Страницы

24.06.2015

Hikmət sahiblərinin dediklərindən


◘Bir həkim (hikmət sahibi) başqasına yazıb: “Öz hesabını çəkən kəs fayda əldə edər, hər kəs özündən qafil olsa zərər görər”.

◘Loğmana dedilər: “Sən filan qəbilənin nümayəndəsi deyilsənmi? Dedi: “Bəli.” Dedilər: “Nə səbəbə bu məqama çatmısan?” Dedi: “Düz danışmaq, əmanətdarlıq, boş-boş işlərdən çəkinmək, göz yummaq, dilini saxlamaq və möhkəm xasiyyətli olmaqla. Hər kəs bunlardan azına malik olsa məndən aşağıdır. Hər kəs bunlardan çoxuna malik olsa məndən yuxarıdır. Hər kəs bu dərəcədə olsa mənimlə bərabərdir.”


◘Öz oğluna vəsiyyətində belə buyurur: “Oğlum! Şər şər vasitəsi ilə sakit olmaz, necə ki, atəş atəş vasitəsi ilə sönməz. Əksinə, şər xeyir vasitəsi ilə, atəş isə su vasitəsi ilə sakitləşər.”
Heç kəsin ölümünə sevinmə, işi çətinə düşənə məsxərə etmə. Öz xeyrin üçün həsrət çəkmə.
Ey oğul! Əmanətdar ol ki, imkanlı olasan. Ey əziz övlad! Sən dünyaya gələn gündən dünya sənin arxanda, axirət isə qarşındadır. Ömrünün günləri keçdikcə dünyadan daha da uzaqlaşır və axirətə yaxınlaşırsan.

◘Ey oğul! Təqvanı öz ticarətin et ki, əlində heç bir sərmayə olmadan çoxlu xeyir sənin başına tökülsün. Səhv edən zaman isə arxasınca sədəqə göndər ki, bununla onun şö`ləsini yatırasan.
Ey oğul! Moizə qəbul etmək ağılsız insanlar üçün taqətdən düşmüş qocanın üzü yuxarı getməsi kimi çətindir.
Əziz övlad! Zülm etdiyin kəsə etdiyin pisliyə görə deyil, ona zülm etməklə öz törətdiyin cinayətin üçün nalə et. Əgər bir gün əlində olan qüdrət səni zülmə tərəf çəksə, Allahın qüdrətini yad et.
Ey oğul! Bilmədiyin şeyi alimlərdən öyrən. Bildiklərini də camaata öyrət.”

◘Başqa bir vəsiyyətində də öz oğluna belə deyib:
“Ey oğul, çətinliklər zamanı özünü ələ al. Xoşagəlməz hadisələr zamanı səbirli ol. Rifah zamanı isə şükür et. Namazlarını xüsusi ilə yerinə yetir və onları tə`xirə salma. Haqqa itaət edəni təhqir etmə, günahkarlara isə ehtiram etmə. Sənin olmayan bir şey üçün iddia etmə. Sənin üzərində olan haqları inkar etmə. Batilə öz e`tirazını bildir. Haqdan utanma. Bilmədiyin şeyi demə. Bacarmayacağın işi öhdənə götürmə.
Ey oğul! Elm öyrən! Baxmayaraq ki, ondan o qədər də bəhrələnməyəcəksən. Ruzigarı (fürsət verməməkdə) pisləsələr də, bu, sənin öz dövründə xəcalətli olmandan daha üstündür.

◘İmam Sadiqdən (ə) nəql olunur ki, Loğmanın öz oğluna etdiyi moizələrdən biri də budur: “Səndən qabaq yaşayan kişilər övladları üçün mal-dövlət ələ gətirdilər, lakin bunlar həmişəlik qalmadı. Sən muzdla işləyən bəndəsən. Sənə iş sifariş veriblər və bu işə görə də haqqını alacaqsan. İşi tamam yerinə yetir, haqqını da kamil al. Dünyanı körpü hesab et ki, keçirsən keçirsən və əbədi olaraq bir daha qayıtmırsan.”

◘İmam Sadiqdan (ə) Loğmanın hikməti barəsində belə nəql olunur: “And olsun Allaha, Loğmanın hikməti cah-cəlal, var-dövlət, əhl-əyal və ya gözəl surət və boy-buxuna görə deyildi. Onun hikmət sahibi olması buna görə idi ki, o, Allaha aid olan işlərdə qüvvətli, dində pərhizkar, aram və vüqarlı, dərin fikirli, nəzər sahibi, dəqiq görüşlü idi. Heç vaxt gündüzlər yatmazdı, dostların cəm olduğu yerdə yuxuya getməzdi. Çox danışmazdı. Bir kəsin eyblərini axtarmazdı. Heç kəs onu təxəlli (tualet) və qüsl zamanı görməzdi. Həyalı, dərin düşüncəli, işlərində dəqiq idi. Heç vaxt gülməz və qəzəblənməzdi. Günah iş görməkdən çox qorxurdu. Heç kəslə zarafat etməzdi. Nə dünyanın əvvəlinə görə narahat olurdu, nə də axırına görə qüssələnirdi. Bir kəsdən bir söz eşidəndə əgər bəyənsəydi izah və açıqlanmasını istəyərdi. Çox zaman hikmət sahiblərinin cəm olduğu yerdə olar, onlar qarşısında təvazökarlıq edərdi. Sultanlar və qazilərlə oturub-durardı, lakin qazilərin (qəzavət edənlərin, hakimlərin) halına ağlayardı ki, öhdələrinə təhlükəli vəzifə götürüblər. Sultanlara Allahın onlar üçün qoyduğu möhlətə görə qürurlanıb dünyaya arxayın və meyilli olduqlarına, dünyaya aldandıqlarına görə onlara ürəyi yanar, özü isə bu barədə fikirləşər və bunlardan ibrət götürərdi.
Bu təcrübələr ona öz nəfsi ilə mübarizə və şeytanla müxalifət etməkdə qüvvət verərdi. Faydalı sözdən başqa heç nəyə qulaq asmazdı. Lazım olduğu qədər danışardı. Bu səbəbdən hikmət məqamına və ismət feyzinə sahib oldu. Gecə yarısı gözlər yuxuya gedən zaman Allah-təalanın göstərişi ilə bir dəstə məlaikə onu çağırıb dedilər: (Loğman onların səsini eşidir, lakin özlərini görmürdü) “Ey Loğman istəyirsənmi ki, Allah səni öz canişini etsin və sən də camaata hakim olasan (onlara hökumət edəsən)?” Dedi: “Əgər Allahın fərmanıdırsa və əgər O özü kömək olub fəryada yetişəcəksə, işin tərzini öyrədəcəksə və xatalardan qoruyacaqsa sözsüz itaət edirəm. Yox əgər ixtiyar mənimlədirsə, mən asayiş və salamatlığı seçirəm.” Dedilər: “Niyə?” Dedi: “Ona görə ki, camaat arasında hökumət etmək dinə görə ən aşağı məqamdır, fitnə və çətinliyi çoxdur. Hakimin dostu, yavəri yoxdur. Zülm onun ətrafını əhatə edər, o, isə iki yol ayrıcında qalar; əgər haqla hökm etsə mümkündür salamat qalsın, yox, əgər xata etsə behişt yolundan çıxmış olar. Dünyada insanlar arasında xar və dəyərsiz olan şəxs axirətdə bundan da aşağı olar. Hər kəs dünyanı axirətdən üstün tutsa hər ikisini uduzar. Biri əlindən çıxar, ikincisinə də çatmaz.”
Məlaikələr Loğmanın hikmətindən heyrətə gəldilər. Allah da onun məntiqini bəyəndi. Gecənin bir aləmi yatağında uzandığı zaman Allah ona hikmət nazil etdi. Belə ki, bu onun bütün vücudunu bürüdü. Yuxudan ayılan zaman yer üzündə olan insanların ən həkimi (hikmətlisi) oldu.”

◘İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, Loğman oğluna belə nəsihət edib: “Mən dünyaya ayaq qoyan vaxtdan arxası dünyaya, üzü axirətə olmuşam; üzü ona tərəf getdiyin ev sənə, arxada qalıb səndən uzaqlaşan evdən daha yaxındır.”
“Ey oğul! Əlindən çıxan işin arxasınca düşmə və sənə tərəf gələn işdən də üz döndərmə! Əgər belə etsən bu rəyi xarab, əqli nöqsanlı edər.
“Ey oğul! Düşmənə qalib gəlməkdən ötrü bu göstərişlərdən istifadə et; günahdan uzaq ol və öz alicənablığını qoru. Öz pak ruhunun qədrini bil və onu Allahın itaətindən çıxmaqla, pis əxlaqla və pis rəftarla çirkinləşdirmə. Öz başını bağla. Öz daxilini və rəftarını gözəlləşdir. Əgər belə etsən Allahın amanında olarsan. Düşmənin sənin sərhədinə yaxınlaşıb səni çaşdırmaq qüdrəti yoxdur. Amma eyni zamanda onun məkr və hiyləsindən də arxayın olma. Çox mənfəəti az hesab et, az zərəri isə çox.”
“Ey oğul! Camaatla onların təfəkkür tərzlərinin ziddinə rəftar etmə. Onlara bacarmayacaqları şeyi yükləmə. Bu iş sənin ən yaxın dostlarını da səndən uzaqlaşdırar və camaat arasında tənha qalarsan; nə sənə həmdəm olacaq dostun olar və nə də sənə kömət edəcək qardaşın. Tənha qalsan sığınacaqsız və zəlil olarsan. Üzrünü qəbul etməyəcək kəsdən üzürxahlıq istəmə. Öz işlərində dostu olmayan və muzd alan şəxsdən kömək istəmə. Çünki, muzd alan şəxs sənin işini öz işi kimi ciddi şəkildə yerinə yetirməyəcək. Həmin muzd onun üçün dünya mənfəəti, sənin üçün isə axirət ehtiyatıdır. Kömək aldığın dostların və qardaşların gərək məhəbbət əhli, ehtiyaclarını ödəyə biləcək, abırlı və pakdamən (pis işlərdən uzaq), sənin hüzurunda sənə təşəkkür edib, sən olmayanda səni yad edən kəslər olsun.”
“Ey oğul! Əgər bir dəstə insanla səfərə çəxsan onlarla çox məşvərət et, üzlərinə gül. Də`vətlərini qəbul et. Yaxşı işlərdə, namaz və səxavətdə onlardan qabağa düş. Öz minik, mal-dövlət və yükünü onların ixtiyarında qoy. Hərəkət etdikləri vaxt sən də hərəkət et. Əgər iş görsələr sən də iş gör. Ən böyük və yaşlı olana itaət et. Əgər bacarsan öz yeməyindən başqalarına verməmiş yemə. Minikdə olduğun müddətdə Qur`an oxu. İşə məşğul olduğun müddətdə Allahı yada sal və ona həmd-səna et. İşin olmadığın müddətdə isə dua et.
“Ey oğul! Tez küsən, bədxasiyyət və səbirsiz olma. Bu xüsusiyyətlərlə sənin heç bir dostun qalmaz. Özünü işlərdə səbirli olmağa vadar et.”
“Ey oğul! Əgər qohumları yoluxub, dostlarını başa çıxmaqdan ötrü pulun olmasa da xoşxasiyyət və gülərüzlü ol. Hər kəs belə olsa (yə`ni xoşxasiyyət) yaxşı insanlar onun dostu olar, pis insanlar isə öz mal-dövlətlərini ondan gizlətməzlər. Allahın qismətinə razı ol ki, yaşayışının çətinliyi aradan getsin. Əgər dünyada olan bütün izzəti əldə etmək istəyirsənsə camaatın əlindən gözünü çək. Peyğəmbərlər və siddiqləri bu məqama məhz, tamahı boğmaq çatdırıb.

◘Səfərə çıxmağın qaydaları barəsində Loğmandan bir hədis də nəql olunub. O, bu hədisdə öz övladına belə buyurur: “Elə ki, karvanla səfərə çıxdın öz işlərində onlarla çox məşvərət et. Onlara çox təbəssüm et. Öz yol tədarükünü səxavətlə onların arasında qoy. Də`vətlərini qəbul et. Əgər səndən kömək istəsələr onlara kömək et. Üç şeydə onlardan üstün olmağa çalış: çox namaz qılmaqda, öz minik, tədarük və malından keçməkdə. Əgər səndən haqq şahidliyi istəsələr onlardan əsirgəmə. Öz rə`yindən istifadə et, məşvərət zamanı düşünmədən cavab vermə. Əgər yoldaşların hərəkət etsələr, sən də onlara qoşul. Əgər bir işlə məşğul olsalar onlara kömək göstər. Sədəqə versələr sən də onlarla birlikdə sədəqə ver. Ən yaşlı olana tabe ol.”
“Ey oğul! Namazın vaxtı yetişəndə onu tə`xirə salma, öz vəzifəni yerinə yetirməklə özünü asudə et. Dini vəzifələri gərək yerinə yetirəsən. Süvari olan zaman yatma. Mənzil üçün elə yer seç ki, təbiəti gözəl, torpağı yumşaq, yaşıllığı çox olsun. Elə ki, mənzil salmaq üçün dayandın, iki rəkət namaz qıl. Yola düşən zaman həmin yerin əhalisi ilə vidalaş və onlara salamatlıq dilə. Çünki hər bir yerdə məlaikələr cəm olurlar. Əgər bacarsan yeməyindən bir miqdarını sədəqə verməmiş və Qur`an oxumamış yemə. Hər hansı bir iş görərkən zikr deməklə məşğul ol. Bekar olan zaman isə dua et.”

◘Bozorcmehrdən soruşdular: “Elə bir ne`mət bilirsənmi ki, onun üçün paxıllıq etməsinlər və elə bir bəla bilirsənmi ki, öz sahibinə rəhm etməsin?” Dedi: “Bəli, həmin ne`mət təvazökarlıq, bəla isə təkəbbürdür.”
Ölüm zamanı Bozorcmehrə dedilər: “Vəsiyyət et.” Dedi: “Nə vəsiyyət edim? Dünyaya cahil gəldim, ikrahla da gedirəm. Yaxşı olar ki, bəndənin cahil daxil olub, ikrahla çıxdığı evə ürək bağlanılmasın.”

◘Bir həkim (hikmət sahibi) deyib: “Uşaqlara dünya işləri ilə məşğul olmazdan qabaq təhsil verin.”

◘Aristotel deyib: “Kərim insanları şirin dillə aldatmaq olar. Hər kəs qorxduğu şeydən qaçar, lakin Allahdan qorxanlar isə ona pənah aparar. Axmaq adamı öyrətmək ömrü hədər yerə sərf etməkdir.”

◘Loğman deyib: “Yeməyini azalt ki, xəstəlikdən amanda qalasan.”

◘Cəlyanus deyib: “Öz ehtiyacından imtina etmək, onu ləyaqətsiz insandan itəməkdən yaxşıdır.”

◘Bir filosofdan soruşdular: “Təvazö nədir?” Dedi: “İmkanlı şəxslərə təkəbbür etmək.” Başqa bir yerdə deyib: “Məşvərət rahatlıq və başqalarının əziyyətidir.”

◘Sokrat deyib: “Yaxşıya-pisə fərq qoymayan şəxs dördayaqlıdan fərqlənmir.” Başqa bir yerdə deyib: “Hikmətin əvvəli xoş xasiyyətdir.”

◘Pluton deyib: “İnsanlarla bədrəftar olub dostluqda onlara xəyanət etmə. Yoxsa, sənə minnət qoyarlar, həm də onların şərindən amanda olarsan.” Yenə də deyib: “Qocalıq xəstəliklə dolu buluddur.”

◘Hippokrat deyib: “Təəccüb edirəm özünü böyük tutan şəxslərə ki, iki dəfə sidik yolundan keçiblər. (Bir dəfə atasının belindən, ikinci dəfə isə anadan olanda.)”

◘Bir filosof deyib: “Təəccüblüdür o kəslər ki, pulla qul alırlar, kərəm vasitəsilə azad insan almırlar.”

◘Hippokrat deyib: “Səxavətli o kəsdir ki, öz malını havayı verir və başqalarının malında da gözü yoxdur.”

◘İbn Sina deyib: “Dünya istəyən şəxs elm öyrənsin, axirət istəyən şəxs əmələ girişsin.”

◘Hippokrat deyib: “O kəsdən olma ki, aşkarda şeytana lə`nət edib gizlində ona itaət edirlər.”

◘Bir filosof deyib: “Rəhbərlərin ən pisi odur ki, kasıblardan uzaqdır. Kasıbların ən pisi odur ki, rəhbərlərə yaxındır.”

◘Sokrat deyib: “Qəzəbin dərmanı susmaqdır.”

◘Hippokrat deyib: “Nacins insanlarla yoldaşlıq etmək ruhun qızdırmasıdır. Qadınlar kişiləri (istər böyük şəxsiyyət olsun istərsə də alçaq) tez ələ alırlar. Sağlamlıqdan gözəl dost, xəstəlikdən pis düşmən yoxdur. Sağlamlığın şirinliyini xəstəliyin acılığı ilə dərk edərlər. Özünün az bəxşişindən utanma. Çünki, məhrumiyyət (yoxsulluq) ondan da aşağıdır. İşlərin nəticəsini göstərən ayna insanların əli ilə təcrübə olunmuşdur.”

◘Bir filosof deyib: “Dərmanın acılığına dözməyən şəxs şəfanın şirinliyini dadmaz.”

◘Bozorcmehr deyib: “Simic öz dövlətinin qoruqçusu, öz varisinin isə anbardarıdır.”

◘Loğman deyib: “Özünə qarşı pis olanın ruzisi az olar. Hər kəsin yalanı çox olsa, dostu az olar.”

◘Digər bir filosof deyib: “Sükutun faydası sözün faydasından, sözün zərəri sükutun zərərindən çoxdur. Ağıllı adamın əlaməti çox sükut etməkdir. Cahilin əlaməti isə çox danışmaqdır. Necə ki, istəmirsən sənin sirrinin üstü açılsın, sən də başqalarının sirrinin üstünü açma.”

◘Pluton deyib: “İnsanların ən zəifi öz sirrini saxlaya bilməyən, ən güclüsü isə öz qəzəbini boğan kəslərdir. İnsanların ən səbirlisi öz yoxsulluğunu gizlədəndir. Cahil özü özünün düşmənidir, başqasının dostu necə ola bilər?! Kişini əsəbləşdiyi vaxt yoxla, nəinki xoşhal olan zaman. Bir də qüdrət vaxtı yoxla, nəinki zillət vaxtı.”

◘Loğman deyib: “Allahın zikrindən başqa heç bir sözün faydası yoxdur. Axirət barəsində fikirləşməkdən başqa da heç bir sükutun faydası yoxdur. Allaha, Onun dostlarına qarşı mehriban, düşmənlərinə qarşı sərt olmaqla yaxınlaş. Ne`məti danmaq alçaqlıqdır. Cahil yoldaş nəhslik gətirər. Müsibətlərin ən pisi düşməni şad etməkdir, ondan da pisi düşmənə möhtac olmaq.”

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий