələrdəki məlumatlar Q. Qeybullayevin bu fikrinin də həqiqətdən çox-çox uzaq olduğunu göstərir. Belə ki, Strabon aydın şəkildə bildirir ki, Kaspi dənizi sahillərindən başlayan Paraxoafr dağları Ermənistana birləşərək, Albaniyaya, İberiyaya və Qafqaza (Böyük Qafqaz dağları – T. Ə.) qədər uzanır (Strabon. XI. 14, 1). Deməli, Boqrov və Talış dağları Paraxoafr dağlarının yalnız bir hissəsidir. Kadusilər də aşağıda göstərdiyimiz matienlərlə Boqrov dağlarının ətəklərində yox, Urmiya gölündən qərb tərəfdə həmsərhəd olmuşlar.
Kadusilərin matienlərlə həmsərhəd olduğu yer. Herodot matienlərdən bəhs edərkən göstərirdi ki, onlar ermənilərlə kissilərin (kassilərin) arasındakı ərazidə yaşayırlar (Tarix. I. 72; V. 49; V. 52; VII. 7). Strabonun verdiyi məlumata görə, matienlərin yaşadığı Matiena Böyük Midiyanın vilayətidir (Strabon. II. 1, 14). Q. Qeybullayev yazır ki, Strabonun verdiyi məlumata (XI. 13, 2) görə, Paraxoafr dağları Kaspi dənizi sahillərində olduğundan matienlərin yaşadığı Matiena vilayəti də Kaspi dənizinin cənub-qərb tərəfində yerləşir və kadusilər matienlərlə burada həmsərhəddirlər (Yenə orada. s. 358 – 359). Halbuki həmin məlumat belədir: "Atropatena dövləti Ermənistan və Matianadan şərqdə, Böyük Midiyadan qərbdə və hər iki ölkədən şimalda yerləşir. O cənubdan Matianaya və Hirkan dənizi çuxurunun yanındakı vilayətlərlə qonşudur”(Strabon. XI. 13, 2). Deməli, kadusilər matienlərlə Urmiya gölündən Qərb və Cənub-Qərb tərəfdə, Paraxoafr dağlarının müasir Türkiyə-İran sərhəddi boyunca uzanan Moğancıq – Musalan adlanan hissəsində həmsərhəd olmuşlar. Kadusilər Türkiyənin şərqində və Zəngəzurda da yaşadığından Strabonun verdiyi məlumatlara əsaslanan VI əsr müəllifi Bizanslı Stefan "Tayfaların təsviri" adlı əsərində yazırdı ki, kadusilər Pont (Qara dəniz) və Kaspi dənizləri arasında yaşayan xalqdır (Bax: Кемал Алиев. Античные источники по истории Азербайджана. Баку – 1987, s. 97). Əgər həqiqət Q. Qeybullayevin yazdığı kimi olsaydı, onda bu məlumat kadusilər Kaspi dənizi sahillərində, və yaxud yaxınlığında yaşayan xalqdır formasında olardı. Kadusilərin Urmiya gölündən cənub-şərq tərəfdəki qonşuları isə Q. Qeybullayevin iddia etdiyi kimi matienlər yox, Anariak, Uti, Pars, Amard və Kirti tayfaları olmuşdur ( Strabon. XI. 7, 1; XI. 8, 8). olmuşdur.
Kadusilərin şimal qonşuları. Yazılı mənbələrdə verilmiş məlumatlara görə, kadusilərin yaşadığı ərazi şimalda Araz çayına qədər uzanmış, qonşuları isə albanlar və massagetlər olmuşdur (Herodot. I. 202; Strabon. XI. 6, 1; XI. 8, 8; Dionisi Perieqet. Məskunlaşmış torpaqların təsviri. 718 – 732; Prissian. Yerin təsviri. 644 – 721). Roma tarixçisi Dion Kassi yazırdı ki, albanlar da mənşəcə massagetdirlər (Roma tarixi. 69, 15). Strabon yazırdı ki, Eratosfenin verdiyi məlumata görə, kadusilərlə albanlar Kaspi dənizinin sahil xətti boyunca 5400 stadi məsafədə yaşayırmışlar (Strabon. XI. 6, 1). Patroklun Xəzər dənizinin qərb sahillərini şimalda Kür çayına qədər tədqiq etdiyi ehtimalını əsas götürdükdə, kadusilərin yaşadığı ərazinin şimalda həmin vaxt indiki Biləsuvar rayonu ərazisindən keçərək Xəzər dənizinə tökülən Araz çayına (Strabon. XI. 4, 2) qədər uzanması şübhə doğurmur. Araz çayının həmin yatağı indi də qalır. Kadusilər Araz çayından şimalda Albaniyanın Sünik vilayətində də yaşamışdır (Bax: Tofiq Əzizov. Azərbaycanın etnik tarixindən. Bakı – 1997, s. 20-21).
Nəticə. Göründüyü kimi, təxminən 2000 il bundan əvvəl kadusilərin yaşadığı ərazi, ötən müddətdə sayca dəfələrlə artmış talışların hazırda yaşadığı ərazidən 10 dəfələrlə çoxdur. Deməli, yaşadıqları əraziyə görə, kadusilərin məhz talışların əcdadı olması haqqındakı ehtimalın heç bir elmi əhəmiyyəti yoxdur. Kadusilər talışların soykökündə qarışıq nikahlar və ola bilsin ki, müəyyən qədər də talışlaşma vasitəsilə iştirak etmiş irandilli olmayan ən böyük Manna tayfalardan biridir. Atropatena dövlətinin yaradılmasına da, kadusilərin başçılığı altında mannalılarn Manna dövlətini bərpa etmək uğrunda apardığı mübarizənin nəticəsi kimi baxılmalıdır.

Комментариев нет:

Отправить комментарий