Страницы

13.11.2015

Dilağarda-Moranlı savaşı

Araz Gündüz

MƏMİ BƏYİN İGİDLİYİ. Moranlılar Cəlilabadda, Muğan bölgəsində, bir də o tay Azərbaycanın Ərdəbil bölgəsində yaşayan çoxsaylı bir oymaqdır. Dilağardalılar isə çox keçmişlərdən Qarabağ bölgəsində yaşamış, buranın köklü oymaqlarından biri olmuşlar. Çar hökuməti Azərbaycanı tutandan sonra, Qarabağ bölgəsində Dilağarda oymağı ilə başqa oymaqlar arasında çoxdan sürülüb gedən qanlı didişmələrin qarşısını ala bilmirdi. Dilağarda sayca o biri oymaqlardan az olduğuna görə, bu işi yoluna qoymaq üçün, onları bütünlüklə Qarabağdan köçürüb, Azərbaycanın İranda qalan bölümündə, Moranlıların torpağında yerləşdirmişdilər. Çar hökuməti Moran bəyi ilə bağlaşaraq, ondan pul ilə, Dilağarda oymağını yerləşdirmək üçün yüzilliyinə torpaq almışdı. Moran torpaqlarına köçən Dilağaradalar burada kəndlər saldılar, əkin-biçinlə keçinməyə başladılar. Yüzillik bağlaşma sona çatandan sonra Moran bəyi Əmin bəy Dilağardalılara tutduqları torpaqları boşaldıb getməli olduqlarını bildirdi. Dilağardalılar isə bəyə belə deilər: “Biz uzun illər boyunca burada yerləşib ev tikmişik, dolanışığımızı qurmuşuq, burada yaşamağa alışmışıq. Gəlin bağlaşmanın vaxtını uzadaq, sizə çatası pulu ödəyək, ancaq bizi buradan çıxarmayın, yoxsa üstündən neçə illər keçib, biz indi haraya gedəcəyimizi belə bilmirik”.
Moran bəyləri onların sözünü yerə salıb, buradan köçməli olduqlarını dedilər, Dilağardalılar isə çıxılmaz durumda qalmışdılar, hara köçəcəklərini bilmədiklərindən çıxıb gedə də bilmirdilər. Bir yandan da çar hökuməti yıxıldığından, o çağlarda Azərbaycanda dayanıqlı bir hakimiyyət  olmadığından, bu işi yoluna qoymaq üçün kimə üz tutmalı olduqlarını da bilmirdilər. Yazın orta ayında, ot çalımı başlayanda, Moran bəyləri Dilağardalıların otlaqlarını çaldırmağa başladılar. Dilağarda bəyi Qəhrəman bəy öz oymağının ağsaqqallarını da götürüb, Moran bəylərinin qulluğuna gəldi, onların ot yerlərini çalmamaq, dilağardalıları yerlərindən çıxarmamaq üçün onlara bir də ağız açdılar. Ancaq Moran bəyi Əmin bəy, elə Moranın ağsaqqalları da, onlara tezliklə köçüb getməli olduqlarını deyib dirəndilər. Bu işin dinc yolla baş tutmadığını görən dilağardalılar moranlılarla qovğaya başladılar. Tutaqlaşmalarda neçə başlar yarılıb, qol-qıçlar sındı, sonra tüfəngə əl atdılar, hər iki tərəfdən ölənlər də oldu. İş böyüyüb qanlıçılıq savaşına çevrildi, dilağardalıların tüfəngləri çox olduğundan savaşın sonunda onlar moranlılara üstün gəldilər, öz yerlərindən tərpənməyib, əkin-biçinlərini də əllərində saxlaya bildilər. Bu qanlı savaşların qızğın çağında şah hökumətinin Ərdəbildə yerləşən hakimi Dilağarda bəyi Qəhrəman bəylə, Moran bəyi Məmi bəyi tutdurub damlatdırdı, oymaqlar arasındakı davanı toxtadmaqdan ötəri onların ikisinə də dar ağacından asılmaqla ölüm kəsdi. Nəyə görəsə qazamatda Qəhrəman bəylə Məmi bəyi bir otağa salmışdılar. Aralarında qanlıçılıq olan bu iki bəy Ərdəbil qazamatında üç ay bir otaqda qalsalar da, biri-birinin üzünə baxmaz, biri-birini dindirməzdilər.
Dilağardalı Qəhrəman bəyin oymağından başıtərpənən Kərbəlayı Böyükağa bəy qabağa düşüb, bütün oymağın adamlarının pul-para yardımları ilə, ha çalışmışdısa da Qəhrəman bəyin üstündən ölüm işini götüzdürə bilməmişdi. Ona görə də, dilağardalılar oturub Qəhrəman bəyin ölümünü gözləməkdə idilər.
Bu iki bəyin dar ağacından asılmasına az qalmış Moran bəyi Əmin bəy qardaşı oğlunu qurtarmaq üçün bir də özünü sınamağı kəsdirdi. Burası da vardı, Əmin bəy hökumət yanında sayılıb-seçilən bir kimsə idi. Əmin bəy Ərdəbilə gəlib buranın fərmandarına yol tapa bildi, ona çoxlu pul verərək, qardaşı oğlu Məmi bəyin üstündən ölüm cəzasını götüzdürüb onun azad olunması üçün icazə də ala bildi. Fərmandardan aldığı bağışlanma buyuruğunu götürüb, qardaşı oğlunu buraxdırmaq üçün qazamatbaşının yanına gələn Əmin bəy əlindəki kağızı ona göstərib, qardaşı oğlunu götürmək üçün gəldiyini dedi. Qazamatbaşı onunla birgə Məmi bəyin dustaq olduğu otağı açıb ona dedi: “Məmi bəy, səni fərmandar bağışladı, burada nəyin varsa yığışıdır, çıx bayıra, səni evə buraxıram”. Məmi bəyin cavabı qazamatbaşını da, əmisi Əmin bəyi də çaşdırdı: “Mən burada tək deyiləm, yoldaşnanam, mən yoldaşımı dar ayaqda qoyub qaçan adamlardan deyiləm”. Əmin bəyə elə gəldi, Məmi bəy qazamatbaşının dediyini düzgün başa düşməyib, ona görə də özü danışmağa başladı: “Qardaşoğlu, sənin başqası ilə nə işin vardır? Mən fərmandardan sənin bağışlanma kağızını almışam, buradakı ayın-oyununu götür, çıxıb evimizə gedək”. Məmi bəy cavabında dedi: “Əmi, mən yoldaşımı darda qoyub getməyi öz kişiliyimə sığışdırmıram, sən ya onu da ölümdən qurtarmalısan, ya da mən onunla bir yerdə öləcəyəm. Onu buraxdırmağı bacarmasan, mənimlə də işin olmasın”. Əmin bəy qardaşı oğlunun tərslik elədiyini görüb, qazamatbaşına dedi: “Gedim yenə də fərmandara ağız açım, görək nə olur, ola bilsin Qəhrəman bəyi də buraxdıra bildim”. Ertəsi günü, səhər çağı Əmin bəy fərmandarın qulluğuna gəlib baş verənləri ona danışdı, sonra da Qəhrəman bəyin də bağışlanması üçün ona dil tökdü. Fərmandar ona dedi: “Bəy, o Qəhrəman bəyin suçu böyük olduğundan mən onu bağışlaya bilmərəm, qaldı sənin qardaşın oğluna, onu mən qazamatdan güclə çıxartdırıb sənə qoşaram, çıxıb gedərsiniz”. Sonra fərmandar qazamatbaşını çağırıb, Əmin bəyin qardaşı oğlu özü çıxmaq istəməsə, onu güclə qazamatdan bayıra çıxarmağı tapşırdı. Əmin bəylə qazamatbaşı yenidən qazamata gəldilər, Əmin bəy qardaşı oğluna üz tutub dedi: “Qardaşoğlu, fərmandara nə qədər yalvar-yapış elədimsə, dedi, Qəhrəman bəyin bağışlanması üçün yol yoxdur, sən gəl ayın-oyununu yığışdır, çıxaq gedək, haçağdandır qohum-qardaş bizim qayıtmağımızı gözləyir, onları gözü yolda qoymayaq”. Məmi bəy bunun cavabında dedi: “Əmi, mənim qohum-qardaşım kimi bunun da doğmaları yolunu gözləmirmi? Sən elə bilirəm, pula qızırğandığına görə, fərmandar Qəhrəman bəyi buraxmayıbdır”. Əmin bəy bir az susandan sonra dedi: “Qardaşoğlu, nə pulumuz vardısa, sənin yolunda qoymuşuq, əlimizdə bir qara qəpik də pul qalmayıbdır”. Burada Qəhrəman bəy, Məmi bəyi cavab verməyə qoymayıb dilləndi: “Mənim ölümdən qurtulmağımla keç kimin işi olmasın, məni uzağı bir-iki günə dar ağacından asacaqlar, qurtarıb gedəcək, siz öz işinizdə olun”. Qəhrəman bəyin belə deməsi Məmi bəyi bərk acıqlandırdı, üzünü yana tutub, Qəhrəman bəyə eşitdirərək, uca səslə dedi: “Mən bilmirəm, burada bəzi özgə adamlar niyə mənimlə əmimin işinə qarışırlar, biz özümüz bilərik nəyi necə eləyirik!” Sonra əmisinə üz tutub dedi: “Əmi, biz əlsiz-ayaqsız adamlar deyilik, mən bilirəm, sənin bu Ərdəbil şəhərində çoxlu varlı-pullu dostların vardır, sən get onlardan borc elə mənim bu yoldaşımı da buradan qurtar, yoxsa onu buraxmasalar mən də buradan çıxmayıb, onunla birlikdə ölümə gedəcəyəm”. Yenə də Qəhrəman bəy dilləndi: “Mənim doğmalarım ha çalışdılar məni buradan pul-para verməklə qurtara bilmədilər, mənim ömrümdən lap az qalır, mən istəmirəm kimsə mənə görə özünü oda-közə vursun, ölümə atsın”. Məmi bəy yenə də acıqla çımxırdı: “Mən bilmirəm, hər yetən nə üçün bizim işimizə qarışır?!” Sonra əmisi ilə qazamatbaşına üz tutub dedi: “Özünüzü burada boş yerə yormayın, otaq yoldaşım buradan qurtulmasa, mən də ondan ayrılmayacağam, gedə bilərsiniz”. Qazamatbaşı Məmi bəyə dedi: “Bəy, səni fərmandar öz buyuruğu ilə bağışlayıbdır, gərək çıxıb gedəsən, sənin burada qalmağın mənim qanunu pozmağım deməkdir, ona görə də gəl dinməz-söyləməz çıx bayıra, get öz ev-eşiyinə!” Məmi bəy ona belə cavab verdi: “Sən mənim buradakı yoldaşımı da buraxmasan, mən buradan çıxan deyiləm!” Qazamatbaşı Məmi bəyin bu sözündən bərk acıqlanıb, köməkçilərinə onu güclə bayıra çıxarmağı buyurdu. İki nəfər köməkçi ha çalışdılar, Məmi bəyə güc gəlib onu bayıra çıxara bilmədilər, onda qazamatbaşı da onlara yardım eləməyə başladı, Məmi bəy onların güc gəldiyini görüncə bərk-bərk Qəhrəman bəyə sarılıb onu da özü ilə bayıra çıxarmağa çalışdı. Siz indi də yaşlı adamlardan soruşsanız, Qəhrəman bəyin necə bir güclü adam olduğunu sizə danışarlar. Beləliklə də, Məmi bəy Qəhrəman bəydən yapışsa da, üç nəfər köməkləşib nə onu Qəhrəman bəydən ayıra bildilər, nə də Qəhrəman bəyi yerindən tərpədə bildilər. Qazamatbaşı işi belə görüb Məmi bəyi döydürməyə başlayanda, Qəhrəman bəyin ürəyi dözmədi, onu vuran adamların üçünü də süpürləyib, otaqdan bayıra tulladı, sonra qapını örtüb, arxadan kilidlədi. Qazamatbaşı istədi köməyə adam çağırıb, qapını sındıraraq, Məmi bəyi şölə çıxarsın, ancaq Əmin bəy qoymadı, dedi mənə iki gün də vaxt ver, görüm fərmandarla danışıb bu işi yoluna qoya bilirəmmi? Əmin bəy Ərdəbildəki dostlarının yanına gedib onlardan çoxlu borc pul aldı, ertəsi günü fərmandarın yanına gəlib dedi: “Fərmandar ağa, sənin yanına çoxlu pul ilə gəlmişəm, necə olursa olsun, gərək o Qəhrəman bəyi də buraxasan getsin evinə, yoxsa mən qardaşım oğlu ilə bacarmıram”. Fərmandar bəyin çoxlu pul ilə gəldiyini eşidəndə ürəyində bərk sevinsə də, özünü o yerə qoymayıb dedi: “A bəy, mən onu dustaqdan açıb buraxsam, məndən yuxarıdakılara nə cavab verərəm, bu işin üstü açılsa mənə ağır cəza verərlər”. Əmin bəy ona dedi: “Ağa, sən yaxşı bilirsən, mən şahın yanında sayılıb seçilən, tanınan bir adamam, bu işə görə sənə bir söz gəlsə, mən özüm Tehrana gedib bu işi yoluna qoyaram”. Fərmandar bəyin bu sözündən sonra Qəhrəman bəyin bağışlanması üçün buyuruq yazıb Əmin bəyə verdi, Əmin bəy də gətirdiyi çoxlu pulu ona verib qazamata sarı yollandı. Qazamatbaşına fərmandarın  yazdığı buyuruğu göstərəndən sonra onunla birlikdə Qəhrəman bəylə Məmi bəyin olduğu otağın qapısına gəldilər. Qazamatbaşı otağın qapısını çöldən açarla açdı, ha itələdi qapı açılmadı, qapı içəridən kilidli idi. Onda o bəyləri səsləyib, onların ikisini də buraxmaq istədiyini deyərək, qapını açmalarını buyurdu. Məmi bəy qayıdıb deyəsi, sən bizi aldatmaq istəyirsən, qapını açan deyilik. Onda Əmin bəy işə qarışıb dedi: “Qardaşoğlu, o yalan demir, fərmandardan Qəhrəman bəyin də bağışlanmaq kağızını almışam, qapını açın, ikiniz də çıxın çölə”. Qapı açılandan sonra Qəhrəman bəy özünün bağışlanmasına inanmadığı üçün yerindən tərpənmədi, ona görə Məmi bəy də çölə çıxmaq istəmədi, onda Əmin bəy qazamatbaşına dedi: “Sən özün bu Qəhrəman bəyi başa sal, qoy bağışlandığına inansın, çıxıb evimizə gedək”. Qazamatbaşı acıqla qışqırıb Qəhrəman bəyə dedi: “A kişi, sənə deyirlər bağışlanmısan, nə quruyub qalmısan yerində, içəridə nə ayın-oyunun var götür çıx bayıra, açıl mənim başımdan”. Bundan sonra Məmi bəylə Qəhrəman bəy birlikdə bayıra çıxdılar. Ayrılanda Əmin bəy Qazamat baxıcısına da bir az pul verdi, sonra yola düşüb getməyə başladı. Məmi bəy əmisindən evə nə ilə gedəcəklərini soruşanda Əmin bəy dedi: “Mən iki at gətirmişəm, birini mən, o birini də sən minib gedəcəyik”. Məmi bəy dedi: “Əmi, Qəhrəman bəyi burada qoyub getmək düzgün olmaz, onun üçün də bir at tapmaq gərəkdir”. Qəhrəman bəy dilləndi: “Məndən yana darıxmayın, mən özüm bilirəm buradan necə gedəcəyəm”. Məmi bəy yenə də acıqlandı: “Mən bilmirəm başqaları bizim işimizə niyə qarışır axı?” Əmin bəy şəhərdə kirayəsinə at verilən yer tapıb, bir yaxşı qaçaraq at kirayə götürdü, üçü də atlanıb yola düşdülər. Yollarının üstündə olan Germi şəhərinə çatanda, yemək üçün dayandılar. Yeməkxanada bir süfrə arxasında oturub yeməyə başladılar, ancaq yenə də nə bir-birilərinin üzünə baxır, nə də birbirini dindirirdilər. Gözlənilmədən bura yemək üçün gələn Pərməyirli Qələmmirzə bəy onların bir yerdə oturub yemək yediklərini görəndə çaşıb qaldı. Qələmmirzə bəy Qəhrəman bəylə Məmi bəyə ölüm kəsildiyini bilirdi, indi birdən necə olmuşdusa onlar ikisi də buraxılmışdılar, özü də aralarında qanlıbıçaqçılıq ola-ola bir süfrə başında oturub yemək yeyirdilər. Qələmmirzə bəy özünü itirmişdi, onun bildiyinə görə, bu gün bu bəylərin ikisi də asılmalı idilər, onda necə olmuşdu onlar belə bura gəlib çıxmışdılar, sonra da bir-birindən neçə-neçə adamlar öldürən bu qanlıbıçaq adamlar necə olmuşdu birdən-birə belə barışmışdılar? Qələmmirzə bəyi görən Əmin bəy onu yemək süfrəsinə çağırdı. Qələmmirzə bəy oturandan sonra dedi: “Sizinlə çörək yeməyə sözüm yoxdur, ancaq qabaqca mən sizdən bir-iki söz soruşmaq istəyirəm. Mənim bildiyimə görə Qəhrəman bəylə Məmi bəy bu gün Ərdəbildə dar ağacından asılmalı idilər. İndi necə olub onlar ikisi də ölümdən qurtula biliblər? İkincisi, sizin aranızda qanlıçılıq ola-ola necə olur bir süfrə başında oturub yemək yeyirsiniz?” Süfrə başında oturanlardan səs çıxmadı, Qələmmirzə bəy bir də soruşdu, yenə də səs çıxmadı, özünü toplayıb üçüncü dəfə soruşanda Əmin bəy dilləndi: “Bəy, bildiyiniz kimi bizimlə bu Qəhrəman bəy arasında qanlıçılıq vardır, birbirimizdən neçə adamlar öldürmüşük. İş belə gətirmişdi, Qəhrəman bəylə qardaşım oğlu Məmi bəy Ərdəbil qazamatında üç ay bir otaqda qalmış, ancaq yenə də küsü saxlamışdılar, biz elə indi də Qəhrəman bəylə küslüyük, ona görə də, sənin sorğuna cavab vermirik”. Sonra Əmin bəy Qəhrəman bəylə Məmi bəyin ölüm işindən necə qurtulduqlarını başdan ayağa kimi danışdı. Qələmmirzə bəy əlini uzadaraq Qəhrəman bəyin əlindən tutub onun əlini Əmin bəylə görüşdürdü, sonra Məmi bəyin əli ilə Qəhrəman bəyin də əlini birləşdirib dedi: “Bəylər, bu gündən mən sizi barışdırdım, ancaq bu azdır, mənə elə gəlir, çox yaxşı olar, siz biri-birinizə qız verib, qız alıb yaxın qohum olasanız, mən bilən Qəhrəman bəy qardaşı qızı Süfeyrəni Məmi bəyin oğlu İbrahimxan bəyə, Məmi bəy isə qızı Pərini Qəhrəman bəyin qardaşı oğlu Əjdər bəyə ərə versə, siz bu qanlıçılığı unudub, bundan sonra barış içində yaşaya bilərsiniz”. Qələmmirzə bəy sözünü qurtaran kimi Əmin bəy: “Allah mübarək eləsin!” deyib, bu işə qol qoyduğunu bildirdi. Bu andan başlayaraq bəylər öz aralarında barışdılar, biri-biriylə şirin-şirin danışmağa başladılar. Yeməklərini yeyib qurtarandan sonra bəylər atlandılar, Qələmmirzə bəy öz kəndinə yola düşdü, Əmin bəygil də yaşadıqları Kürdlər kəndinə gedən kəsə yolu tutub getməyə başladılar, bu kəsə yol Qəhrəman bəyin kəndinin yanından keçdiyindən, ora çatanda Qəhrəman bəy yol yoldaşlarını şam yeməyinə çağırdı. Əmin bəy ona dil-ağız eləyib dedi: “Bəy, bizdən inciməyəsən, mən evdən çıxanda iki gün bundan qabağa kimi qayıdacağımı demişdim, elə bilirəm, indi evdə mənim gecikməyimə görə bərk qanqaraçılıqdır, ona görə də, özümüzü evə nə qədər tez çatdıra bilsək yaxşı olar”.
Qəhrəman bəy yoldaşları ilə sağollaşıb, öz yaşadığı kəndə döndü. O evə çatanda qaranlıq çökmüşdü, qapılarına yetişəndə evlərindən bərk ağlaşma səsi gəldiyini eşitdi. Qəhrəman bəy gələndə itlər bərk hürüşməyə başladılar, əmisi Kərbalayı Böyükağa bəy qulluqçulardan birinə buyurdu, çıxıb görsün nə olubdur, qulluqçu eyvandan baxıb qapıya bir atlının gəldiyini dedi, düşündülər, bu kimdirsə Qəhrəman bəyin ölümünü eşidib yasa gələnlərdəndir. Kərbəlayi Böyükağa bəy buyurdu, gələni qarşılayıb evə gətirsinlər, atını da yerbəyer eləsinlər. Qulluqçu gəlib Qəhrəman bəyin atın tutanda o soruşdu, burada nə baş veribdir, bu nə ağlaşmadır belə? Qulluqçu həm qaranlıqda Qəhrəman bəyi tanımamışdı, həm də qarğaşadan başını itirmişdi deyə belə cavab verdi: “Germidən soraq gəlib, Qəhrəman bəyi bu gün Ərdəbildə dar ağacından asıblar, indi qohum-qardaş buraya onun evinə yas tutmağa yığışıblar”. Qəhrəman bəy qulaq verib bacılarının, uzaq-yaxın qohumlarının ağı deyib ağladıqlarını eşitdi, dözməyib qaçaraq özünü evə saldı. Qəhrəman bəyi sağ görən qohumlar bu dəfə sevincdən bir az da bərkdən ağlamağa başladılar. Gecəynən neçə qurbanlar kəsdilər. Kərbəlayı Böyükağa bəy soruşdu: “Qardaşoğlu, biz səni ölümdən qurtarmaq üçün çoxlu pul-para toplayıb, ha çalışdıqsa əlimiz boşda qaldı, danış görək necə oldu sən dar ağacından qurtula bildin?” Qəhrəman bəy baş verənləri siz oxucuların yuxarıda öyrəndiyi kimi, necə varsa eləcə də danışdı. O, başına gələnləri danışıb qurtarandan sonra ora toplaşanların çoxu uca səslə Əmin bəylə Məmi bəyə sağ ol dedilər, onların bu kişiliklərini yüksək dəyərləndirdilər. Sonra Qəhrəman bəy söz alıb danışmağa başladı: “Bura yığılanlar hamısı mənim qandaşlarım, ən yaxın adamlarımdır. Dediyim kimi, Qələmmirzə bəy Germidə məni Əmin bəylə, Məmi bəylə barışdırdı, bizi qız alıb verməklə bu barışığı bir az da bərkitməyə çağırdı, indi söz sizindir, məncə bütün bu baş verənlərdən sonra biz Dilağardalılar Moranlılarla qanlıçılığı yerə qoyub barış içində yaşamalıyıq”. Qəhrəman bəy sözünü danışıb qurtarandan sonra ora yığışanlar hamısı bir ağızdan, Moranla barışığa getməyin düzgün yol olduğunu deyib, yeni yaranacaq qohumçuluğa da “Allah mübarək eləsin” dedilər.
Bir neçə gündən sonra Kərbəlayi Böyükağa bəyin başçılığı ilə Dilağardanın görkəmli kimsələri bollu sovqatlar ilə Morana getdilər, Məmi bəyin qızına elçilik eləyib onu Əjdər bəyə adaxladılar. Üstündən on gün keçməmiş Moran bəyləri yığışıb Dilağardaya, Qəhrəman bəyin qardaşı qızı Süfeyrə xanıma elçi gəldilər, onu Məmi bəyin oğlu İbrahimxan bəyə adaxladılar.
Temirtaşlı Cahangir bəy Əmin bəylə Məmi bəyin uzaq əmioğluları idi, o biri yandan da Əmin bəyin qızı ilə evlənmişdi. İndi sizlərə danışacağımız qanlı olaylarda Cahangir bəylə yanaşı olaraq Əmin bəyin oğlanları Vəkilağa bəylə Ağalar bəyin də əli olmuşdu. Cahangir bəyin xasiyyəti də adına uyğun idi, acgöz, dünya varından doymayan bir adam idi. Ona görə də Dilağarda ilə Moran arasında baş verən qanlıçılıq onun ürəyindən idi, təki bu işin gedişində bacardıqca çox torpaq ələ keçirə biləydi. İnsan qırğını, qadınların, ailələrin başsız qalması, kəndlərin dağıdılıb yerlə bir olması onu darıxdırmazdı, tək istəyi, bu savaşların gedişində öz varını artırmağa çalışmaq idi. Cahangir bəy Əmin bəylə Məmi bəyin Dilağarda bəyi Qəhrəman bəyi ölümdən qurtarmaqlarını, sonra da qohum olmağa başladıqlarını eşidəndə bu geniş dünya onun başına dar olmuşdu.
Dilağarda ilə Moran bəyləri artıq bir-biri ilə doğmalaşmış, birbirinin evlərinə get-gəl eləməyə başlamışdılar. Bu gəliş-gedişin içində İbrahimxan bəylə Süfeyrə xanım, eləcə də Əjdər bəylə Pəri xanım da bir-birilərini görmüş, bir könüldən min könülə bir-birilərinə vurulmuşdular. Bir yandan da Moranlılarla Dilağardalıların öz aralarında belə yaxınlaşması o tay Azərbaycanda onların gücünü çox artırmışdı, artıq oralarda bu oymaqlara qarşı çıxacaq bir güc qalmamışdı. Ən çox da qanı qaralan Qocabəyli, Sarxanbəyli, Poladbəyli oymaqlarının başçıları, bir də Ərşə xanı Nəcəfqulu xan idi, bunlar Moran-Dilağarda arasında gedən savaşdan yaranan qarışıqlıqdan yararlanıb, tez-tez Moran kəndlərinə basqın eləyər, onları çapıb-talayardılar. İndi Moranla Dilağardanın barışıb birləşməsi onların qarşısını kəsmiş, quldurluq eləməklərinin qabağını almışdı. İş o yerə çatmışdı, Moranla Dilağarda arasında yerləşən çox kiçik bir oymaq olan Gilarlıların Dərmənli kəndini çapıb-talamağa gələn bu quldurların qarşısını Qəhraman bəylə Məmi bəy kəsmiş, onların bir neçə adamını ölürəndən sonra bu yaramazlar əliboş geri qayıtmalı olmuşdular. Cahangir bəy aranı qarışdırmaq üçün Temirtaş kəndindən bir neçə əkinçi götürüb, Dilağarda bəyi Mirzəxan bəyin torpaqlarını şumlatdırmağa başladı. Bunu eşidən Mirzəxan bəy əkin yerinə gəlib Cahangir bəydən öz yerlərinin əkilməsini dayandırmağı xahiş elədi. Cahangir bəy onun sözünə qulaq asmayıb bu yerlərin onun olduğunu deyərək, əkinçilərinə işlərini davam etdirməyi buyurdu, iş gəlib savaşa çıxdı. Hər iki bəyin adamları biri-biri ilə tutaqlaşdılar, Mirzəxan bəyin adamlarında tüfəng olduğu üçün onlar üstün gəldilər, Cahangir bəyin adamlarından ikisi ölüb bir neçəsi yaralanandan sonra, onlar baş götürüb qaçmalı oldular. Bu olayı eşidən kimi istər Morandan istərsə də Dilağardadan adamlar tüfəngə sarılıb, qaçaraq bura gəldilər, işi araşdırmadan biri-biri ilə atışmağa başladılar. Hər iki tərəfdən ölənlər, yaralananlar oldu, yenidən Dilağarda ilə Moranlı arasında qanlıçılıq düşdü, gəl-getləri kəsildi. Ancaq qohum olmaq istəyən bəylər arasında heç bir artıq-əskik söz olmadı. Aradan çox keçməmiş Morana çox ağır bir itki üz verdi.
ƏMİN BƏYİN GÖZLƏNİLMƏZ ÖLÜMÜ. Əmin bəyin istər hökumət yanında, istərsə də el içində sayılıb-seçilən bir kimsə olması ona çoxlu düşmənlər qazandırmışdı. O tay Azərbaycanın, işi-gücü soyğunçuluq, quldurluq olan bəyləri Əmin bəyin qorxusundan çox varlı olan Moran kəndlərini çapıb-talamağa ürək eləmirdilər, ona görə də onun ölümünü istəyirdilər. İş elə gətirdi, bir gecə nə oldusa, bir saatın içində Əmin bəyin halı pisləşdi, gözlənilmədən öldü. Əmin bəyin oğlanları ilə yaxın qandaşları götür-qoy eləyəndən sonra onun ölümünü gizli saxlamağı kəsdirdilər, onu evinin alt qatında basdırdılar, soruşanlara da Əmin bəy iş üçün bir neçə aylıq Tehrana gedibdir dedilər. Bunu ona görə eləyirdilər, düşmənlər duyuq düşüb Moranın üstünə ayaq almasınlar. Üstündən bir neçə ay keçəndən sonra, Əmin bəyin öldüyü bilindi.  Əmin bəyin ev qulluqçularından biri gizlincə Qəhrəman bəyin yanına gələrək, ona Əmin bəyin ölümü ilə gözaydınlığı verib, muştuluq almaq istəmiş, bununla da Əmin bəyin öldüyü üzə çıxmışdı. Burada mən bu tay Azərbaycanın Musalı kəndindən olan molla Qəfərin dilindən eşitdiklərimi sizə danışacağam. Molla Qəfərin deməsinə görə, bir gün axşam çağı mənim evimə bir adam gəlib dedi: “Mən o taydan gəlmişəm, məni Qəhrəman bəy göndərib, istəyir bu axşam sən ona qonaq olasan”. Bəyin sözündən çıxmayıb, Eşşəkçi postundakı çar qoşunlarından icazə alaraq, o taya keçdim. Kəndə çatanda qabaqca Qəhrəman bəyin əmisi Kərbəlayi Böyükağa bəy ilə görüşüb, sonra Qəhrəman bəyin evinə getməyi qərara aldım. Bəyin evinə gəlib onunla bir az oradan-buradan danışandan sonra ona Qəhrəman bəyin evinə getmək istədiyimi bildirdim. Kərbəlayi Böyükağa bəy mənə dedi: “Sən molla adamsan, gedib Qəhrəman bəyin evində haram çay-çörək yemək sənə yaramaz. Bir az gözlə, mənim halal şam yeməyimdən yeyək, birlikdə gedərik, Qəhrəman bəy məni də bu gecə yığıncağına çağırıbdır. Kərbəlayinin sözünə qulaq asıb gözlədim, şamı yeyəndən sonra bir yerdə Qəhrəman bəyin evinə gəldik. Orada çoxlu adamların toplaşdığını gördük, Qəhrəman bəy bizim gəlişimizi gözləyərək yığışan adamlara hələ şam yeməyi verdirməmişdi. Biz oturandan sonra hamıya, o sıradan bizə də şam yeməyi gətirdilər, Kərbəlayi Böyükağa bəy qulluqçulara dedi:  “Biz şam eləmişik, bu yeməkləri götürün”. Qəhrəman bəy dilləndi: “Əmi, onsuz da sən heç vaxt bizdə yemək yemirsən, qoysana axund yeməyini yesin”. Böyükağa bəy cavab verdi: “Burada olan yeməkdən bizdə də vardı, axund mənimlə birgə şam eləyibdir, mən burada yemək yemirəmsə onda axund heç yeməz”. Şam süfrəsi ortalıqdan yığışandan sonra Qəhrəman bəy üzünü mənə tutub dedi: “Axund, nə yaxşı olardı sən indi bizə allah kəlamından danışasan, qulaq asıb bir şey öyrənək”. Mən onun sözünü tutaraq, dinlə, müsəlmançılıqla bağlı geniş danışdım, sonra oturanlardan bir neçəsinin sorğularına cavablar verdim. Gecə yarıdan keçmiş yığılan adamlar dağılışıb evlərinə getdilər. Mənimlə Qəhrəman bəyə bir otaqda yer salmışdılar, biz soyunub yerimizə girdik, ancaq Qəhrəman bəy papiros çəkdiyi üçün lampanı söndürməmişdi. Bir azdan qapıda keşik çəkən qulluqçu qapını döyərək, Qəhrəman bəyə tanımadığı birisinin gəlib onu görmək istədiyini dedi. Qəhrəman bəy dedi, soruş gör kimdir, nəçidir, niyə gəlibdir. Qulluqçu gedib öyrəndi qayıdıb, gələnin Van kəndindən Əmin bəyin qulluqçularından biri olduğunu dedi. Qəhrəman bəy qulluqçuya dedi: “Birdən Əmin bəyin bir çətinliyi olar, ona görə belə gec çağı bura adam göndərər, çağır o adamı gəlsin içəri”. Gələn adam içəri girən kimi Qəhrəman bəy yerindən dikəlib ondan Əmin bəyin onu nə üçün belə gecədən keçmiş buraya göndərdiyini soruşdu. Adam dedi: “Bəy, allah sənin ən böyük yağılarından birini aradan götürübdür, mən sənə Əmin bəyin ölüm sorağını gətirmişəm”. Qəhrəman bəy soruşdu: “Əmin bəy neçə aydır Tehrana iş dalınca gedib. O, haçağ Tehrandan qayıdıbdır, necə olub qayıdan kimi də ölübdür?” Adam  dedi: “Bəy, o çoxdan ölübdür, adamları onu gizlincə evin içində basdırıblar, yalandan deyirlər Tehrana gedib”. Qəhrəman bəy Əmin bəyin qulluqçusunun üstünə çımxırdı: “Ayə, Əmin bəy ölübsə onda mənim sağ qolum sınıbdır, sən mənə de görüm gecə çağı bu sorağı mənə gətirməklə nə demək istəyirsən?” Adam dedi: “Bəy, mən sənə qatı düşməninin ölüm sorağını gətirib, səndən muştuluq olaraq xələt almaq istəyirdim”. Qəhrəman bəy qabaqca dərindən bir ah çəkdi, sonra üzünü Əmin bəyin qulluqçusuna tutub dedi: “Ay alçaq, Əmin bəy ölübsə allah ona rəhmət eləsin, demək istəyirsən mən də öləndə sənin kimi alçağın birisi Əmin bəyin oğlanlarının yanına muştuluq almağa gedəcək? Mən indi sənə elə bir xələt verəcəyəm, dünya durduqca xərcləsən də qurtarmayacaq!”. Bəy bunu deyib əl atdı tapançasına, onun köksünə iki güllə çaxıb öldürdü, sonra ayağa qalxıb onun ölüsünü sürüyüb eyvandan həyətə atdı. 
Qəhrəman bəy gecə ikən Dilağarda kəndlərinə adam göndərib, bütün qandaşlarını, ağsaqqalları çağırtırdı. Hamı yığışandan sonra Qəhrəman bəy onlara Əmin bəyin öldüyünü deyib, ardınca da belə dedi: “Əmin bəyin yaxınları bu ölümün baş verdiyini gizli saxlayırlarsa, indi biz nə eləyək, onun yasına gedək, yoxsa yox?” Kərbəlayi Böyükağa bəy hamının yerinə danışıb dedi: “Bu işi yubatmaq olmaz, gecəynən yas üçün aparılacaq şeyləri yır-yığış eləmək, ertədən səhər yeməyini yeyib yasa getmək gərəkdir, ən yaxşısı bu olar”. O gecə nə Qəhrəman bəy yatdı, nə də Dilağardanın ağsaqqal-qarasaqqalları, səhər yeməyindən sonra əlliyə yaxın atlı, onların iyirmiyə yaxını qadınlar idi, Morana Əmin bəyin yasına yola düşdülər. Yas yeri üçün bir dəvə yükü düyü, üç pud qaysı, üç pud kişmiş, dörd baş kəllə qənd götürdülər, Əmin bəyin ölüm xəbərini gətirən qulluqçunun ölüsünü də bir saman çuvalına salıb, atın belinə sarıyaraq apardılar. Yola düşməzdən qabaq Kərbəlayi Böyükağa bəy mənə dedi, molla, sən də bizimlə getsən yaxşı olar, mən də onlara qoşulub yas yerinə gedəsi oldum. Yola düşəndə bir qulluqçunun yeddi baş erkək qoyun sürüb yasa apardığı da gözümə sataşdı. Atlıların da hamısı yaraq-yasaqlı idi. Günorta namazına az qalmış Van kəndinə çatdıq. Qəhrəman bəy qabaqda qalanları onun ardınca gəlib Əmin bəyin evinə çatdıq. Əmin bəyin oğlanları bizi görəndə çaşdılar, eləcə üst evin eyvanında donub qaldılar. İşi belə görəndə Kərbəlayi Böyükağa bəy hamıya atlardan düşməyi tapşırdı, sonra üzünü mənə tutub dedi: “Axund buyur, indi burada söz sənindir”. Mən sözü başa düşüb bir fatihə verdim, həmdi-surəni oxuyub qurtarandan sonra Kərbəlayi Böyükağa bəy qabaqca Əmin bəyin oğlanlarına başsağlığı verdi, sonra bizlərə tapşırdı hərə öz atını uyğun bir yerdə bağlayıb gözləsin. Atları bağlayıb bir yerə toplaşandan sonra o, Əmin bəyin oğlanlarına üz tutub dedi: “Qapınıza qonaq gəlmişik, qonaq istərsiniz qalaq, yoxsa da çıxıb gedək”. Əmin bəyin oğlanları özlərinə gəlib eyvandan yerə düşdülər, Kərbəlayi Böyükağa bəyin əlindən tutub sayğı ilə yuxarı apardılar, qalan qonaqları da evə çağırdılar. Sonra Qəhrəman bəyin sözü ilə ev qulluqçuları dəvənin, atların yüklərini boşaldıb evə apardılar, satqın qulluqçunun ölüsü olan ata sarı gedəndə Qəhrəman bəy qulluqçulara o ata toxunmamalarını buyurdu. Kişilər bir, qadınlar başqa otağa getdilər. Van kəndi çox böyük bir kənd idi, kənd adamları da Əmin bəyin evində yığıncaq olduğunu görüb toplaşmağa başladılar, gəlib bizimlə görüşərək oturdular. Qəhrəman bəy Məmi bəyi çağırmaq üçün Kürdlər kəndinə bir atlı göndərdi. Məmi bəy gəlib çıxanda Qəhrəman bəy ayağa qalxdı, onun ardınca hamı da ayağa durdular, arada qanlıçılıq olmasına baxmayaraq, Qəhrəman bəy Məmi bəyin qarşısına yeridi, əl tutdular, sol qollarını biri-birinin boynuna dolayıb uzun bir sürə belə dayandılar, sonra da əl-ələ tutub yanaşı oturdular. Kərbəlayi Böyükağa bəy mənə göz elədi, mən fatihə verdim. Fatihə qurtarandan sonra Kərbəlayi Böyükağa bəy Məmi bəyə başsağlığı verdi. Məmi bəy əmisi Əmin bəyin öldüyünü bilirdi, ancaq özünü bilməməzliyə vurub soruşdu: “Bəy, mən başa düşmürəm nədən mənə başsağlığı verirsən?” Kərbəlayi Böyükağa bəy də özünü o yerə qoymayıb dilləndi: “Bəy, sizinlə bizim aramızda qanlıçılıq düşüb, biri-brimizin adamlarını öldürmüşük, o ölənlərə görə sizə başsağlığı verirəm. Ancaq biz Əmin bəyə qonaq gəlsək də nədənsə onu evdə görmürəm”. Şəbi bəy dillənib, Əmin bəyin Tehrana iş dalınca getdiyini dedi. Kərbəlayi Böyükağa bəy, Əmin bəyin haçağ getdiyini soruşanda yenə də Şəbi bəy: üç ay olar gedib, dedi. Yenə Əmin bəyin nə üçün belə uzun bir sürədə Tehranda qaldığı soruşulanda kimsə dillənmədi. Sözü dəyişib olandan-keçəndən danışmağa başladılar, danışığın gedişində ev qulluqçularının birinin yoxa çıxmağından söz düşdü. Qəhrəman bəy soruşdu: “O adam hara getmiş olar görəsən, bilmirsiniz haçağdan yoxa çıxıbdır?” Əmin bəyin oğlu Ağalar bəy dedi: “Bəy, o adam dünən axşam evdə olub, gecə harasa çıxıb gedib indiyəcən də qayıtmayıbdır. Yer qalmayıb axtarmayaq, soraq eləməyək, ancaq tapa bilmirik”. Qəhrəman bəy itən qulluqçunun görkəminin necə olduğunu soruşub öyrənəndəm sonra dedi: “Sizin o qulluqçu ötən gün gecə yarısı bizə gəlmişdi. Gəlib mənə Əmin bəyin öldüyünü, onun öz evində basdırılıb ölümünün gizlədildiyini dedi. Mən ondan soruşdum, olmazdımı bu xəbəri gündüz vaxtı gəlib deyəsən, o da qayıdıb deyəsi, mən gecə gəldim görüb eləyən olmasın, sonra da qayıdıb mənə dedi, bəy, sənin düşmənin ölübdür, mən bu xəbəri sənə deyib muştuluq olaraq xələt almağa gəlmişəm. Mən də ona dedim, indi sənə elə bir xələt verəcəyəm, qiyamət gününə kimi xərcləsən də qurtarmasın, tapançamı götürüb onu it kimi gəbərtdim. İndi qapıda dayanan yüklü atda da onun ölüsünü gətirmişəm, gedib baxa bilərsiniz”. Van kəndinin adamları atın yükünü açdılar, bunun doğrudan da itən qulluqçunun ölüsü olduğunu gördülər. Adamlar bir səslə: belə bir satqını torpağa basdırmayaq, ataq bir dərəyə ölüsü qurda-quşa yem olsun, dedilər, ancaq Kərbəlayi Böyükağa bəy araya girdi: bu adam satqın olsa da müsəlmandır, aparın torpağa quylayın deyib, adamları bundan çəkindirdi. Beləliklə də Əmin bəyin öldüyü hamıya bəlli oldu, Moranın başkəndi olan Van kəndinin adamları da bunu elə o gün bildilər, kənd adamı, qıraq kəndlərdən də eşidən bilən Əmin bəyin yasına axışıb gəlməyə başladılar, bu yas yığıncağının mollalığı da mənim boynuma düşdü. Ancaq nədənsə bu iki oymaq arasında olan qanlıçılıqla bağlı burada danışıq olmadı, Moranla Dilağardalıların barışığı yoluna qoyulmamış qaldı.
MƏMİ BƏYİN ÖLÜMÜ. O tay Azərbaycanın Moran oymağı kəndlərindən olan Zəhra kəndinin adamları oğru kimi tanınırdılar. Bir gün Zəhra kəndindən bir neçə adam bu tay Azərbaycana çapqınçılıq üçün gəlirlər, ancaq əllərinə heç nə keçmir. Geri dönəndə yolları bu taydakı Şatırlı kəndindən düşür, yaz günü, obaşdan çağı şatırlılardan bir neçə adam mal-qarasını örüşə otlamağa çıxarıbmışlar. Onu da deyim, Şatırlı kəndi o tayla bu tayı ayıran Bolqarçayın yaxınlığındadır, çayın o tayında üz-üzə Kürdlər kəndidir. Çapqınçılar kəndin yanından ötəndə mal-qara otaran şatırlıları görüb onların əlindən mal-qaralarını alaraq, o taya keçirməyə başlayırlar, şatırlılıların hay-küyünə çar hökumətinin sərhədçiləri haraya gəlib, onların ardınca düşürlər, Zəhra kəndinin quldurları atışmağa başlayaraq, sərhədçilərdən ikisini öldürürlər, malları o taya keçirib qaçmağa başlayırlar, atışma səsini eşidib bu taydan Əsədli ilə Tarazan sərhəd postundan kömək gəlir, yığılan sərhəd bölüyü Bolqar çayın o tayına keçib, quldurların dalınca düşürlər, onlar isə yenə də sərhədçilərlə atışaraq, malları əllərindən vermirlər, sərhədçiləri geri oturdurlar, malları Kürdlər kəndinin quzey günbatanından keçirib yaxınlıqdakı Zəhra kəndinə aparırlar. Sərhədçilər geri qaldıqlarından elə bilirlər mal-qaranı Kürdlər kəndinə apardılar, ona görə də Kürdlər kəndinə yaxınlaşıb, kəndi gülləyə tuturlar. Kəndin girəcəyində bir neçə nəfər xəndəklərdə daldalanıb, ruslarla atışırlar, ancaq ruslar çox bunlar az olduğuna görə duruş gətirə bilməyib qaçırlar, kəndə də hay düşür, kənd adamı da hamılıqla kənddən çıxıb geri çəkilirlər. Təkcə Məmi bəy rusların qabağından qaçmır, atışmanın gedişində ruslar onu köksündən yaralayırlar, kənd adamının kənddən qaçdığını görüb kəndə də girmirlər, geriyə dönürlər. Uzaqdan atışma səsini eşidən Qəhrəman bəy savaşın Kürdlər kəndində baş verdiyini öyrənib, otuz atlı ilə Kürdlərə gələr, kəndin qırağındakı xəndəklərə çatanda rusların geri çəkildiklərini görüb adamlarına deyər, atınızı çapın Bolqarçayın qırağında dalda bir yer tapın, rusların qabağını kəsib o taya keçməyə qoymayaq, hamısını gülləyə tutun. Atlarını Kürdlər kəndinin girəcəyindəki xəndəklərin üstündən çapıb gedəndə Qəhrəman bəy bir xəndəyin içində al qana bələnmiş bir yaralının olduğunu görüb atını saxlayar, adamlarını səsləyib yanına çağırar. Qəhrəman bəy atdan düşüb xəndəkdəki yaralının Məmi bəy olduğunu görür, onu xəndəkdən çıxarıb qırağa qoyur. Bir azdan huşa gələn Məmi bəy ayılıb Qəhrəman bəyi tanıyınca deyir: “Ay insafsız qardaş, belə, iş-işdən keçəndən sonramı gələrlər qardaş harayına?” Məmi bəy bir az nəfəsini dərib, Qəhrəman bəyə deyir: “Sözlərimə yaxşı qulaq as, mənim ölməyimə az qalıb, ona görə də sənə vəsiyətimi eləmək istəyirəm. Birincisi, mənim yas yığıncağımı da, Əjdər bəylə İbrahimxan bəyin toylarını da özün eləyərsən. İkincisi, əmin Kərbəlayi Böyükağa bəyə deyərsən İbrahimxan bəyi öz qanadı altına alıb ona xalqı yola verməyi, düzgün bəylik eləməyi öyrətsin. Üçüncüsü, mənim əmlakımda haram yoxdur, yasa gələnlərə deyərsən mənim ehsanımdan çəkinmədən yesinlər. Çox sözlər deyəcəkdim ürəyimdə qaldı, üzümü qibləyə çevir, mən gedirəm...” Beləliklə də Məmi bəy vəsiyyərini eləyib öldü. Qəhrəman bəy kəndə adam göndərdi, desinlər gəlib Qəhrəman bəyin ölüsünü evinə aparsınlar, adamlar qayıdıb kənddə kimsənin olmadığını, hamının qaçıb kənddən çıxdığını dedilər. Belə olanda özləri bəyin ölüsünü götürüb evinə gətirdilər, Məmi bəyi öz qapısında üzü qibləyə uzadıb üstünü çuxa ilə örtdülər, Kərbəlayi Böyükağa bəy ortaya çıxıb yasin oxumağa başladı. Qəhrəman bəy adamlarından ikisinə tapşırdı baxsınlar görsünlər bu kənd adamı harada gizlənibdir. Bu adamlar kəndin yan-yörəsini axtaranda gördülər adamlar kəndin Güney tayında zəmilikdə gizləniblər, kənd adamına rusların getdiyini deyib, onları kəndə qayıtmağa çağırdılar. Kənd adamı geri qayıdanda gördülər Məmi bəyin qapısında çoxlu yaraq-yasaqlı adamlar var, ancaq nədənsə hamısı üzünə dəsmal tutub ağlaşırlar, yaxınlaşıb onlardan bunun niyəsini soruşanda Mirzəxan bəy Məmi bəyin ölümünü gizlədib, “ruslarla atışmada bir adamımızı vurub öldürüblər, ona ağlayırıq” deyərək, sözü yan saldı. Məmi bəyin xanımı Səkinə xanım nökərlərə buyuruq verdi, gedin Məmi bəyi axtarın, görün haradadır. Nökərlər kəndin dördbir yanını axtardılar, bəyi tapa bilməyib, geri qayıtdılar. Onda Səkinə xanım oğlu İbrahimxan bəyə dedi get atanı axtar, gör başına nə gəldi, qapıya qonaq gəlib onu gözləyirlər. İbrahimxan bəy də atasını axtarıb tapa bilməyəndən sonra, kimsə dedi Məmi bəy kəndin girəcəyindəki xəndəkdə ruslarla döyüşürdü, gedək oraya baxaq. Gəlib gördülər xəndəyin içində çölündə çoxlu qan izləri var, ancaq Məmi bəydən iz-soraq yoxdur. Dilağardalılar bəyin öldüyünü gözlənilmədən deyib, onun adamlarının ürəyini üzmək istəmədiklərindən susub dayanmışdılar. Bəyi axtarıb tapmadıqlarını görəndə Kərbəlayi Böyükağa bəy bayatı çəkib ev adamına Məmi bəyin öldüyünü anlatmağa başladı:

Əzizim dağda nə var,
Gül solub bağda nə var,
Əsib sərsəri xəzan
Sovulmuş tağda nə var.

Hicran bizə yetişib,
Xar gülə zülüm edib,
Bu dərdə yox bir çara
Şahinim bəndə düşüb.

Aşıq yaz gülüm solub,
Xalqa haqsız zülm olub,
Can bulaq suyu kimi,
Axıb ümmana dolub.

Qohum-qardaş ağlasın,
Başa qara bağlasın,
İtkin bəyi axtaran
Bugündən yas saxlasın.

Səkinə xanım oxunan bayatıdan duyuq düşüb irəli yeridi, ortalıqdakı ölünün üstündən çuxanı götürüb əri Məmi bəyin cənazəsini görəndə onu qucaqlayaraq, ağı deməyə başladı. Kənd adamı Səkinə xanımının ağlamağından ölənin Məmi bəy olduğunu anladı. Məmi bəyin ölümünün sorağı yan-yörədəki kəndlərə yayıldı, eşidən-bilən yasa yığışmağa başladı. 
Ancaq bu ağır gündə də Cahangir bəy öz alçaqlığını yerə qoymadı, adamlar arasında dedi-qodu yayıb, Məmi bəyi rusların öldürmədiyini, Qəhrəman bəyin təkləyib öldürdüyünü yaymağa başladı. Bu dedi-qodu yas yerinə gələnlər arasında yavaş-yavaş yayılmağa başladı, anlayan adamlar bunu yalan sayıb önəm vermədilər, ancaq adamların bir çoxu bu yalana inandılar. Yas yığıncağının ən gur olduğu vaxtda Qəhrəman bəy Məmi bəyin vəsiyyətini açıb dedi. Səkinə xanımla İbrahimxan bəyin razılığı ilə yas yığıncağının yola verilməsinə Qəhrəman bəy ağsaqqallıq elədi. Bütün işləri necə gərəkirsə yerinə yetirdi, elə o günü Qəhrəman bəyin qardaşı Qara bəy böyük tədarük görüb, əmisi Kərbəlayi Böyükağa bəy başda olmaqla Dilağardanın ağsaqqalları ilə Məmi bəyin yasına gəldilər. Yasa gələnlərin arasında Əjdər bəylə Süfeyrə xanım da var idilər.
CAHANGİR BƏYİN YAYDIĞI DEDİ-QODULARIN ACI SONLUĞU. Söz var deyərlər, bir dəli bir quyuya daş atdı, yüz ağıllı yığışıb onu çıxara bilmədilər. Məmi bəyi Qəhrəman bəyin öldürməsi ilə bağlı Cahangir bəyin ortaya atdığı dedi-qodular yavaş-yavaş yayılmağa başlamışdı. Dilağarda ilə Moran arasında qanlıçılığın qalmasını istəyən adamlar çox idi. Qocabəylinin, Poladbəylinin günlərini çapqınçılıqla keçirən çoxlu adamları, ən başlıcası isə Ərşə xanı Nəcəfqulu xan bu iki oymaq arasında barışıq olmasını istəmirdilər. Onların arasında barışıq olması bu quldurları Moranın varlı kəndlərini soyub talamaqdan çəkindirirdi, onlar qabaqlar da Dilağarda oymağını özlərinə töycü verməyə sürükləmək istəmişdilərsə də Qəhrəman bəyin təpkisi ilə üzləşib geri çəkilməli olmuşdular. İndi isə Moranla Dilağardanın güclərini birləşdirməsi onların quldurluq yollarını büsbütün bağlamış olurdu. 
Moranın ağsaqqalı Əmin bəyin uzaq əmioğlusu olan Cahangir bəy Moranın sayılan bəylərindən deyildi, onu ortaya çıxaran ancaq Əmin bəyin qızı ilə evlənməsi olmuşdu. Əmin bəyin iki oğlu vardı: Ağalar bəylə Vəkilağa bəy; bundan başqa Məmi bəyin oğlu İbrahimxan bəy də atasının ölümündən sonra sayılan bəylərdən olmuşdu, bir də Əmin bəyin doğma əmioğluları olan Hüsü bəy, Pənah bəy, Şəbi bəy də sayılan bəylərdən idilər. Cahangir bəy özünün çirkin işini yürüdə bilmək üçün tez-tez bu bəylərin qulaqlarını doldurmağa çalışırdı, yeri gəldi, gəlmədi deyirdi: “Əmimiz oğlu Məmi bəyi Qəhrəman bəy öldürüb, biz isə onun qanını almaqdansa durub baxırıq. Bizim belə susub qalmağımız heç də kişilikdən deyil”. Bəylər onun bu sözlərindən bezib soruşdular: “Cahangir bəy, Məmi bəy öləndə sən orada olmamısan, onu Qəhrəman bəyin öldürdüyünü sən haradan bilirsən? Bir də bunu hamı bilir, Məmi bəy Qəhrəman bəyi ölümdən qurtarıb, Qəhrəman bəy heç vaxt belə alçaqlıq eləyib onu öldürməzdi”. Cahangir bəy özünü tülkülüyə vurub belə dedi: “Düzdür, mən orada olmamışam, ancaq bu sözü mənə orada olanlardan biri deyib, özü də mənə and verib onun adını heç yerdə çəkməyim, yoxsa Qəhrəman bəy bilib onun bütün soyunu-kökünü yer üzündən silər. İndi siz məndən onun adını soruşsanız mən sizə heç nə deyə bilmərəm, mənə üz vurub soruşmayın, ona bu sirri açmayacağıma kişi kimi söz vermişəm. Bir də özünüz bilirsiniz, yerin də qulağı var, mən o adamın adını sizlərdən ancaq elə birinizə desəm, bu sirr yayılacaq, o adam da bizə yaxşılıq eləyib düşmənimizi tanıtdığına görə özü də, bütün soyu-kökü da ölüm-itimlə üzləşəcək”. Bu sözdən sonra Cahangir bəyin yaydığı dedi-qodu bir az da geniş yayıldı, eşidənlərin arasında ona inanlar artmağa başladı. Biri dedi, bəlkə bunu Cahangir bəyə deyən Qəhrəman bəyi gözü götürməyən birisi olub, o biri dedi, düzdür, Məmi bəyi elə Qəhrəman bəy öldürmüş olar, bir başqaları da bu işdən baş aça bilməyib çaşıb qalmışdılar.
Bir gün Cahangir bəy Germi şəhərinə bazarlığa getmişdi. Orada gözlənilmədən Ərşə xanı Nəcəfqulu xan ilə üzləşdi. Nəcəfqulu xan çoxdan idi Moranla Dilağardanın arasını vurub onların kəndlərini soymağa girəvə axtarırdı, ancaq qarşısında Qəhrəman bəy kimi igid, atıb vuran bir bəy dayandığından buna ürək eləmirdi. Bu işlərə görə də Qəhrəman bəydən bərk yanıqlı idi. Salamlaşandan sonra onların arasında belə bir danışıq oldu, sözə Nəcəfqulu xan başladı:
–De görüm, Dilağardadan torpaqlarınızı geri ala bildinizmi?
–Xan, sən nə qoyub nə axtarırsan, torpaq cəhənnəmə, Qəhrəman bəyin bizə qarşı elədiyi yamanlıqları, bizim onun qabağından qaçmağımızı bilsən, bizə heç salam da verməzsən.
–Bəy, mənim eşitdiyimə görə Məmi bəy öləndə oğlu İbrahimxan bəyə bəyliyin yol-yolağını öyrətməyi də, sizin iki oymağın baş bəyliyini eləməyi də Qəhrəman bəyə tapşırıb. Bundan başqa siz ikibaşlı qohum olmusunuz, biri-birinizə qız verib qız almısınız, indi necə olur Qəhrəman bəy sizə yamanlıq eləyir?
–Xan, başına dönüm, Məmi bəy öləndə onun yanında bizim oymaqdan kimsə olmayıbdır, ona görə də bilmək olmaz Məmi bəy Qəhrəman bəyə o vəsiyyəti eləyib yoxsa yox. Bu deyilənləri Morana bəylik eləmək üçün Qəhrəman bəy özündən uydurubdur. Hələ bu hamısı deyildir, elə sözlər var ortalıqda, dilə alınıb danışılası da deyildir.
–Bəy, oxun atıb yayın gizlətmə, de görüm o nə sözlərdir belə ortaya çıxarılası deyildir?
–Xan, o sözü dedim nə olacaq, demədim nə! Yaxşısı qoy qalsın elə öz içimi yandırsın, onsuz da mənim sözümü eşidən kimdir? 
–Sənin o əmin uşaqları çoxdan Qəhrəman bəyə aldanıblar, bunu desən də, deməsən də mən yaxşı bilirəm. Ancaq onu başa düşmədim, o nə sözdür belə sənə əmiuşaqların da inanmasınlar? Çəkinib eləmə, ürəyində nə var açıb mənə de, mən səni özümə dost bilirəm.
Nəcəfqulu xanının ona dost deməsi Cahangir bəyi bərk sevindirdi, artıq özünün dedi-qodusunu xanın yardımı ilə yeridə biləcəyini düşündü:
–Xan, de görüm sən Məmi bəyi kimin öldürdüyünü bilirsən?
–Bizə gəlib çatan sorağa göə onu ruslar öldürüblər, elə hamı da belə danışır.
–Xan, burada deyirlər a, yalan ayaq tutub yeridi. Bu deyilənlər kökündən yalandır, iş başqa sayaq olubdur, ancaq mən neyləyim bilmirəm, mənim əmim uşaqları belə düz sözə inanmaq istəmirlər, ara yerdə gözümüzün işığı olan Məmi bəyin qanı batıb gedir. Məmi bəyi başqası öldürüb, elə o özü də bu ölümü yalandan rusların üstünə atır. 
–Bəy, sən nə danışırsan, elə isə Məmi bəyi başqası öldürübsə bunu niyə gizlədirsən?
–Xan, sən Məmi bəy ruslarla savaşarkən Qəhrəman bəyin onun yardımına gəldiyini eşitmiş olarsan. Deyilənə görə Qəhrəman bəy gəlib çıxana kimi ruslar Məmi bəyi ölümcül yaralayıblar, sonra da o Qəhrəman bəyin qucağında vəsiyyətini eləyib, canını tapşırıbdır. Qəhrəman bəy ora çatanda isə artıq ruslar çəkilib gedibmişlər. İndi ay xan, mən sənə Məmi bəyin doğrudan necə öldürüldüyünü danışsam, onsuz da mənə inanmayacaqsan, ancaq mən Məmi bəyi rusların yox, bir başqasının öldürdüyünü lap gerçək yerindən bilirəm. 
–Bəy, sən nə danışırsan, Məmi bəyi ruslar öldürməyiblərsə onda kim öldürübdür? 
–Xan, Məmi bəyi kimin öldürdüyünü məndən soruşma, mən onu kimin öldürdüyünü əmiuşaqlarıma demişəm, ancaq mənə inanmayıblar. Mənə bu sözü deyən Məmi bəy öldürüləndə orada olan birisidir, elə öldürənin öz yaxınlarındandır, o bu sözü deyəndə mənə and verib, onun adını çəkməyim, yoxsa Məmi bəyi öldürən onun bütün nəslini yer üzündən silər, indi mən də qalmışam odla su arasında, öldürənin adını deyirəm, deyirlər haradan bilirsən, deyirəm mənə gerçək yerindən deyiblər, soruşurlar deyən kimdir? Ona görə də indi sənə Məmi bəyi kimin öldürdüyünü desəm, sən də o adamın adını soruşacaqsan, mən də onun adını çəkə bilməyib, yanında üzüqara olacağam. 
–Bəy, sən mənə Məmi bəyi kimin öldürdüyünü de, söz verirəm, səndən bunu deyənin adını soruşmaram. Məmi bəyi kim öldürübsə, o sizin də mənim də düşmənimdir, sən bu sözü aç de, gücümüzü birləşdirib bu işi kim tutubsa onun cəzasını verək.
Cahangir bəyin də istədiyi elə bu idi, bayaqdan yalandan çəm-xəm eləyib sözü buraya gətirmək istəyirdi. Məmi bəyi Qəhrəman bəyin öldürdüyü xəbəri Nəcəfqulu xanın dilindən eşidilsəydi, onda buna çox adam inanacaqdı. Cahangir bəy ürəyində bərk sevinərək dilləndi:
–Xan, Məmi bəyi öldürən Qəhrəman bəydir, ancaq bu sözü mənim yaydığımı bilsə, onun məni susdurmağa da, hələ desən ocağımı söndürməyə də gücü çatar. 
Bu sözü eşidəndə Nəcəfqulu xan ürəyində çox sevindi, ancaq üzdə bunu gizlətdi. Onun əlinə yenidən Dilağarda ilə Moranın arasını vurmaq üçün çox gözəl bir girəvə düşmüşdü. Ara qarışandan sonra isə, ən başılıcası Qəhrəman bəy aradan götürüləndən sonra, Moranı da, Dilağardanı da çapıb talamaq çox qolay olacaqdı. Nəcəfqulu xan üzünü Cahangir bəyə tutub dedi:
–Bəy, gəl belə eləyək, sən Moran bəylərini başına topla, hazır olanda mənə ismarış göndər, mən də öz adamlarımla gəlib sizə qoşularam, bir yerdə əminiz oğlu Məmi bəyin qanını da alarıq, üstəlik Dilağardanın bütün kəndlərini də yağmalayarıq. 
–Xan, mən sənə dediyim kimi, əmioğlanlarım mənə inanmaq istəmirlər, deyirlər Qəhrəman bəy belə iş tutmaz. Onlar sən dediyin kimi bir yerə yığışsalar, biz sənin yardımınla bu Dilağardanın kökünü Yer üzündən silərik. Xan, mən bilən ən yaxşısı bu olardı, onlar Məmi bəyi Qəhrəman bəyin öldürdüyünü sənin dilindən eşitmiş olaydılar. Onda biz sənin sözünü tutub, Məmi bəyin qanını da alarıq, Dilağardanı bizim yerlərdən qovub öz torpaqlarımızın yiyəsi də olarıq. Ancaq indilikdə Məmi bəyin oğlu Qəhrəman bəyin qardaşı qızı Süfeyrə xanımın gözəlliyinə aldanıb, beyninə söz batmır, mənim qayınlarım Əmin bəyin oğlanları da sözümə inanmırlar. Onları ancaq sən başa salıb inandıra bilərsən.
–Bəy, onları mən harada görürəm, söz deyib başa salam?
–Xan, mən Əmin bəyin oğlu Vəkilağa bəylə, Məmi bəyin oğlu İbrahimxan bəyi al dilə tutub, üç gün sonra buraya Germi bazarına gətirərəm, elə eləyərəm bu dükanın qabağındaca onlar səninlə üz-üzə gələrlər, sən də çalış tək olmayasan, özü də görüşəndən sonra sən yox, bir başqası Qəhrəman bəyin ölümündən söz salsın, sən də deyərsən, bizim Ərşə mahalında Məmi bəyi Qəhrəman bəyin öldürdüyünü böyükdən kiçiyə hamı bilir, ancaq deyirlər Məmi bəyin əmiuşaqları bunu bilsələr də onun qanını almağa ürək eləmirlər. 
Cahangir bəy Nəcəfqulu xanla danışıb anlaşandan sonra onlar ayrılıb hərə öz evinə getdilər. 
Cahangir bəylə Nəcəfqulu xan Germi bazarında Qəhrəman bəyin ayağının altını qazan günü Qəhrəman bəy Kürdlər kəndinə, Məmi bəyin evinə gəlmişdi. Qəhrəman bəy, günorta üstü Məmi bəyin evinə yığışan adamlara üz tutub dedi: “Bildiyiniz kimi, Məmi bəyin vəsiyyətinə görə bizim uşaqların toy-düyününü eləmək mənim boynumdadır. Mən bu işi Məmi bəyin yasını tutduğuma görə, bir də uşaqlarımız hələ yaşca kiçik olduğuna görə gecikdirirdim. Artıq Məmi bəyin ölümündən iki il keçib, uşaqlar da böyüyüblər. Ona görə də, bu gün sizin yanınıza gənəşmək üçün gəlmişəm, istəyirəm bu yaxınlarda uşaqların toylarını başlayam, öncə Məmi bəyin oğlu İbrahimxan bəyin, sonra da qardaşım oğlu Əjdər bəyin toyunu eləmək istəyirəm”. Hamıdan öncə Məmi bəyin dul qadını Səkinə xanım dilləndi: “Bəy, Məmi bəy bu işləri sənə tapşırıb gedibsə bizim nə sözümüz ola bilər! Uğurlu olsun, bu işləri öz bildiyin kimi yoluna qoymağın çox yaxşı olar”. Sonra oturanlardan Hüsü bəylə Ağalar bəy də toyların başlanmasının yerində olduğunu dedilər. Bundan sonra Qəhrəman bəy dedi: “Mən uşaqların toyu üçün gərəkən şeylərin çoxunu düzəltmişəm, kiçik əyər-əskik qalıb, onları da ələ gətirmək üçün istəyirəm yaxın günlərdə Ərdəbil bazarına gedəm”. Bəyin bu sözündən sonra yer-yerdən, “xeyirli-uğurlu olsun” səsləri ucaldı. Qəhrəman bəy evinə qayıtdı, bundan iki gün sonra toyun çatışmayan şeylərini almaq üçün Ərdəbil bazarına getdi. Elə o günün axşamı Cahangir bəy Van kəndinə gəlib orada Əmin bəyin oğlanlarından Qəhrəman bəyin toy tədarükü üçün Ərdəbilə gedəcəyini, oradan bir həftə sonra qayıdacağını öyrəndi. Gecə, bəylərin yığıncağında Cahangir bəy üzünü Əmin bəyin oğluVəkilağa bəyə tutub dedi: “Mən bu işdən baş aça bilmirəm, necə olur Qəhrəman bəy bizim işlərimizə ağsaqqallıq eləyir? Bunu hamı bilir, onlar o taydan, Qarabağdan gəlib bizim torpaqlarımızda yerləşiblər, bizim ata-babalarımız onlara yüzillik qəbalə ilə yer veriblər, burada yaşamaqlarına, dolanışıqlarına yardım eləyiblər, indi də torpaqlarımızı geri qaytarmaq vaxtı gəlib çatıb, bunlar üzlərinə verib yerlərindən tərpənmək istəmirlər. Sən elə bilirsən, Qəhrəman bəy bu toy işini bizi çox istədiyi üçün öz üzərinə götürübdür? Yox, o yaxşı bilir bizim adımıza görə bu toya gələnlər çox olacaq, çoxlu pullar yığılacaq, o da gözünü dikib bu pula, yığılan pulları altına yığıb bir az da varlanmaq istəyir, bir də gördün  günlərin birində bizim bəyliyimizi də əlimizdən alıb Moran oymağına özü böyüklük eləmək istəyəcəkdir”. Vəkilağa bəy bu sözün cavabında dedi: “Cahangir bəy, sən bizimlə əmioğlu olmaqdan başqa həm də kürəkənimizsən. Ancaq elə bil bizi yaxşı tanımırsan. Məmi bəy Qəhrəman bəyə dustaqda o yaxşılığı eləməsəydi, sonradan da belə dost olmasaydılar, Qəhrəman bəy bizim evimizə gəlmək nədir, heç Moran kəndlərinin yanından da keçə bilməzdi. İndi Məmi bəy onunla dost olduğu üçün bu toya böyüklük eləməyi Qəhrəman bəyə tapşırıbsa, bu dediyin sözlər artıqdır”. Cahangir bəy cavabında: mən bir söz demirəm, ancaq görərsiniz bu işin sonu elə mən deyən kimi olacaq deyib, sözü dəyişdi: “Əmioğlu, mən birisigün Germi bazarına getməliyəm, bir-iki gərəkən alacaqlarım var, deyirəm yaxşısı siz də İbrahimxan bəyi götürün birlikdə gedək, toya çatmayan şeylərdən biz də alaq, güc təkcə Qəhrəman bəyə düşməsin”. Oturanlardan Ağalar bəy onun bu sözünü bəyənib dedi: “Əmioğlu, bunu çox yaxşı dedin, biz nədənsə yaxamızı qırağa çəkib dayanmışıq, bu toy üçün biz də gərək əlimizdən gələn yardımları eləyək”. Qurduğu tora ov düşəcəyini duyan Cahangir bəy bir az da ürəkləndi: “Əmioğlu, bu işi gecikdirmək olmaz, sən sabah get Kürdlərə İbrahimxan bəylə danış, qoy bizimlə getsin, həm onun üçün bir az bazarlıq eləyərik, həm də bir az könlü açılar. Sən İbrahimxan bəyi götür gəl bura, birisi gün ertədən gəlin bizə, Germiyə yola düşək”. Danışıq qurtarandan sonra Cahangir bəy qurğusunun baş tutduğuna görə sevincək olub öz evinə getdi.
Ertəsi gün Vəkilağa bəy Kürdlər kəndinə, İbrahimxan bəyin evinə getdi. Salam-sağoldan sonra üzünü İbrahimxan bəyə tutub dedi: “Əmioğlu, dünən Cahangir bəy bizə gəlmişdi, bizi çox düzgün olaraq qınayıb deyir, Qəhrəman bəy səninlə bacının toyu üçün çalışır, biz isə qıraqdan durub baxırıq. Çox götür-qoydan sonra belə bir gənəşiyə gəldik: sabah Cahangir bəylə mən səni də götürüb Germi bazarına gedək, toyun çatışmayan şeylərindən alıb gətirək”. İbrahimxan bəy dedi: “Əmioğlu, düzdür Qəhrəman bəy atamın vəsiyyətinə görə bu toyların ağsaqqallığını öz üzərinə götürüb, ancaq bizim də ona yardım etməyimiz pis olmazdı”. Beləliklə də, Vəkilağa bəylə İbrahimxan bəy anlaşıb ertəsi günü Germi bazarına getmək üçün Van kəndinə gəldilər. 
Sabahısı gün səhər yeməyini ertədən yeyib, atlarını minərək, Təmirtaş kəndinə gəldilər, Cahangir bəyi də götürüb Germi bazarına getdilər. Germi bazarına çatıb atlarını karvansaraçıya verdilər, Cahangir bəy bazarı yaxşı tanıdığını deyib qabağa düşdü, yolunu Nəcəfqulu ilə danışdıqları dükanın qabağından saldı. Razılaşdıqları kimi, Nəcəfqulu xan dükanın qarşısında qabaqcadan öyrətdiyi beş nəfərlə durub, onları gözləyirdi. Nəcəfqulu xanla bəylər biri-birini görəndə yaxınlaşıb çox istiqanlılıqla görüşdülər. Sonra onların arasında belə bir danışıq oldu. Nəcəfqulu xan soruşdu:
–Bəylər, xeyir ola bazara birlikdə gəlməkdə?
Cahangir bəy ona cavab verdi:
–Xeyirdir, bu əmioğlumuz İbrahimxan bəyə toy eləmək istəyirik, gəlmişik toy üçün gərəkən şeylərdən alıb aparaq. 
–Gəlininiz öz bəylik qızlarınızdan olar?
–Yox, xan sağ olsun, ancaq yaxşı kişinin qızıdır.
–Soyu-kökü kimlərdəndir?
–Gəlinimiz, Dilağardalı Qəhrəman bəyin qardaşı qızı, Əjdər bəyin bacısı Süfeyrə xanımdır. 
Cahangir bəy belə deyəndə Nəcəfqulu xan üzünü yana tutub, sanasan, buradakılara sezdirmək istəmədən qımışdı, ancaq bu, yaxında duran adamın gözündən yayına bilməzdi, ona görə də bəylər xanın irişməyini duydular. Onda xanın yanındakılardan biri soruşdu: “Siz o Məmi bəyi daldalıqda vurub öldürən Qəhrəman bəylə qohum olursunuz?” Bir başqası onun sözünü tutub dedi: “Bunlar moranlıdırlar, bunlara nə var, kimlə desən qohum olarlar”. Xan bu adamlara acıqlandı: “Yerinizi bilin, heç bilirsiniz bunlar kimlərdir? Biri Moranın keçmiş ağsaqqalı Əmin bəyin oğlu, o biri də kürəkənidir, Məmi bəylə də əmioğludurlar; o gənc yaraşıqlı igid də mən bilən Məmi bəyin oğlu İbrahimxan bəydir, elə Qəhrəman bəyin qardaşı qızını da ona gəlin gətirirlər. Bu yaxında onun toyu olacaq, bizi də saya salıb çağırsalar toyuna gedəcəyik”. Oradakı adamlardan bir başqası irəli çıxıb xanın qabağında dayanaraq soruşdu: “Xan, bu yaraşıqlı igid, yoxsa atasının qan bahasına görə o qızla evlənir?” Xan gülə-gülə qayıdıb deyəsi, yox, bunlar elə-belə ikibaşlı qohum olurlar, Məmi bəyin oğlu Qəhrəman bəyin qardaşı qızını, Qəhrəman bəyin qardaşı oğlu da Məmi bəyin qızını alır. O adam dil boğaza qoymadan dedi: “Xan, mən bilən qanlıçılıq aradan götürülmədən qohum olmaq düz iş deyil, mən sözün düzü birinci dəfədir belə qohumluq eşidirəm, özü də hələ ikibaşlı qohumluq!” Xan soruşdu: “Sən bilən bunlar Qəhrəman bəylə necə qanlıdırlar?”  Həmən adam gülüb xana dedi: “Xan, guya sən bilmirsən, bunlar necə qanlıdırlar?” Xan özünü acıqlı göstərib dedi: “Mən bilirəm ya yox, öz işimdir, sözü sən ortaya atmısan, de görək nə demək istəyirsən?” Adam karıxmadan dedi: “Xan, bunu tək mən bilmirəm, özün də bilirsən, bütün Ucarlı mahalında böyükdən kiçiyə hamı Məmi bəyi Qəhrəman bəyin öldürdüyündən danışır, Məmi bəyi rusların öldürdüyünü də, izi itirmək üçün, yalandan atıblar ortaya. Mənim ağlıma da gəlməzdi, Moranlılar bu qanlıçılığı unudub, Dilağarda ilə qohum olarlar, özü də ikibaşlı!” Xanın yanındakı adamlardan biri isə belə dedi: “Mən özüm də Dilağardalıyam, onların iç sözlərini yaxşı bilirəm, deyilənə görə Moranlıların çoxu Məmi bəyi Qəhrəman bəyin öldürdüyünü bilirlər, ancaq onlar Qəhrəman bəylə qohum olmağı özlərinə başucalığı bildiklərinə görə bunu qulaqardına vururlar. Belə çıxır, öz adamlarının qanını ad-sana satırlar”. Bu sözü deyəndə Nəcəfqulu xanın yanındakı adamlar ağız-ağıza verib gülüşdülər. Gülüş kəsiləndən sonra, özünə Dilağardalı deyən adam dedi: “Əşşi, bizdə elə düz deyirlər də, Moranlı nə bilir ar-namus nədir”. Bu söz az qala aranı qarışdırcaqdı, ancaq Cahangir bəy özünü ortaya atıb qovğa qalxmağa qoymadı: “Ay qardaş, sən düz deyirsən, biz moranlılar ar-namusun nə olduğunu düzgün başa düşmürük, başa düşsəydik əli qanlı yağımız Qəhrəman bəyi içimizə buraxmazdıq, üstəlik özümüzə ağsaqqal eləməzdik. Məmi bəyi öldürən də bunlar, onun yas yığıncağının ağsaqqallığını eləyən Dilağardalı Kərbəlayi Böyükağa bəy, gələn-gedənin qarşılayıb yola salan da Qəhrəman bəy, elə bil Moranda bir kişi yox idi bu işləri görə, öz ölüsünün yasını yola verə. Məmi bəy ölən günü Qəhrəman bəyin öz iç adamlarından biri mənə gizlincə pıçıldayıb, Məmi bəyi Qəhrəman bəyin öldürdüyünü demişdi, mən onun sözlərini bu əmioğlanlarıma deyəndə az qala məni yas yerindən qovacaqdılar. Məmi bəyin ölümünün acısını çəkməkdən ürəyimin yağı əriyib gedib, ancaq bu əmioğlanlarımın heç qulağına da deyil. İndi də deyirlər Qəhrəman bəy Ərdəbilə toyun çatışmayan şeylərini almağa gedibdir, bir azdan toyu yola verib Moranın bəyliyin də ələ keçirəcək, bunlar belə fırıldaqları yaxşı bacarırlar, görmürsən aldadıb qəbalə ilə torpağımızı alıblar, indi də qaytarmaq vaxtı çatıb, gündə bir oyun çıxarıb başımızı qatırlar. Elə bu torpağa görə neçə adamlarımızı vurub öldürüblər, Allah bilir, bəyliyi ələ keçirməkdən ötəri də neçəsini öldürəcəklər”. Nəcəfqulu xan özünü elə göstərdi, Cahangir bəyin bu sözündən çox sarsılıb, üz-gözünü turşudaraq Vəkilağa bəydən soruşdu: “Vəkilağa bəy, doğrudanmı sən öz bəyliyini Qəhrəman bəyə vermək istəyirsən?” Vəkilağa bəy dedi: “Xan, sən haçağ öz xanlığını başqasına verməyə razı olsan, onda mən də bəyliyimi başqasına verərəm”. Nəcəfqulu xan dedi: “Vəkilağa bəy, sən yaxşı bilirsən, mənim soyum Alarlıdır, o taydandır. Babam Şahmurad təkbaşına Alardan gəlib burada Ərşə mahalının bəyi olub, indi mən də buranın xanı olmuşam. Sən özün Əmin bəyin oğlusan, Əmin bəy çox adlı-sanlı kişi idi, deyirlər Tehran sarayına gedəndə şah onu ayaq üstə saxlamazmış, kürsüyə otuzdurub danışarmış. İndi Əmin bəyin yerində Moranın bəyi sən olubsan, mən anlaya bilmirəm, Moran böyüklükdə oymağın qabağında Qəhrəman bəy necə duruş gətirə bilər, siz onun nəyindən çəkinirsiniz?” Vəkilağa bəy danışmaq istəyəndə Cahangir bəy özünü ortaya atıb dedi: “Xan, əmioğlu mənimdir, qoy sözün düzünü mən sənə deyim, o, Qəhrəman bəylə qohumluğu özünə başucalığı bilir, qaldı Məmi bəyin oğlu, o da Qəhrəman bəyin qardaşı qızı Süfeyrə xanımın gözəlliyinə aldanıb, ağlını elə uduzdurubdur, Qəhrəman bəy bütün Moranı satıb sovsa da, çapıb talasa da dillənəsi deyildir. Bayaq dedim, mən ilk gündən bunlara Məmi bəyi Qəhrəman bəyin öldürdüyünü demişdim, sözümə qulaq asmadılar, hələ desən özümü gözümçıxdıya da saldılar. İndi inanmıram burada deyilən sözlər də bunlara təsir eləyə. Qəhrəman bəy Məmi bəyin yas yığıncağını apardı, demirəm pis apardı, lap necə gərəkirsə elə də yola verdi, ancaq bunu öz alçaqlığını örtbasdır eləmək üçün elədiyini mən bunlara anlada bilmirəm. İndi də fırıldağa əl atıb toy eləmək istəyir, bir sözlə yavaş-yavaş Moranın ağsaqqallığını öz üzərinə götürür, sabah bir də gördün oturub Moranın bəyliyini də eləyir. Mənim bu əmiuşaqlarım hələ duza gedirlər, duzdan qayıdanda bilərlər başlarına nə gəldiyini”.  Nəcəfqulu xan dedi: “Mən də inana bilmirəm, Qəhrəman bəy qazanc güdmədən durub İbrahimxan bəyə toy eləyə, qardaşı qızını ona boş-boşuna verə, o sizin bəyliyinizi ələ keçirmək üçün bu işləri görür”. Cahangir bəy dedi: “Xan, çox düz buyurursan, bu günlərdə Qəhrəman bəy gedib Ərdəbildən toy ayın-oyunlarını almağa, bir həftəyə qayıdıb Məmi bəyin oğlu İbrahimxan bəyin toyun eləmək istəyir, elə bil Moranda bir başıtərpənən kimsə yoxdur, bu düşüb ortaya, onun düşündüyü budur, qabaqca bizim xeyir-şərimizin ağsaqqallığını eləsin, yavaş-yavaş bizi bu işlərdən qıraqda saxlayıb, günlərin birində bəyliyimizi də ələ keçirsin”. Nəcəfqulu xan üzünü Vəkilağa bəyə tutdu: “A bəy, sən Əmin bəy kimi bir kişinin oğlu ola-ola bunlara necə dözürsən? Atalar yaxşı deyiblər, oddan kül torəyər, necə ola bilər Əmin bəy kimi bir kişinin bəylik elədiyi Morana qıraqdangəlmə bir adam gəlib bəylik eləyə, sonra siz adam içinə nə üzlə çıxacaqsınız?” Nəcəfqulu xanın sözləri elə bil bir ox olub Vəkilağa bəyin ürəyinə sancıldı, qan beyninə vurdu, özünü ələ alıb dilləndi: “Xan, Qəhrəman bəy bizim içərimizə yol tapıb doğma adamımıza çevrilibdir, atamın da yasına gəlib, Məmi bəyin də yasını yaxşıca yola veribdir, indi Moranda hamı onu bizə doğma adam kimi tanıyır. Biz sənin bu dediklərindən sonra işin düzünü anladıq, ancaq bunu başqaları bilmir, biz indi durub ona pislik eləsək, elə biləcəklər biz ona qarşı namərdlik eləyirik. Burası da var, Dilağardanın yaraq-yasaqlı adamları bizdən çoxdur, biz onlarla üz-üzə gəlsək Qəhrəman bəy bizə üstün gələcəkdir”. Nəcəfqulu xan bir az susandan sonra dilləndi: “Bəy, düz deyirsən, açıq döyüşdə o sizə üstün gələr, ondan doğrudan da Məmi bəyin qanını almaq istəyirsinizsə, mən onu necə aradan götürməyin yolunu sizə deyərəm”. Bu yerdə İbrahimxan bəy dilə gəldi: “Xan, Qəhrəman bəy mənə bir yox, on dünyagözəli qardaşı qızını versə də, mən atamın qanını ona bağışlamaram”. Cahangir bəy irəli gəlib əlini İbrahimxan bəyin kürəyinə vuraraq dedi: “Sən indi doğrudan da Məmi bəyin oğlu olduğunu göstərdin, atanın sənin üçün çəkdiyi əməyi yerə vurmadın. Evlənmək üçün çox qız tapmaq olar, ancaq biz Məmi bəyin qanını almasaq, bütün yan-yörədəki oymaqlar üstümüzə ayaq alarlar, hamı da bizə qeyrətsiz kimi baxar”. Vəkilağa bəy dedi: “Biz indi Qəhrəman bəylə qovğaya başlasaq, ortada çoxlu adamlar öləcək, yenə qırğın düşəcəkdir, yaxşısı bunu bir ayrı vaxta saxlayaq”. Cahangir bəy dedi: “Haçağa saxlayaq deyirsən? Gözləyək bizim bütün başıtərpənənlərimizi bir-bir aradan götürsün, sonra əlimiz heç haraya çatmasın?” Nəcəfqulu xan dedi: “Burada ən yaxşısı Qəhrəman bəyi aradan götürməkdir, onu öldürsəniz, Dilağardanın beli qırılacaq. Mənim bildiyimə görə Qəhrəman bəy İbrahimxan bəyin evinə gəlib gedir, elə orada da pusqu qurub, öldürün getsin. Sonra mən də söz verirəm, sizə yardım eləyərəm, bu Dilağardanı o taydan gəldikləri Qarabağa kimi qovalayarıq gedərlər, biryolluq sizin də canınız qurtarar”. Vəkilağa bəy dedi: “Bəy, qonağı evdə öldürmək bizim adımıza yaraşmaz, eşidən bilən qiyamətəcən bizi söyər, qarğış altında qalarıq”. Nəcəfqulu xan dedi: “Qəhrəman bəy Məmi bəyi namərdliklə öldürəndə ona eyib olmadı, siz Məmi bəyin qanını alanda eyib sayılacaq? Nə deyim, elə danışırsan, elə bil Əmin bəy kimi el ağsaqqalının oğlu deyilsən!” Bu yerdə danışığa Cahangir bəy qoşuldu: “Xan, mənim əmim oğlanları belə sözləri anlamazlar, budur mən sənə deyirəm, sən doğrudan da kişi kimi bizə bu işdə yardım eləyəcəyinə söz verirsənsə, Qəhrəman bəy İbrahimxan bəyin evinə gələndə biz onu aradan götürərik”. Nəcəfqulu xan onları arxayın saldı: “Bəylər, mən sizə kişi kimi söz verirəm, Qəhrəman bəyi aradan götürsəniz, sizə əlimdən gələn yardımı əsirgəməcəyəm, birləşib onları o taya, Qarabağacan qovarıq, siz də əlinizdən çıxan torpaqlarınızı özünüzə qaytararsınız. Atalar deyiblər, mülk kişinin kəbinli arvadı kimi onun namusu sayılır, mülkünü əlindən alıblarsa, deməli namusuna sataşıblar, sizin yaşınız az olduğuna görə görünür hələ bunu yaxşı anlamırsınız, bəyin əlində mülkü olmasa kimsə onu adam yerinə qoymaz, nə də adına bəy deməzlər. Bəyin mülkü artdıqca ad-sanı da artar. Dilağardanı buradan qovub çıxardandan sonra onların sizdən aldıqları torpaqarınızı geri qaytararsınız, mülkləriniz böyüyər, həm ad-sanınız, həm də var-yatırınız artar. Boşalan torpaqları da, bu tayda torpağı olmayanlara icarəyə versəniz, onun qazancını yığııb yığışdırmaq olmaz. Bunu eləyə bilsəniz, Moran bu tayda ən böyük bəylik olar. Xalqın bir danasını oğurlayanda ondan ötəri ölüm-dirim savaşına çıxır, sizin neçə min hektar torpaqlarınız əlinizdən çıxıb, halal torpağınızı istəyəndə vurub adamlarınızı öldürürlər, siz isə bilmirəm nəyə görəsə buna dözürsünüz. Gücünüz azdırsa, mən sizin arxanızda dururam, daha nədən çəkinirsiniz?” Vəkilağa bəy dedi: “Xan, çox sağ ol, sənin kimi arxamız olandan sonra biz Dilağardaya bata bilərik, bu gündən sonra bu yolda əlimizdən gələni eləyəcəyik”. Cahangir bəy də danışığa qoşuldu: “Xan, Qəhrəman bəy Ərdəbildən gələn kimi İbrahimxan bəyin evinə gələcək, biz onu elə oaradaca da öldürüb Məmi bəyin yanına göndərərik, sonra sənə soraq eləyəcəyik, ancaq bizi darda qoymayasan!”  Xan bir də onlara yardım edəcəyinə söz verəndən sonra bəylər onunla görüşüb ayrıldılar. 
Moran bəyləri bazardan gərəkən şeyləri alandan sonra evlərinə yola düşdülər. Yol uzunu bütün danışıqları Qəhrəman bəyi necə öldürəcəklərindən oldu. Danışığın sonunda Qəhrəman bəy İbrahimxan bəygilə gələn kimi onu orada öldürəcəklərini kəsdirdilər, sonra ayrılaraq hərəsi öz kəndilərinə getdilər.
Bundan bir-iki gün sonra Qəhrəman bəy toy ayın-oyunlarını alaraq Ərdəbildən qayıdıb gəldi, elə o günü də İbrahimxan bəyin anası Səkinə xanıma ismarış göndərib, ertəsi günü bir neçə adamla onlara toyların vaxtını gənəşmək üçün gələcəyini çatdırdı. Səkinə xanım ismarışı alan kimi bir atlı Van kəndinə, birini Temirtaşa göndərdi, sonra da Kürdlərdə yaşayan içkin adamlarını da sabah toplanacaq gənəşik yığıncağına çağırdı. Cahangir bəy gənəşik yığıncağı olacağını eşidən günün sabahısı atını minib Van kəndinə gəldi, Vəkilağa bəylə oturub Qəhrəman bəyi necə öldürəcəklərini götür-qoy eləyib anlaşdılar, Qəhrəman bəyin çox igid adam olduğunu deyən Cahangir bəy Vəkilağa bəyə özü ilə bacardıqca çox tüfəngli götürməsini tapşırdı, dedi ora gedəndə adam göndər, mən də sizə qoşulum, bir yerdə gedək. Cahangir bəy olduqca çoxbilmiş bir adam idi, Vəkilağa bəydən ayrılıb öz kəndi Temirtaşa qayıdanda yolda fikirləşməyə başladı: “Tutalım, biz yığışıb Qəhrəman bəyi öldürdük, bununla Dilağarda qırılıb qurtarmayacaqdır, onlar da əllərini yanlarına salıb dayanmayacaqlar. Nəcəfqulu xanın yardımı ilə onları buradan qovlayıb o taya keçirsək belə, onsuz da mən bu əmiuşaqlarımı yaxşı tanıyıram, qayıdan torpaqlarımızın ən yararsız yerlərindən götürüb mənə verəcəklər. Mən necə eləyim, Qəhrəman bəyin ölümündə əlim olduğu bilinməsin, bizim bu Morana bərk ayaqda  güvənmək olmaz, birdən Dilağarda üstün gəlsə, qoy elə düşünsünlər, mənim bu işdə əlim olmayıb. Ən yaxşısı, mən indi özümü xəstəliyə vurub, bu gecəki yığıncağa getməyim, Qəhrəman bəyi öldürəndən sonra baxaram işlərin gedişinə...” Cahangir bəy belə düşüncələrlə gəlib Temirtaş kəndinin girəcəyinə çatanda başladı qışqırmağa: “Ay aman, ölürəm, mən tez evimə çatdırın”. Sonra da başladı atın üstündə yırğalanmağa, sanasan, indi atın üstündən yıxılacaqdır. Kənd adamlarından bir-ikisi ona yaxınlaşıb atının cilovundan tutdular, bəyin özünü də yıxılmasın deyə əlləri ilə saxlayaraq, evinə gətirdilər. Cahangir bəyin çox ağır xəstə olduğunu eşidən arvad-uşağı əl-ayağa düşdülər, onu atın üstündən götürüb yatağa saldlar, bütün Temirtaş kəndinə Cahangir bəyin ölüm ayağında olması xəbəri yayıldı. Bəyin yaxın adamları onun yatağının yanını kəsdirib oturdular, Cahangir bəy isə özünü tülkülüyə vurub dayanmadan zarıyır, ah-vay eləyirdi. Yaxınlıqda olan Vənistə kəndinə, həkim Rzanın dalınca adam göndərdilər. Həkim Rza gəlib çıxandan sonra, bəyin nəbzini, qızmasını yoxladı, başqa əlamətlərə baxdı, sonra qırağa çəkilib bəyin adamlarına dedi: “Bayaqdan bəyi yoxlayıram, onda heç bir xəstəliyin əlaməti yoxdur, mən bilən o heç xəstə də deyil, ancaq niyə belə eləyir, bax bunu anlaya bilmirəm”. Adamlar yer-yerdən həkimin üstünə düşüb dedilər, sən nə danışırsan, görmürsən kişi nə gündədir, yerində qıvrılır, zarıyır, sağlam adam da belə eləyərmi? Həkim, bəyin yaxın adamlarının qınaqlarına dözməyib, Cahangir bəyi bir də yoxladı, yenə bir şey tapmasa da, canını qurtarmaq üçün dedi: “Bir az soyuqdəyməsi var, ona görə belə halsızlaşıb, tez bir qoyun kəsin, dəriyə çəkin, bununla da bu xəstəlik keçib gedəcək”. Həkimin bu sözünü eşidəndə Cahangir bəy üzgün bir səslə dilləndi: “Qoyun kəsməyə gərək yoxdur, bu xəstəlik nədirsə birdən gəlib, elə birdən də gedəcək”. Adamları dedilər, həkimin sözündən çıxmaq olmaz, sən boyda adamı bir baş qoyuna satmaq olmaz. Qoyun kəsdilər, bəy dəriyə girmək istəməsə də, onu yarı güc, yarı xoşluqla dəriyə çəkdilər. Sonra da tərləsin deyə, üstünü bərk-bərk basdırdılar. Elə bu anda Vəkilağa bəy başında bir bölük tüfəngli, Cahangir bəyi özü ilə götürüb Kürdlər kəndinə getmək üçün gəlib çıxdı. Bəyin qapısında çoxlu adam görüb, qabaqca elə düşündü Cahangir bəy Qəhrəman bəyi öldürməyə aparmaq üçün bu adamları toplayıb, ancaq toplaşanların yaraqsız olduqlarını görəndə nəsə başqa bir iş düşdüyünü anlayıb, nə baş verdiyini soruşdu. Cahangir bəyin əmisioğlu Şirxan dedi: “Bəy, Cahangir bəy sizdən qayıdanda yolda bərk xəstələnib, özünü güclə evə çatdırdı, həkim Rzanı gətirmişik, deyir soyuqdəyməsi var, elə indicə dəriyə çəkmişik, uzanıb evdə. Vəkilağa bəy qaçaraq Cahangir bəyin yanına gəldi, gördü doğrudan da Cahangir bəy dəriyə girib yatır, soruşdu: “Əmioğlu nə baş verib?” Cahangir bəy üzgün bir səslə dedi: “Bəy, elə sizin kəndin üstündəki təpəni bu üzə aşan kimi bədənimə bir üşütmə gəldi, az qaldı atdan yıxılam, özümü güclə evə çatdırdım, indi də həkimin sözü ilə dəriyə çəkiblər, deyəsən bir az yaxşılaşmışam, görək sonrası nə olacaq”. Vəkilağa bəy dedi: “Qəhrəman bəy özündən başqa dörd adamla gəlib, indi İbrahimxan bəyin evindədir, deyirsən bir az yaxşılaşmısan, dur gedək işimizi görək”. Cahangir bəy dedi: “Əmioğlu, sən özün də yaxşı bilirsən dəriyə girən adam gərək iki-üç gün evdən bayıra çıxmayıb özünü gözləsin, mən indi ayağa dursam, qorxuram bir az da pis olam”. Vəkilağa bəy oradakılar başa düşməsinlər deyə üstüörtülü danışdı: “Onda deyirsən, bugünkü işi sonraya saxlayaq?” Bunu eşidəndə Cahangir bəy dəli oldu: “Əmioğlu, sən nə danışırsan, bizim bu işi görəcəyimizi artıq bir neçə adam bilir, söz var deyərlər, yerin də qulağ var, o adam bu işdən duyuq düşsə, biz onunla bacara bilmərik, üstəlik o özü bizim başımıza oyun açar. Mənim olmamağımla siz bu işi sonraya saxlamayın”. Sonra Vəkilağa bəyi yaxına çağırıb onun qulağına pıçıltı ilə dedi: “Burada çətin bir iş yoxdur, Qəhrəman bəy yanındakı adamlarla bu gecə İbrahimxan bəyin evində gecələyəcəkdir, siz onların yataqlarını üst evdə salın, onlar yuxuya gedəndən sonra alt evdən iyirmi tüfəngli ilə aşağıdan yuxarıya onları güllə yağışına tutun, bununla da bu iş bitsin. Bu girəvə bir də ələ düşməz, gedin işinizi görün”.  
Vəkilağa bəy yaraqlı adamlarını da götürüb Kürdlər kəndinə, Məmi bəyin oğlu İbrahimxan bəyin evinə gəldi. Vəkilağa bəyin gəldiyini eşidən Qəhrəman bəy qapıya çıxıb onunla istiqanlıqla görüşdü, yanındakı yaraq-yasaqlı adamlarla da əl tutdu, sonra hamısı birlikdə evə keçdilər. Gecə şam süfrəsi yığılandan sonra ilk olaraq sözə Qəhrəman bəy başladı: “Mənim bura gəlməkdə, sizləri də bura yığmaqda məqsədim bir iş üçündür, uşaqların toyları üçün gərəkən bütün şeylər alınıb yığılıbdır, indi sizinlə gənəşib bu toylara başlamaq istəyirəm. Bildiyiniz kimi mən bu işi özbaşına boynuma götürməmişəm, rəhmətlik Məmi bəyin vəsiyyəti belə olub, mən də onun son tapşırığını yerinə yetirirəm. Bir söz deyim, mənim düşüncəmə görə, bizim iki oymağın belə qandaş olaraq yaxınlaşıb birləşməsinə mən çox sevinirəm. Bundan sonra bir kimsə bizim üstümüzə ayaq ala bilməz, nə o yekəbaş Nəcəfqulu xan, nə də başqaları. Hamınızın bildiyi kimi bizim oymaqlarımızdan olan çoxlu insanlar otay Azərbaycanda qalıblar, biz bu birliyimizi qoruyub saxlaya bilsək, onların da hayına yetişərik. Rusiyada hökumət yıxılandan sonra orada ara qarışıb, bizim otayda yaşayan adamlarımız çox böyük çətinliyə düşüblər. Elə bilirəm yaxın çağlarda gücümüzü toplayıb o tayın Lənkəran mahalının bəyliyini də əlimizdə toplaya bilərik, qoy bizim qandaşlarımız onun-bunun tapdağı altında qalmasınlar”. Bu yerdə Moran bəylərindən Şəbi bəy dilləndi: “Bəy, allah Məmi bəyə dönə-dönə rəhmət eləsin, o çox geniş ürəkli bir insan idi, o kişi vaxtında böyüklük eləməsəydi bizim oymaqlarımızın bu doğmalığı, birliyi də yaranmazdı, çox ola bilsin, indiyəcən bir-birimizi qırıb qurtarmışdıq”. Şəbi bəyin bu sözü oturanların çoxunu kövrəltdi, Qəhrəman bəy cibindən dəsmalını çıxarıb göz yaşlarını siləndən sonra dedi: “Şəbi bəy, Allah Məmi bəyin o dünyasını versin, ancaq gəl bu yığıncaqda qüssə gətirən sözlər danışmayaq”. Bu yerdə Məmi bəyin xanımı Səkinə xanım da danışığa qoşuldu: “Bəy, sən bilirsən mən o tayın Perimbel oymağındanam, oranın bəyi Rüstəm bəyin bacısıyam, bu dediyin birliyə Perimbel də qoşulsa, bizə heç kimsənin gücü çatmaz, otaylı-butaylı bu torpaqlarda əmin-amanlıq yaranar”. Qəhrəman bəy Səkinə xanıma üz tutdu: “Xanım bacı, sən düz deyirsən, biz gərək gücümüzü bir yerə yığıb adamlarımızın arxayın yaşamasına çalışaq, bütün bu didişmələr, qırğınlar dayansın. Ancaq bütün bunlara uşaqların toyunu eləyəndən sonra başlamaq istəyirəm”. Yer-yerdən hamı Qəhrəman bəyin sözü ilə razılaşdılar. Sonra Qəhrəman bəy yığıncağa üz tutub dedi: “Baxıram, bu toyların başa gəlməsinə hamıdan çox mən tələsirəm, ancaq ataların sözü var, deyərlər, tək əldən səs çıxmaz, sizin yardımınız olmadan, mən təkbaşına bu işləri görə bilmərəm. İndi yaz günləridir, bir azdan ot çalımı başlayır, onun dalınca da taxıl biçini gəlir, ona görə də gərək çalışıb yaxın günlərdə bu toylarımızın ikisini də eləyək”. Bəyin bu sözündən sonra kimsə dillənmədi, bir azdan Şəbi bəy söz alıb dedi: “Bəy, sən düz deyirsən, bir azdan işin-gücün qızğın çağı gəlir, gərək oçağacan bu toyları eləyək. Özü də atalar deyiblər, xeyir işdə gərək elə tələsəsən, mən bu gündən sonra bu işdə səninlə çiyin-çiyinə çalışacağam. Qabaqca İbrahimxan bəyin toyunu eləməyinə də sözümüz yoxdur, Tanrı ürəyinə görə versin. Biz də sabahdan başlamış toy mağarını qurmaqdan tutmuş, toyu yola verəcək adamlara kimi hamısını götür-qoy eləyib ayırd eləyərik. Bir də bəy, bidiyin kimi, Nikolay hökuməti yıxılıb, otayla butayın sərhəddi də aradan götürülübdür, sizin də, bizim də otayda illərlə üzünü görmədiyimiz əmiuşaqlarımız var, gərək onlara da ismarış eləyək bu toydan qalmasınlar, ancaq bizim də boynumuza onları yaxşı qarşılayıb qulluqlarında durmaq düşür, gərək bunun da qayğısına qalaq”. Bütün bu gənəşiyin gedişində susub dillənməyən Vəkilağa bəy dedi: “Yazın qısa gecəsidir, elə bilirəm qonaqlar da yorulub, yataq düzəldin qoy dincəlsinlər”. Bunu deyib ayağa durdu, yığışan adamlar da qalxıb dağılışdılar. Vəkilağa bəy ev adamına qonaqların yataqlarını üst evdən, hansı otaqdan salacaqlarını tapşırıb, özü adamları ilə birgə alt evə endi. Sonra yaraqlı adamlarını Qəhrəman bəyin öz adamları ilə yatdığı otağın altında yerləşdirdi, onları sıraya düzüb, mən “hə” deyəndə atarsınız dedi. Bir azdan qonaqların yatdığına arxayın olandan sonra, Vəkilağa bəy adamlarına “atış” buyuruğu verdi, iyirmi adam birdən tüfənglərini üst evə yönəldib atdılar, deyəsən güllələr qonaqları yaxşı tutmuşdu, yuxarıda hərəkət eləyən olmadı, ancaq yaraqlılar yenə də Vəkilağa bəyin buyuruğu ilə kimin ölüb-qaldığını bilmək üçün, qaçaraq üst evə çıxdılar. Qonaqlardan təkcə Mirzəxan bəy yaxşı qurtarmışdı, güllə onun ancaq sol qolunu yüngülcə yaralamışdı. Mirzəxan bəy yerindən sıçrayıb canını qurtarmaq üçün elə tuman-köynəkli həyətə tullandı, ancaq orada Vəkilağa bəylə üz-üzə gəldi, Vəkilağa bəy tüfəngini qaldırıb onu vurmaq istəyəndə səs-küyə gəlmiş Səkinə xanım özünü araya atdı, Mirzəxan bəyin əlindən tutub, qırağa çəkdi, sonra Mirzəxan bəyin üst-başını qanlı görüb nə baş verdiyini soruşdu. Mirzəxan bəy dedi: “Xanım, o səsinə ayıldığınız güllələr bizə atıldı, yoldaşlarım deyəsən hamısı öldülər, tək mən qalmışam”. Bunu eşidəndə Səkinə xanım qışqırmağa başladı: “Qonağı öldürmək namussuzluğu gərək elə mənim bu xarabamda baş verəydi!” Bu sözləri deyəndən sonra əl atıb üzünü cırdı, saçını yolmağa başladı. Sonra nə düşündüsə dayanaraq, Mirzəxan bəyi öz otağına salıb qapını bağladı, bir əlitüfəngli nökəri də qapıda qarovulçu qoydu, kim qonağa əl qaldırmaq istəsə, onu yerindəcə öldürməyi tapşırdı. Sonra da özünü Vəkilağa bəyə yetirib onu itələyib evdən çıxardı: “Cəhənnəm ol mənim xarabamdan, bu nahaq qanı mənim evimdə tökmək ilə sən bizim də adımızı batırdın!” Səkinə xanım beləcə Vəkilağa bəyə qarğış-nifrin yağdıraraq onu evindən qovdu. Üst evə çıxan yaraqlılardan bir neçəsi qonaqlar vurulan otağa girib Qəhrəman bəyin hələ sağ olduğunu gördülər, gülələlər onu çox yerindən tutmuşdu, hər iki qolu sınıb yanına düşmüşdü, ancaq bəy bərk yaranlasa da, sağ qalmışdı. Qəhrəman bəy otağa girənləri görəndə, onu necə öldürəcəklərini görməmək üçün qolları işləmədiyindən, ayağı ilə yorğanı qaldırıb başına çəkdi, tüfənglilər bir neçə güllə də vurub onu öldürdülər.
Cahangir bəy dəriyə salınsa da, qulağı səsdəydi, Kürdlər kəndi ilə Temirtaş kəndinin arası elə də çox deyildi, ona görə də Kürdlər kəndində gecəyarısı atılan güllələrin səsini eşidən kimi hay-haray salıb, tez onu dəridən çıxarmalarını buyurdu. Həkim Rza bəyin bu yalanına görə onu bir az da incitmək üçün dedi: “Bəy, dəridən yarımçıq çıxmaq olmaz, mənim bildiyimə görə buna görə sağalmaz xəstəliyə tutula bilərsən”. Cahangir bəy həkimə dil tökdü: “Rza, daha dözə bilmirəm, denən məni dəridən çıxarsınlar, sənin bu yaxşılığına görə, mənə olan taxıl borcunu sənə bağışlayıram”. Həkim Rzanın göstərişi ilə bəyi dəridən çıxardılar, Cahangir bəy tez geyinib atını yəhərlətdirdi, özü ilə bir neçə adam da götürüb Kürdlər kəndinə yola düşdü. İbrahimxan bəyin qapısına yetişəndə burada çoxlu adam toplaşdığını görüb, hamı onun sonradan gəldiyini bilsin deyə, uca səslə nə baş verdiyini soruşdu. Yığışanlar dedilər, gecə Vəkilağa bəy İbrahimxan bəyin evində qonaqqırdı eləyib, Qəhrəman bəylə onun adamlarını öldürübdür, sonra kimsə Qəhrəman bəylə gələnlərdən Mirzəxan bəyin sağ qaldığını deyəndə Cahangir bəy atdan düşüb onu görməyə getdi. Gedərkən bərkdən: Vəkilağa bəy çox əskik iş görübdür, bütün Moranlının adını batırıbdır deyərək, sözünü yığışanlara eşitdirdi. Cahangir bəy Mirzəxan bəyin hansı otaqda olduğunu bilən kimi nökərlərindən birini qırağa çəkib dedi: “Bax o ikinci otaqda Mirzəxan bəy yaralı yatır, özün də bilirsən, ot çalımı üstündə düşən savaşda o sənin qardaşını öldürmüşdü, indi yaxşı girəvədir, get sən də qardaşının qanını al, onu vur öldür”. Nökər gizlincə deyilən otağın qapısına yaxınlaşdı, içəri keçmək istəyəndə Səkinə xanımın yaraqlı nökəri Kərim onu içəri buraxmadı, güclə içəri keçmək istəyəndə isə Kərim onu güllə ilə vurub öldürdü. Güllə səsinə adamlar gəlib Kərimin Cahangir bəyin nökərini öldürdüyünü görülər. Kərim onu niyə öldürdüyünü deyəndə Cahangir bəy uca səslə: “Kərim, yaxşı eləyib bu alçağı öldürmüsən, adam da qonağa əl qaldırarmı?”- dedi. Mirzəxan bəy qapının ağzında dayanıb qulaq asdığından Cahangir bəyin bu dediklərini də eşitdi. 
Səkinə xanımın başı ayılan kimi Mirzəxan bəyin yarasını sarıtdırdı, səhər açılan kimi Kərimi yanına çağırıb dedi: “Atını min, Mirzəxan bəy də atlansın, onu sağ-salamat apar evində qoy. Sonra da Kərbəlayi Böyükağa bəylə Qara bəyin evlərinə gedib burada baş verənləri danışarsan, mənim adımdan üzür dilərsən, başsağlığı verərsən. Deyərsən ölənləri bir azdan yuduzdurub, kəfənlədib, göndərəcəyəm”. Kərim Mirzəxan bəyi öz kəndinə gətirdi, adamlar Mirzəxan bəyin üst-başını qanlı, qolunu boynundan asılı görəndə yığışdılar, nə baş verdiyini soruşdular, Mirzəxan bəy qarışıqlıq yaranmaması üçün baş verənləri gizlədib dedi: “Yolda gələndə bir neçə nəfər pusqu qurmuşdular, onlarla atışdıq, qolumdan yaralandım, ancaq yaram dərin deyil, qorxusu yoxdur”. Sonra Mirzəxan bəy Kərimi də götürüb Kərbəlayi Böyükağa bəyin kəndinə gəldi. Kərbəlayi Böyükağa bəy Mirzəxanın yaralı olduğunu görəndə ondan nə baş verdiyini soruşdu. Mirzəxan bəy qabaqca susub danışa bilmədi, dili söz tutmadı, handan-hana hönkürüb oxşama deyə-deyə sözünü Kərbəlayi Böyükağa bəyə çatdırmağa başladı. Deyilən oxşamadan Kərbəlayi Böyükağa bəy Qəhrəman bəylə başında gedən adamların öldürüldüyünü anladı, üzünü Mirzəxan bəyə tutub dedi: “Özünü ələ al, mənə toxdaqlıqla de görüm nə baş veribdir?” Mirzəxan bəy baş verənləri necə olubsa, elə də danışdı. Kərbəlayi Böyükağa bəy soruşdu, adamlarımızın ölüləri indi haradadır, Moranlılar bu işə nə deyirlər? Onda Səkinə xanımın nökəri Kərim irəli çıxıb özünü tanıdandan sonra dedi: “Kərbəlayi, məni Səkinə xanım göndərdi sizə çatdırım, bu ölümdən onun xəbəri olmayıb, yoxsa necə Mirzəxan bəyi ölümdən qurtardı, onları da öldürməyə qoymazdı, bu işə görə sizdən üzür diləməyi də mənə buyurubdur, özü də bu gün ölülərinizi yuyub, kəfənləyib, Qəhrəman bəyin öz kəndinə, Təpəbaşına gətirəcəklər”. Böyükağa bəy dərindən bir ah çəkib, iniltili bir səslə dilləndi: “Kimsə bu dünyanı tutub getməyəcəkdir, bir gün yaranan bir gün də ölməlidir, hamı öləcəkdir, ancaq məni adamlarımın ölümündən çox Moranın belə bir əskik iş tutmağı ağrıdır. Öləndə də kişi əlində ölsəydilər, bu itki mənə bunca ağır gəlməzdi. Kişi olan da öz qonağına, özü də yatdığı yerdə əl qaldırarmı? Bu işi görənlərin cəzasını Allah özü verəcək, özü də bizim əlimizlə!”
Kərbəlayi Böyükağa bəy, Mirzəxan bəy, Kərim, kənd adamından da qadınlı-kişili bir bölük adam yığışıb Təpəbaşı kəndinə sarı yollandılar. Qadınların ağlamaq səsi, kişilərin çoxunun hönkürtüsü kəsilmək bilmirdi, kəndə yaxınlaşanda kənd adamı da ağlaşma ilə kəndə yaxınlaşan bu yığıncağı görüb, onlara sarı gəlməyə başladılar. Bu anda kəndin güneyindən təpəni aşıb gələn iki kəl arabası göründü. Kərim Kərbələyi Böyükağa bəyə üz tutub, bu arabanın Qəhrəman bəygilin ölülərini gətirdiyini dedi. Kərbəlayi Böyükağa bəy atının başını döndərib arabalara sarı sürdü, Təpəbaşı kəndinin adamı bu işə mat qaldılar, bayaqdan kəndən sarı gələn Kərbəlayi Böyükağa bəy nə üçün birdən dönüb o arabalara sarı getsin? Kərbəlayi Böyükağa bəy arabalara çatınca atdan düşdü, arabadakı kəhrəba üzlü yorğanları qaldırıb, kəfənə bükülmüş ölənləri görüncə bərkdən hönkürüb ağladı, kənd adamları gələnlərdən nə baş verdiyini öyrəndilər, arabaları sürüb kəndə gətirdilər. Ölüləri arabadan götürəndə onların kəfənə büküldüyünü görsələr də, bir çoxları onları yenidən yuyb kəfənləmək istədilər, ancaq ölüləri gətirən arabaçılar Səkinə xanımın buyuruğu ilə, cənazələrin bütün qayda-qanunla yuyulub kəfənə büküldüyünü, kəfəni Vənistalı molla Cabbarın biçdiyini, ölü namazlarını da qıldığını deyəndən sonra Kərbəlayi Böyükağa bəy dedi: “Mən molla Cəbrayılı yaxşı tanıyıram, onun gördüyü işdə yanlış olmaz, gedin qəbir qazın, ölülərimizi torpağa tapşıraq”. Arabaçılar Kərimlə birlikdə qayıdıb Kürdlər kəndinə getdilər.
Qəhrəman bəyin üçü çıxandan sonra Vəkilağa bəy bir bölük yaraqlı adamlarla Dilağarda kəndlərini dağıtmaq üçün basqın elədi, güclü atışmada Dilağardalıların itkisi olmadı, Morandan dörd adam öldürüldü, Vəkilağa bəy geri çəkilməli oldu. Savaşdan qayıdan günü, Van kəndində Moran bəylərinin yığıncağı oldu. Çox götür-qoydan sonra Moran bəyləri təkbaşına Dilağarda ilə bacara bilməyəcəklərini deyib, yardım üçün Nəcəfqulu xanın yanına adam göndərməyi kəsdirdilər; Nəcəfqulu xan özü onlara yardım edəcəyinə söz vermişdi, o gəlsə birlikdə Dilağardanı qabaqca o taya, oradan da öz yurdları olan Qarabağacan qovmaq olardı. Ertəsi günü nökərlərdən birinə yüyrək bir at verib Ərşəyə, Nəcəfqulu xanın yanına yola saldılar. 
Ancaq Moran bəyləri bilmirdilər, Nəcəfqulu xan onlardan ayrılandan sonra elə bir iş tutubdur, indi özü öz başının hayındadır. Nəcəfqulu xan Germidə Qəhrəman bəyi öldürmək üçün qurğu qurandan sonra evinə gələndə ona deyirlər, əmin sənin xanlıq elədiyin bir sıra kəndlərin töycüsünü yığır, deyir, bu kəndlərin vergisi dədə-babadan mənə çatır, sonradan tutub əlimdən alıblar. Əmisinin bu işini eşidəndə qan Nəcəfqulu xanın beyninə vurdu, o gecəsi ilan vuran yatdı, Nəcəfqulu xan yatmadı, gün çıxar-çıxmaz əmisinin dalınca adam göndərib yanına çağırtırdı. Əmisindən niyə belə elədiyini soruşanda o, dedi: “Qardaşoğlu, o kəndlərin vergisi atamızın vəsiyyəti ilə mənə verilmişdi, ancaq sənin atan onları qolgücünə tutub məndən almışdı, indi mən də özümə çatacaq töycümü toplamağa başlamışam, bu töycü mənə çatmalıdır, mən özümə çatası şeyi götürmüşəm, sən də gərək buna görə məndən inciməyəsən”. Nəcəfqulu xan bu sözü eşidəndə qabaqcadan oturduğu döşəkçənin altında gizlətdiyi tapançanı çıxardıb, onun bütün güllələrini əmisinin bədəninə boşaltdı, əmisi elə yerindəcə keçindi. Bu xəbər Ləngan kəndinə yayılanda Nəcəfqulu xanın əmisinin oğlu Qulam öz adamlarını başına toplayıb Nəcəfqulu xanla savaşa qalxdı. O gündən sonra az qala hər gün bunların arasında atışma olurdu. Morandan Nəcəfqulunun üstünə yardım istəməyə gələn adam Ləngan kəndinə çatanda kənddə qızğın atışma gedirdi, atışmanın əlindən kəndə yaxınlaşmaq belə olmurdu. Bu adam kəndin qırağında qoyun otaran çobanları görüb onlara yaxınlaşdı, kənddə nə baş verdiyini soruşdu. Çobanlar dedilər, neçə gündür kənddə Nəcəfqulu xanla onun əmisi oğlu Qulam arasında qırğın gedir, çoxlu adam ölüb, ancaq savaş səngiyənə oxşamır, sənin bu kənddə bir işin varsa da, yaxşısı oraya getmə, aralıqda azan gülləyə tuş gələrsən, işini saxla sonraya, savaş bitəndən sonra gələrsən. Moranın elçisi işi bilib kəndə girmədi, geri qayıdıb eşitdiklərini Cahangir, Vəkilağa, İbrahimxan bəylərə danışdı. Bəylər bunu eşidəndə qanları çox qaraldı, tutduqları işdən də bərk peşman oldular, Dilağardanın onlara üstün gələcəyindən qorxuya düşdülər. Bu yerdə Cahangir bəy dilləndi: “Mən başa düşmürəm, siz nədən qorxursunuz, saya qalsa, biz Dilağardadan dörd-beş dəfə artıq olarıq, otaylı-butaylı Moranlılar yığışsa, bu Dilağardanı yer üzündən silib atarıq. Dilağardanın gücü Qəhrəman bəydə idi, onu da aradan götürdük, indi qalır bütün Moranı toplayıb Dilağarda ilə hesabımızı biryolluq çürütmək”. Bir az götür-qoy elədilər, bir-iki gün sonra indilikdə butaylı moranlıların gücü ilə Dilağardaya basqın eləməyi kəsdirdilər. Moranın içində Dilağardanın adamı var idi, bu xəbəri eşidib onlara çatdırdılar. Dilağardalılar uyğun bir yerdə səngərlər qazıb moranlıları qarşıladılar, güclü atışma başladı, hər iki tərəfdən ölənlər, yaralananlar oldu, günortadan sonra dilağardalılar kəndlərinə sarı geri çəkilməli oldular, ancaq moranlılar onları izləməyə ürək eləmədilər, savaşdan əl çəkib, geri qayıtdılar. 
Moran bəyləri öz gücləri ilə Dilağardanı yenə bilməyəcəklərini anlayıb, otaylı-butaylı Moran oymağını toplayaraq, Dilağardanın üstünə getməyi kəsdirdilər.
Cahangir bəy heç də Dilağardanın yenilib öz torpaqlarından büsbütün qovulmasını istəmirdi. O elə bir qurğu qurmaq istəyirdi, Dilağarda ilə savaşda Moran bəyləri qırılıb qurtarsınlar, özü isə biclik ilə savaşdan yayınıb sağ qalsın, sonra da Moranın bəyliyini öz əlinə keçirə bilsin. Cahangir bəy bilirdi, Qəhrəman bəyin öldürülməsində dilağardalılar onu suçlu bilmirlər, bu ölümü törədəndə biclik işlədib qıraqda qalması, sonradan gəlib bu işi görənləri elgözünə söyüb yamanlaması, sağ qalan Mirzəxan bəyin yanında öz əmioğlularını qınaması gedib onların qulağına çatmışdı, ona görə də dilağardalılardan özünə pislik keçməyəcəyinə arxayın idi. Bir gecə Cahangir bəy əmisioğlu Şirxanı bir nökəri ilə birgə Təpəbaşı kəndinə, Dilağarda bəyi Qəhrəman bəyin qardaşı Qara bəyin evinə göndərdi. Şirxangil Qara bəyin evinə gələndə orada Dilağardanın bütün bəyləri toplaşıb yığıncaq keçirirdilər, Moranla savaşda bundan sonra nə etməli olduqlarını götür-qoy edirdilər. Gənəşmənin qızğın yerində qapıda keşik çəkənlərdən biri gəlib Morandan, Cahangir bəyin yanından iki atlının gələrək, ondan Qara bəyə ismarış gətirdiklərini dedi. Hamıdan qabaq Mirzəxan bəy dedi, buraxın gəlsinlər, Cahangir bəyin bizim adamların öldürülməsində əli yoxdur. Elçiləri içəri buraxdılar. Kərbəlayi Böyükağa bəy onlardan bura nə üçün gəldiklərini soruşanda onlardan biri dilləndi: “Bəy, mən Temirtaşlı Cahangir bəyin əmisi oğlu Şirxanam, yanımdakı da Cahangir bəyin nökərlərindəndir. Cahangir bəyin gizlin sözünü Qara bəyə çatdırmaq üçün gəlmişəm”. Qara bəy dedi: “Biz Cahangir bəyi özümüzə yağı saymırıq, onun əli bizim ölənlərimizin qanına batmayıb. Buradakılar hamısı mənim içkin adamlarımdır, ona görə də Cahangir bəyin sözünü bunların yanında çəkinmədən deyə bilərsən”. Şirxan bir az düşünəndən sonra dedi: “Cahangir bəyin sözü budur, Vəkilağa bəylə İbrahimxan bəy alçaqcasına öz evlərində Qəhrəman bəyi öldürdüklərinə, Moranın adını batırdıqlarına görə, mənim onları görməyə gözüm yoxdur. İndi də bu günlərdə Moran bəyləri yığıncaq keçiriblər, otaylı-butaylı nə qədər moranlı var hamısını toplayıb sizin üstünüzə basqın eləməyi kəsdiriblər. İstədikləri isə sizi bu taydan o taya, oradan da Qarabağa kimi qovlamaqdır. Birdən dirəşmək istəsəniz, hamınızı böyüklü-kiçikli qırıb qurtarmaq istəyirlər. Mən onlara deyirəm, Qəhrəman bəy kimi igidi alçaqcasına öldürdünüz, daha Dilağarda ilə işiniz olmasın, qana sussamayın, bu işin sonu yaxşı qurtarmaz, ara yerdə insan qanı axıdılar. Onlar isə mənə qulaq asmırlar, deyirlər, biz gərək gücümüzü yığıb Dilağardanın kökünü biryolluq bu yer üzündən kəsək. Cahangir bəy deyir, mən bu alçaqlığa dözə bilmədiyim üçün, istəyirəm gizlincə sizə yardım eləyəm, siz bu alçaq adamlara üstün gələ biləsiniz”. Qara bəy dedi: “Biz Moranla savaşanda Cahangir bəy əlinə tüfəng alıb bizimlə birgə döyüşməyəcəksə, onun bizə başqa nə köməyi dəyə bilər?” Kərbəlayi Böyükağa bəy dedi: “Cahangir bəyə deynən savaş başlamağa bir neçə gün qalmış bizə xəbər eləsin, onda bizə öz yardımını necə eləməyi də deyər”. Şirxan o gecəsi Temirtaşa qayıdıb, Kərbəlayi Böyükağa bəyin sözlərini Cahangir bəyə çatdırdı.
Şirxan gedəndən sonra Dilağarda bəyləri uzun-uzadı götür-qoy elədilər, sonda tək çıxış yolunun indilikdə o tay Azərbaycana köçmək olduğunu kəsdirdilər, Moran çox ağır elli bir oymaq olduğundan onların otaylı-butaylı güclərinin qarşısında dayanmağa Dilağardanın gücü yetməzdi. O tayda ən böyük Dilağarda kəndi olan Kövüzbulaqda yurd salıb gözləməyi kəsdirdilər, ola bilsin, Moran bundan sonra onlardan əl çəkəydi, yox birdən o tayda da üstlərinə gəlsələr, onda oradakı Dilağarda kəndlərini toplayıb, son adamları qalana kimi vuruşmalı olacaqdılar. Son söz belə oldu: bütün Dilağarda səhər açılan kimi yır-yığış eləyir, gecə araya gələn kimi köçüb Kövüzbulağa gedir. 
Ertəsi gün doğma yurd-yuvasından köçməyə hazırlaşan insanların tökdükləri göz yaşlarını bir yerə toplasan, elə bilirəm, yüngül axarlı bir çay yaranardı. Adamlar əkin-biçinlərini, ev-eşiklərini, yurd-yuvalarını qoyub getmək istəmirdilər, ancaq üstlərinə elə bir qaniçən güc gəlirdi, ən azından arvad-uşağı ayaq altına düşməkdən qorumaq üçün getmək gərəkirdi. Kişilər də göz yaşı tökür, bu qanlı savaşın sonunda ölümlərini gözlərinin altına alıb qorxmasalar da, hamı qırılandan sonra arvad-uşaqlarının da sağ qalıb-qalmayacağını düşünürdülər, lap sağ qalsalar belə onları kim dolandıracaqdı, bu da bəlli deyildi. Arvadlar ev döşənəcəklərini, yorğan-döşəklərini, qab-qaşıqlarını toparlayıb atlara yükləmək üçün hazırladıqca, dillərindən ağı düşmürdü. Kimsənin yaxın çağlarda diri qalmağa ümidi yox idi. Gün batıb köçmək çağı çatanda insanların ürək parçalayan qışqırıqları göylərə ucaldı, bu səslər daş ürəkləri belə yumşaldardı, atalar yaxşı deyiblər, əlindəki gedər, alnındakı gələr, ancaq burada insanların əlindəki də gedirdi, üstəlik gələcəyə bir qırıq ümidləri da yox idi. Evlərindən ayrılan insanlara baxanda adamın ürəyi parçalanırdı, çoxları dayanıb evlərinin divarlarını dönə-dönə öpür, ev-eşiklərindən ayrıla bilmirdilər, ancaq qalmaq da olmazdı. Ağsaqqallar üzü qibləyə dayanıb deyirdilər: “Allah, bu zülmü biz götürdük, sən götürmə!”
Dilağardanın boşalmış kəndlərinin köçkünləri gəlib o tay Azərbaycanla bu tay Azərbaycanı ayıran Bolqarçaya çatdılar. Çayın yuxarılarında güclü yağış yağdığından Bolqarçay çox gur axırdı, o taya adlamaq çox çətinləşmişdi. Çayın qırağına yığılıb, o taya adlaya bilməyən mal-qoyunun səsi insanların ah-naləsinə qarışmışdı. Bu uca səs-küy o tayın sərhədqırağı kəndlərinəcən gedib çatırdı. Kənd adamları yuxudan oyanıb, bu səs-küyün niyəsini öyrənmək üçün Bolqarçayın qırağına atlılar göndərdilər, atlılar qayıdıb bu səs-küyün o taydan Moranlıların zülmündən qaçan Dilağardanın kənd adamlarının, onların mal-qaralarının səsi olduğunu bildirdilər, çay daşdığı üçün onların bu taya adlaya bilmədiklərini də dedilər. Eşşəkçi, Edişə, Kövüzbulaq kəndinin adamları uzun iplər götürüb köçkünlərin yardımına getdilər. Bu tay adamının yardımı ilə gələnlərin özləri də, mal-qaraları da bu taya adladılar. Köçkünlərin çoxu Kövüzbulaq kəndində, bir azı da Eşşəkçi kəndində yerləşdilər, ancaq Morandan gələ biləcək qorxu sovuşmamışdı, adamlar hər an Moranın üstlərinə basqın edəcəyini gözləməkdə idilər. 
Dilağardanın köçüb o taya getməsi Cahangir bəyin ürəyindədən deyildi, bu onun öz istəklərinə çatmasını gecikdirirdi, onun istəyi isə Dilağarda-Moran savaşının qızışması, bu savaşda Moran bəylərinin çoxunun aradan götürülməsi, sonra da bundan yararlanıb Moranın bəyliyinə yiyələnmək idi. Ertəsi gün, Cahangir bəy yenə öz əmioğlusu Şirxanı çağırıb, onu otaya, Kövüzbulaq kəndinə, Qara bəyin yanına göndərdi. Şirxan özü ilə Cahangir bəyin bir nökərini də götürdü, gecəyarı gəlib Kövüzbulaq kəndinə çatdı, soraqlaşaraq Qara bəyin olduğu evi tapdı. Qara bəy Şirxanı tanıyırdı, ona görə də onu görəndə sevindi, nə üçün gəldiyini soruşdu. Şirxan sözə başlayıb dedi: “Bəy, Cahangir bəy deyir, nə qədər dilə tutsam da, mənim əmim oğlanları öz yamanlıqlarından əl çəkmək istəmirlər. Qəhrəman bəyi alçaqcasına öldürəndə mən onlara dedim, bu boyda kişini heç nədən öldürdünüz yetər, Dilağarda ilə işiniz olmasın, özlərinə qoyulmadılar, sizinlə yeni savaşa girdilər, neçə adamlar öldü, indi siz köçüb getmisiniz otaya, yenə əl çəkmək istəmirlər, deyirlər gərək Dilağardada bir dənə başıpapaqlı qoymayaq, hamısını öldürək, arvad-uşaqlarını da ötürək getsinslər Qarabağa. Sizin üstünüzə gəlmək üçün otaylı-butaylı Moran oymağında neçə əli tüfəng tutan var hamısını toplamağa başlayıblar, bizim tayda adamlar artıq toplaşıb, butayda da Dağdan (keçmişdə Yardımlı rayonunu belə adlandırardılar) da, arandan da moranlılar köməyə gələcəklərinə söz veriblər, bu yaxınlarda Kövüzbulağa, sizin üstünüzə basqın eləyəcəklər, özünüz də yaxşı bilirsiniz Moran çox böyük oymaqdır, toplaşıb hərəsi sizə bir daş atsa, altında qalarsınız. Siz əkininizi, tikintinizi, od-ocağınızı atıb getmisiniz otaya, yenə də ürəkləri soyumur, sizdən əl çəkmək istəmirlər. Cahangir bəy deyir, bu savaş başlasa minlərlə qanlar töküləcək, mən bunu qeyrətimə sığışdıra bilmirəm, sizə kömək eləmək istəyirəm, ancaq bunu açıq-aydın eləyə bilmərəm, mənim sizə yardım elədiyimi bilsələr, bütün kökümü yer üzündən silərlər. Ona görə də Cahangir bəy deyir, mən Dilağardaya özüm gizlində qalmaqla elə bir yardım eləyəcəyəm, bu açıq-aydın yardım göstərməkdən qat-qat üstün olacaqdır. Bəy deyir, otaydan savaşa gələnlərin yolu haradan fırlansa Tilayı dağının yanından keçəcəkdir, mən Moran bəylərinin başını tovlayıb onları Tilayı dağının günbatan tərəfi ilə gətirəcəyəm, siz də ora yaxın bir yerdə pusqu qurub onları qırarsınız, Moranın bəyləri öldürülsə, döyüşçülər başsız qalıb savaşa girməyəcəklər, qaçıb dağılacaqlar, qaçmaq istəməsələr belə mən onlara deyərəm, Dilağarda haradansa böyük kömək tapıbdır, biz də başsız qalmışıq, indi dörd yandan üstümüzə tökülüb bizi qırıb tökəcəklər, yaxşısı geriyə çəkilməkdir, bu yolla adamların arasına çaxnaşma salıb, onları dağıdaram. Sonrası da Cahangir bəy deyir, elə olsun mənim sizinlə danışıqlarımı, adamlarımın sizin yanınıza gəlib-getməyini bir kimsə bilməsin, yoxsa mənim üçün də, elə sizin üçün də yaxşı olmaz”. Qara bəy dedi: “Mənim salamımı Cahangir bəyə yetirin, deyin onun bu yaxşılığını unutmayacağıq, savaş bitəndən sonra biz də əlimizdən gələn yaxşılığı ondan əsirgəmərik”. Şirxan Kövüzbulaqdan çıxıb günün doğmağına bir saat qalmış Temirtaşa, Cahangir bəyin yanına gəlib çatdı. Cahangir bəy yatmayıb, onun qayıtmağını gözləyirdi, Şirxan Qara bəylə olan danışıqlarını söyləyəndən sonra Cahangir bəy işlərin onun istədiyi kimi getdiyini görüb toxdaqlıq tapdı.
Ertəsi günü Kövüzbulaqda, Qara bəyin yanında Dilağardanın bəylərinin, ağsaqqallarının, görkəmli adamlarının toplantısı oldu. Qara bəy toplaşanlara Cahangir bəyin ismarışını çatdırdı. Ortaya susqunluq çökdü. Bir azdan Kərbəlayi Böyükağa bəy söz aldı: “Necə olsa da, biz gərək Cahangir bəyin sözünün doğruluğunu özümüz yoxlayaq. Bunun üçün gərəkdir, bizim inanılmış bir adamımız gedib bir neçə gün Moranın kəndlərini gəzib dolansın, bizə doğru-düzgün xəbər gətirsin. Bu göndərəcəyimiz adam otaylı olsa, onu kəndləri gəzəndə tanıyıb tutarlar, ola bilsin lap öldürərlər də, bu isə işin xeyrinə olmaz”. Yığıncaqda Kövüzbulaqdan olan adamlardan biri dilləndi: “Bizim kənddə bu işi bacaran bir adam var, adı Qəhrəmandır”. Adam göndərib Qəhrəmanı çağırtdırdılar. Kərbəlayi Böyükağa bəy üzünü Qəhrəmana tutdu: “Sən də bizim kimi dilağardalısan, qanımız birdir. Moranın bizim üstümüzə gəlmək istədiyini də eşitmisən, onların bizim adamlarımızı öz evlərində qonaqqırdı ilə öldürdüyünü də eşitmisən. Bizim günümüzü də görürsən, ev-eşiyimizi, əkinimizi atıb, qaçıb buraya sığınmışıq, ancaq Moran elə qudurub, burada da bizə dinclik vermək istəmir, bütün Moran oymağını bir yerə toplayıb bura gəlmək, otaylı-butaylı Dilağardanı qırıb-çatmaq istəyirlər. Onu da bilirsən, Moran bizdən sayca qat-qat üstündür, biz onlara ancaq ağıl işlətməklə üstün gələ bilərik. Bizə indi Moranın içində nə baş verdiyini öyrənmək gərəkdir, onda biz də öz işimizi bilərik, onların qarşısına necə çıxmalı olduğumuzu kəsdirərik. Burada kəndçilərin deyirlər, sən bu işi bacararsan, indi nə deyirsən, bu yükün altına girmək istəyirsən, yoxsa yox?” Qəhrəman dedi: “Bəy, o dediyin yağı bura gələndə sizi öldürüb məni sağ buraxmayacaqdır, mən də bir dilağardalı kimi elimin namusunu çəkməliyəm, əlimdən nə iş gəlsə eləməyə hazıram. Ancaq məni başa salın görüm mən nə etməliyəm, bacardığımı əsirgəmərəm”. Kərbəlayi Böyükağa bəy dedi: “Sənin işin Moranın haçağ, hansı yandan üstümüzə basqın eləyəcəyini, onların saylarını öyrənmək olacaq. Bundan başqa da onların içində nə baş verirsə bunlardan da eşitdiklərini bizə çatdırmağını istərdik, çalış bacardıqca Moranın bütün böyük kəndlərini gəz-dolan, eşitdiklərini saf-çürük elə, sonra gəlib bizə deyərsən. Ancaq çalış səni tanımasınlar, ələ keçsən, birincisi, yenidən bir Qəhrəman dağı da köksümüzə çəkilər, ikincisi, Moran duyuq düşsə, ona pusqu qurub yenə də bilmərik”. Qəhrəman dilləndi: “Bəy, el üçün iş görən adam gərək ölümdən qorxmaya, mən bu dediyiniz tapşırığı yerinə yetirib sağ qayıdacağıma arxayınam. İnciməsəniz, beş dəqiqəlik evə dəyib buraya qayıdardım”. Qəhrəman bəylərdən icazə alıb evinə getdi, başına üzülmüş bir tüklü papaq qoyub, gözünün üstünə basdı, cındır çuxa, yamaqlı şalvar geyindi, belinə göy parçadan bir qurşaq bağladı, qara saqqalını xına ilə boyayıb qırmızı elədi, sonra çiyninə bir xurcun salaraq, qayıdıb yenə bəylərin yığıncağına gəldi. Evin qapısında durdu, səsini dəyişib bərkdən, dilənçilər sayağı dua oxumağa başladı, bəylər qapıya dilənçi gəldiyini düşünüb onu içəri çağırtırdılar. Qəhrəman içəri girəndə onu kimsə tanımadı, ona bir az dilənçi payı olaraq pul verdilər, sonra yer göstərdilər oturdu, belinə bağladığı göy qurşaqdan seyid olduğunu düşündülər. Bəylər onu tanımadıqlarından soruşdular: “Seyid, haralısan?” Qəhrəman da dəyişik səslə, otayın Hisli kəndindən olan seyidlərdən olduğunu dedi. Nə üçünsə o çağlarda, Azərbaycanın istər otayında, istərsə də butayında Hisli kəndindən olan seyidlərə çox sayğı ilə yanaşardılar. Bəylər bunu biləndə çıxarıb bir az da artıq pul verdilər, Qəhrəman bu pulu da alıb cibinə qoyandan sonra bəylərə üzünü tutub soruşdu: “Ay bəylər, sizcə mən kim olaram, özüm də haralı ola billəm?” Bəylərə elə gəldi seyidin ağlı çaşqındır, qayıdıb dedilər: “A kişi, indicə demədin seyidsən, özün də Hisli kəndindənsən?” Qəhrəman bu dəfə öz səsi ilə gülə-gülə dedi: “Yox, ay bəylər, mən Kövüzbulaq seyidlərindənəm”. Bayaqdan qəm-qüssədən ürəkləri sıxılan bəylər uzun-uzadı güləndən sonra dedilər, Qəhrəman, indi səndən arxayınıq, sabahdan yola düş, Moranın içindən bizə soraq gətir.
Qəhrəman ertəsi gün Şatırlı kəndinin tuşundan otaya keçib, Moranın Kürdlər kəndinə gəldi. Kəndin ortasında böyük bir evin qapısında çoxlu adamların toplaşdığını görsə də ora getmədi, qabaqca bir neçə evə yaxınlaşıb diləndi, undan-buğdadan pay alandan sonra adamların toplaşdığı evin qapısına gəldi. Bu rəhmətlik Məmi bəyin evi idi. Qəhrəman seyid adı ilə dilənib, ora yığışanlardan da pay alandan sonra yorğunluğunu alamaq adı ilə xurcununu çiynindən yerə qoydu, bir qıraqda oturub adamların danışığına qulaq asmağa başladı. Adamlardan biri soruşdu: “Seyid, haralısan?” Qəhrəman Hislidən olduğunu deyən kimi adamlar ona yaxınlaşıb puldan-paradan verdilər, altına döşənəcək gətirib qoydular, Qəhrəman oturub, dincəlmək adı ilə gözləməyə başladı. Burada başlıca olaraq iki adamın arasında üstüörtülü olsa da anlaşılan bir deyişmə gedirdi, onlar Məmi bəylə Qəhrəman bəyin ölümündən danışırdılar. Biri deyirdi, Məmi bəyi ruslar öldürməyib yandan gəldi birisi öldürüb, elə yaxşı oldu cəzasına da çatdı. O birisi deyirdi, Məmi bəyi ruslar öldürüb, sonradan ortalıqda dedi-qodu yayan, kələk quran oldu, işləri bu yerə gətirdi, arada o boyda kişini öldürüb adımızı batırdıq, qonaq öldürən kimi tanındıq. O birisi yenə sözünün üstündə durub deyirdi, Məmi bəyi o adamın öldürməyi yəqindir, bunu tək bir adam demir, hamı danışır. O birisi deyirdi, mən bu kələyi kimin qurduğunu bilirəm, ancaq bizimkilər gərək ona inanıb bu yaramaz işi tutmayaydılar, mənim xəbərim olsaydı, bu işin baş verməsinin qarşısını alardım. Biz iki oymaq yaxınlaşandan sonra heç kim qorxusundan bizim kəndlərimizə toxuna bilmirdi, qulağıdinc yaşayırdıq, indi görərsiniz bundan sonra nələr olacaq, hələ indi Dilağarda ilə biri-birimizi qırırıq, indi də Moranı toplayaraq Dilağardanın üstünə aparıb, qanı su yerinə axıtmaq istəyirlər, ancaq bu işin sonunda yenə də uduzan biz olacağıq. Bu sözləri deyən Moranlı Şəbi bəy idi. Bu yerdə dilənçi də danışığa qoşuldu: “Bayaqdan baxıram, danışığın nədən getdiyini hamı bilsə də, ancaq nədənsə belə üstüörtülü danışırsınız, hamınızın bildiyi bu sözü elə açıq danışasınız yaxşı olmazmı, yoxsa nədənsə çəkinəcəyiniz vardır?” Adamlardan biri seyidə üz tutub dedi: “Ağa, bir adam bizim üçün elə bir kələk qurubdur, boş yerə qanlar axıdılır, hələ bilmirik bunun sonu nə ilə qurtaracaq. Burada danışıq bizim bəyimiz Məmi bəyin ölümündən, onu kimin öldürməsindən gedir”. Qəhrəman dedi: “Hə, indi başa düşdüm, mən ötən gün otayda adını da bilmədiyim o görünən kənddə idim (kimsə: ora Şatırlı kəndidir, dedi), hə vallah, heç kəndin adını da soruşmadım, orada axşam bir evdə məni qonaq saxladılar, adamlar orada da hansısa Məmi bəyin ölümündən danışırdılar, özü də deyirdilər onu ruslar öldürəndə biz öz gözümüzlə görmüşük, olmaya onlar da elə sizin Məmi bəydən danışırmışlar, yoxsa bu ayrısıdır?” Məmi bəyin nökəri Kərim dedi: “Seyid, elə onlar da bizim Məmi bəyi deyirmişlər”. Seyid dilləndi: “Elədirsə, onda siz nədən burada ikifikirli qalmısınız, sizin bayaqdan dediyiniz sözlərdən biri doğrudur, biri yalan, niyə sözün doğrusunu biryolluq ortaya qoymursunuz? Yalan danışanın üzü bu dünyada qaradır, hələ o dünyada da cəzası ağırdır, yoxsa bunu bilmirsiniz? Qorxudan doğrunu yalanı ayağına vermək kişiyə yaraşan iş deyildir, bunu da bilməmiş deyilsiniz. Niyə burada kələk qurub suçu olmayan insanları ölümə verən adamın adını çəkməkdən qorxursunuz?” Dedilər: “Seyid, o adam burada çox sayılıb seçilən bir kimsədir, ona görə də, heç kim ürək eləyib onun adını çəkə bilmir”. Seyid adamlara üz tutub dedi: “Doğrunu deməkdən çəkinmək müsəlmana yaraşan iş deyildir. Elə buna görə də, belə yaman günlərə qalmışıq. Hərə bir dəmir qırığı götürüb əlinə, daraşıblar biri-birinin canına, adam öldürmək çibin qırmaq kimi bir iş olubdur. Mən bilmirəm, bu işlərin sonu nə olacaqdır. Allah bizim bu elin işlərini yaxşılığa calasın”. Qəhrəman bu sözləri deyəndən sonra daha danışmadı, oturub danışılanlara qulaq kəsildi. Biri deyirdi, daha Qəhrəman bəyi öldürəndən sonra gərək dayanaydılar, ancaq bunlar deyirlər gərək bütün Dilağardanı qırıb qurtaraq, suçu olmayan uşaqları, qadınları, qocaları da öldürmək istəyirlər, Allahın yolundan çıxblar lap; birsi deyirdi, keçən gecə yığıncaqda mən də dedim, tutalım Məmi bəyi Qəhrəman bəy öldürmüşdü, siz də onu öldürdünüz yetər, qalanları ilə işiniz olmasın, o yandan Cahangir bəy qaxıb kükrəyəsən mənim üstümə: biz Dilağardanın sonuna çıxmasaq dayanan deyilik, axı hamı bilir, Məmi bəyi Qəhrəman bəyin öldürməsi sözünü də elə bu Cahangir bəy ortaya atmışdı, buna başqalarını da inandıran o olmuşdu, bunu bilməyən yoxdur. Kimsə bu sözü danışana dedi, molla, sən qorxmursan bu sözü deyirsən? Molla deyilən adam da qayıdıb dedi: “Kişi, mən hələ onun elədiklərinin çoxunu demirəm, Qəhrəman bəyin öldürülmək qurğusu da onun işidir, sonra özünü xəstəliyə vurub aradan çıxmışdı, mən bunu həkim Rzadan eşitmişəm, deyir, Qəhrəman bəyi öldürən günü məni Cahangir bəyin üstünə çağırdılar, dedilər bərk xəstədir, ha yoxladım onda bir xəstəlik tapa bilmədim, sonra adamları üstümə düşdülər, dedilər sən necə həkimsən, kişi əldən gedir, sən isə deyirsən heç nəyi yoxdur, çarəm kəsildi dedim, yüngül soyuqdəyməsi var, dəriyə çəkin, beləliklə canımı qurtardım. Həkim deyir, onu dəriyə çəkəndən bir az sonra Vəkilağa bəy bir bölük yaraqlı ilə gəldi, Cahangir bəyi yorğan-döşəkdə görüb dedi, əmioğlu, onda bu gecə görəcəyimiz işi sonraya saxlayaq, Cahangir bəy dedi, yox, atalar da deyib bugünün işini sabaha qoyma, burada ağır bir iş də yoxdur, mən oldum-olmadım siz bu işi bacararsınız, Cahangir bəy üstüörtülü danışdığından mən onda bir şey anlamamışdım, sonradan Qəhrəman bəyin öldürüldüyünü eşidəndə bildim bu nə söz imiş. Həkim Rza deyir, mən gecəyə düşüb Cahangir bəyin evində qalmışdım, Kürdlərdə güllə səsi eşidən kimi güclə dəridən çıxıb, çaparaq oraya getdi, deyirlər orada da hay-küy salıbmış, bu nə alçaqlıqdır eləyibsiniz, adam da qonağı öldürər, habelə bunun kimi sözlər. İndi mənim dediklərimdən kim nə başa düşər, özü bilər”. Bu sözləri deyən adam Qəhrəman bəylə yoldaşlarının ölümdən sonra kəfənini biçən, ölü namazını qılan, Vənistalı molla Cəbrayıl idi.
Qəhrəman özünü seyid kimi tanıdaraq Kürdlər kəndini gəzib dolaşandan, dilənçi payı yığandan sonra Moranın baş kəndi olan Van kəndinə yola düşdü. Gün batmağa əyilən çağı gəlib buraya çıxdı. Ancaq kəndi gəzib diləndikcə heç bir yerdə adamların toplaşdığı bir yer görmədiyindən, bir söz öyrənə bilmədi, adamlardan nəsə soruşub öyrənmək isə düzgün olmazdı, ondan şübhələnə bilərdilər. Bir qapıya yaxınlaşıb pay almaq istəyəndə gördü, bir qadın öz-özünə deyinir: “Ay Allah, görəsən bu kişi neçə gündür harada qaldı, niyə gəlib çıxmır”. Qəhrəman qadına yaxınlaşıb onun dərdinə ortaq olurmuş kimi soruşdu: “Ay bacı, ərin hara belə gedibdir, sən belə darıxırsan? Allahın köməyi ilə gəlib çıxar, ürəyini sıxma”. Qadın ürəyini açıb tökdü: “Ay ağa, biz bir qovğaya düşmüşük inanmıram, bundan yaxşılıqla qurtara bilək. Bizim Moranla Dilağardanın arasında qanlıçılıq düşüb, savaşda adamlarımız qırılır, bir neçə ay qabaq bu qapı qonşumuzun yiyəsini vurub öldürdülər, indi bir çətən külfəti qalıb başsız, baxan da yoxdur. O günləri mənim kişim də getmişdi savaşa, iki pud buğdanın dəyərində güllə atıb gəlibdir. Bu aclıq çağında iki pud buğda bizim evimizin üç aylıq çörəyidir. İndi də ərim neçə gündür Vəkilağa bəylə Dağa (indiki Yardımlıya) gedibdir, oradakı Moranlıları çağırsınlar, gəlib bizimkilərin Dilağarda ilə savaşına yardım eləsinlər, gözləməkdən gözümün kökü saralıb, kişi gəlib çıxmır, qorxuram yolda-kolda kişinin başına bir iş gələ, beş nəfər uşaqla əllərdə qalam. Seyid, sən Allah əllərini göyə qaldır, bir dua elə mənim kişim sağlıqla qayıdıb gəlsin”. Qəhrəman əlini göyə qaldırıb dua eləməyə başladı, işin düz gətirməyindən, o dua eləyəndə qadının əri gəlib özünü evə yetirdi. Qəhrəman yola düzəlib getmək istəyəndə qadın yapışdı onun ətəyindən: seyid, hara gedirsən, qal qonağımız ol, sənin duan yerinə yetdi, bizdə gecələ, sabah yoluna davam eləyərsən. Qəhrəman yoldan qayıdan kişidən nəsə öyrənə biləcəyini düşünüb razılaşdı, dedi bir kəndi dolanım paydan-püşdən yığım axşama gələrəm. Qəhrəman bir neçə evə dəyəndən sonra Yolunu Vəkilağa bəyin evindən saldı. Yenicə evə çatmış Vəkilağa bəy qapısında başına toplaşan bəylərlə dayanıb danışmaqda idi, Qəhrəmanı seyid görkəmində görəndə ondan hara seyidi olduğunu soruşdu, Qəhrəman da Hislidən olduğunu dedi. Bunu eşidəndə Vəkilağa bəy cibindən pul çıxarıb ona verdi, Qəhrəman yola düzəlib getmək istəyəndə Vəkilağa bəy dedi: “Seyid, axşam düşür, qalıb mənim qonağım olsan çox sevinərdim”. Qəhrəman dedi: “Bəy, çox sağ ol, ancaq səndən qabaq məni qonaq çağıran olub, getməsəm pis çıxar”. Vəkilağa bəy qonaq çağıranın kimliyini soruşanda, Qəhrəman adını bilmirəm deyib, onun evinin yerini göstərdi, Vəkilağa bəy dedi, o mənim əmioğlum Ağasalah bəydir, mən ona soraq eləyərəm, deyərəm, qonağın bizdə qalası oldu, onsuz da o bu gecə mənim yanıma yığıncağa gəlməli idi. Qəhrəman özünü bilməzliyə vurub soruşdu: “Sən özün kim olarsan?” Bəy dedi: “Mən Moranın bəyi Vəkilağa bəyəm”. Qəhrəman Vəkilağa bəyin evində qonaq qalası oldu. Axşam araya düşəndə Vəkilağa bəyin evində otay-butaylı Azərbaycandan iyirmiyə yaxın adam toplaşdı. Şam yeməyinə başlamazdan qabaq uzun-uzadı danışdılar, oturanlardan böyük çoxluğunun sözü belə oldu: Dilağardanı yerləşdikləri Kövüzbulaq kəndindən də qovub çıxaramalıyıq, qarşımıza çıxanlarını öldürüb, qalanlarını öz yerləri Qarabağa qovlamalıyıq. Oturanlardan Şəbi bəy Vəkilağa bəyə üz tutub dedi: “Sizin tutduğunuz bu yol mənim ürəyimcə deyil, Dilağarda əkinlərini, ev-eşiklərini də qoyub, ac-yalavac köçüb gedib otaya, adama bundan artıq da pislik nə ola bilər? Siz bu yeni savaşı başlasanız, onların sizinlə döyüşməkdən başqa yolu qalmayacaq, ortada çox adamın qanı töküləcəkdir. Ataların sözü var, gərək mərdi qova-qova namərd eləməyəsən. Siz gərək bu kələyə uyub, Qəhrəman bəy kimi adamı öldürməyəydiniz, onun Məmi bəyi öldürməsi inandırıcı söz deyil, bunu kim çıxarıbsa aranı qarışdırmaq üçün eləyibdir, mən elə bilirəm, heç bir suçu olmayan qadın-uşağın qanını tökmək insanlığa sığan bir iş deyildir, gəlin siz bu savaşa girməyin”. İbrahimxan bəy dedi: “Əmi, ola bilsin sənin dediklərin doğrudur, kimsə yalandan aranı qarışdırıb bizi üz-göz elədi, ancaq daha iş-işdən keçib, geri durmağa yol qalmayıbdır”. Cahangir bəy acıqla onun sözünü kəsdi: “Heç bir yalan-zad yoxdur, mən ilk gündən demişəm Məmi bəyi Qəhrəman bəy öldürüb, sözümün də üstündə dururam, yaxşı oldu Qəhrəman bəy cəzasına çatdı, indi Dilağardanın qalanlarına da bu gen dünyanı dar eləməliyik. Bunların hayasızlığına baxın, gəmidə oturub gəmiçi ilə dava eləyirlər, bizim torpaqlarımızı tutmaqları az imiş kimi hələ üstümüzə ayaq da alırlar, daldada alçaqcasına Məmi bəy kimi böyüyümüzü də öldürürlər, bunlarla başqa dildə danışanda adamı yanlış anlayırlar, bunların qırılmalısını qırıb, qalanını da Qarabağacan qovlamaq gərəkdir. Hüsü bəy dedi, Şəbi bəyin dediyi düzdür, ziyanın yarısından qayıtmaq da bir igidlikdir, yoxsa bizdən də, onlardan da neçə əlsiz-ayaqsızlar ortada qırılacaq, neçə ailələr başsız qalacaq, neçə ocaqlar sönəcəkdir. Ağasalah bəy dedi, əmioğlu, daha iş-işdən keçibdir, biz otaylı-butaylı Moranı ayağa qaldırıb savaşa çağırmışıq, üç gündən sonra Dilağardanın üstünə yeriyib onların kökünü bu yer üzündən kəsəcəyik, biz onlardan qat-qat çoxuq, onlar bizim gücümüzün qabağında dayana bilməzlər. Hüsü bəy dedi, siz gəncsiniz, beyniniz qandır, siz bilməzsiniz, bunu biz yaşlılar bilirik, indiyənəcən qanlıçılıqdan kimsə xeyir görməyibdir, bir də, əmioğlu, savaşın da öz çəmləri vardır, burada təkcə elə çoxluğa güvənmək olmaz, iş heç də sayda deyil, savaşmaq bacarığındadır. Əbülfət bəy bu sözə qarşı çıxıb dedi, biz indi bütün Moranı ayağa qaldırıb yağıyla döyüşə çağırmışıq, deyirsən yarıyolda dayanaq, kim demişkən, eşşəyə minmək bir ayıb, düşmək iki ayıb sayılır, bu işə başlamışıqsa sonacan getməliyik. Vəkilağa bəy dedi: “Mən də yaxşı bilirəm savaşdan kimsəyə xeyir gəlmir, özü də bizim bu savaşımız heç də asan olmayacaqdır. Burada maddi zərərlərimiz də olacaq, çoxlu insan itkilərimiz də olacaqdır”. Cahangir bəy onun sözünü yarımçıq kəsdi: “Maddi zərər deyirsən, Dilağardadan geri aldığımız torpaqların qazancı çox olacaq, yoxsa bu savaşdakı itkilərimiz? Bizim elə gücümüz vardır üfürməklə Dilağardanı ortadan götürə bilərik, bir də biz öz halal torpaqlarımızı istəyirik, indi durub barışsaq, Dilağardalılar bizim torpaqları qaytaracaqlarmı?” Bu danışıqlardan sonunda, üç gündən sonra Dilağarda ilə savaş başlanmasını kəsdirib, yığıncaqdakılar evlərinə dağılışdılar. 
Ertəsi günü, Qəhrəman Üçağac kəndinə gedib bir az orada dolaşandan sonra axşamüstü Temirtaş kəndinə gəlib çıxdı. Bir az qapıları dolanıb pay alandan sonra yolunu Cahangir bəyin qapısından saldı. Cahangir bəy seyidi görən kimi onu içəri çağırdı, gecə qonaq qalmağı təklif elədi. Buralarda hamı Hisli seyidlərinin cəddindən qorxub çəkindiyi üçün Cahangir bəy də seyidi qonaqlamaq istəyirdi. Şam yeməyindən sonra Cahangir bəy adam göndərib əmisi oğlu Şirxanı, ondan başqa da bir neçə yaxın bildiyi adamları evinə çağırtdırdı. Qəhrəman ağzına su alıb oturmuşdu, danışılan sözlərə qulaq asır, ancaq gedən danışıqlara qoşulmurdu, özünü elə aparırdı, sanasan, bu sözlərin onun üçün bir dəyəri yoxdur. Cahangir bəy üzünü Şirxana tutub dedi: “Əmioğlu, işlər mən qurduğum kimi də gedir, bu savaşda mənim əl-ayağıma dolaşan Moran bəylərinin çoxu aradan götürüləcək, ondan sonra qabaqca bu Moranın baş bəyi olmağım, sonra da bu Ucarlı mahalının böyüyü olmağım asanlaşacaq. Bu işləri görüb qurtarandan sonra Dilağardadan qırdığımızı-qırıb qalanlarını da buralardan sürgün eləmək də əlimizdən gələcəkdir. Mən Dilağardalıların əli ilə Moranın başlıca bəylərini öldürtdürəcəyəm, sən də savaşın gedişində bax gör imkan eləyib bizimkilərin başı tərpənənlərindən kimləri gizlincə aradan götürə bilirsən”. Bir az danışandan sonra Şirxan çıxıb getdi. O gecə Qəhrəmanın gözünə yuxu getmədi, dan yeri ağarar-ağarmaz durub, sağollaşmadan yola düzəldi. Çiynindəki xurcuna doldurduğu buğda, un payları çox ağır olduğu üçün Qəhrəman qıvaraq yeriyə bilmirdi, ancaq onları tullamağa da ürəyi gəlmirdi. Düşündü, kəndin qırağında yoxsul birisini tapıb yükünü yüngülləşdirsə yaxşıdır. Kəndin qurtaracağınada üstü küləşli kiçik bir koma görüb ona yaxınlaşdı. Qəhrəman komanın qapısın açıb içəri girəndə burada 45-50 yaşlarında bir qadının oturub ağladığını gördü. Qadın seyid gəldiyini görüb ayağa durdu, hıçqıraraq dedi: “Ay qardaş, mən yoxsul bir kimsəyəm, mənim nəyim var sənə verəm? Niyə qapıma gəlib məni utandırırsan?” Qəhrəman dedi: “Bacı, mən sənə pay verməyə gəlmişəm, pay almağa yox, yoxsulluqdan utanmağa dəyməz, bir gün olar Tanrı sənin də qapını açar”. Bu yerdə qadın oxşama üstündə bu şeiri dedi:
Həyatdan gəlmişəm zara, dilənçi,
Qüssə çəkir məni dara, dilənçi,
Fələk salıb məni elə bəlayə
Tapılmır dərdimə çara, dilənçi.

Düşmən çəkir mənə hər gündə dağlar,
Onunçün gözlərim durmadan ağlar,
Duyarlar halımı qərib olanlar
Taleyim gəlibdi qara, dilənçi.

Mənim bu halımı bilənim yoxdur,
Ovudub göz yaşım silənim yoxdur,
Qəribəm gedənim-gələnim yoxdur
Düşmüşəm bu qürbət ara, dilənçi.

Məsumun gözləri hey ağlar doymaz,
Yanan ürəyimin odu soyumaz,
Zalımlar məzluma ehtiram qoymaz
Var sinəmdə neçə yara, dilənçi.

Qəhrəman dedi: “Bacı, mənə oxşama-ağı ilə yox, açıq-aydın dillə de görüm sənin başına nə iş gəlib, yoxsa mən sən dediklərindən heç nə anlamadım”. Qadın başına gələnləri danışmağa başladı: “Qardaş, mən Sarablı qızıyam, iş elə gətirdi, mən buradan olan çox zirək, işli-güclü, bəylərdən də artıq varlı bir kişiyə ərə gəldim. Ancaq o adamın da mənim kimi, kimsəsi yox idi, bax kəndin Güneyindəki o ikiqatlı, üstü kirəmitli ev də bizim idi, bu yaxındakı kəndlərdə heç bəylərin də belə iki mərtəbəli, üstü orusiyyət kirəmitli evi yoxdur, rəhmətlik ərim bu evin ağacını da, kirəmitini də otay Azərbaycandan gətirtmişdi, ancaq ev tikiləndən sonra heç beşcə il içində yaşaya bilmədi”. Qəhrəman dedi: “Bacı, sənin deməyindən belə başa düşürəm, sənin ərin ölübdür, sən də başqasına ərə getməmisən, onda niyə o axar-baxarlı evindən çıxıb bu yoxsul komaya köçmüsən? Deyərlər, insan dərdini başqasına danışanda yüngülləşər, sən gəl özünü topla, başına gələnləri mənə olduğu kimi danış”. Qadın dedi: “Qardaş, mənim başıma Kərbəla müsibətindən artıq işlər gəlibdir, sözün düzü, bunları danışanda yenidən o günləri xatırlayıram, ürəyim parçalanır, özümü ağlamaqdan saxalaya bilmirəm, ona görə də danışığım alınmır. Üzdən yaxşı adama oxşadığın üçün sənə öz ürəyimi açıb danışacağam, ancaq danışdıqca məni ağlamaq tutanda inciməyəsən. Mən Sərabda doğulmuşam, ata-anamın tək uşağıydım, yeniyetmə olanda atamla anam bir ayın içində bir-birinin ardınca bu dünyadan köçdülər. Atam çox varlı olmasa da, ancaq özündən sonra yetərli bir var-yatır qoyub getmişdi. Atamdan qalan vara göz dikən bir adam mənə elçi göndərdi, mən də ona yox dedim. Sonra istəyən adamlar məni başa saldılar, o adam kimsəziz olduğuna görə günlərin birində səni güclə götürüb evinə aparmaq istəyir. Əl altından yaxşı adamların yardımı ilə atamdan qalma ev-eşiyi satıb pul elədim, sonra evdə olan qızıldan-gümüşdən nə vardısa götürdüm, gecə ikən gizlicə ayaqla yola düzəlib Germi şəhərinə gəldim. Bilmirəm, buna uğurun gətirməyimi deyim, ya Tanrının işimi deyim, gün çıxandan bir az sonra Germiyə çatanda, qarşıma yedəyində at tutub duran bir gənc oğlan çıxdı, məni yerli adam sanıb, burada haradan nalbənd tapmaq olduğunu soruşdu. Mən dedim: “Ağa, mən buraya gəlməyəm, birinci dəfədir bu şəhərdəyəm, heç haranı tanımıram”. Oğlan nə düşündüsə, mənə dedi: “Xanım, sözümü yersiz sanmayasan, de görüm buraya kiminlə, haradan gəlmisən, kimin evinə gedəcəksən?” Dedim: “Ağa, mən Sərabdan başımı götürüb buraya gəlmişəm, kimsəsiz olduğum üçün məni bir istəmədiyim adam qaçırmaq istəyirdi, onun əlindən qurtarmaq üçün evimi-eşiyimi atıb qaçmışam, sözün düzü, heç bilmirəm burada kimin yanına gedim, nə eləyim? Ancaq ölsəm də, bir də geriyə qayıdan deyiləm”. Bu sözü deyəndən sonra oğlan bir az duruxub məni başdan ayağa kimi süzdü, mən də elə durub ona baxdım, sözün düzünü desəm, o, çox yaraşıqlı, gözəgəlimli bir oğlan olduğundan mənim ürəyimə yatırdı. Oğlan bir az çəkinə-çəkinə mənə üz tutub dedi: “Xanım, mən bir subay oğlanam, sən Allah məndən incimə, səni ilk baxışdan görüb bəyəndim, razı olsaydın mənim xanımım olardın, qalan ömrümüzü bir damın altında yaşayardıq”. Mən oğlana dedim: “Ağa, mən haradan bilim sən mənə qarşı kələk qurmayacaqsan, mən axı səni tanımıram?” Oğlan dedi, Germidə İranın nayibi-imamının axundu vardır, istəsən gedək onun yanına, kəbinimizi kəssin, ondan sonra sənin də ürəyin arxayın olsun. Anlaşıb axundun yanına getdik, mən başıma gələnləri axunda danışıb dedim: “Axund ağa, sən özün də bu işə bir bax gör ağlın nə kəsir, mən qorxuram birdən bu oğlan məni aldadar, onda mən gərək bu işıqlı dünyada yaşamayam”. Mən belə deyəndə oğlan qayıdıb dedi: “Səni aldatmaq istəsəm, böyük Allah mənim cəzamı versin, yoxsa sən özündə nəsə bilirsən ona görə belə inamsız danışırsan?” Mən onun nə dediyini başa düşüb dedim: “Məndə bir əskiklik olsa, onsuz da onu birinci sən biləcəksən”. Mən belə deyəndə axund yerindən qalxıb dedi: “Balalarım, mən indiyə kimi çox kəbinlər kəsmişəm, ancaq buçağacan sizin kimi doğru-düzgün davranmağa çalışan adam görməmişəm”. Axund bunu deyib oturdu, bizim kəbinimizi kəsib, kəbin kağızını bizə verdi. Biz də oğlanla qabaqca nalbəndi tapıb atı nallatdıq, sonra oğlan məni atın tərkinə mindirib bu kəndə gətirdi”. Qadının sözü buraya çatanda dayandı, hönkür-hönkür ağlamağa başladı. Qəhrəman dedi: “Ay bacı, sözünü sonacan de, qoy mən də şəkdə qalmayım, o adammı səni aldatdı, yoxsa səndə nəsə bir çatışmazlıq oldu, sən necə oldun o boyda topdağıtmaz evdən gəlib bu uçuq komaya düşdün?” Qadın hıçqıra-hıçqıra dedi: “Qardaş, məni niyə danışdırıb ürəyimin qaysaqlayan yaralarını qopardırsan? Ancaq başlamışam, qoy deyim. Ərimlə birlikdə iyirmi il ömür sürdük, ancaq nədənsə tək bir oğlan uşağımız oldu. Başqa varımızı demirəm, qapımızda dörd atımız da var idi, üçü madyan idi, biri də ayğır. Bu ayğır atımız çox yaraşıqlı, çox da bərk qaçan bir at idi, neçə-neçə bəylər adam göndərib bu atı satın almaq istəmişdilər, ancaq kişi deyirdi, mən bəydən əskik adam deyiləm, onlar yaxşı at minsinlər mən minə bilməyim. Elə o ayğır atın ucbatından da yaman günlərə qaldıq. Bizim bu kənddə Cahangir adında arxası güclü olan bir bəy vardır, işi-gücü hamıya pislik eləmək, ona-buna kələk gəlməkdir. Bu ayğır atımızı həftə səkkiz mən doqquz, adam göndərib aparırdı, minib ora-bura gedirdi, özü də ata yaxşı baxmırdı deyə, hər dəfə atı sınıxmış, əldən-dildən düşmüş üstümüzə qaytarırdı. Bir il bundan qabaq yenə də nökərlərindən birini at üçün göndərəndə, kişi dedi, atı vermirəm, aparır ata yaxşı baxmır, ona görə də mənim ona veriləsi atım yoxdur. Yaxşı deyiblər arxalı köpək qurd basar, nökər kişinin sözünə güldü, “Sən hələ bəyə at verməyənə bax” deyib, özbaşına tövlədən atı çıxarıb aparmaq istədi. Kişi onun qabağını kəsəndə nökər kişiyə ağır söyüş verdi, kişi də acıqlanıb onu ayağının altına salıb əzişdirdi. Nökər qayıdıb Cahangir bəyə deyər, filankəs atı da vermədi, özümü də döyüb yola saldı. Üstündən bir az keçmiş Cahangir bəy bir neçə nökəri ilə bizim qapıya gəlib ərimə dedi: “Sən belə qudurmusan mənə at vermirsən, hələ göndərdiyim adamı da döyürsən?” Ərim bəyə dedi: “At mənimdir vermirəm, sonrası da atı verirəm, minib əldən salırsan, yaxşı baxmırsan, ona görə də vermirəm”. Bəy nökərlərindən birinə dedi, get atı tövlədən çıxar gətir. Nökər atı gətirməyə gedəndə ərim onun qarşısnı kəsib qoymadı, nökər basıb keçmək istəyəndə kişi onu bir yumruq ilə yerə sərdi, onda bəy tapançasını çıxarıb ərimi vurub öldürdü. Bunu görən on beş yaşlı oğlum evə qaçıb bəyi öldürmək üçün tüfəngi götürdü, bəy işi belə görəndə qaçıb gizləndi, sonradan yaraqlı adamlarını evimizin üstünə tökdü, atışmada oğlum bəyin nökərlərindən birini vurub öldürdü, sonra uzun çəkən atışmadan sonra evin arxa bacasından oğumu da vurub öldürdülər, beləliklə də mənim başıma iki daşı birdən saldılar. Hamı axışdı bəyin qapısına, ölən nökəri dəfin-kəfin eləməyə, mənim ölülərim qaldılar ortada, bəyin qorxusundan bir kimsə mənim qapıma gəlmədi, ancaq ertəsi gün Van kəndindən Şəbi bəy molla götürüb bir bölük adamla gəldi, ərimlə oğlumu torpağa tapşırdılar. Üç gün sonra Cahangir bəyin adamları gəlib evimin yorğan-döşəyini, qab-qaşığını, bir sözlə nə varsa hamısını, qapımın mal-qarasını, ambarımın ununu, taxılını yığıb apardılar. Ertəsi gün bu qazma komanı düzəltdilər, məni evimdən çıxarıb buraya köçürdülər. Evimi, tövlə ilə anbarımı ölən nökərin arvad-uşağına qanbahası adı ilə verdilər, eşitdiyimə görə əkin yerlərimi də əlimdən alacaqlar, belə olsa mənim bir yolum qalır, gərək başımı götürüb otay Azərbaycana gedəm”. Qəhrəman bir az susub dayanandan sonra dilləndi: “Bacı, bu necə olur, nökərin ölümünə görə səndən qanbahası alırlar, bəs sənin ölənlərinin qanbahası necə oldu?” Qadın dedi: “Mənə dedilər, sənin ərin nə üçün bəyin üzünə ağ olurdu bəy də onu vurub öldürsün, ona görə də onun ölümünə görə qanbahası düşmür”. Qəhrəman dedi: “Bacı, indi hökumət olmasa da, yenə də yerlərdə mollalar var, onlar şəriət qanunlarını gözləyirlər, onlar niyə sənə yardım eləmədilər, yoxsa sən özün onlara ağız açmamısan?” Qadın dedi: “Qardaş, sən yenə mənim dərdimi təzələyirsən, qulaq as gör nə deyirəm:

Söz dedim, qulağa almadı molla,
Yazığın qeydinə qalmadı molla,
Pula aldanaraq haqqımı dandı
Allahı yadına salmadı molla.

Mollaya şikayət çıxdı dilimdən,
Elə üz göstərdi betər ölümdən,
Bilmirəm köməyi gözləyim kimdən
Mənim tərəfimdə olmadı molla.

Yoxsulun dərdinə qalmaz zalım kəs,
Məsumun səsinə olmaz verən səs,
Öz alçaq nəfsinə dur deyə bilməz
Bax belə bir əyri yoldadı molla.

Deməyim odur, indi kim güclüdür, hamı içi molla qarışıq, onun tərəfindədir. Qardaş, evim-eşiyim, varım-yatırım gedibdir, bu məni o qədər də yandırmır, ancaq indi bu alçaq Cahangir bəy həmən o ayğır atımızı minib, hər gün gözümün qabağında oyan-buyana sürəndə, elə bil, oğlumla ərimi təzədən öldürür, köksümə yanar dağlar çəkir. Cahangir bəy bu kənddə çox evlər yıxıbdır, ancaq indi elə bir qurğu qurubdur, bu dəfə tökülən qanlar bundan qabaqkılardan min qat artıq olacaqdır”. Qəhrəman qadından Cahangir bəyin indi nə kələk qurduğunu soruşdu. Qadın dedi: “Qardaş, bundan artıq nə edəcəkdir, Moran ilə Dilağarda arasına bir qovğa salıb, neçə adamlar ölüb, hələ bundan sonra qan su yerinə axmasa yaxşıdır”. Qəhrəman arvaddan söz almaq üçün soruşdu: “Ay bacı, başa düşmədim, o Moranla Dilağardanı necə biri-birinə vurubdur?” Qadın dedi: “Moranlı Məmi bəyi ruslar vurub öldürmüşdülər, Cahangir bəy yalandan ortaya söz saldı, Məmi bəyi ruslar yox, Dilağardalı Qəhrəman bəy öldürübdür, sonra Qəhrəman bəy Kürdlər kəndinə gələndə onu Moran bəylərinin əli ilə öldürtdürdü, indi də Moranı qaldırıb Dilağardanın üstünə, onlar köçüb gediblər otay Azərbaycana, yenə də onlardan əl çəkmək istəmir, Moran bəylərini qızışdırıb, onların üstünə göndərmək istəyir”. Qəhrəman bundan artıq sorğu-sualı yersiz sayıb, dedi: “Bacı, bu xurcunda undan buğdadan nə var, götür boşalt, mən getmək istəyirəm”. Qadın bu sözləri eşidəndə gözündən yaz buludu kimi yaş axmağa başladı.

Yağı tənəsindən mən gəlmişəm canə nə çarə,
Möhnətü-qəmlər əlindən yoxdur məndə tab ağlaram.
Namərd əğyaridən görürəm hər gündə cəfalar,
Yoxdur mənim bir pənahım, çəkib iztirab ağlaram.

Verərdim mən bəxti qara kimsəsizlərə sadağa,
Bübül fəğan eylər, dözməz gül ilə bu ayrılığa.
Rəvadırmı açam əlim, düşəm mən belə ayağa,
Eyləyirsən sən məni sailə hesab ağlaram.

Azğın insanlar əlində əsir olanlar görmüşəm,
Bəlalara düçar olan çox nalanlar görmüşəm,
Cahillərin əli ilə talananlar görmüşəm,
Məsum deyər olmuşam xanəxarab ağlaram.

Qəhrəman dedi: “Bacı, mən sənin kimliyini bilmədən bu komaya dönmüşdüm, sən olmasan da bir başqasına bu buğda ilə unu verəcəkdim, indi sən bunları götürməsən, gərək bunları aparıb bir yiyəsiz dərəyə töküb gedəm”. Qadın dedi: “Qardaş, məndən incimə, mən elə bir kişinin xanımı olmuşam, indi kimdənsə nəsə almağı özümə sığışdıra bilmirəm”. Qəhrəman dedi: “Bacı, and olsun Allaha, mən nə seyidəm, nə də dilənçi, məni də bu günə salan elə bu Cahangir bəy kimi alçaqlardır. Mən Dilağardadan gəlmişəm, öyrənəm görəm buralarda bizə qarşı nə qurğular qururlar, sözün düzü, elə səndən də bir çox sözlər öyrəndim, indi də öyrəndiyimi öyrənib çıxıb gedirəm öz elimə, bu yaramazlar sabah məni də öldürüb varımı-yatırımı talamaq, arvad-uşağımı başsız qoymaq istəyirlər. İndi mən sənin bu halını görəndən sonra düşünürəm, biz gərək Cahangir bəy kimi alçaqlardan tək öz qanımızı yox, sənin kimi əlsiz-ayaqsızların da qanını alaq. Məndən bundan artıq söz soruşma, xurcunu boşalt ver, mən gərək gedəm”. Qadın xurcunu boşaldıb Qəhrəmana verdi, o da yeyin yeriyib axşama kimi özünü Kövüzbulaq kəndinə yetirdi.
Qəhrəmanın gəlməyini eşidib, Dilağardanın bəyləri, ağsaqqalları onun evinə yığışdılar. Qəhrəman nə görüb-eşitmişdisə hamısını bircə-bircə danışdı, artıq birisi gün Moranın birləşmiş güclə Kövüzbulağa basqın eləyəcəyini də yığışanlara çatdırdı. O gecəsi otaylı-butaylı Dilağardanın bütün başı tərpənən adamları Kövüzbulaq kəndində toplaşıb üstlərinə gələn Moranlıları necə qarşılamaq üçün götür-qoy elədilər, yağı güclü olduğu üçün burada kələksiz keçinmək olmayacaqdı, ona görə də basqınçıları harada, necə, kimlərin qarşılayacağını ayırd eləmək gərək idi. Ertəsi günü yaxınlıqdakı Dilağarda kəndlərinə də yardım üçün soraq elədilər, axşama yaxın onlardan da on beş tüfəngli gəlib çıxdı. Döyüşçüləri saydılar, yüzdən bir az artıq çıxdı, onları bir neçə bölüyə ayırıb, kimin hansı yönü qorumalı olduğunu tapşırdılar. Qəhrəmanın gətirdiyi xəbərlər Dilağardanın gözünü bir az da açdı, onlar Cahangir bəyin fırıldaqçı olduğunu, Qəhrəman bəyin ölümündə əli olduğunu, bu kələklə Moran bəylərini qırğına verib özü Morana başçı olandan sonra Dilağardaya basqın edəcəyini, onun həm özlərinə, həm də Morana yağı olduğunu da öyrəndilər, yoxsa onun bicliyinə aldanıb elə bilirdilər Cahangir bəy Dilağardaya dost adamdır. Savaşa başçılığı öz üzərinə götürmüş Qara bəy Dilağarda bəylərini başına yığıb dedi: “Cahangir bəy bizə dediyi kimi, Moran bəylərini qırdırmaq üçün onları Tilayı dağının Günbatan yanı ilə gətirəcək, sonra dağın başından Günçıxana sarı yenməyə başlayacaqlar, birinci gülləni mən atacağam, o anda da onların hamısını uctantutma vurub öldürərsiniz, ancaq çalışın lap birinci Cahangir bəyi vurasınız, bu tökülən qanların başlıca günahkarı o alçaqdır, onu sağ buraxmaq olmaz. İndi deyin görək, Moran bəylərini aradan götürmək üçün kimlər könüllü getmək istəyir?”. Bu iş çox qorxulu olduğuna görə, ortaya uzun bir susqunluq çökdü, bir azdan otaydan Əjdər bəylə İbadulla bəy, butay dilağardalılarından Calayir kəndindən Nəcan ortaya çıxıb, bu işi görməyi öz boyunlarına götürdülər, başqa dillənən olmadığından bu işi üç nəfərə tapşırmalı oldular. Dağılşmaq istəyəndə Kərbəlayi Böyükağa bəy adamları saxlayıb dedi: “Sabah bu çağ hansımızın diri, hansımızın ölü olacağını heç kim bilmir, ona görə də ayrılmazdan qabaq biri-birinizlə halallaşın, vəsiyyətinizi eləyin, atalar deyiblər, vəsiyyət adamı öldürməz, ürəyi yüngülləşdirər, buradan evinizə gedəndə yaxın adamlarınızla, arvad-uşağınızla da halallaşın”. O gecə Kövüzbulaq kəndində adamlar səhərə kimi yatmadılar, hamı bir yerə toplaşıb dərdləşir, biri-birindən halallıq alırdılar, qadınlar elə ucadan ağı çağırırdılar səsi qonşu kəndlərə də gedib çatırdı. Ona görə də, Kövüzbulağa qonşu olan Eşşəkçi ilə Edişə kəndlərinin adamlarından nə baş verdiyini öyrənmək üçün Kövüzbulağa gələnlər də olmuş, sabah Moranın Dilağarda üzərinə basqın eələyəcəyini öyrənib öz kəndlərinə qayıtmışdılar. Bu kəndlərdə yaşayanlar nə Moranlı, nə də Dilağardalı olmasalar da, öz aralarında gənəşəndən sonra hər kənddən bir neçə tüfəngli Dilağardaya kömək üçün gəldilər.
Otayın Kürdlər kəndində Moranın otaylı-butaylı yaraqlı adamları toplaşmışdı, deyilənə görə döyüş üçün yığışanların sayı beş yüz nəfər olardı. Hava işıqlanmamışdan Dilağardanın döyüşçüləri otayla butayı ayıran Bolqarçayın hər iki sahilində pusqu qurub gözləməyə başladılar. Moran bəylərini qarşılamalı olan tüfənglilər Əjdər bəyin başçılığı ilə Tilayı dağının Quzeyindəki çökəkliyə gəlib atlarını burada hörükləyəndən sonra dağın başına qalxdılar, orada dalda bir yer tapıb gözləməyə başladılar. Moranlılar öz döyüşçülərini iki bölüyə ayırdılar, bir bölük Bolqarçayı birbaşa keçib, otaydan birbaşa Kövüzbulaq kəndinə sarı basqın eləməli idi, o biri bölük isə, çayı biraz yuxarıdan keçməli, Qazan köşkü sarıdan dolanıb arxadan kəndin üstünə gəlməli idi. 
Burada bir az danışığımızdan qırağa çıxmalı olacağıq. Alar kəndinin köçəriləri bir il bundan qabaq Həsənli, Çünəxanlı, Zopun, Məşədhüseynli kəndlərinin taxıl tarlalarını otararaq onlara çox böyük korluq vermişdilər. Dilağarda ilə Moran savaşı olan günlərdə Alarlılar köçüb yaylağa gedirdilər. Məşədhüseynli kəndi ilə qohum olan Musalı kəndindən Molla Qəfər, öz doğmalarının öcünü Alarlılardan almaq üçün Qazan Köşkünün Güneyində meşənin içində bir bölük yaraqlı adamları ilə pusqu qurmuşdu. Onlar meşədə durub Alarlıların köçlərinin meşədən açıqlığa çıxmasını gözləyirdilər, onlara görk olsun deyə üstlərinə basqın eləyib, mal-qaralarını, qoyunlarını əllərindən almaq istəyirdilər. Molla Qəfərin yaraqlıları Alarlıların meşədən çıxan hissəsinə basqın eləyəndə, Alarlıların köçündə qarışıqlıq yarandı, onlar geri çəkilmək istəyəndə Qazan köşkünün yanından dolanıb Kövüzbulağa yürüş eləyən Moranlılarla üz-üzə gəldilər, Alarlılar elə bildilər, onlara arxadan da basqın eləyib bütün mal-qara, qoyun sürülərini almaq istəyirlər, ona görə də Molla Qəfərlə döyüşən köçün kiçik hissəsini qoyub geriyə çəkildilər, bütün güclərini toplayıb, Moranlıların üstünə yeridilər, onları güllə yağışına tutdular, anlaşılmazlıqdan başlayan bu savaş get-gedə qızışdı. Bu vaxt Molla Qəfər Alar köçünün köməksiz qalan hissəsinin mal-qarasını, qoyunlarını əllərindən alaraq, sürüb Məşədhüseynli kəndinə gətirdi, gətirdiklərini çağırıb kənd ağsaqqallarına verdi, əkini korluq çəkmiş adamlar arasında paylamağı tapşıraraq, çıxıb öz kəndinə getdi. Molla Qəfərin gözlənilmədən Alarlılara basqın eləməsi Moranlıları da, Alarlıları da çaşdırdığından, onlar bir-biri ilə vuruşmağa başladılar. Ancaq Moranlılar Alarlıların nə üçün onlarla vuruşduğunu anlaya bilmirdilər, onda bir nəfər dedi: “Qəhrəman bəylə Qara bəyin anası Alarlı qızıdır, yəqin ona görə də, Alarlılar da Dilağardaya köməyə gəlib”. Bu sözdən sonra Moranlılar başqa çıxış yolu olmadığını düşünüb, Alarlılarla qızğın savaşa girdilər. Beləliklə də Moranın qüvvəsi parçalanaraq bir yarısı Dilağardalı, o biri yarısı Alarlı ilə savaşa girməli oldu. 
Moranın qoşunu otaydan Kövüzbulağın üstünə yürüşə başlayanda Cahangir bəy Moranın bəylərinə dedi: “Bizim nə işimiz var o güllə yağışının içində, gəlin biz yolumuzu Tilayı dağı sarıdan salaq, dağın üstünə çıxıb oradan savaşı izləyək, sonra da döyüş bitənə yaxın dağdan enib Kövüzbulağa gedərik”. Bəylər onun sözünü tutub, dediyi yolla getməyə başladılar. Moran bəyləri gəlib Cahangir bəyin dilağardalılara dediyi yerə yaxınlaşanda Tilayının başında gizlənən Əjdər bəyin yaraqlıları onları görüb izləməyə başladılar. Bəylər öldürülməli olduqları yerə lap yaxınlaşanda Cahangir bəy subaşına çıxmaq adı ilə arxada qaldı, dağın o üzünə dolandı, Quzeydəki çökəklikdə üç yiyəsiz atın bağlandığını görəndə işi başa düşüb, geridə qaldı. Moran bəyləri Vəkilağa bəyin başçılığı ilə irəliləyib gülləçatan yerə gələndə Əjdər bəy dedi: “Başlıca araqarışdıran Cahangir bəy idi, o tülkülük eləyib arxada qaldı, ona güllə atsaq çatmaz, bu birilər də duyuq düşüb aradan çıxarlar, gəlin qabaqca bunların işini bitirək, sonra çalışarıq o alçağı da öldürək”. Bunu deyib Moran bəylərini gülləyə tutub beşini də vurdular, bəylərdən dördü yerindəcə ölmüşdü, ancaq Vəkilağa bəy yaralanıb sağ qalmışdı, güllə onun sağ dizinə dəyib sümüyünü sındırmış, sonra keçib ata dəydiyindən at da yıxılmış, tüfəngi əlindən aralı düşmüşdü. Nəcan bunu görüb qaçaraq, onun tüfəngini götürdü. Cahangir bəy Moran bəylərinin vurulduğunu görən kimi atını çapıb aradan çıxdı, düşündü birdən dilağardalılar haradansa bu işləri onun qurduğunu öyrənər, onu da vurub öldürərlər, atalar demişkən xain xoflu olar. Bir də onsuz da, Dilağarda ilə ilk savaş onun dilağardalıların ot yerlərini çalmasından sonra başlamışdı, düşündü birdən o çağ ölənlərin qanını ondan almaq istəyərlər. Cahangir bəy qaçanda Əjdər bəylə yoldaşları onun arxasınca da bir neçə güllə atdılar. Ancaq ara uzaq olduğundan onu vura bilmədilər. Cahangir bəy özünü savaş yerinə yetirib, dilağardalıların pusqu qurub Vəkilağa bəy qarışıq Moran bəylərini öldürdüklərini dedi, otaydakı, Alarlılarla döyüşən Moran döyüşçülərinə də savaşdan çəkilmələri üçün ismarış göndərdi. Bir-neçə saatdan sonra Moranlılar geri çəkilməyə başladılar, moranlıların atlıları yox idi, ayaqla döyüşən moranlılar qaçmağa başlayanda, Dilağarda atlıları onları izləyib çoxunu öldürdülər, qaçanlar Moranın Kürdlər kəndinə doluşanda Qara bəy atlılarını dayandırdı, irəli getməyə qoymayıb dedi: “Kəndə girmək kişilikdən olmaz, qadın-uşaq ayaq altında qalar, geri qayıdaq”. Dilağardalılar geri qayıdanda yolüstü Moranın bir neçə kəndini talan eləyib, döyüşdən çəkildilər, sözün düzü, istəsəydilər bütün Moranın altını üstünə çevirərdilər, ancaq bunu etmədilər. Qara bəy atını çapıb Tilayı dağında pusqu quranların yanına gələndə, Moran bəylərinin öldürüldüyünü, ancaq Vəkilağa bəyin yaralanıb sağ qaldığını gördü. Vəkilağa bəyin diri olaraq ələ keçməyinə Qara bəy çox sevinirdi, Qəhrəman bəyi öldürdüyünə görə ürəyində ona deyəcək sözləri vardı. Vəkilağa bəy Qara bəyi görəndə başını aşağı saldı. Qara bəy ona üzünü tutub dedi: “Bəy, başını aşağı salma, alnıaçıq, üzüağ isənsə başını yuxarı qaldır, gözümün içinə dik bax. Mənim, ya da biz Dilağardanın sizin qarşınızda bir suçu varsa, bunu çəkinmədən mənim üzümə de, günahımız olsa, tüfəngini sənə verim, sən də məni dizimdən vur, özün düşdüyün günə sal”. Qara bəy durub gözlədi, Vəkilağa bəydən səs çıxmadı. Onda Qara bəy yenə dilə gəldi: “Belə çıxır, sən məndə bir suç bilmədiyinə görə dinmirsən, elə isə qulaq as, mən sənin suçlarını üzünə deyim, yalan olsa deyərsən elə deyil. Məmi bəyi mənim qardaşım Qəhrəman bəy öldürməmişdi, sən Cahangir bəyin yalan sözünə uyub mənim qardaşımı sizin evinizdə qonaq olanda yoldaşları ilə birlikdə öldürdün, hər şey bir qırağa, harada görülüb qonağı öldürəsən, özü də yatan yerdə, mənim qardaşımı öldürmək istəyirdinsə, kişi kimi vuruşub öldürəydin, yoxsa sənin evinə dost kimi, sənin əmin oğlunun toyunu eləməyə gəlmiş adamı yatan yerdə öldürməyin adı kişilikdirmi səncə?” Vəkilağa bəydən yenə də səs çıxmayanda Qara bəy dedi: “Sənin susmağından belə görünür, mənim bir suçum yoxdur, sənin üçün dediklərimin də hamısı doğrudur, sənin ölümünü öz gözümlə görmək istəmirəm, ancaq sən elədiyin işlərə görə ölməlisən”. Qara bəy bunu deyib tüfəngini Vəkilağa bəyin başına dayayıb üzünü yana çevirib tətiyi çəkdi, Vəkilağa bəy yıxılıb öldü. İbrahimxan bəy də öldürülənlərin arasında idi, onun ölüsünü atın üstündə qucaqlarına alıb götürdülər, qalan ölüləri isə atların quyruğuna bağlayaraq, Kövüzbulaq kəndinə sarı sürüyüb aparmağa başladılar. Ölüləri atın quyruğunda Tilayı dağının başından sürüyüb Bolqarçayın qırağına gətirib çıxaranda Kərbəlayi Böyükağa bəy özünü yetirdi, çatan kimi Qara bəyin üstünə qışqırdı: “İndi sən Alarlı yegənisən deyə, gərək belə yaramazlıq eləysən? Sən bizim üstümüzə alçaq adı qoymaq istəyirsən, adam da basdığı adamın ölüsünü alçaldarmı?” Bunu deyib, ölüləri atların quyruğundan açdırdı, atların üstündə qucaqlarında kəndə aparmağı buyurdu. Dilağardalıların Moran bəylərini öldürmək xəbəri artıq Kövüzbulaq kəndinə gəlib çatmışdı, İbrahimxan bəyin adaxlısı Süfeyrə xanım anasından soruşdu: “Ana, birdən Allah eləməmiş, bizimkilər qarışıqlıqda İbrahimxan bəyi də vurub öldürməzlər?” Anası dedi: “Ay bala, mən də sənin kimi oturmuşam evdə, haradan bilim kimi öldürüblər? Bu savaşdır, burada adamlar biri-birinin kimliyini öyrənib sonra öldürmürlər. Ancaq vicdanı olan İbrahimxan bəy kimi igidi öldürməz, qalıb Allaha! Qızım, İbrahimxan bəyin başına bir iş gəlsə onun dağı ölüncə mənim ürəyimdən getməz”. Bunu deyəndən sonra, İbrahimxan bəyin öldü-qaldısını bilməyən ana-bala biri-birinə qoşulub ağlamağa başladılar. Bir azdan adamlar savaşdan qayıtdılar, atlılardan dördü bir az qabaqda gəlir, qucaqlarında ölmüş adamları gətirirdilər, onları kəndin ortasına çatanda odun kimi atdan yerə tulladılar. Süfeyrə xanımla anası tez gedib ölülərə baxdılar, İbrahimxan bəyi onların arasında görmədilər, ürəkləri yerinə gəldi. Aradan heç on dəqiqə keçməmiş, başqa bir atlı üstü mahud çuxa ilə örtülü bir ölünü qucağında tutmuş gəlib çıxdı, Kərbəlayi Böyükağa bəyin tapşırığı ilə üzünə qanovuz parça çəkilmiş yorğan-döşək gətirib, həmin ölünü bəylər öz əlləri ilə götürüb döşəyin üstünə qoydular, üstünü yorğan ilə örtdülər. Kənd adamından çoxu bu işdən baş aça bilmədilər, bu ölən adam dost idisə, onu niyə öldürüb indi də belə sayğı ilə davranırdılar, bu savaşda Dilağardadan kimsənin ölmədiyini də hamı bildiyindən, bir az da çaşıb qalmışdılar. Ölünü atdan endirib yorğanla üstünü örtəndən sonra Kərbəlayi Böyükağa bəy yasin oxumağa başladı. Bunu görən Süfeyrə xanım anasına dedi: “Ana, bu ölən kimdirsə boy-buxundan İbrahimxan bəyə çox oxşayırdı”. Anası dedi: “Ay bala, sən nə qaramatını tökmüsən bu yazıq İbrahimxan bəyin üstünə, bizimkilər onu öldürməzlər”. Süfeyrə xanım dedi: “Ay ana, savaşda kim-kimi tanıyır, qarışıqlıqda tanımayıb İbrahimxan bəyi də vura bilərlər. Bir də bizim adamlardan bu savaşda ölən olmayıb, onda səncə bu kim ola, Kərbəlayi Böyükağa bəy əmim onun üstündə yasin oxusun? Adamın çox vaxt ağlına gələn başına gəlir, mənə elə gəlir bu ölən elə sənin kürəkənin olacaq, nə olar, bir irəli yeri, gör odur, ya yox?” Süfeyrə xanımın anası Məryəm xanım irəli yeriyib, yorğanı qaldırıb baxanda İbrahimxanın solmuş üzünü gördü, köksündən bir hayqırtı qopdu, başladı bu ağını deyib ağlamağa:

Nə yatmısan yataqda, lay-lay balam, a lay-lay,
Yarın qalıb fəraqda, lay-lay balam, a lay-lay
Mümkün deyil oyatmaq, nə yaman bərk yatmısan,
Sən bu soyuq otaqda, lay-lay balam, a lay-lay.

Kəsilibdir nəfəsin, dünya çıxıb əlindən,
Payız gələndə bülbül ayrı düşər gülündən,
Qara yellər əsəndə, dən düşər sünbülündən,
Yazsız gül solar bağda, lay-lay balam, a lay-lay.

Çoxdan arzum var balam cənnət bağina getsin,
Yatağının yanında nərgizlə reyhan bitsin,
Pirimin nur saçdığı o çırağbana yetsin
Gül yatar gülüstanda, lay-lay balam, a lay-lay.

Getdin könül mülkümün dağıldı hər növrağı,
Ölümünlə sönübdür evimin gur çırağı,
Getdiyin yerdən gəlməz bir kimsənin sorağı
Yaman qaldın uzaqda, lay-lay balam, a lay-lay.

Məsum, yaman çəkirsən bu cahanın möhnətin,
Adətdir ağac çəkər öz barının həsrətin,
Sərraf olmayan bilməz ləl-yaqutun qiymətin
Yaqut yatar torpaqda, lay-lay balam, a lay-lay.

Məryəm xanım ağı deyib qurtarandan sonra Kərbəlayi Böyükağa bəyin göstərişi ilə kənddə Şaban adlı bir çox yaxşı mərsiyəxan vardı, o ortaya çıxaraq, yanıqlı bir mərsiyə dedi, oraya toplaşan mindən artıq insan hamısı ağladılar. Eşidib bilənlər qonşu kəndlərdən də gəldilər, çox böyük bir yas yığıncağı quruldu, hamı İbrahimxan bəyin ölümünə görə çox yanıb-yaxılırdı. Kərbəlayi Böyükağa bəyin buyuruğu ilə İbrahimxan bəyin ölüsünü bulaq başına aparıb qüsl verdilər, kəfənə büküb ölü namazı qıldılar, gün batdığına görə ölünü məscidə apardılar. Ertəsi günü İbrahimxan bəyin ölüsünü arabaya sərilmiş ipək yorğandöşəyin üstünə qoyub, anası Səkinə xanıma çatdırmaq üçün Kürdlər kəndinə yola saldılar. Arabanın yanınca başda Əjdər bəy olmaqla on beş tüfəngli də getdilər. Bu tayın Şatırlı kəndinin yanından Bolqarçayı keçib, Kürdlər kəndinə az qalmış dayandılar. Kürdlər kəndinin adamları kəndin yaxınlığında dayanan arabanı görüb ona yaxınlaşmaq istəyəndə Əjdər bəy çağırıb onları saxladı: “Allahı sevərsiz, buraya yaxınlaşmayın, yoxsa yenə araya qan düşər. Gedin Səkinə xanım anama deyin Dilağardadan Əjdər bəy gəlib, onu burada gözləyir, onun razılığı olandan sonra buraya yaxınlaşarsınız”. Adamlar gedib baş verənləri Səkinə xanıma danışdılar. Səkinə xanım gələnə kimi Əjdər bəy kənd adamlarının arasından tanıdığı İbrahimxan bəyin nökəri Kərimi çağırıb ona yavaşca dedi: “Biz İbrahimxan bəyin ölüsünü gətirmişik, kimsəyə bildirmədən məscidən ölü götürmək üçün olan xərəyi bura gətirin”. Səkinə xanım evindən çıxıb kəndin qırağında dayanan arabaya sarı gəlməyə başladı, yaxınlaşanda Əjdər bəy ona sarı irəlilədi, Səkinə xanıma çatmağa az qalmış Əjdər bəy tüfəngini yerə atıb dizi üstə Səkinə xanıma sarı sürünməyə başladı, ona çatanda isə üzüqoylu xanımın ayaqlarına döşəndi. Səkinə xanım Əjdər bəyin əlindən tutub ayağa qaldırdı, nə üçün gəldiyini soruşanda Əjdər bəy dedi: “Ana! Görürəm, atam Qəhrəman bəyi öldürəndə üzünü cırmısan, yaraların hələ sağalmayıb, ancaq mənim bu köksümün altında sənin o yaralarından da qat-qat dərin, qanı axan yaralarım var. Bilmirəm sənə necə deyim, mən İbrahimxan bəyi gətirmişəm”. Səkinə xanım hələ İbrahimxan bəyin öldüyünü bilmədiyindən soruşdu: “Oğul, bəs hanı İbrahimxan bəy, niyə gözə görünmür?” Əjdər bəy nə deyəcəyini bilmədən susub qaldı, bu vaxtı Kərim bir neçə adamla ölü götürmək üçün olan xərəyi gətirib gəldilər, xərəklə arabaya yaxınlaşanda Səkinə xanımın ürəyinə damdı, deyəsən arabadakı oğlunun ölüsüdür, dönüb arabaya sarı getdi. Xanım arabaya çatana kimi İbrahimxan bəyi götürüb xərəyə qoymuşdular, yaxınlaşıb oğlunu ölmüş görən Səkinə xanım huşunu itirib yerə yıxıldı. Handan-hana özünə gələn Səkinə xanımın huşu dumanlandığından soruşdu: “Deyirdilər, İbrahimxan bəy gəlib, niyə gözə görünmür?” Dedilər, yaxınlıqda işi vardı getdi, indi qayıdıb gələcək. Bir az sonra Səkinə xanımın huşu özünə gəldi, özünü oğlunun üstünə yıxdı, onu qucaqlayıb bağrına basdı, hönkür-hönkür ağladı. Qıraqda dayanan adamların da hamısı göz yaşı tökür, bu ürəkparçalayan görünüşə baxırdılar. Səkinə xanım uzun-uzadı ağlayandan sonra özünü ələ alıb, oğlunun ölüsünü yerdən götürməyə icazə verdi. Kəndə sarı gedəndə Səkinə xanım Əjdər bəyə üz tutub dedi: “Oğlum, sən niyə dayanmısan, gəl gedək”. Əjdər bəy dedi: “Ana da öz oğlunu ölümə apararmı? Ana, mən sizin kəndə girsəm, ara yenidən qarışar, qan tökülər. Bu kənddə mənim əmim Qəhrəman bəyi öldürüblər, mən oraya gedə bilmərəm”. Səkinə xanım dedi: “Oğul, mən səni İbrahimxan bəyin yasına çağırıram, ölümə yox!” Əjdər bəy dedi: “Ana, bizim evdə də İbrahimxan bəy üçün yas tuturlar, mən gedib İbrahimxan bəyin yasını orada saxlayacağam”. Səkinə xanım soruşdu: “Oğul, bizə bir də haçağ gələcəksən?” Əjdər bəy dedi: “Ana, bizim dönərgəmiz elə döndü, biz çətin bir də biri-birimizi görək, ancaq sənə olan oğulluq sevgim ölüncən ürəyimdən çıxmayacaq. Uzaqda da olsam, səni özümə ana sayacağam”.
Doğrudan da Dilağarda bəyləri İbrahimxan bəyə yeddi gün yas saxladılar. Qalan Moran bəylərini də yuyub, kəfənləyib basdırdılar. Bir az sonra Morandan ölü yiyələri gəlib Kövüzbulaq kəndindən icazə alaraq öz ölülərini qəbirdən çıxarıb apardılar. 
Bundan sonra Moranlılar bir də Dilağardaya toxunmağa ürək eləmədilər, dilağardalılar köçüb öz yerlərinə qayıtdılar. Bir az sonra dilağardalılar bir neçə dəfə Moran kəndlərinə basqın eləyib soyub talasalar da, İbrahimxan bəyin kəndlərinə toxunmadılar, onun adamlarını harada görsələr incitməyib, sayğı ilə yola verməyə çalışdılar. 
Moranın başlıca bəyləri öldürüldükdən sonra Cahangir bəy artıq bütün Moranın bəyliyini ələ keçirib, öz əmiuşaqları olan bəyləri özündən asılı eləməyə gücü çatacağını sanırdı. Ona görə də bu işi yoluna qoymaq üçün günlərin birində Moran bəylərini öz evinə qonaq çağırdı. Şam süfrəsi yığılandan sonra Cahangir bəy sözə başladı: “Əmi oğlanları, iş elə gətiribdir, Moranın başlıca bəyləri öldürülübdür, ona görə də mənə elə gəlir, bundan sonra Moranın baş bəyliyini gərək mən eləyəm, siz də əlimin altında olub mənə vergi ödəyəsiniz”. Bəylər bu sözü eşidəndə başda Şəbi bəy olmaqla, elə bil onların hamısını ildırım vurdu. Bu sözü eşidən Vəkilağa bəyin qardaşı Ağalar bəy başını əllərinin arasına alıb uzun-uzadı düşünəndən sonra dilləndi: “Əmi oğlu, sən nə danışdığını bilirsən? Yoxsa özünü gözləməyibsən, başına soyuq dəyib, ağlını başından çıxarıb? Sən bu sözləri zarafatla deyirsən, ya ciddi sözündür? Biz ölmüşük nədir, sən Moranın bəyliyini əlinə alasan? Biz nə üçün öz mülkümüzdən sənə vergi verməliyik?” Cahangir bəy onun üstünə çımxırdı: “Ağalar bəy, mənim ağlım yerindədir, sözüm də ciddidir, özü də mən sizdən bunu xahiş eləmirəm, mən sizə bunu əmr edirəm, bu gündən belə Moranın baş bəyi mənəm, mən nə desəm ona da siz qulaq asmalısınız”. Şəbi bəy dedi: “Ay Cahangir bəy, sən haçağdan ilan yeyib əjdahaya dönmüsən belə? Bu nə yekəbaşlıqdır eləyirsən? Haçağ baxıb boynunun ardını görə bllsən, onda biz də sənin buyuruqqulun olarıq. Böyüklərimizdən bizə yetərincə torpaq qalıb, hərəyə öz torpağı bəs eləyir, yerində ağır otur, yenə də aranı qarışdırma. Hamı bilir, Moranla Dilağardanın arasını sən vurub nə qədər qan tökülməyinə gətirib çıxardın, indi də ata-qardaş arasında qırğın salmaq istəyirsən! Görünür, sənin iç üzün sonacan açılmayıbdır, mənə elə gəlir, sənin içində nə gizləndiyini bilsələr, elə bu qohum-qardaşların səni daş-qalaq eləyərlər”. Şəbi bəy bu sözləri deyəndə Cahangir bəy elə bildi, Tilayı dağında Moran bəylərinə qurduğu kələyi Şəbi bəy bilir, ona görə də belə kəskin danışır, düşündü, görünür bu Şəbi bəyi aradan götürməsəm, Moran bəylərini özümə buyuruqqulu eləyə bilməyəcəyəm. Ona görə də Şəbi bəyə cavab vermədən, araya ayrı söz salıb danışığı dəyişdi. Bu arada Hüsü bəy Şəbi bəydən Bolqarçayın qırağında olan bağının vəziyyətini soruşdu, Şəbi bəy dedi: “Bir neçə gün qabaq gedib baxmışam, ağaclar yaxşı bar gətirib, ancaq bu keçən gecə bir qara yel əsdi, qorxuram ağacların barı tökülə, sabah sübh namazını qılandan sonra gedib baxacağam görüm vəziyyət necədir?” Cahangir bəy bu sözləri eşidəndə sevindi, sabahı gün öz bağında Şəbi bəyi aradan götürməyi kəsdirdi. Bəylər bu qanqaraldıcı danışığı bitirib öz evlərinə, Van kəndinə qayıtdılar.
Bəylər gedəndən sonra Cahangir bəy yatmadı, gün çıxmağa iki saat qalmış tüfəngini də götürüb yola düşdü, gün çıxmağa az qalmış Şəbi bəyin bağına çatdı, uyğun bir yerdə pusqu qurub gözləməyə başladı. Şəbi bəy sübh namazını qılandan sonra çuxasını çiyninə atdı, kənddən yavaş-yavaş üzü aşağı enib Bolqarçayın qırağındakı bağına gəlib çıxıdı. Bağı gəzərək ağacların barını yoxlaya-yoxlaya pusquya gəlib çatanda, Cahangir bəy onu köksündən güllə ilə vurub öldürdü. Şəbi bəyi öldürəndən sonra Cahangir bəy butayla evinə qayıtmadı, qorxdu birdən onu görən olar, ona görə də Bolqarçayla otay Azərbaycana keçdi, uzaqdan fırlanıb başqa yerdən çayı keçərək, evinə qayıtdı. Ancaq Van kəndinin tuşundan çayı keçəndə otayın Birəmətə kəndindən mal otaran adamlar o biri tayda güllə atıldığını, sonra da Cahangir bəyin çayı keçib harasa getdiyini görmüşdülər. 
Aradan bir az keçmiş güllə səsini eşidən Van kəndinin adamları bağa gəlib Şəbi bəyin öldürüldüyünü gördülər. Hamı Şəbi bəy kimi tikansız bir adamı kimin öldürə biləcəyini düşünüb tapa bilmirdilər, əlüstü baxıb kənd adamının hamısının öz yerində olduğunu görəndən sonra Şəbi bəyi qıraqdan kiminsə öldürdüyünü anladılar. Ancaq bu işi kimin görə biləcəyi heç kimin ağlına gəlmədi.
Cahagir bəy Temirtaş kəndinə gəlib, inanılmış nökərlərindən birini Van kəndinə xəbər öyrənmək üçün göndərdi. Nökər Vana gəlib çatanda artıq Şəbi bəyi suvatda yuyub kəfənləyirdilər, adamların arasına girib bir neçə adamdan Şəbi bəyi kimin öldürdüyünü soruşdu, hamısı da bilmirik kimin işidir deyə cavab verdilər. Nökər geriyə qayıdıb eşitdiklərini Cahangir bəyə danışandan sonra o, atını minib yas yerinə gəldi, çatan kimi də “əmioğlu vay” deyərək ağlayıb sıtqamağa başladı. Sonra Vanlı Ağalar bəylə, Hüsü bəyə yanaşıb, əmioğlumuzu kim öldürüb deyə soruşdu, onlar çiyinlərini çəkib heç nə bilmədiklərini dedilər. Şəbi bəyi kimin öldürdüyünü keç kimin bilmədiyinə arxayın olan kimi, Cahangir bəy izi itirmək üçün başladı yasda adamların içində pıçıltı ilə dedi-qodu yaymağa: Şəbi bəyin öz əmisiuşaqları olan Təhməzlilərlə arası yox idi, yazığı onlar gizlincə vurub öldürüblər. Bu söz yavaş-yavaş yayılmağa, adamlar da onun doğruluğuna inanmağa başladılar.
Otay Azərbaycanın Eçara ilə Əliabad kəndlərindən bir neçə ağsaqqal Şəbi bəyin ölüm xəbərini eşidib, yığışaraq yasa gələrlər. Birəmətə kəndindən keçəndə bunlardan biri bu kənddə yaşayan Möhsünü də yasa getmək üçün çağırar. Yolda adamlar öz aralarında Şəbi bəyin çox yaxşı bir insan olmağından danışar, görəsən onu kim öldürər deyə danışarlar, onda Möhsü qayıdıb deyər, mən Şəbi bəy öldürülən gün butayda onun bağının yaxınlığında mal otarırdım, birdən bağdan güllə səsi gəldi, sonra gördüm Cahangir bəy bağdan çıxdı, çayı biz tərəfə keçdi, çayaşağı çıxıb getdi. Yol gedənlərdən Qulam deyər, Şəbi bəy Cahangir bəyin əmisi oğludur, Cahangir bəy onu nə üçün öldürsün? Onda orada olan Baba bəy deyər, indi elə alçaq bir zamandır qardaş qardaşı öldürür, görmədinmi bir kəndin bəyliyinə görə Nəcəfqulu xan öz əmisini vurub öldürdü. Yasa gələnlər kəndə gəlib çatandan sonra Şəbi bəyin gəlini o taydan, əmisi oğlu Qulamın qaynatasının yasına gəldiyini eşidib onunla görüşməyə gəldi. Danışığın gedişində Qulam əmisi qızından Şəbi bəyi kimin öldürdüyünü soruşdu. Əmisi qızı dedi, yalan-doğru deyirlər təhməzlilər öldürüb, ancaq gözü ilə görən olmadığından bu sözə çox adam inanmır. Qulam yolda Möhsünün onlara danışdıqlarını əmisi qızına söylədi, sonra onlar ayrıldılar, Qulam yas yığıncağına, əmisi qızı da evinə getdi. Şəbi bəyin gəlini yolüstü Ağalar bəyin evinin yanından keçəndə onun qapısında Hüsü bəyin, Müseyib bəyin, bundan başqa da bir çox yaxın adamların yığışıb danışdıqlarını eşidər, qadınlar hər sözə maraq göstərərlər, gəlin də çəpərin arxasından bunların danışığına qulaq verər, görər bunlar Şəbi bəyi təhməzlilərin öldürdüyünü deyib onlardan əmisi oğlanlarının qanını almaq haqqında danışırlar. İşi belə görən gəlin onlara yaxınlaşıb dedi: “Sizin Şəbi bəyin ölümündən danışmağınızı qulağım çaldı, bəyi kimin öldürdüyünü bilmək istəyirsinizsə, bu gün otay Azərbaycandan yasa gələn əmim oğlu Qulamı yoldaşları ilə birgə çağırıb soruşun, sözün düzünü onlar bilir”. Hüsü bəy yas yerinə gəlib Qulamı, Baba bəyi, Möhsünü qırağa çəkib onlardan gəlinin dediyi sözü soruşdu, Möhsü Şəbi bəy öldürüldüyü gün gördüklərini ona danışandan sonra Şəbi bəyi Cahangir bəyin öldürdüyü aydın oldu. Cahangir bəy də ehtiyatı əldən vermirdi, gündüzlər yas yerinə xanımını göndərir, o yasdan qayıdandan sonra özü ora gedirdi, bilirdi hansısa yenilik olsa, birinci arvadlar bilir, gəlib ona xəbər gətirəcəkdir. İşin tərsliyindən Hüsü bəy bu sözü Ağalar bəyə deyəndən sonra o da bu sözü gizlin saxlamaz, daha bir neçə adama deyər, artıq çoxları Şəbi bəyi Cahangir bəyin öldürdüyünü bilər. Söz yayılanda bunu Cahangir bəyin yas yerində olan xanımı da eşitdi, eşidən kimi də yas yerində qalmayıb tez özünü evinə yetirdi. Evə gələn kimi xanım üzünü ərinə tutub dedi: “Yas yerində deyirdilər mənim əmimoğlu Şəbi bəyi sən öldürmüsən, bu doğrudurmu?” Cahangir bəy xanımına deməyə söz tapmayıb, başını aşağa salaraq, susdu, sonra da “yalan deyirlər”, deyə mızıldanmağa başladı. Xanımı dedi: “Mən sənin sözünə inanardım, ancaq Şəbi bəy vurulan günü bir neçə şeylər görmüşəm, ona görə də sənə inana bilmirəm. Sən o günü sübh çağı tüfəngini götürüb hara getmişdin, sonradan günortaya yaxın qayıtdın?” Cahangir bəy daha dinmədi. O gündən sonra Cahangir bəy qorxusundan, xanımı isə utandığından Van kəndinə yasa getmədilər. Sonradan Cahangir bəy öz inanılmış adamını Van kəndinə xəbər bilmək üçün göndərdi, o da qayıdıb gələrək Van kəndində uşaqdan böyüyə hamının Şəbi bəyi Cahangir bəyin öldürdüyünü danışdıqları xəbərini gətirdi. Cahangir bəy Van bəylərinin ondan Şəbi bəyin qanını alacaqlarını bildiyindən, qorxuya düşərək nə edəcəyini götür-qoy eləməyə başladı. İlk olaraq yenə Dilağardaya, Qara bəyin yanına adam göndərdi. Gələn adam Cahangir bəyin adından bunları çatdırdı: Cahangir bəyin Qəhrəman bəyin ölümündə əli yoxdur, bu Moran bəylərinin uydurmasıdır; Moran bəyləri hardansa Cahangir bəyin Dilağarda ilə savaşda Vəkilağa bəylə yoldaşlarını aldadıb pusquya salmasını biliblər, indi Cahangir bəyi öldürmək istəyirlər; Cahangir bəy bu savaşda Qara bəyin ona yardım etməsini xahiş eləyir. Qara bəy Moranın ikiyə bölünüb bir-biri ilə qanlı savaşa girməsini eşidəndə ürəyində sevinsə də, bunu Cahangir bəyin adamının yanında bilindirmədi, Qara bəyin Cahangir bəyi görməyə gözü yox idi, ona görə də onu aldatmağı kəsdirib, Moranda savaş olarsa Cahangir bəyə yardım edəcəyinə söz verdi. Qara bəyin ona arxa duracağını biləndə Cahangir bəy çox sevindi, sonra isə əmisi oğlanları ilə savaşmaq üçün özünə yaraqlı döyüşçülər yığmaq üçün yaxınlıqda olan Vənistana kəndinə getdi. Vənistana kəndi Van bəylərinin buyuruğunda olub onlara töycü verirdi, ancaq nədənsə Van bəyləri Vənistanadan, başqa kəndlərə nisbətən daha çox töycü alırdılar, buna görə də vənistanalılar Vanlı bəylərdən bərk narazı idilər. Cahangir bəy bunu bildiyi üçün Vənistanalıları yaraqlandırıb, Vanlı bəylərə qarşı qaldırmaq istəyirdi. Cahangir bəy Vənistanalı molla Cəbrayılın evinə gəlib, ondan kəndçiləri danışmaq üçün çağırmağı xahiş elədi. Vənistana böyük kənd olduğundan toplaşanlar evə sığışmadı, yay günü olduğundan evin qarşısındakı kölgəlikdə oturub danışmağa başladılar. Hamı toplaşandan sonra Cahangir bəy sözə başladı: “Siz hamınız yaxşı bilirsiniz, mən Moranın Van kəndində oturan bəyləri ilə əmioğluyam, keçmişdə Vanın bəyləri mənim atamı aldadaraq Moranın ən yoxsul bir yerinin, Temirtaş kəndinin bəyliyini ona verib, qalan bütün yaxşı yerləri özlərinə götürmüşlər. Bu azmış kimi, biz burada sizinlə qonşuyuq, ancaq dağın o üzündən Vanın bəyləri basa-basa gəlib burada sizdən töycü yığırlar, buna da sözüm yoxdur. Niyə görəsə onlar sizdən başqa kəndlərə baxanda qat-qat artıq töycü yığırlar, töycünü verə bilməyənlərinizi də, neçə dəfə olub, tutub-aparıb-döyüb, yarımcan eləyib buraxıblar, mən ad çəkmirəm, özünüz bilirsiniz sizin kənddən kimləri töycü üstə döyüb yaman günə qoyublar. Kəndlilər yer-yerdən səsləndilər: “Ay bəy, düz deyirsən, ancaq neyləyək onların gücü qarşısında susub durmuşuq, əlimizdən nə gəlir?” Cahangir bəy kəndliləri Vanlı bəylərə qarşı qaldırmaq üçün yağlı dilini işə saldı: “Bu işin günahı sizin özünüzdədir. Keçmişdə bəyin sözündən çıxanda şahın hakimləri adamları tutub damlayar, cəza verərdilər, indi bildiyiniz kimi buralarda şahın hakimiyyəti işləmir, özbaşınalıqdır, tüfəngin biri bəydədirsə ikisi sizin əlinizdədir, baxıram bura danışığa gəlmisiniz, ancaq çoxunuzun əlində tüfəng var, siz Vanlı bəylərin boyunduruğundan çıxmaq istəsəniz mən də sizə yardım eləyərəm, öz adamlarımla sizinlə çiyin-çiyinə vuruşaram”. Adamlar yer-yerdən dilləndilər: “Bəy, sən bizə arxa dursan, biz Van bəylərinə töycü vermərik”. Molla Cəbrayılla həkim Rza da söz alıb danışdılar, onların sözünün canı bu idi: “Biz Van bəylərinə töycünü ona görə veririk, onların adı bizim üstümüzdə olduğu üçün qaçaq-quldur bizim kəndlərə yaxın gələ bilmir, biz onlara töycü verməsək, elə onlar da, başqaları da bizi çapıb talayarlar, biz öz gücümüzlə bu basqınlara qarşı dayana bilmərik. İndi şahın hakimiyəti dağılıb, buralarda onun qoyduğu hakimlər də yoxdur, ona görə də biz Van bəylərinə sığınmalı olmuşuq, onlardan ayrılmaq istəsək, gərək qabaqca bizə arxa duracaq başqa bir güclü bəy tapaq”. Yerdən bir sıra adamlar qalxıb dedilər: “Yaxşısı elə Cahangir bəyi özümüzə bəy seçək, kişi bizim qayğımıza qalır, durub bizim işimizi yoluna qoymaq üçün kəndimizə gəlibdir”. Cahangir bəy dedi: “Siz məni özünüzə bəy bilsəniz, mən də sizi basqınlardan qorumağa söz verirəm, heç sizdən töycü də istəmirəm”. Vənistanalılar Cahangir bəyin kələyinə uyduqlarından yer-yerdən dedilər: “Bəy, bu gündən bizim bəyimiz sənsən, ancaq bizim yaxamızı bu Van bəylərinin əindən qurtar”. Cahangir bəy dedi: “Qardaşlar, söz var deyərlər, tək əldən səs çıxmaz, sizin yardımınız olmasa, mən Van bəyləri ilə bacara bilmərəm, ancaq siz mənə arxa durmağa söz versəniz, günü bu gün onlara qarşı savaş açaram, sizin yaxanızı onların əlindən qurtararam”. Vənistanalılar bir səslə dedilər: “Bəy, sən bizə başçılıq eləsən, biz sənin yolunda ölümə də gedərik”. Yığıncaqda həkim Rza ilə molla Cəbrayıl yanaşı oturmuşdular, həkim Rza pıçıltı ilə molla Cəbrayıla dedi: “Cahangir bəy yaxşı adam deyil, onun bura gəlməkdə nə isə bir fırıldağı var, bizim kəndçiləri də bu fırıldağa görə qırğına verə bilər, görürsən kəndçilərimizin ürəkləri saya olduğu üçün onun kələyinə aldanırlar, sən gərək bu işə qarışıb kəndçilərimizi yoldan çıxarmağa qoymayasan, necə olsa sənin sözünü yaxşı eşidirlər”. Molla Cəbrayıl bir söz deməyib həkim Rzaya gözünü ağartdı, bununla artıq gec olduğunu, iş-işdən keçdiyini bildirmək istəyirdi. Həkim Rza da susub, başqa söz deməkdən çəkindi. Cahangir bəy son olaraq Vənistanalılara bunları dedi: “İndi töycülərin yığılma vaxtıdır, ona görə də biz gərək Van bəylərini o gördüyünüz təpədə qarşılayıb bu üzə aşmağa qoymayaq, mən hazırlıq görüb bu işin başlamaq vaxtını sizə xəbər eləyəcəyəm”. Cahangir bəy hazırlıq deyəndə Qara bəyin ona yardım edəcəyini düşünürdü. Beləliklə də Cahangir bəy Vənistana kəndinin ona yardım edəcəyinə arxayın olub Temirtaş kəndinə qayıtdı. Axşam çox götür-qoydan sonra əmisi oğlu Şirxanı Qara bəyin yanına kömək almaq üçün göndərdi. Şirxan Qara bəyin yanına gəlib Cahangir bəyin ismarışını çatdırdı: “Cahangir bəy deyir, mən Moran bəyləri Ağalar bəylə Hüsü bəyi aradan götürmək üçün savaşa başlamaq istəyirəm, Moranın ən böyük kəndlərindən biri olan Vənistana kəndini də öz tərəfimə çəkmişəm, onlar da mənimlə birlikdə vuruşacaqlar, Qara bəy mənə yardım eləməyə söz versə, mən savaşa başlamaq istəyirəm”. Qara bəy bir az düşünəndən sonra dedi: “Get Cahangir bəyə de qorxmasın, savaşa başlasın, mən ona yardım eləyəcəyəm”. Şirxan qayıdıb dilağardalıların yardım göstərəcəyini deyəndə, Cahangir bəy Qara bəyin gücünə arxayın olub savaşa başlamağı kəsdirdi. Ertəsi günü Temirtaşla Vənistanadan topladığı yaraqlı adamlarla Van kəndinin üstündəki təpədə səngər qazıb, oradan Van kəndini gülləyə tutmağa başladılar. Bu atışmada hər iki tərəfdən bir neçə adam öldürüldü. Bir neçə gün sonra Vanlılar üstün gəlməyə başladılar. Cahangir bəy demək olar hər gün Qara bəyə yardıma gəlmək üçün elçi göndərir, o isə darıxmasın gələcəyəm deyib işi uzadırdı. Qara bəy Vanlılardan çox Cahangir bəyi özünə yağı bilirdi, qardaşı Qəhrəman bəyin öldürülməsinin onun qurğusu olduğunu da yaxşı bilirdi, ona görə də bu fırıldaqçı bəylə öz dilində danışıb, onu dolaşdırmaq istəyirdi. Savaş başlayandan bir neçə gün sonra Vanlılar güclərini toplayıb Cahangir bəyin üstünə gəldilər, güclü atışmadan sonra bir neçə adam öldürüldü, Cahangir bəyin başına yığışan adamlar isə qaçıb dağıldılar, Van bəyləri Cahangir bəyi diri ələ keçirib, öz kəndlərinə apardılar, bir az sonra güllələmək üçün ağaca sarıdılar. Cahangir bəyin xanımı ərini Van bəylərinin dustaq elədiyini eşidən kimi başılovlu Van kəndinə gəldi, başının yaylığını çıxardıb qardaşı Ağalar bəyin, əmisi oğlanları olan başqa bəylərin ayaqları altına atıb ərini ölümdən qurtardı. Ərini buraxandan sonra Cahangir bəyin xanımı elə Vanlıların gözü qarşısında ərinə dedi: “Sən ölsən mənim heç nəyim əskilməyəcəkdi, ola bilsin səndən yaxşısına da ərə gedəcəkdim, ancaq qurban olasan o evdəki colma-cocuqlara, onları yetim qoymamaq üçün sənin qanını satın aldım. Sənin alçaqlığın ucbatından dörd əmim oğlu ilə bir qardaşım öldürüldü, mən sənin bizim qanımızdan olduğuna inanmıram, səni ananın öz nökərindən qazanmağını düz deyirlərmiş, sən əmi oğlu olsaydın bu qanları tökməyə ürəyin yol verməzdi”. Xanımı bu sözləri deyəndə daşdan səs çıxdı, Cahangir bəydən səs çıxmadı. O gündən sonra Cahangir bəy evində oturub adam içinə çıxmadı, kimsə ilə işi də olmadı.
Bundan sonra Dilağarda ilə Moran arasında bir böyük toqquşma da olmuşdu. Moran bəylərinin karvanı Ərdəbilə gedəndə dilağardalılar onlara basqın eləmiş, karvanı soymuş, atışmada Vanlı Hüsü bəyi də öldürmüşdülər. Bir az sonra İranda Rza şah Pəhləvi taxta çıxıb, bölgələrdə qayda-qanun yaratmağa başladı, bütün İranda öz hakimiyyətini bərkitdi, bununla da Dilağarda ilə Moran arasında savaşa da son qoyuldu.

Cəlilabad rayonunun Ləzran kənd sakini Mirzəqulu kişi, Azərbaycanda Sovet inqilabından əvvəlki illərə təsadüf edən hadisələri qələmə alır. 50 şagird dəftərindən ibarət olan bu əlyazmanın böyük hissəsi it-bata düşür. Yalnız bir hissəsi qorunub saxlanılır və hal-hazırda Rusiyada yaşayan həmyerlimiz, yazıçı Araz Gündüz Vətənə tətilə gəldiyi zamanlarda bu əlyazmaların izinə düşür və onun fədakarlığı sayəsində bu qiymətli əlyazma tarixin qaranlığına düşmür. Araz Gündüzün düzgün imlada yenidən işləyib çapa hazırladığı "Ləzranlı Mirzəqulu - Olanlardan keçənlərdən" kitabı bu tay Azərbaycanın Cəlilabad-Yardımlı, o tay Azərbaycanın Ərşə-Ucarlı bölgəsində yaşayan insanların keşməkeşli həyatını əks etdirən tarixi bir salnamədir.

Комментариев нет:

Отправить комментарий