Страницы

24.10.2015

Kadusilər kimdir: Yəhudi Gil, Skif Gel, yoxsa Türk?

Tofiq Əzizov (Əzizbəyli),
tarixçi, arxeoloq

Kadusiləri qonşu tayfalardan fərqləndirən əsas xüsusiyyət. Kadusilər Azərbaycan ərazisində yaşamış ən qüdrətli tayfalardan biri olmuşdur. Ksenofont (e. ə. 430-355) kadusiləri "çoxsaylı və cəsur" ("Kiropediya" kitabı, V. II. 19), Rufi Fest Avien isə "qaniçən" ("Yer dairəsinin təsviri" kitabı. 898-922) tayfa kimi xarakterizə etmişdir. E. ə. V əsrdə yaşamış Knidli Ktesi "Persika" adlı əsərində göstərirdi ki, kadusilər midiyalılara düşmən münasibət bəsləmişdir. II Kiri Midiya hökmdarı Astiaqa qarşı üsyan qaldırmağa da məhz onlar cəsarətləndirmiş və Midiya dövlətinin məhvində yaxından iştirak etmişlər. Midiyaya qarşı mübarizədə farslarla müttəfiq olan kadusilər sonralar onlara da tabe olmaqdan boyun qaçırmışlar. Kadusiləri özlərinə tabe etmək üçün Əhəməni (Haxamanişi) hökmdarlarından II Artakserks (e. ə. 404-358) bir dəfə, III Artakserks (e. ə. 358-338) isə iki dəfə onların üzərinə hərbi yürüş təşkil etmiş, lakin öz məqsədlərinə nail ola bilməmişlər (Plutarx. "Müqaisəli tərcümeyi-hallar. Artakserks"; Pompey Troq, "Fliplərin tarixi", X. 3. 2).
Makedoniyalı İsgəndərin əsarəti altına düşməmək üçün Qavqamela döyüşündə (e. ə. 331) Əhəməni şahı III Daranın (e. ə. 336-330) müttəfiqi olan kadusilər mübarizəni yenidən təşkil etmək istədikdə ona kömək etməmişlər. Midiya və Əhəməni hökmdarları kimi Makedoniyalı İsgəndər də kadusiləri özünə tabe edə bilməmişdir. L. N. Qumilyov yazır ki, kadusilər heç sasanilərə də tabe olmamışdır (Bax: Л. Н. Гумилев. Тысячелетие вокруг Каспия. Баку, 1991, с. 63).
Bütün bunlardan belə bir nəticə çıxır ki, kadusiləri başqa tayfalardan fərqləndirən əsas xüsusiyyət son dərəcə döyüşkən və qəddar olub, azadlığı hər şeydən üstün tutmalarıdır.
Kadusi etnoniminin mənası. Etnonim kimi bu sözə ilk dəfə Knidli Ktesinin "Persika" adlı əsərində rast gəlinir və ayrı-ayrı müəlliflər tərəfindən Kadussi, Kadusi, Kadus və Kateş formalarında işlədilmişdir. Kadusi etnonimi Azərbaycan alimləri tərəfindən indiyədək "dağ oğuzları" (Bax: Əjdər Fərzəli. Dədə Qorqud yurdu, Bakı, 1989, s. 79), "ev dostu" ( talışca kə - ev, düs - dost ; Bax: B. Hüseynbalaoğlu, M. Talışlı, Lənkəran. Bakı, 1990, s. 461), "dağ xalqı və ya dağ sakini" (Bax: Məsudi Dövran, Samir Kərimov. Azərbaycan haqqında düşüncələrimiz. Bakı, 2002, s. 18) və s. kimi mənalandırılmışdır. Kadussi sözündəki "kad" Şumer və qədim türk dillərində "bərk" (Bax: Azərbaycan filologiya məsələləri. I buraxılış. Bakı, 1983, s. 13-17) mənasındadır. Kassi hökmdarlarından dördünün ləqəbi Kadaşman olmuşdur. Kassi dilində "etibarlı, güvəncli" deməkdir. Akkad dilindəki "kadaru", "kadru", "qadru" sözlərinin qədim türkcədəki mənası "hökümlü", "təcavüzkar", "yırtıcı, quduz”, "qəzəbli"dir (Bax: Akkadcada Türkçe izleri Ve Dil Kuralları İşığıda Akkadca Ve. doc, s. 124). "Si – su" sözü isə qədim Türk dilində "ordu" deməkdir (Bax: Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı – 1993, s. 52) Qonşularının dilindəki bu sözlərin mənasını istənilən etnosun adının əsasında dayanan əsas fərqləndirici xüsusiyyəti ilə birlikdə götürdükdə, Kadussi etnonimini "məğlubedilməz ordu", "yenilməz döyüşçülər", "qaniçənlər", "qəddarlar" və "məğrur, əyilməz insanlar" kimi mənalandırmaq məncə, həqiqətə daha çox uyğundur.
Mövcud məlumatların hərtərəfli təhlili göstərir ki, kadusilər qədim Subar, erkən orta əsrlərdəki Suvar – Sabir türk tayfasıdır. Suvar sözünün mənası da kadusi sözünün mənasına çox yaxın olub, obrazlı şəkildə desək, əsarət altına düşüb minilməyənlər, əksinə minənlər, müstəqil - suveren adamlar, əyilməzlər – şərəfli adamlar deməkdir. Osman Karatay da suvar etnonimini "kutlu insan (lar)" kimi mənalandırmışdır (Bax: Osman Karatay. Suvarlar: Doğu Avrupanın esrarengiz kavmi. İzmir, 2010, s. 100). 
Professor Firudin Ağasıoğlunun fikrincə, subarlar yazılı mənbələrdə adı çəkilən ən qədim türk tayfasıdır (Bax: Azərbaycan türklərinin islamaqədər tarixi. III bitik. Bakı – 2014, s. 120). Yazılı mənbələrdə verilən məlumatlara görə, onlar e. ə. IV minillikdən əvvəlcə Bağdaddan şimala doğru uzanan torpaqlarda, o cümlədən Şərqi Anadoluda və kassilərlə birlikdə Zaqros dağlarında yaşamış, sonra buradan demək olar ki, bütün Azərbaycan ərazisinə yayılmışlar. Suvarlar Mərkəzi Asiyaya və Xəzər dənizinin şimal-qərb sahillərinə də Azərbayan ərazisindən getmişlər (Bax: Osman Karatay. Suvarlar... s. 104; Firudin Ağasıoğlu. Yenə orada. s. 119, 120; Oljas Süleymenov. Az – Ya. Bakı, 1993, s. 212-218). Kadusilərin qədim subarlar olduğunu sübut edən faktlardan ayrıca məqalədə bəhs ediləcək.
Kadusilərin ari olmaması haqqında yazılı mənbələrdəki məlumatlar. Antik dövrdə yaşamış tarixçilər və coğrafiyaşünaslar üçün Ariana haradır və arilər kimdir? Strabon bu suala aşağıdakı kimi cavab vermişdir: "Parsua və Midiyanın bir hissəsi, həmçinin Baktriya və Soqdiananın şimal hissəsi Ariana adlanır. Arianada yaşayan bütün ari xalqları bir-birindən azacıq fərqlənən demək olar ki, bir dildə danışırlar" ("Coğrafiya". XV. 2, 8). İqrar Əliyev Strabonun bu məlumatını aşağıdakı formada yazmışdır: "Parsanın, Midiyanın, Baktriyanın və Soqdiananın əhalisi azınadək birdillidir" (Bax: Azərbaycan tarixi. I cild, Bakı, 2007, s. 281 ).
Arianada yaşayan ari xalqlarına gəldikdə isə onlar 10 tayfalıq farslardan (Herodot. Tarix. I. 125), Sak və Sarmat adı daşıyan tayfaların irandilli hissəsindən və Midiyada yaşayan irandilli tayfalardan ibarət olmuşdur. III-IV əsr müəllifi Bizanslı Stefan "Tayfaların təsviri" adlı əsərində göstərirdi ki, arilər kadusilərlə qonşu olan xalqdır (Bax: Кемал Алиев. Античные источники по истории Азербайджана. Баку, 1987, с. 97). Strabon da kadusilərin ari olmadığını göstərir və piyada döyüşçülərin sayına görə, onların arilərdən azacıq geridə qaldığını bildirirdi (Strabon. XI. 13, 4). Kadusilərlə qonşu olan əsas ari tayfaları isə mardlar, amardlar, kirtilər, parslar və tapurlardır. 
Alimlər kadusilərin dili haqqında. T. e. d. Sara Qasımova yazır ki, Gel adı altında da məlum olan kadusilərin hansı dildə danışması məlum deyildir (Bax: С. Ю. Касумова. Азербайджан в III-VII вв. Баку, 1993, с. 41).
T. e. d. Yusif Yusifov yazır: "Kadusi – kateş etnosunun dil mənsubiyyəti məlum deyildir" ( Azərbaycan tarixi. Bakı, 1994, s. 228).
Akademik Ə. S. Sumbatzadə (Bax: Азербайджанцы – этногенез и формирование народа. Баку, 1990, с. 43) və L. N. Qumilyov (Bax: Л. Н. Гумилев. Тысячелетие…, с. 63) kadusilərin irandilli olmadığını göstərsələr də, onların hansı dildə danışması haqqında hər hansı bir fikir söyləməmişlər.
İqrar Əliyev də əvvəlcə kadusilərin irandilli olmadığını bildirmiş (bax: История Мидии. Баку, 1961, с. 106), daha sonra da onları gilanlıların əcdadları sırasına daxil etmişdir (bax: Очерк истории Атропатены. Баку, 1989, с. 16).
Kadusilərin Qafqazdilli olması ehtimalının əsas tərəfdarları isə Ed. Meyer və İ. V. Pyankovdur (bax: История Древнего Востока. М., 2004, с. 725).
Dağıstanda yaşamış Gel tayfasının mənşəyi haqqında. Strabon yazır: "Deyilənlərə görə, Albaniyadan yuxarıdakı dağlarda amazonkalar yaşayır. Pompeyi yürüşdə müşayət edən və albanların ölkəsinə gələn Feofan söyləyir ki, skif tayfaları olan Gel və leqlər amazonkalarla albanların arasında yaşayırlar" (Coğrafiya. XI. 5 , 1). Buradaca qeyd etmək lazımdır ki, Qney Pompeyin bu yürüşü e. ə. 66-65-ci illərdə olmuşdur. Plutarxın (46-120) da verdiyi məlumata görə, amazonkalar Qafqazda Hirkan dənizinin sahillərində yaşasalar da, albanlarla birbaşa qonşu deyilmişlər. Albanlarla amazonkaların arasında Gel və leqlər yaşayırmışlar (Plutarx. Paralel tərcümeyi hallar. Pompey. XXXV). Bu məlumatlardan belə bir nəticə çıxır ki, Gel tayfasının bir hissəsi e. ə. I – eramızın II əsrlərində Dağıstanda da yaşamışdır. Bəzi müəlliflərin gellərin Albaniyadan şimalda da yaşaması faktını şübhə altına alması (иax: Əli Əbdoli. Kadusların tarixi. Tehran, 2002, s. 48) tarixi reallığa uyğun deyildir. Çünki bir çox tarixçi və arxeoloqlar Don və Dnepr çayları arasında yerləşən Vorskli kurqanlarının bir hissəsinin, Posul və Şimali Donetsk kurqanlarının Cənubdan - Ön Asiyadan qayıtmış skiflərə o cümlədən gellərə məxsus olduğunu bildirirlər (Bax: Степи европейской части СССР в скифо–сарматское время. Москва, 1989, с. 46-48). Skiflər sarmatların əsarəti altına düşdükdən sonra onların bir hissəsi, o cümlədən gellər sarmatlarla birlikdə cənuba doğru hərəkət edərək Şimali Qafqaz və Dağıstanda da məskunlaşdılar. Bunu buradakı Nijni Culat, Podkum, Klin-Yar, Xankal, 1 və 3 saylı Qarabudaqkənd, Tərki və Mamay Kutan qəbiristanlıqlarında aparılmış arxeoloji qazıntıların nəticələri də müəyyən dərəcədə təsdiq edir (Bax: Tofiq Əzizov. Azərbaycanın etnik tarixindən. Bakı, 1997, s. 30-31).
Gilanda yaşamış gellərin mənşəyi haqqında. Alimlələrin əksəriyyətinin fikrincə, Gilanın adı Skif Gel tayfası ilə bağlıdır. Gel tayfasının Gilanda yaşaması haqqında ilk dəfə Strabon məlumat vermişdir (Coğrafiya. XI. 7, 1). Bəzi alimlər belə hesab edirlər ki, Strabon bu məlumatı Eratosfendən götürmüşdür. Lakin bu fikir həqiqətə uyğun deyildir. Çünki Strabon Eratosfenin məlumatları əsasında Kaspi dənizinin cənub-qərb sahillərində yaşayan tayfalardan bəhs edərkən gellərin adını çəkməmişdir (Coğrafiya. XI. 6, 1). İran tədqiqatçısı Ə. Əbdoli haqlı olaraq yazır: "Gel tayfasının kadusilər və amardlar ilə əlaqəsi hələ tədqiq olunmamış bir mövzudur. Antik qaynaqların verdiyi məlumatlardan belə başa düşülür ki, kadusilər və amardlar Mazandaran dənizi yaxınlığında böyük və tanınmış tayfalardan olanda gellərin, prinsipcə, nə adı ortada yox idi, nə də əhəmiyyətli bir tayfa idilər" (Əli Əbdoli. Kadusların tarixi. Tehran, 2002, s. 44).
Gilanın adı Skif Gel tayfası ilə bağlıdırsa, onlar buraya e. ə. I əsrin sonlarında Dağıstandan gəlmişlər. Çünki Midiya hökmdarı Kiaksar e. ə. 585-ci ildə skifləri Ön Asiyadan tamamilə qovduqdan sonra skiflərə məxsus dəfn adətinə Azərbaycan ərazisində bir də e. ə. I əsrin sonu - eramızın başlanğıında rast gəlinir. Belə qəbiristanlıqların ən məşhurları Quba rayonunun Rustov və Masallı rayonunun Əmirtürbə kəndlərindədir. Əmirtürbədə arxeoloji qazıntı aparmış arxeoloqlardan biri də mənəm. Əmirtürbə qəbiristanlığı torpaq qəbirlərdən ibarətdi. Qəbirlərin yerüstü əlaməti yoxdu. Dördkünc formada qazılmış qəbirlərin dərinliyi 0,8 – 1 m. idi. Qəbirlərin istiqaməti cənub-şimaldı. Mərhumlar qəbirlərə qoyulmamışdan əvvəl bütün qəbirlərdə güclü od yandırılmışdı. Mərhumlar qəbirlərə arxası üstə uzadılmış vəziyyətdə qoyulmuşdu. Qolları gövdələri boyu uzadılmışdı. Mərhumların başı qəbirlərin cənub, ayaqları şimal tərəfində idi. Şəxsi əşyaları yanlarına qoyulmuşdu (Bax: Qoşqar Qoşqarlı, Abuzər Ələkbərov, Tofiq Əzizov. Cənub-Şərqi Azərbaycan arxeoloji ekspedisiyasının Masallı dəstəsinin çöl tədqiqatlarının 1989-cu il hesabatı. S. 1-4; 1990-cı il hesabatı. S. 1-19). Qəbiristanlıqdakı ən qədim qəbirlər e. ə. I əsrin sonu - eramızın başlanğıcına aiddi.
Qəbiristanlıq ev tikmək üçün buldozerlə yer düzəldilərkən aşkar edilmişdi. Həmin vaxt dağıdılmış qəbirlərin materiallarının nümunələri aşağıdakı iki tabloda olanlardır və hazırda Masallı rayonunun Tatyanoba kənd ümumu orta məktəbində yaratdığım tarix-diyarşünaslıq muzeyində saxlınılır.
Bəzi tədqiqatçıların, o cumlədən Firudin Gilar Bek və Esmael Esmaelnianın fikrincə isə, Gilanın adı Gil adlı yəhudi tayfasının buraya gəlişi ilə də bağlı ola bilər. E. Esmailnia yazır ki, 850 il öncə İranda olan yəhudi xaxam Bencamin Von Tudilianın verdiyi məlumata görə, Gilanda 100 yəhudi şəhəri və Xalxal ətrafında çoxlu yəhudi kəndləri olmuşdur. Bu yəhudilər aramicə danışır, buraya Buxtunnasrın zamanında gəldiklərini deyirmişlər. Gilanın ən böyük şəhəri olan Rəşt şəhərini də onlar salmışlar (Bax: Azizov Tofiqin Fb səhifəsindəki "Kadusilər və talışlar: yazılı mənbələrdəki məlumatlar, faktlar, təhriflər və yozumlar" adlı 27 avqust 2015-ci il tarixli keçidə yazılmış rəylər). Məlumat üçün deyək ki, Buxtunnasr (e. ə. 604 - 562 ) Babil hökmdarıdır. Ə. Əbdoli yazır: "Belə bir məsələ də diqqəti cəlb edir ki, gellərin diyarı olub Gilan adlanan bir əyalətdə nə üçün oba və kəndlərin adı Gil və Gilan sözlərindən götürülüb. Biz belə məsələlərin həllində onların səbəblərini, amillərini və tarixi sirlərini axtarmalıyıq". (Yenə orada. s. 48). Lakin Ə. Əbdoli bu faktın Gilanda həm də, yəhudi gillərin yaşaması ilə bağlı ola biləcəyi haqqında heç nə yazmır (Bax: Yenə orada. s. 44-52). Strabonun Gilanda yaşadığını göstərdiyi gellər mənşəcə skifdirsə, təbii ki, Gilanın hər yerində Rustov və Əmirtürbə qəbiristanlığı kimi qəbiristanlıqlar olmalıdır. Yəhudi tayfasıdırsa ən azından Rəşt və Xalxal ətrarafında e. ə. VI-I əsrlərə aid yəhudi qəbiristanlıqları da olmalıdır. İran alimlərinin də bu problemə münasibət bildirməsini istərdik.
Kadusiləri niyə Skif Gel tayfası ilə eyniləşdirmək olmaz.  Yazılı mənbələrdə kadusiləri skif tayfası olan gellərlə eyniləşdirən yeganə müəllif Böyük Plinidir ("Təbii tarix". VI. 48). Lakin Böyük Plinidən (23-79) bir qədər əvvəl yaşamış və həqiqəti ondan çox-cox yaxşı bilmiş Strabon Kadusi və gellərdən başqa-başqa tayfalar kimi bəhs etmişdir (Coğrafiya. XI. 7. 1). N. Adons da "Ermənistan Yustinianın dövründə" adlı əsərində Kadusi və gellərin ayrı-ayrı xalqlar olduğunu göstərirdi (Bax: Р. Меликов. Этническая картина Азербайджана в период Ахеменидского владычества. VI-IV вв. до н. е. Баку, 2003, с. 142). Herodot yazırdı: "Skiflər Asiyada 28 il hakimiyyət sürüb öz azğınlıqları, yersiz, ikrah doğuran hərəkətləri ilə tam qarmaqarışıq bir vəziyyət yaratdılar. Axı, onlar hər xalqdan müəyyən olunmuş vergini almaqla bərabər, hər yeri gəzib dolaşaraq soyğunçuluq və qarətlə də məşğul olurdular. Onda Kiaksar və midiyalılar bir dəfə çoxlu skifi qonaq çağırıb sərxoş olanacan içirtdirir, sonra onları qırırlar. Midiyalılar öz hökmdarlarının əvvəlki əzəmətini belə bərpa edirlər" (Tarix. I. 106). Bu hadisə e. ə. 593-cü ildə olmuşdur. Bundan sonra skiflərın əsas hissəsi Qara dənizin şimal sahillərinə qayıtmış (Herodot. Tarix. IV. 1, 3-4), digər hissəsi Lidiyaya (müasir Türkiyə ərazisində olmuşdur) getmişdir. Bu vəziyyətlə barışmayan Midiya hökmdarı Kiaksar e. ə. 590-585-ci illərdə Lidiya ilə müharibə etmiş, sonda Lidiyadakı skiflərin də Qara dəhizin şimal sahillərinə qayıtmasına nail olmuşdur (Bax: И. М. Дьяконов. Предыстория армянского народа. Ереван, 1968, с. 179).
Midiyalılar kimi farslar da skiflərə dərin nifrət hissi bəsləmişlər. Hətta Əhəmənilər imperiyasının hökmdarı I Dara skiflərdən etdikləri pisliklərin qisasını almaq üçün Herodotun verdiyi məlumata görə 700 minlik ordu ilə Qara dənizin şimalına onların üzərinə hərbi yürüş etmişdi (Tarix. IV. 1, 46, 87-89, 91-93, 92, 97-98, 102, 118-143). Ktesinin verdiyi məlumata görə, həmin ordu 800 min nəfərdən ibarət imiş (fr. 13; 20-21). Bu hadisə e. ə. 514-cü və yaxud e. ə. 512-ci ildə olmuşdur (Bax: Степи европейской части СССР в скифо-сарматское время. Москва, 1989, с. 34). Belə olan halda midiyalılar və farslar onların ən azından Cənubi Azərbaycan ərazisində Kadusi adı altında yaşamasına imkan verərdımı? Qətiyyən yox! Təsadüfi deyil ki, Kiaksarın skıflərı Ön Asiyadan qovduğu vaxtdan e. ə. I əsrin sonuna qədərki dövrdə Azərbaycan və İran ərazisində skiflərə aid arxeoloji abidə də yoxdur. Deməli, kadusiləri Skif Gel tayfası ilə eyniləşdirmək olmaz.
Böyük Plini kadusilərlə gelləri eyniləşdirmiş, yoxsa bir-birlərinə bənzətmişdir? Yazılı mənbələrdəki məlumatların təhlili göstərir ki, Böyük Plini verdiyi məlumatda əslində Kadusi və Gelin eyni tayfanın müxtəlif adları olduğunu yox, həmin tayfaların xarakter və əməlcə bir-birlərinə çox yaxın olduqlarını nəzərdə tutmuşdur. Məlum olduğu kimi, Ön Asiyadakı Skif çarlığı əsasən subarların (kadusilərin- T. Ə.) yaşadığı ərazidə yerləşirdi. Midiya və Assuriyaya düşmən münasibət skiflərlə onları müttəfiq etmişdi. Skiflərin burada olduğu təxminən 70-80 il müddətində onların arasında təbii ki, müəyyən qohumluq əlaqələri yaramış, maddi və mənəvi mədəniyyətləri qarşılıqlı təsirə məruz qalmışdır. Skiflər Qara dənizin şimal sahillərinə qayıtsalar da, baş verənlər yaddaşlardan silinməmiş, nəsillərdən nəsillərə ötürülmüşdür. B. Plininin verdiyi məlumat da bunun nəticəsidir.
Herodot skiflərə şöhrət qazandıran hadisədən danışarkən yazırdı: "Skiflər onların yurduna hücum etmiş bircə düşmənə də xilas olmaq imkanı vermirlər; həm də skiflər özləri yol verməsələr, heç kəs onları yaxalaya bilməz. Axı, skiflərin nə şəhərləri, nə də möhkəmləndirilmiş qalaları var; onlar evlərini də özləri ilə aparırlar. Onların hamısı süvari oxatanlar olub, əkinçiliklə deyil, heyvandarlıqla məşğul olurlar. Onlar alaçıqlarda yaşayırlar. Belə bir xalq necə də yenilməz və basılmaz olmasın?" (Tarix. IV. 46).
Kadusilərə də tarixdə şöhrət qazandıran əla döyüşçülər kimi yenilməzlikləri və düşmənə qarşı son dərəcə amansız olmalarıdır. Lakin skiflərdən fərqli olaraq onlar "əla nizəatan idilər" (Strabon. XI. 13, 4 ) və "piyada döyüşçülərin sayı atlı döyüşçülərdən dəfələrlə çoxdu" (Ktesi. Kiropediya. V. 3, 24). Skiflər kimi onların da yenilməzliyinin əsas səbəblərindən biri "köçəri həyat tərzi sürüb" (Strabon. XI. 13, 3) çox geniş ərazidə yaşamaları (Bax: Tofiq Əzizov. Kadusilər və talışlar: yazılı...) olmuşdur.
Kadusiləri niyə Yəhudi Gil tayfası ilə eyniləşdirmək olmaz? Assuriya hökmdarı II Sarqon e. ə. 722-ci ildə İsrail padşahlığına hücum edib varlığına son qoydu. Onun paytaxtı Samariyanı dağıdıb, 27 280 nəfər yəhudini əsir götürərək Assuriyaya gətirdi və həmin əsirlərin bir hissəsini Midiya ərazısındə yerləşdirdi. Həmin vaxt Gilan adlanan ərazi Manna dövlətinin tərkibində idi. E. ə. 590-cı ildə Midiya Manna dövlətinin varlığına son qoydu. Yuxarıda verilən məlumatdan belə bir nəticə çıxır ki, yəhudilərin Gilana gəlişi bu hadisədən sonra e. ə. VI əsrin I rübündə baş vermişdir. Lakin həmin vaxt Gilana gəlmiş yəhudilərin hərbi qüdrəti və yaşadığı ərazi kadusilərinkindən on, bəlkə də yüz dəfələrlə az olmuşdur. Yəni kadusiləri Yəhudi Gil tayfası ilə də eyniləşdirmək mümkün deyil.
Sonda məqaləyə əlavə etdiyim bu tabloları təmənnasız olaraq çəkməklə mənə böyük köməklik göstərmiş rəssam dostum, Masallı rayon Yeyənkənd kənd sakini Fərəcov Tofiq İzzət oğluna dərin minnətdarlığımı bildirirəm.

Комментариев нет:

Отправить комментарий