Страницы

27.10.2015

"ABŞ və Səudiyyə yəmənliləri ona görə qırırlar ki..."

Ərəb ölkələri qan gölünə çevrilib. Qaynar nöqtələr bir-birini əvəz edir. Misirdə qan qoxusu çəkilməmiş, Suriyada, onun ardınca Yəməndə başlayan vətəndaş müharibəsinə “Ərəb baharı” deyilsə də, bu baharda heç çiçəklər açmadı, bülbülllər ötmədi. Amma çiçək əvəzinə silahların dağıtdığı, ölkələrin sakinlərinin bədənində yaralar açıldı, qan su yerinə axdı. Günahsız insanların başına gətirilən vəhşətdən nalələr ərşə bülənd oldu.
Yəməndə başlayan müharibə İraqı, Misiri, Suriyanı bir anda arxa plana çəkdi.
Maraqlıdır, Yəməndə nə baş verir? Ümumiyyətlə, Yəməni nə dərəcədə yaxndan tanıyırıq? Bu gün Yəməndə ayağa qalxan husilər kimlərdir, məqsədləri nədir? Yəməni yaxından tanımadan müharibə haqqında danışmaq düzgün deyil. Yox, bizim KİV-lərdən izlədiyimiz həqiqət deyil. Əsl həqiqəti öyrənmək üçün 3 il Yəməndə yaşayan, şərqşünas, Yaxın Şərq məsələləri üzrə ekspert və ən əsası Yəməni çox yaxından tanıyan Zərdüşt Əlizadəyə müraciət etdik. Necə deyərlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Beləliklə, İslaminsesi.org-un suallarını politoloq Zərdüşt Əlizadə cavablandırır.

-Zərdüşt müəllim, Yəmən olaylarında bir ad dayanmadan hallanır-husilər. Kimdir husilər?
-Husilər haqqında mətbuatda yalan məlumatlar yayılıb. Husiləri İranla bağlıyırlar. Mən isə həmişə soruşuram ki, bu necə olur? Yəməndə 3 il yaşamışam işləmişəm, sonuncu dəfə 2010-cu ildə Yəməndə olmuşam. İndi də yəmənli dostlarımla yazışıram. Yəmənin qeyri-hökumət təşkilatlarından internet ünvanıma demək olar ki, hər gün məktublar gəlir. Yəni Yəmən mənim üçün uzaq və yad ölkə deyil. Yəmənin 25 milyon əhalisi var, dağlıq, səhralıq bir yerdir. Cəmi 15 milyon ton neft çıxarır. Bu neft Yəmənin özünə də bəs edir, ixrac da edir, ixracatdan da bir az pul gəlir. Cənubi Yəmənin torpaqlarının 99 faizi əkinə yararlı deyil. Çünki quraqlıqdır. Amma burada zəngin balıq ehtiyatı var. Yəmən sahillərindəki tropik hava suyun isinməsinə şərait yaradır ki, bu da balıqçılğın inkişafına müsbət təsir edir. Şimali Yəmən isə dünya mədəniyyətinin beşiklərindəndir. Tövratda, İncildə, Quranda Şimali Yəməndəki qədim tarixi abidələrin-Marif Səddi, Səba şəhərinin adları var. Hələ islamdan əvvəlki dövrdə Yəməndə sədlər tikilmişdi, suvarma kanalları vardı. Yəmən bir tərəfdən  orta əsrlərdə ilişib qalmış dövlətdir, digər tərəfdən çox zəngin tarixi irsi var. Yəmənlilər çox mehriban, çox yaxşı insandırlar. 3 il yaşadığım dövrdə yəmənlilərdən bir pislik görmədim, nəhayətsiz insanlıq gördüm.

-Bu gün dünyada baş verən bütün çaxnaşmaların arxasında neft marağı dayanır. Bəs Yəməndə necə, Sizcə, Yəməndəki vətəndaş müharibəsinin arxasında nələr, kimlər və hansı maraqlar dayanır?
-Yəmənin çox zəngin tarixi var. Şimali Yəmən heç vaxt müstəmləkə olmayıb. Cənubi Yəməni isə ingilislər tutub, Ədəndə bazalarını, öz neftayırma zavodlarını tikimişdilər ki, Şüveyiş kanalından keçib İngiltərənin Cənubi Şərqi Asiyadakı müstəmləkəsinə gedən yolda bir baza olsun. Amma müstəmləkə ləğv edildikdən sonra Ədənə də müstəqillik verildi.

-Sovetlərin Yəməndə uzunmüddətli fəaliyyəti oldu. O günləri necə xatırlayırsınız?
-Yəməndə 10 ilə yaxın kommunist rejimi oldu. O komunist rejiminin rəhbərləri ilə şəxsən tanış idim, hamısı ilə söhbət edirdim. Bizimkilər orada partiya məktəbi, radiostansiya tikmişdilər. Yəni sovetlər ibtidai icma quruluşu səviyyəsində olan Yəmən tayfaları arasında marksizmi yayırdılar. Bu sovet qurluşunu səhv addımı idi, amma hər halda sovet hökuməti oarada balıq konserv zavodu  su kanalları, sədlər, suvarma şəbəksi tikdi yollar çəkdi. Universitet açdı, liman tikdi. Kənd təsərrüfatı müəssiələri yaratdı. Mən Şimali Yəməndə olanda 3 böyük yol var idi. Yolun birini çinlilər, birini almanlar, birini sovet höküməti çəkmişdi. Yəni sovetlərin Yəmənə vermək istədiyi yol idi, təhsil idi, elmi inkişaf idi. Amma indi vəziyyət necədir? Yəmən alt-üst edilib. İndi qayıdaq, 32 il Yəmənə ağalıq etmiş müstəbid Əli Abdullah Salehə. Əli Abdullah zeydi idi. Zeydlər məzhəbcə şiələrə yaxındır. Zeydiləri Yəmən xalqının düşməni kimi təqdim edirlər. Amma bu səfeh yanaşmadır. Çünki Yəmən xalqının üçdə biri zeydi məzhəbinə qulluq edir və 1962-ci ildə inqilabdan qabaq imam Yəhya, yəmənin kralı da zeydi idi. Zeydilərin Yəmən xalqına yad olduğunu demək ağılsızlıqdı. Çünki zeydilər elə Yəmən xalqının tərkib hissəsidir və xalqdan heç bir fərqləri yoxdur. “Zeydi o adama deyilir ki, əlində silah müstəbidə qarşı vuruşur, çünki müstəbid insanların hüququnu tapdayır” deyən zeydi təriqətinə mənsub inqilabçı Hüseyin əl Hausi Əli Abdullah Salihə qarşı üsyan qaldırmışdı. Əli Abdullah Salihə isə maliyyə və silah sursat yardımını Səudiyyə Ərbistanı edirdi. Səudiyyə Yəməndəki digər qəbilələri qırmaq üçün pul ayırırdı.   

-Bəs zeydilərin İranla əlaqəsi haqqında yazılanlara münasibətiniz necədir?
-Zeydilər Yəməndəki paytaxt Səna ilə Ərəbistan arasında Səəda deyilən dağlıq vilayətdə yaşayırlar. Bu vilayətə İranın heç cür əli çatan deyil. Səədanın bir tərəfi çıxır Səudiyyə Ərbistanına. Yəni İranla heç bir əlaqəsi yoxdir. Sadəcə zeydilər də şiədi İran da. Onu da deyim ki Səudyyə Ərəbistanın əhalisinin xeyli hissəsi şiədi. Bəhreyinin 70 faizi, İraqın əhalisinin 60 faizi şiədir. İran islam Respublikası qurulmazdan xeyli əvvəl də şiələr islam dünyasının mühüm tərkib hissəsi idi. Şiələr tarixə bir az başqa cür baxırlar. Yəni onlar Əlini çox sevirlər, başqaları Öməri, Əbubəkiri, Osmanı sevirlər.

-Yəməndə baş verən olaylarda kimin daha çox rolu var?
-Yəməndə baş verən olaylara kimin daha çox təsir etməsinə gəlincə, İranın zeyidilərə heç bir təsiri yoxdur. Zeyidilər inqilabçı təriqətdir, siyasi hərəkatdır. 2014 cü ildə Əli Abdullah Salehin qoşunları inqilabçı Hüseyin əl Husini öldürdülər. Amma onun silahdaşları əllərində siah mübarizəni davam etdirdilər. Onların qələbə qazanmaq şansı yox idi. “Ərəb baharı” çərçivəsində bir çox ölkələrdə inqilablar başladı. O cümlədən Əli Abdillah Salehə qarşı da qiyam qalxdı. O, yaralandı və xaricə müalicəyə getdi. Gətirdilər zəif bir adamı, Əbdurəbbuh Mansur Hadini qoydular Yəmənə prezident. Onun güclü dayağı yox idi. O, qüvvələri barışdırmaq, onun-bunu təklifini həyata keçirməklə məşğul idi. Bu zaman husilər gördü ki, Sanada hakimiyyət zəifdi, qüvvələrini topladılar şəhəri tutdular. Sonra koalisiyon hökumət yaradıb, getdilər ikinci mühüm şəhəri, Taisi ələ keçirdilər. Bunun ardınca Ədəni tutmaq istədilər. Bu zaman Ərəbistan qorxdu. Çünki “müstəbidə qarşı əlində silah döyüşmək müsəlmanın borcudur” deyən zeyidilərin Yəməni ələ keçirməsi Səudiyyə Ərəbistanı əhalisi üçün örnək ola bilər. Çünki onlar da müstəbiddirlər, bir ailə bütün Səudiyyə Ərəbistanını tutub saxlayır əlində. Ona görə də bu örnəyi dağıtmağa çalışdılar. Örnəyi dağıtmaq üçün  husilərə “onlar İranın dostudur” deyə qara yaxdılar. Amma husilər qətiyyən İranla əlaqəsi yoxdur. Çünki İranın zeydilərə nə silah verməyə, nə pul verməyə imkanı yoxdur. ABŞ isə Səudiyyəyə dəstək verir. Çünki müttəfiqdirlər. İŞİD qalıb bir yanda Səudiyyə onlarla mübarizə aparmır, amma husilərlə mübarizə aparır.

-Yəməndə siyasi durumun sabit olmamasının səbəbi nədir?
-Yəmən müxtəlif qəbilələrin yaşadığı ölkədir. Burda müxtəlif quruplaşmalar var. Siyasi qruplaşmalar, itisadi qruplaşmalar və s. Onlar hamısı dövləti əlinə alıb faydalanmaq istəyirlər. Amma heç kim demir ki, dövləti ələ alıb varlanmaq istiyrəm, əlbəttə, yalandan deyəcəklər ki, dövləti ələ alıb islamı, insan haqlarını təbliğ etmək istəyirəm. Yəməndə müxtəlif siyasi qruplaşmalar müxtəlif iqtisadi qruplaşmalar var. Dövlətdən faydalanmaq istəyirlər və orada demokratiya təcrübəsi olmadığı üçün koalisyon bir şey alınmır. Yəməndə qədim ehkamlar höküm sürür; düşmənini yıxsan başını kəs, yoxsa o, durub sənin başını kəsəcək. Ona görə barış, səlahiyyətlərin, vəzifələrin bölgüsü, sərvətin bölgüsü məfhumu yoxdur. Ora kim gəlirsə hər şeyi yığır əlinə əgər istəsə başqalarına paylayar, istəməsə yox. Bu gün Yəməndə husilər gəlib hakimiyyəti alıb əlinə. Bir də Yəməndə əl Əhbər qəbiləsi var, çox böyük qəbilələr birliyidi. Qəbilə başçısının Sənada böyük qəsri vardı, oğlanları orduda generallar idi. Husilər onlarla vuruşdular  və qəsrini dağıtdılar. Əli Abdullah Salehin indi yadına düşüb ki, o, da nə vaxtsa zeydi olub, hakimiyyəti ələ almaq üçün gəlib husilərlə birləşib. Ordunun bəzi generalları keçmiş prezidentə, bəziləri Abdullah Salehə tərəfdardı, bəziləri husilərə, bəziəri Amerikaya, kimsə İrana pərəstiş edir. Yəni bu gün Yəməndə əsl vətəndaş müharibəsi gedir. Səudiyyə isə ona qoşulmuş on dövlətlə birgə hər gün Yəməni bombalayır. Xoşbəxtlikdən Ərdoğan bu mübahisəni kənardan izləyir. Söz yox, o, əvvəlcə, qızışıb qoşulmuşdu davaya, amma İranla görüşdən sonra fikirlərini dəyişdi. Ərdoğan İrana səfərindən sonra “Çağırış edirik ki, Yəməndəki qüvvələr məsələni barışla həll etsin” dedi. Türkiyənin yad ölkədə vətəndaş müharibəsinə qoşulub özünə düşmən qazanması Türkiyəyə lazım deyildi. Əksinə Türkiyə müsəlman dünyasında avtoritetə çevrilmək, hörmət qazanmaq istəyirdi, ki, örnək olsun. Çünki demokratiyanın uğurla inkişaf etdiyi iki müsəlman ölkəsi var - Türkiyə və Malaziya.

-Yəmən olayları Yaxın Şərqdə strateji vəziyyəti dəyişə biləcəkmi?
-Mən indidən əminəm ki, Səudiyyə Ərəbistanı Yəməndə istədiyi nəticəni əldə edə bilməyəcək, necə ki, SSRİ Əfqanıstanda, Amerika Vyetnamda, Əfanıstanda, İraqda uğur qazana bilmədi. Eyni ilə də Səudiyyə və onun müttəfiqləri Yəməndə uğur qazana bilmyəcək. İndi ağılları çatsa, bombardamanı dayandırsalar yaxşı olacaq. Onu da deyim ki, hər hansı məğlubiyyətə düçar olmuş ölkənin daxilində hansısa bir siyasi böhran baş verir. Məsələn, Əfqanıstan müharibəsinə uduzmuş SSRİ-də siyasi böhran baş verdi və çökdü. Amerika Vyetnam müharibəsində uduzdu və Niksonu istefaya göndərdilər. Bundan sonra Amerka xeyli vaxt Vyetnam sindromunu ağır şəraitdə yaşadı. Eyni zamanda Səudiyyəni də Vyetnam sindromu gözləyir.

-ABŞ və Səudiyyə Ərəbistanının Yəmən müharibəsindəki maraqlarının arxasında nə dayanır? Məqsəd nədir?
-Yəmən çox mühüm yerdə yerləşir. Bəziəri deyir ki, husilər Ədən körfəzini, Bab-əl-Məndəb boğazını bağlamağa çalışır. Amma huslərin hərbi dəniz donanması yoxdur ki, ətraf dənizlərə nəzarət etsin. Bu yanaşma uydurmadır. Məqsəd örnək ola biləcək hadisənin qarşısını əvvəlcədən almaqdır. Əgər Yəməndə husilər hakimiyyətə gəlsə bu qələbədən ruhlanan Səudiyyə şiələri də silaha sarıla bilər, fikirləşərlər ki, nə üçün Yəməndə mənim şiə qardaşlarım hakimiyyəti devirə bildi, biz Səudiyyədə bunu bacarmadıq. Belə ola bilər. Nümunə çox böyük təhlükədir. Vaxtı ilə bütün Qərb dünyası SSRİ-yə qarşı niyə görə mübarizə aparırdılar? Onlar qorxurdular ki, SSRİ uğurlu yeni bir cəmiyyət nümiməsi ortaya qoyar. O zaman bu nümunənin qorxusundan sovet rəhbərliyinə o qədər axmaq adam çoxdular ki, bu nümunə də mümkün olmadı. SSRİ-ni dağıdıb, asudə nəfəs aldılar. İndi Səudiyyə və onun müttəfiqləri Yəməndəki şiələrin hakimiyyətə gəlməsi nümunəsindən qorxurlar və bu nümunəni beşiyindəcə boğmağa çalışırlar. Bundan əlavə Yəmən zeydilərin tam nəzarətinə keçsə, şübhəsiz ki, zeydi şiələrin hökmranlıq etdiyi Yəmən İranla isti münasibətlər quracaq və bu İranın bölgədəki qüvvəsini artıracaq. Heç ona atom silah zad lazım deyil. Çünki şiə ideologiyası özü özünü davam etdirəcək bir silah rolunu oynayacaq. Bunun da səbəbi var. Bu gün İraqda şiələr hakmiyyətdədi, Suriyada onların müttəfiqləri  hakmiyətdədi, Livanda Hizbullah koalsiyon hökumətin üzvüdir, öz hərbi hissələri var. Bəhreyində əhalinin 70 faizi şiədir. Onlar demokratik insan haqları adı altında hakmiyyəti ələ almış 30 faiz sünni hakmiyətini devirməyə çalışr. Əgər Yəməndə zeydlər hakmiyyət qursalar İranın bölgədəki nüfuzu artacaq. Bu isə onların geosiyasi maraqlarına ziddir. Hərçənd İranın Yəməndəki hadisələrə təsiri minumumdur. Çünki İranın Yəmənə dəniz yolu, quru yolu, hava yolu yoxdur. Amma təbii ki, İran şiə inqilabının əsas ideologiyası ictimai ədalətdi. Onlar deyir ki, biz müsəlmanların ləyaqəti uğurunda mübarizə aparırq. Zeydlər də əgər istibdada qarşı mübarizə aparırlarsa biz onları müdafiə edirik.

-Bəs İsrailin Yəmən müharibəsində yürütdüyü siyasət nədən ibarətdir?
-İsrailin bütün müsəlman dünyasında yürütdüyü siyasət ara vurmaqdan,  müsəlmanları bir-birlərini qırdırmaqdan ibarətdir.

-Yəmən müharibəsinin sonunun regional təsirləri necə olacaq?
-Xaricdən Yəməndə hökumət qurmaq niyyəti baş tutmayacaq. Yəmən xalqı öz hakmiyyətini quracaq. Yəmən dövləti var amma pis gündədi. Yəməndə bir milyon küçə uşağı var. Ölkədə kasblar, dərd -sər çoxdu, ədalətsizlik var. Ümumiyyətlə, Yəmən, ərəb ölkələri arasında ən kasıbıdır. Ən az adambaşına düşən gəlir də Yəməndədi. Üstəlik, müharibə gedən hər bir ölkədə ailələri dağılır, insanalar tələf olur, aclıq-xəstəlik tüğyan edir. Yəməndə vətəndaş müharibəsi dayanmalıdır ki, insanlar oxusun, işləsin, təhsil alsın və ölkəni inkişaf etdirə bilsin. Amma vətəndaş müharibəsi buna imkan vermir.

Arzu Abdulla                islaminsesi.org

Комментариев нет:

Отправить комментарий