Страницы

23.10.2015

MTN hansı nazirləri "haqqa" otuzdurubmuş? - Ziya Məmmədov ayda 1 milyon verib, Kərəm Həsənov isə...

Bu gün "Yeni Müsavat" qəzetində MTN ətrafında yaranmış qalmaqllarla bağlı sensasion məlumatların əks olunduğu material dərc olunub. Materialda MTN-in təkcə iş adamlarını deyil, hakimiyyətdəki ən qüdrətli nazirləri belə necə aylıq "haqqa" oturtmasından bəhs edilir...
Qeyd edək ki, son bir neçə gündə Strateq.az-a da bu səpkili xeyli informasiyalar daxil olub, əksəriyyəti isə ciddi mənbələrdən dəqiqləşdirmə tələb etsə də, "Yeni Müsavat"ın materialında əks olunan bilgilərlə, demək olar ki, tam şəkildə üst-üstə düşür.
Strateq.az "Yeni Müsavat"ın sabiq nazir Eldar Mahmudovun komandasının hakimiyyətdəki bəzi nazirləri necə haqqa otuzdurmasından bəhs edən materialının daha çox informasiya yükü olan hissəsini oxucularına təqdim edir. Beləliklə, "Yeni Müsavat"ın materialında yazılır:
"... Deyilənə görə, MTN-in sabiq rəhbərliyi ayrı-ayrı nazirlərdən, komitə və ASC rəhbərlərindən aylıq xərac toplayırmış. Bu işi əsasən bir neçə idarə rəisi, onların müavinləri  görüb. Prosesdə aparıcı fiqur kimi Akif Çovdarovun adı çəkilir. Siyahıda başqalarının da adı var. Onlardan bir neçəsinin adı bizə məlumdur: Elşad Mahmudov, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Fərhad Atayev və b. Mənbəmiz bildirir ki, Akif Çovdarovun kurasiyasındakı dövlət qurumları Nəqliyyat, Təhsil, Səhiyyə nazirlikləri, həmçinin neft sektorundakı qurumlar olub.

Mənbəmiz bildirir ki, əsas “haqq” qoyulan yüksək çinli məmurlardan biri nəqliyyat naziri Ziya Məmmədov olub. Deyilənə görə, hər ayın sonunda Z.Məmmədov Akif Çovdarova 1 milyon manat xərac verirmiş. Hansı nazir, məmur MTN rəhbərliyinin bu tələbindən imtina etsəymiş, yaxın qohumlarının başına bir iş gəlirmiş. Qaynağımız bildirir ki, əksər nazirlərin, komitə sədrlərinin fəaliyyəti şəffaf, qohumlarının ailələrindəki mühit o qədər də ürəkaçan olmadığından onlar bu xərac tələbindən imtina edə bilmirmiş. Nəticədə MTN-in sabiq rəhbərliyi dövlətin gücündən şəxsi maraqları üçün yararlanıb iş adamlarını, məmurları ciddi basqı, təhdid altında saxlayırmış.
Bizə çatan məlumatlarda o da iddia olunur ki, Ziya Məmmədov MTN tərəfindən təhdid, şantaj olunduğu haqda ölkə rəhbərliyinə bir neçə dəfə şikayət edib. Lakin bu şikayətlərə hər dəfə “gözlə və bir qədər də döz” cavabı verilirmiş. Görünür, siyasi rəhbərlik daha ciddi faktların toplanmasına mane olmaq istəməyib...
Məlumatı redaksiyamıza ötürən mənbə maraqlı bir olay haqda da danışıb. Deyilənə görə, MTN-in idarə rəisləri və onların müavinləri məmur heyətindən və iş adamlarından pul almağın üstündə vaxtaşırı bir-biriləri ilə dalaşırmış. Məsələn, A.Çovdarovun xərac aldığı iş adamından Füzuli Əliyev də pul qoparırmış. Mənbəmiz deyir ki, bunun üstündə A.Çovdarovla F.Əliyev bir dəfə nazirliyin koridorunda yumruqlaşıblar. 

Müavin rəisini “baqaj”a qoyub?

Bu arada, dünən yazı çapa hazırlanarkən, məlumat aldıq ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanov işdən azad edilib. Onun müavini Füzuli Əliyevin (hazırda həbsdədi- red.) istintaqa verdiyi ifadəyə görə işdən azad olunduğu deyilir. O da bildirilir ki, yaxın günlərdə Sübahir Qurbanov həbs edilə bilər. 

Görüş yerini dəyişmək olmaz - “Narşərab” restoranı

E.Mahmudovun hakimiyyətdə ən yaxın adamı, dostu prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov olub. Sabiq nazirin Ə.Əsədovla hər axşam Bakıdakı “Narşərab” restoranında görüşdükləri, birlikdə yemək yedikləri bildirilir. E.Mahmudovun nazir postuna təyinat almasında Əli Əsədovun da rolunun olduğu haqda bilgilər var. 

Bank sektoru necə iflic edildi?

Mənbəmiz bildirir ki, MTN rəhbərliyi ölkə iqtisadiyyatını iflic edib. Zatən son günlər ayrı-ayrı iş adamlarının mətbuatda MTN zabitlərindən şikayət etdikləri haqda materiallar dərc olunur. İqtisadiyyatın əsas lokomotivi olan bank sektoru MTN rəhbərliyinin əlindən çox çəkib. 2012-ci ilin martında Azərbaycanın ən qabaqcıl banklarından olan “Texnikabank”a qarşı  MTN əməliyyat keçirdi. Həmin əməliyyatdan sonra bu bank E.Mahmudovun qudası Cahangir Hacıyevin nəzarətinə keçdi. İlk beşlikdə olan “Texnikabank” tez bir zamanda yerlə yeksan olundu. Artıq bank müflis olub, rəhbəri işdən çıxarılıb. MTN-in “kəmənd atdığı” banklar sırasında “Bank of Baku”, “Standartbank”, “Bank of Azerbaijan” da var. Beynəlxalq Bank vasitəsilə mənimsənilən milyardlar haqda isə indiyədək çox danışılıb. 

“Aeroport Pərviz” istintaqda dindirilir

Bu arada, MTN-in Heydər Əliyev adına Beynəlxalq Hava Limanının şöbə rəisi Pərvizin (soyadını dəqiqləşdirə bilmədik- red.) istintaqa cəlb olunduğu haqda məlumat yayılıb. Deyilənə görə, onu hava limanı üzərindən xaricə daşınan qanunsuz pullara görə dindirirlər. Mənbə bildirir ki, Beynəlxalq Bankdan və digər qurumlardan çıxarılan milyardlarla pul Pərviz vasitəsilə Avropaya, Çinə və Rusiyaya göndərilirmiş. Onun istintaqa verdiyi ifadədən sonra yeni həbs dalğasının olacağı gözlənilir...

Kərəmi ağlamaq tutubmu?  

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da adı “MTN işi”ndə hallanır. Mətbuat komitə sədri ilə MTN rəhbərliyinin işbirliyi haqda bugünədək çox yazıb. Bizim özəl mənbələrdən əldə etdiyimiz məlumatda isə bildirilir ki, hansı iş adamı, nazir və başqa səlahiyyət sahibləri yeni mülk, obyekt alanda Kərəm Həsənov ilk məlumatı siyasi rəhbərliyə yox, Eldar Mahmudova verirmiş. Bu məlumat mübadiləsindən sonra mülk sahiblərinin başına nələrin gəldiyi haqda dəqiq bilgimiz yoxdur. Amma nəsə əldə etsək oxucularla bölüşməyə çalışacağıq. 

Xalq prezidenti ona görə alqışlayır ki... 

Sonda bildirək ki, prezident İlham Əliyevin 17 oktyabr sərəncamından sonra Azərbaycanda qəribə bir canlanma yaranıb. İş adamları, vəzifəli şəxslər sevinc içindədirlər. Onlar indi-indi etiraf edirlər ki, MTN-dən çox ciddi təzyiq görüblər. Əsasən də iş sektoru 11 ildən çoxdur bu nazirliyin basqısı altında inləyib. Heç şübhəsiz, son addımı ilə ölkə prezidenti bütün kateqoriyalardan olan vətəndaşların təqdirini qazanıb. Hər kəs bu addımların davamını gözləyir. Sahibkarların bu sevinci uzun sürəcəkmi? Ölkə rəhbərliyinin bu cür sərt və lazımi addımları davamlı olacaqmı? Bunu zaman göstərəcək..."

"Yeni Müsavat"

Комментариев нет:

Отправить комментарий