Страницы

03.03.2015

Rövşən Novruzoğlu ilə Əfqanıstan gizlinləri

Keçmiş SSRİ DTK-sının polkovniki, hazırda araşdırmaçı-politoloq kimi tanınan Rövşən Novruzoğlu ilə “Dəyirman”da budəfəki görüşümüzdə əsasən 35 il öncə bu günlərdə başlanmış, aralarında 7500 azərbaycanlının da olduğu (onlardan 208-i həlak olub, 7-si isə itkin düşüb) 620 min sovet hərbçisinin apardığı 10 illik Əfqanıstan müharibəsini “üyüdəcəkdik”. Çünki onun həmin savaş dövründə 7 ilə yaxın o regionda olduğunu bilirdik. Nə edək ki, usta “keqebeşnik” “Dəyirman”ımızı tərsinə fırlatmağı bacardı və söhbəti bir az fərqli məcraya yönəltdi. Nəticədə biz ABŞ-ın dəstək verdiyi əfqan mücahidlərilə sovet hərbçilərinin qarşıdurmalarından deyil, bu qədim Şərq ölkəsinin sinəsində gizlənən mfik-mistik sirlər dünyasından bəhs edəsi olduq. O sirlərdən ki, həmsöhbətimizin sözlərinə görə, 1979-cu ildə SSRİ-nin də, 2001-ci ildə ABŞ-ın da Əfqanıstana müdaxiləsində onların da böyük rolu olub. Doğrusunu Allah bilir. Amma ortalıqda AMEA İnsan Haqları İnstitutunun departament rəhbəri, araşdırmaçı-politoloq kimi ciddi statuslu adlar var. Həm də cahanın sirləri bitib-tükənirmi?.. 

- Rövşən müəllim, necə oldu sizi Əfqanıstana yolladılar? 
- 1979-cu ildə sovet qoşunları Əfqanıstana daxil olan günlər yadımdadır. O zaman mən Bakı Şəhər Partiya Komitəsinin ideoloji işlər şöbəsinin əməkdaşı idim. 1980-cı ildə SSRİ-Asiya-Afrika ölkələri əlaqələr komitəsinin məsul katibi oldum. Hələ sovet qoşunları Əqfanıstana yeridilməmişdən öncə Moskvada İran-Əfqanıstan-Pakistan istiqamətində hərbi attaşelər hazırlayan xüsusi ali məktəbdə də təhsil almışdım. Təxminən 1981-ci ildə isə mən SSRİ xarici işlər naziri A.Qromıkonun göstərişi ilə Moskvaya çağırıldım və SSRİ XİN və DTK-nın birgə xüsusi şöbəsində işə təyin olundum. 1982-ci ildə isə Əfqanıstana göndərildim...

- O şöbənin rəsmi adı necə idi?
- Həmin şöbənin adı indiyədək açıqlanmayıb. Çünki o qeyri-leqal şöbə idi və müddətsiz məxfilik qrifi altındadır. Odur ki, çox məqamları hələ açıqlaya bilmirəm. Təsəvvür edirsiz, sovet kəşfiyyatı məni iki il Əfqanıstanın Fərah əyalətindəki bir xəstəxanada baş həkim kimi yerləşdirmişdi.

- Bəs Əfqanıstandakı əsas işiniz nədən ibarət idi?
- Əsasən Əfqanıstan-Pakistan-İran istiqaməti üzrə məxfi işlərlə məşğul idim. İşimiz çox ciddi, təhlükəli, ancaq olduqca maraqlı və gözəl iş idi. Bizə döyüş əməliyyatları gedən yerlərə girmək qadağan edilirdi. Yalnız hər hansı bir məntəqədə döyüş bitdikdən, hər iki tərəf həmin zonanı tərk etdikdən sonra biz oraya daxil olurduq. Bizə verilmiş tam məxfi xəritələr üzrə ciddi müşahidələr aparır və döyüşün nəticələri barədə lazımi məlumatları toplayıb, xüsusi kanallarla mərkəzə ötürürdük. Onu da deyim ki, biz ciddi mühafizə olunurduq. Məsələn, məni iki desantçı qoruyurdu...

- Oradakı mücahid qruplarının rəhbərləri ilə ünsiyyətdə olmuşdunuzmu? O vaxt artıq ben Laden də yavaş-yavaş “yetişirdi”...
- Biz məxfi şəkildə Əfqanıstan və Pakistanda Qərbin, ABŞ-ın dəstəyi ilə formalaşdırılan əksər terror qruplarının rəhbərləri ilə görüşüb, danışıqlar aparırdıq. Məsələn, “Ənvər Pilot” ləqəbli məşhur bir mücahidlə əlaqələrimiz var idi. Təsəvvür edin ki, o, SSRİ-də Frunze adına ali təyyarəçilik məktəbini bitirmişdi və günlərin bir günü sınaq uçuşu zamanı qırıcı təyyarəni Əfqanıstana qaçırmışdı. Ona görə də əfqanlar ona “Ənvər pilot” ləqəbi qoymuşdular. Bir müddət sonra onu əfqanlar özləri zəhərləyib öldürdülər. Yəqin ki, burada sovet kəşfiyyatının da xidməti olub. Ben Laden o vaxt əhəmiyyətli fiqur deyildi. Yalnız 11 Sentyabrdan sonra onu Əfqanıstanda gördüyüm yadıma düşdü...

- SSRİ-nin Əfqanıstana müdaxiləsində “sosialist inqilabını ixrac etmək” məqsədlərindən başqa digər gizli səbəblər də var idimi?
- İngiltərə lideri Çörçil hələ XX əsrin 50-ci illərində deyirdi: Əfqanıstan elə bir strateji məkandır ki, oraya nəzarət edə bilən dövlət dünyaya ağalıq edər... Ancaq geosiyasi və hərbi-strateji üstünlüklərindən əlavə, Əfqanıstanın dünyanın super-gücləri üçün cəlbedici və önəmli olan bir sıra sirləri var ki, onlardan bəzilərini ilk dəfə sizə açıqlayacağam. Məsələn, bu ölkənin ərazisi ekoloji cəhətdən ən təmiz ərazidir. Əfqanıstan və İranın oraya yaxın əraziləri üzərindəki səma ən təmiz səmadır. Çoxları düşünə bilər ki, bu, orada texnikanın zəif inkişafı, zavod və fabriklərin, avtomobillərin çox az olması ilə bağlıdır. Ancaq bunun çox qəribə, ağlagəlməz bir sirri var. Bunu biz Əfqanıstandakı araşdırmalarımız zamanı öyrənə bildik. İranla həmsərhəd Fərah əyalətində əldə etdiyimiz bir kitabda oxudum ki, həmin ərazilərdə hər gün şam namazının sonunda möminlər Allaha dualara başlarkən göyün görünməyən bir qatında 1 milyarda yaxın xırda quş uçur. Biz onları görə bilmirik. Həmin qeyri-adi quşlar səmanın havasını zərərli qazlardan, təbii və texnogen tozlardan, təhlükəli mikroorqanizmlərdən təmizləyir. Yəni bir növ filtrizasiya rolunu oynayırlar. Məhz bu səbəbdən Əfqanıstan və ona yaxın ərazilərin havası belə təmizdir. İnanırsız, gecələr səma o dərəcədə şəffaf olurdu ki, ulduzları seyr etməkdən doymurdun. Çox ölkələrdə olmuşam, ancaq o cür təmiz səmaya rast gəlməmişəm...

- O gizli kitabın müəllifi kim idi?
- Onun müəllifi milliyyətcə bəluc olan Mənsur əl-Yaqubi adlı biri idi. Onun 4 kitabı nəşr edilsə də, sonradan bütün dünyada qadağan olunmuşdu. Həmin kitablardan birini biz əldə edə bilmişdik. Son dövrlərdə internetdə də maraqlanmışam, onun adına rast gəlməmişəm. Bəluc tayfaları XX əsrin ortalarında təhsildən çox uzaq idi. Amma həmin Mənsur çox istedadlı, qeyri-adi zəkaya malik bir insan olub. Tale elə gətirib ki, o, İngiltərəyə gedib, bir müddət çəkməçi işlədikdən sonra təhsil alıb. London Krallığı kitabxanasında işləyib və gizli bilgilərə yiyələnərək kamil bir filosofa çevrilib. Onun bir maraqlı quş haqqında da araşdırmaları yadımdadır. Yazırdı ki, quşlardan ən hünərlisi qarağat quşudur. Biz qarağatı giləmeyvə adı kimi bilirik, sən demə, bu adda quş da var imiş. Əl-Yaqubinin sözlərinə görə, qarağat yeganə quşdur ki, hər gün yeni bir nəğmə oxuyur. Bütün digər quşlar öz mahnılarını təkrar edir... Sovet dövründən bəri Kreml elitası, rus alimləri hərbi kəşfiyyatın köməkliyi ilə belə quşları tapmaq, onların sirrini öyrənməyə çalışırlar. Bildiyimə görə, bu günədək hələ nəyəsə nail ola bilməyiblər. Bax, SSRİ-nin, eləcə də keçmişdə və indi ingilislərin, ABŞ-ın Əfqanıstana müdaxiləsinin kökündə bu cür sirlər də dayanır.

- Bəs Əfqanıstan səmasında “sanitarlıq” edən quşların adı nə idi?
- O quşların da adı çox maraqlı idi. Yaddaşım məni aldatmırsa, dediyim kitabda onların adı “dənavər” kimi qeyd edilmişdi.

- Əl-Yaqubinin həmin kitabından bu saat sizdə varmı? 
- DTK rəhbərliyi bu barədə bilən kimi o kitabı məndən aldılar və surətini də çıxarmağa da imkan vermədi. Rusiya Elmlər Akademiyasından da izimə düşdülər. Ancaq o kitabı oxusam da, o sahələrin mütəxəssisi olmadığımdan oradakı bilgiləri tam açıqlaya bilmədim. Ruslar həmin əsəri Moskvaya aparıb tərcümə etdilər...

- Əfqanıstanda daha hansı gizli işlər görürdünüz?
- Əfqanıstan dağlarındakı qayalarda, daşlarda, mağaralarda çox qeyri-adi işarələr var idi. Bizə o işarələri toplayıb, mümkün qədər tədqiq etməyi də tapşırmışdılar. Min illərlə yaşı olan həmin işarələrin bütün Əfqanıstan üzrə xəritəsini cızıb hazırlamışdıq. Sonradan Moskvaya qayıdanda da o işarələr üzərində sistemli araşdırma apardım – bir növ onlar üzrə kurs keçdim. Ona görə də SSRİ MN-nin “Su” qırıcıları istehsal edən “Suxoy” dövlət hərbi müəssisəsindən mənimlə maraqlanıb, əməkdaşlığa dəvət etdilər. Ancaq o bazanın baş konstruktoru (hazırda artıq həmin kampaniyanın baş direktorudur) erməni Mixail Poqosyan olduğundan razılıq vermədim...

- Əfqanıstandakı işarələrin “Su” qırıcıları ilə nə əlaqəsi var idi ki?
- Həmin işarələrin bir çox sirləri var ki, bilən şəxs istər mülki, istərsə də hərbi sahədə onlardan yararlana bilər. Məsələn, o işarələrdən bəzilərini təyyarələrin turbinlərinə yerləşdirəndə qəzaların qarşısını alır. Bilirsiz ki, uçaqlar havaya qalxarkən quşlar bəzən onların turbinlərinə düşür. Maraqlıdır ki, uzaqdan həmin işarələri hiss edən quşlar artıq o uçaqlara yaxınlaşmır. Bu, çox ciddi bir məsələdir. Bu dəqiqə Amerika təyyarələrini quşlardan qorumağın yollarını tapa bilmir. Amma biz Əfqanıstan vasitəsilə bunu öyrənmişik... Məhz buna görə məni SSRİ, sonra da Rusiya MN, Hərbi Sənaye Kompleksi dəvət edib bu işlərdə bir mütəxəssis kimi yararlanmağa çalışırdı. Həmin işarələri tətbiq etməyin xüsusi qaydaları var. Orada hər millimetr rol oynayır - zərgər dəqiqliyi lazımdır... Mənə çox təkid etdilər, əl çəkmirdilər. Tale elə gətirdi ki, rəhmətlik Heydər Əliyev Moskvada işləyəndə məni rusların əlindən demək olar ki, zor gücünə alıb, Azərbaycana qaytardı. Deyim ki, sözügedən məsələ Azərbaycanın da hərbi sənaye kompleksinə çox gərəkdir. Həmin işarəni ruslar bu saat hündür binaların üzərilərinə də yerləşdirirlər ki, həmin binalar şimşək və zəlzələlərdən qorunsun...

- Sizdən başqa bilən var idimi o işarələrin sirlərini?
- Əslində, bu və digər gizli məsələləri öyrənən “13-cü sektor” deyilən bir məktəb var idi. Təəssüf ki, ruslara da, digər keçmiş sovet xalqlarına da xəyanət etmiş Mixail Qorbaçov həmin məktəbi ləğv etdirdi. Bu cür məsələləri bilən 8 dostumuzu məhz Qorbaçov müxtəlif yollarla qətlə yetirtdi... Azərbaycanda da yalnız mən özümü qoruyub saxlaya bildim...

- Sözügedən gizli işarələrə Əfqanıstandan savayı ölkələrdə də rast gəlinirmi?
- Maraqlıdır ki, Əfqanıstandan öncə İraq və Suriya ərazisində - Dəclə və Fərat çayları ətrafında oxşar işarələrə rast gəlmişdim. Bunlar göstərir ki, Şərq zəkası nələrə qadirdir. Bunları öyrənib, çox işlər görmək olar.

- Rövşən bəy, bayaqdan danışdıqlarınıza rəğmən görünən odur ki, Əfqanıstana müdaxiləsi ilə Kreml ciddi bir uğura nail olmadı. Əksinə, cəmi 12 il sonra SSRİ boyda dövlət çökdü. Amma SSRİ-nin səhvini ABŞ da təkrarladı...
- Düzdür, ABŞ SSRİ-nin səhvlərini təkrarladı. Özü də daha pis təkrarladı. SSRİ 10 il müharibə aparıb, sonda oradan çıxdı. O da var ki, sovet dövləti Əfqanıstandan çıxsa da, 10 il ərzində o ölkədə rusca təhsil sistemi qurdu. Bu gün də Əfqanıstanda ruslara, sovet sisteminə rəğbət bəsləyən xeyli insan var. Və hazırda da Rusiya kəşfiyyatı o regionda müxtəlif məqsədyönlü işlər apara bilir. NATO və ABŞ isə artıq 13-cü ildir ki, Əfqanıstana soxulub, ancaq müsbət bir nəticə əldə edə bilməyiblər, əksinə, tam bataqlığa batıblar. Orada da batıblar, İraqda da... Onu da deyim ki, ABŞ-ın o vaxt SSRİ ilə Əfqanıstanda apardığı müharibənin əsas prinsiplərindən biri məhz haqqında danışdığımız gizli işarələr sistemini tapmaq idi ki, sovet kəşfiyyatı onu gizli yerli özəklər vasitəsilə öyrənə bildi, ABŞ isə buna hələ də nail ola bilməyib...

Sultan Laçın               hafta.az

Комментариев нет:

Отправить комментарий