Страницы

10.06.2015

İSTEDADLAR VAR İMİŞ...


Masallı İncəsənət Məktəbi 51 il öncə yaradılıb – indiki Masallı Cümə Məscidinin arxasında, müsadirə edilmiş primitiv bir evdə yerləşib. Son 10-15 ildə isə Şəhər 1 saylı tam orta məktəbinin arxasındakı keçmiş hamam binasında yerləşir. Hazırda İncəsənət Məktəbi üçün yeni bina tikilir.
Masallı İncəsənət Məktəbinin direktoru Azər Əhədzadənin dedikləri:
-11 ildir bu məktəbə rəhbərlik edirəm. Hazırda rəhbərlik etdiyim məktəbdə 74 müəllim çalışır və onlar 333 şagirdə musiqinin sirlərini öyrədir. Burada 8 ixtisas – fortepiona, tar, kamança, rəqs, xanəndəlik, qarmon, balaban və rəsm öyrədilir. Müəllimlərimizin 4 nəfəri ali təhsillidir.
Hər il müəllim və şagirdlərimiz valideynlər qarşısında hesabat verir. Şagirdlərimiz müxtəlif müsabiqələrdə uğurla çıxış edir. Bu il də ənənəmizə sadiq qaldıq. Mayın 31-də Masallı Rayon Mədəniyyət Evində hesabat konserti fəşkil etdik.
Kollektiv öncə Beynəlxalq Müsabiqə Laureatı Aysel Nərimanovanın xormeystrliyi ilə 30 nəfərlik xor kollektivinin çıxışını təqdim etdi.
Daha sonra rəqqaslar, tar çalanlar, ayrı-ayrı ifaçılar öz ustalıqlarını nümayiş etdirdilər. 
Tək ifaçılardan xanəndə Yavər Məmmədovun (Böyük Xocavar), qarmonda Camal Çavadovun (Həsənli), balabanda Abasət Həsənovun (Qızılağac), tarda Xudakərim Əliyevin (Kolatan) və başqalarının çıxışları heyranlıqla qarşılandı.
Klassik musiqi əsərlərinin - Şopenin “Vals” (Zümrüd Ağayeva), Bizenin “Antrakt” (Rəfiqə Həsənzadə), Bethovenin “Şotland” (Səkinə Allahyarova), Azərbaycan bəstəkarları Elmira Nəzirovanın “Prelyüd” (Səbinə Muxtarlı), Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Vals” (Zəhra İsmayılova), Musa Mirzəyevin “Yallı” (Zeynəb Bağirzadə) əsərləri ustalıqla ifa edildi.
Məkətəbin direktoru burada çalışan müəllimlərin - Ülkər Əhədzadənin , Qənimət Rəhimovanın, Gülər Abdullayevanın, Şölə Bağırovanın, Şahin Məhərrəmovun, Zeynal Abbasovun, Mahmud Abbasovun, Qabil Niftiyevin və başqalarının da peşəkarlığından və zəhmətsevərliyindən fərəhlə danışdı.
Azər Əhədzadə sonda bildirdi ki, hazırda Rayon İcra başçısının təkidli təşəbbüsü ilə rayonda, H. Əliyev parkında 2 mərtəbəli, hər cür şəraiti olan İncəsənt Məktəbi inşa edilir. Həmin məktəbin bu ilin sonuna kimi istifadəyə veriləcəyi gözlənilir. Əgər indi məktəbdə 333 şagird təhsil alırsa, yeni məktəbdə bizim 600 şagirdi qəbul etmək imkanımız olacaq.
Həmçinin indi 7 illik məktəb kimi fəaliyyət göstərən bu müəssisənin növbəti ildən 11 illik İncəsənt Məktəbi kimi fəaliyyət göstərməsi, Ərkivan, Boradigah qəsəbələrində, Muğan zonasında filiallarının açılması da planlaşdırılır.
Ən ciddi problemimiz isə bu sahədə ali təhsilli kadrların azlığıdır.
Yaxın hədəflərimizdən biri isə məktəbin Facebook səhifəsini yaradıb şagirdlərimizin bütün ifalarını ora yerləşdirməkdir. Yəni kompüteri, interneti olan hər evdə bizi izləmək mümkün olacaq.

cenubxeberleri.com


Комментариев нет:

Отправить комментарий