Страницы

23.03.2015

MANATA GİZLİ MƏKTUB

Şirin Xanım Kərimbəyli Şadiman

Deyirəm ki, vallahi-billahi bu dünyada inanmaqdan pis şey yoxdur. Kiməsə, nəyəsə ürəkdən inanasan, sonra o sənin inamını qəfildən vura yerə …Bütün ümidlərini itirəsən bir anın içində! Necə ki, MANAT, sən bizim ümidləri bir gecənin içində atdın ayaqlar altına. Cənab manat, mən biz deyəndə kasıb-kusub təbəqəni nəzərdə tuturam. Elə o kasıb-kusubdan biri də mən özüməm. İnanıb sənə bir-iki manat dala atmışdım yaman günüm üçün… bir də eşitdim ki, kəlləni qoymusan yerə. Mən onda xəbər tutdum ki, artıq gec idi, başına gələnlərdən tez hali olanlar necə deyərlər başının çarəsini qılmışdı. Manat hüzuruna ərz edim ki, verdiyin faizə aldanıb elə kasıb-kusub da sənin qapını döyürdü. Yoxsa varlının, imkanlının nə dərdinə qalıb ki, səninlə para bölüşsün? Etiraf edək ki, imkanlı adamların içində də sənin pulundan yararlananlar  var idi.

Sənin varlığından istifadə edən imkanlı adamlar hansı ki, kimlər üçün dal qapılar açıqdı, vaxtında xəbər də tutdular, vaxtında da, manat, səni dollara dəyişdilər. Deməli, varlıların daha da üçdən biri varlı, ala-babat yaşayanların isə üçdən biri kasıb oldu. Ona görə də bizim sevimli Milli Məclisdə deyirlər ki, heç kəsə ziyan olmayıb, onsuz da camaat pulu dollarla banklarda saxlayır, onların sözündən belə çıxır ki, xalq tək özlərini sayırlar. Bəs biz kimik, manat? Dünyada hər milli valyuta dollara bağlıdır, istədi-istəmədi, hər ölkədə milli valyuta dollarla hesablanır. İqdisadiyyatı əmirnən, göstərişnən idarə etmək olmaz, köhnə qiymətləri müvəqqəti 3-4 ay saxlamaq olar, sonra otuz dörd faiz inflyasiya özünü göstərəcək. Bu mənim fikirlərimdir, fikirlərim düz, ya da yanlış  olcaq, bunu bir-neçə ay ərzində bilərik, manat .
Deyirlər ki, sən saydığını say, gör fələk nə deyir. Vallah, bütün ümidimi qırandan sonra daha sənə inamım, zadım qalmadı. Zad demişkən elə bizim Milli Məclisdə də sevimli millət vəkillərinin bəziləri deyirdi ki, sən onlara heç ziyan-filan vurmamısan, çünki onlar onsuz da pullarını dollarnan qoyublar banklara…
Mən sənin qarşında tam etiraf edim ki, manat, sənin varlığın pula pul deməyənlərə yox, pulu gündüz çıraqla axtaranlara lazım idi. Sən gör nə etdin, manat? Elə bir işin var idi, biz yetim-yesirə vaxtında xəbərdarlıq edərdin də, manat. Axı biz də sənə azından-çoxundan sayğı göstərirdik! Varlını onsuz da sən maraqlandırmırsan, manat. Sən çarəsizlərin arxasında dayanmışdın, axı. Birdən-birə nə oldu sənə? Xahiş edirəm cidanı çuvalda gizlətmə, etiraf et ki, qarşımızda günahkarsan. Bir xeyli mənim kimi ac-yalavaclar səndən incik düşüb. Sən ümidimizin üstündən ağır çəkili maşınla keçdin. Bir gecənin içində 34 faiz bizi çırpdın yerə, bizi yerə çırpana qədər görəsən min ölçüb bir biçmişdinmi, manat? Yoxsa sən bir gecənin içində bu nə hoqqadı çıxartdın, manat? Özün söylə biz indi sənə necə bel bağlayaq, manat! Bir az insaflı ola bilməzdinmi? Yəni demək istəyirəm ki, sən bu işi bir ilə edə bilərdin, amma heç fikirləşmədən bir gecəyə etdin. Sənə afərinmi, ya nifrinmi deyim, manat? Sən bizi yarı yolda tənha buraxdın. İndi bilirəm mənə deyəsəksən ki, bu işi mən yox, ətrafımdakı iki ayaqlı bəndələr edib. Mənim vallah, manat, o dediyin iki ayaqlı bəndələrə gücüm çatmır, aqillər demiş vuran əl olmayanda dil işə düşər. İndi məndə zəif cinsin nümayəndəsi olduğum üçün əlimi yox, dilimi işə salım sənin hüzuruna öz tənələrimi yetirirəm. İndi mənə bir şey maraqlıdır, manat, qırdığın inamları necə geri qaytaracaqsan? Axı deyirlər ki, ulaq ulaqlığıynan yıxıldığı arxdan bir daha keçməz. İndi bizlərə, yəni pulu gündüz çıraqla axtaranlara etdiyin bidada görə sənin şəninə nə düşür görəsən, manat? Kəsəsi, manat, sən bizimlə çox aldadcı, çirkin oyun oynadın, bir-iki qəpiklik faizinlə bizi yamanca yoldan çıxartdın. Sonra isə gecəynən həm verdiyin faizləri, həm də qəpik-qəpik yığdığımız ölü-diri pulumuzun da bir hissəsini əlimizdən üsulluca aldın. Afərin sənə, manat, sənin bu sevginə, bu ülfətinə, bu məhəbbətinə!   
Bilirəm, indi mənə deyəcəksən ki, inflyasiyadır, bir çön ətrafındakı qonşu dövlətlərə nəzər yetir, gör nə gündədirlər. Əgər mənə belə sual verəcəksənsə, mən sənin sulanı cavablandırıb, əvvala biz qonşu ölkələrin əhlisi kimi elə də çox deyilik, bu çox əhali olmayan ölkənin neft gəlirləri var idi, manat, birdən-birə nə oldu ki, sən o gəlirlərdən dar gününə atmadın? Heç bizdən fikirləşmədinmi, manat? Əlqərəz, bizim sənə inamımızın təksirinin bir ucu da elə özümüzlə bağlıdır. Keçən əsrin axırında banklarda ölən paralarımızın aqibəti bizə qəpik-quruşla qayıtdı, manat. Biz bundan heç nəticə çıxrtmadıq. Deyirlər ki, başına gələn başmaqçı olar. Biz isə başımıza gələnlərdən nəinki başmaqçı, heç pinəçi də olmadıq. 
Sonda sənə deyəcəyim odur ki, manat, bu gizli məktubumu oxuyub sən qəlbini sıxma. Heç bizdən utanma, çəkinmə. Bizlər onsuz da hər əzaba öyrəşmiş canlarıq. Necə deyərlər, islanmışın yağışdan nə qorxusu? Sən sağ, biz salamat, manat. Başını aşağı salma, dik tut bir gecədə cibindən pul çəkdiyin bəndələrin gözlərinin içinə bax, əgər baxmış olsan göz yaşında batarsan manat, bax o batacağın gündən bizi yox, özünü qoru…Axı sən bizim milli valyutamızsan, paramızsan, ciyərparamızsan. Sən bizi sevməsən də biz səni sevirik…Sağ ol, salamat qal. Sənə yazdığım bu gizli məktuba görə qınama məni, qınama məni…

Комментариев нет:

Отправить комментарий