Страницы

05.08.2015

Hikmət sahiblərinin, zahidlərin və s. bu kimilərinin dediklərindən

◘Loğman öz oğluna buyurub: “Oğul!” İnsan üç hissədən ibarətdir; Allaha məxsus olan hissə, özünə məxsus olan hissə və qurda məxsus olan hissə. Allaha aid olan hissə Ona tərəf yüksələcək ruhdur. Öz payı elmdir ki, ondan ləzzət aparar. Qurdun payı isə bədəndir.”

◘Bir hikmət sahibi deyib: “Dostlar üç dəstədir. Bir dəstə qida kimidir ki, onlarsız keçinmək olmur. Onlar din qardaşlarıdır. Digər dəstə dərman kimidir ki, onlara bə`zi vaxtlarda ehtiyac duyulur. Üçüncü dəstə isə heç vaxt dərdə dəymir. Onlar tamahkarlardır.”

◘Bir zahid deyib: “İnsanlar üç dəstədirlər; tamam kişi, yarım kişi, nakişi. Birincisi odur ki, özünün rə`yi var və onun rə`yindən istifadə olunur. İkincisi odur ki, özünün rə`y və qərarı yoxdur, lakin nəzər və təfəkkür sahiblərindən yararlanır və onların yolunu gedir. Nakişi odur ki, nə özünün rə`y və nəzəri var, nə də mütəfəkkirlərdən bəhrələnir.”


◘Digəri deyib: “Dünyanın üç şeyindən başqa heç nə üçün təəssüflənmirəm. Biri eyiblərimi pərdəsiz mənə göstərən mö`min qardaşır. Digəri uğursuz əyriliyimi düzəldən və nadanlıq etdiyim zaman mənə xəbərdarlıq edən alim, üçüncüsü isə nə məxluqun minnəti, nə də Xaliqin qəzəbi olan ruzidir.”

◘Səhl ibn Abdullah deyir: “Bir kəsdə üç xüsusiyyət cəm olmayınca onun rəhbər olma ləyaqəti yoxdur; camaatla nadan və axmaqcasına rəftar etməsin, onların nadanlığına göz yumsun və onların mal-dövlətinə göz dikməsin, əksinə, öz var-dövlətindən onlara versin.”

◘Bir hikmət sahibi deyib: “Əgər bir kəsin vəfalı olub-olmadığını bilmək istəyirsənsə bax gör dostları onun yadına düşür, ya yox, vətən həsrəti çəkir, ya yox və keçmişi üçün ağlayır, ya yox.

◘Digəri deyib: “Xoş xasiyyətli olmaq, az danışmaq və mö`tədil yol getmək peyğəmbərlərin xüsusiyyətlərindəndir. Bədxasiyyət olmaq, çox danışmaq (çox danışmaqda məqsəd faydasız və şəriətə zidd olan sözlərdir) və təkəbbürlə yol getməksə bədbəxtlərin xüsusiyyətlərindəndir.

◘Başqa birisi deyir: “Üç şeyin sonu yoxdur; əmniyyət, salamatlıq və dolanmaq üçün kifayət edəcək qədər ruzi.” (Şübhəsiz, bunlarda məqsəd budur ki, bu ne`mətlərin əzəməti ölçüyə gəlmir.)

◘Bir hikmət sahibi deyir: “Heç bir möhtərəm şəxs, üç yerdə padşah belə olsa, böyüklük etməməlidir; ata-ana qarşısında, axirət işindən ötrü istifadə etdiyi alimin hüzurunda və qonaq qəbul edən zaman.”

◘İbn Abbas deyir: “Həmsöhbətimin mənim boynumda üç haqqı var: Üçünü mənə tutsa gözümü üzünə dikərəm, otursa ona yer verərəm, danışan zaman sözlərinə qulaq asaram. Axmaq həmsöhbət xətərlidir, ondan uzaqlaşmaq isə uğur və müvəffəqiyyət.

◘İbn Abbas deyir: “Şeytan heç vaxt üç anda etdiyi kimi nalə və fəryad qopartmayıb; Allahın lə`nəti gələn zaman və asimandan qovulanda, Peyğəmbər (s) dünyaya gələndə və birinci ayəsi “Bismillahir-rəhmanir-rəhim” olan “Fatihə” surəsi nazil olanda.”

◘Qəzali deyir: “Tövbə üç şərtlə qəbul olunar; günahları tərk etməklə, gələcəkdə də onu tərk etmək qərarına gəlməklə və keçmiş günahları yumaqla.” (Saleh əməl vasitəsi ilə, yaxud qəzaya verilmiş əməlləri yerinə yetirməklə və s.)

◘Peyğəmbər (s) bir qrup səhabəsindən soruşdu: “Siz nəsiniz?” (Yə`ni, hansı məsləkə xidmət edirsiniz?”) Dedilər: “Mö`minik!” Buyurdu: “İmanınızın nişanəsi nədir?” Dedilər: “Çətinlikdə səbr edirik, rifah halında şükr edirik, qəza və qədərə boyun əyirik.” Buyurdu: “And olsun Kə`bənin rəbbinə siz mö`minsiniz!”

◘Peyğəmbər (s) buyurub: “Üç həddi-büluğa çatmamış övladını itirən kişi və üç həddi-büluğa çatmamış övlad dağı görən qadın cəhənnəmdən amandadırlar.” (Bu şərtlə ki, müsəlman olub müsəlman da dünyadan getsinlər.)

◘Əbuzər Peyğəmbərdən (s) nəql edir ki, üç həddi-büluğa çatmamış övladını itirən hər bir müsəlman ata-ananı Allah öz fəzl və kərəmi ilə behiştə daxil edər.”

◘Müaviyə Xalid ibn Müəmmərdən soruşdu: “Əlini (ə) nəyə görə sevirdin?” Dedi: “Çünki üç imtiyaza malik idi; qəzəb vaxtı səbirli idi, danışanda düz danışardı, hökumət və xilafət zamanında ədalətli idi.”

◘Həsən Bəsri deyir: “Müaviyə üç iş gördü ki, bu işlər onu həlak etdi; xilafəti qəsb etdi. Halbuki, xilafətə ondan da layiq Peyğəmbər (s) səhabəsi var idi. İkincisi, həmişə şərab içib məst olan oğlu Yəzidi camaata hakim tə`yin etdi. Üçüncüsü isə ipək paltar geyinir, saz çalırdı və Ziyadı özünün qardaşı adlandıraraq İraqa hakim tə`yin etdi.”

◘Bir hikmət sahibi deyir: “Dünyanı üç şeydən birindən ötrü tələb edirlər; ehtiyacsızlıq, izzət və rahatlıqdan ötrü. Halbuki, izzət dünyadan üz döndərməkdə, ehtiyacsızlıq qənaətdə, asayiş isə azacıq əziyyət çəkməyin kölgəsindədir.”

◘Əhnəf ibn Qeys deyir: “Hər kimin mənimlə arası dəysə onunla üç müamilədən birini edirəm. Əgər böyük adam olsa onun məqamına görə ehtiram edib yalnız ondan üz döndərirəm. Yox, əgər məndən aşağı olsa öz abrımı qorumaqdan ötrü onu öz başına buraxıram. Əgər mənimlə bərabər olsa ona minnət qoyuram.

◘Məhəmməd ibn Simak deyir: “İllərlə var-dövlət dalınca qaçdım. Bir gün Qarun yadıma düşdü (ki, o qədər var-dövlətinin olmasına baxmayaraq aqibəti necə oldu!). Gördüm üç şeydən artıq heç nə məni Allaha yaxınlaşdırmayacaq; pəhrizkar qəlb, doğrudanışan dil və səbrə adət etmiş bədən.”

◘Yəhya ibn Məaz deyir: “Hərislik şirə bənzəyir. İnsanlar da ona münasibətdə üç cürdür: Bir dəstəsi onu azad buraxıb. Bunlar dünyapərəstlərdir. Digər dəstəsi onu bağlayıblar. Bunlar zahidlərdir. Bir dəstəsi də ki, onun başını kəsib atıb. Bunlar Allahın dostları, o cümlədən, peyğəmbərlər və onların ardıcıllarıdır.”

◘Keçmişdə insanlar üç şeyi bir-birinə göstəriş verər və yazışmalarında da bunu qeyd edərdilər; hər kim axirəti üçün çalışsa, dünyasını Allah yoluna qoyar, hər kim batinini islah edərsə Allah da onun zahirini gözəlləşdirər və hər kəs də Allahla öz arasını düzəltsə Allah da onunla camaatın arasını düzəldər.”

◘İbn Abbas deyib: “Zöhd” kəlməsi (ərəb qrafikasına əsasən) 3 hərfdən ibarətdir;  د,  ه,ز . «ز» (z) yə`ni, zadul-məad (yə`ni, axirət azuqəsi), «ه» (h) yə`ni hidayət (dində) və «د» (d) yə`ni, davamlılıq (Allaha itaətdə.)”

◘İbn Abbasdan soruşdular: “Günlərin ən yaxşısı, ayların ən yaxşısı və əməllərin ən yaxşısı hansıdır?” Dedi: “Günlərin ən yaxşısı Cümə günüdür. Ayların ən yaxşısı Ramazan ayıdır. Əməllərin ən yaxşısı isə beş namazı əvvəl vaxtında qılmaqdır.” Bu sualı Həzrət Əlidən (ə) də soruşdular, buyurdu: “Məğribdən məşriqəcən bütün alimlərdən bu sualı soruşsanız bu cavabı verəcəklər. Amma mən deyirəm ki, əməllərin ən yaxşısı Allah dərgahında qəbul olunanı, ayların ən yaxşısı tövbə etdiyin ay, günlərin ən yaxşısı isə imanla Allaha tərəf getdiyin aydır.”

◘Yunan filosoflarından biri deyib: “Üç şey heç kəsdən ötrü biabırçılıq deyil; xəstəlik, fəqirlik və ölüm.”

◘Vəhəb deyir: “Tövratda yazılıb: “Həris adam dünyaya da sahib olsa fəqirdir, Allaha müt`i olan qul da olsa (azad insan olmasa da) itaətkardır və qane insan isə ac olsa da ehtiyacsızdır.”

◘Allah peyğəmbərlərdən birinə vəhy edib buyurdu: “Xaşe (və kövrək) qəlb, təvazökar ruh və ağlar göz gətir və dua et Mən də müstəcab edim.”

◘Deyirlər ki, bir kişi bir filosofun yanına gedib dedi: “Filan dostunuz sizin barənizdə xoşagəlməz bir söz dedi.” Filosof dedi: “Qardaş! Sən mənim yanıma gələndən mənim haqqımı üç dəfə tapdalayıb mənə zülm etdin; dostumu mənim gözümdən saldın, pak qəlbimi bulaşdırdın, özün də sui-zənnə uğradın. (Yə`ni, bilmirəm düz deyirsən, ya yox və bu söz gəzdirməkdə məqsədin nədir?!)”

◘Bir hikmət sahibi deyir: “Üç xüsusiyyət var ki, hər kəsdə olsa əqli kamildir; dilinin ixtiyarı özündə olsun, zəmanənin vəziyyətindən xəbərdar olsun və öz işi ilə məşğul olsun (ömrünü boş-boşuna keçirməsin).”

◘Başqa birisi Allahla münacat edən zaman deyib: “(Pərvərdigara!) Mənim qəlbimin ən böyük itaəti ümidimi sənə qarşı yönəltməyimdir, ən şirin sözüm səni mədh edib şə`ninə tə`rif deməyimdir və nəzərimdən ən üstün vaxt səninlə görüşdüyüm vaxtdır.”

◘Hədisdə deyilir ki, bir gün Cəbrail (ə) Peyğəmbərə (s) ərz etdi: “Əgər bizim ibadətimiz yer üzərində olsaydı üç əməli heç vaxt tərk etməzdim; müsəlmanlara su verməyi, (böyük və ehtiaclı) ailə sahiblərinə kömək etməyi və camaatın günahlarının üstünü örtməyi.”

◘Bir kişi İmam Həsən Müctəbadan (ə) hacətini istədi. İmam (ə) söykənib oturmuşdu. Düzəlib buyurdu: “Peyğəmbər (s) buyurub ki, hər kəsi özünəməxsus yerdə oturdun (yə`ni, hər kəslə onun səviyyəsinə uyğun rəftar edin.)
Mən indi səndən üç sual soruşacağam. Əgər cavab verə bilsən sənə üç yüz dinar verəcəyəm.” Dedi: “Soruşun, Allahın qüdrətindən başqa qüdrət yoxdur.” Buyurdu: “
–Kişinin bəzəyi nədir?
–Helm ilə bir yerdə olan elm.
–Əgər olmasa?
–Təqva ilə bir yerdə olan kərəm.
–Əgər o da olmasa?
–Səbr ilə bir yerdə olan fəqirlik.
 –Əgər o da olmasa?
–Göydən bir atəş gəlib dəri və sümüklərini yandırıb kül etsin.
Həzrət (s) təbəssüm etdi və dediyinin iki bərabərində ona pul verdi.

◘Bir hikmət sahibi deyib: “Hər kəs üç şeyə sahib olmamış üç şey iddiasında olsa bil ki, şeytan ona məsxərə edir; dünyanı tərk etməmiş zikrin şirinliyini dadmaq, özünə qəzəblənməmiş Allah razılığını tələb etmək və camaata sitayiş etməyi tərk etməmiş ixlas sahibi olmaq.”

◘İbrahim Ədhəmə dedilər: “Nəyə görə zöhdü bəyəndin? “Dedi: “Üç səbəbdən ötrü: 
1.Gördüm qəbir dəhşətlidir, heç bir dost da yoxdur.
2. Gördüm yol uzundur, azuqə yoxumdur.
3. Gördüm Qiyamət məhkəməsinin qazisi Cabbar Allahdır, mənim isə heç bir üzrüm yoxdur.”

◘Həzrət İbrahim Xəlil peyğəmbərdən (ə) soruşdular: “Nə səbəb oldu ki, Allah səni özünə dost seçdi? “Buyurdu: “Üç səbəbə görə; Allahın göstərişini başqalarının istəklərindən üstün tutdum, Allahın öhdəsinə aldığı işlərdən ötrü (ruzi və s.) çox da təlaş etmirdim (yə`ni, kafayət qədərindən artığını tələb etmir, haramlarının dövrəsində dolanmırdım) və heç vaxt qonaqsız yemək yemirdim.

◘Bə`ziləri deyib: “İnsanların ən xoşbəxti odur ki, bilikli qəlb, səbirli bədən və qane ruha malik olsun.”

◘Yenə də deyiblər: “Üç xüsusiyyət hər kimdə olmazsa fəzl və kamalı da yoxdur. Biri cahil və ağılsızlara dözəcək helm, digəri günahdan çəkindirəcək təqva və camaatla keçinəcək xoş xasiyyət.”

Və yenə də deyiblər: “Üç kəs var ki, onları üç yerdən başqa yerdə tanımaq olmaz; səxavətli insanı qıtlıq zamanı, şücaətlini döyüş zamanı və səbirli insanı qəzəb vaxtı.”

◘Bə`ziləri deyib: “Əqlin üç əlaməti var; pəhrizkarlıq, doğrudanışmaq və bihudə işləri tərk etmək.”

◘Həzrət Rəsuldan (s) soruşdular: “Mö`mini necə tanıyaq?” Buyurdu: “Vüqarı, mülayim xasiyyəti və düz danışığı ilə.”

◘Bir ədib sultanın yanına getdi. Danışmaq icazəsi istədi. Sultan dedi: “Bir şərtlə.” Dedi: “Nə şərt?” Dedi: “Mənim üzümə məni tə`rifləmə, çünki mən özümü səndən yaxşı tanıyıram, ürəyində olanların əksinə söz demə və heç kəsin qeybətini etmə.”

◘Bə`ziləri deyib: “Üç şeydən kənar gəzmək hikmət və ağılın əlamətidir; cahilin nadanlığından, aqilin yanılmasından və qafilin səhvindən.”

◘Yenə də deyiblər: “Üç kəsi üç yerdə tanımaq olar; səbirlini qəzəb vaxtı, şücaətlini qorxu vaxtı və qardaşı ehtiyac vaxtı.”

◘Həzrət İsa (ə) buyurub: “Hər kəsin elmi olsa, ona əməl etsə və onu başqalarına öyrətsə asimanlarda hörmətli olar.”

◘Bə`ziləri deyib: “Dindarlar atəşdən, böyüklər biabırçılıqdan, ağıllı insanlar isə şərdən qorxurlar. Hər kimin dini, böyüklüyü və ağlı varsa atəşdən, biabırçılıqdan və şərdən amandadır.”

◘Bir yunan alimi deyib: “Əgər bədən yazmağa, oxumağa və öyrənməyə mane olan xüsusiyyətlərdən sağlam, ağıl eyibsiz və ruzi də kifayət qədər olarsa, başqa şeylərdən ötrü qüssələnmək yersizdir.”

◘Əhməd ibn Məhəmməd Zahiddən nəql edirlər ki, deyib: “Ağıllı insanın əlamətləri saya gəlmir, amma axmaq insanın mənim nəzərimcə üç əlaməti var; ömrünün hədərə getməsindən qorxmur, boş-boş danışmaqdan doymur, eyiblərini ona deyən adamla oturub-durmağı xoşlamır.”

◘Bir arif deyir: “Üç şey qəlbi bərkidər: Yersiz gülmək, tox halda yemək və lazımsız sözlər danışmaq.”

◘Əflatun deyib: “Sənə qarşı e`tinasızlıq göstərən kəslə görüşə getmə, sözünü təkzib edən şəxslə söhbət etmə və sözünə qulaq asmayan kəsə söz demə.”

◘Yenə də Əflatun deyib: “Adamların ruhiyyəsi üç yerdə əvəz olar; sultanlara yaxınlaşan zaman, evlilikdən sonra və əlinə var-dövlət gələn zaman. Əgər bir kəs bu üç hallarda dəyişməsə və özünü itirməsə qəzavəti düzgün, müamiləsi də səhihdir.”

◘Bir hikmət sahibi deyib: “Elmin sahəsi üç qarışdır. Birinci qarışa daxil olana təkəbbür gələr, ikinci qarışa daxil olan təvazökar olar, üçüncü mərhələyə daxil olansa başa düşər ki, heç nə bilmir.”

◘Müəllif deyir: “Allah üç qəribə mətləbi Qur`anın üç surəsində bir-birinin ardınca bəyan edib: “Bəni-İsrail” surəsində Peyğəmbərin (s) cismani me`racına işarə edərək buyurur ki, Məkkədən Əqsa məscidinə hərəkət etdi, “Kəhf” surəsində əshabi-Kəhfin üç yüz neçə il yatmasını nəql edir və ”Məryəm” surəsində Həzrət İsanın (ə) atasız dünyaya gəlməsindən danışır.”

◘Bir hikmət sahibi deyib: “Üç şey barəsində fikirləşmə; kasıblıq və yoxsulluq fikrində olma ki, qəm-qüssən çox olar, uzun ömür sürmək fikrini də başında çox dolandırma ki, bütün ömrünü bir yerə yığsan malını xarab edərsən və sənə zülm edənlərdən də əvəz çıxmağa çalışma ki, qəlbin daşlaşar, qəzəbin isə artar.”

◘Əbuzər buyurdu: “Dünya üç saatdır; keçən saat, mövcud saat, ona çatıb-çatmayacağın mə`lum olmayan gələcək saat. Elə isə, əslində, bir saatdan başqa əlində heç bir şey yoxundur. Çünki, ölüm də saatbasaat yaxınlaşır.”

◘Bir hikmət sahibi deyir: “Üç şey var ki, hər bir şeydən üstündür; həyat, həyatın iki bərabəri və həyatdan da yaxşı olan şey. Həyat ibarətdir asayiş və xoşluqdan, həyatın iki bərabəri ibarətdir yaxşı addan, həyatdan da yaxşı şey isə Allahın razılığı və behiştdir. Üç şey də var ki, hər şeydən daha pisdir; ölüm, ölümün iki bərabəri və ölümdən də pis olan şey. Ölüm fəqirlik və yoxsulluqdur, ölümün iki bərabəri bədnam olmaqdır, ölümdən də pis olan şey isə Allahın qəzəbidir. Allaha pənah!”

◘Loğman öz oğluna deyib: “Oğul” elə ki, mə`də doldu fikir yuxuya gedər, hikmət işdən düşər, bədən də ibadətdən qalar.”

◘Mərhum Mühəqqiq özünün “Əxlaqi-Nasiri” kitabında nəql edib deyir ki, ibadət üç cürdür: 1. Bədənin ibadəti, yə`ni, oruc, namaz və ibadətgahlara getmək, 2. Ruhun ibadəti, yə`ni, tövhidə və Allahın sifətlərinə, Onun vucuduna, Allahın hikmətinə və din göstərişlərinə düzgün əqidə bəsləmək. 3. Camaatla ünsiyyətdəki ibadət, yə`ni, alver, evlənmə, əmanəti qaytarma, xeyirxahlıq, müsəlmanlara kömək, düşmənlərlə cihad, namusu qorumaq, din və elmi mərkəzləri himayə etmək.”

◘“Səbr” sözünün lüğətdəki mə`nası “dözümsüzlükdən çəkinmək və qeyri-mülayim hallara tab gətirməkdir.” Bu səbr üç qismdir; 1. Ümumi camaatın səbri. Bu insanların camaat arasında öz abır və heysiyyətlərini qorumaqlarından ibarətdir. 2. Zahidlərin və abidlərin səbri. Bu axirət savabı qazanmaqdan ötrü olunan səbrdir. 3. Ariflərin səbri. Bu da Allahın razılığı olduğu halda rastlaşdıqları acı hadisələr müqabilində etdikləri səbrdir. Bu səbr barədə Allah-təala Qur`anda yetmişdən çox yerdə söz açmış və bu haqda saysız hədislər rəvayət olunmuşdur.

◘Peyğəmbər (s) buyurub: “Hər kəsə üç şey verilibsə ona hər iki dünyanın xeyri verilib; Allahın qəza və qədərinə razı olmaq, bəla zamanı səbirli olmaq və rifah zamanı dua etmək.”

◘Həzrət Sadiq (ə) buyurub: “Üç şeyin azı da çoxdur; atəş, fəqirlik və borc.”

◘Xalid ibn Səfvan deyir: “Üç şeyin çarəsi yoxdur; tənbəlliyə qarışmış yoxsulluğun, həsəd və paxıllığa qarışmış düşmənçiliyin və qocalıq zamanında xəstəliyin.”

◘Bə`ziləri deyiblər: “Həyatın səfası üç şeydədir; geniş evdə, çoxlu xidmətçidə və ürəyəyatan qadında. Üç kəslə gərək mülayim, xoşrəftar və üzügülər olasan; sultan, xəstə və qadınla.”

◘Üç şey asayiş üzərindən xətt çəkir; dişağrısı, tərs xidmətçi və sözə baxmayan qadın.

◘Xəlil ibn Əhməd Nəhvi deyir: “Var-dövləti üç kəsdən ötrü yığırlar ki, üçü də düşməndir; arvadın əri, oğulun arvadı və qızın əri.”

◘Haris Mühsaibi deyib: ”Üç şey aztapılan, yaxud da tapılmayandır; iffətli gözəllik, dindarlıqla bir yerdə xoş xasiyyət və əmanətdarlıqla birgə qardaşlıq vəzifəsini yerinə yetirə bilmək.”

◘Bir filosof deyib: “Fəlsəfə nəzərindən birinci vacib Allaha itaət, sonra ata-anaya, daha sonra isə camaata ehtiram göstərməkdir. Hər kim bu üç vacibatı yerinə yetirsə Allah onu möhtərəm, böyük və əzəmətli insan edər.”

◘Peyğəmbərdən (s) nəql olunur ki, hər kim dünya istəyirsə ticarət etsin, hər kim axirət istəyirsə zahid olsun və hər kim də ki, dünya və axirət istəyirsə elm öyrənsin.

◘Şafeiyə (dörd sünni məzhəbindən birinin imamı) dedilər: “Əli (ə) barəsində nə deyə bilərsən?” Cavab verdi: “Nə deyim o kəsin barəsində ki, üç sifət üç xüsusiyyətlə birgə onun vücudunda cəm olub və heç kəsdə belə bir şey yoxdur; fəqirlik səxavətlə, şücaət  əqllə, elm əməllə.”

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий