Страницы

05.11.2015

Sərdar Cəlaloğlunun Nobel almaq üçün seçdiyi yol

Sərdar Cəlaloğlu

Hər bir insan Quranı oxuyub dərk etməyə və onun dərin sirlərindən agah olmağa çalışmalıdır. Zira, Quran bəşəriyyəti haqqa hidayət edən asimani kitabların ən sonuncusu və kamilidir. İnsanın xoşbəxt həyatını təmin edə bilən, səadət bağışlayan yeganə mənbə məhz Qurandır. Quran bütün axtarışların ünvanı ola bilər. Alimlər üçün elm mənbəyi, ariflər üçün ən gözəl ibrət, filosoflar üçün ən tutarlı dəlil, sadə insanlar üçün ən rahat yaşayış tərzidir və sair. 
Quran hamının başa düşəcəyi səviyyədədir. Amma hər sirrini də hamıya açmır. Bir dəfə çox dəyər verdiyim şəxslərdən biri ilə söhbət edirdim. Quran haqqında elə maraqlı fikir dedi ki, hələ də o sözün təsirindəyəm. Dedi ki, Quranı olduğu kimi anlamaq, onun sirlərini bilmək üçün Quranla məhrəm olmaq lazımdır. Dedim Quranla necə məhrəm olaq? Cavab verdi ki, Quran sirlərini saxlaya biləcəyindən əmin olmasa sirrini açmaz. Ona görə də bütün yaşayışımız Quran deyən kimi olmalı, nəfəsimiz də Quran təravəti saçmalıdır.
Quranın gizlinlərinə, sirlərinə vaqif olmaq yasaq və mahal (qeyri-mümkün) deyil. Lakin bu gizlinləri əldə etməyin yolunu düzgün seçmək lazımdır. Əks halda qaranlıq yollar insanı zülmətə aparar. İslam Peyğəmbəri (s) buyurur: “Hər kəs Quranı öz rəyi əsasında təfsir etsə, özü üçün cəhənnəm odunda yer seçmişdir”.
Zülmət bataqlığında giriftar olmamaq və Quranın ziyasında əbədi səadətə qovuşmaq üçün düzgün yol göstərilib. O yolun yolçusu olmaq iman, yəqinlik və qətiyyət tələb edir. Nəticəsi isə məlumdur – Quranla məhrəmləşmək və əbədi xoşbəxtlik. Yenə İsam Peyğəmbərinin (s) kəlam xəzinəsindən bir inci göstərmək məcburiyyətindəyəm: “Mən sizin aranızda iki ağır, qiyimətli əmanət qoyub gedirəm: Allahın Kitabı və mənim Əhli-Beytim. Əgər onlara sarılsanız, məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız. Bu iki yadigarım heç bir zaman bir - birlərindən ayrılmayacaqlar”. 
Əziz Peyğəmbərimizin (s) bu kəlamı nəinki müsəlmanların, hətta bütün bəşərin eyni əqidə ətrafında birləşməsinə kifayətdir. Lakin şəxsi maraqlar, düzgün anlamamaq, təkəbbür və yersiz təəssübkeşlik bu cür kəlamların parlamasına hələ ki, əngəl olur. 
İnternet qəzetlərindən biri “Siyasətçi və din” rubrikasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunu qonaq edib. Sərdar bəy fərqli fikir adamı kimi özünü bu dəfə dində, Qurana şərh yazmaqda və ömrünü din elmlərinə həsr edən şəxsləri təhqir etməkdə sınayıb. Əslində Sərdar bəyin “kəşf”lərinə izahat vermək marağında deyiləm. Lakin onun iddiasının cəmiyyətdə fəsad yarada biləcəyindən xoflanıb, həqiqətə işıq tutmaq qərarına gəldim. 
Sərdar Cəlaloğlu “məhkəmə - tibb eksperti” ixtisasına yiyələnsə də, peşə fəaliyyəti kimi siyasəti seçib. Ekspert olduğu üçün siyasətdən ədəbiyyata, ədəbiyyatdan tarixə, tarixdən dinə qədər bütün sahələri “meyit masası”na çıxarıb doğrayır, istədiyi kimi rəy yazır. Həm də ixtisasının adında “məhkəmə” sözünü unudaraq. Şübhə etmirəm ki, sonuncu müsahibəsində haqqında bəhs etdiyi Qiyamətdə məhkəmə qarşısına çıxacağına, Quranı “qan-çür” etdiyinə görə mühakimə olunacağına inanır Sərdar bəy. Onun nəyə inanması o qədər də önəmli deyil. Özü bilər. Amma sadə insanları yanlış inanc sahibinə çevirməyə çalışdığı, qərəzli şəxslərə məntiqsiz əsaslar verdiyi və cəmiyyətdə dini müqəddəsləri şübhə altına aldığı üçün dediklərinin Qurana qəti aid olmadığını göstərməliyəm.
Sərdar bəy deyir ki, “Mütləq həqiqət” əslində ehkam deməkdir. Bizdə isə ehkam başqa mənada işlənir. Ehkam tənqid edilməsi, əvəz edilməsi, dəyişdirilməsi mümkünsüz olan həqiqətdir. Bu həqiqət o qədər mütləqdir ki, ondan nəsə qoparmaq və ya ona nəsə əlavə etmək qeyri-mümkündür...” 
İslam dini üç hissədən ibarətdir - əqaid, əhkam, əxlaq. Əqaid etiqad deməkdir və ancaq ağıl, məntiq əsasında dəllilər vasitəsiylə formalaşır. Əhkam şərii qaydaların icrasıdır. Əhkam hökm sözünün cəm formasıdır – hökümlər mənasını ehtiva edir. Dində icra olunan ayinlərə hökmlər, yaxud əhkam deyilir. Allahı tanımaq, onun mütləq varlıq olduğuna inam isə əqaid məsələsidir. 
“Hazırda 10 cilddən ibarət Qurani-Kərimə elmi-fəlsəfi izah yazıram”. Bu cümləni Sərdar bəy səsləndirir. Amma dərhal sonra deyir: “Bir alimin Quranı təfsir etməsi kafirlikdir”. Burda təfsir sözünün mənasına diqqət etməyimizə zərurət yaranır. Təfsir ərəb mənşəli termindir, şərh və bəyanetmə, izah etmə mənasını verir.
Bütün İslam alimləri Quranın təfsir olunmasını qəbul edir. Lakin yaşı iki əsrdən çox olmayan vəhhabizm cərəyanına etiqad edənlər Quranın təfsir olunmasını qəbul etmirlər. Onlar iddia edirlər ki, Quran ilk baxışda necə anlaşılırsa elə də qəbul olunmalıdır. Unudurlar ki, Quranın bir çox ayələri məcazdır, bəzi ayələrin batini mənası var, bəzi ayələr mütəşabehdir və sair. 
Quranın ayələrində də təfsir məsələsini aydın görürük. Məsələn, “Həmd olsun aləmlərin rəbbi Allaha” (Fatihə, 2) – bu ayəni oxuduqda “aləmlərin rəbbi” nədir deyə sual oluna bilər. Bu sual və hətta onun cavabı belə Qurani-Kərimdə var. “..."Aləmlərin Rəbbi nədir?" ... O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!” (Şüəra 23-24). 
Problem təfsirin olub, olmamasında deyil, kimin Quranı təfsir etməyə icazəsi və haqqı vardadır. Birmənalı olaraq, bu haqq Həzrət Məhəmməddədir (s). Onun kəlamları əsasında və Quranın ümumi məntiqi çərçivəsində verilən izah və təfsir məqbuldur. Bu iki amili nəzərə almadan Quranı izah etməyə qalxan şəxs yanlış yoldadır və böyük xəta edir. 
Sərdar bəy də Quranın izahı ilə bağlı iki ziddiyyətli fikir səsləndirməklə dini əqidəsini şübhə altına alır.  
Ərəb dilindən anlayışı olmayan, bəlkə heç “əlif”i də tanımadan fikirlərini “sin” kimi dalğalandıran, “Yə”i hansısa quşa bənzədərək, sözləri “zad” kimi çətin tələffüz edən hörmətli Sərdar müəllim deyir ki, ərəb dilində elə bir neçə hərfi yan-yana düzsən, alınan söz heç bir məna vermir. Amma, hərəkələr qoymaqla həmin sözlər məna kəsb edir.
Ərəb dilində oxunuş qaydasını deyim ki, növbəti dəfə belə xətalar baş verməsin. Ərəb əlifbası 28 hərifdən ibarətdir və hamısı samitdir. Saitlər (hərəkə) isə müstəqil hərf statusu daşımır. Saitlər (ə, i, u yeddi qalın hərf isə “əlif məddi”ində “a” səsi verir)  vasitəsiylə sözlər düzəlir. Bu qayda Azərbaycan dilində də belədir. Yəni samitlər saitlərlə birlikdə sözləri əmələ gətirir. Bir fərq də odur ki, ərəb əlifbasında saitlər (hərəkələr) samitlərin üzərində və altında qoyulur. Ərəb dilini bilənlərə məlumdur ki, Qurandan başqa heç bir kitabda hərəkələr qeyd olunmur. Bu, yazının təxfif (asan) formasına görədir. Lakin oxunanda hərəkələrdən istifadə olunur. Əks halda ancaq samitlərdən söz düzəlməz.
Sərdar bəy günümüzün ən aktual mövzularından birinə də toxunur. Məhərrəmlik ayının xristian adətindən doğduğunu iddia edir: “Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir”.
Siyasi təşkilat rəhbəri olaraq, beş metrliyindəki iqtidarıın qəzəbinə tuş gəlməmək üçün ağzından çıxan a-dan z-ə qədər hamısını korrektə ilə danışan şəxs üçün İmam Hüseyn (ə) haqqında gözlərini yumub danışmaq nə qədər cəsarətlidir, düzgündür və sair? Cavabını bilmirəm…
Məhərrəm qəməri (ay ili) təqviminin ilk ayıdır. Bütün təqvim illərinin 12 ayı olur. Məhərrəm ay adıdır. Lakin bu ayda Əziz İslam Peyğəmbərinin (s) ciyər parası, üçüncü məsum imam Həzrət Hüseyn (ə) zamanındakı haqsızlığa, zülmə etiraz olaraq qiyam etdi və zalım Yəzid tərəfindən şəhid edildi. Bu hadisə təkcə müsəlmanlar üçün deyil, azad doğulduğunu, azad yaşayacağını və azad öləcəyini anlayan və bu azadlıqlar uğrunda mübarizə aparan şəxslər üçün məktəbdir. Tarixdə fərdlər qalmır, şəxsiyyətlər və məktəblər əbədi yaşayır. Ona görə də özünü azad hesab etməyən şəxsin Aşura məktəbini müsbət qarşılamağını, İmam Hüseynin (ə) bəşər üçün xilaskar olduğunu qəbul etməsini gözləmirəm. Sərdar bəyin Məhərrəmliyi xristian adəti kimi təqdim etməsi isə sadəcə, boş sözdən və mənasız iddiadan başqa bir şey deyil. Haşiyə kimi qeyd edirəm ki, Sərdar müəllim elmin yeni şöbələrini yaratmaqda iddialıdır. Zənn edirəm ki, anasının seyyidə (Peyğəmbər soyundan) olduğunu deyərək, Aşura məktəbini xristianlığa bağlaması “elmi kəşfinə” görə almaq istədiyi “nobel”ə görədir. 
Bir qədər əvvəl sətiraltı işlətdiyim fakir deyəsən aydın görünməkdədir…
“Möhürlə namaz qılmaq Qurana ziddir”.  Bu fikrin davamında isə açıq şəkildə şiə əqidəsinə hücum edir. Məzhəbçiliyi inkar etsə də, İslamın əsas məzhəblərindən birənə qarşı kəskin ifadələr işlətməklə, özünü fərqli düşüncə sahibi kimi təqdim edir. Qəlbləri bilən Allahdır...
Möhürlə namaz qılmağın qadağan olunduğunu deyirsə, bu barədə bir ayə, yaxud bir hədis qeyd etsin. Edə bilməyəcək, çünki bu barədə tapa biləcəyi ayə yoxdur. O zaman Sərdar bəyə “elmi inkişafdan danışan şəxs Qurana, dinə, elmə böhtan atır”, deməyə haqqım varmı?
Zöhr və əsr namazlarının qılınma məsələsinə gəldikdə, cəfəri fiqhində zöhr namazından dərhal sonra əsr namazının qılınması vacib deyil. Bu, şəxsin öz ixtiyarına verilir. Yəni istəsə, zöhr namazını bitirəndən sonra əsr namazını qılsın, yaxud bir müddət sonra əda etsin. Bu məsələ müzakirə mövzusu deyil.
Həzrət Əlinin (ə) iqamədə və azanda adının çəkilməsi də vacib məsələ deyil. Eyni zamanda azan və iqamənin cüzi (tərkib hissəsi) kimi deyilmir. Qeyd edim ki, azan və iqamə namazın müstəhəbb hissəsidir. Yəni azan və iqamə demədən də namaza başlamaq olar. Namaz “Təkbirətul-ehram”dan (niyyətdə deyilən Allahu əkbər) başlayır, sonuncu salamda bitir.
Sərdar bəy Azərbaycanda namazı düzgün izah edən alimin olmadığını iddia edir: “Azərbaycanda elə bir alim yoxdur. Baxın, şiələrin müəllimi imam Cəfərdir. Sünnilərin isə əsas alimi imam Qəzzali ilə imam Rəbbanidir. Bu alimlər orta əsr alimləridir. Allah buyurub ki, hər şeyi dərəcələyəndir. Yəni, hər dövrün bir insanı var. İndi bunlara sual vermək lazımdır: Siz bu camaatı orta əsr aliminin sözləri ilə niyə aldadırsınız?”
Dəyərli Sərdar müəllim, siz namazı düzgün izah edən alimin olmadığını iddia edir, orta əsrlərdə yaşamış şəxslər vasitəsiylə camaatın aldanıldığını deyirsiniz. İndi mən sizə sual ünvanlayım. Orta əsrlərdə qılınan namazla indi qılınan namazın nə fərqi var? Cavabını ya bilməyəcəksiniz, ya da dağdan arandan danışaraq heç kimin anlamadığı tərzdə bəzi sözlər deyəcəksiniz. Ona görə cavabını da özüm deyirəm. Namaz dinin sütunudur. “Peyğəmbərin gətirdiyi şəriət qiyamətə qədər davam edəcək” hədisi də çox məşhurdur. Dinin sütunu toxunulmazdır. Hansı dövrdə olursa, olsun namaz və dinin digər vacib əməlləri dəyişilə bilməz. Dinin vacibatı sabit və dəyişilməz qalmalıdır. Sizin orta əsrlər söhbətiniz camatı çaşdırmaqdan başqa bir şey deyil.
İŞİD məsələsinə gəldikdə, bu yırtıcı təşkilatı yaradıb, silahlandıranlara qarşı bir cümlə işlətməkdən çəkindiyiniz halda, heç bir halda sizə cavab verə bilməyən tarixi şəxsiyyətləri topa tutmağınız çoxmu cəsarət tələb edir? 
Babək məsələsində isə daha çox ifrata varırsınız. Onun tarixdə necə şəxs olduğunu, hansı əqidəyə qulluq etdiyini qətiyyən çəkişmirəm. Bu, tarixçilərin işidir. Amma Babəkin ölümü zamanı İslam adından ona qarşı istifadə olunan ölüm taktikası və işgəncələri heç qəbul etmirəm. Çünki dinə ziddir. Babəkin ölüm səhnəsini belə cızırsınız: “Xəlifə deyir ki, Babək çoxlu sayda günahsız müsəlmanın qanına bais olduğuna görə onun qolları kəsilməlidir. Çünki, bu, Quranda da belə buyurulur”.
İslamda ən ağır cinayətkarın belə bədən üzvlərini (oğrunun barmaqlarını kəsmək istisna olmaqla) kəsmək qadağandır. Baxın İslamın ilk vaxtlarında Peyğəmbər (s) əsirlərlə necə rəftar edirdi. Bunun Quranda olduğunu deyirsiniz. Buyurun göstərin. Əksa hlada belə cəfəng fikirlərlə camaatı çaşdırmayın.
Qisas məsələsi dediyinizdən tam fərqlidir. Bəli, dövrün zalımına qarşı döyüşmək lazımdır. Tarixin zülmkarlarına daş atmaq zülmlə mübarizə deyil. Bugün keçirilən seçkilərin ədalətli və şəffaflığını etiraf edərək, seçilən şəxsi təbrik etmək (2013-cü il prezident seçkiləri) zülmlə mübarizədir, yoxsa dəstək? Əlbəttə, dəstək. O zaman ən böyük zülmkar bəlli olur. Qəzanız mübarək!

moderator.az

Комментариев нет:

Отправить комментарий