Страницы

30.07.2015

AXUND MOLLA YUNUS QASIMZADƏ LƏNKƏRANİ

 Axund Molla Yunis Qasımzadə 1876-cı ildə Lənkəran qəzasının Gərmətük kəndində ruhani ailəsində dünyaya göz açmışdır. Atası orta təhsilli ruhani Qasım Fərəc oğlu Gərmətük kəndində özünün şəxsi torpaq sahəsində əkinçilik ilə məşğul olmuş, anası isə Lənkəranın tanınmış tacir ailəsindəndir. Təqribən 1884-cü illərdən Yunis əvvəlcə Gərmətük, sonra Lənkəran şəhərinin mədrəsələrində dini elmləri öyrənməyə başlayır. Yunis elə uşaq ikən şəriət elmləri ilə maraqlanmış, özünün səy və çalışqanlığının sayəsində müəllimlərinin rəğbətini qazanmışdır. Onun İslam elmlərinə möhkəm bağlılığı ata-anasının da heyrətinə səbəb olmuşdur.
 Yuxarıda qeyd etdiyimiz kimi Axund Yunis varlı ruhani ailəsində doğulduğuna görə, ata-anası onun təlim-tərbiyəsi ilə yaxşı məşğul olmuş, oxumağı üçün lazım olan bütün şəraitləri yaratmışlar. Həmyaşıdlarının dediklərinə görə Axund hələ gənc yaşlarından böyük biliyə, geniş məlumata, iti hafizəyə, müstəqil fikir yürütməyə həvəs göstərərdi.
 Yunisi orta təhsil aldıqdan sonra atası onun ağıl və zəkasının yüksək olduğunu görüb, 1896-cı ildə dünyəvi və üxrəvi elm, biliklərini artırmaq məqsədi ilə İrana təhsil almağa göndərir. Bir müddət təhsil aldıqdan sonra iyirminci əsrin əvvəllərində Yunis Qasımzadə vətənə qayıdır. O dini mədrəsələrdə müsəlman uşaqlarına İslam elmlərindən dərs verməklə yanaşı, məscidlərdə xalqa nəsihətli moizələr edirdi.

 Axund Molla Yunis doğma yurdu Lənkəranda neçə illər İslama xidmət etdikdən sonra, ilahiyyat və dünya elmlərini daha dərindən öyrənmək üçün atasının köməyi ilə yenidən Şərqin ən zəngin elm ocağında təhsilini artırmaq məqsədilə İraqın Nəcəfül-Əşrəf şəhərinə yola düşür. Bağdad şəhərindən ötüb keçərək, əvvəlcə Nəcəf şəhərində İmam Əlinin, oradan Kərbəla şəhərinə gəlib İmam Hüseynin və həzrət Əbülfəzlil Abbasın, sonra Kazımeyn şəhərinə gəlib orada yeddinci İmam Museyi Kazım, doqquzuncu İmam Mühəmməd Təqinin, ondan sonra isə Samirra şəhərinə gəlib orada onuncu İmam Əliyyən Nəqi və on birinci İmam Həsən Əsgərinin məzarlarını ziyarət etmişdir. Bundan sonra din aləminin o vaxtkı ən böyük elm şəhərinə gəlib orada məskunlaşır. Nəcəfdə fiqh üsul, rical, Quran təfsiri, məani-bəyan, bədii fəlsəfə və kəlamı və sair elmləri öyrənməklə yanaşı, təbiət elmlərini, təbabəti, astronomiyanı, dilçiliyi də öyrənir.
 Nəcəfül-Əşrəfdə ali ruhani təhsilini başa vurduqdan sonra, Şərqin ən böyük elm və mədəniyyət ocağında qalıb orada müdərrislik (müəllimlik) etmək fikrinə düşür. Bağdadda yaşayan Masallının Təzə Alvadı kəndindən Müctəhid Hacı Şeyx Həsən Axund, onun orada qalmaq fikrində olduğunu görüb, Molla Yunisə belə tövsiyə edir: “Çox yaxşı olardı ki sən vətənə qayıdıb islami elmi bilikləri orada öz həmyerlilərimizə öyrədəsən. Bu sənin üçün burada qalmağından daha çox vacib, xeyirli və savab bir iş olardı”.
 Kərbəlayi Molla Yunis 1917-ci ildə vətənə Lənkərana qayıdır. O yenidən Lənkəran şəhərinin məscidlərində dini fəaliyyətini davam etdirir. Axund Molla Yunis xalq arasında özünün biliyinə, savadlı müəllim və xətibliyinə görə şöhrət tapır.
 Axund Molla Yunis ömrünün bir hissəsini təhsilə həsr etdiyinə görə 42 yaşında ailə qurmuşdur. Dörd oğul və beş qız sahibi olub. 1920-ci illər ərəfəsində Lənkəran qəzasında hakimiyyət uğrunda kəskin çəkişmələr gedirdi. Silahlı qüvvələr müsəlmanların nüfuzlu bahadırlarını (alimlərini) qırırlar. Axund Yunisin oğlu Yusif Əli atasının söhbətlərini yada salaraq belə nəql edir: “Atamın qardaşı əmim Məşədi Musa Qasımzadə Lənkəran qəzasının Gərmətük kəndinin müxalifət firqəsində Azərbaycan müstəqil dövlətçiliyini müdafiə etdiyinə görə güllələnib, başı kəsilib. Dəfn etmək üçün başsız cəsədi onun paltarından və silah bağladığı bel kəmərindən tanıyıblar. Nəhayət cəsədi çarəsiz qalıb başsız dəfn ediblər.
 Sonralar 1930-cu illərdə yerli bolşevik firqə üzvləri Axund Yunisi bir neçə dini alimi ilə birgə kolxoz işlərində yararsız adam ünvanında Lənkərandakı NKVD idarəsində olan siyahıya salıblar. Məqsəd onu məhv edib evinə, mülkünə, torpağına yiyələnmək imiş. Bu hadisədən xəbəri olan atamın dayısı oğlu Məşhədi Hüseynli Lənkərani onu xəbərdar edərək deyib: “Sənin həyatının axırıncı günləridir, özünə çarə qıl!” Elə o günlərdən Axund Molla Yunis yurdunu, mülkünü, torpağını atıb, öz ailəsi ilə körpə uşaqlarını götürüb, özgə vilayətlərdə qaçaq və tərkivətən olmuşdur”.
 1920-ci illərdən 1930-cu illərə qədər mənəvi işgəncələrə tab gətirən Axund Yunis ruhani həmkarlarının bir qisminin Sibirə sürgün edildiyini, digər qisminin isə məhv edilmək ucbatından qaçaq düşüb cürbəcür yerlərdə gizləndiyini görüb çıxış yolu axtarır. Gözlərinin qarşısında dəşhətlərə dözməyən axund təqiblərdən yaxa qurtarmaq üçün doğma yurdunu, mülkünü, torpağını ataraq, körpə uşaqlarını götürüb Masallı və Astarxanbazar (indiki Cəlilabad) ərazisindəki ucqar kəndlərdə özünə sığınacaq tapır, kolxoz işlərində işləyir, çobanlıq etməyə məcbur olur. Canını təhlükələrdən qorumaq məqsədi ilə özü öz əli ilə yazdığı (əlyazmaları), dini elmi kitablarını büküb torpağa basdırıb çürütmüşdür.
 Zəmanəsinin amansızlığına məruz qalan vaxtlarda, insaf və mürüvvət sahibi olan Əliyev İzzətillah Ləngani kimi adamlar yurdsuz qalan Axund Molla Yunisə 1944-ci ildə Masallı rayonu Ləngan kəndinin kənarında, üç həyətin küncündə şəxsi ev tikmək üçün kolxozun torpaq sahəsindən yer veriblər. Lakin Axund Molla Yunis tikdiyi evində məskən salmamış onun yenicə düzəltdiyi mənzilini haqqsız olaraq müsadirə ediblər. Axund Yunisin böyük oğlu Əli Yuniszadə 1941-45-ci illərin Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. Əli 1945-ci ildə müharibədən qayıtdıqdan sonra yerli savadsız rəhbərlər tərəfindən haqsız müsadirə olunan evi dövlət məmurlarının əlindən alıb öz atasına qaytarmışdır.
 Oğlu nəql edir ki, Axund Yunis öz söhbətlərində deyirdi: “Dünyanın halalından hesab çəkiləcək, haramına görə isə əzab veriləcək. Bu dünyanı özünüz üçün böyük məqsəd bilməyin, onun üçün tələsməyin. Xeyirxah işlər, yaradıcı əmək, ədalət uğrunda mübarizə insana zövq verir. Nizami yazır: Çalış öz xalqının işinə yara, geysin əməlindən dünya zərxara”. Onun fikirlərində görünür ki, dünyada misilsiz dəyəri olan yeganə şey insanlara təmənnasız xidmət, cəmiyyətin xeyrinə işləmək və ədalətli olmaqdır. Onun ideyaları təkcə xalqımız üçün deyil, din aləminin fikirlərinin inkişaf prosesində misilsiz rol oynayır.
 Axund Kərbəlayi Molla Yunis xalq arasında dini xidmətlər göstərməklə bərabər bədii yaradıcılıqla da məşğul olub nohələr, dini və tərbiyəvi şeirlər yazırdı.

Nəzər et bal çibininə gör necə bağlarda gəzər,
Ayağında gətirib mumi otaqlara düzər.
Hər otaq dal-daladır möhkəm olub əyilməsin,
Üzünə pərdə çəkib şanələri tökülməsin,
Balı qatdın kərəyə galiqinə inanmadın?!
Bu əcib işlərə sən qafil olub oyanmadın?!

 Axund Molla Yunis məscidlərdə ilahiyyat elmlərindən bəhs edən mövzulardan kənarda ədəbiyyat və mədəniyyət mövzusunda da bir-birindən maraqlı söhbətlər edərdi. Çünki o dini kitablarla yanaşı Seyid Əzim Şirvaninin, Nizami Gəncəvinin, Məhəmməd Fizulinin, Mirzə Ələkbər Sabirin və s. kimi dahilərin yazdıqlarını da mütaliə edirdi. Ölkənin ictimai-siyasi həyatına bələd olan və bu mövzuda söhbətlər aparan Axund ensiklopedik biliyə malik idi.
 Ədalətdən, səxavətdən, insan sadəliyindən xususi söhbətlər açan Axund tərbiyəvi moizələr edərdi. Deyərdi: Nə qədər ki sağam, dini elmləri, xüsusilə şəriəti və onun fiqhi hökmlərini məndən soruşun, öyrənin! Onun söhbətlərinə qulaq asanlara onların müşkül mətləblərini asanlaşdırıb izah edərdi. O insanların səxavətindən, onların fəzilətindən söhbət edərkən Peyğəmbəri və Əlini nümunə gətirib deyirdi: “Onların geyimləri hamınınkı kimi ucuz idi. Lakin bütün yoxsullara əl tutardılar. Odur ki siz dünyəvi mənfəətləri əldə etməklə sevinməyin, çoxlu mənəviyyat ilə məşğul olun, öləndən sonra dərdinizə dəyən şey üçün səy göstərin. Bir nəfər ac, o birisi tox olmamalıdır. İnsanlar mehriban yaşamalıdırlar, bir-birlərinə kömək edib, vahid yaradana ibadət etməlidirlər. Elmli, savadlı insanlar nadürüst sözlərə qulaq asmazlar. Allahı qarşısında öz acizliyinə etiraf edib, yalnız ona səcdə etməlidirlər”.
 Axund Molla Yunis Qasımzadə həmişə gülərüz, xoş əhval-ruhiyyəli idi, bununla bərabər savadsız hərəkətləri sevməzdi. Söhbətlərində öz rəqibini elmi, məntiqi dildə başa salmağa çalışardı. Axund Yunis onun söhbətlərinə qulaq asanlara Allaha ibadət etmək üçün dediyi şeirlərdəki mə`nanı çox həvəslə izah edərdi:

Camışın qarnına bax, gör nə qədər fəzləsi var,
Sahibi gündə sağanda süd ilə badya dolar.
İç südü, nuş elə, sən bircə kərə şükr eləmə?
Xaliqin verdi sənə nemətini zikr eləmə?
Xaliqə səcdə edib, şükr eləsən artıracaq!
Eyləsən nemətə küfran yəqin bil yandıracaq!

 Axundu Elmlər Akademiyasında ərəb və fars dillərindən dərs verməyə dəvət etsələr də, getməmişdi. Onun gözəl xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o böyük səxavət sahibi idi. Özü qazandığı və yaxud ona bağışlanan puldan imkanı çatan miqdarda acizlərə əl tutub, onlara kömək edərdi. Deyərdi: Həzrət Əli arpa çörəyi yeyərdi ki, yoxsullar ona baxıb təsəlli tapsınlar. Bizdə gərək öz yaşayışımızda başqalarının halını riayət edək.
 Axund Molla Yunisin dediyinə görə insanın xarakterində nə varsa, mənəviyyat, insaf, mürüvvət, dünyapərəstlik, həsəd, bədxahlıq və sair- bunların hamısını gərək insan öz daxilində axtarsın. Bu deyilənləri insanlara heç kim məcburən verməyib. Hər insanın özünəməxsus səciyyələri, müəmmalı və sirli tərəfləri, ziddiyyətli cəhətləri vardırsa, insan onları özü öz daxilində axtarıb tanımalıdır. İnsan nə qədər savadlı və dünyagörüşlü olsa, onun gözəl səciyyələri də bir o qədər çox olacaqdır. Amma bədxahlıq, rəzilət və başqa pis xüsusiyyətlərin çoxu insanın ağlının aşağı səviyyəliyindən meydana çıxır, cəmiyyətə çoxlu ziyan vurur. Bu cür mürəkkəb xarakterli insanların içində həqiqəti ortaya çıxarmaq və onların tərbiyəsi ilə məşğul olmaq üçün böyük zəhmət tələb olunur. O deyərdi: İnsan öz nəfsini ağıl ilə idarə edə bilsə, yüksəkliyə qalxar, lakin nəfsini öz başına buraxsa, nəfs onu alçaldar, heyvani səviyyəyə endirər.

Bəççeyi marın əgər vaxtında başın əzməsən,
Bir zaman çəkməz böyük şahmar olar əlbəttə ki!

 Axund Molla Yunis insanların tərbiyəsi işində valideynlərin, müəllimlərin və ictimaiyyətin böyük məsuliyyət daşıdığını xüsusilə qeyd etmişdir. İnsan əməyindən söhbət edərkən Axund Molla Yunis xalqı faydalı, xeyirli və yaradıcı əməyə dəvət edərdi. Axund Molla Yunisin kəlamlarında sözlərin azlığına baxmayaraq, dərin məna və hikmətin olduğunu görürük. O deyərdi: Kimin dünya malına ehtiyacı çoxdursa, onun yoxsulluğu da o qədər artıq olacaq və kimin dünya malına ehtiyacı azdırsa, onun dövləti bir o qədər çox olacaqdır. Onun xalqa etdiyi nəsihətlər heç vaxt yaddan çıxmır. “Namazı vaxtında qılın, xüms-zəkatı müstəhəqqinə verin, özünüzü şübhəli mal yeməkdən və günah işlərdən qoruyun, insanlara çətin vaxtda yardım edin, qohum-əqrəba ilə get-gəli üzməyin, miskinlərə həmişə rəhm edin, öz valideynlərinizə hörmət edin, bütün bunların hamısı Allah qarşısında ibadət sayılır”.
 Axund öz moizələrində deyərdi: Həyatda istiqamətinizi düzəldin, naməlum yolla getməyin, axirəti qazanmaq üçün öz fərasətinizi əsirgəməyin. İnsanlar həmişə fəlakət üz verdikdən sonra səhvlərini başa düşürlər. Fəlakət üz verənə qədər əksəriyyət özlərini nadan adam kimi aparırlar, sanki elə bil qəflət yuxusunda olurlar. Amma ağıllı insanlar bu fani dünyadan əl çəkib, pis işləri nə özlərinə, nə dəki övladlarına rəva bilmirlər. Onlar rəiyyətin səsinə ədavət qapılarını bağlayıb, ədalət qapılarını açırlar.
 Hər sözdə, fikirdə, bir dünya məna kəsb edən atalar sözündən və zərbül-məsələlərdən geniş istifadə edən alim bacardıqca moizələrini sadələşdirmək istəmişdir. Onun söhbətlərinə qulaq asanlar ondan heyran qalmaya bilməyiblər. Cavanlıqda gördüyü və təhsil aldığı şəhər və ölkələrin, o cümlədən Ərdəbil, Təbriz, Həmədan, Qəzvin, Tehran, Məşhəd, Qum, Bağdad, Nəcəf, Kərbəla, Kazımeyn, Samirra və başqa şəhərlərin adamlarının ictimai həyatından, onların mədəniyyətindən söhbətlər edirdi. Tələbə yoldaşlarından söz salanda onları şirin xatirələrlə yad edərdi. Qızılağaclı Mir Kazım ağa, Ərkivanlı Şeyx Bəşir Axund, Seybətinli Şeyx Əsədullah Axund, təzə Alvadılı Şeyx Ələsgər Axund, Əslən Masallının Ərkivan kəndindən olan Cəlilabadda yaşamış Şeyx Məhəmməd Axundun atası Şeyx Qüdrət Axund, Çaxırlı kəndindən Şeyx Rəhmət Axund, Lerikli Molla Qələm Axund, Lənkəranın Zövlə kəndindən Molla Baba Axund, Astaranın Şiəkəran kəndindən Molla Mirhaşım ağa, Masallının böyük Təklə kəndindən Şeyx Əli Axund, Lənkəranın Cil kəndindən Şeyx Qüdrət Axund və başqaları onun tələbə yoldaşları olmuşdu. nların fikirlərini, dini təlimlərini və mənəvi dünyasını bu gün tələbələri davam etdirirlər.
 İnsanlarla mehriban münasibət yaradan Axund böyük hörmət sahibi olub. Danışıqlarında həmişə dövləti düzgün idarəetmə sistemindən söhbət açardı. O deyərdi: Qanunverici orqan olmasa millət pozğun yola düşər və qanun olmayan yerdə hökmdarlar özləri xalqa zülm edər, hərc-mərclik olar, insanların haqqı tapdalanar. Axund ədalətli dövlət tərəfdarı idi. O yurdundan, kəndindən didərgin düşdüyünə görə bu sözləri həmişə təkrar edərdi:

Qürbətə bel bağlama, tərk eləmə heç vətəni,
Hər quşun öz yuvası, hər kişiyə öz vətəni.

 Axund Molla Yunis Qasımzadə 1988-ci il mart ayının 27-də 112 yaşında haqq dünyasına qovuşdu. Alimi pənah gətirdiyi Ləngan kəndinin qəbiristanlığında dəfn etdilər. Nəvəsi Məşhədi Kamil Ağalızadənin dediklərinə görə vəfat etdikdən sonra cibindən ona, ali təhsilli alim adı verilən və yeddi müctəhid tərəfindən möhürlənmiş üç vəsiqəni çıxarıblar. “Axund özü sağ ikən nəvəsi Əbdülhüseynə o vəsiqəni özü ilə dəfn etməyi vəsiyyət etmişdi. Bizdə atamızın vəsiyyətinə əməl edib o qiymətli sənədləri (vəsiqələri) onunla birlikdə dəfn etdik”.
 Alimin keçirdiyi həyat tərzini diqqətlə nəzərdən keçirən hər bir təhqiqatçı aydın görə bilər ki, bu böyük insan bəşərin etiqadları haqqında fikirləşərək, xalqını doğru yola yönəltməyə çalışmışdır. O həyatın qanunauyğunluğundan, bütün varlıqlarda nizam-intizamın mövcud olmasından, insanın zahiri və daxili aləminin paklığından söhbətlərini xalqa yadigar qoyub getmiş, hər sözü insanların qəlbinə yol tapmış və onların hərtərəfli inkişafına kömək etmişdir. Yaşadığı dövrdə insanları düzgün yola yönəltmiş, onlara imanlı, qeyrətli olmağı, rəiyyətlə yaxşı davranmağı tövsiyə etmişdir. Həyatdan bixəbər olan insanları tənqid edir, onları qəflət yuxusundan oyanmağa çağırırdı. Onları özünü dərk etməyə, cəhalətdən, nadanlıqdan uzaqlaşmağa səsləyirdi. Əksinə, elmsiz, biliksiz, lovğa adamları tənqid etmişdir. Deyirdi əvvəl haqqı tanı, sonra isə haqq əhlini tanıyacaqsan. Müasirləri deyirlər ki, o insanlara Allahı elə tanıtdırırdı, adam onu hər yerdə öz canında, qəlbində görür və hiss edirdi. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий