Страницы

07.08.2015

AZƏRBAYCAN KOMMUNİSTLƏRİNƏ MÜRACİƏT

Sıralarımıza inamsızlıq, mənəviyyatsızlıq, iradəsizlik, amalsızlıq, əməlsizlik toxumunu səpənləri qovun, ifşa edin. Şübhəyə tapınan bu səssiz “xanəndələri” rədd etməklə birliyimizə güc veririk. Bunların arasında eləsi var ki, kommunist düşüncə səviyyəsini burjua rütbə səviyyəsinə hər an satmağa hazırdır. Burjua hakimiyyəti tərəfindən müəyyən olunmuş vəzifəni, funksiyanı icra etməkdən belə utanmır. Özləri və sözləri işıqsız belə nadanların cəhdi əbəsdir, yanlışdır, zərərlidir.
Kommunist Partiyası kommunistlərin cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. Biz çalışmalıyıq ki, o öz müqəddəs mənasına layiq olsun.
Kommunist dövrdən, zəmanədən, sinfi mənsubiyyətdən təcrid oluna bilməz!
Kommunisti ictimai münasibətlərdən ayrı təsəvvür etmək olmaz!
Kommunist ümumi insani cəhətlər, keyfiyyətlər axtarmaqla, dialektikaya, ictimai qanunlara əməl etməlidir.
Kommunist öz daxili məzmunu ilə mühitdən, tarixi şəraitdən kənara çıxmağı bacarmalıdır.

Kommunistin hər kəlməsi zülm və istismara məruz qalanların qəlbini coşdurmal, düşüncəsini qanadlandırmalı, idrak üfüqlərini sonsuzlaşdırmalıdır.
Kommunist mövqeyi ağıl, zəka, təhlil və mətləb üzərində formalaşır!
Kommunist gerçəkliyi yaxşılaşdırmaq, dəyişdirmək, kamilləşdirmək missiyasını şərəflə yerinə yetirməlidir .
Kommunistin ruhu, mənəvi qüdrəti əvəzsizdir , onu böyük, geniş, möhtəşəm aləmə aparan daxili gücdür.
Kommunistdə həyatın naqisliyinə qarşı sonsuz nifrət və gözəlliyinə qarşı sonsuz heyrət vardır!
Kommunistin xilqətində sığmazlıq var. Bütün bunlara baxmayaraq kommunistin mənəvi kamilləşmə ehtiyacı bitməmişdir.
Kapitalistləşənlər, mülkədarlaşanlar insaniliyini, mənəviyyatını itirməklə bu iyrənc mərtəbəyə yüksəlirlər. Bu mənada kommunist əxlaqı yarandığı gündən bu tüfeyli ünsürlərlə barışmaz mübarizə aparır. Cəmiyyət qəddar, yırtıcı burjua harınlarını bəsləməkdən, yedirtməkdən imtina etməlidir!
Cılız, bəsit, ehkamçı burjua ideologiyası müflisləşməkdədir, çünki bu çürük ideologiya insanın mahiyyətini tanıyan, onu dərindən dərk edən ictimai münasibətlərdə itir, oz təsdiqini tapa bilmir.
Sosialist cəmiyyəti ilahi qüdrətə malikdir – bərabərliyi, azadlığı, qardaşlığı ilə !
Yağı düşmən Azərbayan Kommunist Partiyasını hiyləgərliklə parçalaya bilib, ancaq bu müvəqqətidir!
Mir Cəfər Bağırov kimi KİŞİLƏRLƏ Azərbayan Kommunist Partiyası Bir olmuşdu, bu səbəbdən də o sanballıydı.
Kommunist sıralarına soxulan keçəl Həmzələr BİRLİYİMİZİ dağıtdı, təzad yaratdılar.
Ədavətdən, küdurətdən, keçəl Həmzələrin xəyanətindən, saf, təmiz kommunistlərin yalançı liderlərin yağı hiyləsinə uymalarından, içəridən, daxildən uçdu birliyimiz.
Həmzələşən kommunistlər peyda oldu.
Kommunist birliyi, dostluğu, mənəviyyatının mütləq səviyyəsinin təsdiqi zəruridir.
Kommunistin və cəmiyyətin mahiyyətləri arasında birlik bərpa olunmaldır – Kommunist Partiyasının vahidliyi, sıx birliyi, monolitliyi şəraitində.
Azərbaycan Kommunist Partiyası ictimai inkişafa təsirinin dərinliyi və gücü cəhətdən misilsiz bir yol keçmişdir. ŞƏRƏFLİ TARİXİMİZLƏ FƏXR EDƏK!
Azərbaycan Kommunist Partiyası 70 ildən çox kütlələrin tarixi yaradıcılığının ilhamçısı və təşkilatçısı, cəmiyyətimizin rəhbər və istiqamətverici qüvvəsi olmuşdur. ZƏNGİN KEÇMİŞİMİZLƏ ÖYÜNMƏYƏ HAQQIMIZ VAR!
Azərbaycanda sosializm qurulması, zəhmətkeşlərin bütün təbəqələrinin fəhlə sinfinin mövqelərinə keçməsi, sovet cəmiyyətin sosial – siyasi və ideya birliyinin möhkəmlənməsi nəticəsində Azərbaycan Kommunist Partiyası öz sinifi mahiyyəti, ideologiyası cəhətdən fəhlə sinfinin partiyası mövqeyini saxlamaqla bərabər bütün Azərbaycan xalqının partiyası olmuşdur. PARTİYAMIZIN ÖLMƏZ ƏNƏNƏLƏRİNİ YAŞADAQ!

ƏDALƏT ABDİNOV, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
Batumi, 3 avqust 2015-ci il

Комментариев нет:

Отправить комментарий