Страницы

20.06.2015

Hafiz Mirzə - Vəhhabilik

ƏHMƏD İBN TEYMİYYƏNİN KAFİR İDEYALARI. Əslində əks-fikirlik İslamın inkişafı üçün stimul olaraq çox əhəmiyyətlidir. Yoxsa inkişaf və yeni təfsirlər, dini kitablar yaranmaz. Əvvəllər daha çox yəhudilər fəal idi. Amma indi onlar ingilisləri önə verib, arxasında gizlənmişlər. Xaric-məzhəbləri ən çox  müsəlmanların birliyi, vəhdəti  qorxudurdu. Yüzlərlə, minlərlə insanın hər gün 5 dəfə bir yerə – məscidə toplaşaraq  Allaha birlikdə ibadət etməsi onların cəlalını və qüdrətini artırır, bu dini daha uzaqlara  yayırdı. Peyğəmbərin sağlığında elə təfriqələr çox oldu. Lakin Rəsuli-Əkrəm bunun qarşısını ala bilirdi. Çünki peyğəmbərin sözünün üstünə söz yox idi, o Allahın Rəsulu olduğu üçün onu heç düşünmədən  qəbul edirdilər.Onun həyatdan köçməsindən sonra da  hər cür təfriqəçiliyin qarşısını almaq olardı. Lakin şeytan bəzi səhabələrin də qəlbinə yol tapdı və onlar ölümündən sonra peyğəmbərin vəsiyyətlərinə əməl etməkdən imtina elədilər. Nəticədə tezliklə İslam dinində 73 firqə (ayrıcı dini cərəyan, təriqət, məzhəb, məktəb, partiya və sair) yarandı. Bunu sağlığında Rəsuli-Əkrəm də bildirmişdi.
Buna baxmayaraq müsəlmanlar arasında İslamın bünövrəsi, Üsuliddinin birinci hökmü olan Tovhiddə heç bir ixtilaf yox idi, hamı “La ilahə İlləllah” kəlməsinə tam bağlı idi. Bu isə Allahdan başqa heç bir məbudun olmadığını, yalnız ona sitayişin doğru olduğunu  bildirirdi. Tovhidə bağlılıq heç də İslam müqəddəslərinin qəbrinə ehtiram göstərilməsini, orada uyuyan şəxslərin Allah yanında daha əziz olan qiyməti xatirinə möminin dualarının qəbul olunacağını inkar etmir, bunu qəbul edənlər arasında təfriqə yaranmırdı.  Hətta bütün hacılar Ühüd müharibəsinin qəhrəmanı, İslamın ilk şəhidi Həmzənin qəbrinin torpağından təsbeh düzəldirdilər. Peyğəmbər səhabəsi Salman Farsinin Mədain şəhərində olan qəbrini vəsf edən Xaqani Şirvaninin bu misraları Məkkənin böyük şəxsiyytləri tərəfindən qızıl suyu ilə yazdırılırdı. Lakin Çingiz xanın monqol hücumları İslam dünyasını zəiflətdi. Sonralar onun nəvəsi Hülaku xanın Bağdadı dağıtması ilə Abbasi xilafətinə son qoyuldu, dövlətçiliyini itirməklə İslam  aləmi çox zəiflədi. Bunu gözləyən xristianlar  İslama qarşı Səlib yürüşlərinə başladılar. Onların 200 ilə yaxın davam edən və milyonlarla müsəlmanın qətlə yetirilməsi ilə nəticələnən Səlib yürüşləri İslam aləmini daha çox  zəiflətdi. Məhz həmin ərəfədə müsəlmanların birliyə daha çox ehtiyacı vardı. Bu müharibələrin İslam aləmini zəiflətdiyi bir vaxtda–  hicrətin 8-ci əsrində ( miladi XV əsr) Əhməd ibn Teymiyyə adlı birisi meydana çıxdı və özünün bir sıra səhv, natamam, yanlış təfsirləri ilə dini düşüncələrdə təfriqə yaratmağa başladı. Onun xüsusən “Övliyanın (peyğəmbərin, imamların, digər müqəddəslərin) Qiyamət günündə şəfaət verməsi düzdür, lakin bu dünyada onlardan şəfaət istənilməsi şirkdir (günah, Allaha şərik qoşmaq və s.)” fikri İslam əqidələri arasında kəskin etiraza səbəb oldu. Çünki bu təkcə İlahi həqiqətə deyil, həm də ümumi İslam birliyinə xələl gətirirdi.
İbni Teymiyyə 661-ci hicri ilində, Şam  yaxınlığındakı Hərranda kəndin dədünyaya gəlmişdi. 42 yaşına kimi bir elə məşhur deyildi. Hərdən dediyi yanlış izahatlar möminləri qəzəbləndirir, eyni zamanda onu məşhurlaşdırırdı. Lakin bu ona sərvət və daha böyük uğurlar bəxş etmirdi. Özündən əvvəlkiləri radikal ifadələrlə tənqid etmək ona sarı diqqəti artırırdısa da bu az idi. Nəhayət bu küfrlərinə görə onu məhkəməyə verdilər. Çünki o bir ayənin şərhində Allah üçün göyün üzərində ərşə söykənən taxt yeri düzəldildiyini bildirirdi. Bu isə Allahın insana bənzədilməsi, kiçildilməsi demək idi. Sonra onun yanlış şərhlərinin sayı artdı. Buna görə onu  tutub Misirə sürgün etdilər. 7 il sonra o, Misirə qayıdıb öz şeytani nəzəriyyələrini yenidən yaymağa başladı. 9 il sonra yenidən həbs olundu və elə həbsdə ikən öldü. Məzhəb etibarı ilə o sünnü məzhəbinin  Hənbəli təriqətinə mənsub idi. Lakin nəinki şiyə-cəfəri alimləri, eləcə bütün sünnü- hənbəli alimlər – İbni Şakir Kətbi, İbni Hacər Heytəmi, Şəmsəddin Zəhəbi, Əbul Həsən Subki, İzz İbni Cəmaət, hətta İbni Teymiyyənin öz şagirdi İbni Qəyyim Cozi, eləcə də Maliki məzhəblilər onun ideyalarını kəskin şəkildə tənqid etmiş, onu kar, kor və yolundan azmış birisi hesab etmişdilər. Buna görə də tədricən onun bütün ideyaları unuduldu.
MƏHƏMMƏD İBNİ ƏBDÜL-VƏHHABIN QARƏTÇİLİK MƏZHƏBİ. Lakin üstündən 5 əsr ötdükdən, yəni miladi XIX əsrdə Məhəmməd ibn Əbdül-Vəhhab adlı birisi ortaya çıxdı və onun ideyalarını irəli sürdü. Məhz yenə də İslam aləmi hər tərəfdən xristianların mühasirəsində, iqtisadi və siyasi cəhətdən çox acınacaqlı  vəziyyətdə  idi. İbni Əbdül-Vəhhabın dəstəsi rəqiblərini terror yolu ilə aradan götürür, özünə yol açırdı. Sonra onlar bəzi qəbilə başçılarını da yoldan çıxartdılar, şirnikləndirdilər və digər qəbilələrə silahlı basqınlar etdilər. Onsuz da mühasirədə və zəif vəziyyətdə olan İslam dövlətlərini sarsıtmaq, qəbilələri talamaq, kafir adı ilə qılıncdan keçirtmək digərlərinin də gözünü qorxudur, təslimçiliyə sürükləyirdi. Özü təriqətini “Tovhidilik”(təkallahçı), tərəfdarlarını sələfi (yəni əcdada əsaslananlar) adlandrsa da, İslam dünyasında ata adı şəxsin tanınmasında əsas rol oynadığı üçün yaratdığı təriqət də Muhəmməd İbni Əbdül-Vəhhabın atası Vəhhabın adı ilə “vəhhabilik” kimi tanındı. Taleyin istehzasına bax, əslində atası həmişə onun bu kafir fikirlərinin əleyhinə olmuş, aralarında kəskin ixtilaflar düşmüşdür.  İbn Teymiyyənin nəzəriyyəsinə əsasən onlar məsumlardan şəfahət istəməyə və övliyaların qəbrini ziyarət etməyə görə əvvəlcə şiyələri müşrik adlandırır, onların yaşayış məntəqələrinə basqınlar təşkil etdirib, qətlə yetirir, malını-mülkünü talayırdılar. Sonra o bütün dünya müsəlmanlarını kafir adlandırmağa, onların əməllərinin şirk və bütpərəstlik olduğunu iddia edərək qətlə yetirməyə  çağırırdı: “Mələklərdən, peyğəmbərlərdən və övliyalardan şəfaət istəməklə özlərini Allaha yaxınlaşdıran şəxslərin qanı halal, qətlə yetirmələri caizdir!” Bu əqidə isə İslamın ən böyük iki məzhəbinin hər ikisində vardı. İnsanların hər hansı böyük mənsəb sahibinə yetmək üçün vasitəçi axtarması nə qədər təbiidir. Allaha da məhz məsumlar daha yaxındır, onların adı daha şərafətlidir. Allahın nəzərləri daha çox öz seçdiyi müqəddəs şəxslərin üzərində olar. Bu məsumları vasitəçi qərar verərək Allahdan diləklər istənilməsində qeyri-adilik və şirk axtarılması absurd idi. Lakin bədəvi ərəb üçün bunun mahiyyətini anlamaqdan daha çox, qarətlər, qətllər, xüsusi məqsədlə insanların öldürülməsi daha maraqlı və sərfəli idi. Onları bir azca İslam dini abıra salmışdı. Yoxsa ki, tarixən  onlar üçün varlanmağın yeganə yolu yalnız soyğunçuluq, talançılıq, qarət əməlləri olmuşdu.  Xüsusən ticarət karvanları və Kəbəni ziyarətə gələn  zəvvar dəstələri həmişə hansısa quldur dəstəsi tərəfindən soyulur, azacıq müqavimətə görə hamı qılıncdan keçirilirdi. Ərəblər üçün zəhmət, əkinçilik və ya ticarətlə sərvət qazanmaq hissi həmişə çox zəif olmuşdu və indi – XXI əsrdə də elə bu cürdür. İndi fərq daha yolkəsən quldurluqla məşğul ola bilməmələri,  neftin və ziyarətgahların hesabına firavan dolanmalarıdır. Onların əvəzinə bütün işləri  əvvəəllər yəhudilər gördüyü kimi indi də siyasəti ingilislər, xidmət işini isə asiyalılar həyata keçirdir. Peyğəmbərin (s.ə.v) vəfatından sonra İslamın təməl prinsiplərindən yolunu azanlar və azmaq potensialı olanlar üçün yönəlməyə xristianlıq və ya yəhudilik heç münasib və müvafiq deyildi. Bununla özlərinə heç rəğbət qazana bilməzdilər. Hakimiyyətə yol isə İslam dinindən keçirdi. Bu sahədə böyük övliyalar, ali din xadimləri, şeyxlər var ikən önə çıxmaqdan ötrü gərgin əmək, elm, ibadət və iman tələb olunurdu.  Çətini də elə bu idi. Bu çox vaxt aparırdı. Başqa bir yol tapılmalı və bu yol isə nə iləsə çox cazibədar olmalı idi. Bu zaman hənbəli təriqəti, xüsusən də İbn Teymiyyənin əqidəsi yeganə  uyğun guşə hesab edildi.  İbni Əbdül-Vəhhab  və tərəfdarları da əvvəlcə məhz hənbəli məzhəbinə toplaşıb, oranı sığınacaq seçdilər. Aldadıb çaşdırdıqları adamları onlar hürkütməmək üçün əvvəlcə hənbəli məzhəbinə cəlb edirdilər.  Xüsusən münasib böhran şəraiti yarandıqda emisarlar daha tez üzə çıxır, özlərini biruzə verirlər. Münasib şərait isə İslam aləminin zəiflədiyi, müharibələrə və iqtisadi böhrana məruz qaldığı dövrlərdir. XVIII əsrdə də belə idi. Roma Papası tərəfindən coşdurulan ingilis, fransız istilaçıları, hətta Amerikanlar da ərəb torpaqlarına göz dikmişdilər.Kilsə bundan ötrü onlara hər cür dəstək verirdi. Yoxsa ki, İslam qüdrətləndikcə artıq  gəlib İspaniyaya   daxil olmuşdu. Müsəlmanların ən böyük silahı isə onların dini imanı idi. Bu imanı sarsıtmaq qələbənin əsası sayılırdı. Osmanlı  və Afşar imperiyasının marağı isə istila etdikləri ərəb ərazilərində xürafatın genişlənməsi idi. Əhalinin savadsızlığı və hər şeyə cənnətdə nail olacaqlarına qəti inam onları müti edir, işğalçıya qarşı mübarizədən çəkindirirdi. Belə ziddiyətli və bir qədər də müsəlmanların artıq bütün bunlardan bezməyə və ayağa  qalxmağa  başladığı zamanda yeni təriqət  çoxlarının ürəyicə ola bilərdi. Firavan yaşayan zümrələrin kafir hesab olunması və qarət edilməsi ac və yoxsulların da ürəyicə idi.Qəddarlığı, amansızlığı, oğurluğı, soyğunçuluğu vacibat və halal hesab edən bir təriqət kasıb sünnüləri daha çox cəlb edirdi. Vəhhabilik artıq İslam aləmini içəridən zəiflətməyə, parçalamağa, sarsıtmağa başlamışdı. Bu təriqətin qüdrətlənməsi ən çox xristianların marağında  idi. Onlar bununla ikiqat nəticə əldə etmək istəyirdilər və buna nail  olmağa başlamışdılar.
NƏCD ŞƏHƏRİNDƏN BAŞLANAN KAFİR QİYAMLARI. Məhəmməd İbni Əbdül-Vəhhab miladi 1738-ci ildə, Nəcd şəhəri yaxınlığındakı Üyeynə yaşayış məntəqəsində anadan olmuşdu. Atası Əbdül-Vəhhab çox mömin bir kişi idi. Məhəmməd sünnü təriqətinə məxsus hənbəli məzhəbinin fiqh elmini Nəcddə öyrənib, sonra təhsilini artırmaq üçün Mədinəyə yollandı. Mədinədə fiqh və hədis elminə yiyələndi. Lakin onun imanı kamil olmadığı üçün tez-tez şeytani fikirlərə düşür və bunu ciddi cəhtlə isbata yetirməyə çalışırdı. Nitq mədəniyyəti və söhbət qurmaq bacarığı olduğu üçün ətrafındakılar asanlıqla öz təsiri altına sala bilirdi. Sonra o 4 il Bəsrədə, 5 il Bağdadda, 1 il Kürdüstanda, 2 il Həmədanda yaşadı. Vaxt tapıb İsfahan və Qum şəhərlərində də oldu, ərəblərin düşüncə tərzini yaxşıca öyrəndi. Eyni zamanda bu illərdə özünün İslam qayda-qanunlarına müvafiq gəlməyən ideyalarını xeyli formalaşdırdı. Uzun ayrılıqdan sonra atası ilə görüşləri heç də əvvəlki vaxtlarda olduğundan fərqlənmədi. Atası onun küfrlərini qəbul etmir, buna görə araları dəyirdi. Atasının sağlığı ona bir qədər mane olurdu. Onun ölümündən sonra isə o öz ideyalarını  aşkar yaymağa başladı. Lakin bu ideyalar insanları çaşdırmağa başladığı üçün din xadimləri tərəfindən kəskin etirazla qarşılandı. Buna görə də o doğulduğu Üyeynəyə gəldi və orada yaşamağa başladı. Buranın hakimi Osman ibni Müəmmərdən icazə alıb öz məzhəbini  yaratmaqla məşğul oldu. Lakin etirazlar qalxdı və Osman ibni Müəmmərdən onu şəhərdən çıxartmağı tələb etdilər. Buna görə də Məhəmməd ibni Əbdül-Vəhhab  Məhəmməd ibni Səudun hakimlik etdiyi Diriyyə şəhərinə gəldi və ondan öz məzhəbini təbliğ etmək üçün icazə aldı. Ali Səud sülaləsi büsbütün Ərəbistan yarımadasında hökmranlıq etmək uğrunda  mübarizə aparırdı. İbni Əbdül-Vəhhabın ideyaları onun üçün çox cazibədar göründü. Çünki o da şiələri kafir adlandırır, onların malını-mülkünü və canını öz ardıcıllarına halal edirdi. Bu isə əvvəlcə bütün sünnü təriqətlərini şiəliyin əleyhinə onun ətrafında  birləşdirir, sonra İslam dünyasına doğru yeni yol açırdı. Şiələr işlək insanlar olduğu üçün çox varlı idilər.  İbni Əbdül-Vəhhab əvvəlcə onun ideyalarını qəbul etməmiş Nəcd əhalisinin kafir olduğunu və buna görə də onların malının-mülkünün onlara halal olduğunu təbliğ edir və insanların üzərindən günah qorxusunu götürürdü. Nəticədə Diriyyə əhalisi  Nəcd və digər şiyə yönümlü ətraf yaşayış yerlərini qarət etməklə  məşğul oldu. Beləliklə də, İbni Əbdül-Vəhhabın təbliğatı nəticəsində kasıb Diriyyə əhalisi  ətrafın müsəlman mahallarına basqınlar etməyə və tezliklə varlanmağa başladı. Ali-Səudun İbni Əbdül-Vəhhaba hərbi himayəsi və döyüş bacarığı onun təriqətinin qüdrətlənməsinə, ayrıca bir məzhəbə çevrilməsinə çox kömək etdi. Ətraf məntəqələrdə yaşayan ərəblərin əsl İslam  dinindən və mədəniyyətindən xəbərsiz olması  bu məzhəbin qəbul edilməsinə daha çox səbəb oldu. Vəhhabilər Hicaz, Yəmən, Şam, İraqın bir sıra böyük məntəqələrinə qarşı apardıqları döyüşlərlə, taladıqları sərvətlə daha da qüdrətlənirdilər. O guya ki, müsəlmanları əsil Tövhidə (təkallahlığa) dəvət edir və yalnız şirkə (bunun əksi olan əqidəyə) görə onların cəzalanmasını tələb edirdi. Bu isə bir çox imanlı müsləmanları və din xadimlərini  də yoldan çıxarda bilirdi. Sonra vəhhabiliyin qarət və soyğunçuluqla sərvət toplamaq məzhəbi olduğunu gördükdə çox az adam geriyə qayıda bildi. Amma qarətçiliyə aludə olub və günah əməllərinin böyüklüyü səbəbindən onu etiraf etməkdən qorxan və çəkinən, Əmir Səudun qoşununda qalan da az olmadı.
Təkcə Nəcdin deyil, ətrafdakı Hicaz və Təhamə qəbilələrinin başçıları da qarətçiliyə şirniklənib Səudun qoşununa daxil olurdular. Vəhhabilər hicrətin 1216-cı ilində ( miladi 1802-ci il) şiələrin baş şəhəri sayılan Kərbala şəhərinə  hücum etdilər. Şəhərin qala divarlarını darma¬da¬ğın edib, sonra qarşıya çıxan və gözlərinə rast gələn hər bir kəsi kafir qismində qətlə yetirdilər. Bu zaman  Kərbəla ziyərətgahı, İmam Hüseyn məsçidi talandı. Onlar hətta anaların qucağından körpəsini alıb gözünün qarşısında başını kəsir, qızları, gəlinləri atasının, ərinin gözləri önündə zorlayırdılar və bunu halal hesab edirdilər. Dörd il  sonra vəhhabilər İraqın Nəcəf-Əşrəf şəhərinə hü¬cum etdilər. Amma burada onlara ciddi müqavimət göstərildi və geriyə oturduldu. Yeddi il sonra isə vəhhabilər Taif şəhərinə doğru irəlilədilər. İbni Əbdül-Vəhhabın kafir və buna görə qanı, malı və namusu onlara halal hesab olunduğu üçün  bədəvi ərəblər burada da südəmərdən tutmuş qocaya kimi hamını, o  cümlədən məsçidlərə sığınanları, hətta namaz üstündə, rüküdə olanları belə amansızlıqla doğrayır, bütün sünnü və şiyə alimlərinin, eləcə müqəddəs Quranı-Kərimi, “Səhih-Müslüm”, “Səhih-Buxarı” və digər fiqh və hədis kitablarını yığıb yandırırdılar. İb¬ni Əbdül-Vəhhabın peyğəmbər elan olunmasına çox az qalmışdı. Elə bu ərəfədə, mü¬səl¬man¬ların həcc ziyarətində olmasından da istifadə edib nəhayət Məkkəyə hücum etdilər. Əvvəlcə Məkkəyə məktub göndərib, hamını onların əqidəsini qəbul etməyə çağırdılar. İslam alimləri Kəbənin ətrafına toplaşıb bu məktubu müzakirə etdilər. Bu zaman Taifdən güclə qaçıb canıını qurtarmış bir dəstə adam Məsçidül-Hərama daxil oldu və vəhhabilərin Taifdə törətdiklərini danışdı. Bundan sonra həccə gəlmiş 4 sünnü məzhəbinin böyük alimləri  vəhhabilərin küfrləri barəsində hökm çıxartdılar. Onlar bütün müsəlmanları vəhhabilərə qarşı cihada çağırdılar. Hər bir müsəlman bu cihadda iştirak etməli idi, etməyənlər günahkar sayılırdı. Bu fətvaya hamılıqla möhür vuruldu. Onların qarətçiliyi  əvvəlcə məhz  şiə cəfərilərə qarşı başlanmış, bu zaman sünnülərdən dəstək almışlar. Amma qüdrətləndikdən sonra sünnülərin özünə qarşı da çıxmağa başladılar və onları da kafir adlandırıb, qanını, malını və mülkünü halal hesab etdilər. 
ÖZ KÜFÜRLƏRİNƏ İSLAM DONU GEYİNDİRİRLƏR. Vəhhabiliyin küfr olması barədə ilk  dini kitabı Məhəmməd ibni Əbdül-Vəhhabın öz doğma qardaşı Süleyman İbni Əbdül-Vəhhab yazdı. Miladi XVIII əsrdən etibarən elə məşhur şiyə və sünnü alimi yox idi ki, İslamın içərisində yaraya çevrilən vəhhabi təriqətini alt-üst edən  kitab yazmasın. Bu sırada sünnü hənbəli alimləri də az deyildi. Şiyə alimlərindən böyük mərcəyi-təqlid ayətullah Şeyx Cəfər Kaşiful-Fitanın kitabı İslam dünyasında daha məşhurdur. O bu kitabı vəhhabi kralı Əmir Səud ibni Əbdul Əzizə də göndərmişdi. Bildirək ki, kral Əbdül Əziz indiki Səudiyyə Ərəbistanının başçısı olmuş və məhz o hakimiyyətə gəldiyi il– hicri 1344-cü ildə  şəvval ayının 08-də müqəddəs Bəqi qəbristanı darmadağın edilmişdir. Oradakı 4 İslam imamının, peyğəmbər səhabələrinin, övladlarının və çoxlu  digər övliyaların məzarüstü abidələri dağıdılmışdır. Həcc səfərində olmuş şəxslər burada “çiçəkli, ağaclı yer” mənasını verən Bəqi adının da öz mənasını tamam itirdiyinin şahidi olurdular. Bu qəbristanlıq bircə çiçəyinin, ağacının, kolunun belə olmaması ilə adi qumsal bir düzənliyi xatırladırdı. Belə ki, dünyanın hər bir adi insanı da öz ölənləri üçün  məzarüstü nişanə qoyduğu halda burada və ümumiyyətlə bütün vəhhabi məmləkətlərinin məzarıstanında qəbrin üzərinə bir tikə qara daş qoymaqla kifayətlənirlər. Bu səbəbdən mərhumun xatirəsinin yad edilməsi üçün hara gedilməsi məlum deyil. Saysız-hesabsız daş-kəssəyin arasında sənə əziz olan şəxsin məzarını necə tapasan? Həyatdan köçdükdən sonra xatirəsi ehtiramla yaşanmalı ulu şəxsiyyətlərin bu dünyada yeganə yadigarı olan məzarının nişanəsiz, naməlum və hörmətsiz qalması heç bir məntiqə sığmır. Vəhhabilər bunu guya ki, müqəddəs şəxslərin qəbrindən nicat və şəfaət istənilməməsi üçün etdiklərini və bu zaman müsəlmanın qəbri bütləşdirdiyini iddia edirlər. Halbuki, məzarüstü nişanənin, abidənin qoyulması halı İslam peyğəmbərinin və ona daha yaxın olan səhabələrin xilafəti zamanında da olmuşdur.Amma onların heç biri bunu şirk adlandırmamış, əleyhinə getməmişdilər. Çünki Allahın  vahidliyini, Məhəmməd peyğəmbərin(s.ə.v) onun elçisi olmasını, sonra Həzrət Əlinin(ə) onun varisi olduğunu  qəbul edən şəxs müsəlman hesab olunurdu. Bu olmazsa və  o daşa-kəssəyə sitayiş edərsə, daha İslama nə üçün tapınır ki? Bundan ötrü bütpərəstlik, totenizm, buddizm və digərləri mövcud idi. Əslində isə bu vəhhabilərin adi   bəhanəsindən başqa bir şey deyildi. 
QƏBİRLƏRİN ZİYARƏTİ BARƏDƏ HƏQİQƏTLƏR. Vəhhabilərin əsas təlimləri Tovhid, Şirk,Təvəssül, Şəfaət, Bidət və Təfkir barədədir. Heç biri də o tərzdə qəbul ediləsi halda deyil. Şirk, Şəfaət və Təvəssülə əsasən onların ziyarət edilməsini haram qərar verdikləri qəbristanlıq əslində heç də qəbahətli bir yer yox, hər bir insanın sonunda öz cismini tapşıracağı bir yerdir. Barmağına bir iynə batırılmasını da   qəbul etməyən insan sonunda öz cismini təbii ki, murdar bir yerə tapşırmaz və tapşıracağı yeri  əziz tutar. Həmin yerdə ondan əvvəl öz nəslinin qurucuları, xüsusən də bir qəbristanda, bir məzarda əgər Allahın da əziz tutduğu insan uyuyursa, həmin yer ikiqat ehtirama layiq olar.  Amma vəhhabilər həm də heç utanmadan ölülərin məkanını əsas hədəf seçirdilər. Bu isə dirilərə gücü çatmayan acizlərin tərzidir! İslam peyğəmbəri    məzarlıq barədə gözəl kəlamlar buyurmuşdur: “Qəbirləri ziyarət edin, çünki onlar axirəti sizə xatırladır. Qəbirləri ziyarət edin, çünki  onlarda sizin üçün ibrət vardır!” Bu kəlamlar qəbirlərin Üsuliddindəki Miada xidmət etdiyini ifadə edir. Vəhhabilər isə qəbirlərin ziyarət edilməsini, burada dualar oxunmasını, bəzi ayinlərin icrasını böyük günah, onun icrasını həyata keçirdənləri öldürməyi savab, qanını və malını isə halal elan edirlər. Əgər özlərini müsəlman hesab edirlərsə, bu dinin banisi yuxarıda qeyd etdiyimiz fikirlərin müəllifi olan şəxsdir. Günah dərəcəsi olsaydı, bunu peyğəmbər də qadağan edər, kafirlik olduğunu deyərdi. Üstəlik də əzizlərinin məzarının kənarına toplaşmaq, onu gözəl sözlərlə yad eləmək, ruhunu şadlandırmaq, Allahdan bağışlanmasını və ona xatir özünün də bağışlanmasını istəmək bütün millətlərdə və dinlərdə olmuşdur. İnsanları sağlığında öz yaxın adamlarının görüşünə çəkən ruhi cazibə mənəvi xarakter daşıyır. Bu cazibə əzizinin (ailə üzvü, qohumu, dostu, övliya və sair) dünyanı tərk etməsindən sonra qəbirlərinin ziyarətinə doğru çəkir. Çünki bu cazibə ruha məxsusdur. Ruh üçün isə bitmək, qurtarmaq, zaman və məkan ölçüləri yoxdur. Sadəcə, mərhumun daha yaxşı xatırlanması üçün onun son məkanı, son mənzili daha müvafiq hesab olunur. Özünün məzarı önünə toplaşan yaxınlarının “Fatihə” və dualar oxumasını gördükdə  mərhumun  ruhu yaxınların bu lütfündən şövqə gəlir. Bunun nəyi pisdir, nəyi günahdır? Eləcə də peyğəmbərin, övliyaların, alimlərin, şəhidlərin məzarının ziyarət edilməsi daha əfzəldir. Bu həm də onların əməllərinə sədaqət və təşəkkür mənasını daşıyır. Bu isə yüksək ideyalarda ardıcıllıq, ənənənin və ideyanın davamı deməkdir. Əlbəttə, bu halda İslam daha da inkişaf edər, İslam tarixinə qədəm qoymuş böyük şəxsiyyətlər dünyadan getməklə İslam dünyası boşalmaz, haqq-ədalət tədricən bütün dünyanı bürüyər.  Quranda yalnız münafiqlər barəsində Peyğəmbərə belə buyrulur: “Onlardan hər hansı  biri öldükdə heç vaxt ona namaz qılma və qəbirlərinin kənarında dayanma; çünki onlar Allaha və Onun Rəsuluna  kafir olub fasiq halında ölüblər.”  Peyğəmbəri və imamları (əstəğfurullah) kafir hesab etmək olarmı? Beləliklə, Allah vəhhabilərin irəli sürdüyü iddianı yalnız münafiqlərə, yəni Allaha şərik qoşanlara, imanı olmayanlara, kafirlərə aid etmişdir. Peyğəmbərə, onun ailə üzvlərinə, əshabələrinə (sağlığında və ya ölümündən sonra) ehtiram göstərən adi şəxslər və ya böyük din xadimləri  nə üçün və hansı məntiqə əsasən kafir sayılmalıdır?! Bu çox böyük və günah bir ittiham deyilmi? İslam peyğəmbərinin özü gecənin bir aləmi Bəqi qəbristanını ziyarət etmək üçün evdən çıxardı. Orada peyğəmbər belə dua edərdi:“ Salam olsun sizə, ey möminlər evinin sakinləri. Gələcəkdə baş verəcəyi barədə sizə vəd  verilən şey sorağınıza gəldi. Siz ölüm ilə Qiyamət günü arasındasınız, inşaallah, biz də sizə qovuşacağıq. Pərvərdigara, Bəqi əhlinin günahlarını bağışla!”  Başqa bir mənbədə isə peyğəmbərin “Cəbrail mənə nazil olub dedi: Allah əmr edir ki, Bəqi qəbristanlığına ziyarətə gedin və  oranın əhli üçün əfv diləyin” buyurduğu qeyd olunur. Öz qəbrinin ziyarəti barəsində isə belə buyurmuşdur: “Məni vəfat etdiyim haldakı ziyarət etmək, sağ olduğum halda ziyarət kimidir. Hər bir şəxs, cisim və pul cəhətindən  imkanı ola-ola məni ziyarət etməzsə, mənə cəfa edibdir.” “Hər kəs məni sağlığımda və ya vəyat etdiyim halda ziyarət edərsə, Qiyamət günü ona şəfaətçi olaram.  İslamının yaradıcısı məzara və məzarlığa belə önəm vermişsə və özü də ziyarət etmişsə, vəhhabilərin iddialarının nə əsası ola bilər ki? Sual yaranır:  İslam peyğəmbəri kimdir; Məhəmməd salavatullah, yoxsa İbni Teymiyyə? Müsəlmanın öz peyğəmbərinə sədaqətli qalması İslamın əsas ehkamıdır! Əksi islam deyil. İbni Teymiyyə isə  peyğəmbər qəbrini ziyarət etməyin müstəhəb (bəyənilən, yaxşı əməl)  olduğunu inkar edirdi. Deməli, vəhhabilər namaz qılırsa da, “Allah Əkbər!” deyirsə də onları əsil müsəlman hesab etmək olmaz. Çünki onlar bu dinin əsas ehkamlarına və onun peyğəmbərinin ziddinə  ideyalar irəli sürür, əməllər törədirlər. Halbuki onlar özlərini Məhəmməd peyğəmbər (s) əsil ardıcılları hesab edir və sələfi adlandırırdılar. Lakin bu necə sələfçilik idi ki, onun hədis  və sünnələri qəbul olunmur, özünü müqəddəs və şərafətli hesab etmirdilər!
Vəhhabilikdə hətta Məhəmməd peyğəmbərə salavat göndərilməsi də günah hesab olunur. Guya ki, şəxsiyyətin bütün hallarda dəyərləndirilməsi ona sitayiş anlamındadır. Yəni insan heç vaxt təriflənməməlidir.Çox gülünc iddia deyilmi? Təbii ki, insan gözəl əməllərinə görə gözəl sözlərlə təriflənməli və bu da digrlərinə örnək xarakteri daşımalıdır. Yoxsa ki, Allahın tərifə ehtiyacı yoxdur. O onsuz da bütün insani təriflərdən çox yüksəkdədir. Məhəmməd peyğəmbər və onun ötən 1400 ilə yaxın vaxt ərzində öz yüksək dəyərini itirməyən əhli-beyti çox şərafətlidir və hər cür tərifə, ehtirama, ziyarətə layiqdir. Yalnız Allahın ən çox sevdiyi, bəyəndiyi bəndələr bu qədər unudulmaz və şərafətli ola bilər. Onları müqəddəs hesab etmək tam yerindədir. Əgər onlar da müqəddəs deyilsə, deməli, dünyada başqa heç bir müqəddəs yoxdur. Müqəddəslərin uyuduğu məzar da müqəddəs sayılmalıdır. Bəqi barədə Allahın rəsulu(s) gözəl fikirlər söyləmişdi: “Bu qəbristandan yetmiş min nəfər  qaldırılacaq və cənnətə sorğu-sualsız daxil olacaqlar. Onların üzləri sanki on dörd gecəlik aydır!” Digər bir hədis də çox maraqlıdır: “İki dərənin arasında bir qəbristan vardır ki, Qiyamət günü onun nuru yerlə göyün arasını bürüyəcək.” Məzarın şərafətli tutulmasının inkar edilməsi onsuz da öz məzarları ziyarət edilməyəcək kafirlərin  özlərinə təsəlli üçün düşünülmüş və ya düşüncədən kənar iddia deyilmi? Bəqi şərafətsiz bir yerdirisə, onun ziyarət olunması günahdırsa, bəs nə üçün  bu qəbristanlıq vəhhabilərin hakimiyyətdə olduğu Səudiyyə Ərəbistanında indi də durur, mühafizə edilir, orada dəfn olunmaq üçün xüsusi şərtlər və böyük məbləğdə rüsum tələb olunur? Deməli, qazanc olan yerdə vəhhabi dini əqidəsi yada düşmür.  Müqəddəs Quran müsəlmanlara Peyğəmbərin hüzuruna getməyi, ondan günahlarının bağışlanılmasını istəməyi əmr edir. “Əgər onlar özlərinə zülm (günah) etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr, Peyğəmbər də onlar üçün bağışlanmaq istəsə, Allahın tövbə qəbul edən, rəhmli olduğunu bilərlər.” Allah-  Təala bir vaxt vəhhabilər kimi münafiqlərin ortaya çıxacağını yaxşı bildiyi üçün başqa bir yerdə belə buyurmuşdur: “Onlara, “gəlin, Rəsulullah sizin bağışlanmağınızı diləsin” deyildiyi zaman başlarını bulayarlar, onların təkəbbürlə üz çevirdiklərini görərsən! Bu kimi nümunələr çoxdur. Ümumiyyətlə, vəhhabilərin 4 əsas ehkamı ilə yanaşı bir sıra digər ideyalarının da puç olduğunu ən sadə məntiqlə də isbata yetirmək mümkündür. Bunu sübuta yetirən 100-lərlə dəyərli kitablar yazılmışdır.
VƏHHABİLƏRİN ƏQİDƏSİNDƏKİ ZİDDİYƏTLƏR. Vəhhabilərin əsil iç üzünü onların digər ziddiyətli əməlləri də zaman-zaman açmaqdadır.  Belə ki, özlərindən qeyri-kimsəni müsəlman hesab etməsələr də, 1967-ci ildə Məkkə və Mədinənin   hakimiyyətini tam olaraq öz əlinə keçirdə bilən vəhhabi Əbdül Əziz ibni Əbdür-Rəhman nəhayət digər İslam ölkələrini də müsəlman hesab etdi. Bu isə o demək idi ki, vəhhabilər artıq onların əqidəsinin doğru olduğunu qəbul edirdi. Ötən iki yüz ilə yaxın dövr ərzində vəhhabilərin müsəlman hesab etmədən İslam ölkələrinə qarşı apardığı kəskin mübarizənin və axıdılan qanların nahaq  olması  elə bununla da tam təsdiq olunurdu. Sonra daha heç bir İslam ölkəsinə hücumlar, basqınlar olmadı, onlar kafir hesab edilmədi. Bunca əqidəsizlik olmazdı! Bu halda onlar tarixdən üzr istəməli və özlərini buraxmalı idilər, lakin...Lakin onlar Mədinədəki müqəddəs Bəqi qəbristanını darmadağın etdilər. Səud sülaləsi bununla öz məzhəbdaşlarına təskinlik vermiş oldu. Siyasət!   Vəhhabilik məhz elə əvvəldən dini təriqət və ya məzhəbdən daha çox hakimiyyət uğrunda siyasi hərəkat rolunu oynamışdı. Bəs elə isə bu hakimiyyətləri zinətləndirən, Yer üzünün əşrəfi sayılan insanlar nə üçün şərafətli deyildi?  Onların özü şərafətli idisə həqiqi İslam rəhbərləri, imamlar, övliyalar daha şərafətli olmalı idi. Vəhhabilər şəfahətin (bağışlanmanın) diridən istənilməsini məqbul hesab edirdilər, ölüdən yox. Amma unudurdular ki, Allahın nəzərində ölü və ya diri anlayışı yoxdur, ruh həmişə sağdır. Beləcə, əgər diridən şəfahət istəmək düzgündürsə, ölüdən istəmək də düzgündür. Diri nə qədər eşidə, anlaya, həyata keçirdə bilirsə, bunu ölü də eyni qədər bacarır. Lakin ibadətin hər iki halında əməl maddi və materialist xarakter yox, mənəvi xarakter daşıyır. Qiyamətdə Peyğəmbər şəfahət verirsə, Qiyamət gününə kimi onunla bütün əlaqələr qapanırmı? Həm də, müsəlmanlar öz dualarında ölüdən və ya diridən birbaşa nəsə maddi bir şey istəmirlər. İstək Allahdandır. Bəndə vasitəçi qərarında olur. Şəxs sağlığında əziz və möhtərəm idisə bu onun əqidəsinə görə idi. Həyatdan köçdükdən sonra da əqidəsi və xatiri əziz tutulmalı, vasitəçi kimi tanınmalıdır. Bildiyimiz kimi  vəhhabilik sələfilik əqidəsinə əsaslanır. Sələfilik isə həyatda hər cür  yenilik və dəyişikliyə  qarşı idi. Lakin Əbdül Əziz öz hökumətinin vəziyyətini dünya ilə uyğunlaşdırmağa məcbur oldu. Belə ki, o ölkəyə telefon, teleqraf, velosiped, aftomobil və bu kimi yeni texniki nəaliyyətlərin gətirilməsinə icazə verdi. Bu halda vəhhabilik Bidət və Təfkir ehkamlarından imtina edilmiş   sayılmırmı? Bəqi qəbristanını  dağıtdıqdan sonra da insanların orada yatan müqəddəsləri unutmadığını, xatirini əziz tutduğunu gördükdə  isə onlar məzarın əslində bir bəhanə olduğunu anladılar. Kral Fəhd ibn Əbdül Əziz ölkədə yuxarıda qeyd olunan əsaslı dəyişikləri həyata keçirtməyə  məcbur oldu. Üstəlik də o özünün vəzifəsini kraldan əvvəl “İki müqəddəs şəhərin xadimi” kimi yazdırırdı. Bu zaman nəzərdə tutulan iki şəhərdən biri Mədinə, digəri Məkkə olmaqla yalnız oradakı ziyarətgahlara görə müqəddəs deyildimi? Mədinə Həzrət Məhəmməd peyğəmbər salavatullahın məzarı yerləşən Məsçidi-Nəbəviyə və yanındakı Bəqi qəbristanına, Məkkə isə Kəbəyə görə. Bu iki müqəddəs məkanın Hicaz və Nəcd mahalıı olduğunu  iddia edənlər yanılırlar. Bu kimi hallar əslində vəhhabiliyin süqutu olsa da, tərəfdarları onu buraxmağa hünər etmədilər. Əgər məsələnin həqiqi mahiyyətini qəbul etsək, onda vəhhabilər üçün təkcə şiə müsəlmanlar deyil, xristianlar, buddistlər və yəhudilər də kafir elan edilməli, onların da canı, malı-mülkü, namusu vəhhabiyə halal  hesab olunmalı idi. Axı onlar da məzarın   ziyarətini qəbul edir. Lakin vəhhabilər daha çox müsəlman cəfəriləri hədəf seçmiş, çox sonralar  sünnü məzhəblərini də bu sıraya qatmışdılar. Deməli,  qarətçiliklə varlanmaqdan əlavə bir əsas məqsəd də İslama zərbə vurmaq olmuşdu. Çünki elə digər dinlərdə də təkallahlıq və məzarların şərafətləndirilməsi vardı. Qüdsdə xristianlar İsa Məsihin dəfn edilib göylərə çəkildiyi məkanı böyük şərafətlə ziyarət  və üstəlik hətta İsanı Allah və ya Allahın oğlu hesab edirlər. İudeyya və Fələstin əraziləri Kərbəla, Nəcəf və digər  İslam şəhərlərindən çox da uzaq deyildi. Görünür İslama zərbə vurulması və müsəlmanlar arasında təfriqə salınması daha böyük hədəf imiş və qarətçilik ikinci dərəcə daşıyırmış. Bu halda xaricməzhəb təfriqəsini duymamaq mümkün deyil. Vəhhabilərin  əsas əqidə məsələsində qeyri-ardıcıllığın olması da bunu təsdiq edir. Əks təqdirdə Mədinə şəhərindəki Məsçidül-Nəbəvidə  peyğəmbərin və iki səhabənin möhtəşəm məzarları da onlar tərəfindən (əstəğfurullah) dağıdılmalı idi. Lakin bu məzarlar çox şərafətli şəkildə qalmışdır və hətta qapıları da qızıldandır! Niyə? Bu qapıların önündən bütün müsəlmanlar böyük coşqu ilə keçir və müasir günə qədər çox böyük  ziyarət olunmaqdadır. Həcc səfəri zamanı bir çox digər  şərafətli yerlər ( Məsçidi-Quba, Məsçidi-Qibləteyn, Ühüd dağı, Hera dağı, Bilal Həbəşinin məzarı və sair) də ziyarət olunur və müasir vəhhabi hakimiyyəti bundan böyük qazanc əldə edir. Hər hansı bir yerin ziyarət olunması həmin yerin müqəddəsləşməsi – vəhhabilərin anlamında bütləşdirilməsi və deməli, günahdırsa, əstəğfurullah, elə Kəbənin də bütövlükdə ziyarətində eyni mahiyyət yoxdurmu? Axı müsəlmanlar Kəbəni ziyarət edərkən də onun başına dolanmaqla (təvaf etməklə)  müqəddəsliyinə tapınıb əllərini göyə qaldırmırlarmı? Məsçidül-Həramda Səfa və Mərva dağlarının ziyarəti, onların arasında səy edilməsi, eləcə də Məqami-İbrahim adlanan qızılı gümbəzə  toxunulması eyni məntiqə əsaslanmırmı?  Vəhhabilərin ağlı ilə hərəkət edilməsi əsil İslamdırsa, Kəbənin ilk bucağına qoyulmuş Həcərül-Əsvatın – “Qara daş”ın ziyarət olunması, ona toxunulması, öpülməsi bəs nə deməkdir? Axı bu halda da həmin “Qara daş” bütləşdirilmiş hesab olunmazmı? Əslində isə bütün bu kimi hallar heç də bütpərəstlik deyil, sadəcə şəxsin, məzarın və ya müqəddəs bir əşyanın vasitəçi qəbul edilməsidir! Bu zaman möminin istəyini verən həmin bu vasitə yox, Allahın özüdür! Allah isə nəzərlərinin daha çox yönəldiyi müqəddəs, yəni İlahi anlamda şərafətli  məkanlarda təcalla edər. Bu mənada müəyyən əziz adamın məzarı üstündə onun xatırlanması həm də   mərhumun ruhunun şad edilməsi məqsədini daşıyır. İslam müqəddəslərinin ruhunun yad edilməsi, adının zikr olunması və məzarının ziyarət olunması isə Allaha da xoş olar və həmin şəxsin dualarının  daha tez qəbul edilməsində vasitəçilik edər.
Vəhhabilər yalnız 3 məsçidin ziyarətinin məqbul sayırlar: Mədinədə “Məsçidi-Nəbəvi”, Məkkədə “Məsçidül-Həramı”, Qüdsdə  Beytül-müqəddəsi. Əgər günahdırsa, bu günah hamısına aid olmalıdır. Onlar da materiya deyilmi? Bunlara aid deyilsə, deməli günah deyil və müqəddəs şəxslərin məzarı üstündə tikilmiş məsçidlərin ziyarəti günah hesab oluna bilməz. Üstəlik, müqəddəs məkanlarda toplanan müsbət enerjinin də şəfahət dərəcəsi mümkündür. İlahi nəzərlərin  müsbət enerji məkanlarına daha güclü yönəldiyini dərk etmək üçün həmin ziyarətgahlarda olmaq vacibdir. Bu həm də müsəlmanın qəlbini nurlandırır və deməli, imanını kamilləşdirir. Bütün bunların əleyhinə olan vəhhabilərin, deməli, həm də müsəlmanların  kamilləşməsinin əleyhinə olduğunu da qəbul etmək lazım. Bax, məhz bu məqamda bunu  yalnız xristianların daha çox arzuladığını düşünməyə dəyər. Çünki onlar bu halda müsəlmanın daha qüdrətli və basılmaz olduğunu anlayırlar. İslamın qüdrətlənməsi isə bütün dünyaya yayılması deməkdir. Söhbətimizin bu məqamında vəhhabi məzhəbində  xristian-qərblilərin barmağı olub-olmadığını araşdıraq.
İNGİLİS BARMAĞI VƏHHABİLƏRİN  VƏ BÜTÜN DÜNYANIN İÇİNDƏ. Vəhhabi məzhəbi ilə ingilislərin arasındakı münasibətlərin hansı səviyyədə olduğunu dəqiqləşdirmək üçün “Mister Hemferin xatirələri” kitabını oxumaq yetər. Bu kitab son illər çox dillərə tərcümə edilmişdir. Peşəkar ingilis cəsusu olan, fars, ərəb və türk dillərini mükəmməl bilən Hemfer İraq, türkiyə və Nəcd vilayətini tamam gəzmişdir. Məqsədi İslam aləmində təfriqə törədə biləcək bir şəxsi tapmaq idi. Bununla    da ingilislərin “Ost-Hind” şirkəti Hindistanı tamam işğal etdikdən  sonra növbə Ərəbistan yarımadasını ələ keçirtməyə  çatırdı. Bu yarımadada isə İslam çox güclü idi və onun müqəddəs məkanları yerləşirdi. Eləcə də Ərəbistan Osmanlı imperiyasının nəzarəti altında idi. Burada qazanılan uğur Osmanlını da sarsıda bilərdi. Amma bir xaricməzhəbin hələ Səlib yürüşlərini unutmamış müsəlmanların arasında inam, etibar,uğur qazanması çox çətin idi. Bu halda onu öz nümayəndəsi vasitəsilə və öz içindən parçalayıb zəiflətmək və tədrici qayda ilə  ələ keçirtmək münasib bilinmişdi. Nəhayət mister Hemfer  belə birisini Mühəmməd ibni Əbdül-Vəhhabın şəxsində, Bəsrə şəhərində tapdı. Onun ideyalarını və şəxsi keyfiyyətlərni öyrəndikcə buna tam əmin oldu ki, məhz bu şəxsin vasitəsilə İslam dünyasını parçalamaq olar. Beləliklə də o,  İbni Əbdül-Vəhhabı Bəsrədən İsfahana, sonra Nəcdə kimi müşahiyyət etdi. Onunla fikir mübadiləsi zamanı onun böyük həqiqət sahibi olduğunu başına saldı və hər yerdə mühafizə və müdafiə etməyə başladı. Onun maliyyəsi ilə İbni Əbdül-Vəhhabın mühafizəsi təşkil olundu, tərəfdarları toplandı, silahlandırıldı və sair. Bu isə başqalarında İbni Əbdül-Vəhhaba inam yaradan, ona valeh edən amillərdən oldu. Beləliklə də o, İslam dünyasında çox şəhərləri xaraba qoya bildi. Ərəbistan yarımadasında baş verən vəhhabi qiyamları çox keçmədi ki, Osmanlı imperiyasını da narahat etməyə başladı. Osmanlı yarımadaya qoşun yeritdi  və  öz qələbələri ilə vəhhabi liderlərinin də həbsinə və qətlinə nail oldu.  Zaman-zaman  burada  türklər həm də ingilislərə qarşı döyüşdülər. I Dünya müharibəsi zamanı Hicaz büsbütün Osmanlı nəzarəti altında idi. Nəcddə isə 2 hökumət vardı. Digəri ingilis himayəsində  olan və paytaxtı Ər-Riyad seçilmiş Ali-Səud hökuməti idi. 1919-cu ildə ingilislər Nəcdi müstəqil dövlət, Əbdül Əzizin oğlu İbni Səudu isə kral elan etdilər və ona ildə 40 min funt-sterlinq maaş da təyin olundu. Britaniyanın çox təcrübəli cəsuslarından olan Kelnel  Lorens burada çox mühüm işlər gördü və ərəb dünyasını  tamam parçalamaqdan ötrü vəhhabi məzhəbindən və ərəb tamahgirliyindən məharətlə istifadə edə bildi. Hemferin ardıcıllarının barmağı indi də ərəb dünyasını qarışdırmaqda, vəhhabilik hətta ideya baxımından süquta uğramışsa da, onun tamam sıradan çıxmasının qarşısını almaqdadır. İngilislər Şərqdə  düşmən obrazı yaratmaq üçün vəhhabilərin üzv olduğu “Əl-Qaidə” terrorçu təşkilatını yaratdılar. Bu təşkilat Şərqə, İslam ölkələrinə təzyiq göstərmək üçün çox münasib bəhanə oldu. İndi bəzən öz xüsusi xidmət orqanlarının öz ölkələrində törətmiş olduğu terror aksiyasına görə də “Əl-Qaida” və onun lideri Usamə-Bin Laden günahlandırılır. Və onlar da bu ittihamları məmuniyyətlə qəbul edirlər. Azərbaycana vəhhabilərin  ayağı yalnız müstəqillikdən sonra dəyməyə başladı. Ölkəmizə gələn Küveyt və Səudiyyənin yardım fondları burada yardımlarla yanaşı həm də dini ideologiya yaymağa başladıar. Sonra 5 mindən çox qaçqın çeçen ailəsi gəldi və onlar da özləri ilə vəhhabi əqidəsini gətirdilər. Vəhhabi emissarlar özlərinə münasib şəxsləri sünnülərin yığcam yaşadığı şimal ərazisində yerləşən  Zaqatala, Balakən, Quba rayonlarında və Bakıda tapdılar. Sonra Sumqayıta və digər rayonlara da  soxula bildilər. Bakıda “Ləzgi” məsçidi kimi tanınan “Aşurbəy” məsçidində, sonra isə Səudiyyə Ərəbistanının emisarları tərəfindən maliyyələnərək tikilən “Əbubəkr” məsçidində toplanmağa başladılar. Bayramlarda bu məsçidə 20 mindən çox vəhhabi toplaşırdı. Onlar bizim cəmiyyətdə ilk baxışdan xırda bizneslə məşğuldurlar. Onlar üçün Dubay, Qahirə və digər ərəb ölkələrində biznes imkanları yaradılır, kömək və yardımlar olunur. Amma eləcə də onlar öz əqidələrini biruzə vermədən aparıcı sahələrə, xüsusən də Milli Orduya, Huquq-mühafizə orqanlarına, Gömrük, Sərhəd xidməti və nəqliyyat strukturlarına soxulmağa çalışırlar. Strateji cəhətdən maraqları çox uzaqlara, o cümlədən dövləti ələ keçirtməyə hesablanıb. Bundan ötrü onların qarşısına çıxan  şəxsləri  pul-rüşvət və ya terror vasitəsilə sıradan çıxardır, aradan götürürlər. Ötən il Milli Ordu sıralarında bir qrup zabitin vəhhabi olması və çevriliş cəhtləri üzə çıxdı, həbs olundular. Digər ifşa olunan “Meşə qardaşları” terrorçu təşkilatı da vəhhabi yönümlü idi. Guya elə qruplar digər sahələrdə yoxdur? Yəqin ki, var. Yaşadığımız müasir XXI əsrdə də sünnü və şiyə məmləkətlərində gəncləri əvvəlcə hənbəli məzhəbinə çəkirlər. Sonra onların tədricən və hiss olunmadan vəhhabiyə çevrilməsi bir elə çətin olmur. Biznes maraqları vəhhabi emissarlarını öz üzərində ciddi işləməyə sövq edir. Son illər onların arasında müəyyən parçalanmalar yaranmışdır. Sələfilər, ixvanlar, “Əl-təkfir və hicrət əhli”. “Cihad əhli”, “Hizbut-təhrir”  belə parçalanmaların məhsuludur. Aralarında ən radikal və barışmaz mövqedə  “Hizbut-təhrir” durur. O həm də mövcud iqtidara qarşı  radikal, barışmaz  münasibətilə fərqlənir. Nə yaxşı ki, zaman-zaman onları daha böyük parçalanmalara məruz qoya biləcək yeni mütərəqqi kitablar yazılmaqdadır. Ayətullah Cəfər Sübhaninin “Vəhhabilik” və “Vəhhabi məzhəbi”, Seyyid Məhəmməd Həsən Qəzvininin “Vahabi firqəsi”, Cabir İskəndərlinin “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” və bir də Hacı Valeh Lənkəraninin “Ziya” kitabları bu yazını hazırlayarkən müəyyən qədər köməyimizə yetdi. Məncə imkanlı və mömin şəxslər bu kitabları böyük nüsxə ilə alıb pulsuz paylamalı və təkrar nəşr etdirməlidir. Bunun özü də bir mübarizə vasitəsi olardı. Azərbaycanı vəhhabiliyin üzünə bağlamaq lazımdır! Əks təqdirdə vəhhabilik Azərbaycanı gələcək nəsillərin üzünə bağlamış olacaqdır.

Комментариев нет:

Отправить комментарий