Страницы

09.03.2015

Tural Sahab – Şortikli facebook yazarları

Nə qədər deyirsən, lənət şeytana olmur ki, olmur. Hansı saytı açırsan bunlar, hansı kanala baxırsan bunlar… tək yaradıcılıqları da facebookda paylaşdıqları yarıçılpaq fotoları…
Son zamanlarda əsas müzakirə olunan məsələ qadın və kişi münasibətləri. Müzakirə edən yenə bunlar. Bu cəmiyyətdə başqa mözvü, başqa problem yoxdumu. Bütün günü öz kanallarında şou verlişləri aparanlar, hansısa “qara” günlərimizdə küçələrə çıxıb, torpaqların işğal tarixini soruşurlar gənclərdən. Bilməyəndə də başlayırlar ki, ay gəncləər belə savadsız,  ay elə savadsız. Halbuki, savadsız dedikləri gənclər bunların sayəsində müğənnilərin hansı rəng paltar geydiyini belə bilirlər…
Anadolu türklərinin dilində gözəl bir deyim var “ at izi qarışdı itin izinə”. İndi bizim cəmiyyətimizdə, ədəbiyyatımızda da eyni halldır. Adamın ürəyi yanır gəncliyin uçuruma getdiyini gördükcə.

Bir milləti yox eləmək üçün onun gənclərini yoldan çıxarmaq kifayətdir. Gəncliyin yoldan çıxması ailə dəyərlərinin ölməsi, nəticədə bir millətin yox olması deməkdir.
Nə qədər oğlanlar mavi oldu, nə qədər qızlar, gəlinlər evdən qaçıb barlarda, kafelərdə zülmətə düşdülər. Nə qədər ailələr dağıldı. Və bizim hələ də əsas müzakirə obyektimiz qadın, kişi münasibətləridir. Müzakirə edənlərsə şortikli facebook yazarları.
“Like” üçün, oxunmaq üçün hər şeyə əl atdılar. Ən məhrəm şeyləri Postmodernizm adı altında ədəbiyyata gətirdilər, ən əxlaqsız düşüncələri müasirlik deyə gəncliyə sırıdılar. İnsan gənc olanda ağıldan daha çox nəfsani arzuların təsiri altında olur. Bunu yaxşı bildikləri üçün bu millətin gəncliyini beldən aşağı vurdular.
Bizim gəncliyimiz molped reklamları ilə keçdi, korlandı. İndiki gənclər viaqara reklamları ilə korlanır, bir sonrakı nəsli Allah özü qorusun. Bu qədər təcavüzlər yəqin ki, olmazdı insanların gəncliyin geni ilə oynanmasaydı. Heç bir heyvan viaqara qəbul etmir, heç bir heyvan dişisinə zorla sahib olmur. O yırtıcı dediyimiz canavarlar, çaqqallar belə….
Ciddi ədəbiyyat insanlara yol göstərir, onları tərbiyyələndirir. Bütün dünyanın oxuduğu yazarların əsərlərinə baxırsan hər bir obraz oxucunu mənəviyyata səsləyir. Mənə İsanın, kilsənin tərənnüm oldunmadığı bircə dənə qərb yazarının əsərini göstərə bilərsizmi?!
Bəs bizdə? Biz niyə mənəviyyatımıza, özümüzə bu qədər düşmən kəsildik?!
Türk sosioloq Cemil Meriç deyir: “Nəzm əsasən geridə qalmış cəmiyyətlərdə, nəsr isə inkişaf etmiş topluluqlarda olur” İndi bizim halımıza baxsaq vəziyyəti görərik açıq, aydınca. Şeir duyqudu, nəsr isə ağıl.
İnsanlara istədikləri yazıları verəndə səni alqışlayacaq, ancaq öz vermək istədiklərini verəndə isə, səndən qaçacaqlar. Nə yazıq ki, indi oxucu yalnız seksual xarakterli yazılar istəyir. Onu isə onlara, ancaq şorikli facebook yazarları verə bilər…

Комментариев нет:

Отправить комментарий