Страницы

20.09.2015

ÖZ İÇİNDƏ YAŞAYAN ADAM

Hüsamə bin Sərxan

Mən öz içimdə yaşayan adamam. Əgər buna yaşamaq demək mümkünsə. Ona görə də müzakirə və mübahisə doğura biləcək məclislərdən, yığıncaqlardan, hətta əyləncə kompaniyalarından belə mümkün qədər qaçmağa çalışıram. Nəinki çalışıram, lap tızıdıram. Başımı ağrıdan axmaq fikirlərimlə, içimi goreşən tək didib parçalayan dərd və iztirablarımla tənhalığa... Həm də istəmirəm kimlərisə pessimist əhval-ruhiyyəmin enerjisindən qidalandırıb ruhunu korlayım. Bir də, axmaq fikirlərimə, quduzlaşmış dərdlərimə payçı tapmaq, cındırından cin hürkən daxmamda 500 min dollarlıq pul sevdası kimi bir şeydi. Əslində pis yaşamıram: karyerdə işləyirəm, daş atıb ayda təxminən min manat pul qazanıram. Bəzi ağzıgöyçəklər ağızlarını büzüb deyirlər:
-Sənin heç ali təhsilin də yoxdu, amma bu qədər pul alırsan. Səncə bu ədalətlidi?
Düzü mən heç zaman nəyin ədalətli yaxud ədalətsiz olduğu barədə düşünmürəm. Düşünsəm nə dəyişəcək! Qoy mənə o axmaq sualı verənlər - dünən şor-pendirlə, bu gun test kartlarını sığallamaqla ali təhsil diplomu (təhsil yox aaa!..) almağa yolları açılan “ali təhsilsizlər” camiəsinin toylara tamada, televiziya və radiolara aparıcı qismində sırıdığı iqtisadçıkimilər, mühəndiskimilər, müəllimkimilər, həkimkimilər, ekstrasenskimilər “fəslinə” aid varlıqlar düşünsünlər. Mənimsə,  düşünməyə nə vaxtım, nə də həvəsim yoxdu.
Neyləyim, mən beləyəm! Hərə öz aləmində, hərə öz kefində... Kimisi işləyib yaşayır, kimisi işləməyib; kimisi arvad şotuna yaşayır, kimisi day-day. İyləyib, iynələnib yaşayanlar da öz yerində. Bir sözlə, minimum səylər, maksimum məqsədlər... Qaçdı və qovdu... Səbəblər və onun doğurduğu nəticələr... Pis yaxud yaxşı nigah... Xalaqızı zənciyə ərə gedir, əmioğlu zənci həyat yoldaşı axtarır. Xalaqızını başa düşürəm, normal ailə arzusundadı. Azərbaycanlıya gedib nə olasıdı ki?! Təzək iyi, mal-qoyun qoxusu verən daxma yoldaşı.
Görürsüz, dünya-aləm xalq artisti İlhamə Quliyevanın boyaları kimi yamanca qarışıb. Bu böyüklükdə düzü-dünyada özünə bir kvadratmetrlik yer tapa bilməyib öz içində yaşamaq; - həm gülməlidir, həm də ağlamalı. “Çort poberi”, axı nədir öz içində yaşamaq, öz aləmində veyillənmək? Hər halda belədir və belə deyirlər.
Bəli, mən beləcə öz içimdə yaşayıram. Təxminən dünyanın ən böyük hindistanlısı Mahatma Qandi dediyi kimi: “Haqsızlıq edib bütün insanlarla birlikdə qalmaqdansa, ədalətli davranıb təkbaşına qalmaq daha yaxşıdır”.
Başqaları harasında və harası ilə yaşayır, heç vecimə də deyil. Allah xeyirlərini versin, əsas odur yaşayırlar.
Hər nə isə, bizim tərəflərdə vəziyyət  fənadı. Aləm qarışıb, məssəb itib, namus-qeyrət əldən gedir, bir vaxtlar “itlərin yemədiyi namusu” köpəklər lom-lom udur: kabab kimi, dolma kimi... İtlər yaman acıb. Ac itlər dünyanı süpürüb basıb. Bizim yerlərdə nə vaxtsa bu qədər it görünməmişdi. Fikirləşəndə ki, hər itdən ildə 8-9 bala, bu olar bəşəriyyət üçün böyük bəla. Amma ümidlərinizi itirib bədbinliyə qapılmayın. Allah yaratdığı bütün dərdlərin dərmanını da yaradıb. Bizim yerlərə çox yox, 4-5 koreyalı yetər ki, həmin itlərin nəslini kəssin.
Allah Qafqaz “faunasının” hal-hazırkı etik-estetik, sosial-iqtisadi mozaikasını çəkənlərə lənət eləsin! Sadəcə dəhşətdi və bu cür dəhşət yükünü ancaq qardaş-bacının yaxud ən yaxın qonum-qonşunun nəvə-nəticələri üşün etdikləri sünnət toylarına dəvətnamə alarkən hiss etmək mümkündür.
Yenə yadınıza salıram: mən öz aləmimdə yaşayan adamam və qardaşım olsa belə sünnət toyu edib pul yığanlara, müxtəlif məqsədlər üçün kirvə tutanlara nifrət edirəm. Ay qardaş, bəyəm, dünyanın bu kəllə-mayallaq vaxtında uşaqlarımın boğazından kəsib məqsədi-məramı bəlli olmayan “toyuna”  yazdırdığım 50 manatla işin düzələcək? Mən cəhənnəmə, heç olmasa o körpə balana, göyərçin, bildirçin balana yazığın gəlsin. Elə bilirsən sünnət etdirməklə müsəlmanların sayını çoxaldırsan? Yox, atam-qardaşım, sünnətli-sünnətsiz, onsuz da müsəlman olmayacaq. Həm də atam-qardaşım, heç onun müsəlman olmağı sənin də arzun deyil. Səninki məqsəddi: minimum, maksimum... Mənimçünsə vacib qarındı, qarın! Tək öz qarnım olsaydı dərd yarıydı, atam-qardaşım. Amma mən deyim sən qulaq as: arvadın qarnı + 4 uşağın qarnı + ər evindən qovulmuş qızımın 3 gül balasının qarnı + öz qarnım = etik və estetik dəyərlərlə hesablaşmayan 9 qarın.
Heç bilirsiniz qarın nədir: sizdən soruşuram, ey gün boyu 24 pors lülə kabab-tikə kabab, düşbərə-dolma, bozbaş-aş-xaş yeyən ləvərə qarın siyasət və din adamları?! Dinmirsiz! Qarın insanın zibil anbarı yox, bədəninin bir üzvüdü. Qarın yaşamağın mənbəyidi. Siz heç qarından kənar demokratiya, qarından kənar sevgi, qarından kənar mədəniyyət, qarından kənar ədəbiyyat... gördünüzmü?  Deyirəm, nə yaxşı hindistanlılar və çinlilər mal-qoyun əti yemirlər. Əgər yesəydilər, yəqin ki, ətin kilosu 5-6 min dollara olacaqdı, ya da bu dünyada mal-qoyun qalmayacaqdı. Söz yox, dünya insan üçün qaranlıq ormandı. Bu ormanda hər kəs öz yeməyini özü tapmalıdı. Biz də tapacağıq. Siçan-pişik, ilan-qurbağa əti olsa belə. Hərçəndi, belə delikates təamları yemək, müsəlman kəslər üçün məkruhdu.    
...Bu yaxınlarda karyer müdirinin dədəsinin hüzr məclisində iştirak etmək məcburiyyətində qalmışdım. O mənada ki, karyerin müdiri məni və fəhlə yoldaşlarımı həmin mərasimə döyə-döyə olmasa da, söyə-söyə gətirmişdi. Nədi, nədi, molla ona deyib ki, sənin başına yığışan imkanlı dost-tanışlarının yediyi ehsanın tikəsi ovsanaya düşməz, dədənin o biri dünyasına xeyri-filanı dəyməz.
Hamının qanının bu qara vaxtında, mərasim palatkasını və içindəki dəm-dəsgahı tərifləyib vaxtınızı almadan keçirəm əsas mətləbə: yenə öz aləmimdəydim və hətta mənə elə gəlirdi yenə hansısa “sünnətkəsdi” toyundayam. Bu məclisdə mənimlə çiyin-çiyinə bir cənab əyləşmişdi. Hələlik məclis sükutun tam hökmüranlığı altındaydı. Kim nə vaxt bu darıxdırıcı sükutu taxtdan salacaqdı, məlum deyildi. Doğrusu mən də buna cürət etmirdim və “hökümdara” xələl gətirməmək amacıyla yanımda əyləşən cənabı dümsükləyib, dodağımın üstündə, ya altında – dəqiq yadımda qalmayıb – mızıldandım: Əmioğlu, manusdar gəlməyib? Bilmirəm məni başa düşdü ya yox, amma başı ilə nə isə qeyri-müəyyən hərəkət etdi. Həmin zaman və məkan kəsiyində mənə elə gəldi ki, onun başı ilə göstərdiyi jest manusdarın gəlməməyinə işarədi. Bir də ola bilməzdi bu böyüklükdə başın sahibi məni başa düşməsin. Həmin andan cənaba və əzəmətli başına diqqət kəsildim. Ona zillədiyim baxışlardan xoşlanmadığını, hətta əsəbləşdiyini də hiss edirdim, fəqət, gözlərim məndən güclüydü. Bir yandan da hansısa şeytan yadıma Qacar şahzadəsi Abbas Mirzənin məşhur kəlamını salmışdı: “Məgər Günəş Doğudan doğub öncə bizim başımızı isitmirmi?” Beləcə, gözlərimi cənab çiyin yoldaşımın əzəmətli başından çəkmədən düşünürdüm: İlahi, görəsən bu yekəlikdə başı isitmək üçün neçə Günəş lazımdı?
Görünür, həyasız baxışlarımdan qurtulmağa başqa çarəsi qalmayan cənab son imkan kimi sükutu “taxtdan” salmağa qərar verdi:
-Molla, üzr istəyirəm, bir söz soruşmaq olar?
Səs elə bil onun qoltuq cibindən gəlirdi. Sükutu “taxta” qaytarmaq əzmiylə bir müddət Molladan səs çıxmadı. Amma məclis, artıq sükutun hökmüranlığından qurtulub rahat nəfəs alırdı. Bunu hiss edən Molla nəhayyət dilləndi:
-Olar!.. Olar...
Sanki başıma ardıcıl çəkic zərbələri endirdilər. Ömründə belə cingiltili və güclü səs eşitməmişdim. Görünür, çiyin yoldaşım da Mollanın səsindən vahimələnmişdi. Bu üzdən yenidən ciyildəyənə qədər xeyli müddət keçdi:
-Molla, dinin dünyəvi elmlərə münasibəti məni bir alim kimi çox düşündürür. Əgər mümkünsə bu barədə...
Mən özümdən qeyri-ixtiyari onun qoltuğuna dürtülmək istəyirdim. Hətta mənə elə gəlirdi ki, ağzına əziyyət vermək istəməyən bu cənab, yəqin qoltuğunda maqnitafon gəzdirir.
-İxtisasun nədü, alim qardaş? (Molla yenə başımı çəkicləyirdi).
-Fizikəm... (Başımın qıdığı gəldi.)
-Həə, fizik qardaş, bilmirsən bil! (“Bil” sözü lap kvaldlığ oldu). Dünyəvi elm yoxdu, hamısı Allah elmidi və hamısının izahı müsəlmanların dini kitablarında verilib. (Yavaş-yavaş cəkiclərə alışırdım). Elə götürək Nyuuutonu... (Nyutonu o qədər uzatdı ki, bu dəfə əksinə bir şey alındı. Yəni kəlbətinlə başdan mismar çıxartmaq kimi bir şey.) Bu Nyuuutonun nəqədənə kəşfləri varrr, hamısın Nəsrəddin Tusidən oğurlayıb.
-Molla, bayaq ərz etdiyim kimi mən fizika alimiyəm, amma bu adı mənə oğurluq etdiyimə görə yox, ixtirama görə veriblər.
-Xub, qardaş, xub! Bununla mən də razılaşıram. Sən edə bilərsən, nöşünkiii, müsəlmansan! (Daha bir kvald zərbəsi və mən özümdən gedən-fason oldum).
Molla səsin bütün reqistrlərində əla ifa edən müğənnilər kimi özündən razı halda cüzvü oxuyurdu. Boş qarnım acından fit verirdi. Sonra kiminsə səsi eşidildi: “Molla, vaxt keçir, “Yasin”ə başlamaq lazımdı”. Beləcə, təxminən yarım saat Mollanın başıma endirdiyi çəkiclərin (arada kvald zərbəsi də olurdu) zərbəsinə dözdüm. “Fatihə” verildi və mən elə bu an özümdən qeyri-ixtiyari:
-Molla, nə olar, bidənə turetski “Haydı söylə” – dedim.
Məclisdə nə ki baxış var idi, hamısı mən zillənmişdi. O baxışlarda nələr yox idi, İlahi?! Qalibiyyət və məğlubiyyət... Məhəbbət və nifrət... Azadlıq və köləlik... Mərhəmət və qəzəb... Həzz və iztirab...  Ölmək və dirilmək...
Hamının fikri məndəydi. Mənsə öz içimdə.

Комментариев нет:

Отправить комментарий