Страницы

19.06.2015

ƏHMƏD SABİRİ HƏMƏDANİ - İMAM HÜSEYN (Ə)-IN ƏXLAQİ GÖRÜŞLƏRİ


AYƏTULLAH HACI ŞEYX ƏHMƏD SABİRİ HƏMƏDANİNİN HƏYATI BARƏSİNDƏ QISA MƏ`LUMAT. Ayətullah Hacı Şeyx Əhməd Sabiri Həmədani 1302-ci ildə (=1924) Həmədanın ətraf kəndlərindən biri olan Böyükabad kəndində dünyaya gəlmişdir. Öz ibtidai təhsilini kəndin mollasının yanında öyrənmiş, 1319-cu ildə isə təhsilini davam etdirmək üçün Həmədan şəhərinə gələrək “Axund” adına elmiyyə hövzəsində dini təhsillə məşğul olmuşdur. Bu şəhərdə yaşadığı ilk vaxtlarda müttəfiq qüvvələrin Həmədana daxil olması və Rzaxanın İrandan çıxması nəticəsində qəhətlik yarandı və əmin-amanlıq aradan getdi.
Məhz bundan yaranan məişət çətinliyi səbəb oldu ki, o alicənab şəxsiyyət dəfələrlə təhsildən geri çəkilmək fikrinə düşsün və öz elinə-obasına qayıtsın. Ancaq Allah təaladan kömək istəyərək öz dərs və bəhslərini səbirlə davam etdirdi. Hövzənin ümumi səth dərslərini hövzə müəllimlərindən olan Hacı Mirza Məhəmməd Əli Damğani, Hacı Mirza Əbulqasim Rəbbani, Hacı Şeyx Mirza Əsədullah Höccət, Hacı Şeyx Əli Ənsari, Hacı Şeyx Məhəmməd Hüseyn Bəhari, Hacı Şeyx Mustafa Haşimi və s. kimi böyük alimlərin hüzurunda sona çatdırdı və 1325-ci ildə təhsilini təkmilləşdirmək məqsədi ilə Müqəddəs Qum şəhərinə gəldi. Bu şəhərdə Hacı Seyyid Əhməd Xonsari, Hacı Seyyid Məhəmməd Mühəqqiq Damad, Hacı Seyyid Məhəmməd Höccət Kuhkəməri, Hacı Ağayi Sultani Burucerdi, “Əl-mizan” təfsirinin müəllifi Hacı Seyyid Məhəmməd Hüseyn Təbatəbai kimi böyük şəxsiyyətlərin dərslərindən faydalanmış və Ayətullah Burucerdi, İmam Xomeyni və Gülpayiqani kimi mərcəyi-təqlidlərin şərif hüzurlarından istifadə etmişdir. Bununla eyni zamanda, hövzənin təhsil sisteminə uyğun olaraq tərdislə də məşğul olmuşdur.
1343-cü ildə İstanbulda yaşayan iranlılardan bir qrupunun iranlı bir mübəlliğin oraya göndərilməsi barədəki istəklərinə əsasən, hörmətli müəllif Ayətullah Gülpayiqaninin tərəfindən Türkiyəyə göndərildi və İstanbulun şiə məscidlərində cümə və camaat namazlarına imamət etməyə başladı, sair şəhərlərdə məscid tikintisinə, təbliğə, tə`lifə və müxtəlif iclaslar təşkil etməkdə şiələrə lazımi köməkliklər etməyə başladı.
1351-ci ildə İran dövlətinin mübəlliğlərin şiə məscidlərində təbliğat işi aparmaqla müxalifəti nəticəsində Türkiyədə səkkiz il məşğul olduqdan sonra İrana qayıtdı və 1357-ci ilə qədər bir neçə dəfə Ayətullah Gülpayiqaninin tərəfindən dini elmiyyə hövzələrinə nəzarət etmək və din alimləri ilə görüşmək üçün Hindistana və Suriyaya səfər etmişdir.
1357-ci ildə o böyük mərcəyi-təqlidin tərəfindən Londonda “Məcməi-cahaniye-islam” təşkilatına nəzarət etdiyi vaxtlar İmam Xomeyninin Fransaya gəlişi zamanına təsadüf edirdi. İmam Xomeyni ilə Türkiyədə sürgündə olarkən məktub vasitəsi ilə əlaqə saxlayırdı. Bu zaman Ayətullah Gülpaqyiqaninin göstərişi ilə Parisə getdi və İmam Xomeyninin Fransanın Nofel Loşatoya gəldiyi ilk günlərdə onunla görüşüb təmas tutdu, Ayətullah Gülpayiqaninin salamını ona çatdırmaqla yanaşı, İmam Xomeyninin də sağlamlıq xəbərini Ayətullah Gülpayiqaniyə çatdırdı və yenidən Londona qayıtdı. İngiltərəyə qayıdandan sonra Londonda yaşayan müsəlmanlar tərəfindən İmam Xomeyniyə lazımi ehtiram göstərmək barəsində Fransanın prezidentinə teleqraf göndərdi və bir müddətdən sonra İrana qayıtdı.
1358-ci ildə Avstraliyaya səfər etdi və Sidneyin böyük universitetində çıxış edərək İmam Xomeyninin əndişələrini, ideallarını və inqilabın məramını bəyan etdi. Qayıdarkən Çində, Yaponiyada qısa müddətdə olmuş və orada müsəlmanların vəziyyəti ilə tanış olduqdan sonra İrana qayıtdı və hövzədəki fəaliyyətlərini davam etdirməyə başladı.
1362-ci ildə ikinci dəfə olaraq Türkiyəyə getdi. Onun bu ölkədəki ikinci iqaməti altı il çəkdi. O, bu dəfə camaat və cümə namazlarına imamət edərkən sünnü, şiə, türk və fas dilli xalqların onun məclislərində iştirak edirdi. 1368-ci ildə bir cümə namazında 16 nəfər küveytli müsəlmanın Ərəbistanda e`dam edilməsini qeyd edərək Səudiyyə cəlladlarının cinayətlərini ifşa etdiyi üçün, habelə Osmanlı türklərinin mübarizələrini bəyan etdiyi üçün Ərəbistan məqamlarının dəxaləti və Türkiyə polisinin tərəfindən tutuldu və ölkədən çıxarıldı və sərhəddin bu tərəfində Azərbaycan alimləri tərəfindən qarşılandı.
Ayətullah Həmədani İrana qayıtdıqdan bir müddət sonra Avropa müsəlmanları ilə görüş keçirmək üçün İnqilab rəhbərinin tərəfindən Almaniya, İspaniya, İtaliya, Belçika, Hollandiyaya səfər etdi və bir il sonra Həmədan əhalisi tərəfindən Xübrəqan məclisinə üzv seçildi. İki il öncəyə qədər İnqilabın Rəhbərinin Azərbaycan Respublikasında nümayəndəsi olmuşdur.
Bu fəzilətli alimin yazdığı əsərlər aşağıdakılardan ibarətdir:
1-”Əl-hidayətu ila mən ləhul-vilayə” (Mərhum Ayətullah Gülpayiqaninin dərslərinin təqriri);
2-”Nüxbətul-işarat fi əhkamil-xiyarat” (Mərhum Ayətullah Gülpayiqaninin dərslərinin təqriri, ərəbcə);
3-”Kitabül-həcc“ (Mərhum Ayətullah Gülpayiqaninin dərslərinin təqriri, ərəbcə); iki cildi çapdan çıxmışdır.
4-”Əttəriqul-məsluk fi hökmi libasil-məşkuk” (Mərhum Ayətullah Burucerdinin dərslərinin təqriri, ərəbcə);
5-”Kitabus-salat” və “Risalətun fil-məfahim” (Mərhum Ayətullah Burucerdinin dərslərinin təqriri, ərəbcə);
6-”Qaidətu la zərər” (Mərhum Seyyid Mühəqqiq Damadın dərslərinin təqriri, ərəbcə);
7-”Risalətun fil fərqi bəynəl-hökmi vəl-həqqi” (İnqilabın dahi rəhbəri İmam Xomeyninin dərslərinin təqriri);
8-”Əl-Məhdi, əla lisanil-Hüseyn” (ərəbcə);
9-”Ədəbül-Hüseyn” (ərəbcə və dəfələrlə çap olunmuşdur);
10-”Nəsayihül-abai lil-əbna” (ərəbcə);
11-”Əs-səb`inə fi fəzaili Əmiril-mö`minin” əsərinin farscaya tərcüməsi; (Bu kitab Azərbaycan dilində kilil əlifbası ilə də çap olunmuşdur);
12-”Tubal-əxbar” (ərəbcə);
13-”Əz Feyziyyə, ta Feyziyyə”;
14-”Sazəndegihayi-İmam Hüseyn (əleyhissalam) (Bu əlinizdəki kitabdır);
15-”Müdərris Mazandarani və bir sıra alimlərin həyatı”;
16-”İslamda Cə`fəri məzhəbi və İmam Sadiq (əleyhissalam)-ın buyurduqları” (Bu, Azərbaycan dilində də tərcümə və nəşr edilmişdir);
17-”Mühəmməd və rəhbərlər”;
18-”İslamda rəhbər və rəhbərlik”;
19-”Bilal Həbəşinin həyatı”;
20-”Müsnədül-imam Əmirul-mu`minin fima yəntəhi iləl-imam (əleyhissalam);
21-İslamda İmam Sadiq (əleyhissalamın) şəxsiyyəti”;
22-”İslamda Əhli-beyt yolu” (Bu kitab da Azərbaycan dilinə tərcümə edilmişdir);
23-”Qazi Əbdülcəbbar Əsədəbadi Həmədaninin həyatı”;
24-”Şəhidlər günü” (Azərbaycanda çap olunmuşdur);
25-”Həmədanın müfəssəl tarixi”, iki cilddə.

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM. İnsanın öz pak niyyətlərinə çatmasına kömək edən Ulu Tanrı nəhayətsiz minnətdarlıqlara layiqdir ki, ona həyatın enişli-yoxuşlu yollarında doğru-düzgün bilik öyrədən qayğıkeş yolgöstərənlər müəyyən etmişdir. Onun elçisinə hər sözdən və bəyandan üstün olan çoxlu salamlar olsun ki, öz vücudunun şamını insanların tə`lim-tərbiyəsi yolunda əritmiş, onların solğun və ölgün ürəklərini hikmət dolu sözləri ilə əzizləyib oxşamış, yaradılışın ən yüksək məqsədini bütün əsrlərdə, bütün təbəqələrdən olan insanlara aydınlaşdırmışdır.
Cəmiyyətin parlaq çıraqları, uzaqgörən maarifçiləri, dərin bilikli, dünyagörüşlü və azad fikirli, pak və çirkaba bulaşmamış bir qrup rəhbərlərindən ibarət olan Həzrət Mühəmmədin pak ocağı və xanədanı, əgər onun vəfatından sonra çirkli əllər və şeytani sistemlər onların rəhbərliyinə, insani rəftarına mane olmasaydılar, bu gün bəşəriyyətin həyatı başqa şəkildə, insanların tə`lim-tərbiyəsinin səviyyəsi isə daha üstün olardı.
O qrup adamlara nifrətlər olsun ki, öz alçaq dünyəvi arzularına çatmaq, rəyasət və hökmranlıq taxtına, qüdrət və sərvət sarayına sahib olmaq üçün bu nurlu çıraqları söndürmüş, cəmiyyətin rəhbərliyini buna heç bir ləyaqəti olmayan savadsızların və ağılsızların əllərinə tapşırmışlar. Ən heyrət doğuran cəhət budur ki, xalqın bir hissəsi də, həmin əlləri öpmüş, onları hərarətlə sıxmışdır. Halbuki, onlar özlərinin bütün qüvvəsini o əlləri kəsmək və yox etmək üçün səfərbər etməli idilər.
Bəli, İslam Peyğəmbərinin yadigarı, inqilabın ən böyük şəxsiyyəti, azadlıqsevənlərin sərvəri Hüseyn ibni Əlin (əleyhissalam)-ın pak və qüdrətli əli idi ki, o əlləri lərzəyə sala, sitəm sarayını viran edə bildi, fədakarlığın dəyərli nişanını və hər nişandan daha üstün olan şəhidlik nişanını “İnqilab Məktəbi” adı ilə əbədi olaraq öz əlində saxlaya bildi. Buna görə hər ilin müəyyən günlərində o qəhrəmanlığı və fədakarlığı yad etmək üçün düşüncələrdə bir oyanış yaranır və azadlıq sevənlərin fəryadı və naləsi eşidilir.
Lakin unutmaq olmaz ki, dünyanın azad insanlarının rəhbəri Hüseyn ibni Əli (əleyhissalam)-ın yalnız zülmkarların və işğalçıların zülm sarayını uçurmaq üçün qüdrətli əli və mükəmməl proqramı var idi. Onun eyni zamanda insanların tə`lim-tərbiyəsi, əhrimənin, şər qüvvələrin həva-həvəs çəngəlindən asimani mələyin və insanın pak ruhunun azad edilməsi, həyat hadisələrinə diqqət göstərmək, Allahın bəndələrindən olan kasıblara kömək etmək barədə də yaxşı söhbətləri, dəyərli sözləri və ürəyəyatan hərəkətləri vardır ki, onları bilmək və onlardan faydalanmaq, onun mərdanəliyi və azadlıqsevərliyi qaydalarının ardıcılı olmaq kimi, insana xoşbəxtlik, şadlıq və uğurlar bəxş edir, əzginliyi və pərişanlığı aradan qaldırır, xalqın başıucalığını və qürurunu artırır. Məhz bu səbəbə görə idi ki, Mustafa və Murtəzanın (onların hər ikisinin pak ruhlarına çoxlu salamlar olsun) yadigarı Fatimeyi-Zəhranın möhtərəm övladı, cəsurların sərkərdəsi, fədakarların rəhbəri Həzrət İmam Hüseyn (əleyhissalam)-ın buyurduqlarını, keçmiş müəlliflərin yazdıqlarından, imkan daxilində toplamağa həvəs göstərdim, o Həzrətin sözlərini toplamaq əsnasında o kitabın rəvayətlərindən əxlaqi və insani tə`lim baxımından maraqlı olanların bir qismini bu kiçik məcmuədə cəm edərək ərəb dilindən fars dilinə çevirdim ki, o Həzrətin bütün ardıcılları cəsurların rəhbərinin- İmam Hüseyn (əleyhissalam)-ın psixoloji və əxlaqi tə`limlərindən bəhrələnsinlər, özlərini yenidən qursunlar, söz-söhbət məclislərində də, o böyük şəxsiyyətin digər atəşin sözləri ilə olduğu kimi, xalqı bu cür bilməli şeylərlə də aşina etsinlər.

MÜQƏDDİMƏ. Şəhidlərin seyyidi İmam Hüseyn (əleyhissalam)-ın dərin mə`nalı sözlərinin tərtibinə və tənziminə başlamazdan əvvəl, o Həzrətin ibrətamiz rəftarı və əməllərindən bə`zi nümunələri oxucuların nəzərinə çatdırıram ki, şəhidlər sərvərinin əxlaq, yoxsullara əl tutmaq, onlara mehribanlıq göstərmək sahələrində, qiyam, zülm və zülmkarlığa qarşı mübarizə, şəhidliyi, fədakarlığı, daha böyük rəhbər kimi digər insani keyfiyyətləri ilə də tanıyaq.
İmamın qanlı döyüşü və qırmızı qiyamı elə parlaq və gözqamaşdırıcı oldu ki, onun digər misilsiz fəzilətlərini və ləyaqətlərini kölgədə qoydu.
Ancaq bu o demək deyildir ki, şəhidlərin seyyidi digər əxlaqi və mə`nəvi kamilliklərində və fəzilətlərində, qəhrəmanlığı və fədakarlığı kimi, üstün deyildi. Əksinə, Əliyyibni Əbi Talib (əleyhissalam)-ın böyük övladının qanlı şəhadətinin tə`siri, fədakarlığın ölçüsü o qədər qüvvətli və vüs`ətli idi ki, misilsiz şəxsiyyətinin geniş asimanında onun işıqlı insani kamilliklərinin, başqa sahələrə nisbətən, parlaqlığını azaltdı və bə`zən isə gözəgörünməz etdi. Ancaq bir qədər diqqətlə nəzər saldıqda onlarda elə gözəlliklərə rast gəlirik ki, hər biri bir dünya söz və bəyan günəşidir.
Əgər ixtisar yolu ilə getmək məcburiyyəti olmasaydı, biz adi insanların nəzərindən çox uzaq olan o parlaq nöqtələrin çoxunu burada oxuculara təqdim edərdik.

BİRİNCİ HİSSƏ: ALLAH VƏ HÜSEYN (əleyhissalam) EŞQİ. Eşq elə bir atəşdir ki, ürəyə düşən kimi, sevdiyindən başqa hər şeyi yandırar; aşiq eşqin səsindən özgə bir səs eşitməz, sevgilisindən başqa birisini görməz.
Eşq pərdə arxasında saz çalar,
Hanı elə bir aşiq ki, o səsi eşitsin?
Bütün dünya onun nəğməsinin sədasıdır,
Kim belə uzun bir səda (nəğmə) eşitmişdir?
Hər zərrənin dilindən onun sirrini
Sən özün eşit ki, mən sözgəzdirən deyiləm.
Əgər kimsə azadlıqsevənlərin sərvəri Hüseyn ibni Əli (əleyhissalam)-ı döyüş meydanında görsəydi, onun iti qılıncına biçib kəsəndə tamaşa etsəydi... Aşura günü hər neçə dəqiqədən bir, öldürülmüş bir adamın yanında durmasına və şəhidin qana bulanmış bədənini seyr etməsinə baxmayaraq, elə o vəziyyətdə bütün gücü və qüdrəti ilə, düşmənə həmlə edər və onun sədlərini yarıb dağıdardı. Əgər bir kəs belə bir səhnəni görsəydi, Hüseyni yalnız mübariz və döyüşkən bir insan kimi tanıyardı; bəlkə inanmazdı ki, bu polad əsəblər və dəmir iradə eşq və irfan məktəbində həqiqətin qüdrətinə, onun nəhayətsiz, məkansız və zamansız cəmalına və cəlalına elə vurulmuşdur ki, eşqin nurundan başqa və mə`şuqun simasından özgə heç nə görmür. Amma əslində məsələ başqa cürdür. Şəhid Hüseyn (əleyhissalam) bir gün “Ərəfat” vadisində, dağın ətəyində əzəmətlə dayandı, gözünü mə`şuqu Kə`bəyə tərəf açdı. Lakin ona başqa bir gözlə baxdı, elə gözlə ki, ondan sənin və mənim xəbərim yoxdur. Eşqlə dolu bir ürəklə öz mə`şuqunun çöhrəsinə-Mütləq Həqiqətə tamaşa etməyə başladı ki, başqalarının o ürəkdən bir bəhrəsi yoxdur; o, pak və təmiz ruhunun maddi dünya ilə əlaqəsini kəsdi, “Ərəfat” vadisindən mə`nən pərvaz etdi, yüksəklərə qalxdı, ondan da ucalara uçdu, nəhayət, bütün varlığı, bütün sirləri və səmavi səltənəti, Mütləq Camalın işıltısından gördü və ixtiyarsız olaraq fəryad çəkdi:
“İlahi, yaradılışın müxtəlif nişanələrindən, hadisələrin və olayların dəyişkənliyindən bildim ki, məni yaratmaqda məqsədin və istəyin bu olmuş: Öz əzəmətini, böyüklüyünü və qüdrətini hər şeydə mənə göstərəsən ki, Sənin hər yaratdığını görüm, Səni tanıyım və Səndən başqa heç nəyin tə`siri altına düşməyim.”
Başqa bir bəyanında bu mərtəbədən də yüksəyə qalxmış və bütün varlığı Haqqın Zatının intəhasız camal və cəlalının zühuru bilib belə demişdi:
“Ey İlahi, təfəkkür və məşğuliyyət Sənin əsərlərinin (yaratdıqlarının) əzəmətinə doğru gedən yolu və müşahidələrimi məndən uzaqlaşdırır. Ona görə mənə elə bir xidmət mərhəmət et ki, məni Sənin cəmalını görməyə çatdırsın. Sənin Mütləq Zatına möhtac olan və özü Sənin varlığının kölgəsi olan əsərlər (yaradılmışlar) mənim üçün necə dəlil ola bilər? Məgər Səndən başqa Sənə mütləq möhtac olanların simasının şahidi və zühuru olurmu ki, o Sənin zühur və şühudun olsun? Sən nə zaman Öz bəndələrindən uzaq olmusan ki, Sənə bir dəlil axtaraq? O göz kor olsun ki, Səni özünün mühafizi kimi görmür və o bəndə ziyankardır ki, Sənin məhəbbət və eşqini almasın və camalının aşiqləri zümrəsində qərar tutmasın!”
Bir gecə Hüseyn ibni Əli (əleyhissalam) atasının dostlarından biri ilə Məkkeyi-Müəzzəmədə nənəsi Xədiceyi-Kübranın qəbrinin yanına gəldi, göz yaşı axıtdı, sonra yanında olan Ənəsə belə söylədi:
“Məndən və bu məkandan bir qədər aralan və məni tək burax.” Ənəs deyir: Mən bir kənara çəkilib gizləndim, Hüseyn namaza durdu, münacatı və namazı uzun çəkdi. Eşitdim ki, deyir:
“Ey Pərvərdigar, Sən mənim–Öz bəndənin mövlasısan, Öz kiçik quluna rəhm elə ki, onun pənahgahı Sənsən.”
“Ey böyük sahib, Sənin üstünlüklərin mənim arxamdır. Xoş o adamın halına ki, Sən onun mövlasısan!”
“Xoş o adamın halına ki, Səndən qorxur, gecələr oyaqdır və öz çətinliklərini Sənin dərgahına söyləyir.”
“Və heç bir dərd və xəstəlik onun öz mövlasına olan eşqindən artıq deyildir.”
“Kim hər zaman öz qəm-qüssəsini bəyan etsə, Allahı onun cavabını verər və “ləbbeyk” deyər.”
“Kim ki, gecənin qaranlığında dua etməyə və ağlamağa başlayarsa, Allah onu əziz sayar və Öz yaxınına buraxar.”
Bu şərəfli münacatın davamı vardır, oxumaq istəyənlər İbni Şəhraşubun “Mənaqib” kitabına müraciət edə bilərlər.
QƏHRƏMANLIQ VƏ TƏVAZÖKARLIQ. Dəmir iradə, polad əsəblər sahibi olan adamlara ən böyük hadisələr ən kiçik tə`sir belə göstərmir, həmişə hadisələr qarşısında dağ kimi möhkəmdirlər. Onlardan yumşaqlıq, mülayimlik və çox təvazökarlıq gözləmək olmaz.
Ancaq çox az insanlar vardır ki, bu iki şeyə–qəhrəmanlığa və təvazökarlığa birgə malik olsunlar. Adi və sadə adamlar bu səhnənin qəhrəmanı deyildirlər ki, hər iki meydanda qələbə qazansınlar, xüsusən qüdrət və qüvvət onların ictimai məqamları ilə birləşdikdə.
Amma şəhidlərin sərvəri Hüseyn (əleyhissalam) özünün bütün böyüklüyü, əzəməti və qüdrəti ilə bə`zən təvazökarlıqda, yoxsullarla, çarəsizlərlə mehribanlıqda o yerə çatdı ki, peyğəmbərlər zümrəsində və əxlaq mürəbbiləri arasında ona bənzərini az tapmaq olar.
Hüseyn ibni Əli (əleyhissalam) bir gün yoxsulların bir dəstəsinin yanından keçirdi. Süfrənin qırağında bir neçə dərviş oturmuşdu, tapdıqları çörək qırıntılarını yeyirdilər.
Hüseyn (əleyhissalam) onlara salam verdi; onlar da cavab verdilər. O Həzrəti öz süfrələrinə, çörək yeməyə də`vət etdilər. Əziz Hüseyn (əleyhissalam) dərvişlərin süfrəsi qırağında oturdu. Onların yeməyindən bir loğma götürüb, yedi, bu kəramətli ayəni təlavət edərək təkəbbürlülərin burnunu torpağa sürtdü:
“Allah təkbbürlüləri sevməz.”
Sonra onların hamısını öz evinə də`vət etdi, onlara ləzzətli yeməklər yedirtdi, hər birinə təzə libas bağışladı və getmələrinə icazə verdi.
Bu təvazökarlıq, kasıbları sevmək, zəiflərə nəvaziş, səmimiyyət və insansevərlik heç də əvvəlcədən hazırlanmış bir plan deyildi, yalnız məhrum bir təbəqəyə sevinc bəxş etmək məqsədi daşıyırdı. O, istəmirdi ki, adamlar onun təvazökarlığından danışsınlar və bunu günün mühüm xəbərləri sırasına çıxarsınlar. Fatimeyi-Zəhra (əleyha salam)-ın oğlu bu cür rəftarı və insansevərliyi böyük saymaqdan daha böyük idi, əyri-əskiyi də yox idi ki, bu yolla onu aradan qaldırsın. Riyakarlıq da onun müqəddəs təbiətində yox idi. Bu, bəlkə də əxlaq dərsi idi ki, cahan rəhbərlərinə öyrətdi, tə`lim idi ki, öz dostlarına və davamçılarına verdi və bununla da xudpəsəndlərin başına, sinfi zülmkarların və qəsdçilərin nizamına bir zərbə vurdu. “Mənaqib” kitabının müəllifi bu əhvalatı kiçik bir fərqlə nəql etmişdir, amma əsl mətləb bu bəyan olunan şəkildədir.
NƏ QƏDƏR ÇOX OLSA DA, YENƏ AZDIR. Ehtiyac içində olan bir nəfəri həyat, enişli-yoxuşlu izzət zirvəsindən endirib zillət içinə atmışdı; abrından başqa bir matahı yox idi və başqa yol da bilmirdi. Lakin bunu bilirdi ki, öz mənfəətini güdən, xudpərəst və vəzifə-məqam həvəsi ilə yaşayan bir cəmiyyətdə çox az adamlar var ki, imkan daxilində başqalarının abrının hifz olunması yolunda çalışsınlar, onlara nicat vermək yolunda çırpınsınlar, özləri əziyyət çəkib dostlarının rahatlığını istəsinlər; belə adamların başında böyük İslam Peyğəmbərinin xanədanı və onun əzəmətli şəxsiyyəti Hüseyn ibni Əli (əleyhissalam) dayanır; çarəsiz qalıb onun yanına gəldi və dərdini söylədi.
İmam Hüseyn (əleyhissalam) dedi: “Qardaş, sənin xahişin və sualın mənə böyük göründü. Bilirəm, sənin mənim boynuma düşən qardaşlıq hüququn daha böyükdür, mənim qüdrət və sərvət əlim sənin məqam və böyüklük əlindən tutmaqda acizdir; və mənim bütün sərvətim sənin minnətdarlığını ödəyə bilməyəcəkdir.
Sonra buyurdu: “Ey kişi, əgər indi hazır olan şeyləri məndən qəbul etmiş olsan, sənin bütün xahiş və istəklərini yerinə yetirmək üçün lazım olan səy`lərdən və zəhmətlərdən məni azad etmiş olarsan.”
Kişi dedi: “Ey Peyğəmbərin oğlu, mümkün olan şeyləri səndən qəbul edirəm, bəxşişin və əta etdiyin şeylər üçün sənə minnətdarlığımı bildirirəm, əgər bunlardan məni məhrum etsən də, səni üzrlü sayaram.”
İmam Hüseyn (əleyhissalam) göstəriş verdi ki, ehtiyacı olan şeyləri diqqətlə öyrənsinlər, mümkün qədər çox şey hazırlasınlar. Hesabdar əlli min dirəhəm hazırladı. Həzrət İmam Hüseyn (əleyhissalam) daha artıq diqqətli oldu. Buyurdu: “Dinarları dirhəmlərlə birlikdə bu kişiyə ver.”
O da Həzrətin göstərişinə əməl etdi.
Şəhidlərin Seyyidi bu kişi haqqında alicənablığını və böyüklüyünü o qədər yüksəltdi ki, hətta o kişinin o qədər dirhəmi və dinarı özünün aparmasına razı olmadı, nökərlərdən birinə bir əba bağışladı ki, onları götürsün və kişi ilə birgə onun mənzilinə çatdırsın.
Həzrətin qulamlarından biri ərz etdi: “Yəbnə Rəsulillah, and olsun Allaha, bizim özümüz üçün bir dirhəm də pul qalmadı.”
Həzrət buyurdu: “Ümid edirəm ki, bu işlə böyük bir əcr mənim nəsibim olacaqdır.
Əziz oxucu, bu da İmamın qurucu məktəbindən bir proqram, öz böyüklüyündən bir dərs və Həzrətin üstünlüklərindən bir fəsildir ki, azadlıqsevənlər, xeyirxahlar gərək ondan ibrət götürsünlər. Bu qədər maddi yardım etmək eyni zamanda diqqəti cəlb etsə də hər şeydən mühümü azadələrin sərvərinin söhbət və rəftar tərzidir ki, öz müsəlman qardaşının abrını qoruyub saxlamaqda nümayiş etdirirdi, onun şəxsiyyətini və məqamını o qədər ucaltdı ki, sanki borclu idi.
AYIQ ÜRƏKLƏR. Günlər, həftələr, aylar, illər sür`ətlə ötüb keçir; bir dəstə adam həyatın naz-ne`məti və rifahı içində üzür. Amma binəvaların, səfillərin ürək parçalayan fəryadı asimanın geniş fəzasında ucalır və dalğalanır. Amma nə dalğa, nə hərəkət! Elə bir dalğa ki, minlərlə ah-nalə, əzab və dərdi özü ilə bu tərəfdən o tərəfə aparır ki, bəlkə onun üçün bir dərman axtarsın və ya bir ayıq adam tapsın, ona öz ürəyinin dərdini desin.
Amma əfsus, bir ayıq ürək yoxdur ki, biçarələri xatırlayaraq döyünsün, onların halına yansın: yalnız cəmiyyətlə və adi insanlarla öz insani və imani əlaqələrini kəsməyən pak ürəklər hər yerdə və hər halda zəiflərin və binəvaların naləsini eşidirlər və onların köməyinə çatmağa tələsirlər.
Bu ürəklərin kamil nümunəsi bir qəlb idi ki, özündə bütöv bir cahanı yerləşdirdi, aləmi öz sevdasının dalınca çəkib apardı və o, bir mərdin pak sinəsində döyünürdü ki, adı Hüseyn idi, Mühəmməd kimi düşünür, Əli kimi yaşayırdı.
Hüseyn yalnız azadlıq və şücaət nümayişi, inqilab və ədalət rəhbəri deyildi; o eyni zamanda mehribanlığın, şəfqətin və qayğıkeşliyin isti ocağı hesab olunurdu ki, gecələr binəvalar üçün yemək-içmək aparırdı, onların yaralı ürəklərinə məlhəm qoyurdu və beləliklə, özünün inqilab məktəbinin tərəfdarlarına insanpərvərlik, mehribanlıq, qayğıkeşlik, ictimaiyyətçilik dərsi verirdi ki, insanlıq kəramətlərinin bütün sahələrində o Həzrəti İmam bilsinlər və özlərinin böyük rəhbəri kimi tanısınlar.
Bu hərəkət, rəftar və əməllər bir dəfə, iki dəfə baş vermirdi, əksinə, o qədər təkrar olunurdu ki, mübarək çiyinlərində heybələrin izi görünürdü.
Şüeyb Xüzai adlı biri dedi:
İmam Hüseyn (əleyhissalam)-ın şəhadətə yetişməsindən sonra, dəfn zamanı mübarək çiyinlərində iz göründü, oğlu Əliyyibnil-Hüseyndən bunun səbəbini soruşdular, cavabında belə dedi:
“Bu ona görədir ki, o (atam) həmişə öz çiyinlərində yemək dolu heybələri binəvaların, yetimlərin və kasıbların evlərinə daşıyırdı.”
Ayıq oxucu! Bu iş nə qədər təkrar olunmalı və nə qədər ağır olmalıdır ki, onun tə`siri (izi) ömrünün axırına qədər qalsın!
İlahi, bizə o ləyaqəti və imkanları nəsib et ki, binəvaların qəlbinin dadına çataq, özümüzün bütün fikir, qüdrət, rəyasət və sərvətimizi yalnız özümüzün istəklərimizi və ehtiyaclarımızı tə`min etmək üçün sərf etməyək, dünyanı özümüzün hesab etməyək.
Və əgər bu ləyaqətimiz yoxdursa, eyblərimizi bizə anlat ki, öz nöqsanlarımıza diqqət yetirək; əgər bir kəsin əlindən tutmuruqsa, kimsənin ayağını sındırmayaq, bir xeyirə çatmırıqsa, zərər də vurmayaq.
Yaxşı olardı ki, bu cəhəti də Hüseyn (əleyhissalam)-dan öyrənək ki, o da aləmlərə rəhmət kimi göndərilən öz böyük babasından öyrənmiş və rəvayət etmişdir:
“İnsanlar Allahın ruzi yeyənləridir. Allahın yanında ən sevimli bəndələr o bəndələrdir ki, Onun ruzi yeyənlərinə xeyir verir və ailəni şad-xürrəm edirlər”.
İSLAHIN İKİ AMİLİ. Yaxşılığı və yaxşı insanları təşviq, pisliyi və pisləri tənqid etmək, əgər yerindədirsə və şəxsi qərəzdən uzaq baş verirsə, cəmiyyətin islah olunmasında və təkmilləşməsində iki güclü və tə`sirli amildir. Böyük şəxsiyyətlər, pislikdən və pis şəxslərdən qaçdıqları ilə yanaşı, hər yaxşını və yaxşılıqları təşviq etməkdə sə`y göstərirlər.
Fərdlərə və əşyalara e`tinasız yanaşamaq, lazım olan yerdə tə`rif və tənqid dilindən məhrum olmaq, ya mə`rifətsizlik, ya bədniyyətlilik və ya qərəzçilik və fəziləti gizləmək nişanəsidir.
Əbdürrəhman Sami adlı bir müəllim şəhidlərin sərvərinin övladlarından birinə “Fatihə” surəsini öyrədirdi. Uşaq İmamın hüzurunda surəni çox kamil şəkildə qiraət etdiyi zaman İmam Hüseyn (əleyhissalam)-ın çox xoşu gəldi. Müəllimi təşviq və Qur`anı öyrətmək məqamını təqdir etmək üçün göstəriş verdi ki, o Qur`an müəlliminə mükafat və böyük xələt versinlər, özü isə ona faxir və qiymətli libaslar bağışladı və bahalı dürr əta etdi.
Dardüşüncəli şəxslərdən biri buna e`tiraz etdi və Qur`anın bir surəsi müqabilində bu bəxşişi və mükafatı böyük və həddindən çox saydı. Deyəsən e`tiraz edən şəxs bu məsələni bazar, al-ver qiyməti ilə müqayisə etdi. Ancaq elm və Qur`an evində böyümüş şəhidlərin sərvəri elmin, mə`rifətin və Qur`anın əzəmətini nəzərə aldı və belə buyurdu: “Axı bu miqdarda hədiyyə hardan onun tə`lim haqqını ödəyə bilər?” Sonra o, səxavəti, bəxşişi tə`rif və xəsisliyi məzəmmət edən bu şe`rləri oxudu:
“Dünya öz səxavət əlini sənə uzadanda, sən də dünyada səxavətli ol;
Sərvət əlindən çıxmamış sən də bütün insanlara qarşı həssas ol.
Bil ki, dünya sənə xoş üz göstərəndə, səxavət sərvəti məhv etmir.
Əgər dünya sənə arxa çevirsə, xəsislik sərvəti saxlaya bliməz”.
ALLAH ƏDƏBİ. İlahi ədəblə tərbiyə olunmuş böyük və görkəmli şəxsiyyətlər böyük və ya kiçik olan hər bir işdə Allah kimi hərəkət edirlər; heç vaxt yaxşılıqları-nə qədər kiçik olsalar da belə-unutmurlar, pislikdən və cinayətkarlardan intiqam almaqda və onlarla mübarizədə də tələsmirlər, əksinə, ən kiçik bir üzrlə və xahişlə böyük xətaları bağışlayırlar, ən kiçik bir yaxşılığa, mehrə və ədəbə böyük hədiyyələr verir, bə`zən bir dağı bir saman çöpünə bağışlayırlar. Onlar əfv etməkdə elə bir ləzzət tapırlar ki, bu, intiqamda əsla mümkün deyildir. Hədiyyədə də heç vaxt əməlin kiçikliyinə və tərəfi-müqabilin əhəmiyyətsizliyinə diqqət yetirmirlər. Onlar həmişə Pərvərdigarın razılığını, əzəmətini, böyüklüyünü və öz uca şəxsiyyətini, uzaqgörməyənlərin xoşuna gəlməsə də, əməlin ölçüsü hesab edirlər.
Bu məsələdə yenə də Şəhidlər sərvəri Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in və Əli (əleyhissalam)-ın evinə və ocağına baş vuraq, şəhidlərin sərvəri əziz Hüseyn (əleyhissalam)-ın məktəbindən bir nümunə nəql edək. Şəhidlərin seyyidinin qulamlarından biri bir cinayət törətmişdi ki, işgəncəyə və cəzaya layiq idi. İmam Hüseyn (əleyhissalam) əmr verdi ki, ona cəzalandırsınlar. Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) xanədanının əhval-ruhiyyəsindən və böyüklüyündən xəbərdar olan qulam dərhal bu ayəni oxudu: “Öz qəzəbini udan bəndələr...”
Hüseyn (əleyhissalam) buyurdu: “Onu azad edin!”
Qulam bu ayəni oxudu: “Onlar ki, insanları əfv edirlər...”
Hüseyn (əleyhissalam) buyurdu: “Səni bağışladım.”
Qulam bu ayəni oxudu: “Allah yaxşı əməl sahiblərini sevir.”
Hüseyn (əleyhissalam) dedi: “Sən Allah xatirinə azadsan və sənə indiyə qədər verdiyimdən iki dəfə çox haqq verməyi qərara aldım.”
BİR ÜRƏYİ BİR DƏSTƏ GÜLƏ BAĞIŞLADI. Ənəs deyir: Hüseyn ibni Əli (əleyhissalam) ilə oturmuşdum. İmamın kənizlərindən biri otağa daxil oldu və bir dəstə gülü İmama təqdim etdi. İmam o kənizə buyurdu:
“İndi sən Allah xatirinə azadsan”.
Ənəs irad tutdu və dedi: “O sənə bir dəstə gül təqdim edir, sən onu azad edirsən?” Deyəsən o, bu müamiləni bazar və ticarət hesabı ilə ölçdü: əxlaq məktəbindən, insanlıq kəramətindən, təb`in şərafətindən, ailə nəcabətindən qəflət etdi, e`tiraz elədi.
Hüseyn (əleyhissalam) buyurdu:
“Bu elə bir ədəbdir ki, Allah bizə (Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) xanədanına) öyrətmişdir və belə buyurmuşdur:
“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın.”
Gül hədiyyəsindən daha yaxşı hədiyyə onu azad etmək idi.
SƏRVƏT VƏ ONDAN SUİ-İSTİFADƏ. Ümumiyyətlə insanlar-qadın, kişi, böyük, kiçik, şəhərli, kəndli, alim və cahil hamısı təbiətən malı, sərvəti, pulu və vəzifəni sevirlər. Az adam tapılar ki, bu ilahi qanundan istisna olsun. Cahan malsız, sərvətsiz, qadınsız və övladsız közəl simaya malik olmaz.
Qur`ani-Kərim “Kəhf” surəsində buyurmuşdur:
“Mal-dövlət və övladlar bu dünyanın zinətidir.”
“Qadınlar, uşaqlar, qızıl-gümüş xəzinələri, yaxşı cins atlar, mal-qara, əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür. Gözəl qayıdış yeri isə Allah yanındadır.”
“Ə`raf” surəsində belə buyurulmuşdur:
“Ya Peyğəmbər de ki: Allahın Öz bəndələri üçün yaratdığı zinəti və pak ruziləri kim haram etmişdir? De ki: bunlar dünyada iman gətirənlər üçündür. Qiyamət günündə isə xalis şəkildə ancaq mö`minlərə məxsusdur.”
Qur`ani Kərim bu ne`mətlərin və dünyəvi həyat vasitələrinin iman sahibi olan şəxslərə məxsus olduğunu aydın surətdə göstərmiş, bu ne`mətlərin ən xalisinin və ən təmizinin Qiyamət günü onların ixtiyarına qoyulacağını müjdə vermişdir.
Pəhrizkarların rəhbəri İmam Əliyyibni Əbi Talib (əleyhissalam) buyurmuşdur:
“Agah olun ki, sərvət, ne`mətlərdən biridir.”
Doqquzuncu İmam Həzrət Cavad (əleyhissalam) buyurmuşdur: “Dörd şey vardır ki, insana işdə və fəaliyyətində köməklik göstərir: sağlamlıq, ehtiyacsızlıq, bilik və ilahi tovfiq.”
Ancaq bu cəhəti nəzərə almaq lazımdır ki, dünyəvi sərvətin, malın və zinətin tə`rifi, öyülməsi və cəmiyyətin təkamülündə zəruri sayılması heç də onlardan sui-istifadə edilməsi mə`nasında deyildir: qürur və xudpəsəndlik doğuran, Allahı yad etməyi unutduran sərvət zahirən qəşəng və aldadıcı, batinən isə öldürücü olan ilan kimidir.
Ona görə də sərvətə, sərmayəyə qarşı mübarizə aparmaq üsulu islamın danılmaz qanununa ziddir; əksinə, başqa ne`mətlər kimi çox böyük ne`mət olan elmdən, qüdrətdən və sözün nüfuzundan sui-istifadə etməyə qarşı mübarizə aparmaq lazımdır.
Bilik və qüdrət kimi sərvət səfeh, yaramaz adamın əlinə düşsə, cəmiyyətdə elə bir tüğyan və itaətsizlik əmələ gətirər ki, o, Allahlıq iddiası edər və Fir`on kimi   “mən sizin ən uca Rəbbinizəm” deyib, dad çəkər, öz iqtisadi və maddi qüdrətinin bu iddianı etməyə ona icazə verdiyini sanar.
Qur`ani-Kərim Fir`onun dilindən hekayət etdiyi kimi:
“Məgər Misir səltənəti (saraylarının) altından axan bu nəhrlər mənim deyilmi? Məgər mənim qüdrətimi görmürsünüzmü?”
Qur`an sərvətpərəstlikləri nəticəsində Allahı unutmuş, Onun böyük ne`mətlərindən insanların xeyri və səadəti yolunda sərf etməyən adamlar haqqında belə buyurmuşdur:
“Qızıl və gümüş toplayan və onu Allah yolunda xərcləməyənləri dərdli bir əzabla müjdələ.”
“Vay olsun bütün məzəmmət edən və eyb axtaran adamların halına ki, var-dövlət toplayır və güman edirlər ki, sərvətləri və mal-mülkü onları ölümdən xilas edəcək, dünyada onları daimi yaşadacaqdır. Amma bu, belə deyildir. Əksinə, onlar cəhənnəm odu içinə atılacaqdır.”
Cəmiyyətlərin puçluğu və məhvi, məmləkətlərin viranəyə dönməsi o zaman başlayır ki, sərvətlilərin, rifah axtaranların və əyyaş adamların bir hissəsi Allah verən ne`mətdən və sərvətlərdən sui-istifadə edir, özləri üçün əyləncələr, gecə məclisləri düzəldir, xalqın işlərindən və cəmiyyətin rifahından xəbərsiz olur, təbəqələr arasında bir uçurum əmələ gətirir və beləliklə, öz millətlərinin məhvinə bais olurlar.
Xudavəndi-aləm bu qəbil adamlar haqqında belə buyurmuşdur:
“Əgər Biz bir məmləkəti (və ya şəhəri) məhv etmək istəyiriksə, onun naz-ne`mət içində yaşayan başçılarına verdiyimiz əmrlərdən sonra, yenə fisq və günah işlərə əl uzadarlarsa, o zaman onlar haqqındakı və`dəmiz və sözümüz sübut olar. Sonra onları məhv edərik.”
Gördüyünüz kimi, sərvət haqqındakı bütün məzəmmət və tənqid, ondan sui-istifadəyə, sərvətdən yanlış bəhrələnməyə aiddir, mal və sərvət sahibi olmağa yox! Nə olaydı ki, insanlar sərvət üzərinə cummaq və mal-dövləti məzəmmət etmək əvəzinə, mənfəət axtaranların, zəiflərin hüququna təcavüz edənlərin qarşısını almağa, onları İslamın ali tə`limləri yoluna və asimani cəzalara, Qur`an qanunlarından istifadə etməyə çalışaydılar, İslamın, müsəlmanların, qardaşların, qonşuların və yoxsulların qanuni hüquqlarını müdafiə edib və sərvətdən şə`ri üsulla istifadə edəydilər, sərvəti, malı və vəzifəni məqsəd yox, vasitə sanaydılar. Çünki, həqiqi ilahi rəhbərlər cəmiyyətin islah olunmasında, fəsadın və puçluğun qarşısının alınmasında bu üsuldan istifadə etmiş və müəyyən qədər də müvəffəqiyyət əldə etmişlər.
SƏRVƏT VƏ HƏYAT VASİTƏLƏRİ ALƏTDİR, MƏQSƏD DEYİLDİR. Biz hamımız həyatı sevirik, ləzzətləri, təbii gözəllikləri, öz istəklərimizi və mallarımızı qiymətləndiririk, həyatımızın müxtəlif tələblərinə onların vasitəsilə parlaqlıq, səfa bəxş edirik və bə`zən də onları əldə etmək üçün bir-birimizlə mübahisəyə qalxırıq.
Lakin az adam tapılar ki, həyatın əsas və həqiqi məqsədini bu hay-küydə və qovğalarda tapır və onu əldə etməyə tələsir.
Bə`ziləri belə hesab edirlər ki, əsl məqsəd yemək və zəngin cinsi ləzzət almaqdır. Kim ki, daha çox yeyir və şəhvətini daha yaxşı tə`min edir, öz insani məqsədini kamilləşdirir. Buna görə, bu qism adamların şəxsiyyət və insaniyyət məqamını müəyyən miqdar yemək şeyləri və ya mənzillərinin dərin quyularına dolan çirkab suyununun–ifrazatın qədəri, fasiləsiz işləyən mə`dələrinin gəlirini-çıxarını hesab eləməyi əsas faktor saymaq və onların şəxsiyyətini bunlarla qiymətləndirmək lazımdır. Böyüklərin kəlamlarında deyildiyi kimi, “yaşamaq yemək üçündür, yemək yaşamaq üçün deyil” -deyə düşünürlər.
Bir qism insanlar da qarışqa kimi, gecə-gündüz ora-bura qaçır, sərvəti sərvət üstünə yığır, var-dövlətinin sayını artırır, bə`zən öz ictimai şəxsiyyətlərini, cismani və ruhi rahatlıqlarını pul-mal yolunda əldən verirlər. Belə şəxs muzdsuz iş görən hambaldır, nə xain və nə də oğru olan fəhlədir. Çalışır ki, özündən sonra gələnləri üçün ləzzət və xoş güzəran yolunu daha hamar eləsin; O, varislərinin (məhdud çərçivədə) həyatını tə`min etmək üçün bilərəkdən və ya bilməyərəkdən öz əziyyətini və dostlarının rahatlığını daha üstün tutmuşdur.
Əgər bir gün özünün və ya başqalarınınlvə həmin xətərin aradan qaldırılması mal verməklə bağlı olsa o, canını verməyə hazırdır, bir loğma çörəyini yox! Çünki, dinar və dirhəm onun üçün, bəlkə də mə`buddur.
Məgər bu o demək deyildirmi ki, öz topladıqlarını bir gün gərək başqaları üçün qoyasan və gedəsən? Elə isə necə də gözəldir ki, heç olmasa öz abrını və dinini bu yolda satmayasan? Yoxsa gərək o qədər əlləşəsən, vuruşasan ki, nəhayət, bədəninin şirəsi, qəlbinin qanı qurtarsın, başqalarını çörəyə, özünü isə qəbiristanlığın bir guşəsinə mümkün qədər tez çatdırasan, məzarının üstünə böyük bir daş qoysunlar ki, bir daha sənin kimi bir ziyanverici Allahın bu pak torpağını tutub həyat vasitələrini əsil məqsədlə qarışdırıb səhv etməsin!
Bu məsələ ilə əlaqədar şəhidlərin sərvəri, azadlıqsevərlərin rəhbərinin dediklərinə və elədiklərinə bir nəzər salaq, özümüzü yenidən quraq, özümüzün və başqalarının abrını hifz etməkdə maldan və sərvətdən istifadə etmək ədəbini öyrənək.
Mərvan Həkəm Peyğəmbər xanədanına yaxın olan şair Fərəzdəqi Mədinədən çıxartdı. Məhrumiyyətlərə düçar olan Fərəzdəq şəhidlərin seyyidinin hüzuruna gəldi. Həzrət Hüseyn (əleyhissalam) ona dörd yüz dinar bağışladı. Əxlaqi cəhətdən Fərəzdəqin çox da xoşagəlməz şair olduğunu İmam Hüseynə dedilər, amma Şəhidlərin sərvəri buyurdu: “Sənin ən yaxşı malın odur ki, onunla öz abrını qoruyursan.”
Üsamət ibni Zeyd Peyğəmbərin zamanında İslam qoşunlarının axırıncı sərkərdəsidir. O, hicrətin 58-ci ilinə qədər sağ idi.
Üsamət ömrünün axırlarında 60 min dirhəm məbləğində ağır borca düşdü. Bu məbləğ o zaman İslam qanunlarına və xalqın hüquqlarına ehitram göstərən bir şəxs üçün bərk narahatedici bir şey idi.
Cəsurların rəhbəri Hüseyn ibni Əli (əleyhissalam) Üsamətin xəstəliyindən xəbər tutdu və son günlərini yaşayan zaman ona baş çəkməyə getdi. Onu qəm-qüssə, narahatlıq dalğaları içində gördü və aralarında belə bir söhbət oldu:
Hüseyn: Qardaş, nə üçün belə qəmginsən?
Üsamət: Verəcəyim və borcum 60 min dirhəmdir.
Hüseyn: Sənin borcların mənim öhdəmə!
Üsamət: Mən qorxuram ki, dini vəzifəmi yerinə yetirməkdən qabaq öləm.
Hüseyn: Mən sənin borclarını verməyincə sən ölməyəcəksən.
Sonra əmr verdi ki, Üsamət ölməmişdən qabaq, onun bütün borclarını ödəsinlər.
Şe`r və ədəb zövqünə malik olan bir ərəb həyat çətinlikləri ilə qarşılaşdı. Çünki, şe`r nə qədər ali olsa da, “gözəl şe`rdir”-deyirlər, “çörəkli şe`rdir”-demirlər. Hər halda qəmgin olan şair Peyğəmbərin şəhərinə üz tutdu, şəhərin ən kəramətli şəxsini soruşdu: ona Hüseyni göstərdirlər.
Ərəb, şəhidlərin seyyidinin namaz qıldığı məscidə tərəf getdi, İmamı namaz qılan halda gördü və o Həzrətin mədhində bir şe`r yazdı ki, məzmunu budur:
Sənin evinin qapısını döyən naümid qayıtmaz.
Sən səxavətlisən və xalqın pənahısan.
Əgər sənin əcdadların olmasaydı,
Cəhənnəm bizim qərargahımız olardı.
Həzrət, Qəmbərə buyurdu: “Gör Hicazdan gətirilən maldan bir şey qalıbmı?”
Dedi: “Bəli, dörd min dinar qalıb.”
İmam buyurdu: “Onu gətir, ona bizdən daha çox müstəhəq olan adam gəlmişdir!”
Sonra bütün dinarları Yəmən parçasından olan paltarın içinə qoydu, qapının arasından ona verdi, şe`rlərin müqabilində isə verdiyi hədiyyənin azlığından üzr istədi və dedi: “Əgər daha çox imkanım olsaydı, bizim səxavət asimanımız sənin üstünə (sərvət) yağdırardı.”
Ərəb dinarları və libası götürdü, ancaq ağladı.
Hüseyn (ə): Məgər sənə verdiklərimi az hesab etdin?
Ərəb: Əsla! Amma bu səxavətli əllərin üstünü torpağın örtməsi necə rəvadır?!”
Bu hərəkət sərvətdən və var-dövlətdən istifadə etmək üsuludur ki, İmam müxtəlif şəraitlərdə öz ardıcıllarına öyrədir: İnsanların abrını necə qorumaq, onların dərdinə necə çarə etmək və yaralarının üstünə necə məlhəm qoymaq lazımdır!
İmam Hüseyn (əleyhissalam)-ın Mədinənin yaxınlığında “Əlhürrə” adlı bir torpaq sahəsi vardı. Onu əkib-biçirdi, ondan gəlir götürürdü. O, şərəfli ömrünün axırına qədər o torpağı əkmək-biçmək üçün gedirdi. (İbni Əsakir Dəməşqinin nəql etdiyi kimi.)
Əbu Yusif Qazi demişdir: “Hüseyn ibni Əlinin torpaqları vardı ki, onun xəracını verirdi” və xəraca verilən torpaqların bir hissəsini almışdı.”
“Əqiq” məntəqəsində də onun əkin yeri vardı ki, ildə 8000 dinar gəlir verirdi; orada Həzrət üçün növbənöv evlər salmışdılar: ancaq onların da gəliri oxuduğunuz kimi ehtiyaclılara sərf edilirdi.
Aşura gecəsi Məhəmməd ibni Bişr Həzərə beş qiymətli libas verdi ki, onları satıb Rey sərhədlərində əsir olan oğlunu azad etdirsin. O libasların qiymətini min dinar yazmışlar.
Hər halda bu da azadlıqsevənlərin sərvərinin əxlaqı görüşlərindən biri idi ki, bəyan edildi.
Ümid edirik ki, bu, bizim vəziyyətimizdə və düşüncəmizdə onun inqilab məktəbi kimi, bir dalğa yaratsın və bir yol göstərsin.
HƏYAT YOLDAŞINA VƏ ÖVLADA MÜNASİBƏT. Əgər bir kəs şəhidlərin sərvəri, azadlıqsevənlərin rəhbəri Hüseyn ibni Əli (əleyhissalam)-ın heyrətəngiz ölümü və şəhadəti qarşılarkən göstərdiyi qəhrəmanlıqlarını, ibrətamiz və insanı həyəcana gətirən sözlərini nəzərinə gətirsə və ya o Həzrətin ruhi halətini, mə`nəvi və asimani cazibələrini xatırlasa, bəlkə də belə təsəvvür edər ki, bu böyük şəhidin dəyərli və qurucu məktəbində bu dünyaya və onun həzzlərinə əsla diqqət yetirilməmiş, Allaha və şəhidliyə olan eşqi onu hər şeydən ayırmış və pak ürəyində yarın düz qamətindən (Allahdan) başqa, özgə bir söz yoxdur və sevdiyini görmək istəyi hər şeyi yaddaşından silib aparmışdır.
Tuba ağacının kölgəsi, hurilərin mehribanlığı və hovuzun kənarı,
Səni görmək eşqi ilə yadımdan çıxdı.
Lakin böyük şəxsiyyətlər, onların əsil məktəbi və dünya görüşü haqqında bu cür düşünmək həqiqətdən uzaqdır, çünki onlar bir tərəfli şəxslər olmamışlar və belə deyillər ki, Allaha bəslədikləri kamil məhəbbət onların həyati işlərinə, həyat yoldaşına və övladlarına olan məhəbbətlərinə mane olsun və ya al-verlə, ticarətlə məşğul olmaları onları Allah haqqında düşünməkdən ayırsın. Onlar bütün insani varlığı, fitri xüsusiyyətləri və təbii, pak istəkləri ilə, öz məqamında kamil bir diqqətə malikdirlər; Hətta ruhi, mə`nəvi və insani dəyərlərdə bunu zəruri sayırlar.
Belə ki, Allaha ibadət, pərəstiş və heç nəyə ehtiyacı olmayan Pərvərdigarla raz-niyaz, münacat məqamında onları başqaları ilə müqayisə etmək olmaz; Eləcə də həyat, ailə və insani ləyaqət məsələlərində də onları başqaları ilə bir cərgədə və bir məqamda tutmaq olmaz.
Namaza özünün sonsuz məhəbbətini izhar edən və onu özünün həqiqəti görən və haqq axtaran gözünün nuru sayan İslamın böyük Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) cinsi-lətifə (həyat yoldaşına) mehriban münasibəti və diqqəti də namazla bir sırada tutmuşdur.
Mə`nəvi yüksəlişində və asimani me`racında onun cismi və canı o qədər yüksəklərə ucalır ki, Pərvərdigarın ən yaxın mələyi hərkət və tamaşa etməkdən qalır. Lakin, təbii və maddi həyatında, ailə məsələlərində də o, hamıdan ucada dayanır. Həsəni və Hüseyni dalına mindirir, bə`zən minbərə çıxardır, dizləri üstə oturdurdu ki, indiyə qədər heç bir xətib və İmam belə bir işə cür`ət etməmiş və hətta xəyalına da gətirməmişdir; Ya oğlu İbrahimin ölüm müsibətinin tə`siri altında elə sarsılır ki, mübarək gözlərindən yaş axıdır. Uzaqgörməyən, dardüşüncəli adamlar bunu ona irad tuturlar (ürəyi yanır, kədərlənir, gözlərinin yaşı da axır, amma Haqq rizasının xilafına bir söz demir), o isə bu hərəkətilə hamının cavabını verir.
Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) insaniyyətin bu böyük müəllimi özü yalnız birtərəfli həyat yaşamırdı, əksinə çalışırdı ki, ardıcılları da fikri sapıntılara düçar və birtərəfli fikrə malik olmasınlar və onun asimani tə`limatları sui-tə`sir yaratmasın. İslam Peyğəmbərinin irfan və asimani məktəbi, onun cazibədar və cəlbedici tə`limatları bə`zən dostlarına elə dərin bir tə`sir buraxırdı ki, maddi aləmdən əl çəkirdilər. Bu, onları asimani (mələkuti) bir varlığa döndərirdi, yeməkdən, yatmaqdan, öz qadınları ilə yatıb-durmaqdan çəkindirirdi. Lakin bu zaman Həzrət onların dadına çatır, sapıntılardan çıxarır, fikri səhvlərini onlara xatırladırdı.
Ümmi Sələmə-Peyğəmbərin fədakar və təcrübəli zövcəsi o Həzrətin hüzuruna getdi, bir çoxlarının guşənişinliyi və zöhdü barədə ona danışdı. İslamın ürəyiyanan Peyğəmbəri dərhal o adamların yanına getdi, onların səhvini, birtərəfli düşünmələrini aydınlaşdırdı və bunu məzəmmət etdi: “Siz zövcələrinizə məhəbbətdən, onlarla yatıb-durmaqdan əl çəkmisiniz?! Mən ki, sizin Peyğəmbərinizəm, öz zövcələrimlə yatıb-dururam, gündüzlər yeyirəm (daima oruc deyiləm), gecələr də bir qədər yatıram.”
İslam Peyğəmbərinin bu bəyanatı bu ayənin gəlməsi ilə təsdiq olundu:
“Allahın sizə halal buyurduğu pak şeyləri özünüzə haram etməyin, dinin hüdudlarına və qanunlarına təcavüz etməyin ki, Allah təcavüzkarları sevmir.”
Zahiri vəziyyətindən və hərəkətindən cinsi-lətifdən, evi-ailəni dolandırmaqdan qaçdığı mə`lum olan bir kişi şiələrin beşinci rəhbəri İmam Mühəmməd Baqir (ə)-ın yanına gəldi. İmam ondan soruşdu: “Ey kişi, arvadın var?”
Dedi: “Yox!!”
İmam Baqir (ə) insanın kamalını yalnız quru zahidlikdə görən bu tərk-dünya kişinin gözlədiyinin əksinə olaraq belə buyurdu:
“Mən bəyənmirəm ki, bütün dünya və ondakı bütün şeylər mənim olsun, ancaq elə bir kecəni səhər edim ki, yanımda zövcəm olmasın. (Sonra o kişiyə bir miqdar pul verib buyurdu:) Get evlən.”
İlahi və böyük şəxslərin məktəbində qadınlara, ömür-gün yoldaşlarına və övladlara məhəbbət göstərməmək nəinki məzəmmət olunmuş, hətta onlara əlaqə və məhəbbət imanın üstünlüyünün me`yarı və ölçüsü sayılmış, peyğəmbərlərin gözəl və bəyənilən səciyyələri kimi tanınmışdır.
Bir rəvayətdə bizə gəlib çatmışdır:
“Peyğəmbərlərin əxlaqından (biri də) öz qadınına məhəbbətdir.”
İmam Sadiq (əleyhissalam)-dan nəql olunmuşdur:
“Bir şəxsin öz həyat yoldaşına məhəbbəti nə qədər çox olsa, onun imanı da o qədər çoxalar.”
Şəhidlərin Seyyidinin ailəyə məhəbbət və bağlılıq haqqında şe`rləri vardır ki, aşiqlərin şe`rləri içərisində onlara bənzərini az tapmaq olar.
“Sənin canına and olsun, qızım Səkinənin və (həyat yoldaşım) Rübabın yaşadığı o evi sevirəm,
Onların hər ikisini sevirəm və onların məhəbəti yolunda özümün bütün sərvətimdən keçirəm və heç bir məlamət eləyənin məni məzəmmət etməyə haqqı olmaz.
Mən nə qədər ki, sağam, məlamət eləyənlər məni nə qədər məlamət etsələr də,
Torpaq altında pünhan oluncaya və torpaq üstümü örtüncəyə qədər onlara (məlamət edənlərə) müt`i olmayacağam.”
Və öz böyük babasından belə nəql edir:
“Allah bəndəsinin imanı nə qədər çoxalsa, həyat yoldaşına məhəbbəti də bir o qədər çoxalar.”
Nə çoxdur elə ailələr ki, kişilərin öz həyat yoldaşlarını sevməmələri və ya bir sıra həyati və evlilik məsələlərinə biganəliyi nəticəsində bir-birindən ayrılmış, yüzlər və minlərlə ailənin həyati bağları qırılmışdır.
Əgər kamil tədqiqat aparılsa sübut olunar ki, ailə ixtilaflarının çoxunun meydana gəlməsinin mənbəyi qadının və ya kişinin yüngül münasibəti, səhlənkarlığıdır; Halbuki onların hər ikisinin vəzifəsi ömürlərinin axırına qədər islami hüquqlara və dinin əxlaq normalarına riayət etməkdən ibarətdir.
Bir statistik sənəddə belə şərh edilmişdir:
Ailəvi ixtilafların və qadınların öz ərlərindən nigaranlığının 16-%-i onların zahiri vəziyyəti və geyim tərzi ilə bağlıdır.
22 % bunu göstərir ki, ər-arvadlıq əlaqələrində qadının istəklərinə ehtiram edilmir. Yalnız kişinin istəkləri mühüm sayılır və qadın gərək həmişə ona tabe olsun.
Qadınlardan üçdə biri bildirmişlər ki, mənim ərimin məhəbbət hissləri barəsində dili laldır. Nəvaziş göstərməyi bilmir. Heç vaxt məni sevdiyini söyləmir.
Oxucular, onların təcrübəsiz, islamın ictimai-ali tə`limlərindən çox səthi mə`lumatı olan, bəlkə də özlərini (Allah göstərməsin) İmam Sadiq (əleyhissalam)-dan daha müqəddəs hesab edən bə`ziləri belə təsəvvür etməsinlər ki, bu statistik mə`lumat qərblilərin və qərbpərəslərin fikridir. Məcburam bəşər aləminin həqiqi rəhbərlərindən və səmavi məktəbin sınanmış müəllimlərindən söhbət açım ki, müqəddəs İslam dininin tarix boyunca insanların həyatının bütün sahələrinə diqqət yetirdiyini, hər yerdə və hər məsələ barəsində proqramı olduğunu və bu gün də müsəlmanların onları yerinə yetirdiklərini bilsinlər.
Şəhadət məktəbinin təməlini qoyan, fəzilət aşiqlərinin ilkini olan, şəhidlərin seyyidi Həzrət İmam Hüseyn (əleyhissalam) atası Əliyyibni Əbi Talib (əleyhissalam)-dan, Allah elçisinin belə dediyini rəvayət etmişdir:
“Sizlərdən hər birinizin həyat yoldaşı sizin üçün bəzənib hazırlaşdığı kimi, siz də həyat yoldaşınız üçün bəzənib hazırlaşın.”
İslamda müstəhəbdir ki, ailənin böyüyü yemək işlərində də öz ailəsinin, həyat yoldaşının istəklərini nəzərə alsın. Hədisdə buyurulur:
 “Mö`min şəxs yeməkdə zövcəsinin, əhl-əyalının istəyinə diqqət yetirir, ancaq münafiq öz istəyini mühüm sayır.”
Öz şəhvətini ailənin istəklərindən üstün tutmaq təkcə yeməyə, çörəyə, suya və s.-yə aid deyildir; hər işdə və şər`i əməldə tə`kid olunur ki, həyat yoldaşının istəklərinə dərin diqqət yetirilsin.
Biz və bütün xalq İmam Hüseyn (əleyhissalam)-ın yalnız feyzlə dolu şəhadət məktəbinə diqqət yetiririk, amma onun dəyərli tə`limlərinin digər sahələrindən xəbərsizlik və ya az xəbərimiz var. Halbuki bu barədə də onun qurucu və ibrətli sözləri vardır.
Öz böyük babasından rəvayət etmişdir:
“Əgər bir kəs öz zövcəsi ilə yaxınlıq etmək istəyirsə, bu işdə tələsməməlidir və onu da tələsdirməməlidir.”
İmam Mühəmməd Baqir (əleyhissalam) buyurub: “Mö`minin məşğuliyyəti üç şeydir:
Öz həyat yoldaşından bəhrələnmək və ləzzət almaq, öz din qardaşları ilə zarafat etmək, xoş danışmaq və gecə yarısı Allaha ibadət etmək.”
Həzrət Musəbni Cə`fər (əleyhissalam) cəddi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql etmişdir ki, o Həzrət belə buyurmuşdur: “Allah biz Əhli-beytə bir çox xasiyyətlər və özünəməxsusluqlar bəxş etmişdir ki, öz zövcələrimizə əlaqə və məhəbbət o cümlədəndir.”
Nə yaxşı olardı ki, bu söhbəti heç vaxt yaddan çıxmayan bu cümlə ilə bitirim və bu sıradan müfəssəl bir hadisi oxuculara təqdim edim:
Əqli-küll, külli-əql olan və varlığın sərvərin sonuncu Peyğəmbərdən belə rəvayət olunmuşdur:
“Kişinin zövcəsinə dediyi: “səni sevirəm” sözü onun qəlbindən (yadından) əsla çıxmaz.”
İMAM HÜSEYN (ə) MƏKTƏBİNDƏ ÖZ YERİNİ BİLMƏK. Öz yerini və mövqeyini bilmək, iş, həyat, zaman və məkan şəraitinin bütün cəhətlərinə diqqət yetirmək insan əqlinin parlaqlığından və dünyagörüşünün kamilliyindəndir. Elə adamlar var ki, “əlif” deməmiş “yey” hərfinə qədər sayırlar. Lakin bə`zən elə adamlar da tapılır ki, əgər gecəni səhərə qədər onlar üçün “Yusif və Züleyxa” dastanını danışsalar, axırda soruşacaqlar ki, Züleyxa kişi idi, ya qadın?
Böyük elmi şəxsiyyət və mərcəyi-təqlidlərdən birinin görüşünə getmişdik. Görüşə gedənlər arasında bir kəs də vardı ki, özü fəzilət, elm, kəmal və tam mərcəiyyət sahibi idi. Birdən xidmətçilərdən biri otaqdan çölə çıxdı və e`lan etdi ki, ağa naxoşdur, görüş və ziyarət mümkün deyildir. Uzaqdan gəlmiş həmin böyük alim dərhal ayağa durdu və xidmətçiyə dedi: “Ağaya salam deyin, inşallah, başqa vaxt gələrik. Ağanın sağlamlığı daha mühümdür.”
Hamının yaxşı tanıdığı bu adamın əxlaqı bizi ciddi surətdə təəccübləndirdi. Çünki, əgər desəydi ki, mən kiməm və hardan gəlmişəm, heç vaxt razı olmazdılar ki, o mərcəyi-təqlidi ziyarət etmədən geri dönsün. Amma o heç nə demədi və xidmətçi də onu tanımadı.
 Lakin bu böyük şəxsin vəzifəsini başqaları yerinə yetirdilər, iki ayaqlarını bir başmağa dirəyib dedilər ki, biz ağanı ziyarət etməyincə və onun mübarək əlini öpməyincə, buradan çölə çıxmayacağıq.
Yəqin o alimin, yanına gəldiyi adama məhəbbəti çox böyük idi ki, belə edirdi. Amma onun səlamətliyinə və sağlamlığına diqqət də kamal və mə`rifət nişanəsi idi. Nəhayət, öz məqsədlərinə çatıb görüşdülər də. Ancaq bu, o qocaya nəyin bahasına başa gəldi, bunu onu müalicə edən həkimdən soruşmaq lazımdır.
Doğrudan da, nə böyük bir ne`mətdir ki, bir müsəlman şəxs özünün dini rəhbərlərinin dəyərli tə`limlərindən hər işdə və hər addımda, zaman və məkan şəraitində başqalarının mənafeyni, uğurunu nəzərdə tutsun, ziyarətlərdə, də`vətlərdə, görüşlərdə, söhbətlərdə və zarafatlarda həm uğurlarını başa düşsün, həm də zaman və məkan şəraitini nəzərdən qaçırmasın, hətta dostunun və özünün xatirinə əxlaqi və insani qaydaları ayaq altına salmasın.
Gecələrin birində bir şəxsin qonaqlığında idim və islami me`yarlarla məclisin aşağısını-yuxarısını nəzərdən keçirirdim. Də`vət olunanların rəftarını, ev sahibinin hərəkətini, yemək-içmək ədəbini, xülasə, hər şeyi islam me`yarları ilə yoxlamaq istəyirdim. Birdən bir mənzərə gördüm ki, məramımı pozdu, fikrimi dəyişdirdi və elə bir səhnə yarandı ki, ona dözmək mənə, ev sahibinə və qonaqlara çətin idi.
Də`vət olunanlardan biri qapıdan içəri girdi və səndəlinin üstündə əyləşdi; ancaq özü ilə gətirdiyi bir neçə uşağa yer olmadı. Uşaqlar siçan kimi bu bucaqdan o bucağa sıçrayır və ya dovşan kimi atılıb düşür, bə`zən də yaşlarına uyğun olaraq, ədəbsizcəsinə burdan ora yüyürürdülər. Ev sahibi heç nə demirdi və qonaqların da üzündə xəcalət tərindən başqa bir şey müşahidə olunmurdu. Məclis şəhidlərin sərvərinin şərəfinə təşkil edilmişdi. Də`vətnamə də bir nəfərin- atanın adına idi, oğlanların yox!
Bu zaman şəhidlərin sərvərinin əxlaqi məktəbindən bir nümunə yadıma düşdü. Necə gözəl və layiqli olardı ki, azad insanların sərvərini və cəsurların rəhbərini, onun insani, əxlaqi, qurucu tə`limatları yönündən də tanıyaydıq, sözlərindən, şəhadətə səsləyən sözlər kimi həyatımızda istifadə edəydik və ya bu fikirləri öyrənmək şərəfinə də məclislər təşkil edəydik.
Hər halda Hüseyn (əleyhissalam) öz əziz babasından belə rəvayət etmişdir:
 “Əgər sizi bir qonaqlığa də`vət ediblərsə, övladlarınızı özünüzlə ora aparmayın. Əgər kimsə belə bir iş tutarsa, haram yemiş və o məclisə günahkar daxil olmuş olur.”
ELMİ VƏ XÜSUSİ MÜSABİQƏLƏR. Dünya çirkinliklər və gözəlliklərlə doludur. Belə ki, balı da var, neştəri də; tikanı da var, gül də yetirir. Əgər haqq aşkardır, göz qabağındadırsa, batil də çoxdur. Aydın gündüzü var ki, hər şeyi olduğu kimi göstərir; zülmətsiz və qaranlıqsız da deyildir ki, pərdə çəksin, çirkini və gözəli eyni şəkildə cilvələndirsin, bə`zən batili haqqın yerinə qoysun. İnsan cəmiyyətində də bu çirkinliklər və gözəlliklər çoxdur.
Bir qrup pak və şərafətli adamlar vardır ki, niyyətləri yaxşı, himmətləri ülvidir, mavi asimanın altında buqələmun kimi rəngdən-rəngə düşməkdən azaddırlar.
Onların qarşısına hər nə çıxsa xoş olar
Od içində olsa da, lə`li-cəvahir olar.
Dərdi də sındırarlar, dərmana da tə`rif deyərlər; xülasə, onlar Allah dostlarıdırlar.
“Allahın övliyaları yalnız pəhrizkarlardır.”
“Agah olun ki, Allahın dostlarının heç bir qorxusu və kədəri yoxdur, o kəslər ki, iman gətirmişlər, həmişə təqva ilə və pis əməllərdən çəkinməklə yaşamışlar.”
Bu qrup adamlar gülə bənzərlər ki, həmişə ətir saçarlar və ya bala bənzərlər ki, həmişə başqalarının ağzını şirin edər, ləzzət və təravət bəxş edərlər.
Bu ətirli təbəqənin və təmiz dəstənin müqabilində elə adamlar da vardır ki, ağızlarını açmırlar, bir şey yazmırlar, bir söz demirlər və bir kəsdən bir söz soruşmurlar, yalnız danışıqlarında və rəftarlarının əsnasında şöhrət axtarırlar, daha yaxşı məqam, rəyasət və böyüklük dalınca qaçırlar, hətta yığıncaqlarda və məclislərdə də ağızlarına su alıb sakit otursalar belə, yenə bundan başqa bir şey istəmir, bundan özgə bir şey axtarmırlar.
 Bə`zən öz işlərinə bəraət qazandırmaq və ovlarını (onlara inananları) inandırmaq üçün özlərindən bir fəlsəfə uydurur, dəlil gətirir və onu həqiqət hesab edirlər ki, günahlarını gizlətsinlər.
Hər halda, belə adam öz vicdanı ilə elə həsbi-hal edir ki, onu qane salır. Fikirləşir ki, əgər belə və ya elə etməsə, öz elmini və üstünlüyünü yığıncaqlarda, məclislərdə büruzə verməsə, zəngin elmini və fəzilətini yazmaqla, deməklə böyük alimlərin ünvanına çatdırmasa, bə`zi adamlar güman edərlər ki, o, cahil və nadandır, ya elmi bəhs və mübahisələrdə acizdir.
Xalqı zəlalətə və əyri yollara salmaq və ya nadanlığın müqabilində susmaq özü böyük bir günahdır. Necə olursa olsun, xalqın pis fikirlərinin qarşısını almaq, geniş təbliğata başlamaq lazımdır, çox böyük ünvanları gözəl xətt və iri hərflərlə dörd səhifəlik, on səhifəlik kitabların cildlərinin arxasına yazmaq, bir səhifəlik, yarım səhifəlik e`lanların arxasına yazıb yaymaq, yığıncaqlarda da söz almaq, bəhs, mübahisə məclisini qızışdırmaq gərəkdir. Kənar kəsə söz demək möhləti və fürsəti verilməməlidir. Nə ustada, nə şagirdə, nə qocaya, nə cavana. Danışan bir olmalıdır və hər vasitə ilə olur-olsun başqalarının adını silmək lazımdır. Xülasə, o qədər danışmaq, “mənin” əsas sözünü, fikrini, şəxsi əqidəsini demək lazımdır ki, nəhayət, min “mən”dən keçsin, onun xəyalında xalq mə`nəvi həqiqət tərəfə üz tutsun və fəlsəfədən özünü dərk etmək, tanımaq üçün istifadə etsin. Lakin e`tiraf etmək lazımdır ki, bu yol xüsusi bir tordur, bu yol insanın qədim və təcrübəli düşməninə aid bir yoldur ki, ayrıca bir təbəqə üçün nəzərdə tutulmuşdur və bilik zinətləri ilə, müqəddəsliklə və paklıqla bəzənmişlər.
Şeytan bu dəstəyə və təbəqəyə (daxil olmaq üçün) heç bir yol göstərmir, onları qumara, şəraba, oğurluğa, teatra, kinoya, dəniz sahilinə, çoxlarının aludə olduğu gecə gəzintilərinə çəkmir. Lakin fəzilət və elm, yüksək düşüncə sahibləri və başqalarından irəli olduqlarına görə, geniş və bəsit fəlsəfə yolunu onların üzünə açır. Artıq İslamın müqəddəs terminləri onları qane etmir. Vaxtilə dahi alim mərhum Kuleyniyə verilən “siqətül-islam” rütbəsi, vaxtilə Əllamə Hilli, Məclisi kimilərə verilən Höccətül-islam, Ayətullah və Ayətullahül-üzma kimi adlar onun üçün tə`nəli və kiçik görünür, tədqiqatçı, böyük islahatçı, əzəmətli mücahid kimi yeni bir istilah (ad) dalınca düşür ki, onu başqalarından fərqləndirsin, bəlkə Seyyid Mücahid, Seyyid Cəmaləddin Əsədabadi, İnqilabın böyük rəhbəri və İslam Cümhuriyyətinin banisi, mücahid, böyük İmam Xomeyni ilə bir cərgədə dayansın, bir xeyli adam da ətrafında toplaşsın. Əgər buna da nail olmasa, heç olmasa, böyük mücahidlər, ayətullahlar və ilahi şəxsiyyətlərin məqamını əldə etsin və xalq da elə güman eləsin ki, hər şeylərini Allah yolunda vermiş Əllamə Hilli və həqiqi mücahidlər onun kimi olmuşlar.
Mənim fikrimcə, bizim zəmanəmizdə daha çox yayılmış və rəvac tapmış bu sözbazlıq, ad quraşdırmaq və yüksəkdən getmək halları nəzarət altına alınmasa, hüdud və rütbələrə riayət olunmasa, İslamın böyük elmi şəxsiyyətlərinin təhqir edilməsində mühüm rol oynayacaqdır. İşarə edildiyi kimi, bu cür quru fəlsəfəbazlıq elə bir yoldur ki, köhnə düşmən onu “fəlsəfə” adı ilə alimləri tələyə salmaq üçün seçmişdir. Bu yoldan qaçmaq lazımdır, onun davam etdirilməsinin qarşısı alınmalıdır. Bu barədə də şəhidlərin sərvəri Hüseyn ibni Əli (əleyhissalam)-ın əxlaqi düşüncələr məktəbindən bir məsələni öyrənmək lazımdır. O buyurmuşdur:
“Həqiqətən şeytan bir kişinin qulağına pıçıldayır və ona deyir: dini məsələlərdə adamlarla münazirə (mübahisə) et ki, sənin nadan və aciz olduğunu güman etməsinlər.”
Yenə də cəsurların sərvərindən rəvayət olunmuşdur ki, belə buyurmuşdur:
“Elmdən sənə o qədər bəsdir ki, Allahın əzəmətindən qorxasan; nadanlıqdan (cəhalətdən) da o qədər bəsdir ki, öz elminlə qürurlanasan.”
Əmirəl-mö`minin Əliyyibni Əbi Talib (əleyhissalam)-dan belə rəvayət olunmuşdur:
“Adamların ən az axmağı o kəsdir ki, özünün ən ağıllı olduğunu güman edir.”
MÖHKƏMLİK VƏ DƏYANƏT. Hər işdə və hadisədə dəyanət və möhkəmlik qələbənin ən əsas şərtlərindən, müvəffəqiyyətin güclü amillərindəndir. İctimai-siyasi həyat hadisələrində səbir cilovunu əlindən buraxanlar, nəinki qələbənin məqsədlərinə və ne`mətlərinə çatmaqdan məhrum olurlar, eyni zamanda bə`zən həm özləri, həm də cəmiyyət üçün çətinliklər və faciələr törədirlər.
Dərs proqramının əziyyətlərinə dözməyən şagird fəzilətin və kamalın parlaq çöhrəsini əsla görə, əhrimənin cəhalət çəngəlindən qaça bilməyəcəkdir.
Öz dininin, millətinin və məktəbinin müdafiəsi yolunda düşmən qarşısında sabitqədəm olmayan əsgər nəinki qələbənin şahidi olmayacaqdır, hətta, ola bilsin ki, millətini məhv olmağa və zillətə sürükləyəcəkdir. İnsan cəmiyyətinin uzun siyasi-ictimai mübarizələri gedişində o qrup adamlar qalib gəlmişlər ki, çətin, acı hadisələr müqabilində səbir cilovunu əldən verməmiş və dağ kimi sabit və tərpənməz qalmışlar, hərçənd bə`zən bu məsələlərdə “yanmışlar” çöllərdə, zindanlarda, sürgünlərdə və ya işgəncələr altında canlarını tapşırmışlar, ancaq öz cəmiyyətlərinin inkişafında elə bir ülgü, şəhadət və qəhrəmanlıq nümunəsi göstərmişlər ki, gələcək nəsillər öz abırlı həyatında onlara istinad etmişlər. İnqilabçı və azaddüşüncəli, əqidəsi və ideyası yolunda misilsiz möhkəmliyi və dəyanəti olan Əbuzər, həmişə öz dövrünün fəsadçı hakimiyyətinə qarşı e`tiraz edirdi, onun yoxsulların mallarını qarət yolu ilə əllərindən almasına maneçilik törədirdi. Buna görə dövrün xəlifəsi qarətçilərin tə`kidi ilə Mədinədən “Rəbəzə” adlı səhraya sürgün etdirdi, nəhayət o, çöllərdə azadlıq sevənlərin nəzərindən uzaq, öz məşəqqət dolu həyatını başa vurdu. Mədinənin hakimi Mərvan onun kimi düz danışan adam görmədiyindən, xalqa Əbuzərin ardınca getməyi qadağan eləmişdi. Bir adamın cür`əti yox idi ki, Əbuzərlə bir addım atsın. Amma məzlum tərəfdarı və zalımın düşməni olan Peyğəmbər xanədanı, hakimin bu boşboğazlığına e`tina etməmiş, Mədinə şəhərindən kənarda özünü Peyğəmbərin həqiqi dostuna çatdırmış, onu öz ağuşuna almış və göz yaşı axıtmışdı.
Həzrət Əliyyibni Əbi Talib və İmam Həsən (əleyhiməssalam), Əbuzərin şirin sözlərinə könül verdi, lakin şəhidlərin sərvərinin qəhrəmanlığa çağıran sözləri Əbuzərin qəlbində elə dərin bir rahatlıq yaratdı və onu elə qətiyyətli etdi ki, ömrünün axırına qədər zülmə qarşı mübarizədən əl çəkmədi və bütün varlığını bu yolda qoydu.
Hər halda Hüseyn (ə), zövcəsinin və övladının əlindən tutaraq namə`lum bir taleyə doğru gedəndə inqilabçı Əbuzərə belə dedi:
“Ey Hüseynin əziz əmisi, həqiqətən Allah elə böyük və qadirdir ki, namünasib vəziyyəti dəyişə bilər, naümid olmaq lazım deyil, çünki, O, hər gün bir vəziyyət yardadır və nəqşə çəkir.
Müxalif dəstə öz dünyasını səndən əsirgəsə də, ancaq sən onları özünün uca dinindən və fikirlərindən məhrum etdin, onların sənə olan ehtiyacı hər ehtiyacdan daha çoxdur, sən isə onların dünyasına ümumiyyətlə möhtac deyilsən. İndi böyük Allahdan səbir və qələbə istə, tamah və narahatlıqdan Ona pənah apar, çünki, səbir və dözüm dindarlığın zəruri ünsürü və böyüklük nişanəsidir. Qəzəb və tamah nə gündüzü (öz vaxtından) tez gətirər, nə də insanın əcəlinin gecikməsinə tə`sir göstərər.
Allah səni vəhşətə salanlara rahatlıq, səni qorxudanlara əmin-amanlıq verməz. Allaha and olsun, əgər sən onların dünyasını istəsəydin, dediklərini qəbul etsəydin, hökmən sənə əmin-amanlıq verərdilər, əgər onların rəftarını bəyənsəydin, səni sevərdilər.”
İmam Hüseyn (əleyhissalam)-ın bu cazibəli sözləri inqilabçı Əbuzəri daha çox inqilabçı, daha möhkəm etdi, çörəyini hər günün tələbinə əsasən yemədi və hər an bir şəkilə düşmədi, azad surətdə yaşadı, dünyadan tənha getdi, tənha dəfn olundu və qiyamət günü də bir səfdə tənha olacaqdır.
HÜSEYN (ə) MƏKTƏBİNDƏ ACLAR VƏ TƏŞNƏLƏR. İşlər və hərəkətlər çirkinlik və ya gözəllik cəhətindən eyni cür deyildir. Bu gözəllik və qəbahət, xoşa gəlimlik və xoşagəlməməzlik şeylərin və əməllərin zatında gizlənmişdir. Bu mə`nanı inkar edənlərin, hər şeyin yaxşılığını və pisliyini yalnız ilahi və ya irfani qanunların yolu ilə olduğunu qələmə verənlərin sözləri kəskin şəkildə rədd olunmuşdur. Pisliklərin və gözəlliklərin mərtəbəsi, möhkəmliyi və zəifliyini də əşyanın zatında axtarmaq lazımdır. Pis və daha pis, yaxşı və daha yaxşı da bu əsas üzrə qiymətləndirilməlidir.
Gözəlliyin bütün sahələri nə qədər kiçik olsa da, yenə böyükdür. Mö`minlərin rəhbəri Həzrət Əliyyibni Əbi Talib (əleyhissalam)-ın öz dəyərli və qurucu tə`limlərində buyurduğu kimi: “Xeyir iş gör və onu kiçik hesab etmə, çünki xeyir işlərin kiçiyi və azı da çoxdur.”
Lakin Qur`an məktəbində və İslam mədəniyyətində yenə bir sıra xoşagələn və yaxşı əməllər, üstün və daha üstün məqamlar da vardır ki, Pərvərdigarın ləyaqətli və əməli saleh bəndələri onlara daha çox diqqət yetirir və o cür işlər göməklə Xudavəndi-aləmin rizasına nail olmağa çalışırlar. Bə`zən dinin böyük şəxsiyyətləri bəyan ediblər:
“Xeyir əməllərin ən üstünü, onların ən çox zəhmətlə başa gələnidir.”
Çünki, insanın yaxşı əməl və işləri, onun nəfsinin və rahatlıq hərisliyinin başına döyməkdə (qarşısını almaqda) nə qədər çox tə`sirli olsa, onun ruhunun, kamalının və camalının saflaşmasında da bir o qədər çox rol oynayacaqdır və ən üstün və yaxşı əməl də odur ki, insanın ruhuna daha çox səfa bəxş edir. Bə`zən əməllərin ən yaxşısını qiymətləndirmək, dərk etmək üçün başqa bir me`yar da göstərilmişdir. Onun izahında belə demək olar ki, Allahı razı salmaq üçün insanın həyata keçirdiyi əməllər üç cür olur:
Birincisi o əməldir ki, nəticəsi və faydası ancaq əməl sahibinin özünə çatır və başqa bir kəsə onun heç bir xeyri yoxdur. Bu qəbil əməllər yaxşı və qüvvətli yemək kimidir ki, insan onu yeyir, cismani qüvvət alır. Bu, gecələr oyaq qalaraq edilən xalis ibadətlər kimidir ki, onları edənin ruhuna qüvvət, camal və kamal bəxş edir ki, sonrakı aləmdə (axirət dünyasında) özünün ruhi gözəllik və qüdrətindən daha çox istifadə edə bilsin, daha çox pərvaz eləsin, o cahanın ləzzətlərini daha kamil dərk və hiss etsin. Lakin bu zahidin gecə yarısı etdiyi ibadəti, münacatı və göz yaşı axıtmasından dərdli adamların qəlblərinin yarasına, susuzluğuna, aclığına və naləsinə, binəvaların fəryadına bir məlhəm olmaz, dərdlilərin bir dərdi təskinlik tapmaz. İnsan bədəninin möhtac olduğu yemək kimi onun ruhunun güclənməsi, qorunması və kamilləşməsi üçün zəruri olan bu qəbil əməlləri birtərəfli və ya fərdi əməl adlandırmaq lazımdır.
İkincisi o əməllərdir ki, onların xeyri və faydası eyni zamanda həm sahibinə çatır, onun ruhuna, əhvalına səfa bəxş edir, həm də başqaları da onun yaxşı əməllərindən bəhrələnir, çörəyə çatır, dərdi-qəmi azalır. Bu cür əməllər ictimai və ya ikitərəfli əməllər adlandırılmalıdır. Bunlar bir çırağa bənzəyir ki, bir şəxs onu yandırır, həm özü istifadə edir, həm də başqası nura qovuşur və (qarşısına çıxan) xətəri aradan qaldırır.
Üçüncüsü o əməllərdir ki, onun maddi faydasının hamısı yüz faiz başqalarına aiddir və bu əməlin sahibi çətinlikdən və narahatlıqdan başqa bir şey duymur. Yalnız xeyrə olan eşq və yaxşı əməllər etməyə olan məhəbbət onu bu işləri görməyə vadar edir. Nəhayət, əgər o, bu işləri Allah və Onun rizası xatirinə etmiş olsa, Allahın rəhmətindən də faydalanar. Bə`zən o, ilahi vəchdən başqa heç bir şeyi nəzərdə tutmur, hətta tərəfi-müqabildən və ya başqalarından da təqdir və təşəkkür (eşitməyi) belə nəzərə almır:
“Yalnız Allahın xatirinə biz sizə ruzi veririk, sizdən nə cəza (əvəz) istəyirik, nə də təşəkkür.”
Bu cür əməlləri ilahi əməl və əməllərin ən fəzilətlisi adlandırmaq lazımdır. İslamın ali tə`limlərində bu əməllərdən çoxlu nümunələr göstərilmişdir ki, ayrıca bir əsərin mövzusudur. Lakin yenə şəhidlərin sərvərinin yaradıcı əxlaqi məktəbindən bir nümunə nəql edirəm ki, onun dəyərli məktəbinin davamçıları üçün şəhadətə səsləyən sözləri kimi, insan dəyərinə və kamalına uzanan bir yoldur.
Bu baxımdan gərək Həzrət Hüseyn (əleyhissalam)-ı böyük rəhbər, əzəmətli İmam və dəyərli sərvər hesab edərək onun hərtərəfli ruhi və fikri rəhbərliyinin nəhəngliyinə nəzər salaq, yanmış ürəklərə məlhəm qoymağı, solmuş ürəklərin ələmlərinə təskinlik verməyi və ac qarınları doyurmağı da o həzrətin inqilabi məktəbinin əxlaqından (bir nümunə) sayaq ki, bəlkə onları insanın əməllərinin ən üstünü bilək, yaxşı işlər görməyi intixab edərkən yalnız bizim özümüzə xeyri olan birtərəfli əməllərlə kifayətlənməyək, başqaları, xüsusilə binəvalar üçün də bu geniş və nəhayətsiz dünyada yaşamaq haqqına qail olaq, bir gün də başımıza və sinəmizə vura-vura məhrumların, zəiflərin köməyinə çataq, dərdli ürəklərə məlhəm qoyaq. Və bunu da Hüseyndən öyrənək.
Şəhidlərin sərvəri böyük babası İslam Peyğəmbəri (s)-dən belə nəql edir:
“Böyük Pərvərdigarın yanında əməllərin ən üstünü-təşnə və yanan ürəkləri sərinlətmək və acların (qarnını) doydurmaqdır. Mühəmmədin canı qüdrət əlində olan Xudavəndi-aləmə and olsun ki, özü tox, müsəlman qardaşı (və ya qonşusu) ac olan heç bir bəndə mənim peyğəmbərliyimə və risalətimə iman gətirməyibdir.”
İMAM HÜSEYN (ə) MƏKTƏBİNDƏ İNSANŞÜNASLIQ. Böyük və görkəmli adamlar fərdlərlə və şəxslərlə qarşılaşanda həmin fərdin və şəxsin özünü tanımazdan qabaq, onun şəxsiyyətini tanımağa, mə`nəviyyatının, təfəkkür tərzinin və dünyagörüşünün dərinliyindən xəbərdar olmağa, cəmiyyətdə özlərinin hər cür hərəkət və rəftarlarını onun əsasında möhkəmləndirməyə çalışırlar.
İslamın başlanğıcında siyasi, hərbi, nizami və məhkəmə işlərində bu məsələyə dəqiq şəkildə diqqət verilmiş, hətta yaşca kiçik olsalar belə, dərrakəli, düşüncəli və qətiyyətli adamları, sadə və qətiyyətsiz yaşlılardan üstün tutmuş, İslamın idarə qurumlarına heç bir vəchlə dostbazlıq və dəstəbazlıq yol tapmamışdır. Əlaqələr zabitələr üzərində hakim deyildi, “mə`rifəti qədərincə məşhurdur” qanununa riayət edirdilər.
Bu məsələ ilə əlaqədar yenə şəhidpərvər Hüseyn (əleyhissalam)-ın evinə baş vuraq və feyzlə dolu məktəbindən bir incəlik öyrənək:
Ağır borc təzyiqi altında inləyən və heç bir çıxış yolu tapmayan bir ərəb kişi Mədinəyə gəldi, yoxsulların ümidinin evinə getdi, şəhidlərin sərvəri, Zəhra (əleyha salam)-ın oğlunun evinə daxil oldu və salam verəndən sonra belə dedi: Yəbnə Rəsulillah, böyük borcum var və bir qan puluna zamin olmuşam, ancaq onu ödəməyə imkanım yoxdur. Qərara aldım ki, insanların ən böyüyündən kömək istəyəm, öz ehtiyacımı ona deyəm. Bu gün İslam Peyğəmbərinin nəslində sizdən kəramətlisini tanımıram.
Hüseyn (əleyhissalam): Ey ərəb qardaş, mən səndən üç məsələ soruşacağam. Əgər birinə cavab versən, sənin xahiş etdiyinin üçdə birini ödəyəcəyəm, əgər iki məsələyə cavab versən, üçdə ikisini, əgər hər üç sualıma cavab versən, sənin bütün istəklərini yerinə yetirəcəyəm.
İmam Hüseyn (əleyhissalam) əvvəlcə ağır borc altına girmiş ərəb kişinin şəxsiyyətini öyrənmək və ona uyğun hərəkət etmək istəyirdi ki, məbada, birdən öz şəxsiyyətinin, böyüklüyünün və şə`ninin xilafına bir iş görər. Ancaq qəti aydın idi ki, o, heç bir cavab verməsəydi də, İmamın vücudunun kərəmindən məhrum olmayacaqdı, çünki, bu sual-cavab onun öz məqamına və şə`ninə riayət etmək məqsədi daşıyırdı.
Hər halda söhbət belə davam etdi:
Ərəb dedi: Yəbnə Rəsulillah, necə rəvadır ki, risalət və şərafət xanədanından olan sənin kimi bir şəxs, yalnız bədəvi bir ərəb olan məndən sual etsin?
İmam Hüseyn (əleyhissalam) buyurdu: Babamdan eşitmişəm, belə buyurub:
“Yaxşılıqlar mə`rifət qədərincə olmalıdır.”
Ərəb dedi: Ey Peyğəmbərin oğlu, nə istəyirsən soruş, əgər bildim, cavabını verərəm, bilməsəm, sizdən öyrənərəm. “Allahdan başqa bir qüvvə yoxdur.”
İmam Hüseyn (əleyhissalam): Əməllərin ən üstünü hansıdır?
Ərəb: Allaha iman bəsləmək.
İmam Hüseyn (əleyhissalam): İnsanın həlakətdən nicat tapmasına nə bais olar?
Ərəb: Allaha e`timad və inam.
Hüseyn ibni Əli (əleyhissalam) üçüncü sualını soruşdu və belə buyurdu: İnsana zinət verən nədir?
Ərəb: Elmlə helm.
İmam Hüseyn (əleyhissalam): Əgər bu olmasa necə?
Ərəb: Sərvət və mürüvvət.
İmam Hüseyn (əleyhissalam): Əgər bu da olmasa, insanın zinəti nədir?
Ərəb: Yoxsulluğa səbir və dözüm.
İmam Hüseyn (əleyhissalam): Əgər bu da olmasa, kamalın və zinətin səbəbi nədir?
Ərəb: Göydən bir ildırım çaxar və ona layiq olan şəkildə həyatına son qoyar.
İmam Hüseyn (əleyhissalam) ərəb kişinin axırıncı cavabından gülümsündü, içində min qızıl dinar olan kisəni ona verdi, əlavə olaraq, qaşı iki yüz dirhəmə dəyən bir üzüyü də bağışlayıb buyurdu: Dinarlarla borcunu ödə və üzüyü də satıb öz həyatını tə`min et.
Ərəb dedi: Allah Öz risalətini harada qərar verməyi daha yaxşı bilir!”
İMAM HÜSEYN (ə) MƏKTƏBİNDƏ VASİTƏÇİLİK. Şəhidlərin sərvərinin dostlarının və sevənlərinin çoxu böyük məhəbbət, şövq və səmimiyyətlə Həzrət İmam Hüseyn (əleyhissalam)-ın tə`ziyəsində, sübhə qədər sinə vurmağa və ya onun şərəfinə cəlallı məclislər təşkil etməyə hazırdırlar. Əlbəttə, bu, elə belə də olmalıdır, çünki, bu hərəkət çox yaxşı, rəğbətlə qarşılanan dini ən`ənələrdəndir və ondan daha cəlallılarını da təşkil etmək olar.
Ancaq çox təəssüflə, bu səmimi adamların bir çoxu ehtiyaclıların çətinliklərini aradan qaldırmaq, onların şər`i istəklərini və ehtiyaclarını və ya bir düyünlərini açmaq, istəklərini yerinə yetrirmək üçün bir iş görməyə, adım atmağa hazır deyillər. Bəlkə bu qəbil adamlardan elələri də tapılır ki, ehtiyac içində olanların və biçarələrin onlara müraciət etmələrini də bir növ zəhmət və narahatlıq hesab edirlər.
Amma şəhidlərin sərvərinin və azadlıqsevənlərin rəhbərinin əxlaqi və insani məktəbində bu qəbil müraciətlər nəinki qayğı və zəhmət hesab olunmamış, əksinə, ilahi rəhmət, ne`mət və fəzilət kimi təqdim edilmişdir ki, buna şükr etmək və şad olmaq lazımdır.
O Həzrətdən edilən rəvayətdə belə bəyan olunmuşdur:
“Həqiqətən insanların sizə olan ehtiyacı Pərvərdigarın ne`mətlərindəndir ki, sizə göndərilmişdir. Bu ne`mətlərdən bezməyin və nigaran olmayın ki, intiqam kimi üstünüzə qayıda bilər.”
Şəhidlərin sərvərinin bu yolla gedən həqiqi davamçıları axtarırlar ki, çətinliyə düşmüş bir şəxs tapsınlar, onun qayğılarını aradan qaldırsınlar və ya bir möhtacın ehtiyacını ödəsinlər və beləliklə, təzə bir ne`mət əldə eləsinlər və ya bir mö`minin ürəyini şad etməklə Allaha minnətdarlıq etsinlər.
Fəzilət yolunun cəsurlarının rəhbəri, həqiqət aşiqlərinin sarvanı, azadlıq sevənlərin seyyidi və sərvəri İmam Hüseyn ibni Əli (əleyhissalam) buyurmuşdur: “Namazı çıxmaq şərtilə əməllərin ən üstünü-günah sayılmayan bir şeylə bir mö`minin gönlünü şad etməkdir”-deyən babamın buyurduğunun düzgünlüyü mənə sübut oldu, çünki bir gün bir qulam gördüm ki, çörək yeyirdi və yanında dayanmış bir itə də o qədər yemək verirdi.
Heç vaxt biçarələrin, yoxsulların yanından biganə keçməyən İmam Hüseyn (əleyhissalam) bu işlə maraqlandı və əhvalatı belə aydınlaşdırdı:
Hüseyn (əleyhissalam): Ey qulam, sənin bu heyvana bu qədər diqqət və yaxşılığının səbəbi nədir?
Qulam: Ey Peyğəmbər övladı, mən qəm-qüssəyə giriftar olmuş bir adamam. Bu heyvanı şad etmək və sevindirməklə öz şadlığımı əldə etmək istəyirəm. (Sonra əlavə etdi:) Mənim sahibim bir yəhudidir, onun əlindən azad olmaq istəyirəm.
Biçarələrin və yoxsulların ən mehriban pənahı olan və həmişə onların rifahına xüsusi diqqət yetirən Hüseyn (əleyhissalam) dərhal iki yüz dinar qızıl götürdü, qulamın müsəlman olmayan sahibinin yanına yola düşdü, ondan qulamı almaq istədiyini bildirdi.
Yəhudi kişi şəhidlərin sərvərini görən zaman o Həzrətin rəftarına və söhbətinə vuruldu. Ərz etdi: Ya Hüseyn, mən bu qulamı sənə bağışladım, bu bağı da ona verdim. Pulu da sizin özünüzə qaytarıram.
İmam Hüseyn (əleyhissalam) pulu qəbul etməkdən imtina etdi. Buyurdu: Mən onu sənə bağışladım və hədiyyə etdim.
Yəhudi dinarları qəbul etdi və sonra onları qulama bağışladı.
İslam qanununa əsasən qulam və onun bütün malları İmam Hüseyn (əleyhissalam)-a çatandan sonra, o Həzrət əvvəlcə o qulamı Allah yolunda azad etdi, sonra bütün malları da ona bağışladı.
Yəhudinin İmam Hüseyn (əleyhissalam)-ın bu böyüklüyünü görən və ərinin fədakarlığını müşahidə edən arvadı ərinin alicənablığını təqdir elədi, özünün nəzərə çarpacaq qədər çox olan mehriyyəsini ona bağışladı və islam dinini qəbul etdi.
İmamın bərəkətli qədəmləri səbəbilə bu gözlənilməz dəyişiklikləri görən yəhudi kişi o həzrəti tanıdı, onun yüksək məqamını dərk etdi və islam dinin qəbul etdi. Ondan əvvəl İslam həqiqətinə aşiq olmuş xanımını sevgilərə və ən`amlara qərq etdi.
ƏN BÖYÜK CİHAD. Hüseyn ibni Əliyyibni Əbi Talib (əleyhissalam) elə mücahid bir şəxsiyyətdir ki, fəzilətə, ədalətə məhəbbət, haqqı və həqiqəti müdafiə, din və şəriətin düşmənləri ilə mübarizə yolunda bütün varlığını qurban verdi, bütün azadlıq sevənlər üçün canlı, yaradıcı, əbədi, dəyərli bir məktəb yaratdı və şair demişkən: “Varlığının nəqdini verdi və cahanın varlığını bir yerdə aldı.”
Əsil aşiq odur ki, sevdisə, bütün varlığı ilə sevmiş olsun. O böyük rəhbər və böyük şəxsiyyətin mə`nəvi və ruhi mübarizələr, sə`ylər, əsəbləri kontrol etmək, heyvani istəkləri cilovlamaq, nəfsə və əhriməni xasiyyətlərə üstün gəlmək, şərəfli və nəfis insani ruhu çirkinliklərdən və qara niyyətlərdən saxlamaq və mühafzə etməklə əlaqədar həyat bəxş edən cəsurluq, rəşadət və şəhadət kimi maraqlı, cazibəli fikirləri və yaradıcı bir məktəbi vardır ki, öz həqiqi davamçılarına bilik və qüdrət bağışlayır, cəmiyyəti süqut və məhv olmaqdan xilas edir. Bundan sonra da Fatimeyi-Zəhranın oğlu Hüseyn ibni Əlini böyük mürəbbi və böyük rəhbər kimi tanımaq lazımdır. Bu mə`nəvi və ruhani məktəbi şəhadət və şəhamət ayini kimi canlı, fəal saxlamaq üçün ucadan danışmaq, başa-sinəyə vurmaq, bu dəyərli tə`limlərin maraqlananların və ardıcıllarının fikrindən çıxmasına, unudulmasına imkan verməmək lazımdır.
O Həzrətin özünün hesab edilən şe`rlərində şəhidlərin sərvəri dəfələrlə deyirdi:
“Əgər doğrudan da bədənlər ölmək üçün yaranır və böyüyürsə, onların Allah yolunda qılıncla öldürülməsindən gözəl nə ola bilər?”
O, həmçinin öz səadətini və xoşbəxtliyini din düşmənləri və zülmkarlara qarşı cihadda görürdü, bu amal və arzu ilə yanaşı, nəfsə qarşı cihadı və nəfsin istəkləri ilə mübarizəni müvəffəqiyyət və böyük cihad hesab edir və böyük babasından belə nəql edir:
“İnsanı günahlardan və Allaha itaətsizlikdən çəkindirmək yolunda, nəfsani istəklərə qarşı etdiyi cihad, cihadların ən böyüyüdür.”
DİNDARLAR AZDIR. Arzu və həqiqət arasında və ya obyektiv aləmlə düşüncə aləmi arasında məsafə, varlıqla yoxluq arasındakı məsafə kimidir və bu məsələ barəsində ən yaxşı me`yar məhz budur.
Bu geniş dünyanın hər yerində, hər təbəqə və qrup arasında iddia, arzu bazarı, həqiqət bazarından daha qızğındır və iddia, arzu meydanı həqiqət meydanından daha geniş olmuş və indi də belədir. “Oxşar fərdlərin hökmü həm icazə verilən (mümkün) və həm də icazə verilməyən (qeyri-mümkün) hökmlərdə eynidir” qanuna görə belə də olacaqdır.
Hərçənd işin başlanğıcında istəkləri və arzuları real hesab etmək mümkündür və hətta istək sahibinin özü də özünün heç, puç olduğunu bə`zən bilmir, lakin zaman keçdikcə hadisələr, ictimai-siyasi dəyişikliklər, enişlər-yoxuşlar bu fasiləni müəyyən edir.
Hadisələrin həqiqətində bir məhək daşı (etalon) vardır ki, onda dəyərlərin xalis ə`yarı aşkar olur və hər iddiaçının istəyinin dəyərini onun özünə anladır, bə`zən onu başıuca və bə`zən də başıaşağı, xəcil edir. Yaxşı olar ki, təcrübə məhəki ortalığa gəlsin ki, saxtakar olan kəsin üzü qara olsun.
Buna görədir ki, ağıllı, başa düşən və mə`lumatlı adamlar nəinki başqaları barədə, hətta özləri barədə də tələsik hökm çıxarmırlar, ictimai hadisələri və siyasi dəyişiklikləri izləyir və diqqət yetirirlər ki, bu hadisələrdən quru çıxa bilsinlər. Çünki, çox insanlar uzun müddət dostluq, məhəbbət və aşiqlik iddiası etmişlər, lakin öz mə`şuqları yolunda bir tikanın ağrısına dözə bilməmişlər və özlərini zəlillik girdabına salmışlar.
Bu qrupun müqabilində elə insanlar olmuşlar (və indi də vardır) ki, cəmiyyətdə hesaba alınmırlar və xalq kütlələri onları tanımırlar, lakin hadisələrin qarşısında və kamal yolunda dağ kimi tərpənməz dayanmış, heç bir tikandan, çətinlikdən qorxmamış, nəinki səadət axtaran və həmişə hərəkətdə olan karvandan geri qalmış, hətta cəmiyyətin səadətə qovuşmaq yolunun sarvanı da olmuşlar.
Qur`ani-Kərim cəmiyyətin bu iki müxtəlif simasını bizim üçün müxtəlif şəkillərdə bəyan etmişdir: Birinci qrupu köksüz, natəmiz ağaclara, ikinci qrupu isə sabit və köklü ağaclara bənzətmişdir.
Həmçinin birinci qrup haqqında belə buyurmuşdur:
“İnsanların bir qrupunun itaətkarlığı bir söz (məsələ) üzərindədir və o da maddi məsələdir. Əgər Allaha pərəstiş yolundan onlara bir xeyir gəlsə, ürəkləri sakit və aram olur. Əgər onlara bir çətinlik və ziyan dəysə, dindən üz döndərər və geri çəkilərlər. Sabit iradəsi olamayan adamlar bu dünyada və axirətdə ziyankardırlar və böyük ziyanları aşkardır.”
İkinci xüsusiyyətə malik olanlar haqqında belə buyurmuşdur: Mö`minlər İslam İnqilabına zidd partiya və qruplarla üz-üzə gələn və onların bə`zi və`dələrini görən zaman dedilər: “bu, həmin vəziyyətdir ki, Allah və Onun elçisi onu bizə müjdə vermişdir. Allahın və Peyğəmbərin və`dəsi doğrudur.” Və bu mənzərə və vəziyyət nəinki onları süstləşdirdi, hətta onların imanını artırdı, iman gətirənlərin və onların ardınca gedənlərin vəfadar, mərdi-mərdanə, sədaqət və məhəbbətlə işlədiklərini gördülər. Onların bə`ziləri şəhid olub öz arzularına çatdılar. Bə`zi başqaları Allahın çöhrəsinin, şəhadətin yüksək məqamına çatmaq və özlərinin al-qanlarına qəltan olmaq intizarını çəkmək üçün növbəyə dayandılar, o günü gözləməyə başladılar. Lakin hər halda Allaha və Peyğəmbərə olan bağlılıq, iman və məhəbbəti heç bir amil və heç bir məqamla dəyişmədilər və möhəm dayandılar. Mö`minlər içərisində elələri də var ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar verdikləri sözü əsla dəyişməzlər.”
Bu barədə də şəhidlərin sərvəri, cəsurların rəhbəri, Rəsuli Əkrəmin nəvəsi, rəşadətli Əlinin və Zəhranın (əleyhimussalam) övladının məktəbinə baş vuraq, onun ürəyəyatan və yaradıcı sözlərindən bir incəlik öyrənək.
O Həzrətin yol yoldaşları eşq və aşiqlik yolunda uzun və uzaq mənzillər qət etdilər, lakin siyasi dəyişikliklər və hadisələr onların bə`zilərinin əhval-ruhiyyəsində əks tə`sir buraxdı, onları dil dostu kimi tanıtdı, şəhadət və səadət süfrəsinin başında oturmaqdan məhrum etdi.
Amma başqa bir dəstə İmam Hüseyn (əleyhissalam)-ın hamıya qayıtmaq icazəsi verən, azadlıq bəxş edən sözləri müqabilində sözə qüvvət bəxş etdi, eşqi və aşiqliyi kamal dərəcəsinə çatdırdı və atəşin kəlmələr söylədi.
Bu mənzərə və qanlı səhnə onların imanını artırdı. Onların sözləri məqtəl kitablarında, habelə “Ədəbul-Hüseyn” kitabında müfəssəl bəyan olunmuşdur ki, Hüseyn (əleyhissalam)-a könül bağlayanlardan Hilal ibni Nafe adlı birisinin sözlərinə işarə edirik: “Ya Hüseyn! Biz öz Pərvərdigarımızın görüşündən ikrah etmirik, öz niyyət və məqsədimizdə möhkəmik, rəhbər seçməkdə öz fikir və düşüncəmizdə yanılmamışıq.”
Bə`zi tarixlərdə belə göstərilmişdir: “Ey Peyğəmbər oğlu, biz bəsirət və agahlıq üzündən sənin ardınca gəlmişik, öz Allahımızla görüşdən də narazı deyilik.” İmamın dostlarının buna bənzər və ya bundan daha maraqlı sözləri nəql olunmuşdur.”
Bəli, sırf iddiaçılardan başqa bir şey olmayan, cəlal, vəzifə tamahı ilə yola düşən, Kərbəlanın qanlı inqilabından su, çörək, şöhrət, ad-san axtaran bir dəstə də bu alçaq arzularına və maddi məqsədlərinə çatmaqdan naümid olan zaman, İslam Peyğəmbərinin oğluna kömək etməkdən əl çəkdilər, hətta öz məktublarının altına imza atdılar və ya bitərəflik göstərməklə Zəhranın oğlunun al qanının tökülməsində iştirak da etdilər.
Belə bir məqamda şəhadət məktəbinin, Kərbəlanın qanlı inqilabının əsasını qoyan, cəsurların sərvəri, Allah aşiqlərinin sarvanı Hüseyn ibni Əli (əleyhissalam) öz dolğun fikirlərini bəyan etdi və belə buyurdu:
“Həqiqətən insanların çoxu dünyanın, (sərvətin) qulları və onun mətahına könül verənlərdir və o vaxta qədər ki, həyatları xoş keçir, dinə bağlılıq və əlaqə göstərirlər, lakin çətinliklərlə sınandıqları zaman dindarların sayı azalır.”
QALİB QƏHRƏMANLAR. İnsan övladı dünyaya göz açdıqda azacıq qabiliyyətlərindən başqa heç nə nəyi olmur; nə bir iş bilir, nə bir yol tanıyır. Yaşlı adamların bütün silahlarından, hiylə və kələklərindən yalnız ağlamağı, onu da göz yaşı tökmədən ağlamağı bacarır; Hay-küy edir, eşidənləri öz köməyinə çağırır ki, onu çətinlikdən də ya məhv olmaqdan xilas etsinlər.
“Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz halda çıxartı. Sonra sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükr edəsiniz.”
Amma meymunların, dovşanların və donuzların balalarına elə anadan olduqları və dünyaya gəldiklərinin birinci günü, qaynayıb coşan təbiət, həyat fəndləri öyrətdi və onlar düşməni, məkanı və zamanı tanıyıb bilən olurlar.
Ancaq yaranmışların ən şərəflisi, cənab Adəm (ə) övladı bu cür zəruri təbii məsələləri öyrənmək üçün təbiət və təkamülün qapısı arxasında səf bağlayıb dayanmalı, həyat əlifbasını, cahanın yıxılıb durmaq işlərini az-az öyrənməlidir.
Bu dəqiqliyə və dərin ibrət dərsinə malik Yaradanın kamil hikmətinin və yetkin dəlilinin əksinə olaraq, puç beyinlilər, fəlsəfə quraşdıranlar və nəzəriyyəbazlar insan və insan övladı ilə inək, uzunqulaq, meymun, pişik, çaqqal, dəvə, ilan, balıq, qarğa-quzğun arasındakı sərhəddi bir-birindən ayırmaq və hər qrupun təkamül yolunun Onun (Allahın) tərəfindən müəyyənləşdirlidiyini qəbul etmək istəmirlər. Hərçənd dünyanın bütün mövcudatı və Yaradının yaratdıqları quyruqlu, caynaqlı, uçan, otlayan, sürünən, yeyən, qaçan, yeriyən, xülasə, hamısı, əzəli karxanadan “kun fəyəkunu” (ol) düyməsi (əmri) vasitəsilə kamil hikmət və tam bir nizamla çıxmışdır ki, bu qəribə karxananın məhsullarından və istehsal etdiklərindən biri insandır. İndiyə qədər ən böyük ağıllar rəmz və mö`cüzələrlə dolu bu dəsgahın sirlərinə vaqif olmamış və onun Yaradıcısını olduğu kimi tanımamışdır. Amma dəqiq işlər, zərif, müxtəlif xilqətlər, bütün varlıqda müşahidə olunan, hesablanmış hər nizamdan daha dəqiq nizam-hamısı bir ağızdan deyir:
“Yaranmışların ən gözəlini yaradan Allaha eşq olsun!” Ərəblər Onu “Allah”, (farslar isə “Xuda”, yə`ni “Özü gəlmiş”) deyə adlandırmışlar. Onu heç kəs yaratmamış və gətirməmişdir. Lakin bu cümləni də artırdılar: “Allahu əkbər” və nəhayət dedilər: “Ona bənzər bir şey yoxdur!” Onu hər təsəvvürdən və kamaldan daha üstün bildilər və Onun əzəmətinə münasib heç bir kəlmə və istilah tapmadılar və dedilər:
“Ey xəyaldan, ölçüdən, güman və düşüncədən,
Bütün deyilənlərdən, eşitdiklərimizdən və oxuduqlarımızdan üstün olan!
Məclis tamam oldu, əmr sona çatdı.
Biz eləcə Sənin vəsfinin əvvəlində qalmışıq (dayanmışıq).”
Yaxşısı budur ki, bu barədə az danışaq və yaradılmışların ən böyüyünün ən böyük kəlamından, yə`ni əqli-küll və külli-əql olan islam Peyğəmbərindən söz açaq ki, belə buyurmuşdur:
“Sənə layiq olan mə`rifət qədər Səni tanımadıq, Sənə layiq olan ibadət qədər ibadət etmədik.”
Və insanlar da cahanın Yaradıcısı və böyük Tanrısı barədə o Həzrətdən hər nə soruşdularsa, Allahın əmri ilə qısaca belə cavab verdi ki, cəmisi dörd cümlədən artıq deyildir, ancaq onda hər şey var.
“De: Allah birdir, O, ehtiyacsızdır, nə doğmur, nə doğulmayıb, Ona bərabər, tay heç bir kəs yoxdur.”
Hər halda heç nəyə ehtiyacı olmayan, misilsiz və bənzərsiz olan Allah bu qəribə insanın, həddi-hüdudu olmayan yaradıcısı və bu danışan mö`cüzəsinin səbəbkarıdır ki, onunla başqa canlılar arasındakı sərhəddi və fasiləni heç bir şübhə və tərəddüdə yer qoymadan ayırmışdır; onun inək, quş, balıq və xüsusən meymunla heç bir qohumluğu yoxdur.
Yoxsa insan övladları da Darvinin əqidəsinə görə öz əmi uşaqları sayağı (meymunlar kimi) doğulan kimi qaçmalı, yol getməli və anasının dalına minməli, güləşmək, düşməndən qaçmaq, gələcəkdə ehtiyacları olacaq sudan, oddan, müharibədən və münaqişədən, (istifadə etmək) fəndlərini öyrənməli idilər ki, heç olmasa yeməklərini kəsafətlə qarışdırıb səhv salmasınlar. Bir ailənin fərdlərində bütün bu qədər fərq və ayrı-seçkilik olmazdı. Məgər insan övladı nə günah etmişdi və təbiətin hansı atasını gordan çıxarmışdı ki, onu meymundan törəyənlərdən daha irəli çəkmək əvəzinə, daha da geri qoysun?
Lakin aydındır ki, təbiətin təkamül qanununda ayrı-seçkilik yoxdur, ortalıqda qohumluq, yaxınlıq yoxdur, hər növ məxluq bir kamal-ləyaqət üçün yaradılmış və hər kamalın-ləyaqətin də özünə məxsus yolu vardır.
Hər halda, bu insan övladları müəyyən bir iste`dada, qabiliyyətə malikdir və doğularkən hər şeydən xəbərsiz və tam cahil olan o, o qədər də uzun olmayan bir vaxtdan sonra gözü, qulağı, hər şeydən daha çox əqli və düşüncəsi vasitəsilə həyatın enişli-yoxuşlu yollarından necə xətər dolu təpələri bir-birinin dalınca arxada qoya, çətinliklərlə və maneələrlə döyüşə, yırtıcılarla çarpışa, sürünənlərlə əlbəyaxa olmağa qalxa bildi? O, təkcə maneələri öz yolu üstündən götürmədi, öz düşmənini meydandan qovub çıxarmadı, hətta böyük-böyük qüdrətləri cilovlaya, hər fürsətdən istifadə edə, hər mövcudatdan bəhrə götürə və qəhrəmanlıq nişanını qazana bildi.
Qur`ani Kərimdə insan, adam və bəşər adlandırılan bu iki ayaqlı, iki gözlü və iki qulaqlı varlığın İranın 2500 illik tarixində fars dilində hələ xüsusi bir istilahı (adı) yoxdur.
İnsan həyatın ilk günlərində ən adi məsələlərə bələd deyildi, onları heyvanlardan öyrənirdi: hətta öz qardaşının cəsədini dəfn etməyi qarğadan öyrəndi. Bəlkə toxuculuğu hörümçəkdən, ov etmək tərzini pişikdən, nəvazişlə sevməyi göyərçindən, musiqini gözəl bülbüldən, yaxud bəlkə də uzunqulaqdan öyrəndi. Bu gün isə o, elə güclü və qüdrətli olmuşdur ki, təbiətin əksər hadisələrini idarə edir, öz müəllimlərinə də artıq əhəmiyyət vermir, irəli gedir ki, hamının əlini arxasında bağlasın, heyvanların gözəl nəslini məhv etsin, dəryaları, səhraları, ətraf mühiti elə çirkləndirsin və nəhayət, yer üzünü uçan, yırtıcı və otlayan heyvanlardan boşaltsın və özü uzunqulaqların, itlərin, pişiklərin, çaqqalların və adamyeyənlərin canişini olsun və Peyğəmbərlərin də zəhmətlərini hədər etsin.
Lakin bu ikiayaqlı və qüdrətli varlıq özünün dənizlərdə və fəzalarda hökmranlıq edən, bütün göz qamaşdıran və heyrətdoğuran qələbələrinə, qələbə qəhrəmanı kimi tanınmağına, bütün cəbhələrdə meydandan zəfərlə çıxmasına baxmayaraq, təəssüf, bir mübarizədə həmişə məğlubiyyətə uğramışdır və bu da nəfsin həvəsi, heyvani istəklər, özünüsevmək və özünübəyənmək təhlükələrindən ibarətdir. Adamların əksəriyyəti bu mübarizədə uğurlu fəaliyyət göstərməmiş, əksinə, heyvani meyllərin, pis əhriməni sifətlərin, qəzəbin və yırtıcılığın müqabilində bərk sınmış, məğlub olmuşdur.
Çoxlu adamlar vardır ki, ağır daşları yerdən qaldırmış, dünya çempionu adı qazanmışlar, amma bir kaman qaşlının, bir dilbərin və ayüzlünün qıyqacı baxışı müqabilində elə əyilmiş, alçalmış, kiçilmiş və qəlbini əlindən vermişdir ki, ayağa qalxmağa belə qüvvəsi olmamışdır.
Bə`zən qüdrətli və qadir adamlar keşməkeşlərdə, müharibə və döyüşlərdə düşmən qarşısında bir dağ kimi möhkəmdirlər. Ancaq həmin adamlar başqalarının qəzəbi, şəhvəti, çirkin söz və rəftarı kimi, fəzilət və mə`nəviyyat düşmənlərinin müqabilində, bərk əsən külək qabağında saman çöpü kimi olmuşlar ki, indi onlardan heç bir əbədiyyət nişanəsi tapılmır.
Bəli, çox az adamlar tapmaq olar ki, bütün bu səhnələrdən, döyüşlərdən, ruhi və mə`nəvi mübarizələrdən ilahi peyğəmbərlər və onların həqiqi ardıcılları kimi qalib, fateh və başıuca çıxmış və özünü heç vaxt heyvani istəklərə, nəfsini hava-həvəsə təslim etməmiş, qəzəb əsiri olmamışlar.
Necə gözəl olardı ki, bu həssas və asimani mövzuda da əziz Zəhra (əleyha salam)-ın qəlbinin parəsi və Kərbəla şəhidinin evinə baş çəkək, azadlıqsevənlərin mə`nəvi qəhrəmanlıq, insani güzəşt və səxavət nümunələrindən söhbət açaq, onun bu məktəbinin davam etdirilməsi və əbədi olaraq qalması üçün də çalışaq, heç olmasa bir dəfə də olsa bu əxlaqi düşüncələri, görüşləri öz ictimai həyatımızda tətbiq edək, Hüseynin dostluğu və şəhidlər sərvərinin görüşləri yolunda bir addım ataq və onun dediklərini əməldə və işdə yerinə yetirək.
Unutmayaq ki, “halva-halva deməklə ağız şirin olmaz”, deyiblər. Peyğəmbərlik məqamına bəslədiyi ədavət və düşmənçilik üzündən o Həzrətin əmisi Həmzənin ciyərini dişləri altına salan və buna görə “ciyəryeyən” ləqəbi qazanmış Hindin oğlu Müaviyə ibni Əbisüfyan məktəbinin şagirdlərindən Əsam ibni Mustəliq adlı bir kişi vardı. Xülasə, Həzrət Mühəmmədə və onun xanədanına belə bir şəxsin məktəbindən ədavət və düşmənçilik dərsi öyrənmiş Əsam Mədinə şəhərinə varid oldu. Birdən Əliyyibni Əbi Talibin rəşadətli övladı və Fatimənin qəlbinin meyvəsi olan əziz Hüseynə rast gəldi. Bu görüş qəflətən baş verdi. Əsam bunu heç gözləmirdi də.
Əsam ibni Mustəliq deyir: Hüseyni görəndə onun gözəl siması və görkəmi məni heyrətlənməyə və təəccüblənməyə vadar etdi. Lakin onun atasına qəlbimdə bəslədiyim qəzəb, kin və ədavət hissi dərhal üzə çıxdı, hərəkətə gəldi və mən belə dedim: “Sən Əbu Turabın oğlusan?”
Hüseyn: “Bəli”-dedi və Əsam ədavətini büruzə verməkdən özünü saxlaya bilməyib cəsarətə gəldi, İmam Hüseynə və onun əziz atasına qarşı hörmətsizlik göstərdi. Lakin şəhidlərin sərvəri nəinki intiqam hissilə coşmadı, hətta çox mərdanə bir rəftarla düşməni elə utandırdı və məğlub etdi ki, bu, heç bir silahla müyəssər olmazdı.
Düşmənin öz dilindən belə oxuyuruq: “Hüseyn mənə sarı elə bir nəzər saldı ki, ondan mehribanlıq və şəfqət yağırdı, mübarək simasında heç bir qəzəb və acıq nişanəsi görünmürdü və bu ayəni təlavət etdi:
“Qovulmuş şeytandan Allaha pənah aparıram: Sən əfv yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər. Əgər sənə şeytandan bir fəsad toxunsa, Allaha pənah apar. Şübhəsiz, Allah eşidən və biləndir. Allahdan qorxanlara, təqvalı olanlara bir (zərər) toxunan zaman, onlar işin həqiqətini xatırlayıb düşünər və dərhal (gözləri açılar) görən (bəsirətli) olarlar.”
Bundan sonra şəhidlərin sərvəri şamlı bir kişiyə xitab edib belə buyurdu:
“Ey kişi, sən işini asanlaşdır, yüngülləşdir və tələbkar olma. Allahdan özüm və sənin üçün bağışlanmaq və rəhm diləyirəm. Əgər köməklik istəyirsənsə, sənə köməklik edərik; əgər maddi köməklik istəmiş olsan, sənə verərik. Yol göstərmək və böyüklük etməyimizi istəsən, sənə yol göstərərik.”
Aydındır ki, bu cür əxlaq və böyüklük hər bir hədə-qorxudan, silahdan daha güclü və daha tə`sirli olacaqdır. Düşməni mümkün qədər tez məğlub edib təəssüflənməyə və peşmançılığa vadar etmək lazımdır.
Belə ki, şamlı kişi bu cür hiss keçirdi, qiyafəsində xəcalət və utanmaq nişanələri göründü.
Şamlı kişi deyir:
 “Hüseyn mənim üzümdə utanmaq, xəcalət, təəssüf və peşmançılıq əlamətləri gördü, lakin dərhal elə bir ayə oxudu ki, mənim qəlbimə sakitlik bəxş etdi. O, belə dedi:
“Bu gün sizə qorxu və çətinlik yoxdur. Allah sizi bağışlar və O, hər mehribandan daha mehribandır.”
Sonra belə buyurdu: Ey kişi, sən Şam əhlindənsən?
Əsam: Bəli, şamlıyam.
Həzrət: Hələ Əxzəmdən mən bu köhnə adəti bilirəm. Bu elə bir xislətdir ki, onu sizin ata-babalarınızın Peyğəmbər xanədanına olan münasibətindən bilirəm. (Sonra əlavə etdi:) Allah bizi və səni saxlasın, ey kişi. Qorxmadan, çəkinmədən istəklərini və çətinliklərini ətraflı şəkildə bizə danış və mən ən yüksək səviyyədə güman və ümid edirəm ki, istədiyinə nail olacaqsan, inşallah.
Şamlı kişi Qur`anın ali tə`limatlarından biri olan bu əxlaqi gözəllikdən və görüşdən o qədər mütəəssir oldu, heyrətə düşdü və dedi: Geniş dünya gözümdə elə daraldı ki, çox istədim torpaq öz ağzını açsın və məni udsun. Lakin böyük bir xəcalət və utancaqlıq hissi ilə İmam Hüseyn (əleyhissalam)-dan uzaqlaşdım. Elə halda idim ki, indi mənim üçün ondan və onun atasından daha sevimli bir kəs yox idi.
Qabaqcıl dünyanın geniş və təchiz olunmuş sənət və peşə tə`limlər təşkilatı hər sahədə görkəmli qəhrəmanlar yetişdirmiş və nümayiş etdirmişdir. Lakin o proqramlarla kamalda, insani kəramətdə, ruhi, mə`nəvi fəzilətdə, asimani və ilahi irfanda peyğəmbərlər və onların həqiqi ardıcılları kimi bir şəxs yetişdirib cəmiyyətə təqdim etməmişdir və edə də bilməyəcəkdir ki, əfvi intiqamdan, ədaləti hər bir məqamdan daha çox sevsin. Bu cür tə`limləri yalnız Allahın böyük peyğəmbərlərinin məktəbində, xüsusən sonuncu Peyğəmbərin Qur`ani-Kərimində öyrənə bilərik.
Bu deyilən mətləbləri daha da kamilləşdirmək üçün İmam Hüseyn (əleyhissalam)-ın böyüklüyünün nur aldığı bir neçə ayəni burada veririk:
“Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi yaxın bir dost kimi görərsən. Bu xislət yalnız səbr edənlərə verilir və yalnız böyük qismət sahiblərinə əta olunur.”
CƏMİYYƏTİN QORXULU DÜŞMƏNİ. İnsan və cəmiyyət üçün yoxsulluq və ehtiyac qorxulu və öldürücü xəstəlik kimidir ki, ona mübtəla olanların qüvvətli imanları olmasa, onları hər an məhv etmək, küfr və allahsızlıq həddinə çatdırmaq imkanına malikdir. Din böyüklərinin sözlərində deyildiyi kimi: “Yoxsulluğun küfrə gəlib çıxmasına az qalır.”
Əliyyibni Əbi Talib (əleyhissalam)-ın dürr kimi sözlərindəndir:
“Agah olun ki, yoxsulluq və ehtiyac bəlalar sırasındandır.”
Bu qısa ifadədən, din rəhbərlərinin yüzlərlə başqa bəyanlarından həyatın tə`min olunmasının, cəmiyyətin və fərdin iqtisadi əsaslarının gücləndirilməsinin, yoxsulluqdan və dilənçilikdən gələn zərər, xətər və onunla mübarizənin əhəmiyyəti tamamilə aydın olur.
Yoxsulluqla və ehtiyacla mübarizə yoxsulun, dövlətin və dövlətlinin özünün vəzifəsidir. Bu üç təbəqə bu xəstəliklə mübarizə aparmalıdır ki, cəmiyyət və ayrı-ayrı fərdlər ondan gələn bəlalardan hifz olunsun.
Lakin kasıbın və ehtiyac içində olanın özü iş, fəaliyyət və qənaət vasitəsi ilə bu xəstəliyin şiddətlənməsinin qarşısını almalıdır. Fərdin və cəmiyyətin yoxsulluğu və möhtac olmasının tə`sirli amillərindən sayılan arsızlığı, işsizliyi və ya az işləməyi özündən uzaqlaşdırmalı, yaşayışın müxtəlif sahələrində yeməkdən, içməkdən, xülasə hər şeydən qənaətlə istifadə yolu ilə getməli və beləliklə, yoxsulluğun, ehtiyacın və zillətin doğurduğu çətinliklərin qarşısını almalıdır:
Hədisdə deyildiyi kimi: “Qənaət edən yoxsul olmaz.”
Lakin dövlətin vəzifəsi budur ki, xalqın həyatının ilkin, zəruri tələbatının ödənilməsinə ciddi diqət yetirsin, millətin adam başına gəlirinin bütün sahələrdə və bütün təbəqələri arasında artırsın, yersiz əyyaşlıq, eyş-işrətdən və zinət şeyləri toplamaqdan, zəruri olmayan əyləncələrlə məşğul olmaqdan və ya xüsusi təbəqə və qruplara üstünlük verməkdən çəkinsin, hamının mənfəət götürə biləcəyi müəssisələrdə iş yeri açmaq və ya hamının kəsbkarlıq etməsinə aid proqramları həyata keçirsin. Birinci növbədə ölkənin bütün məntəqələrində xalqın su, çörək, mənzil, sağlamlıq və tə`lim-tərbiyəsini tə`min eləsin. Gərəksiz və faydasız heykəllər qoydurmaqdan çəkinsin, dünyadan göçüb getmiş bir şairin qəbrini tə`mir etdirmək və ya sümükləri belə çürümüş bir qəhrəmana həddindən artıq ehtiram göstərmək əvəzinə, sağ şairləri və qəhrəmanları yoxsulluqdan və ya çətinlikdən xilas etsin, kamil şairlərin və dindar sənətkarların yetişməsinə çalışsın, onların qanadlarına daha çox azad uçmaq imkanı versin ki, təbii iste`dadlar və ilahi qabiliyyətlər daha layiqli şəkildə açılıb çiçəklənsin.
Xülasə, dirilərin dərdinə qalsın, zülm görmüş millətinin ürəyinin qanını bihudə bayramlara, əcnəbiləri və xariciləri qarşılamağa sərf etməsin.
Hər hökumət bilməlidir, başa düşməlidir ki, xaricilər İranın və iranlının dərdinə yanmayacaq. Atalar demişkən, qurdun balası axırda böyüyüb qurd olur. İsrail, sionistlər və Amerika müşavirləri bizim məmləkətin müstəqilliyini əsla istəmirlər, hətta öz sənətini, elmi bilik və təcrübələrini belə, bir iranlıya öyrətməyə razı deyillər. Hər şeydən əvvəl öz siyasi, maddi məqsəd və mənafelərini nəzərdə tuturlar və onların işlərinin mahiyyəti bundan başqa bir şey deyildir.
Dövlətin və hökumətin öhdəsinə düşür ki, siyasi və idari qəbulların həcmini azaltsın, kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirməyə, cəmiyyətin elmi və mədəni səviyyəsini yüksəltməyə çalışsın, öz məqamını bağ, imarət və sarayları ilə gözə soxmasın.
İran diktatura rejiminin 2500 illiyi bayramında İrana varid oldum. Neçə il idi ki, İrandan uzaqda idim. Lakin burada elə mənzərələrlə qarşılaşdım ki, o günə qədər hətta Avropa ölkələrində də görməmişdim. Qum şəhərinə uzanan yol boyunca o qədər zinətləndirilmiş, şəkillərlə, portretlərlə bəzənmiş qələbə tacları, bağışlayın, nifrət tacları, şirlər, çaqqal quyruğu, zürafə, inək, qartal şəkilləri vurulmuş meydanlar var idi ki, onların puluna İranın sitəm görmüş milləti üçün yüzlərlə mənzil, məktəb və ya apteklər tikdirmək olardı.
Kuruşdan tutmuş axırıncı cinayətkarlar sırasına qədər dər-divara, taxtaya, daşa, maşınların arxasına, təyyarələrə, mehmanxanalara, restoranlara, karxanalara, hamamlara, məscidlərə, kilsələrə, hətta tualetlərə, vağzallara, doğum evlərinə, içməyə suyu, yeməyə çörəyi, çimməyə hamamı, ayaqyolusu belə olmayan kənd və qəsəbələrə milyardlarla şəkil və plakatlar vurulmuşdu. Şəkillər və plakatlar hər şeyin yerini tutmuşdu. Bu ədalətsizliklərdir və bir gün vulkan kimi millətin ağzından püskürəcək və onların yerində viranələr yaradacaqdır.
Amma dövlətlilərin də vəzifəsi budur ki, kasıbların şər`i hüquqlarını və səhmlərini onlara versinlər və bu yolla xalqın bir hissəsinin həyatının ehtiyaclarını (ola bilsin onların özündən asılı olmayan hadisələr üzündən yaranmış işsizliyin, arsızlığın və israfçılığın nəticəsində) aradan qaldırsınlar, həyatın çətinliklərini və ağırlıqlarını onların çiyinlərindən götürsünlər. Xülasə, onların əzablarına və çətinliklərinə şərik olsunlar və bilsinlər ki, Allah bu dünyada və axirətdə onlara bu yolda xərclədiklərindən daha çox verəcəkdir.
Bu məsələdə də şəhidpərvər, şəhidlər sərvəri Hüseyn ibni Əli (əleyhissalam)-ın məktəbinə baş vuraq, Peyğəmbər xanədanının fəzilət xırmanından bir sünbül qoparaq.
İmam Hüseyn (əleyhissalam) öz babasından belə rəvayət etmişdir:
“Hər kəs müsəlmanların işinin fikrini çəkməyən bir halda sübh etsə, müsəlmanlardan deyil.”
Özünün başqa bir hədisində belə buyurmuşdur:
“Hər kəs öz din qardaşı üçün yaxşı bir iş görsə, onun əvəzini sabah (Qiyamət günü) alacaqdır.”
TƏMİZ VƏ NATƏMİZ QƏLƏMLƏR. Bəşər həyatının tarixi boyunca heç bir ağıllı adama qələmin və yazının dəyəri gizli qalmamışdır. İndi də elmli və dünyagörüşü olan adamların yanında təmiz qələmlər hörmət və izzət zörvəsindədir.
Həqiqətən də dəyərli qələmlər keçmiş nəsillərin nəsihətlərinin mühafizi onların əməllərinin, rəftarlarının bəyanedicisi, müxtəlif şəxsiyyətləri nümayiş etdirən və cahanı göstərən bir camdır ki, bizdən əvvəl dünya səhnəsini siyasi ehtirasların döyüş meydanı və ya öz fikri-mə`nəvi aləmlərinin aynası saymış, bəşəri hadisələri tarixin səhifələrində təcəssüm etdirmişlər.
Dəyərli qələmlər doğru yol göstərənlər kimidir ki, ölçülü-biçili və münasib işarəsi və hərəkəti ilə rahatlıq, səadət və xoşbəxtlik yolunu göstərir, aşkar və ehtimal olunan xətərləri də müəyyən edir və ya bir səfirə bənzər ki, zaman və məkan fəsilələrindən bəşərin bir-birini əvəz edən nəsilləri üçün keçmiş nəsillərin sərgüzəştlərini ərməğan kimi çatdırır, onların xatirələrini canlı və əbədi yadigar kimi saxlayır.
Lakin hər qələmin, yazının dəyəri və qiyməti onun paklığının, dəqiqliyinin və əhatəliliyinin qədərincədir. Əgər bir yazıçının qələmi ədalətli, düz yazan və realist olsa, yazısında həqiqətlər təsvir edilsə, cəmiyyətin islahında onun tə`siri daha artıq, davamiyyəti və sabitliyi daha çox olacaqdır.
Əksinə, ədalət və həqiqət yolunun xilafına hərəkət eləyən, tarix səhifələrini bu istiqamətdə qaralayan qələmlər zəhərli neştərlər kimidir ki, cəmiyyətin vücuduna batır, onu zəhərləyir və tədricən yoxluğa sürükləyir, insanların fikrini doğru yoldan sapdırır, səadət və təkamüldən geri qoyur. Onun xoşagəlməz tə`sirləri çox vaxt bir nəsildən başqa nəslə keçir, milləti tarixi həqiqətlərdən və həqiqi kamillikdən uzaqlaşdırır.
Bu qeyd olunan məsələlərə diqqət yetirməklə yanaşı, onların ən böyük məs`uliyyəti, ən mühüm vəzifəsi həqiqətləri və əsil hadisələri göstərməkdən, cəmiyyəti cəhalətdən və nadanlıqdan təmizləməkdən, düzgün tərbiyə və baxış istiqamətini göstərməkdən ibarətdir. Məhz belə qələmlər hörmətə və and içilmək ləyaqətinə malikdirlər. “And olsun qələmə və yazı vasitələrinə” sözləri doğrudur və Allah yolunda şəhid olanların və döyüşənlərin qanından üstündürlər.
Təəssüf ki, bizim əsrimizdə yazıçılıq öz əsil yolundan kənara çıxmış və öz həqiqi vəzifəsini yerinə yetirməkdə aciz olmuşdur. Qeydsiz-şərtsiz mədhiyyələr kimi, bir çox mövzularda yolunu sapmış, ictimai fəsadlarla həmahəng olaraq sür`ətlə öz fəaliyyət dairəsini artırmışdır, onun ticarət və fəsadlar marağı başqa məziyyətlərindən qabağa düşmüşdür.
Bu qəbildən olan yazıçıların həqiqəti yazmaqla işi yoxdur, insanın ali tərbiyəsini və islam mədəniyyət səviyyəsini yüksəltmək fikrində deyillər. Onlar həqiqətdə tacirlər və sövdəgərlərdir ki, xüsusi bir məharətlə al-əlvan və cazibəli ağızları kitab şəklində bazara çıxarır və şəkildə, rəngdə, məzmunda və sairədə elə cəhət və üsullara riayət edirlər ki, mə`nəvi xeyir, həqiqəti söyləmək və hadisələri bəyan etmək əvəzinə, daha çox maddi mənfəət götürsünlər. Başqa sözlə desək, əlində qələm olan bu dəstənin sə`y və çalışmağının məqsədi Allahı və vicdanı sevindirmək deyil, insanların razılığını (sevgisini) qazanmaqdır.
Gözəl zövqlü bir yazıçı aylarla vaxt sərf etməklə maraqlı, cəlbedici, yalan və sün`i şeylərlə dolu bir kitab yazıb xalqın ixtiyarına verir, ona gözəl bir islami ad da seçir, özü də mənfəət axtarmaq prinsipi üzərində qurulmuş bir müəssisə və ya nəşriyyat da ondan istifadə etmək üçün geniş təbliğata başlayır, ancaq o kitabın əvvəlindən axırına qədər müsəlmanların Qur`anından bir ayə və ya İslam Peyğəmbərindən bir rəvayət də yoxdur, əgər varsa da, kitabın həcmi müqabilində elə bir şey deyildir, ancaq şərqin və qərbin müsəlman olmayan alimlərinin nəzəriyyələri barədə o kitabda çoxlu səhifələr yazılmışdır, sanki onu İslamla, onun ali tə`limləri ilə tanış olmayan və ya ayələrdən və rəvayətlərdən bəhrələnməmiş bir xarici qələmə almışdır.
Mən heç vaxt deməmişəm və indi də demirəm ki, başqalarından bilik öyrənmək olmaz, elm dalınca Çinə qədər getmək lazım deyil və ya bilik əldə etmək, mə`lumatının səviyyəsini yüksəltmək üçün okeanların dibinə baş vurmaq, elmlərin, fənlərin və peşələrin müxtəlif sahələrində və ya müsəlman olmayanların təcrübələrindən bir şey öyrənmək lazım deyil. Necə ola bilər ki, bir kəs belə sözlər danışsın və ya öz beynində belə fikirlər yaşatsın? Halbuki, bizim uca məqamlı və həqiqi rəhbərlərimiz buyurmuşlar: “Elm və hikmət mö`minin itirdiyidir ki, həmişə axtarır, harda tapsa, əldə edər.”
Buna görə elm və bilik öyrənmək üçün hədd, sərhəd və ya yaş şərtlərini nəzərə almaq olmaz. Amma şərh edilməsi lazım olan cəhət budur:
Elmi istinadlarının çoxu xaricilərin sözləri və fikirləri olan möhtərəm bir yazıçı, bir az artıq mütaliə etmək və tədqiqat aparmaq əziyyətinə dözsün və Qur`ani kərim məktəbinə, İslam Peyğəmbəri ən`ənələrinə, din başçılarının əsərlərinə, Həzrət İmam Əli, İmam Baqir, İmam Sadiq (əleyhimussalam) və başqa İmamların yaradıcı məktəblərinə də bir baş çəksin.
İlahi ayələrin, Qur`an elmlərinin varislərinin dəyərli kəlmələrini nəql etməklə öz yazısına daha dəyər və daha artıq e`tibar bəxş edər, bə`zilərinin çirkin fikirlərini hörümçək kimi öz ətrafına hörməz, toxumaz; Qarışqa kimi də olmaz ki, hər qurunu-yaşı toplasın, kitabın həcmini, kağızın vəznini artırsın. Əksinə, bal arısı kimi zərif olar ki, ətirli və pak güllərin üstünə qonar, hər güldən bir şirə çəkər, onu şəfaverici şərbət şəklində hazırlayar, insanların ruhuna və canına qüvvət, səfa və cila verər, əsassız, bə`zən yüz faiz ziyankar və ya zəruri olmayan bihudə mətləb və məsələlərdən danışmaqdan çəkinər.
Əgər qələm sahiblərinin müqəddəs məqamlarına hörmətsizlik sayılmasaydı, sizin üçün bə`zi mətləblər danışardım. Lakin elə buna görə və həm də bihudə söhbətlərin özünün də bihudə vaxt apardığını nəzərə alaraq bu fikirdən daşınıram. Və bu məsələdə də şəhidlər sərvərinin feyzlə dolu məktəbinə baş çəkək, şəhadət və can fəda etmək rəmzi sayılan bir mətləbi öyrənək və sonra elmi, əxlaqi, tədqiqi, tərbiyəvi digər söhbətlərimizi bunlarla zinətləndirək, beləliklə, hər yazıçının əqli və fikri inkişafını da qiymətləndirək.
Hüseyn ibni Əli (əleyhissalam), İslam Peyğəmbərinin elm şəhərinin qapısı olan böyük atası Əliyyibni Əbi Talib (əleyhissalam)-dan belə rəvayət etmişdir:
“İnsanların ən ağılsızı (axmağı) o kəsdir ki, öz yazılarını puç və bihudə mətləblərlə doldurur.”
ÖZÜMÜZÜ BEHİŞTƏ VƏ DAHA YÜKSƏK QİYMƏTƏ SATAQ! Bizim dünyamız qaynayıb-coşan və narahat bir bazar kimidir ki, bütün insanlar, qiymətli sərmayələrlə və öz əziz ömürləri ilə orada al-verlə, ticarətlə məşğuldurlar.
Çox dəyərli, lakin məhdud olan qiymətli ömür istər-istəməz bir gün tamam olur, heç bir qüdrət və qüvvə onu artıra bilməz və ya sona çatmasının qarşısını ala bilməz. Çünki hər kəsin ömrü bir təqvim kimidir ki, hər günün keçməsilə ondan bir yarpaq ayrılır və o, unudulmağın və sükunətin əlinə tapşırılır. Nəhayət, onun sonuncu yarpağı ilahi, qaçılmaz, səmavi bir qüdrətin əlilə qoparılır və ömür təqvimi sona yetişir.
Aydındır ki, bu cür iki günlük sərvəti təkrar tapmaq olmaz, qopmalı olan sonuncu yarpağı əsla saxlamaq olmaz.
Şəhidlərin sərvəri özünün mə`nalı xütbələrinin birində belə buyurmuşdur:
 “Ey Adəm oğlu, həqiqətən sən zaman məcmuusan, keçən hər gün sənin bir ə`zan və bir hissəndir.”
Bu fikirdən başa düşmək olar ki, zaman özü də bir ölçü vahididir. Onu cisimlərin dördüncü ölçü vahidi adlandırmaq lazımdır. Bu vəziyyət ömrün sərvəti və onun məhdudiyyətidir, hər an azalır, ondan bir yarpaq ayrılır, unudulmaq və sükunət əlinə tapşırılır və bir gün də (çox da yox) ötüb keçir.
Aydındır ki, belə sərvətə biganə yanaşmaq olmaz. Ondan düzgün faydalanmaq üçün daha çox diqqətli olmaq lazımdır. Çünki, keçib getmiş ömrü ikinci dəfə əldə etmək mümkün deyildir.
Yalnız məsələnin zahirinə baxan, yaradılışın hadisələrinə, onun ali və əsl məqsədlərinə diqqət verməyən, hər yerdə və hər şeydə bu əsasda fikir yürüdən, bu qiymətli sərvətin sahibi olan bir qism insanlar bu nəfis mətahı və ömrün qiymətli gövhərini sərf edib qurtardılar, əvəzində yeməkdən, içməkdən, tez ötüb keçən ləzzətlərdən başqa bir şey almadılar, həsrətdən və qəmdən başqa bir ehtiyatları olmadı.
Xudavəndi-aləm onlar haqqında buyurmuşdur:
 “Onlar doğru yol (hidayət) əvəzində əyri yolu (zəlaləti) satın almış kəslərdir. Nəticədə onların ticarətlərinin faydası olmadı və hidayət olunanlardan da olmadılar.”
Yaradılışın əsl məqsədinə diqqət yetirməyən, onu qeydsiz-şərtsiz məsrəf edən, xeyir və ziyanına e`tinasız olanların əksinə olaraq, çox dəqiq, anları belə hesaba alan, bir qrup zamanşünas adamlar da olmuşlar ki, öz ömrünün bir anını da faydasız, mə`nasız xərcləməmiş, əldən verməmişlər. Hətta onların baxışı və sükutu da daha çox xeyir götürməyə və daha üstün kamilliyə nail olmağa xidmət etmişdir.
Bununla belə onlar da başqaları kimi, bu dünyada müəyyən işlərlə məşğul olmuş, guşənişinliyə, tərki-dünyalığa, inzivaya çəkilməmiş və həyatın hay-küyündən uzaq olmamışlar. Onların da evi, zövcəsi, deyib-danışmağı, oyaqlığı, yatmağı, dərdi-dərmanı, ahı və fəryadı, qəmginliyi və şadlığı olmuşdur, ancaq heç vaxt səhv etməmişlər, öz sevdiklərindən əl çəkməmişlər, əsl məqsədi unutmamışlar. Xudavəndi-aləm onların şə`nində belə buyurmuşdur:
“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən saxlamaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar.”
Çox qiymətli ömrün sərvəti, mətahı və onunla sövdələşənlərin vəziyyəti belədir. Yaxşısı budur ki, bu məsələnin daha yaxşı aydın olması üçün yenə, şəhidlərin sərvəri, cəsurların rəhbərinin evinə baş çəkək və İslamın rəşadətli övladı İmam Hüseyn (əleyhissalam)-dan dəyərli bir mətləb öyrənək, onu dünyanın qaynar bazarının mehvəri sayaq ki, öz əziz ömrümüzün qiymətli sərvətini müft uduzmayaq.
Şəhidlərin sərvəri özünün dürr saçan kəlamlarının birində dünya insanlarına xitab edərək belə buyurmuşdur:
“Sizin (canınız və ömrünüz) üçün behiştdən qiymətli bir şey yoxdur. Elə isə diqqətli olun və onu behiştdən başqa bir şeyə satmayın ki, ziyana düşərsiniz.”
Şəhidlərin sərvəri başqa bir hədisdə belə buyurmuşdur:
“Hər kəs Allahın ne`mətlərindən və və`dlərindən yalnız dünyadakı həyatla kifayətlənərsə, həqiqətən ən alçaq bir şeyi seçmişdir.”
FİRQƏ VƏ FİRQƏBAZLIQ. İnsan cəmiyyəti heç yerdə və heç zaman firqə və firqəbazlıqdan, qrup və qrupbazlıqdan azad olmamışdır. Hər zamanda və hər məkanda bir firqə insanların və ya təbəqələrin fikirləri üzərində hökmranlıq edirdi, bir qrupu bilərəkdən və ya bilməyərəkdən öz ardınca çəkib aparırdı və bu təbii, ictimai ən`ənə bütün tarix boyunca da davam edəcəkdir.
Amma bilmək lazımdır ki, hər bir firqənin dəyəri və əzəməti onun məqsədi ilə bağlıdır, müvəffəqiyyəti və qələbəsi də “hər bir firqə və qrup öz tapdığı-toxuduğu proqramı ilə öyünsə də, öz qrupbazlığından şad və məğrur olsa da, “bütün firqələr öz dininə sevinər”, bir neçə gün ərzində qüdrət və əzəmət tapsa da, dəniz suyunun köpüyü kimi üstdə olsa da çox çəkməz ki, unudular, ondan bir əsər-əlamət, yadigar qalmaz. Belə bir firqənin fikri bünövrəsi (mərkəzi) hörmçək yuvası kimidir:
“Həqiqətən evlərin ən zəifi hörümçək yuvasıdır.”
İKİ BİR-BİRİNƏ ZİDD FİRQƏ. Qur`ani Kərim müxtəlif şəkilli və müxtəlif məqsədli bütün firqələri iki qismə ayırmışdır ki, hər birinin öz xüsusiyyətləri vardır: biri şeytan firqəsi, digəri Rəhman firqəsi və ya hizbullahdır.
Bu iki fəal və qüvvətli firqənin varlığının e`lan olunması tarixi çox qədimdir və bəşərin yaranma tarixi ilə eyni vaxta düşmüşdür. Və elə bir zaman da olmamışdır ki, bu iki firqədən biri öz fəaliyyətini dayandırmış və ya buraxıldığını e`lan etmişdir, əksinə, onların hər biri qüdrət və digəri üzərində üstünlük əldə etmək yolunda döyüşmüş, mübarizə aparmış və öz aydın proqramlarını həyata keçirmək üçün, düşmənin xilafına olaraq, qurbanlar da vermişdir.
ŞEYTAN FİRQƏSİNİN PROQRAMI VƏ ƏSASNAMƏSİ. Bu firqənin, yaradıcısı və müəssisi olan İblis adlı böyük şeytan tərəfindən tərtib edilmiş əsasnaməsi o qədər dəqiq və dərindir ki, indiyə qədər bir maddəsi də dəyişməmişdir. Mübarizə və fəaliyyət məş`əli bə`zən əvəz olmuşsa da, firqə mübarizələrinin əsas və son məqsədi tarix boyunca eyni olaraq qalmışdır.
Şeytan firqəsinin müəssisi özünün varlığını e`lan etdiyi elə ilk gündə aydın və qəti surətdə bəyan eləmişdir ki, nə yolla olursa olsun və hər tərəfdən piyada və ya atlı hizbullahla (Rəhman firqəsi ilə) mübarizə aparmaq lazımdır, onun son məqsədi olan Allaha doğru gedən kamal və hərəkət yolunu bağlamaq gərəkdir; heç kəsi, heç məqamı və fərdi (bu işdə) nəzərdən qaçırmamışdır. Hətta hizbullahın əsl rəhbərlərinin, yə`ni böyük Peyğəmbərin də yanına getmək lazımdır; Namazda, mehrabda, dua edilən və Qur`an oxunan zaman, münacatda, Ərəfatda, Mina və təvafda, ayıqlıqda və yuxuda da boş-bekar oturmaq olmaz, qələbə ümidi ilə mübarizəni davam etdirmək gərəkdir; Qur`ani kərimin işarə etdiyi kimi:
“İblis dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladlarının) hamısını–yalnız Sənin sadiq bəndələrindən başqa, (haqq yoldan) azdıracağam.”
BÖYÜK ŞEYTANIN TORLARI. Şeytan firqəsinin rəsmi əsasnaməsində insanları haqq yoldan azdırmaq, onları firqə tərəfinə çəkmək üçün torlar və nəqşələr (planlar) vardır ki, nəzərdə tutulan fərdlərin əhval-ruhiyyəsinə və istəklərinə diqqət yetirməklə hazırlanmış və yayılmışdır.
Ancaq siyasi və ümumi xarakter daşıyan şey-iqtisadi yoxsulluq məsələsidir ki, bu, şeytan firqəsinin əlində bir silahdır və onun vasitəsilə insanların çoxunu, hətta cəmiyyətləri ovlamışdır.
Yoxsulluqdan, dilənçilikdən qorxu və ondan qaçmaq hissi hər kəsin fitrətində vardır; Həyatını tə`min etmək, iqtisadi bünövrəni möhkəmləndirmək və başqalarına möhtac olmamaq hər şəxsin və hər cəmiyyətin qüvvətli və təbii istəkləridir. Yeni doğulmuş körpə də hər təbii istəkdən qabaq bu qüvvə zühur edir və onu anasının sinəsinə doğru cəzb eləyir. Məhz həmin qüdrətli və tez yaranan qüvvədən şeytan firqəsi istifadə edir və öz işini yerinə yetirir.
Böyük şeytan və ya onun fərmanlarını icra edənlər əvvəlcə insanları yoxsulluq və ehtiyacla qorxudurlar, ona mal və sərvət və`d edirlər və bu zaman öz istəklərini, öz firqələrinin doğru yoldan azdırıcı və sapdırıcı proqramlarını ona sarıyır və firqəsinin üzvünə çevirir.
“Şeytan sizi fəqr ilə, ehtiyacla qorxudur və alçaq işlərə sövq edir.”
ALDADICI SƏMİMİYYƏTLƏR. İnsanlar öz fitrətləri e`tibarı ilə ədalətsizlikdən, zülm və zülmkarlıqdan qaçır, ona nifrət edir, fəsadı və əxlaqsızlığı bəyənmir, islahpərvər, sülhsevər, biçarələrin halına yanan, könüllərini oxşayan olurlar.
Şeytan firqəsi xalqı yoldan azdırmaqda bu sözlərdən və soyuq silahdan həddindən artıq istifadə edir, bə`zən islah və sülhsevərlik, bə`zən bəşər hüququna tərəfdarlıq, bə`zən yoxsullara xidmət və fəhlənin, zəhmətkeşin hüquqlarını bərpa etmək adı ilə, bə`zən də azadlıq və demokratiya adı ilə inqilab edir. Lakin bütün bu sözlər, gözəl və cəzbedici kəlmələr qəzetlərdə, jurnallarda gözə dəyir və ya radio-televiziyada eşidilir, ancaq cəmiyyətin biçarə və yoxsul insanlarının həyatında, küçə-bazarda, xiyabanlarda, idarə və nazirliklərdə, ictimai müəssisələrdə əsla görünmür, hiss olunmur. Əgər xalqın həyatında nəzərə çarpsa da, bu, o zamana qədər davam edir ki, firqənin başçıları, insanların tapdalanmış hüquqlarını müdafiə edən iddiaçılar qüdrət əldə edir, özlərinə söyəkənəcək tapır. Sonra hər şey unudulur, hətta verilmiş və`dlərin yerini yeni zülmlər tutur.
Allah insanların bu dəstəsi barədə Öz Peyğəmbərinə buyurur: “İnsanların eləsi vardır ki, onun dünya haqqındakı sözləri sənin xoşuna gələr, o, qəlbində olana da Allahı şahid göstərər, halbuki o, sənin düşmənlərinin ən qəddarıdır. Zaman bu düşmənçiliyi o vaxt aşkara çıxarar ki, onlar qüdrət əldə edərlər. O zaman fəsad törətməkdə, istehsal, əkinçilik mənbələrini və insan nəslini məhv etməkdə onların necə sə`y göstərdiyini görəcəksiniz.”
Bəli, şeytan firqəsinin bütün yağlı və`dləri, yoxsulların və fəhlələrin tərəfdarı olması iddiaları, qüdrət əldə etməklə və xalq kütlələri üzərində tam ixtiyar sahibi olmaqla-hər şey, hər şey unudulur, daha yazılarda o gözəl sözlərdən, bəzəkli-düzəkli kəlmələrdən, istilahlardan nə xəbər olur, nə əsər.
Bəşər cəmiyyətlərində məzlumlara tərəfdar olmaq, zülmü və zülmkarı aradan götürmək adı altında nə qədər çox hərəkətlər və qiyamlar meydana gəlmişdir, sitəm görmüş insanlar da bu istək və arzular yolunda çoxlu sərvət və can itkisi verməyə məcbur olmuşlar. Lakin inqilab və hərəkat rəhbərləri qüdrət sahibi olandan və düşməni aradan götürəndən sonra bir muncuğun aradan getdiyi, onun yerini digər bir muncuğun tutduğu və bir zalimin yerinə başqa bir zalımın oturduğu mə`lum olmuşdur.
Bə`zi kommunist və sosialist ölkələrini yaxından müşahidə etdim, onların behişt və`d edən torpaqlarında yandırıcı və dərd artıran cəhənnəm mənzərələrindən başqa bir şey görmədim. Hərçənd xalqın həyatında müəyyən qədər səthi islahatlar nəzərə çarpır, istismar zənciri zahirən aradan götürülmüşdü, amma həqiqətdə o zənciri sağ ayaqdan açıb sol ayağa və ya ayaqdan açıb ələ vurmuşdular. Nəticədə həmin əvvəlki əsarət, qədim əziyyət və zəhmət zənciri başqa şəkildə qalmaqdadır.
Bəli, dünya inqilablarının çoxunda insanlar üçün qələm və söz azadlığı əldə edilmişdir, lakin qəzetlərin xüsusi sütunlarında və müəyyən məqsədlərlə istismarla və zülmkarlıqla mübarizə sədaları xalqın qulağına çatır, ancaq bunlar müəyyən dalğalarda və tə`yin olunmuş yerlərdə yayılmalıdır, sitəmin başqa sahələri, cəhətləri barədə danışmaq yenə elə möhkəm sıxışdırılır və senzuradan keçirilir ki, İran İslam İnqilabının səsini əks etdirən, ya sitəmin, istismarın bariz nümunəsi olan Əfqanıstana təcavüzü şərh edən bir radio başqasının əlində ola bilməz.
Müsavat, qardaşlıq və bərabərlik çağırışları göyə ucalır, bir qrup xəbər agentlikləri də onu yayır və gücləndirir, lakin cəmiyyət içində onlardan bir əsər-əlamət yoxdur, olsa da, yuxuda, ölümdə və ölümdən sonradır. Hərçənd orda da şiddətli sinfi ixtilaf, təzad vardır; bir sitəmkarın qəbrinin saxlanması üçün məmləkətin xalqının səhiyyəsindən, dərmanından, su və çörəyindən çox diqqət yetirilir və sərmayə qoyulur.
Bəşər hüququnu himayə etməyə tərəfdar olmaq günün ən dəbdə olan iddialarından, dünənin, bugünün ən gözəl sözlərindəndir, ancaq görəsən hansı insan, hansı hüquq və necə himayə, nə cür tərəfdarlıq? Bütün bunları Fələstinin, Əfqanıstanın xalqını, cənubi Afrikanın qara dərililərinin ürək parçalayan vəziyyətində, bə`sçi İraq hökuməti tərəfindən kimyəvi bombalarla dağıdılan İran şəhərlərində və digər yerlərdə axtarmaq və görmək, Vaşinqtonun Ağ Evinin bəşər hüququna tərəfdar olmasına gülmək, millətlərin halına və ya cahilliyinə də ağlamaq lazımdır.
Şair demişkən, “ürəkdən yanmaq, ağlamaq-hər bir dərmansız dərdin davasıdır.” Amma demək lazımdır: Məndən məmləkətin sitəm görmüşlərinə söylə ki, nalə eləməkdən keçmişdir, inqilab edin.
Yoxsa sülh və firavan həyat adı ilə ya dara çəkəcəklər, ya da şişə. İslamın ağuşuna gəl. Səfa da görməsən, cəfa görməzsən.
HİMAYƏ ADI İLƏ SÜLHPƏRVƏRLİK, YAXUD XƏYANƏT. Şeytan firqəsinin bol-bol bəhrələnmiş olduğu və indi də bəhrələndiyi aldadıcı proqramlardan və sözlərdən biri, dünyada sülh bərqərar edilməsi və sazişçilik arzusu olmuşdur.
Bəli, cəmiyyətin müxtəlif təbəqələri və tayfalarının bir-birini başa düşəcəyi, sazişə gələcəyi, bir-birinin hüququna təcavüz etməyəcəyi günü bütün dünyada bayram eləmək, insanların öz arzularına çatdığı o günü “insaniyyət günü” adlandırmaq lazımdır.
Lakin bu müqəddəs arzu maskası altında, eşq və azadlıq sözləri kimi, nə ağır xəyanətlər və nə ağır cinayətlər edilmiş, indi də edilməkdədir və nə fasadlar, nə əxlaqsızlar törədilməmişdir?
Qur`an şeytanın bu rəftarı və metodu barədə buyurmuşdur.
“Onlara: “yer üzündə fəsad törətməyin” deyilən zaman, “biz islah etmək, yer üzündə sülh yaratmaq istəyirik”, deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədənlərdir, lakin bunu dərk etmirlər.”
Xülasə, işlədilən gözəl istilahlara və kəlmələrə diqqət etmək, bu məzlum sözləri işlədənlərin hərəkətinə baxmaq lazımdır. Hətta tamamilə islami xarakter daşıyan inqilablara da şeytan firqəsinin tərəfdarları və mənfəət güdənləri müxtəlif şəkillərdə nüfuz edir və öz məqsədlərini yerinə yetirirlər. Əgər möhkəm nəzarət edilməsə və bu işlərdə məs`uliyyət daşıyanlar layiqincə diqqət yetirməsələr, bizim əziz İslami inqilabımızın şəhidlərinin müqəddəs qanları mənfəət axtaran tacirlərin malına və sərvətinə çevriləcək və səhv yolla gedənlərin əlində bir vasitə olacaqdır və hər şeyə inanan o müsafirin taleyi başımıza gələcəkdir. O dastan belədir: İran padşahı Kuruşun söz-söhbəti ölümündən sonra sağ olduğu vaxtdan daha artıq zülmkarların və onların muzdurlarının xəbərçiləri tərəfindən xalqa çatdırıldığı günlərdə böyük şəhərlərin birinin yolu üstündə bir kababxana açıldı, üzərinə “Kuruşun kababxanası” yazılmış böyük və gözəl bir lövhə qapısının başından asıldı, kababxana işləməyə başladı. Lakin heç kəs ikinci dəfə bu kababxanada yemək yemədi, o böyük lövhənin altından keçmədi, çünki orada bir dəfə kabab yemək ömrünün axırına qədər kifayət idi.
Zaman keçdi, Allahın rəhmət nəsimi əsməyə başladı, ölkədə bir abid, zahid və filosofun əli ilə, tarixin gələcəkdə şərh edəcəyi bütün çətinliklərə baxmayaraq, bir inqilab oldu, lövhələr, şüarlar, o cümlədən müsafirlər arasında məşhur olan “Kuruşun kababxanası” lövhəsi də əvəz olundu. Birdən ağ bir parçanın üzərinə gözəl bir söz yazıldı, keçmiş lövhənin yerinə “İslamın müqəddəs kababxanası” yazılmış lövhə vuruldu.
Yoldan keçənlər bu mənzərəni görüb şad oldular. O cümlədən, bir dəfə bu yerdə tora düşmüş bir kişi hamıdan çox sevindi və keçmiş nigarançılığını yox etmək üçün salona daxil oldu, yemək istədi, kabab hazır oldu. Yeməkdən əvvəl şükr elədi. Amma ət həmin ət, şiş həmin şiş, xidmətçi həmin xidmətçi idi, çəngəl-qaşıq da dəyişməmişdi. Ancaq qiymət lövhənin gözəlliyi və “müqəddəs” kəlməsinin ehtiramı xatirinə çox dəyişmiş və daha baha olmuşdu. Nə vardı, yedi, bu dəfə iki gün ishala mübtəla oldu.
Yüzlərlə belə hadisələr var. Əgər dövlət bu xeyirgüdənlərin qarşısını almasa, onlarla İslama zidd, kafir bəs`çilərin ordusu ilə etdiyi kimi vuruşmasa, şeytan firqəsinin tərəfdarları öz arzusuna çatacaqlar, “müqəddəs” kəlmələrin abrı aradan gedəcəkdir və şeytan övliyaları özlərini yaxşılar sırasında gizlədəcəklər.
Şeytan firqəsinin əsasnaməsinin bir hissəsi belədir. Lakin bütün rəngarəngliyinə baxmayaraq, axırda rüsvayçılq və məğlubiyyət onların və başqa riyakarların nəsibi olacaqdır. Buna görə bu tor və tələlərdən qorxmaq lazım deyildir; nə olsa da, onların fikri süst və zəifdir.
“Şeytanın dəstəsi şübhəsiz həmişə zəif və qeyri-möhkəm olmuş və olacaqdır.”
ALLAH YOLUNU GEDƏNLƏR VƏ ONUN ƏSASNAMƏSİ. Bu firqənin tə`sis olunma tarixini müəyyən etmək mümkün deyildir, lakin onu tə`sis edən kainatın Pərvərdigarı və Onun tərəfdarları sayılan kəramətli peyğəmbərlər olmuşlar və o, bu günə qədər öz işini, fəaliyyətini davam etdirir. Onun indi də çoxlu tərəfdarları vardır ki, peyğəmbərlərin yolunu davam etdirməkdə, onun əsasnaməsinə əməl etməkdə fədakarlıqlar göstərirlər və heç bir qüvvə onları Allaha olan məhəbbətdən döndərə bilmir.
Qısa şəkildə desək, Allah firqəsi və onun fəaliyyət proqramı xeyrə, ədalətə, tərəqqiyə, yaxşı əməllərə, yaxın adamların və zəiflərin qayğısına qalmağa, hər cür zülmdən, sitəmdən və natəmizliklərdən uzaq olmağa də`vətdən ibarətdir və bu aşağıdakı kəramətli ayədə xülasə olunmuşdur:
“Həqiqətən Allah (insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara qayğı göstərməyi, onlara əl tutmağı əmr edir, alçaqlığı, çirkin əməlləri və başqalarına zülm etməyi qadağan edir. Allahın sizə öyüd-nəsihəti budur, bəlkə özünüzə gələsiniz və ibrət götürəsiniz.”
Bu kəramətli ayədən bu firqənin davamçılarının vəzifələri, onların böyük məs`uliyyətləri aydın və fəaliyyət proqramları müəyyən olur: bütün işlərin başında hər əməldə və hərəkətdə ədalətə, yaxşılığa, yaxşı əmllər etməyə və doğruluğa riayət etmək durur.
ALLAH FİRQƏSİNİN SON QƏLƏBƏSİ. Allah firqəsinin xüsusiyyətlərindən biri də budur ki, həmişə şeytan firqəsinə qalib gəlmiş, axırda iş və mübarizə onun xeyrinə tamam olmuş, döyüş meydanından, bu yolda itkilər versə və xəsarətlər alsa da, başı uca çıxmışdır.
Qur`ani kərim “Maidə” surəsində buyurmuşdur:
“Allah yazmışdır ki, Mən və Mənim elçilərim qalib gələcəyik.”
Və buyurmuşdur:
“Bizim Öz mürsəl bəndələrimiz üçün əvvəldə bəyan edilmişdir ki, həqiqətən onlara (Allah tərəfindən) kömək olunacaqdır və həqiqətən Bizim qoşunumuz hökmən qalib gələcəklər.”
Başqa bir ayədə buyurmuşdur:
“Hər kəs Allahı, Onun Peyğəmbərini dost tutsa, (bilməlidir ki,) həqiqətən yalnız Allah firqəsi qələbə çalanlardır.”
ALLAH FİRQƏSİNİN MÜHÜM XÜSUSİYYƏTİ. Allah firqəsinin və onun faydalı proqramlarının xüsusiyyətlərinin təfsilatı böyük-böyük kitablara sığmaz. Lakin bu yazımızda onun tərəfdarlarının əsas istiqamətini və mövqeyini başqa əyri və qarışıq istiqamətlərdən ayıran ən bariz xüsusiyyətlərindən birinə işarə edirik: bu da Allahın və İslamın düşmənlərilə barışmazlığı, onlara güzəşti, məhəbbəti və dostluğu qəbul etməməsidir və bu cəhət də düşmən üzərində qələbəyə səbəb olmuş və olacaqdır.
DİN DÜŞMƏNLƏRİ İLƏ BARIŞMAZLIQ. Özünü Allah firqəsinin üzvü hesab edən, bu firqənin əsasnaməsini yerinə yetirən bir adam heç vaxt haqq-həqiqət, fəzilət və insaniyyət yolunun düşmənləri ilə dostluq yolunu tutmaz, şeytan firqəsi ilə saziş və barışığı qəbul etməz; O, heç bir yolu İslam yolundan yaxşı hesab etməyəcəkdir. İslam və Qur`anla bağlılığı başqaları ilə hər cür əlaqə və bağlılıqdan üstün hesab edər, İslamın rəhbərliyi xəttindən çəkindirən hər bir amil, hər cür təhdid və satın almaq müqabilində müqavimət göstərər, maddi və mə`nəvi çətinliklər qaşısında İslam Peyğəmbərinin dostları və şəhidlərin seyyidinin ənsarı kimi səbr edər, fikri və əqidə xəttinə inanmadığı hər qrupdan və tayfadan uzaqlaşar, Qur`ani kərimin buyurduğu kimi, onların dostluğuna və məhəbbətinə, hətta ataları, anaları olsalar belə, öz ürəklərində yer verməzlər.
“Allah və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla-öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə-dostluq etdiyini görməzsən.
Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara güc vermişdir. Allah onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar, onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi-məhz onlar, nicat tapıb əbədi səadətə qovuşanlardır.”
ALLAH FİRQƏSİNİN LAZIMİ AYIQLIĞI. Allahın həqiqi bəndələri hər cür işgəncə, əziyyət, iqtisadi, hərbi mühasirə və onlarla bu cür çətinliklər qarşısında həmişə düzgün yol seçmiş və indi də belədirlər. Zülmlə, ədalətsizliklə, cəhalət, xurafat və yüzlərlə ictimai çətinliklərlə mübarizə yolunda düşmənə heç vaxt təslim olmamış, zəiflik göstərməmişlər. Buna görə Allah firqəsinin düşmənləri həmişə mə`yusdurlar; istəyirlər ki, müharibə, hərbi və iqtisadi mühasirə yolu ilə qələbəyə nail olsunlar, Allah firqəsinin fərdlərini, üzvlərini öz torlarına salsınlar; məcburdurlar ki, yeni planlar hazırlasınlar, aldadıcı dostluq və məhəbbət yolu ilə bə`zən ailəvi qohumluq yaratsınlar və istədiklərini əldə etsinlər, Allah firqəsinin inkişafının və inqilabının qarşısını tamamilə alsınlar və ya onu zəiflətsinlər, bə`zən xalq kütlələrinin nəzərində inqilabın simasını dəyişsinlər.
Bu həssas məqamlarda böyük ayıqlıq göstərmək və huşyar olmaq lazımdır. Bu barədə də şəhidlərin sərvəri, Kərbəlanın qanlı döyüşlərinin rəhbəri, eşq və şəhadət məktəbinin əsasını qoyan Həzrət İmam Hüseyn (əleyhissalam)-ın evinə baş vuraq, onun ibrətamiz həyatından, həmişəyaşar əxlaqından siyasət dərsi alaq və bu dastanı diqqətlə oxuyaq.
DOST LİBASINDA DÜŞMƏN. Şeytan firqəsinin rəhbəri Yezid və onun atası Müaviyə yaxşı bilirdilər ki, Zəhra, Əli və Hüseyn (əleyhimussalam)-ın evindən bir inqilabi hərəkət yetişməkdədir, çox çəkməz ki, o, alovlanar, əməvilərin nəhs təbiətli nəslini yandırar.
Müaviyə və onun tərəfdarları yetişməkdə olan bu inqilabın qarşısını almaq və ana bətnində ikən boğmaq üçün hər vasitədən istifadə etdi, zor və zər (rüşvət) silahından istifadə etdi, lakin bir nəticəyə nail olmadı.
Nəhayət, hiylə qapısından daxil oldu, Peyğəmbər xanədanı ilə qohumluq və izdivac təklifini irəli sürdü. Lakin burada da məğlub oldu.
HƏSSAS MÖVQELƏR. Hər kəs və ya hər siyasi və qeyri-siyasi qrup üçün fövqəl-adə həssas və qorxulu, hətta bə`zən müqəddərat həll edəcək, bir millətin tarixi istiqamətini dəyişə biləcək məqamlar qarşıya çıxır. Belə məqamlarda düzgün qərar qəbul etmək əql və qətiyyət nişanəsidir; qəflət və laqeyd münasibət, qəziyyənin dərinliyini görməmək, çox hallarda bir inqilabın aradan getməsinə və məğlubiyyətinə səbəb olur.
Müaviyə İmam Hüseyn (əleyhissalam)-ın inqilabi hərəkatının qarşısını almaq üçün sazişçilik və dostluq qapısından içəri daxil oldu. Bəni Haşim və Bəni Üməyyə arasındakı ixtilafı aradan qaldırmaq üçün ən tə`sirli amil qohum olmağı hesab etdi. Ümid etdi ki, Zeynəbi-Kübranın qızını oğlu Yəzid üçün almaq təklifi, qızın dayısı olan İmam Hüseyn (əleyhissalam)-ın inqilabi əhval-ruhiyyəsində bir dönüş və yumşaqlıq əmələ gətirər və ya heç olmasa, inqilabın qarşısı müəyyən bir müddətə qədər alınar.
Müaviyə Mədinənin hakimi Mərvana məktub yazıb ona göstəriş verdi ki, Abdullah ibni Cə`fərin Zeynəbdən olan qızı Kübranı öz vəliəhdi Yezid üçün elçilik etsin və ona alsın.
Bununla əlaqədar bildirdi ki, o, mehriyyə (başlıq) və münasib bildiyi başqa şərtləri həll etmək üçün tam ixtiyara malikdir. Bütün bunlardan əlavə, kəbin kəsilən zaman bir mühüm və əsas şərti də həll etməli idi və o da Bəni Haşim (Allah firqəsi) ilə Bəni Üməyyə (şeytan firqəsi) arasında saziş bağlamağı, düşmənçiliyə son qoymağı e`lan etmək və iki dəstə arasındakı çəkişmələrə həmişəlik son qoymaqdan ibarət idi.
DƏRHAL QƏRAR QƏBUL ETMƏK. Mədinənin hakimi Müaviyənin məktubunu alandan sonra nəzərdə tutduğu qızın atası Abdullah ibni Cə`fərin evinə yola düşdü. Bəlkə də belə təsəvvür edirdi ki, Bəni Haşim qəbiləsi bu fürsəti tam razılıqla qarşılayacaq və ona xeyir-dua verəcək, başqa dünyapərəstlər kimi sevincə və şadlığa qərq olacaqlar və onun bu xidmətini unutmayacaqlar. Nə isə, məclis quruldu, Müaviyənin şeytan firqəsinin nümayəndəsi bu firqənin üzvlərinin əksəriyyəti üçün mühüm və fövqəl-adə görünən bu təklifini bildirdi, bəlağətli bir xütbə oxudu, həmçinin Peyğəmbər xanədanının nəslini çox tə`riflədi, mehriyyəni və qızın atasının bütün borclarının ödəniləcəyini bildirdi, Yezid ibni Müaviyənin siyasi və ailəvi mövqeyini, iki düşmən-Bəni Haşim və Bəni Üməyyə arasında bağlanacaq barışıq və sazişin bütün şərtlərdən üstün olduğunu bəyan edəndən sonra müsbət cavab eşitmək ümidi ilə oturdu.
Bütün məclisi tam bir sükut bürüdü, heç kəs nəfəs belə çəkmədi. Sadəlövh və təcrübəsiz adamlar şadlıqdan öz dərilərinə sığışmırdı. Bə`ziləri öz ürəyində deyirdi: Nə yaxşı məqamdır, nə qızıl kimi fürsətdir! Bundan atəşkəs və düşmənçiliyə son qoymaq yolunda istifadə etmək lazımdır.
Lakin düşmənin sirli işlərindən, hiyləli planlarından xəbərdar olan, inqilabın böyük, mə`sum rəhbəri, şəhidlərin sərvəri İmam Hüseyn (əleyhissalam) sakit, aram oturmuş və məclisə tamaşa edirdi, bir kəlmə də danışmırdı, təkcə başqalarının fikrini bilmək, onların inqilabi ruhiyyəsini öyrənmək, Allah firqəsini də sınamaq və onların e`tiqadını qiymətləndirmək istəyirdi. Ancaq çox çəkmədi ki, vəziyyət dəyişdi, ümidlər yasa döndü. Müaviyənin şeytani planı faş və özü bir daha rüsvay oldu.
   Qızın atası Abdullah ibni Cə`fər Mədinənin hakimi Mərvanın cavabını və qızının ixtiyarını qızın böyük dayısı, o zaman Bəni Haşimin böyüyü və uca məqamlı rəhbəri olan İmam Hüseynin öhdəsinə buraxdı. Hicri 61-ci il Kərbəla Aşurasının qəhrəmanlığının və qanlı inqilabının bünövrəsini qoymuş əziz Hüseyn özü kimi gözəl bir xütbə oxudu, məclis iştirakçılarının gözlədiyinin əksinə olaraq danışdı və siyasətbazların siyasətinin üzərindən pərdəni götürdü, Allah firqəsinin və şeytan firqəsinin hər birinin fikri istiqamətini müəyyənləşdirdi, qartalın kiminsə toruna düşməyəcəyini söylədi, Zeynəbi-Kubranın qızının izdivacı ilə əlaqədar Mərvanın üç şərti barədə belə dedi:
“Biz-Peyğəmbər və risalət xanədanı öz qızlarımızın mehriyəsini anamız Zəhra (əleyha salam)-ın mehriyyəsindən əsla çox müəyyənləşdirmirik; bir də ki, heç vaxt belə olmamışdır ki, Bəni Haşim (xanədanı) kişilərin borclarını qadınların hesabına (onların vasitəsilə) ödəsinlər.
(Bu ona işarədir ki, Bəni Üməyyə (xanədanı) öz həyatlarını qadınlarının vasitəsilə tə`min edirdilər, kişilərin borclarını da bu yolla ödəyirdilər.)
Amma bu iş Yezidin şəxsiyyətini, məqamını ucaltmadı, ona bağlı olan adamlar ancaq nadanlar ola bilərlər.
HAQQLA NAHAQ HEÇ VAXT BARIŞMAZ. İmam Hüseyn (əleyhissalam) izdivacın üçüncü şərti (Bəni Haşim və Bəni Üməyyə arasında barışıq və saziş) və haqla nahaq (batil) arasındakı sülh barədə çox dəyərli və tərbiyəvi bir cümlə buyurdu ki, o bu gün Allah firqəsinin, İran İslam Respublikasında və dünyanın digər müsəlman məmləkətlərində islami hərəkatların, nahaq (batil) əleyhinə mübarizə aparanların əsas fikri istiqaməti, həyat tə`limi və dəyişməz proqramı olmalıdır.
Məsələni belə bəyan etdi:
“Biz-Peyğəmbər xanədanı elə bir nəsildənik ki, Allahın rizası yolunda sizinlə (din düşmənləri ilə) vuruşur və mübarizə aparırıq, dünya və onun mənafeyi üçün heç vaxt sizinlə saziş bağlamarıq, danışıq mizləri arxasında oturmarıq, qohumluq, ailəvi yaxınlıq bu işdə kara gəlməz, bizi sülhə məcbur edə bilməz, hətta hər hansı bir səbəb, izdivac və evlənmək də.”
Bu axırıncı söz Allah firqəsinin Müaviyənin və onun tərəfdarlarının, başqa sözlə, şeytan firqəsinin müqabilindəki fikri istiqamətini, əsas xəttini aydınlaşdırdı. Bundan əlavə, İmam Hüseyn (əleyhissalam) mərdlərə və böyüklərə məxsus bir iş gördü: O məclisdə Zeynəbi-Kubranın qızının kəbinini Bəni Haşim övladlarından birinə kəsdi və alçaq Yezidin ümidini həmişəlik kəsdi, öz şəxsi əmlakından olan böyük və dəyərli bir bağı bəyə və gəlinə bağışladı, onların birgə həyatını müəyyən dərəcə tə`min etdi.
Mərvan və onun digər yoldaşları xəcil, şərməndə, pərt halda məclisdən çıxdılar və şəxsiyyətlərinin fərqini də gördülər.
Batil və yalnış fikri istiqaməti olanlarla heç bir adla və heç bir səbəb üzündən saziş bağlamayan, onlara dostluq və barışıq əli uzatmayan Allah firqəsinin ən bariz və mühüm xüsusiyyəti budur.
Allah firqəsinin hər bir üzvü Hüseyn (əleyhissalam) kimi düşünməlidir. Düşmən tərəfindən irəli sürülmüş təkliflərə həddən artıq diqqət yetirməli, məsələlərə şəhidlərin sərvərinin bizə öyrətdiyi kimi yanaşmalı, özünü Allah firqəsi kimi təqdim edən o Həzrətin rəhbərliyi ilə əbədi olaraq fəxr etməlidir.
Bu kitabın müqəddiməsinin sonuncu bölməsini şəhidlərin sərvərinin Allah firqəsi ilə əlaqədar atəşin bir xütbəsi ilə bitirməyimiz çox gözəl olardı.
Fədakarların sərvəri, Kərbəla inqilabının və cəsurluğunun böyük rəhbəri, bir gün Müaviyənin məclisində camaatın xahişi ilə bir xütbə oxudu, müsəlmanlar üçün həqiqətləri aydınlaşdırdı, rəhbərliyin və Allah firqəsinin şərtlərinin bir hissəsini (Müaviyə yalandan özünü o şərtlərə layiq hesab edirdi) bəyan etdi və o şərtlərdən birini Qur`anın həqiqətlərindən xəbərdar olmaq və onlara əməl etmək hesab elədi.
İmam Hüseyn (əleyhissalam) fəsahətli və bəlağətli xütbəsini oxuduğu zaman xalqı öz firqəsinin və rəhbərliyinin ardınca getməyə də`vət etdi. Rəhbər seçməkdə və ona itaət etməkdə müsəlmanların üzərinə düşən ağır vəzifəni başa saldı, öz sözlərini belə ifadə etdi:
“Bizik Allah hizbinin qalibləri, Allah Peyğəmbərinin pak itrəti və yaxın Əhli-beyti, bizik iki ağır və çox qiymətli əmanətdən biri Allahın kitabı olan Qur`andır ki, Peyğəmbər bizi Qur`andan sonra ikinci əmanət buyurmuşdur. Hər şeyin bəyanı və təfsilatı onda vardır, onda keçmişə və gələcəyə aid olan heç bir batil söz yoxdur. O elə bir kitabdır ki, onun həqiqətlərini təfsir və bəyan edərkən bizə istinad və e`timad edilməlidir, onun tə`vilini bilmək bizə çətin deyil, Qur`an həqiqətlərinə əməl etməyi həmişə öz fəaliyyət proqramına çevirən bizik, elə isə (bu xüsusiyyətimizə görə) bizə itaət edin ki, bizə itaət etmək sizin hamınız üçün vacibdir. Çünki, Xudavəndi-aləm onu Özünə və Peyğəmbərinə itaət etməyə layiq hesab etmişdir”.

İKİNCİ HİSSƏ. Bu hissədə oxucuların nəzərinə çatdırılanlar şəhidlərin sərvəri Həzrət İmam Hüseyn (əleyhissalam)-dan rəvayət olunmuş və ya o Həzrət tərəfindən öz böyük babası-Allah elçisindən (səlləllahu əleyhi və alihi və səlləm) və ya atası Əmirəl-mö`minin Əliyyül-Murtəzadan (əleyhissalam) nəql edilmiş bir silsilə rəvayətlərdir.
Bu rəvayətləri, toplanmasında çox zəhmət çəkilmiş “Musnədul-İmamil-Hüseyn” kitabından iqtibas etdim. Ümidvaram ki, o kitab tam təkmilləşdiriləndən sonra oxucuların nəzərinə çatdırılacaq ki, bununla da azadlıq sevənlərin sərdarı və şəhidlərin sərvərinin hədis kitablarında və xəbərlərdə rəvayətlərinin olmadığını və ya az olduğunu güman etməsinlər.
O Həzrət (İmam Hüseyn) Allahın elçisinin qiymətli ömrünün axırlarının bir neçə ilində o həzrətlə birgə yaşamaqdan əlavə, 30 il müddətində Peyğəmbərin elm və hikmət şəhərinin darvazası olan atası Əliyyibni Əbi Talib (əleyhissalam)-ın yanında yaşamış, yığıncaqlarda, məscidlərdə, döyüş meydanlarında o Həzrətin sözlərini eşitmiş, həmçinin qırx il Peyğəmbərin böyük nəvəsi İmam Həsən Müctəba ilə bir yerdə olmuşdur. Yüzlərlə səhabə və başqaları maarif, əhkam və əxlaq haqqında Əliyyibni Əbi Talib (əleyhissalam)-dan minlərlə rəvayət nəql etmişlər. Necə ola bilər ki, şəhidlərin seyyidi onları atasından eşitməmiş olsun və ya onların hamısı aradan getmiş olsun? Qətiyyən belə olmamış və belə də deyildir.
Məsələnin həqiqəti budur: Ravilərin Həzrət İmam Hüseyndən nəql etdikləri rəvayətlərin çoxu hədis kitablarında pərakəndə şəkildədir, indiyə qədər heç kəs onları toplamağa sə`y göstərməmişdir və ya bunu lazım bilməmiş və əhəmiyyət verməmişdir.
Ümid edirəm ki, bu məcmuə bu mövzunun daha artıq təhqiq olunması üçün bir yol açar, alimlər tərəfindən o Həzrətin dürlü sözlərindən və dəyərli rəvayətlərindən böyük-böyük kitablar yazılar, onun elmi, hikmətimiz, tə`limi, tərbiyəvi siması, şəhadəti və fədakarlığı kimi, ona sevgi bəsləyənlərin qəlbinə nur çiləyər, daha artıq işıq saçar.
İndi həmin iqtibas olunmuş rəvayətləri ərəb əlifbası sırası ilə möhtərəm oxuculara təqdim edirəm:
“İnsanların ən xəsisi, salam verməyə xəsislik edən kəsdir.” (Babasından rəvayət edir.)
“Doğru yolda sizin ən möhkəm olanınız sizlərdən mənim Əhli-beytimi ən çox sevənlərinizdir.” (Babasından rəvayət edir.)
“Ən səxvətli adam, canını və malını Allah yolunda bağışlayandır.” (Babasından rəvayət edir.)
“İnsanların ən səxavətlisi, ondan heç bir bəxşiş gözləməyən adama bəxşiş verəndir.” (Atasından rəvayət edir.)
“Dostluqda dostlarınla təmkinli ol; Ola bilər bir gün həmin dostun sənin düşməninə çevirilsin; Düşmənçilikdə düşmənlərinlə də qəddar olma ki, bir gün həmən düşmənin sənin dostun ola bilər.” (Babasından rəvayət edir.)
“Suda boğulmuş adamı bir gecə-gündüz saxlayın, sonra dəfn edin.”
“Pərvərdigarın varlığı gözə görünmədiyi kimi, əql və düşüncədən də gizlindir; Yə`ni nə ağıl Onun əzəmətini dərk edə bilər, nə də göz Onun qüdrətini görə bilər.” Necə ki, demişlər:
“Ey hikmət sahibi, nə vaxta qədər öz əqlinə güvənərsən? Sənin fikrinlə bu yol başa çıxılmaz. Allahın zatına əql o zaman çatar ki, bir saman çöpü öz-özünə dəryanın dibinə çatsın.”
“İnsanların ən axmağı odur ki, öz yazılarını puç və faydasız mətləblərlə doldurur.”
“Əməldə paklıq və xalis niyyət hər ibadətin me`yarı və ölçüsüdür, yə`ni ibadəti onun paklığı ilə ölçürlər, kəmiyyəti və çoxluğu ilə yox.”
(Babasından rəvayətdir.)
“Ağıllı bir şəxs çətinliyə düşsə, ehtiyatla qəmin kökünü qazar və çarə tapmaq üçün öz ağlını işə salar.”
“Əgər sizlərdən biri öz övladlarına bir və`də versə, gərək hökmən onu yerinə yetirsin.”
“Əgər sizlərdən biri bir təmənna və arzu edərsə, sonra (əldə etdiyini) onu xeyir işə sərf etsin və bununla kifayətlənməsin və (Allahdan) daha artığını istəsin; Çünki Xudavəndi-aləm böyük kəramət sahibdir.”
“Sizlərdən biriniz bir zaman bir qonaqlığa də`vət olunsanız, övladlarınızı özünüzlə aparmayın, çünki, əgər belə iş tutsanız, həmin məclisə günahla daxil olur və haram yemiş olursunuz.” (Babasından rəvayət edir.)
“Əgər bir kimsənin iş və əməlində yaxşılıq müşahidə edirsinizsə, onun əql və düşüncəsinin gözəlliyinə diqqət yetirin; Çünki hər kəsin əməlinin mükafatı onun əqlinin ölçüsü qədərdir.” (Babasından rəvayət edir.)
“Əgər bir kəs bir yerdə çətinliyə və yoxsulluğa düçar olursa, o yerdən çıxıb getsin və özünü, ailəsini qəm-qüssəyə düçar etməsin.” (Babasından rəvayət edir.)
“Bir kəsin başqa bir şəxsin namusunu və şəxsiyyətini təhqir etdiyini eşitdiyin zaman, çalış səni tanımasın.”
“Mehdi (Sahibəz-zaman) zühur edərkən, onunla ərəb və Qureyşli arasında qılıncdan başqa bir şey olmayacaqdır.”
“Əgər günahını böyük sayırsansa; demək Allahı əzəmətli tanıyırsan; Günahını kiçik və əhəmiyyətsiz saydığın zaman, Allahı da kiçik bilmiş olursan.” (Atasından rəvayət edir.)
“Əgər bir tayfanın alicənab böyüyü (başçısı) sizin yanınıza gəlibsə, ona ehtirm göstərin.”
“Əgər dininin düzlüyünü bəyəndiyiniz bir kəs sizin yanınıza elçiliyə gəlsə, onu evləndirin (qız verin); yoxsa sizin yurdunuzda fitnə olacaq və böyük fəsad baş verəcəkdir.”
“Əgər bir bəndə Peyğəmbəri yad etməyib ancaq Allahı çağırsa (Peyğəmbərə salavat (salam) göndərməsə), duası başının üstündə dolanar; Nə zaman Peyğəmbərin adını çəksə, o duası göylərə qalxar.” (Atasından rəvayət edir.)
“Qiyamət günü gələn zaman bir səda eşidilər: “Ey insanlar, hər kimin Allah yanında bir əcri var, ayağa qalxsın. Yalnız dünyada xeyir əməlləri olnlar və ehsan əhli olanlar qalxar.”
“Əgər sizlərdən biriniz bir qadınla evlənmək istəyirsə, onun surətinin gözəlliyi ilə maraqlandığı kimi, başının tükü ilə də maraqlansın, çünki saç qadının iki gözəlliyindən biridir.” (Babasından rəvayət edir.)
“Əgər sizlərdən biriniz bir qadınla evlənmək istəyirsə, onun həmin qadınla evlənməyə cəlb edən şeylərə baxmağının eybi yoxdur.” (Qadının üzünün və bədəninin gözəlliyi nəzərdə tutulur). (Babasından rəvayət edir.)
“Əgər sizlərdən biriniz öz zövcəsi ilə yaxın olmaq (cinsi əlaqədə olmaq) istəyirsə, qadını paklıq cəhətdən bu yaxınlıq üçün hazır olub-olmaması haqda dediyi sözlərə inanmalıdır.” Yə`ni qadının cinsi yaxınlıq üçün meyli olub-olmadığını da nəzərə almalıdır, yalnız öz cinsi istəyini üstün tutmamalıdır. (Babasından rəvayət edir.)
Bu barədə kitabın birinci hissəsində dərc olunan məsələlərə müraciət olunsun.
“Əgər sizlərdən biri öz həyat yoldaşı ilə yaxın olmaq (cinsi əlaqədə olmaq) istəyirsə, bu işi yerinə yetirərkən tələsməməli və qadını da tələsməyə vadar etməməlidir.” (Babasından rəvayət edir.)
“Sizin aranızda xətalar etməyə və çirkin əmələr törətməyə ən çox tələsənlər, qiyamət günü başqalarından daha tez göz yaşı axıdacaqlar.” Atasından rəvayətdir.
“Allahı şahid tuturam ki, atam Əlidən eşitdim: Buyurdu ki, Allahı şahid tuturam ki, Peyğəmbər belə buyurdu: “Şərab içən bütpərəst kimidir.”
“O yerdə ki, haqq səni xoşagəlməz hadisələrə tuş gətirdi, buna səbr et, o yerdə ki, səni şəhvətə çağıran xoşagələn anlar olur, onda özünü qoru.”
“Bizə itaət edin, çünki, bizə itaət etmək vacibdir və o, Allaha və Onun Peyğəmbərinə itaətə yaxındır, bir sıradadır. Allahın buyurduğu kimi: “Allaha itaət edin, Onun Rəsuluna və sizlərdən əmr (ixtiyar) sahiblərinə itaət edin.”
“İnsanların ən güzəştə gedəni intiqam almağa qadir olduğu halda əfv edəndir.”
“Xətaların və günahların ən böyüyü bir müsəlmanın malını nahaqdan mənimsəməkdir.” (Atasından rəvayət edir.)
“Yaradanın səbəbi ilə məxluqdan ehtiyacsız ol.”
“Cihadların ən üstünü insanın öz nəfsinə qarşı etdiyi cihaddır.” (Peyğəmbərdən rəvayət edir.)
“Cihadların ən üstünü o şəxsin cihadıdır ki, sübhə çıxar və onda bir kimsəyə sitəm və zülm etmək fikri olmaz.” (Babasından rəvayət edir.)
“Ailə ləyaqətinə ziyan gətirən iş xudpəsəndlik (özünü bəyənmək) və özündən razılıqdır.” (Babsından rəvayət edir.)
“Mənim ümmətimin ən fəzilətli qadınları o gözəl simalılardır ki, ən az mehriyyə müəyyənləşdirirlər.” (Babasından rəvayət edir.)
“Hər kəsin bir mə`şuqu və məhəbbəti var, bir sevgilisi və bir nəğməsi var, bir ürəyini verdiyi və bir dildarı var: Vurğun insanların ən üstünü o şəxsdir ki, Allaha ibadəti sevir, onu mə`şuqu kimi qucaqlayır, qəlbində əzizləyir və bağrına basır, onu qəbul etməyə hazırlaşır. Əgər bir şəxs belə olsa, gecəni gündüz etməkdən, dünyanın onunla və ya onsuz olmasından heç bir qorxusu olmayacaqdır.”
“Vasitəçiliklə və insanların ehtiyacının rəf` (tə`min) olunmasına kömək etməklə özünüzə mədh və tə`rif qazanın və biganəlik və laqeydliklə özünüzü tə`nəyə, məzəmmətə hədəf etməyin.”
“Bizim dostluğumuzdan və məhəbbətimizdən uzaq düşməyin, çünkibizə dost olan hər kəs Allahla görüşən zaman bizim şəfaətimizə daxil olacaqdır.”
“İlahi, bizim şiələrimizə layiqli bir məskən müəyyən et, bizi və onları Özünün daimi rəhmət məkanında cəm elə.”
“Allaha and içirəm ki, qanıma qəltan olub öz Pərvərdigarıma qovuşmayınca, onların (Yezidin ardıcıllarının) heç bir istəyini qəbul etmərəm.”
“Allah bizim davamçılarımıza (şiələrimizə) elə bir kəramət və əzəmət verəcəkdir ki, yer üzərində olan heç bir şey onlara gizli qalmasın.”
“Həqiqətən sizlərdən mənə ən yaxın olan, şəfaət etməyə mənə ən vacib olanınız, sözü doğru olanınız əmanətə ən çğx riayt edəniniz, əxlaqı ən gözəl olanınızdır.” (Babasından rəvayətdir.)
“Allah xoş rəftarı sevir, ona (xoşrəftar adama) gömək edir, zərifliyi və xoşrəftarı olmayanları isə sevmir.” (Babasından rəvayət edir.)
“Həqiqətən, Allah səxavət və bəxşiş sahibidir və səxavətli şəxsi sevir, pis işlərə nifrət edir.” (Babasından rəvayət edir.)
“Allah Onun haram buyurduğu şeylərdən pərhiz edən kəslər üçün zamin durar, onu xoşlamadığı şeylərdən uzaqlaşdırar, sevdiyi şeylərə qovuşdurar və gümanı gəlmədiyi yerdən onun ruzisini yetirər.”
“Həqiqətən, Allah mö`minlərə sağlıqlarında haram buyurduqlarını öləndən sonra da haram buyurmuşdur.” (Burada ona əziyyət verən, şəxsiyyətini (vücudunu) yaralayan, alçaldıcı, təhqiredici, söyüş və hər cür əməllər nəzərdə tutulur. Amma sağlığında caiz olmayan və ya razılıq vermədiyi malının, evinin satın alınması və ya həyat yoldaşı ilə evlənmək məsələsi bu rəvayətin mə`nasını təşkil etmir). (Babasından rəvayət edir.)
“Pərvərdigar Öz bəndələrinə şərafətli yerləri, onların sabitqədəmliyi və narhatlıqlara dözdüklərinə görə bəxş edir.” (Bu sözləri Kərbəlada bey`ət zamanı öz vəfalı dostlarına buyurmuşdur.)
“Həqiqətən qardaşım (İmam Həsən) insanların arasında Allah və Onun Peyğmbərini ən yaxşı tanıyan və onların arasında Qur`an həqiqətlərini və təfsirlərini ən yaxşı bilənidir.”
“Həqiqətən, biz (Peyğəmbər xanədanı) elə bir nəsilik ki, sizinlə (Bəni Üməyyə ilə) Allah yolunda düşmənçilik edirik, sizinlə dünya xatirinə əsla sazişə gəlməyəcəyik: Qohumluq və əsl-nəsəb də bu işdə aciz qalmışdır, o ki, ola hər hansı bir səbəb.”
(Bu sözləri o zaman buyurdu ki, Müaviyə Zeynəbi-Kübranın qızını Yəzidin oğluna almaq və kəbin zamanı bəni Haşim ilə Bəni Üməyyə arasında sülh bağlanmasını şərt olaraq irəli sürmək istəyirdi, lakin İmam Hüseyn (ə) bu bəyanla buyurdu: Bizim düşmənçiliyimiz Allah yolunda olan düşmənçilikdir, haqq və batilin düşmənçiliyidir, maddi və təbii vasitələr onu aradan apara bilməz. Bu haqda kitabın müqəddiməsində qeyd olunmuşdur.)
“Həqiqətən yaxşılıqların daha üstünü odur ki, bir şəxs Allah yolunda şəhid olsun; Hər bir itaətsizlikdən və günahdan daha alçaq pislik odur ki, bir kəs valideynlərindən birini öldürsün.” “Həqiqətən mən bu ümmət üçün sənin (Müaviyənin) hökmranlığından və hökumətindən daha böyük bəla və fəlakət görmürəm; Özüm üçün Məhəmmədin dini və ümməti üçün səninlə müharibəyə qalxmaqdan üstün bir fikir (yol) tanımıram və yoxumdur.”
(Həzrət bu sözləri, onu çətinliklərlə qorxudan Müaviyəyə cavab olaraq yazmışdı.)
“Rəsuli Əkrəm yanında iki övladı olan bir kişi gördü. Uşaqlardan birini öpdü, o birinin yanından keçdi. Həzrət buyurdu: “Nə üçün onları bərabər tutmadın?” (Babasından rəvayət edir.)
“Həqiqətən insanın əxlaqi ləyaqətlərindən və dəyərli cəhətlərindən biri, onun qonaqpərvərliyidir.”
“Sizinlə bir səviyyədə və bir şə`ndə olanlara qız verin və onlardan da qız alın və öz nəsliniz üçün seçin.” (Babasından rəvayət edir.)
“Həqiqətən Allahın yanında adamların ən pisi, şərlərinin qorxusundan (amanda qalmaq üçün) ehtiram olunan adamlardır.” (Babasından rəvayət edir.)
“Həqiqətən xəsis o adamdır ki, mənim adım onun yanında çəkilir, o isə mənə salavat (salam) göndərmir.” (Babasından rəvayət edir.)
“Mən (zamanın iblisi) Yezid ibni Müaviyəyə qarşı qürur, xudpəsəndilik, fəsad törətmək və zülmkarlıq etmək üçün çıxıb qiyam etmədim; əksinə, bu hərəkatda əsas məqsəd yalnız bu idi ki, babamın ümməti arasında və atam Əliyyibni Əbi Talibin ardıcılları içində islahat aparıb onların işini (Bəni Üməyyənin əlaltıları tərəfindən icad olunmuş) puçluqdan və xarablıqdan çıxarıb inkişaf və islah yoluna çəkim.”
(Bu sözləri qardaşı Məhəmməd Hənifiyyəyə etdiyi vəsiyyətində yazmışdı.)
“Həqiqətən sizi Allahın kitabına və Onun Peyğəmbrinin sünnətinə doğru çağırıram; Çünki xalqın arasında İslam sünnəti öldürülmüş və bid`ət dirçəldilmişdir. Əgər mənim sözlərimi eşitsəniz və əmrimə itaət etsəniz, doğru yolu sizə göstərərəm.” (Bu sözləri Bəsrə camaatına yazmışdır.)
“Həqiqətən Rəsuli Əkrəm əgər düşmənlə qarşılaşsaydı, əvvəl piyadaları, süvariləri və dəvə üstəki əsgərlərini döyüşə hazırlayırdı və bundan sonra belə dua edirdi:
İlahi, Sən özün mənim pənahım, köməyim və müdafiəçimsən, Sənin qüvvən və qüdrətinlə hərəkət edir və döyüşürəm.” (Atasından rəvayət edir.)
“Əgər Allahın elçisinə onu sevindirən bir xəbər çatırdısa, deyirdi: “Allaha şükürlər olsun ki, yaxşılıqlar və xeyir işlər Onun ne`mətləri ilə tamamlanır.” Əgər onu kədərləndirən bir iş baş verirdisə, deyirdi: “Hər halda Allaha şükr olsun.” (Atasından rəvayət edir.)
“Həqiqətən Rəsuli Əkrəm məscidə daxil olanda deyirdi: “İlahi, Öz rəhmət qapılarını mənim üzümə aç!” Məsciddən çıxanda deyirdi: “İlahi, Öz ruzi qapılarını mənim üzümə aç.” (Atasından rəvayət edir.)
“Həqiqətən Rəsuli Əkrəm həm ərli, həm də ərsiz qadınlara bəzənmək (həna qoymaq, sürmə çəkmək) göstərişi verdi.”
“Allaha tamah üzündən bəndəlik edən insanların ibadəti tacir ibadətidir; qorxudan Allaha ibadət edənlərin ibadəti qul ibadətidir; minətdarlıq və təşəkkür üçün Allaha ibadət edənlərin ibadəti azad insanların ibadətidir. Bu sonuncusu ən gözəl, ən yaxşı ibadətdir.”
“Həqiqətən Əli (əleyhissalam) İslami cəhətdən birinci şəxs, elmi cəhətdən insanların ən biliklisi, helm və dözüm cəhətdən onların ən böyüyüdür.”
“Mən öldürüləcəyim günü, saatı və yeri bilirəm; Məni öldürəcək şəxsi, dəfn olunacağım məkanı da tanıyıram.”
“Mən ölümü ancaq xoşbəxtlik, zülmkarlarla bir yerdə yaşamağı isə ancaq kədər və sıxıntı sayıram.”
“Həqiqətən mənim şəxsiyyətim, himmətim və iradəm ölümün qorxusundan zülmü və sitəmi qəbul etməkdən və zalimin iradəsini boynuna götürməkdən çox-çox uzaqdır.”
“Mən öz əshabımdan daha vəfalı və daha yaxşı dostlar, öz Əhli-beytimdən daha çox bir-birinə bağlı Əhli-beyt tanımıram.”
(Bu sözləri Aşura gecəsi öz dostlarını və qohum-əqrəbasını sınadığı və onlardan bey`ət aldığı zaman buyurmuşdu.)
“Əgər sizin dininiz yoxdursa və qiyamət günündən də qorxmursunuzsa, heç olmasa öz dünya həyatınızda azadə olun.”
(Bu sözləri Aşura günü Yezidin qoşunları İmam Hüseyn (əleyhissalam)-ın xeymətlərinə hücum etdikləri zaman Əbu Süfyanın tərəfdarlarına buyurdu.)
“Ey ümmət, əgər siz, biz Peyğəmbər Əhli-beytinə kömək etməsəniz və bizimlə insafla, ədalətlə rəftar etməsəniz, zülmkarlar sizə qalib gələcəklər və İslam nurunu, sizin Peyğəmbərinizin Qur`anının nurunu söndürmək üçün çalışacaqlar.”
“Dünya həyatının şirinliyi və acılığı rö`ya və yuxu kimidir. Ayıqlıq yalnız axirət aləmindədir.”
“Həqiqətən sənin varlığın günlərdir. Əgər onlardan bir gün keçirsə, demək, sənin varlığının bir hissəsi yox olmuşdur.”
Şəhidlərin sərvərinin bu sözlərindən başa düşmək olur ki, zaman da varlıq kateqoriyalarından (ölçülərindən) biridir.
“Həqiqətən ləyaqətli işlər tə`rifə və axırda isə mükafata layiqdir.”
“Başqalarına itaət yalnız bəyənilmiş və halal işlərdə olar, məxluqatdan kiməsə itaət etməkdə Allaha asi olmaq, iataətsizlik etmək olmaz.” (Babasından rəvayət edir.)
“Həqiqətən cahillikdəndir ki, insan gecə də yatsın, gündüz də yuxulasın. Yenə cahillikdəndir ki, təəccüb doğurmayan bir işə gülsün.” (Babasından rəvayət edir.)
“Əgər sizlərdən biri öz din qardaşını sevirsə, bunu ona desin: Çünki, bu iş o iki nəfərin aralarının yaxşılaşması üçün  ən münasib işdir.” (Babasından nəql edir.)
“Həqiqətən sizin öz övladınıza birinci hədiyyəniz-onun gözəl adıdır: Ona görə (övladlarınıza) yaxşı adlar seçin.” (Babasından rəvayət edir.)
“Sonra üzr istəyəcəyin hər bir əməli eləməkdən çəkin.  Çünki mö`min şəxs pislik etmir və üzr də istəmir. Amma münafiq şəxs hər gün pislik edir və üzr istəyir.”
“Atanın nifrinindən (qarğışından) uzaq olun ki, o, qılıncdan da itidir.”
“Sənə qarşı Allahdan başqa heç bir köməkçisi olmayan bir kimsəyə zülm etməkdən çəkin.”
“Cənnətə birinci daxil olacaq kəslər-xeyir və xeyir işlər görənlərdirlər.” (Babasından rəvayət edir.)
“Axirətdə ilk ədalət qəbirlərdədir, çünki, onlarda (insanların) şərafətlisi ilə şərafətsizi seçilmir.” (Peyğəmbərdən rəvayət edilir.)
“Elmin əvvəli-susmaq, ikincisi-dərsə (deyilənlərə) qulaq asmaq, üçüncüsü-elmi yaymaq, dördüncüsü-öz öyrəndiklərinə əməl etməkdir; susmaq-qızıl, danışmaq gümüş kimidir.” (Atasından rəvayət edir.).
Səbirsizlik göstərərək sözə başlama,
Yaxşı söz de, əgər gec deyirsənsə, nə qəm.
Susmaq və danışmaq arasında olan müqayisə o mə`nadadır ki, onlardan heç biri üstünlük və zərurət tələb etməsin. Əks halda ya danışmaq və ya susmaq üstünlüyə malik olacaqdır; Yersiz danışmaq pis olduğu kimi, yersiz susmaq da məzəmmətə layiqdir.
İki şey əqlin kütlüyündəndir;
Danışmaq lazım olanda susmaq, susmaq lazım olanda danışmaq.
“İnsanların ən yaxşı əlaqə yaradanı o kəsdir ki, onunla üzülüşən (əlaqəni kəsən) adamla da əlaqəsi olsun.”
“Ey oğlum, acı olsa da, haqq sözə döz.”
(Haqq axtarmağın səni vadar etdiyi yerdə xoşagəlməz hadisələrə səbr et, xoşagələn şeylər səni havayi-həvəsə (şəhvətə) çağırdığı yerdə o xoşagələn şeyləri itirməyinə də döz.)
“Ləyaqətli və ləyaqətsiz adamlar üçün yaxşı işlər gör; Əgər yaxşılıq etdiyin şəxs ləyaqətli və bu işlərə layiqdirsə, demək onun ləyaqətinə yaxşılıq edilib; əgər o, buna layiq deyilsə, sən özün yaxşı işlərə layiqsən.”
“Siz Kufə əhli, düşmənlərin sizin aranızda ədalətin nə olduğunu aydınlaşdırmadığı və ya sizin tamah saldığınız alçaq həyatdan dünyadan sizə verdikləri haramdan başqa sizin üçün heç bir düzgün şey arzulamadığı halda, siz öz övliyanızın əleyhinə qalxaraq, dostların müqabilində dayanan düşmən qüvvəsinə çevrilərək sabaha çıxdınız.”
(İmam Hüseyn bu sözləri Aşura günü Kufə əhlinə söylədi.)
“Camaatın İmamı namaz qılanların Allah qarşısında nümayəndəsidir; ona görə öz namazınızı qılarkən ən yaxşılarınızı qabağa verin.” (Babasından rəvayət edir.)
“Həqiqətən bu ümmətin birinci mənafeyi və xeyri zöhd və inam idi, onun sonrakı məhvi isə tamah, xəsislik və bihudə arzuları olacaqdır.” (Babasından rəvayət edir.)
“Mən Allaha və qiyamət gününə inamı olmayan hər azğının və təkəbbür sahibinin fərmanına tabe olmaqdan Allaha pənah aparıram!”
“Həqiqətən Allah yaxşı işləri sevir, pis işlərdən ikrah edir.”
“Vücudunuz sağlam ikən xeyir işlər görməyə tələsin.”
“Gözlərin yaşarması (ağlaması) və ürəklərin müti olması Allahın mərhəmətlərindəndir.”
“Allah xovfundan ağlamaq-cəhənnəm odundan xilas olmaqdır.”
“Xəsis o adamdır ki, salam verməyə xəsislik edir.”
“Yaxşı iş odur ki, o işi görüb qurtaranda insanın nəfsi, qəlbi aram və sakit olur. Lakin günahın və pisliyin nişanəsi odur ki, onu edib qurtaranda ürək tərəddüd edir, dayanır.” (Babasından rəvayət edir.)
“Behiştin qiyməti-təkallahlıqdır (tovhiddir).”
“İnsanlarla dostluq etmək ağlın, onlarla xoş rəftar-həyatın yarısıdır.” (Babasından rəvayət edir.)
“Təqva-kəramət, helm-arzu-yumşaqlıq, səbr isə-ən yaxşı nicat gəmisidir.” (Babasından rəvayət edir.)
“Mavi gözlü qadınlarla evlənin, çünki onlarda bərəkət və xoşbəxtlik vardır.” (Babasından rəvayət edir.)
Cahiliyyət dövrü ərəbləri üçün ən pis rəng mavi rəng idi və onlar mavi gözlü qadınlarla evlənmirdilər. İslamın böyük Peyğəmbəri bu qısa və mə`nalı sözləri ilə o cahilanə adəti aradan götürdü və adamların mavi gözlü qadınlarla izdivac etməsinə rəğbət yaratdı.
“Bakirə qızlarla izdivac edin, çünki, onların ağzı və danışığı daha pakdır, onlar hamilə olmağa, tez tərbiyə olunmağa daha çox hazırdırlar, vəfada və məhəbbətdə daha möhkəmdirlər.” (Babasından rəvayət edir.)
Cahiliyyət dövrü ərəblərinin bə`ziləri ailə qurarkən həyat təcrübəsi görmüş dul qadınlarla evlənməyi qızlarla evlənməkdən üstün tuturdular. Lakin Allahın elçisinin nəvəsi Hüseyn ibni Əli (əleyhissalam)-ın rəvayət etdiyi bu bəyan onların (ərəblərin) məntiqini və təfəkkür tərzini dəyşdi.
“Yemək yeyəndən sonra dişlərinizi təmizləyin, çünki bu sizin qabaq və dal dişlərinizin salamat qalmasını tə`min edir.” (Babasından rəvayət edir.)
“Bir-birinizlə əl verib görüşün ki, bu dostluğu və məhəbbəti artırr.” (Babasından rəvayət edir.)
“İnsanların şərindən qorxduğunuz zamana Allahın itaətinə pənah apar.” (Babasından rəvayət edir.)
“Üç şey var ki, onlara əməl etsəniz, sizə bəla üz verməz:
1-İslamın və müsəlmanların düşmənlərinə qarşı cihad etmək; 2-Sizin rəhbərləriniz İslamın hüdudları barədə mühakimə və qəzavət zamanı ədalətli hökmlər versinlər; 3-Cihada hazırlığı tərk etməməlisiniz.”
“Üç şey vardır ki, mö`min bəndənin qəlbi onlara münasibətdə xəyanət etməməli və küdurət saxlamamalıdır; birincisi, yalnız Allah üçün də`vət və təbliğ; ikincisi, harada olur-olsun, islami işlər övliyasına haqq əməllərdə nəsihət: üçüncüsü, öz dualarında və arzularında bütün mö`minləri və müsəlmanları özünə şərik etmək, çünki dua mö`minləri əhatə edir.” (Atasından rəvayət edir.).
“Üç şeydə mö`min şəxs üçün ləzzət və rahatlıq vardır: qardaşlarla görüşmək, oruc tutanlara iftar vermək, gecənin axırınadək ibadət üçün oyaq qalmaq və dua etmək.” (Atasından rəvayət edir.).
“Üç şey yaxşılıq qapılarındandır: birincisi, nəfsinin səxavəti və bəxşiş vermək; ikincisi, təmiz (mərdanə) söz söyləmək; üçüncüsü, əziyyətlər və narahatlıqlar müqabilində səbirli və dözümlü olmaq.” (Babasından rəvayət edir.)
“Üç qrup adam var ki, Allah onlara mərhəmət nəzəri ilə baxmır: 1-elədiyi yaxşılıqlar müqabilində minnət qoyan şəxs; 2-ata-anasının üzünə ağ olan şəxs; 3-içkini tərk etməyən kəs.” (Babasından rəvayət edir.)
“Üç qism adam insanların ən pisi sayılır: 1-nadan və cahil qoca, 2-varlı zalim, 3-xudpəsənd və təkəbbürlü kasıb.” (Atasından rəvayət edir.).
“Üç şey var ki, hər kəs özünü ondan qorusa, hər çətinlikdə şeytanın şərindən xilas olacaqdır: 1-ixtiyarı çatmadığı yad qadınla xəlvət yerdə olmayan adam, 2-padşah yanına getməyən və 3-bid`ət sahibinin bid`ətinə kömək etməyən adam.” (Atasından rəvayət edir.)
“İnsanın, onu Allaha asi olmaqdan saxlayan nəfsinə qarşı cihadı-cihadların ən böyüyüdür.”
“Qonşuluq-yaxınlıq və qohumluqdur.”
“Bir yerdə çörək yemək bərəkətə bais olur: bir nəfərin yeməyi iki nəfərə, iki nəfərin yeməyi dörd nəfərə kifayət edir.” (Atasından rəvayət edir.)
“Allaha həmd etmək, hər ne`mətə şükr etməkdir.” (Atasından rəvayət edir.)
“Hikmət və bilik mö`min bir şəxsin itirdiyidir, hətta müşrikin yanında olsa da onu axtarın ki, hikmət əhli olasınız və ona daha çox layiq olasınız.” (Atasından rəvayət edir.).
“Elm və bilikdən sənə Allahın əzəmətindən qorxacağın qədər bəsdir, nadanlıqdan da öz elminlə məğrur və xudpəsənd olmağın qədər kifayətdir.”
“Qur`an daşıyıcıları behişt əhlinin arifləridirlər.” (Babasından rəvayət edir.)
“Həcc hər bir zəif şəxsin cihadıdır, qadının cihadı isə gözəl ər saxlamaqdır.”
“Hər kəsin ailəvi şəxsiyyəti-onun dinidir, alicənablığı (mürüvvəti)-əqlidir, dözümü-şadlığının vasitəsi və böyüklüyü (kərəmi)-təqvasıdır.” (Babasından rəvayət edir.)
“Sənin ən yaxşı sərvətin odur ki, onun vasitəsi ilə öz abrını və şərəfini qoruyursan.”
“Xoş xasiyyət-ibadətdir, sükut (susmaq) zinətdir.”
“Boyunbağı cavan qadınların boynu üçün (yaraşıq) olduğu kimi, ölüm də Adəm övladlarının (alnına) yazılmışdır.”
“İnsanlar-Pərvərdigarın ailəsidir; Allahın yanında insanların ən sevimlisi odur ki, Allahın ailəsinə, çörək yeyəninə bir xeyir versin və bir ailəni şad etsin.”
“Allah qorxusu hər hikmətin açarıdır.”
“Beş şey var ki, onlardan istifadə etməyin qarşısını almaq caiz və halal deyildir: su, od, duz, otlaq, elm.” (Babasından rəvayət edir.)
“Ən yaxşı əmniyyət, Allah amanıdır.”
(Bu cümləni: Məkkədə qal, əmniyyətdə olarsan”-deyə yazan Məkkə hakiminin məktubuna cavab olaraq yazmışdı.)
“Ən yaxşı ibadət-”Tovhid–la ilahə illəllah” kəlməsini demək, ən yaxşı söz “istiğfar”dır.” (Babasından rəvayət edir.)
“Dünyanın ən yaxşı mətahı-pak və əməlisaleh həyat yoldaşıdır.” (Babasından rəvayət edir.)
“Dua etmək-mö`min bəndənin silahı, dinin sütunu, yerlə asiman arasının zinətidir.” (Babasından rəvayət edir.)
“Din qardaşı üçün o, yanında olmadıqda edilən dua, qəbul olar” (Babasından rəvayət edir.)
“İşsiz və əməlsiz dua edən adam, kamansız ox atan kimidir.” (Babasından rəvayət edir.)
“Dua edənlə “amin” deyən əcrdə şərikdirlər.” (Babasından rəvayət edir.)
“Səni şübhəyə və tərəddüdə salan hər şeyi bir kənara qoy, səni şübhəyə salmayan işdən tut. Həqiqətən yalan şəkk-şübhəyə səbəb, düzlük və doğruluq isə qəlbin arxayınlığına baisdir.”
“Elmi bəhs və müzakirələr mə`rifət toxumudur, uzun və çoxlu təcrübələr əqlin çoxalmasına səbəb olur.”
“Dünyada zahid o adamdır ki, başqalarına moizə etsin və başqalarının da moizəsini qəbul etsin (və ya moizə olunan zaman qəbul etsin), öyrənsin və öyrəndiyinə əməl eləsin; O adamdır ki, (əvvəl) yəqin etsin, sonra Allaha itaətsizlikdən qorxsun, gününü çətinlik içində başa vurursa, Allaha şükr və minnətdarlıq etsin və sabaha (salamat) çıxırsa, rahatlıq və xoşluq üçün şükr eləsin.”
(Atasından rəvayət edir.)
“Evləndiyiniz günü qadınlarınızla gecə cinsi əlaqədə olun, gündüz də təam verin.” (Babasından rəvayət edir.)
“Allahın rizası biz Əhli-beytin razı olmasıdır. Çünki Pərvərdigarın bəlasına səbir, ne`mətlərinə də şükr edirik.”
“Haqq söz danışan, ancaq onun haqq sözlərinə eyb tutulmuş adamlar çox olmuşdur.”
“Üzr istəməkdən daha yaxşı olan nə çox günahlar vardır.” (Məsəldir: Üzrü günahdan betərdir.)
“Allah o ata-analara rəhmət eləsin ki, övladlarının onlara yaxşılıq etməsinə kömək ediblər.”
“Yaxşı adam yaxşı xəbər gətirər, pis adam pis.”
“Dünyanı çox istəmək qəm-qüsəni artırar, zöhd isə dünyada insanın qəlbinə, bədəninə rahatlıq və sakitlik bəxş edər.”
“Sözlərin sərkərdəsi: “La ilahə illəllah”-dır.
“Alimlərdən soruşun, hikmət sahibləri ilə danışın və yoxsullarla oturub-durun.”
“Babam Peyğəmbərinin belə dediyini eşitmişəm: Xilafət Əbu Sufyan övladlarına haramdır.”
“Sirlər-əmanətdir, qonşuluq-qohumluqdur, köməklik etmək sədəqə verməkdir.”
“Susmaq qızıl, danışmaq gümüş kimidir.”
“Səfər etmək bir parça əzabdır; Sizlərdən hər biriniz vətənə və ailənizə dönmək üçün tələsin.” (Babasından rəvayət edir.)
“Səfər edib sağlam olun, oruc tutub savab qazanın, mükafat alın və vuruşun ki, sınaqdan çıxasınız; Həccə gedin ki, ehtiyac içində olmayasınız.”
“Dişləri fırçalamaq, ağızı təmizləmək və Pərvərdigarı razı salmaqdır.” (Babasından rəvayət edir.)
“Xəsislik yoxsuluğa, bəxşiş vermək kimsəyə möhtac olmamağa səbəb olar. İnsanlarla xoş rəftar-əqlin nişanəsidir.”
“Gözəl saç-Pərvərdigarın sizə bəxş etdiyi xilqət libaslarındandır, onu əziz tutun.” (Babasından rəvayət edir.)
“Ağ saqqal nur və aydınlıqdır, onu (qırxmaqla) zay etməyin.” (Babasından rəvayət edir.)
“Sabiq ne`mətlərə şükr etmək, gələcək ne`mətləri əldə etməyə hazırlıqdır.”
“Padşahların ən pis sifətləri-düşmənlərdən qorxmaqları, kasıblara qarşı daşürəkli olmaları, hədiyyə və bəxşiş verdikləri zaman xəsislik göstərmələridir.”
“Səbir məqsədə çatmaq üçün ən yaxşı vasitədir.” (Babasından rəvayət edir.)
“Səbirlə imanın nisbəti-insanın başıyla bədəninin nisbəti kimidir.” (Atasından rəvayət edir.)
“Möhtac adam sənə ehtiyacını söylədiyinə görə öz şəxsiyyətini əziz tutmadı; İndi sən öz abrını uca tut və o şəxsin ehtiyacını rədd etməklə onu alçaltma.”
“Doğru danışmaq izzət, yalan söyləmək-acizlik və zəlillik nişanəsidir.”
“Sədəqə vermək-pis və çirkin ölümlərin qarşısını alır.” (Babasından rəvayət edir.)
“İnsanlardan pünhan şəkildə və kimsənin xəbəri olmadan sədəqə vermək və əl tutmaq-Pərvərdigarın qəzəb atəşini söndürür.” (Babasından rəvayət edir.)
“Sədəqə verməyin on, borc verməyin on səkkiz, din qardaşlarına hədiyyə verməyin və yaxşılıq etməyin, get-gəl etməyin iyirmi, ailəyə və qohumlara get-gəl etməyin və ehsan verməyin iyirmi dörd səvabı vardır.” (Babasından rəvayət edir.)
Bu rəvayətlərdən borc və hədiyyə verməyin, İslamda qohumlarla get-gəl etməyin–sileyi-rəhimin əhəmiyyəti aydın olur.
“İnamla iki rükət namaz qılmaq, inamsız halda gecə namazına qalxmaqdan daha yaxşıdır.” (Babasından rəvayət edir.)
“Qohumlarla əlaqə saxlamaq, get-gəl etmək (sileyi-rəhim)-ömrü uzadır və yoxsulluğu aradan aparır.” (Babasından rəvayət edir.)
“Xeyir işlər görmək-pis və çirkin ölümləri dəf edir.” (Babasından rəvayət edir.)
“Oruc tutmaq-bütün səbrin yarısıdır.” (Babasından rəvayət edir.)
“Səbr edin, ey kəramət səahiblərinin övladları, çünki ölüm sizi qəm-qüssə və çətinliklərdən geniş behiştə və əbədi ne`mətlərə doğru aparan körpüdən başqa bir şey deyildir.”
(Bu mətləbi Aşura günü öz vəfalı dostlarına, səhabələrinə buyurdu.)
“Xoş o adamın halına ki, Allahdan qorxur və gecələr Allaha ibadət edir.”
“Uzun-uzadı təcrübələr-ağlın çoxalmasına səbəb olur.”
“Kişilərə münasib ətir odur ki, rəngi görünməsin və ətri duyulsun; Lakin qadınlara layiq ətir odur ki, rəngi və cilvəsi duyulsun, iyi isə gizli olsun.”
“Öz övladlarınıza ox atmaq və üzmək öyrədin.” (Babasından rəvayət edir)
“İş görmək və sə`y etmək-bir növ təcrübədir.”
“Xəstəyə, xəstələndikdən üç gün sonra baş çəkmək yaxşıdır.” (Babasından rəvayət edir.)
“Qeyrət-imandan bir nişanədir.” (Babasından rəvayət edir.)
“Alo bitkisinin şirəsi və sirkə balı çürüdən kimi, qəzəb də imanı çürüdür.” (Babasından rəvayət edir.)
“Elmin üstünlüyü ibadətin üstünlüyündən daha yaxşıdır, dinin kamilliyi (Allaha) təqva və itaətkarlıqdır.”
“Sərvətini birinin çiynindəki yükünü yüngülləşdirmək və onu xalq yolunda xərcləmək üçün sərf etmirlərsə, böyük bəlalar zamanı bəxşiş etmirlərsə, onda mənim ümmətim üçün yoxsulluq zənginlikdən daha yaxşıdır.”
“Sənin öz müsəlman qardaşına iftar verməyin və onun qəlbini şad etməyin, sənin oruc tutmağından daha böyük əcrə malikdir.”
(Ola bilsin bu hədisin mə`nası budur ki, din qardaşının iftarın sənin açmağının savabı, sənin özünün oruc tutmağının savabından çoxdur. (əlbəttə, müstəhəb ouruc tutmaqdan söhbət gedir.)
“Bu ümmətin Qaimi–qiyam edəcək şəxsi mənim övladlarımdan doqquzuncusudur. Qeyb sahibi odur, özü sağ ola-ola mirası təqsim edilən şəxs odur.”
“Həyatda qənaət etmək və özünün malik olduğu ilə kifayətlənmək-bərəkətin səbəbidir.” (Babasından rəvayət edir.)
“Qur`anı tilavət edənin və onu dinləyənin əcri və savabı bərabərdir.”
“Qoca və yaşı ötmüş şəxs iki şeyi çox sevir: Uzun ömrü və dünya malını.” (Babasından rəvayət edir.)
“Dırnaqlarınızı tutun, bu, sizin üçün gözəl və daha yaxşı bir işdir.” (Babasından rəvayət edir.)
“Əgər Allahın elçisinə bir qızın doğulduğu müjdəsini verirdilərsə, buyururdu: “Reyhanədir və ruzisi Allahdandır.”
“Allahın kitabı dörd şeylə möhkəmdir: Birincisi ibarət ilə, kəlmələrin zahiri ilə, ikincisi, işarə və kinayələrlə, üçüncüsü, zərifliyi, incəlikləri və təfərrüatları ilə, dördüncüsü, övliyaların həqiqətləri və peyğəmbərlərin vaqiələri ilə.”
İbarətlər və zahir sadə adamlar üçün, işarələr xas adamlar və alimlər üçün, incəliklər övliya və Allahın dostları üçündür, amma həqiqətləri bilmək peyğəmbərlər üçün nəzərdə tutulur. Yalnız mələklər Allahın nə buyurduğunu bilirlər.
“Şəxsin hər hansı bir İslami sünnəti bərpa etmək, qorumaq, təbliğ etmək və yaşatmağı üçün göstərdiyi sə`y əmələrin ən üstünlərindəndir.”
“Torpağa gömülmüş hər insan-qəribdir.”
“Var-dövlət sahibinin sərvəti nə qədər artırsa, onun qəm-qüssəsi, çətinlikləri də (bir o qədər) artır.”
“Öz himayəsi altında olan adamlara diqqət yetirməyən və onların hüququnu za edən insanın günahı ona bəs edər.” (Babasından rəvayət edir.)
“Hər bir cavanda ölüm üçün (torpaq üçün) bir bəhrə vardır.”
“İnsanın imanı nə qədər artırsa, onun xanımlara, qadınlara olan əlaqəsi və ehtiramı daha da artır.”
Hədisin mə`nasının bu olduğu ehtimal olunur ki, insanın öz həyat yoldaşına bəslədiyi məhəbbət çoxalar. (Babasından rəvayət edir.)
“Dinin kamalı-pərhizkarlıqdır.”
“Yemək şeylərini ölçün və çəkin, çünki, təamın bərəkəti ölçüdə və çəkidədir.”
“Böyüklük, ehsan və yaxşılıq, (axirət dünyasında) sorğu-sualdan qabaqdır.”
“Hər şeyin bir hökm etmək (hökmranlıq) zamanı var, ta ki, əqli cəhətdən insanlar ən layiqli hökmranlığa sərvətə öz əqli gücünə yetişsin.” (Atasından rəvayət edir.)
“Hər bir dərdin dərmanı var və günahın dərmanı Allahdan bağışlanmaq diləməkdir.”
“Qadın özünü əri üçün hazırladığı kimi, sizin hər biriniz də özünü qadınlarınız üçün hazırlamalıdır.” (Babasından rəvayət edir.)
Bu rəvayətin məqsədi və zahiri mə`nası budur ki, kişinin ailə həyatında səliqəsi və təmizliyi, qadının bəzəyi, səliqəsi kimi həmişə lazımdır.
“Mənim ləyaqətim ölümdən qorxan şəxsin ləyaqəti kimi deyildir.”
“İzzət və şərəf yolunda ölmək əbədi həyatdan başqa bir şey deyildir.”
“Zillət içində yaşamaq-sükunət içində (hərəkətsiz) ölümdən başqa bir şey deyildir.”
“Mən ölümdən əsla qorxayacağam, həqiqətən mənim ruhum və himmətim ölümdən qorxaraq zülm və sitəmi qəbul etməkdən daha böyük və daha üstündür.”
“Əməl tərəzisində yaxşı xasiyyətdən, xoş əxlaqdan daha ağır bir şey yoxdur.”
“Allahdan qorxmağın behiştdən başqa bir nəticəsi və səmərəsi yoxdur.”
“Sizin canınızın və varlığınızın behiştdən başqa bir qiyməti (dəyəri) yoxdur: Ona görə də onu bundan başqa bir şeyə satmayın.”
“Torpaq altında yatanlar üçün bir yaxın adam və bir qohum yoxdur.”
“Elm və bilikdən başqa, bir şey üçün yaltaqlıq etmək və həsəd aparmaq mö`min şəxsin əxlaqi sifətlərindən deyildir.”
“Müsəlmanlarla təmiz ürəklə (səmimiyyətlə) rəftar etməyən və ya bir müsəlmana xəyanət edən kəs bizdən deyildir.”
“Yanında olmayan adam üçün qaibanə (xəlvət) edilən duadan daha tez qəbul olunan bir dua yoxdur.” (Babasından rəvayət edir.)
“Əgər mən torpaq altında yaşayan heyvanların yuvası kimi bir gizli yerdə olsam da Bəni Üməyyə qanımı tökmək üçün məni ordan çölə çıxardar.”
Bu mətləbi Bəni Üməyyə nəslnin Peyğəmbər xanədanına bəslədiyi düşmənçiliyin çoxluğunu başa salmaq üçün Abdullah ibni Cə`fərə göndərdiyi məktubda yazmışdı.
“Əgər düşmənlərin şərrindən özümüzü saxlamasaydıq, dostlarımız düşmənlərimizdən seçilməzdi.”
“Əgər din qardaşlarımızın hüququnu tanımaq olmasaydı, bütün pis işlərə əzab verilərdi.”
“Allah hifz eləyən hər şey qorunacaqdır.”
“Allah düzəldən hər iş asan olur.”
“Qənaətcil olan adam kasıblığa düçar olmur.”
“Allahın xoş rəftar və yumşaqlıq qərar verdiyi şeylərdə zinət və gözəllik yarandı, çirkin və xoşagəlməzlik qoyulmuş şeylərə yalnız kobudluq və pislik əmələ gəldi.”
“Hər hansı bir cavan ilk gənclik çağlarında evləndisə, şeytan fəryad edib demişdir: “Vay mənim halıma, vay mənim halıma!” beləliklə, dininin üçdə birini məndən qorudu.” (Babasından rəvayət edir.)
“Allahın şəriki olmasını qəbul etmək günahından sonra, halal olmayan qadının bətnində haram nütfənin qərar verməsindən daha böyük bir günah yoxdur.” (Babasından rəvayət edir.)
“Allah Öz bəndələrini yalnız Onu tanımaları üçün yaratmışdır; Onlar Allahı tanıdıqları zaman Ona pərəstiş edərlər, hərgah Allaha ibadət etdilər, onda artıq Ondan başqasının qabağında səcdə etməyə ehtiyacları olmayacaqdır.”
“İzzətə qovuşmaq və haqqı yaşatmaq yolunda ölüm nə qədər asandır.”
“İmam yalnız o kəs ola bilər ki, Allahın kitabı əsasında hökm etsin, ədaləti bərqərar  etsin, Allahın dinini vəfadar qalsın, nəfsini Allahının istək və iradəsi səbəbi ilə öz nəfsinə nəzarət etsin.” (Kufə əhlinə yazdığı məktubdan.)
“Allah ölümdən başqa bir dərdi göndərmişsə, hökmən onun dərmanını da göndərmişdir. Belə isə, dərman fikrində olun.”
“Allahın yanında Ona iman gətirmək, saleh əməl görməkdən və tərk olunmasını istədiyi şeyləri tərk etməkdən daha sevimli br şey yoxdur.”
“Xain (xəyanətçi) olmaqla riyakar olmağın heç bir fərqi yoxdur.”
“Allah hər kəsin taqətini apdısa, hökmən itaət etməyi də ondan götürmüşdür; və hər kəsin qüdrətini aldısa, hökmən onun dini vəzifəsini də aradan qaldırmışdır.”
“Heç kim dünyaya bel bağlayan (e`timad göstərən) bir şəxs kimi ziyana uğramamışdır.”
“Allahın elçisinin bir qrup adama belə buyurduğunu eşitdim: “Həqiqətən Əli hidayət şəhəridir: Onun qapısından girən hər kəs nicat tapdı, hər kəs ondan kənar keçdi, həlak oldu.”
“Hər kəs ləyaqətlərinə görə daha biliklidir.”
“Hər kəs Pərvərdigara itaət etsə, Allah ona ucalıq və üstünlük bəxş edər.”
“Hər kəs Allah üçün öz niyyətini xalis etsə, Allah ona zinət və gözəlllik bəxş edər.”
“Hər kəs Allaha məxsus olana e`tiqad və iman bəsləsə, Allah onu qane edər.”
“Hər kəs Allahın əmri qarşısında öz böyüklüyünü və izzətini göstərsə, Allah onu zillətə sürükləyər.”
“Xoş rəftar və barışqanlıq verilmiş hər kəsə dünya və axirətin xeyri verilmişdir. İnsanlarla xoş rəftardan məhrum olan hər kəs dünya və axirətin xeyrindən məhrum qalır.”
“Bəd əxlaqa malik olan hər kəs, özünü əziyətə və əzaba salmşdır.”
“Qəm-qüssəsi çox olan adamın bədəni xəstəliklərə düçar olar.”
“Allahı razı sala biləcək bir arzu ilə yaşayan hər kəs öz arzusuna çatmamış ölməz.”
“Səxavət göstərən adam qüdrətə çatar, xəsislik eləyən adam rəzil olar.”
“Hər kim bizi Allah rizası xatirinə sevər, biz və o, qiyamət günü baş və orta barmaqlar kimi bərabərik.”
Bir rəvayətdə də belə gəlib çatmış ki, biz və o, iki bərabər barmaq kimi Peyğəmbərə qovuşarıq.
“Hər kəs bizi sevirsə, babamı sevmiş olur; Bizimlə düşmənçilik edən adam babamla düşmənçilik etmiş olur.”
“Bizi sevən hər kəs bizdən-Peyğəmbərin Əhli-beytindən olacaqdır.”
“Hər kəs bizi dünya xatirinə sevirsə, dünya yaxşı əməl sahibinə də, pis əməl sahibinə də çatar.”
Mə`nası budur ki, bizə bəslənən məhəbbət düyaya olan məhəbbətdən üstün olmalıdır.
“Allahın xeyirləri və ne`mətlərindən yalınız dünyada şad olan adam, alçaq bir şey üçün razı olmuşdur.”
“Ləyaqət nişanələrindən biri ağıllı adamlarla oturub-durmaqdır.”
“Bir alimin biliyinin nişanələrindən biri onun öz dediklərinə daha çox diqqət yetirməsi, tənqidi yanaşması və fikir, münazirə fənnlərinin həqiqətlərindən xəbrdar olmasıdır.”
“Sənin bəxşiş və hədiyyələrini qəbul edən hər kəs, sənin kəramətinə və böyüklüyünə kömək etmiş olur.”
“Səni sevən adam səni pis əməllərdən çəkindirər, səni düşmən sayan adam səni bəd əməllərə vadar edər.”
“Bir şeyi günah və Allaha qarşı itaətsizliklə əldə edən adam, öz ümidlərini daha çox məhv etmiş və qorxduğu şeyə tez düçar olmuş olur.”
“Öz din qardaşı üçün bir xeyir iş görən adam, sabah (qiyamət günü) əvəzini onun yanına gəldikdə tapacaqdır.”
“Kim ki, öz din qardaşına yaxşılıq eləyəndə Allahı nəzərdə tutur və o işi Allah xatirinə edir, onun ehtiyacı olduğu zaman Allah əvəzini qaytaracaqdır və onun elədiyindən də artıq çətinliklərini rəf edəcəkdir.”
“Öz müsəlman qardaşlarıın şərəf və namusunu müdafiə edən adam üçün behişt vacibdir.”
“Hər kəs Allahı ona layiq olduğu şəkildə sevərsə, Allah ona arzıladığından artıq və həddindən çox əta edəcəkdir.”
“Kim ki, Allahın rizasını insanların qəzəbindən qorxmayaraq əldə edirsə, Allah onu həmin insanların şərrindən qoruyur.”
“Kim ki, Allahın rizasını insanların qəzəbindən qorxmayaraq əldə edirsə, Allah onu həmin insanların şərrindən qoruyar.”
“Kim ki, insanların rizasını Allahı qəzəbləndirməklə əldə edirsə, Allah onu insanların ixtiyarına buraxır.”
“Hər kəs Allaha təvəkkül etsə, qənaət etsə, malik olduğuna razı olsa, istədiyi şeydən ehtiyacsız olacaqdır.”
Bu ona işarədir ki, yaşayış vasitələri əldə etməkdə tamahkarlıq göstərmək arzu olunmazdır. Allaha təvəkkül etmək, qənaətlə, razılıq və şadlıqla yaşamaq, cahilanə şəkildə rəqabət etməmək bir çox yersiz və artıq sə`ylərin qarşısını alır və Allah da ona kömək edir.
“Bir padşahın tələblərini Allahın əmrlərindən üstün tutan adamdan   Allah təqva ruhunu alır və onu (bu dünyada və axirətdə) sərgərdan qoyur.”
“Kim ki, Allahın haram buyurduğunu halal sayan, Pərvərdigarla bəndəliyi barədə əhd-peymanını sındıran, Allahın bəndələri arasında günah, zülm və ədalətsizliklə rəftar edən zülmkar bir şah və ya hakim görüb, ancaq ona e`tiraz etmirsə, Allah onu (o şəxsin) özünə məxsus yerə (zülmkarların olduğu yerə) salar.” (Babasından rəvayət edir.)
İmam Hüseyn (əleyhissalam) bu sözləri Kufə yaxınlığında oxuduğu xütbələrdə buyurdu və ətrafa yazdığı bə`zi məktubların sərlövhələri belə idi: Bu sözlərdən zülmkarlara qarşı mübarizədə müsəlmanların üzərinə düşən ağır məs`uliyyətlər aydın olur.
Həmin məs`uliyyəti hiss etməyin nəticəsi idi ki, şiə dünyasının böyük mərcəye-təqlidi Həzrət Ayətullahul-Üzma İmam Xomeyni (r) Qum şəhərindən meydana çıxaraq uzun müddət İslama və şiəliyə qarşı yönəlmiş napak, minfur niyyətlərini gizli saxlamış, zamanın zülmkarı və dövrünün şahı Məhəmməd Rza Pəhləvi əleyhinə müxalifət bayrağını qaldırdı, heç bir çətinlikdən qorxadı, bu məs`uliyyəti, İslam peyğəmbərinin yolunda zindanları və sürgünləri canı bahasına qəbul etdi, Hüseyn kimi zamanın yezidinə e`tiraz səsini ucaltı. 15 il zindan və sürgün əzablarından sonra İslami İrana İslam Cümhuriyyətini e`lan etdi. Amma şeytanlar tərəfindən neçə-neçə çətinliklər yaradıldı və dünya müstəmləkəçilərinin əlilə nə qədər alimlər və fəqihlər şəhadətə yetirildi? Nəhayət İraq məməlkətinin hakimi, əsrin və zamanın Səddam Hüseyn Əfləqi adlı bir cinayətkarının əlilə İran İslam Respublikası əleyhinə evlər yıxan bir məcburi müharibə başlandı ki, 7 ildir davam edir. Allaha şükr olsun ki, İmam Hüseyn məktəbinin davamçıları dünyada misli görünməyən bir rəşadətlə düşməni İran İslam Cümhuriyyətinin torpağından çıxartdılar. Ancaq müharibə hələ davam edir. Bu günlərdə İran körfəzində müharibə təhlükəsi aramaqdadır. Böyük Allah, əvvəllə olduğu kimi, indi də bizim yardımçımızdır.
“Gecəni gündüz edən (səhərə çıxan), ancaq müsəlmanların işinin fikrini çəkməyə hər kəs, müsəlmanlardan deyildir.” (Babasından rəvayət edir.)
“Bir adamın “ey müsəlmanlar” deyə imdada çağırdığını görən və ona cavab verməyən kəs müsəlmanlardan deyildir.” (Babasından rəvayət edir.)
“Hər kəs öz din qardaşının üstünə silah çəkib onu təhdid etsə, məlakələr onu lə`nətləyər o vaxtlara qədər ki, o, öz silahını ondan kənara çevirər.”
“Hər kəs ki, bid`ət qoyanın bid`ətini rədd edər, o, Allah yolunda cihad etmiş kimidir.” (Atasından rəvayət edir.)
“Hər kəs istəyir ki, Allahın yanında öz mövqeyini başa düşsün, gərək Allahın əzəmətindən özündə nə olduğunu bilsin.” (Babasından rəvayət edir.)
“Pərvərdigarın seçdiyinin gözəlliyinə e`timad edən hər kəs, Allahın istəklərindən başqa bir şey arzu etməz.”
“Kim ki, insanlarla insafla rəftar edir, haqq sözü qəbul edir, mübahisəni tərk edir, şübhəsiz, o, öz imanını möhkəmlətmiş olur, yoldaşlığını və dini vəzifələrini yaxşı yerinə yetirmiş və əqlini qorumuş olur.”
“Pərişanlığın rahat buraxmadığı hər kəs: “Lahövlə vəla qüvvətə illa billah”-sözlərini çox təkrar etsin.”
“İxtiyarında su, torpaq olan və kasıblığa düçar olan adam, Allahın rəhmindən uzaq olasun.”
İstehsalın, kənd təsərrüfatının, əkin-biçinin əhəmiyyəti bu rəvayətdən aydın olur və bu, yalnız ayrı-ayrı fərdlərə aid deyildir, eyni zamanda suyu, torpağı olan, əkin-biçinə tam diqqət yetirməyən, yoxsulluğa, iqtisadi zəifliyə düçar olan və ona-buna əl açan hər dövlətə, hökumətə və məmləkətə də aiddir, belələri Allahın rəhmindən uzaqdırlar.
“Bu ümmətin bəlalarından bir budur: Əgər biz onları (bu yola) də`vət ediriksə, qəbul etmirlər, əgər öz başına buraxırıqsa, bizsiz hidayət olunmurlar.”
“Müsəlman kişinin xoşbəxtliyi-əməli-saleh həyat yoldaşına, geniş mənzilə, mülayim və yol gedə bilən minik vasitəsinə və yaxşı əməl sahibi olan övlada malik olmaqdan ibarətdir.” (Babasından rəvayət edir.)
“İnsanın xoşbəxtliyidir ki, pak və düzgün dostları, əməli saleh və mehriban övladı, özünə uyğun və itaətkar həyat yoldaşı olsun və öz şəhərində həyatı da tə`min olunsun.”
“Allahın ne`mətlərindən kişi üçün (biri də) budur ki, övladı özünə oxşasın.”
“Hər kəs öz həyat yoldaşını möhtərəm saymalı və əziz tutmalıdır.”
“Hər kəs tük (bığ və saqqal) saxlayırsa, onu yaxşı və təmiz saxlamalıdır.” (Babasından rəvayət edir.)
“Təşnə ciyərlərin yanğısını söndürmək və ac qarınları doydurmaq Allah yolunda üstün tutulan əmələrdəndir.” (Babasından rəvayət edir.)
“Duasının müstəcab (qəbul) olmasını xoşlayan hər kəs öz qazanc və gəlirini halal etməlidir.” (Babasından rəvayət edir.)
“Allahın insana bəxş etdiyi ne`mətlər çoxaldıqca, o, Allaha şükürlərini də artırmalıdır.” (Babasından rəvayət edir.)
“Qəm-qüssəsi artan adam, daha çox istiğfar etməlidir.” (Babasından rəvayət edir.)
“Hər kəs bizi Allah xatirinə sevirsə, biz və o, Peyğəmbərimizə qovuşacağıq, əgər bizi dünya üçün sevirsə, dünya yaxşı və pis adamlara çatar.”
“İşinin sonunda “la ilahə illəllah”ı dilinə gətirən adam behiştə daxil olar.” (Atasından rəvayət edir.)
“Həyatı bir gecənin ibadətilə sona çatan adam behiştə gedir.”
“Həyatı bir bir miskinə təam verməklə sona çatan adam behiştə gedir.”
“Həyatı bir günü oruc tutmaqla sona çatan adam behiştə gedir.”
“Həyatının sonu ümrə əməli ilə başa çatan adam behiştə gedər.”
“Ömrü həcc ilə qurtaran hər kəs behiştə gedər.”
“Həyatında dəvənin bir nəfəs çəkməsi və ya onun südünün sağılması vaxtı qədər olsa belə, cihad etmiş adam behiştə gedir.” (Atasından rəvayət edir.)
“Yaxşı əməl və yaxşılıq-mə`rifət və dünyagörüşü qədərincə olur.” (Babasından rəvayət edir.)
“Mö`min adam üçün ölüm-qoxuladığı bir dəstə gül kimidir.” (Babasından rəvayət edir.)
“Biz bütün insanlar üçün ilahi əzablardan xilas olmaq vasitəsiyik.”
“Biz o şəxslərik ki, Allahın kitabının elmi, bəyanı və dərki bizdədir, bizdə olan şeylər Allahın yaratdıqlarından heç kəsdə yoxdur, çünki biz-Peyğəmbər xanədanı-Allahın sirlərinin əhliyik.”
“Biz-Pərvərdigarın qalib firqəsi, Peyğəmbərin yaxın ailəsi və onun pak əhli-beytiyik və iki çox qiymətli əmanətlərdən biriyik ki, bizi Allahın Peyğəmbəri Qur`anın ardıcılları və (əmanətinin) ikincisi kimi müəyyən etmişdir.”
“Biz-Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) xanədanı sizin üzərinizdə rəhbər olmağa, xilafət sürməyi haqsız olaraq xəlifəlik iddia edənlərdən və aranızda zülm, sitəm və düşmənçilikdə hərəkət edənlərdən daha artıq layiqik.”
“İnsanlar dünyanın qullarıdırlar, din onların dilində yalamaqları kimi bir şeydir, o zamana qədər onu saxlayarlar ki, onun vasitəsilə xoş bir həyata çatsınlar: əgər çətinliklərlə və bəlalarla sınağa çəkilsələr, dindarlar az olacaqdır.”
“Elm-imanın yaxşı vəziri, helm isə biliyin layiqli vəziridir.”
“Toxuculuq-imanlı qadının ən yaxşı məşğuliyyətidir.” (Babasından rəvayət edir.)
“Bəyənilən işlərdə bir-birinizlə rəqabət edin, qənimət, qazanc və mənfəətlərini əldə etməyə tələsin, yerinə yetirərkən tələsmədiyiniz yaxşı işi hesaba almayın.”
“Övladın ata-ananın surətinə məhəbbət və istəklə baxmağı ibadətdir.” (Babasından rəvayət edir.)
“İman qardaşının üzünə məhəbbətlə baxmaq ibadətdir.”
“İslam Peyğəmbəri müşriklərin ölkələrində zəhərli maddələrin səpilməsini qadağan etdi, yə`ni kafirlərin və müşriklərin əleyhinə kimyəvi maddələrdən istifadə etməyə icazə verməmişdir.”
“İslam Peyğəmbəri qaranlıq otağa çıraqsız girməyi qadağan etmişdir.”
“İslam Peyğəmbəri bir şəxsin uca bir yerdən və ya dam üstündən peşov etməsini və havanı korlamağını qadağan etmişdir.”
“Oruc tutan adamın yatmağı ibadət və nəfəs almağı dua etmək təsbih demək savabına malikdir.”
“Allaha and olsun ki, Xudavəndi-aləm bizə itaət etməyə əmr buyurmadığı heç bir şeyi yaratmamışdır.”
“Allaha and olsun ki, babamla, atamla, anamla, qardaşımla və bütün köçənlərimlə görüşməyimi Yə`qub peyğəmbərin Yusifi və qardaşlarını görməyə arzuladığından daha artıq arzulayıram. Mənim üçün bir qətlgah vardır ki, gərək onu axtarıb tapam və görəm.” (Babasından rəvayət edir.)
“Qonaqlıq (toy və s. kimi) birinci gün haqdır, lazımdır, ikinci gün yaxş işdir; lakin bundan nə qədər çox olduqda, riyakarlıq, öyünmək, zahirpərəstlik və xudpəsəndlikdir.” (Babasından rəvayət edir.)
“And olsun Allaha ki, Allahın, yalanı və yalan danışanları sevmədiyini bildiyim gündən heç vaxt yalan danışmaq qəsdinə düşməmişəm.”
“Allaha and olsun ki, heç vaxt zəlillər kimi, düşmənə biət əlimi vermərəm və bəndələr kimi, döyüş meydanından da qaçmaram.”
“Yaxşı övlad-behişt güllərindən olan bir güldəstədir.”
“Vay bizim-Peyğəmbər xanədanının haqqını inkar edənlərin halına!”
“Məhəmmədin canı əlində olan Allaha and olsun ki, özü tox, qardaşı və ya müsəlman qonşusu ac yatan heç bir bəndə mənim peyğəmbərliyimə iman gətirməz.”
“Allaha and olsun ki, heç vaxt zəlillər kimi düşmənə bey`ət əlimi vermərəm və qullar kimi döyüş meydanından qaçmaram.”
“Hədiyyə-küdurəti aradan aparır.” (Babasından rəvayət edir.)”
“Hədiyyə üç qismdir: mükafat hədiyyəsi, zahiri hədiyyə, Allah xatirinə hədiyyə.”
“Ey Adəm övladı! Həqiqətən sən və sənin varlığın bir neçə günlükdür: Keçən hər gün sənin bir hissəni yox edir.”
Bu rəvayətdən başa düşmək olur ki, zaman-bir ölçü vahididir.
“Övlad ata-anaya qarşı ağ olduğu kimi, ata-ana da öz uşaqlarına ağ və asi olur.”
“Şirki və müşrikləri qiyamət günü gətirirlər və od içinə atırlar.” (Babasından rəvyət edilir.)
“Sədaqətli adamlar (səmimi iman sahibləri) qiyamət günü gətirirlər və behiştə daxil edirlər.”
***
Şəhidlərin sərvərinin risalət, vilayət mənbəlaərindən və o böyük şəxsiyyətin özündən bizə gəlib çatan və əxlaq xüsusunda olan insan yetişdirən rəvayətlərindən toplanmış bu kitab burada sona yetdi.
Ümid edirəm ki, Pərvərdigari-aləm bu işimi səmimyyətlə qəbul edər və iman sahiblərinin duası bu sətirlərin müəllifinə bir kömək olar.

Sankt-Peterburqda yerləşən Əhli-Beyt (ə) adına elmi-mədəni mərkəz Quran və Əhli-Beyt (ə) yolunu yaxşı tanıyıb həyatda ən düzgün mövqe tutmaqdan ötrü bütün imkanlardan istifadə etməklə həmvətənlərimizin xidmətindədir! Allah-taala imanınızı kamil etsin!

Комментариев нет:

Отправить комментарий