Страницы

01.11.2015

Mason lojasından şəkli boylanan Elşad Miri

Cavid Cabbarlı

Həyatda elə varlıqlar var ki, dəyişməzdir. Allah onları birdəfəyə və dəyişməz olaraq, ən yaxşı biçimdə yaradıb. Ondan yaxşı biçim olsaydı, mütləq o formada yaradılardı. Bax, elə Tanrının mütləq elmə, mütləq hikmətə və hər şeyin mütləqinə sahiblənməsi də daha çox bu mövzuda öz əksini tapır.
Quran məntiqi ilə Allah - Təala ilk olaraq Həzrəti Adəmi yaradıb. Adəm ilk insan olaraq necə yaradılıbsa, bu günə qədər insan yaradılışı dəyişilməyib və dəyişilməyəcək.
Dəyişilməyən varlıqlardan biri də insan hissiyatıdır - sevgi, nifrət, təkəbbür, özünəvurğunluq, paxıllıq və s. bu siyahını bir qədər uzatmaq olar. Sadaladığım bu qəbildən olan hissiyyatlar bütün zamanlarda olub və olacaq. Elə bir dövr olmayıb ki, ana övladına qarşı biganə olsun. Zira, qeyd etdiyim xasiyyətlər insan yaranışının mənəvi tərəflərini təşkil edir. İnsanın fiziki varlığı əlindən, qolundan, başından və digər bədən üzvlərindən ibarət olduğu kimi, mənəvi və ruhi varlığı da dediyim ünsürlərdən formalaşır.
Ümumi anlamda desək, həyat dəyişilən və dəyişilməyən varlıqlardan, eləcə də əşyalardan ibarətdir.
Dəyişilməyənlərə nümunə göstərdik.
Dəyişilənlər isə iki hissəyə bölünür:
a) insan iradəsinin əhatəsində baş verən dəyişikliklər;
b) insan iradəsindən kənar və insanın heç bir təsir edə biləcək imkanının olmadığı dəyişikliklər.
İnsan gündəlik həyatında, münasibət qurduğu şəxslərin seçimində öz iradəsi çərçivəsində hərəkət edir. Lakin bəşər düşüncəsi və gücü müəyyən səviyyəyə qədər olduğu üçün dəyişikliyə məruz qalan bəzi hadisələrə təsir edə bilmir. Bu cür hadisələrin dəyişikliyində daha mütləq gücə, elmə və idraka ehtiyac var. Belə hadisələrdən biri də İlahi dinlərin təkmilləşməsi fonunda baş verən dəyişiklikdir.
Tanrı üzərinə düşən dəyişikliyi edəndən sonra dini dəyişikliyə, sonuncu ilahi kitab kimi göndərilən Quranın modernləşməsinə başlanılsa, bəşər çox acı nəticə və ədalətsizliklə üzləşəcək. Biz bunun açıq nümunəsini görmüşük. İslamdan əvvəl - Qurandan öncə göndərilən kitablara bəşər müdaxiləsi tarixdə zülmkarlığın əsasını qoyan ilk amildir.
Zaman-zaman İslama müdaxilə, Quranın yenilənmsənin zəruriliyini diktə edən fikirlərlə rastlaşmışıq. Bu cür batil və əsassız düşüncələr müsəlman dünyasına zərərsiz ötüşməyib. Ən azı o qədər də məlumatı olmayan müsəlmanlarda bəzi şübhələrin yaranmasına səbəb olub. Bu cür yanlış düşüncələr və batil əqidələr iki halda üzə çıxır: ya cəhalət xəstəliyindən yaxa qurtara bilməyən "İslam alim”lərinin müştəbehliyindən, ya da birbaşa xarici qüvvələrin təsirindən.
Hər halda acı nəticə ortadadır - ziyan çəkən insanlıqdır.
Əksər hallarda isə yeni söz sahibi kimi ortaya atılan alimciyəzlər düşmən dəyirmanına su tökdüklərinin fərqindədirlər. Burda bir haşiyəyə ehtiyac duyuram: İslam dini yeni sözün, yeni düşüncənin əleyhinə deyil. Lakin deyilən yeni söz Quran məntiqini təkzib etməməlidir. Çünki Quranın müəllifi (Allah) hər bir insandan daha mütləq elmə və idraka sahibdir. Digər tərəfdən, Quranın dediyi sözü, verdiyi proqnozu təkzib etmək gücündə olan bir qüvvə hələ ortaya çıxmayıb və çıxması da mümkünsüzdür.
Bəşər tarixində XX əsr inkişafı, müharibələri, faciələri, dəhşətlərilə xüsusi yer tutur. İyirminci yüzillik Azərbaycan xalqının başına gətirilən olmazın dəhşətlərə də şahidlik edib. Hesab edirəm ki, başımıza açılan ən böyük faciə dini alimlərin kütləvi həbsi, qətli və xalqın genekodunda bir əsrə bərabər uçurumun yaranmasıdır. Bunun fonunda Qərb tərəfindən yaradılan və idarə olunan siyasi cərəyanların İsam adı ilə üzə çıxmasına rəvac verildi. Təbii ki, biz də İslam dünyasının bir parçası olaraq, Qərb hiyləsinə qurbanlar verməyə bilməzdik və hələ də veririk.
Ölkə gündəmini izləyənlər Elşad Miri ismini də tanıyırlar. Tanımayanlara onu öz dilindən təqdim edirəm: Elşad Miri uşaq yaşlarında Məhəmməd (s) peyğəmbəri yuxuda görür, bir müddət sonra Yevlax bazarında yuxuda görüşdüyü "peyğəmbər”in şəklinin satıldığına rast gəlir və təbii ki, həmin şəkli alır. Bu hadisəni möcüzə kimi təqdim edərək, ecazkarlığı haqqında fikir formalaşdırır. Qəhrəmanımız özünü anlayan vaxtdan namaza başlayır, təbii ki, Cəfəri məzhəbinə uyğun qaydalarla.
Öz ifadəsi ilə desəm, ilk dəfə namazı şiə kimi qılıb. Bir müddət sonra 17 nəfərlik heyətlə Fətullah Gülənlə görüşür və əhli-sünnə olması barədə qərar verir. Bu qərarın arxasında nələrin olduğu mənə məlum deyil. Yəni Elşad Miri əhli-sünnə yolunu həqiqət bilərək seçib, yoxsa kimlərinsə yağlı vədləri və komfort yaşayışın qarşılığında bu qərara gəlib? Bax bu sualın cavabı, onun bir etirafında gizlənib: "Fətullah Gülən, Adnan Oktar və bu qəbildən olan bir çox tanınmış simalara "hocam" deməyimdən qürur duyuram. Amerikanın 10 ştatında olmuşam və hətta 33-cü dərəcəli masonlarla da görüşmüşəm. Bunda heç bir qəbahət yoxdur. Amerikada mason lojasında şəklim də var. Bunların heç biri gizli deyil ki, mənim əleyhimə istifadə etsinlər. Heç bir məzhəbin nümayəndəsi deyiləm, ancaq və ancaq müsəlmanam. Lakin bütün məzhəblərin nümayəndələrilə görüşürəm”.
Məncə, ətraflı izaha ehtiyac yoxdu. Müsəlman cəmiyyətinə ilahiyyatçı kimi təqdim olunan şəxs, mason lojası ilə görüşdüyünü özü etiraf edir. Bu cür görüşlərin hansı məqsədlə baş tutduğu məlumdur. Yoxsa 33-cü dərəcəli masonlar Elşadın qara qaş-gözünə aşiq olublar ki, vaxt tapan kimi zəngləşib onun xətti-xalına, gül cəmalına tamaşa etməkdən zövq alırlar?!
Elşad bir neçə məzhəb dəyişməklə dində də islahatlar aparmağın və Quranı modernləşdirməyin mümkünlüyünü hesab edir. Bir qədər əvvəl dediyim kimi dində, Quranda ancaq və ancaq Uca Yaradan özü dəyişiklik edə bilər. Bu da artıq baş verib. Dinin təkmilləşməsi nəticəsində İslam göndərilib, səmavi kitablara müdaxilələrdən sonra heç bir təhrifə uğramayan və məhz Allah özü qoruyacağına söz verdiyi Quran nazil olub.
Adını çəkdiyim şəxs son müsahibələrinin birində Quranın VII əsrdə göndərildiyini, gənclərin başa düşməsi üçün yenilənməsinin əhəmiyyətindən söz açır: 
"Məsələn, Məsəd surəsini götürək... Amma VII əsr insanı bilirdi ki, Əbu Ləhəb kimdir və peyğəmbərə hansı zülmləri verib. Bəs günümüzün insanlarına bunu necə çatdıracaqsan? Ona görə də Quranın tərcüməsində səhvlərin olduğunu deyə bilərəm. Yazır ki, Əbu Ləhəbin əlləri qurusun. Allah niyə kiminsə əllərinin qurumağını istəsin? Allah niyə belə bir ifadə işlətsin? Əlləri qurudan kimdir? Heç Əbu Ləhəbin əlləri qurumadı. Surənin gəlişindən sonra 10 il yaşadı”.
Göründüyü kimi, Elşad Miri Quran barəsində dolayısı ilə şübhəli fikirlər səsləndirir. Hətta Allahın dediyinə şübhə ilə yanaşır. Allah Əbu Ləhəbin əllərinin qurumasını desə də, bu surə nazil olandan sonar 10 il Əbu Ləhəbin yaşadığını ironiya ilə qeyd edir.
Elşad müsahibsəinin sonrakı hissəsində Quranın müqəddəs kitab olmadığını özünəməxsus tərzdə izah edir: "Xeyr. Quran müqəddəs kitab deyil. Quran kitabının üstünə nə yazılıb? Qurani-Kərim. Baxın, Tövratın üzərinə nə yazılıb? Müqəddəs kitab. Deməli, müqəddəs kitab Tövratdı, Quran deyil”.
Elşad dəfələrlə insan müdaxiləsi nəticəsində dəyişikliyə uğrayan, həqiqi mahiyyətini itirən Tövratı, bir də Allahı müqəddəs hesab edir. Onun üçün Allahdan və Tövratdan başqa müqəddəs heç kim və heç nə yoxdur.
Bəs Quran kimə və nəyə müqəddəs deyir?
Əvvəlcə "müqəddəs” sözünün hansı kökdən olduğu və lüğətdə mənası haqqında.
Bu söz ərəb mənşəli "qüds” sözündəndir, pak və pakizəlik mənasında işlənir. Hər şeyə mütləqə sahib olan Yaradan bu sözün mənasında da mütləq paklığa yiyələnib. Lakin bu, Allahdan başqa nəyin və kiminsə müqəddəs olmasına maneə deyil.
Allah Quranda bəzi şəxsləri, hətta bəzi yerləri müqəddəs hesab edir:
1. Mələklər: "(Ya Rəsulum!) De: "Ruhulqüds (Cəbrail) onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!” (Nəhl - 102).
Ayədə açıq şəkildə vəhy mələyi Cəbrailə "ruhulqüds” (müqəddəs ruh) deyilir.
2. Peyğəmbərlər: "(Ya Rəsulum!) Xatırla ki, o gün (Qiyamət günü) Allah (İsaya) belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs Ruhla qüvvətləndirmişdim” (Maidə - 110).
3. Bəzi torpaqlar: "Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz” (Maidə - 21).
Yaxud bu ayə: "Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!” (Taha - 12)
4. Kəbə: "Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, (Məkkəni) onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?” (Ənkəbut - 67).
5. Ramazan ayı və Qədr gecəsi: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir…” (Bəqərə - 185).
"Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! ... Qədr gecəsi min aydan daha xeyirlidir!” (Qədr – 1,3).
6. Quran: "(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr” (Həşr - 21).
Quranın müqəddəsliyi onun mahiyyəti və hədəfləri ilə ölçülür. Bu mənada Quranın müqəddəs olamsını aşağadakılarla izah etmək olar:
• Quranın Allaha məxsus olması
• Allah tərəfindən nazil olması
• Quranın ayələrinin Allah tərəfindən möhkəmlənməsi
• Quranın bəşərin hidayəti üçün göndərilməsi
İnsana səadət bəxş edən, onu xoşbəxt etmək qüdrəti olan varlıq müqəddəs hesab olunur. Bütün məxluqun ən üstünü olan insana səadət bəxş edən, bəşərin hidayəti üçün göndərilən Quran necə müqəddəs olmaya bilər? Lakin Allah bu hidayət kitabını necə adlandırıbsa, o cür deməyimiz daha uyğundur.
Sonda Quranın müqəddəsliyi barədə Elşad Mirinin də qəbul etdiyi mənbədən dəlil gətirirəm. "Əhli-Sünnə vəl Cəmaat”-ın fətvalarını dərc edən İslmPP.com saytı Quranın müqəddəsliyi barədə yazır: "Quran bütün səmavi kitablardan daha çox müqəddəsdir və müqəddəsliyə daha çox Quran haqq edir. Amma Allahın kitabına elə Allah özü verdiyi adı deməyimiz yaxşıdı.
Qurani-Kərim: "(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır” (Vaqiyə - 77).
Qurani-Əzim: "(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik” (Hicr - 87).
Qurani-Məcid: "Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır!” (Buruc - 21)
Qurani-Mubin: "Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (möcüzə olan) Quranın ayələridir” (Hicr -1)”.

arqument.az

Комментариев нет:

Отправить комментарий