Страницы

10.11.2015

Əmin bəyin gözlənilməz ölümü

Araz Gündüz

Əmin bəyin istər hökumət yanında, istərsə də el içində sayılıb-seçilən bir kimsə olması ona çoxlu düşmənlər qazandırmışdı. O tay Azərbaycanın, işi-gücü soyğunçuluq, quldurluq olan bəyləri Əmin bəyin qorxusundan çox varlı olan Moran kəndlərini çapıb-talamağa ürək eləmirdilər, ona görə də onun ölümünü istəyirdilər. İş elə gətirdi, bir gecə nə oldusa, bir saatın içində Əmin bəyin halı pisləşdi, gözlənilmədən öldü. Əmin bəyin oğlanları ilə yaxın qandaşları götür-qoy eləyəndən sonra onun ölümünü gizli saxlamağı kəsdirdilər, onu evinin alt qatında basdırdılar, soruşanlara da Əmin bəy iş üçün bir neçə aylıq Tehrana gedibdir dedilər. Bunu ona görə eləyirdilər, düşmənlər duyuq düşüb Moranın üstünə ayaq almasınlar. Üstündən bir neçə ay keçəndən sonra, Əmin bəyin öldüyü bilindi.  Əmin bəyin ev qulluqçularından biri gizlincə Qəhrəman bəyin yanına gələrək, ona Əmin bəyin ölümü ilə gözaydınlığı verib, muştuluq almaq istəmiş, bununla da Əmin bəyin öldüyü üzə çıxmışdı. Burada mən bu tay Azərbaycanın Musalı kəndindən olan molla Qəfərin dilindən eşitdiklərimi sizə danışacağam. Molla Qəfərin deməsinə görə, bir gün axşam çağı mənim evimə bir adam gəlib dedi: “Mən o taydan gəlmişəm, məni Qəhrəman bəy göndərib, istəyir bu axşam sən ona qonaq olasan”. Bəyin sözündən çıxmayıb, Eşşəkçi postundakı çar qoşunlarından icazə alaraq, o taya keçdim. Kəndə çatanda qabaqca Qəhrəman bəyin əmisi Kərbəlayi Böyükağa bəy ilə görüşüb, sonra Qəhrəman bəyin evinə getməyi qərara aldım. Bəyin evinə gəlib onunla bir az oradan-buradan danışandan sonra ona Qəhrəman bəyin evinə getmək istədiyimi bildirdim. Kərbəlayi Böyükağa bəy mənə dedi: “Sən molla adamsan, gedib Qəhrəman bəyin evində haram çay-çörək yemək sənə yaramaz. Bir az gözlə, mənim halal şam yeməyimdən yeyək, birlikdə gedərik, Qəhrəman bəy məni də bu gecə yığıncağına çağırıbdır. Kərbəlayinin sözünə qulaq asıb gözlədim, şamı yeyəndən sonra bir yerdə Qəhrəman bəyin evinə gəldik. Orada çoxlu adamların toplaşdığını gördük, Qəhrəman bəy bizim gəlişimizi gözləyərək yığışan adamlara hələ şam yeməyi verdirməmişdi. Biz oturandan sonra hamıya, o sıradan bizə də şam yeməyi gətirdilər, Kərbəlayi Böyükağa bəy qulluqçulara dedi:  “Biz şam eləmişik, bu yeməkləri götürün”. Qəhrəman bəy dilləndi: “Əmi, onsuz da sən heç vaxt bizdə yemək yemirsən, qoysana axund yeməyini yesin”. Böyükağa bəy cavab verdi: “Burada olan yeməkdən bizdə də vardı, axund mənimlə birgə şam eləyibdir, mən burada yemək yemirəmsə onda axund heç yeməz”. Şam süfrəsi ortalıqdan yığışandan sonra Qəhrəman bəy üzünü mənə tutub dedi: “Axund, nə yaxşı olardı sən indi bizə allah kəlamından danışasan, qulaq asıb bir şey öyrənək”. Mən onun sözünü tutaraq, dinlə, müsəlmançılıqla bağlı geniş danışdım, sonra oturanlardan bir neçəsinin sorğularına cavablar verdim. Gecə yarıdan keçmiş yığılan adamlar dağılışıb evlərinə getdilər. Mənimlə Qəhrəman bəyə bir otaqda yer salmışdılar, biz soyunub yerimizə girdik, ancaq Qəhrəman bəy papiros çəkdiyi üçün lampanı söndürməmişdi. Bir azdan qapıda keşik çəkən qulluqçu qapını döyərək, Qəhrəman bəyə tanımadığı birisinin gəlib onu görmək istədiyini dedi. Qəhrəman bəy dedi, soruş gör kimdir, nəçidir, niyə gəlibdir. Qulluqçu gedib öyrəndi qayıdıb, gələnin Van kəndindən Əmin bəyin qulluqçularından biri olduğunu dedi. Qəhrəman bəy qulluqçuya dedi: “Birdən Əmin bəyin bir çətinliyi olar, ona görə belə gec çağı bura adam göndərər, çağır o adamı gəlsin içəri”. Gələn adam içəri girən kimi Qəhrəman bəy yerindən dikəlib ondan Əmin bəyin onu nə üçün belə gecədən keçmiş buraya göndərdiyini soruşdu. Adam dedi: “Bəy, allah sənin ən böyük yağılarından birini aradan götürübdür, mən sənə Əmin bəyin ölüm sorağını gətirmişəm”. Qəhrəman bəy soruşdu: “Əmin bəy neçə aydır Tehrana iş dalınca gedib. O, haçağ Tehrandan qayıdıbdır, necə olub qayıdan kimi də ölübdür?” Adam  dedi: “Bəy, o çoxdan ölübdür, adamları onu gizlincə evin içində basdırıblar, yalandan deyirlər Tehrana gedib”. Qəhrəman bəy Əmin bəyin qulluqçusunun üstünə çımxırdı: “Ayə, Əmin bəy ölübsə onda mənim sağ qolum sınıbdır, sən mənə de görüm gecə çağı bu sorağı mənə gətirməklə nə demək istəyirsən?” Adam dedi: “Bəy, mən sənə qatı düşməninin ölüm sorağını gətirib, səndən muştuluq olaraq xələt almaq istəyirdim”. Qəhrəman bəy qabaqca dərindən bir ah çəkdi, sonra üzünü Əmin bəyin qulluqçusuna tutub dedi: “Ay alçaq, Əmin bəy ölübsə allah ona rəhmət eləsin, demək istəyirsən mən də öləndə sənin kimi alçağın birisi Əmin bəyin oğlanlarının yanına muştuluq almağa gedəcək? Mən indi sənə elə bir xələt verəcəyəm, dünya durduqca xərcləsən də qurtarmayacaq!”. Bəy bunu deyib əl atdı tapançasına, onun köksünə iki güllə çaxıb öldürdü, sonra ayağa qalxıb onun ölüsünü sürüyüb eyvandan həyətə atdı. 
Qəhrəman bəy gecə ikən Dilağarda kəndlərinə adam göndərib, bütün qandaşlarını, ağsaqqalları çağırtırdı. Hamı yığışandan sonra Qəhrəman bəy onlara Əmin bəyin öldüyünü deyib, ardınca da belə dedi: “Əmin bəyin yaxınları bu ölümün baş verdiyini gizli saxlayırlarsa, indi biz nə eləyək, onun yasına gedək, yoxsa yox?” Kərbəlayi Böyükağa bəy hamının yerinə danışıb dedi: “Bu işi yubatmaq olmaz, gecəynən yas üçün aparılacaq şeyləri yır-yığış eləmək, ertədən səhər yeməyini yeyib yasa getmək gərəkdir, ən yaxşısı bu olar”. O gecə nə Qəhrəman bəy yatdı, nə də Dilağardanın ağsaqqal-qarasaqqalları, səhər yeməyindən sonra əlliyə yaxın atlı, onların iyirmiyə yaxını qadınlar idi, Morana Əmin bəyin yasına yola düşdülər. Yas yeri üçün bir dəvə yükü düyü, üç pud qaysı, üç pud kişmiş, dörd baş kəllə qənd götürdülər, Əmin bəyin ölüm xəbərini gətirən qulluqçunun ölüsünü də bir saman çuvalına salıb, atın belinə sarıyaraq apardılar. Yola düşməzdən qabaq Kərbəlayi Böyükağa bəy mənə dedi, molla, sən də bizimlə getsən yaxşı olar, mən də onlara qoşulub yas yerinə gedəsi oldum. Yola düşəndə bir qulluqçunun yeddi baş erkək qoyun sürüb yasa apardığı da gözümə sataşdı. Atlıların da hamısı yaraq-yasaqlı idi. Günorta namazına az qalmış Van kəndinə çatdıq. Qəhrəman bəy qabaqda qalanları onun ardınca gəlib Əmin bəyin evinə çatdıq. Əmin bəyin oğlanları bizi görəndə çaşdılar, eləcə üst evin eyvanında donub qaldılar. İşi belə görəndə Kərbəlayi Böyükağa bəy hamıya atlardan düşməyi tapşırdı, sonra üzünü mənə tutub dedi: “Axund buyur, indi burada söz sənindir”. Mən sözü başa düşüb bir fatihə verdim, həmdi-surəni oxuyub qurtarandan sonra Kərbəlayi Böyükağa bəy qabaqca Əmin bəyin oğlanlarına başsağlığı verdi, sonra bizlərə tapşırdı hərə öz atını uyğun bir yerdə bağlayıb gözləsin. Atları bağlayıb bir yerə toplaşandan sonra o, Əmin bəyin oğlanlarına üz tutub dedi: “Qapınıza qonaq gəlmişik, qonaq istərsiniz qalaq, yoxsa da çıxıb gedək”. Əmin bəyin oğlanları özlərinə gəlib eyvandan yerə düşdülər, Kərbəlayi Böyükağa bəyin əlindən tutub sayğı ilə yuxarı apardılar, qalan qonaqları da evə çağırdılar. Sonra Qəhrəman bəyin sözü ilə ev qulluqçuları dəvənin, atların yüklərini boşaldıb evə apardılar, satqın qulluqçunun ölüsü olan ata sarı gedəndə Qəhrəman bəy qulluqçulara o ata toxunmamalarını buyurdu. Kişilər bir, qadınlar başqa otağa getdilər. Van kəndi çox böyük bir kənd idi, kənd adamları da Əmin bəyin evində yığıncaq olduğunu görüb toplaşmağa başladılar, gəlib bizimlə görüşərək oturdular. Qəhrəman bəy Məmi bəyi çağırmaq üçün Kürdlər kəndinə bir atlı göndərdi. Məmi bəy gəlib çıxanda Qəhrəman bəy ayağa qalxdı, onun ardınca hamı da ayağa durdular, arada qanlıçılıq olmasına baxmayaraq, Qəhrəman bəy Məmi bəyin qarşısına yeridi, əl tutdular, sol qollarını biri-birinin boynuna dolayıb uzun bir sürə belə dayandılar, sonra da əl-ələ tutub yanaşı oturdular. Kərbəlayi Böyükağa bəy mənə göz elədi, mən fatihə verdim. Fatihə qurtarandan sonra Kərbəlayi Böyükağa bəy Məmi bəyə başsağlığı verdi. Məmi bəy əmisi Əmin bəyin öldüyünü bilirdi, ancaq özünü bilməməzliyə vurub soruşdu: “Bəy, mən başa düşmürəm nədən mənə başsağlığı verirsən?” Kərbəlayi Böyükağa bəy də özünü o yerə qoymayıb dilləndi: “Bəy, sizinlə bizim aramızda qanlıçılıq düşüb, biri-brimizin adamlarını öldürmüşük, o ölənlərə görə sizə başsağlığı verirəm. Ancaq biz Əmin bəyə qonaq gəlsək də nədənsə onu evdə görmürəm”. Şəbi bəy dillənib, Əmin bəyin Tehrana iş dalınca getdiyini dedi. Kərbəlayi Böyükağa bəy, Əmin bəyin haçağ getdiyini soruşanda yenə də Şəbi bəy: üç ay olar gedib, dedi. Yenə Əmin bəyin nə üçün belə uzun bir sürədə Tehranda qaldığı soruşulanda kimsə dillənmədi. Sözü dəyişib olandan-keçəndən danışmağa başladılar, danışığın gedişində ev qulluqçularının birinin yoxa çıxmağından söz düşdü. Qəhrəman bəy soruşdu: “O adam hara getmiş olar görəsən, bilmirsiniz haçağdan yoxa çıxıbdır?” Əmin bəyin oğlu Ağalar bəy dedi: “Bəy, o adam dünən axşam evdə olub, gecə harasa çıxıb gedib indiyəcən də qayıtmayıbdır. Yer qalmayıb axtarmayaq, soraq eləməyək, ancaq tapa bilmirik”. Qəhrəman bəy itən qulluqçunun görkəminin necə olduğunu soruşub öyrənəndəm sonra dedi: “Sizin o qulluqçu ötən gün gecə yarısı bizə gəlmişdi. Gəlib mənə Əmin bəyin öldüyünü, onun öz evində basdırılıb ölümünün gizlədildiyini dedi. Mən ondan soruşdum, olmazdımı bu xəbəri gündüz vaxtı gəlib deyəsən, o da qayıdıb deyəsi, mən gecə gəldim görüb eləyən olmasın, sonra da qayıdıb mənə dedi, bəy, sənin düşmənin ölübdür, mən bu xəbəri sənə deyib muştuluq olaraq xələt almağa gəlmişəm. Mən də ona dedim, indi sənə elə bir xələt verəcəyəm, qiyamət gününə kimi xərcləsən də qurtarmasın, tapançamı götürüb onu it kimi gəbərtdim. İndi qapıda dayanan yüklü atda da onun ölüsünü gətirmişəm, gedib baxa bilərsiniz”. Van kəndinin adamları atın yükünü açdılar, bunun doğrudan da itən qulluqçunun ölüsü olduğunu gördülər. Adamlar bir səslə: belə bir satqını torpağa basdırmayaq, ataq bir dərəyə ölüsü qurda-quşa yem olsun, dedilər, ancaq Kərbəlayi Böyükağa bəy araya girdi: bu adam satqın olsa da müsəlmandır, aparın torpağa quylayın deyib, adamları bundan çəkindirdi. Beləliklə də Əmin bəyin öldüyü hamıya bəlli oldu, Moranın başkəndi olan Van kəndinin adamları da bunu elə o gün bildilər, kənd adamı, qıraq kəndlərdən də eşidən bilən Əmin bəyin yasına axışıb gəlməyə başladılar, bu yas yığıncağının mollalığı da mənim boynuma düşdü. Ancaq nədənsə bu iki oymaq arasında olan qanlıçılıqla bağlı burada danışıq olmadı, Moranla Dilağardalıların barışığı yoluna qoyulmamış qaldı.

Cəlilabad rayonunun Ləzran kənd sakini Mirzəqulu kişi, Azərbaycanda Sovet inqilabından əvvəlki illərə təsadüf edən hadisələri qələmə alır. 50 şagird dəftərindən ibarət olan bu əlyazmanın böyük hissəsi it-bata düşür. Yalnız bir hissəsi qorunub saxlanılır və hal-hazırda Rusiyada yaşayan həmyerlimiz, yazıçı Araz Gündüz Vətənə tətilə gəldiyi zamanlarda bu əlyazmaların izinə düşür və onun fədakarlığı sayəsində bu qiymətli əlyazma tarixin qaranlığına düşmür. Araz Gündüzün düzgün imlada yenidən işləyib çapa hazırladığı "Ləzranlı Mirzəqulu - Olanlardan keçənlərdən" kitabı bu tay Azərbaycanın Cəlilabad-Yardımlı, o tay Azərbaycanın Ərşə-Ucarlı bölgəsində yaşayan insanların keşməkeşli həyatını əks etdirən tarixi bir salnamədir.

Комментариев нет:

Отправить комментарий