Страницы

02.07.2015

TAO AYİNİ

Tao ayini Çində buddizm və konfusionizm dinləri ilə bərabər geniş yayılmış, qədim dövrlərdən indiyə qədər çoxlu ardıcılları olmuş mühüm dinlərdən biridir. Bu dərsdə Tao ayinini qısa şəkildə şərh edəcəyik.
Tao lüğət baxımından yol və təriqət mənasını daşıyır. Onun terminoloji mənası fəzilət yolu, əqidə və nəzəriyyədir. Onun mənası “bir qanunun icra olunması”, “təlimat vermək”, “bəyan etmək” və “demək” kimi də göstərilmişdir. Hər halda bu söz qədim Çin ədəbiyyatında olmuş, taoizm nəzərdə tutduğu “ilahi yol”, yaxud “səmanın yolu” kimi mənaları da ona aid etmişdir. Buna görə də bu sözü həmin məktəbin ixtiralarından hesab etmək olmaz.
Çinin ilkin və ümumxalq məzhəbində Tao fövqəladə və cadugərlik işlərini yerinə yetirmək bacarığı, ya qüdrəti mənasını buna əsaslanaraq daşımışdır. Hakimiyyətləri əsasən cadugərlik üzərində qurulan padşahlar barəsində də işlədilmişdir. Tao sözünün digər terminoloji mənaları da vardır ki, bu bəhsin davamında onlardan söz açılacaqdır.
Tao məktəbi üç yönə- fəlsəfi, dini və sehrkarlıq yönümünə malikdir. Bu üç yöndən hər biri özəl şəraitlərdə formalaşmış və Çin cəmiyyətində xüsusi rol ifa etmişdir. Əslində Tao məktəbini tam və kompleks şəkildə öyrənmək üçün aşağıdakı üç yönü öyrənmək lazımdır.
A) Taoizmin fəlsəfi yönü. Taoizm ayinin fəlsəfi əsaslarını Tao-te-çinq kitabından əldə etmək olar. Bu kitabın yazılma tarixi və onun müəllifi ilə əlaqədar qənaətbəxş, dəqiq məlumat yoxdur. Dinşünaslardan bəziləri inanırlar ki, bu kitabın vahid müəllifi yoxdur. Çünki onun müəllifi, yaxud müəllifləri öz kitablarında daim digərlərini “xeyir işləri yerinə yetirməkdə adlarını açıqlamamağa” tövsiyə etmiş, buna görə də heç bir yerdə öz adlarını bildirməmişlər. Bu ehtimal doğru olsa, kitabın müəllifi, yaxud müəlliflərinin aydınlaşdırılması artıq heç bir yolla mümkün olmaz. Amma məşhur nəzəriyyəyə görə bu kitab Lao Tze adlı yaşlı bir filosof tərəfindən yazılmış və ya toplanmışdır. Əlbəttə, belə bir şəxsin tarixdə olub-olmaması da tədqiqatçılar tərəfindən böyük şübhə ilə qarşılanır və yalnız Çin tarixində Tao-te-çinq Tao ayinin müqəddəs kitabı və Lao-Tze onun əsasını qoyan filosof kimi təqdim olunmuşdur.
Tao-te-çinq kitabının adı müxtəlif mənalarla, o cümlədən “fəzilət yolu”, “əql və fəzilət qanunu” kimi daha məşhur yozumlarla izah olunmuşdur. Lao-tze bu kitabda Tao barəsində ümumi və müəmmalı şəkildə təsvir etmiş, onun yolunu “əql, fəzilət və qurtuluş yolu” adlandırmışdır.
Lao-tzenə görə Tao iki formada- adlandırıla bilinən və adlandırıla bilinməyən formada təqdim olunmuşdur. Onun adlandırma imkanı olmayan surəti əslində sabit Tao ilə əlaqədar konkret surətdən ibarətdir. O, sabit bir prinsip kimi adlandırılan və konkret Taonun fövqündədir. Bu məlum Tao aləmi yaradandır. Lao-tze bəzən ad qoyulmağa layiq olan Tao sözünü varlıq sözünün sinonimi kimi qeyd edir. Bu baxımdan Taonun əsərlərini tərcümə edənlərin çoxu ad qoyulması mümkün olmayan Taonu ilahi varlıq, yaxud Allah və uca zat kimi qəbul etmişlər. Bu cür adqoyma formasını Tao-te-çinq kitabında adsız Tao üçün qeyd olunan sifət və yozumlar da təsdiqləyir: “Əsil, əzəli, səmalardan və yerlərdən qabaq, son, aram, şəkilsiz, dəyişməz, ruzinin yeganə mənbəyi və hər bir şey adsız Taodur və şərh olunması mümkün deyil. O, təsvir edilə bilinməyəcək bir həddə böyükdür. Tao özünün tanıtdırdığı şəxsi səmaların altında ən şərafətli bir şəxsə çevriləcəkdir”.
Tao vəsfləri və yozumları diqqətə, düşünməyə layiq olan bu kitabın digər yerində belə vəsf olunub: “Tao boş bir qab kimidir; boş olmasına baxmayaraq ondan su çıxartmaq olar. Tao daxilindəki şeylər qurtarmayan, dərinliyi sonsuz olan qab kimidir. Taoda hər bir sürətli şeyin sürəti azalar, hər bir düyünlər açılar. Taoda hər növ nur öz parlaqlığını itirər, hər bir çətinlik asan və ram olar. Tao heç vaxt qurumayan dərin bir hovuza bənzəyir ki, suyu heç vaxt çəkilməz. Əsl insanın məqsədi Tao ilə birləşməkdir. Ancaq bu məqsəd insan onun ardınca getməli və ona çatmaq üçün zəhmət, əziyyət çəkməli olduğu məqsədlərdən deyil. Əksinə, təbiətdən əldə etdiyimiz hər bir şeyi bəyənilən tərzdə istifadə etməli, lazımsız və artıq şeyləri qazanmağa çalışmamalıyıq. Tao kimi boşalmaq lazımdır ki, həqiqətlə dolaq. Tao təmiz və düz bir yoldur, lakin camaat yolunu azmaq istəyir. Tao bir əbədi yoldur. Bütün məxluqlar bu yoldan keçəcəklər, lakin onu heç bir şey yaratmamışdır. Çünki, onun özü yaradılışla eyniyyət təşkil edir. Tao hər bir şeydir və heç bir şey deyildir. Tao həm səbəbdir, həm də nəticə. Bütün əşyalar Taodan yaranır və Tao ilə birlikdə olub Taoya doğru qayıdır”.
Yuxarıdakı mətləblərdən aydın olur ki, Lao-tze Taonu bütün varlığın həqiqətinin əsası saymış, ona qovuşmağı bütün xeyir-bərəkətin və fəzilətlərin mənşəyi hesab etmişdir. Bu mütləq zata çatmaq vasitəsi vahidliyə qovuşmaq yolunda olan örtük və maneələr kimi bütün dünyəvi və nəfsani bağlılıqları qırmaqdır. Ona qovuşmaq o vaxt müyəssər ola bilər ki, arif onu tanısın və bu tanıma və irfan yalnız ilham yolu ilə mümkündür. İlham və işraq mərhələsinə çatmağın da, xəlvət yaşayışdan, asketizm, təfəkkürə qərq olmaqdan başqa bir yolu yoxdur. Bu mərhələləri qət edən şəxs Taoya çatacaq və o hal da Lao-tzenin təbiri ilə desək “ölüm arabasına bağlı olmayacaqdır”. Onun kamil ifadəsi belədir: “Taonu tanıyanı və arif olanı fənaya uğramaz edir, o artıq ölüm arabasına qayıtmayacaqdır.” Həqiqətən də, insan əbədi həyat çeşməsinə çatdıqda onun üçün ölüm təsəvvür oluna bilməz.
Tao ayinində Tao hər bir şeyin həqiqətidir. Buna görə də, hər bir şey onun nuru müqabilində işıqsızdır, hər bir iş və hərəkət onun müqabilində dəyərsizdir; çünki hər bir şey nəticə etibarı ilə Taoya qayıdır. Buna görə də çalışmamaq- “vi vay” prinsipi bu ayinin ən əsas prinsiplərindən hesab olunur. La-tze bu barədə belə demişdir: “Şübhəsiz, Taoda səy və fəaliyyət yoxdur”. Sonra deyir: “Yalnız sakit və səy göstərməyən insan uğur qazanar”. Sonra belə tövsiyə edir: “Razılıq olan və müharibə, hakimiyyət, yazmaq, səfər etmək, ölüm qorxusundan uzaq olmaqdan ibarət sadə və təbii halətə qayıdın”.
Bu ayində hər bir şey Tao tərəfindən yerinə yetirildiyindən hər bir halda və hər bir şeyə görə razılıq etmək lazımdır. Çünki hər bir şey sonda Taoya qayıdır. Bu etiqadın digər anlamına görə heç bir şey, hətta əzizlərin ölümündən ötrü qəm-qüssə çəkmək olmaz. Hətta bu barədə Lao-tzedən sonrakı ən böyük filosof, yəni Çuvanq-tzonun həyat yoldaşı barəsində nəql olunan hekayədə deyilir ki, o dünyadan getdikdə Çuvanqın Huyinzo adlı dostu onun yanına gəlib bu ağır itki, faciə ilə əlaqədar baş sağlığı vermək istəmişdir. Qapıya çatdıqda Çuvanq dizlərinin üstünə kasa qoyaraq çaldığını və mahnı oxuduğunu görür. Təəccüblə ona deyir: “Həyat yoldaşını itirdiyinə qəmgin deyilsən?! Musiqi və çalıb oxumaqla məşğulsan? Bu xoşagəlməz bir rəftardır”. Çuvanq-tzo cavabında deyir: “Həyat yoldaşım vəfat edəndə əlbəttə qəmgin oldum, ürəyim sıxıldı. Lakin diqqətlə fikirləşdikdə onun əvvəldən də həyatda olmadığını anladım. O, nəinki diri deyildi, hətta onun şəkli və surəti də yox idi. Nəinki şəkli və surəti yox idi, heç bir maddi qüvvəsi və qüdrəti də olmamışdı. Sonra yoxluq-varlıq qarşılaşmasının müəyyən dövründə dəyişikliklər baş verdi. Maddə yarandı və o maddə forma qazandı; o forma həyat və ruh əldə etdi. İndi bu dəyişiklik yenidən başlayır və həyat ölümə, yoxluğa çevrilir. Həyat yoldaşımın başına gələnlər eynilə hər birinin başlanğıcı və sonu olan dörd fəslin yaranıb aradan getməsinə bənzəyir (bahar, yay, payız, qış). İndi həyat yoldaşım adı dünya olan bu böyük evdə yoxluq yuxusuna gedib çevrilib. Belə olan halda mən ağlayıb şivən qoparsam demək ki, tale məsələsində cahil və qafiləm. Buna görə bu işdən çəkinirəm”.
Bu nəzəriyyə varlıqların müqəddəratının qeyri-ixtiyariliyini, tao tərəfindən heç bir qanun pozuntusu mümkün olmadığını göstərir. Lao-tze bu barədə belə demişdir: “Hər kimsə taonun əleyhinə çıxsa, məhv olar. Eqoist parlamaycaqdır, xudpəsəndlər kamal yolunu qət etməyəcəklər. Səmanın yolları müharibə ilə açılmayacaqdır, zorla, məcburiyyətlə ələ keçirilməyəcəklər. Onun istəyi elan olunmaz, hələ heç kim onun cavabını eşitməmişdir”.
Buna əsasən insan kamala çatmaq üçün əvvəlcə özünü tao ilə uyğunlaşdırmalı, onun qarşısında səmimiyyətlə təslim olmalıdır. Başqa sözlə desək, insan özünü Tao yoluna tapşırmalıdır ki, Tao onu öz tərəfinə hidayət etsin. Buna görə də Lao-tze hamını vo-vu-vaya dəvət edərək deyirdi: “Fəaliyyətsizliyə alışın; arzu edin ki, heç vaxt arzu etməyəsiniz; əldə edə bilmədiyiniz şeylərə dəyər verməyin. İnsanın əldən verdiyi vəziyyətə qayıtmağı öyrənməyin. Günah etməyin, qoyun işlər öz təbii axarı ilə getsin”.
Vo-vay, yaxud fəaliyyətsizlik və çalışmamaq prinsipi istənilən dünyəvi fəaliyyətin inkar olunması demək deyil. Bu əksinə hər bir hadisə, həyatın təbii qanunauyğunluqlarına təslim olmaq, çayın axını istiqamətində özünü dalğalara tapşırmaq, hər bir halda rahatlığa, sakitliyə çalışmaq, həyatda baş verən hadisələrə müqavimət göstərməmək, hər növ ümidsizlikdən uzaq olmaqdır. İşlərin islah olunub qaydaya düşməsi üçün heç bir iş görmək lazım deyil. Çünki yaxşılaşma və irəliləyiş insanın əlində deyil, Taonun əlindədir. Biz işlərin qaydaya, sahmana düşməsi üçün müəyyən planları fikirləşiriksə, əgər o, Taonun iradəsinə uyğun gələrsə ona ehtiyac yoxdur. Çünki Tao özü belə müəyyənləşdirmişdir. Taonun iradəsinin əksinə olduqda isə biz öz işimizdən tam geri qalacağıq. Çünki Taonun iradəsinə qarşı çıxmaq kamala çatmağa mane olur. Deməli, hər bir halda işlərin sahmana salınması, çətinliklərin qarşısının alınması və ya aradan qaldırılması üçün çalışmaq lazım deyil. Yalnız insan rahatlıqla özünü Taonun iradəsinə tapşırmalı və onun yolunda olmalıdır.
LAO-TZE FƏLSƏFƏSİ ƏSASINDA ƏXLAQIN ƏSASLARI. Lao-tze “Tao-te-çinq” kitabında Taoya qovuşmaq və onun yolunda addımlamaq istiqamətində öz ardıcıllarına çoxsaylı əxlaqi tövsiyələr verir. Bu göstərişlərin əsasını təvazökarlıq, təzim, şan-şöhrətdən uzaq olmaq, ifrata varmamaq, hamını məhəbbət və səmimiyyətə dəvət təşkil edir. Bu əxlaqi göstərişlərdən bə’zilərini şərh edirik.
1. Laqeyidliyə, istəklərdə ifrata varmamaq və diqqətsizliyə dəvət taoizmin ən mühüm əxlaqi prinsipidir. Lao-tze bu barədə deyir: “İfrat diqqət və istəyin olmamasını öz məramına çevir, mümkün olan həddə sakitliyini tam qoru”. “Hikmət sahibi öz fikrini hər bir şeyə qarşı laqeyd etməlidir”. “Səma və yer heç bir xeyirxahlıq nümayiş etdirmir. Onların nəzərində dünyanın 10 min şeyi vəhşi itlər kimidir. Müqəddəs insan da xeyirxahlıq əhli deyildir. Onun nəzərində qohum-əqrəbadan 100 nəfəri vəhşi itlər kimidir”.
2. Hər şeyə və hamıya etinasızlığa dəvətlə yanaşı, bir sıra əxlaqi dəyərlər də tövsiyə edilir. Lao-tze bu barədə deyir: “Mənə qarşı yaxşı olanlarla mən də yaxşıyam. Mənə qarşı yaxşı olmayanlara qarşı də yaxşıyam və bununla da hər bir şey yaxşı olur. Mənimlə səmimi olan şəxslərə qarşı mən də səmimiyəm, mənimlə səmimi olmayanlara qarşı yenə səmimiyəm, beləliklə hamı səmimi olacaqdır”. Başqa bir yerdə deyir: “Yaranın əvəzini məhəbbətlə ver”.
3. Tay-şanq-kanq-pinq-pi-yen, yaxud “Əməllər və onların cəzası” risaləsində digər əxlaqi göstəriş və tövsiyələrin şərhi verilmişdir. Bu tövsiyələrdən aşağıdakıları diqqətəlayiqdir:
“Yaxşı bir insan heç vaxt azğın yollara düşməz. O, fəzilət və təqva qazanar, dəyərli islər görüb toplayar. Bütün yaradılmışlarla mehribanlıqla rəftar edər. Özündən gənc qardaşlarına qarşı vəfalı və nəvazişli, özündən böyüklərə qarşı itaətkar olar. Əvvəlcə özünün seçdiyi yolu islah edər ki, başqalarını da bu yolla dəyişdirib islah edə bilsin. Yetimlərə və dul qadınlara qarşı mehriban olar, qocalara ehtiram qoyar. Gənclərə qarşı tərbiyəçi rolunu ifa edər. Hətta həşaratlara, otlara və ağaclara belə zərər yetirməməlidir. O, başqalarının şər və yaramaz rəftarları müqabilində şəfqətlə davranmalı, onların fəzilət və alicənablığından sevincini bildirməlidir. Onlara düzgün və layiqli işlərdə kömək etməli, təhlükələrdən xilas etməlidir. Başqalarının qazandığı şeyləri onların öz qazanclarının hesabına qoymalı, əldən verdiklərini öz itkisi hesab etməlidir. Onların çatışmazlıq və nöqsanlarını üzə salmamalıdır (qeybət etməməlidir). Öz üstünlüklərini başa qaxmamalıdır. Belə bir insan şər işlərdən çəkinməli, müqabilində mənən yüksəlməli və yaxşı işlər görməlidir. Çoxunu camaata bağışlamalı, özünə az bir pay götürməlidir. Bir kimsədən dil yarası, yaxud söyüş eşidərsə, onu ikrah hissi olmadan qəbul etməli, vəziyyəti başa düşdüyünü deməklə öz şərafət və alicənablığını göstərməlidir. İnsanlara təmənnasız məhəbbət göstərməli, yaxşılıq etməli və peşman olmadan öz var-yoxundan başqalarına bağışlamalıdır. Məhz bu şəxsə yaxşı insan deyiləcəkdir. Bütün insanlar belə şəxsə hörmət edərlər. Göylər onu qoruyar. Səadət və mal-dövlət onun ardınca axıb gələr. Bütün şərlər və pisliklər ondan uzaqlaşar. Onun gördüyü hər bir iş mütləq müvəffəqiyyətlə nəticələnəcək və o, özünə əbədi və səmavi (maddənin fövqündə) bir məqamın veriləcəyinə ümidvar ola bilər”.
4. Bu kitabda xurafatla qarışmış olan digər, o cümlədən aşağıdakı göstərişlər də vardır:
“Heç vaxt öz valideyninin səhvini ifşa etmə. Heç vaxt doğru ilə səhvi bir-birinə qarışdırma. Səhv işə mükafat vermə. Günahsız insanı cəzalandırma. Küləyi qınama və yağışdan sui-istifadə etmə. Həyat yoldaşının və həyat yoldaşlarının dediklərinə qulaq asma. Ata-ananın göstərişlərindən boyun qaçırma. Yeni işlərlə köhnə işlərin unudulmasına mane olmasına imkan vermə. Öz borcunu sahibinə qaytar. Göylərdə sənin üçün təyin olunan paydan artığını əldə etmək fikrində olma. Ölçüdə qısa metrədən, çəkidə düz olmayan tərəzidən, yaxud kiçik özül çubuqlarından istifadə etmə. Ayın və ilin axırıncı günündə rəqs edib, mahnı oxuma. Ayın əvvəlində, yaxud səhər açılanda qışqırıb əsəbiləşmə. Üzünü şimala tutub ağlama və ağzının suyunu atma. Ağzının suyunu parlaq ulduzlara tərəf atma. Göy qurşağı tərəfinə işarə etmə. Səhv iş görmüş şəxs tövbə etsə, öz əməllərini islah etsə və bundan sonra da çirkin işlərdən çəkinsə, eləcə də bütün yaxşı işləri görsə şadlığa və səadətə çatacaqdır. Belə isə nə üçün biz özümüzü yaxşı işlər görməyə vadar etməyək?”
TAOİZMDƏ SEHRKARLIQ. Əbədi yaşayışa, yoxluq və ölümdən qaçmağa meyl bütün insanların firti xüsusiyyətidir. Müxtəlif din və məktəblər bu məqsədə nail olmaq üçün cürbəcür vasitələr təklif etmişlər. Lao-tze və Çuvanq-tzonun məqsədi bu olmuş və əbədiyyətə çatmaq üçün (öz etiqad və gümanları əsasında) müəyyən yollar göstərmişlər. Çuvanq-tzo bu barədə deyir: “Hər kəs Taonun zatına qovuşsa əbədi həyata nail olar və heç sancan, yırtıcı heyvan ona zərər yetirə bilməz. Belə ki, Çin imperatoru Fuşi Taoya qovuşduğuna görə də əbədiyyət sirrinə və əbədi həyata yiyələnmişdir. O, bu həqiqətə yiyələndikdən sonra buludlara minərək göylərə yüksəlmişdir. Gizlin mələk və ya ana mələk də belə etmiş və əbədi həyata nail olmuşdur”.
Keçən dərsdə və bu dərsin əvvəlində öyrəndiyimiz kimi, bu məqsədə çatmağın yolu fəaliyyətsizlik, ruhi məşğələlər, meditasiya və bir sıra əxlaqi göstərişlərə riayət etməkdən keçir. Bir sözlə Taoizmin baniləri bir sıra mənəvi üsullar toplusunu nəzərdə tutmuşlar. Amma sonrakı dövrlərdə bu ayinin rəhbərləri və onun ardıcıllarının böyük bir hissəsi maddi amillərdən istifadə edərək uzunömürlülük, əbədi qalmaq, bədənin çürüyüb aradan getməsinin qarşısını almaq üçün yollar axtarırdılar. Çuvanq-tzonun əsrindən sonrakı dövrlərdə Taonun zatına qovuşa bilmiş və əbədilik qazanmış filosofların adlarına rast gəlinir. Bu filosoflardan biri də ahıl yaşlarında bir uşaq qədər təravətli olmuş Oyodur. Bu da onun Taoya qovuşma nəticəsində mümkün olmuşdur. O, bu vasitə ilə zaman və məkanın buxovlarından azad olmuşdu.
Belə söhbətlərin yayılması sadə xalq kütlələrinin müxtəlif təbii ünsürlər və amillər arasında elə maddələr axtarmalarına səbəb oldu ki, onu istifadə etməklə uzunömürlülüyə və əbədiliyə nail olmaq mümkün olsun. Bu prosesdə falçı və cadugərlər meydana gəldilər ki, camaatı əbədi həyat maddəsi tapmaq adı ilə aldatmaqla onlardan faydalansınlar.
Bu barədə taoizmin əsərlərindən hesab olunan “Tzeanteonqçei” kitabını qeyd etmək olar. Bu kitabda şərh edilən kimyagər əməlləri və reaksiyalar vasitəsilə uzunömürlülük dərmanını, yaxud əbədilik iksirini tapmağın yolunun təliminə çalışılır. Kitabın bəzi yerlərində belə qeydlərə rast gəlirik: “Qurğuşun, civə və qızıl əriyib bir-birinə qarışsa və kiçik düyməciklər halına düşsə, onu yeməklə (iksiri) uzunömürlülüyə, hətta əbədiliyə çatmaq olar”. Bundan başqa, Tao filosofu Kuhunq “Paop-otzo” adlı məşhur kitabında yazır: “Mənim mütaliə etdiyim kitabların hamısında bu məqsədə çatmaq üçün civə sulfuru və ərinmiş qızıl qeyd olunmuşdur. Bu iki maddə əbədiliyə çatmağın zirvəsi və yoludur. Bu iki maddəyə nə qədər çox istilik verilsə, onda baş verən dəyişikliklər də heyrətamiz olacaqdır. Bu iki maddə birlikdə yeyilərsə bədəni gücləndirər və qocalmağın, yaxud ölməyin qarşısını alar.”
TAOİZMİN DİNİ YÖNLƏRİ. Taoizm dini baxımından Lao-tze və Çuvanq-tzo fəlsəfəsi ilə onların əxlaqi tövsiyələrindən, eləcə də Taonun kimyagərlik və sehrkarlıq məqamlarının sintezindən ibarətdir. Bu əqidələr çinlilərin əcdadlarının bütpərəstlik ayinindən, buddizm və digər ayinlərdən götürülmüş, bəzi əlavələrlə təkmilləşmişdir.
Buddizm Çinin hər bir yerində genişləndiyi və hətta Koreya yarımadasına sirayət etdiyi II miladi əsrində taoistlər bunun qarşısını almaq və rəqabət aparmaq qərarına gəldilər. Onlar bu məqsədlə öz ata-babalarının etiqad normalarını -bu elə səma yolu, yaxud Tao yoludur- bərpa etməklə yanaşı digər ideoloji prinsipləri də öz ayinlərinə əlavə etdilər. Bu məsələ buddizmlə rəqabət etmək üçün Budda ayinlərinin cəlbediciliyin artmasına səbəb oldu. Bu zaman Lao-tzenin şəxsiyyəti Buddanın şəxsiyyəti ilə qarşı-qarşıya qoyuldu; buddistlər Buddanın ilahi məqamına inandıqları kimi, taoistlər də Lao-tzenin ilahi məqamı olduğuna inandılar. Onun üçün büstlər yaratdılar, yazı və məktublarını mürsəl səhifələr kimi qələmə verdilər, adına çoxlu məbədlər tikdilər. Tao rahibləri və mürtazları o məbədlərdə Lao-tzenin büstlərinə pərəstiş etməyə başladılar. Bütün bunlar camaatın yeni və yad din olan buddizmə yönəlməsinə mane olmaq və öz ata-babalarının dinindən əl çəkməmələri üçün edilirdi. Beləliklə, taoizm Çinin rəsmi və milli dini oldu, imperatorlar da bu sahədə müəyyən tədbirlər görüb göstərişlər verdilər. O cümlədən, Han sülaləsindən olan imperator Həvan II əsrdə ilk dəfə olaraq və rəsmi şəkildə Lao-tzenin adına məbəd tikdirərək onun büstü önünə hədiyyələr təqdim etdi. Bu da taoizm ayinində dini rəftar və sitayişin başlanğıcı oldu.
Ondan sonra digər ideoloji əsaslar, o cümlədən mahayana firqəsində mövcud olan cənnət və cəhənnəm əqidəsi Tao etiqadlarına əlavə edildi. Bəlkə də onlar hinduizmin üç məbud, yaxud xristianlığın üç ruhuna təqlid edərək üçlük məbudlar yaratdılar. Bu məbudlar aşağıdakılardır:
1. Ən yüksək məqam sahibi olan imperator Zəbərcədin;
2. İmperatorun yanında məqam sahibi olan Lao-tze;
3. Ruhani varlıq və səmavi ruhların başçısı olan Linqpao.
Bu üç mə’bud “üç pak gövhər” adı ilə də məşhurdur.
Bu minvalla hər bir dövrdə tao rahibləri bu dində məbudların və müqəddəs ruhların sayını artırmışlar. Belə ki, hal-hazırda onların sayı-hesabı yoxdur.
Onların etiqad bəslədikləri məbudlardan bə’ziləri aşağıdakılardır:
Ailə ocağının məbudu, darvazanı mühafizə edən 12 məbud, şəhər məbudu və s.
Çində kommunist hakimiyyətindən sonra aradan götürüləcəyi güman edilən taoizm ayininin fəaliyyətdə olan çoxsaylı məbədləri vardır və Çində onun 50 milyon nəfərə yaxın ardıcılı vardır.

Seyid Əhməd Mahmudi: “Dinlərlə tanışlıq”. Tərcümə edən: Ağabala Mehdiyev

Комментариев нет:

Отправить комментарий