Страницы

01.11.2015

“Şura məktəb”ləri və yaxud “likbez”lər

Sabir Nəsiroğlu

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan ərazisində ilk olaraq yaranmış təhsil ocaqları haqqında məlumat toplamaqı qərara aldım. Araşdırma zamanı məlum oldu ki, mənim doğulub, boya-başa catdığım Astraxanbazar kəndində 3 sinifdən ibarət yeni tipli ilk “Sovet məktəbi” azərbaycanlılar üçün 1931-ci ilin oktiyabr ayında fəaliyyətə başladı. Bu məktəb əvvələr internat tipli idi. Burada əsasən kənd uşaqları təhsil alırdılar. Yoxsul ailədən çıxmış şagirdlər dövlət tərəfindən geyimlə və gündə 3 dəfə yeməklə təmin olunaraq məktəbin nəzdindəki yataqxanada qalırdılar. Onlar həftədə 2 gün, şənbə və bazar günləri evlərinə buraxılırdılar.
Yeni yaranmış bu sovet məktəbində ilk ibtidai təhsil almış, rayon sakini Hacı Sadiq Əli oğlu uşaqlıq illərini belə xatırlyır: “Mən məktəbə yazılanda cəmi 5 yaşım var idi. Sinifdə yaşa görə ən kiçik olduğum üçün həm müəllimimiz, həm də sinif yoldaşlarım məni çox istəyirdilər. Məktəbin direktoru da Səlyan rayonundan gəlmişdi. Sinif müəllimləri isə Lənkərandan və Səliyandan idilər. Mənə yazıb-oxumağı öyrədən ilk müəllimimin adı Xanımbacı idi. Əslən Lənkarandan idi.
Bizim Astraxanbazarda onun heç kimi yox idi və o bizim evimizdə kirayədə yaşayırdı. Babam Bəyişalı və nənəm Səlminaz ona öz qızları kimi baxırdılar. Onu həmişə “qızım” deyə çağırırdılar. Xanım müəllimə isə babama “dədə” deyə müraciət edib, nənəmə isə “Səlminaz anam” deyə çağırardı. O evdə bizə böyük bacı, məktəbdə isə müəllimə idi.
Yaxşı yadımdadır, 1937-ci ildə mənim 11 yaşım tamam olmuşdu, Xanım müəllimə Həsən adlı bir iranlıya ərə getdi və onlar 1938-ci ildə İrana köçdülər.
Arxiv sənədlərində qeyd olunur ki, hələ sovetlərin hakimiyyətinə qədər bu ərazidə yerləşən kənd və digər yaşayış məntəqələrində oğlanlar üçün ibtidai təhsil verən dünyəvi məktəblər olmuşdur. O zaman kəndlərdə açılan bu təhsil ocağlarında yalnız ibtidai təhsil verilirdi.
Yaşı 90-ı ötmüş Cəlilabad sakini Cəfərov Sərxoş Yağub oğlu Petrovka kəndində yerləşən məktəbdə ilk ibtidai təhsilini alıb. Onun dediyinə görə varlı bir şəxsin mülkündə fəaliyyət göstərən bu təhsil ocağına həmin ərazidə yerləşən Qəza Maarif Komissarlığının təlimatçıları nəzarət edirdilər.
Xalq komisarlığı sovetinin 1919-cu il 26 dekabr tarixdə imzaladığı dekretə əsasən, məqsəd yeni yaranmış RSFSR-ın bütün ərazisində ucqar kəndlərdə, uşaq evlərində, eləcə də digər sənaye birliklərində, artellərdə, kollektiv təssərüfatlarında məktəblər və yaxud siniflər açıb yazıb-oxumağı bilməyən 8 yaşından 50 yaşına qədər əhalini təhsilə cəlb etmək idi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra tətbiq olunmuş “savadsızlığın ləğv edilməsi” adlı dövlət qanunu yaşlı nəslin kütləvi halda yazıb-oxumağı öyrətməkdən ibarət idi. Bu qanunun icrası üçün Respublikanın hər yerində olduğu kimi, keçmiş Astraxanbazar rayonunun ərazisində də müxtəlif tipli təhsil ocağları fəaliyyətə başlamışdır.
İbtidai kənd məktəbi və yaxud “öyrtəmə kursları” kimi formalaşan təhsil ocağlarından biri Muğanın cənubunda ilk dəfə olaraq Lənkaran qəzasının Dövlətəlibəyli kəndində qapılarını ərazidə yaşayan sakinlərin övladları üçün açdı. Yeni yaranmış Dövlətəlibəyli kənd ibtidai məktəbi mahalda sayılıb-seçilən, tanınmış el ağsaqqalı Kərbəlayi Allahyar Abdullabəy oğlunun evində yerləşirdi. 1923-cü il oktiyabr ayının 15-də məktəbin açlışına həsr olunmuş yığıncaqda ətraf kəndlərin, eləcə də Lənkaran qəzasının digər yerlərindən gələn nümayəndələr iştirak edirdilər. Mənbələrdə göstərilir ki, ilk günlərdə məktəbə 13 oğlan və 5 qız uşağı qəbul olundu. Onlardan 3 oğlan və 1 qız Astanlı kəndindən, 2 oğlan Kürdlər kəndindən, 1 oğlan və 1 qız Sərhədabad kəndindən, Zopun, Ləzran, Çünəxanlı kəndlərindən də 1 nəfər oğlan uşağı yeni məktəbin ilk şagirdləri siyahısına yazılmışdır. Onlardan savayı 4 oğlan və 3 qız uşağı isə elə məktəbin yerləşdiyi Dövlətəlibəyli kəndindən idi.
Məktəbdə təhsil əsasən soyuq aylarda (oktiyabr-mart) keçdiyi üçün şagirdlər elə oxuduqları evdə, Kərbəlayi Allahyar kişinin himayəsində qalırdılar. Həmin dövrdə bu təhsil ocağında dərs alan şagirdlərdən biri Ləzranlı Mirzəqulu Vəli oğlu Məmmədov o günləri belə xatırlayır: “Biz məktəbdə həftədə 5 gün təhsil alırdıq və hər il 6 ay oxuyurduq. Payız və qış aylarında dərslər keçirilirdi. 3 ay oxuduqdan sonra bizə 3 həftə tətil-qış istirahət günləri verirdilər. Biz ilk yarım illiyi başa vurandan sonra məktəbə Maarif komissarlığının nümayəndələri gəlirdi. Onlar bizdən imtahan götürürdülər. Yaxşı qiymət alanlara hədiyyə də verirdilər. İkinci yarımillik təhsili davam etdirməyə “icazənamə” verərdilər. Yenə də 3 ay dərs keçdikdən sonra, təzədən bizi imtahan edirdilər. Bizim məktəbə gələn müəllimlər Prişibdən və Lənkarandan olurdular. Onların arasında Çeburaşkina adlı müəllimə çox tələbkar idi və o bizim öyrəndiklərimizi dəfələrlə, təkrar-təkrar yoxlayırdı, sonda isə “3” və yaxud, çox nadir halda “4” qiyməti verərdi. Mən Kərbəlayi Allahyarın evində olan Şura məktəbində axıra kimi oxumuşam. Beş il orada yazıb-oxumağı, ədəbiyyatı, hesabı, rus dilini, coğrafiyanı öyrəndim. Məktəbi bitirəndə “Şura məktəbi” mənə Attestat da verdi. Öyrəndiyim 7 fənnin 4-dən 3, üçündən isə “4” qiyməti almışam”.
Mirzəqulu kişi bizimlə söhbətində onu da əlavə etdi: “5 il o məktəbdə təhsil aldım, amma bir dəfə də olsun belə, görmədim ki, Çeburaşkina kiməsə “5” versin. Bütün bunlara baxmayaraq, biz uşaqlar üçün Çeburaşkınanın hər gəlişi bayram sayılırdı. O bizim məktəbə gələn zaman bütün uşaqlar, hətta müəllimlər çox sevinirdilər”.
Cəlilabad rayon sakini, vaxtilə rayonun bir çox idarə və təşkilatlarında rəhbər vəzifəsində işləmiş, dövlət təqaüdçüsü, tanınmış ziyalı Rəhman Dadaş Qasımov deyirdi: Hələ 1920-ci ildə rayonumuzda “Kasıblar komitəsi” yaranmışdı. Mən o vaxtlar savadlı olduğum üçün bu komitəyə katib təyin olunmuşdum. Elə ona görə də rayonun ucqar kəndlərində, obalarda və digər yaşayış yerlərində əhali ilə daimi görüşürdüm. Bir neçə dəfə Dövlətəlibəyli və Cəngan kəndlərində olarkən, həmin kəndlərdəki ibtidai məktəblərə də baş çəkirdim. Dövlətəlibəyli kəndindəki Kərbəlayi Allahyar kişinin şəxsi evində açılmış ibtidai məktəb və kitabxana rayon ərazisində olan məktəblərdən olduqca fərqli idi. Orada təhsil alan şagirdlər, eləcə də onların valideyinləri Kərbəlayi Allahyarın təmənnasız yardımından, onun xeyriyyəçiliyindən çox razı olduqlarını bildirirdilər”.
Rəhman Dadaş xatırlayırdı ki, Kərbəlayi Allahyarın şəxsi evində açılmış məktəb və kitabxanada hətta yaşlılar üçün “Likbez” kursları (likvidasiya bez  qramotnosti) da fəaliyyət göstərirdi. Bu kurslarda yaxın kəndlərdən gəlmiş 20 yaşından 55 yaşa kimi 17 nəfər yazıb-oxumağı öyrənirdilər. Onlardan 3-ü qadın idi”.
Azərbaycan Xalq Maarif komissarlığının 1923-1930 –cu illərə aid hesabatında göstərilir ki, Hasıllı və ona yaxın ərazilərdə 8 ibtidai məktəb və 5 likbez fəaliyyət göstərmişdir. Likbezlər əsasən əmək artellərində və yeni yaranmış əkinçilk birliklərində (TOZ – tovarişestva po obrabotke zemli – S.N.) , kənd yerlərində “Oxu öyrətmə otaqları” (yəni siniflər) şəxsi evlərdə və yaxud ictimai binalarda yerləşirdi.
Mənbələrdə qeyid olunmuşdur ki, Muğanın cənub hissəsində - yəni indiki Cəlilabad rayonunun ərazisindəki böyük yaşayış məntəqələrində də ibtidai təhsil ocaqları ilə yanaşı “şura məktəbləri” adını daşıyan “likbez” kursları fəaliyyətə başlamışdır. Zlobinka kəndində (indiki Sabirabad kəndi), Qriqoryevka (Üçtəpə kəndi), Alar, Qarakazımlı, Pakrovka, Gülməmmədli və Alqasımlı kəndlərindəki məktəblərdə oğlan uşaqları ilə yanaşı, kənd qızları üçün xüsusi siniflər də fəaliyyət göstərirdi.
Pakrovka və Qriqoryevka kəndlərindəki məktəblərdə oğlan və qızların sayı digər kənd məktəblərindən xeyli yüksək idi. Əhalisinin əsas tərkibi ruslardan ibarət olduğu üçün bu təhsil ocağlarına Bakı, Qazax, Göyçay, Səlyan və Lənkarandan da xüsusi olaraq rus dilini tədris edən müəllimlər dəvət olunmuşdular.
Alar kəndində fəaliyyət göstərən “şura məktəbinin” ilk məzunlarından olan Məşi Aslan oğlu Cavadov yeni yaranmış Astraxanbazar rayonunda nəşr olunan “Sosializm tarlaçısı” qəzetinin Alar və Andreyevka şuralıqları üzrə qontrolu”nda əmək fəaliyyətinə başlayır. (Müxbir postu – S.N). Bu “qontrol”da Məşi Cavadovun 3 xəbər çatdıranı” – müxbiri var idi. Sabirabad, Alqasımlı və pakrovkada yaşayan bu “xəbərçatdıranlar” (müxbirlər) da xüsusi likbez təhsili almışdılar.
Tanınmış sovet geoloqu, 1918-ci ildə Pakrovka kəndində anadan olmuş Nina Vsevolodovna Paşalı ibtidai və tam orta təhsilini doğulub boya-başa çatdığı kəndlərindəki “sovet məktəbində” almışdır. 1962-ci ildə geologiya-mineralogiya elmləri doktoru – professor rütbəsini almış Nina Paşalı 1953-ci ildə tərtib olunmuş “Azərbaycanın litoloji xəritəsi”nin müəllifidir. O, öz uşaqlıq illərini xatırlayarkən qeyd etdi ki, “Pakrovkada ibtidai məktəbdə təhsil alarkən kəndimizin uşaqları ilə yanaşı 5 oğlan  qonşuluqda yerləşən Xoltəklə kəndindən gələrək bizimlə bir sinifdə oxuyurdular. Həmin uşaqlar dövlət tərəfindən qış geyimləri ilə yanaşı, gündə bir dəfə isti yeməklə təmin olunurdular”.
1919-cu ildən başlayaraq Cəlilabad rayonunun Pakrovka kəndindəki məktəbdə təhsil almış Alar kənd sakini Mirzəbəy Ağaverdi oğlu Əzimov Lənkaran Pedaqoji texnikumunda orta ixtisas təhsil almışdır. Hərbi xidmətə yollanan Mirzəbəy ordudan tərxis olunduqdan sonra Tbilisi şəhərindəki Ali Hərbi Zabitlər məktəbinə qəbul olunmuş və həmin məktəbin tam kursunu başa vurub, göndərişlə yeni yaranmış Lerik rayonunda ilk hərbi komissar vəzifəsinə təyin olunmuşdur. Böyük Vətən Müharibəsindən sonra Mirzəbəy Əzimov hüquq – mühafizə orqanlarında əmək fəaliyyətini davam etdirmişdir. Respublikanın müxtərlif rayonlarında prokuror köməkçisi, prokuror vəzifəsində çalışmışdır.
Kəndlərdə yaranmış məktəblər, sinif otaqları, eləcə də likbezlər barədə araşdırma apararkən Muğan ərazisindəki Alar kəndinin mədəni-maarif, təhsil ocağalrının salnaməsini yazan, 15 kitabın müəllifi, yazıçı-publisist və jurnalist etnoqraf Hüseynov Bilal Hüseynağa oğlunun (Bilal Alarlı) tədqiqat əsərlərini, o cümlədən elmi məqalələrini də qeyd etmək lazımdır. Bir daha nəzərinizə çatdırıram ki, 1958-ci il sentiyabr ayının 8-də Alar kəndində fəhlə ailəsində dünyaya göz açmış Bilal Alarlı kənd orta məktəbini bitirdikdən sonra BDU-nın kitabxanaçılıq fakultəsində, daha sonra  Jurnalist Sənətkarlığı institutunda oxumuş və 2006-cı ildə isə AMİ-nin “Azərbaycan dili və Ədəbiyyatı”  müəllimi ixtisasl üzrə təhsilini tam başa vuararaq ikinci  Ali təhsil almışdır.
Maraqlı və zəngin həyat yolu keçmiş B. Alarlı kənd müəllimi işləyərkən 1997-ci ildə Alar kəndində “Nöqtələr” ədəbi birliyini yaratmışdır. Bilal Alarlı 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
İndiki Cəlilabad rayonunun dağətəyi kəndlərində də məktəb və s. mədəni-maarif ocağalrının maraqlı tarixçəsi vardır. Şərəfxanlı, Boyxanlı, Zəhmətabad, Qayalı, Ağdaş və digər yaşayış yerlərində də fəaliyyət göstərən təhsil ocağları barədə ətraflı araşdırma aparılmış və həmin məktəblərin ilk məzunlarının həyat və əmək fəaliyyətləri haqqında müxtəlif səpgidə yazılar ardıcıl olaraq mətbuat səhifələrində dərc edilmişdir.
Kəndlərdə fəaliyyət göstərən tədris ocağlarının əksəriyyəti şəxsi evlərdə yerləşdiyi üçün orada çalışan müəllimlər də yerli sakinlərin evlərində yaşayırdılar.
Bir neçə yaşayış məntəqəsinin inzibati ərazi mərkəzi sayılan qədim Cəngan kəndində ikisinifli ibtidai məktəb Kərbəlayi İmanəli Məşədi Abbasqulu oğlunun evində fəaliyyətə başlamışdır. Gözəl bağlı-bağatlı həyəti və yaraşıqlı mülkdən, 4 otaqlı və 2 sinifdən ibarət olan bu kənd məktəbində əsasən 8-15 yaşına qədər uşaqlar təhsil alırdılar. Çinar, Qaradağlı, Küryədi və digər qonşu kəndlərin yolu uzağ olduğu üçün uşaqlar elə İmanəli kişinin həyətində tikilmiş yardımçı binada yatıb qalırdılar. İmanəli kişinin həyat yoldaşı Ağaqız Rüstəm qızı evdar xanım idi. Əlimizdə olan məlumatlarda qeyd olunur ki, Ağaqız xanım xalq adət-ənənələrini, o cümlədən xalq nağıllarının bilicisi idi. Uzun qış gecələri Ağaqız nənə öz övladları ilə yanaşı evlərində yaşayan şagirdləri isti sobanın başına toplayıb, onlara xalq nağıllarını, dastanlardan parçalar danışar və şifahi xalq ədəbiyyatı barədə uşaqlara ətraflı məlumat verib, onları öyrədərdi. Elə vaxt olurdu ki, hətta həmin uşaqların əyinlərindəki pal-paltarı da yuyub, onların təmiz və səliqəli geyinməsinə diqqət yetirərdi.
1937-1938-ci illərdə Respublika ərazisində tuğyan edən represiya küləyi Cənganda da əsməyə başlayır. Ətraf kəndlərdə yaşayan xırda torpaq sahibləri ilə yanaşı Cəngan kənd sakini Məşədi İsmayil Kərim oğlu Bayramov ailəsi ilə birlikdə Qazaxstanın Cambul vilayətinə sürgün olunur. Kəndin ən görkəmli yerində yerləşən Məşədi İsmayilin mülkü dövlət tərəfindən müsadirə olunur və məhkəmənin qərarı ilə Xalq Maarif komissarlığının Cəngan kəndində fəaliyyət göstərən təhsil ocağına verilir.
1940-cı illərdə Azərbaycanda 7 illik təhsil sistemi tətbiq olunur. Yuxarıda qeyd olunan rayonlardan, yəni Səlyan, Lənkaran, Göyçay və Qazaxdan təyinatla göndərilmiş müəllimlər Cəlilabad rayonunun müxtəlif yaşayış məntəqələrində fəaliyyət göstərən məktəblərdə işləməyə başlayırlar.
Yeni təhsil sisteminin tətbiqi ilə əlaqədar Cəngan məktəbində siniflərin sayı artılılır və bu məktəbə qonşu kəndlərdən də uşaqlar cəlb olunur. Böyük Vətən Müharibəsindən sonra respublikada 8 illik icbari təhsilə keçilmiş və bundan sonra Respublikanın hər yerində olduğu kimi bu təhsil ocağıda genişlənərək, 1970-ci ildə “Cəngan kənd orta məktəbi” (10 illik) statusunu almışdır.
Zəngin mədəniyyəti və maraqlı tarixi olan Cəngan kənd orta məktəbinə 1966-cı ildən təcrübəli pedaqoq, dil-ədəbiyyat müəllimi Hüsü Bəhmən oğlu Süleymanov rəhbərlik edir.
Hal-hazırda Cəngan kənd orta məktəbi nəinki Cəlilabad rayonunda, hətta bütün respublikada fəaliyyət göstərən kənd orta məktəbləri arasında yüksək səvviyədə fərqlənən təhsil ocaqlarından biridir. Məktəbin məzunları arasında 20-dən çox elmlər doktoru, professor və elmlər namizədi vardır.
2010-2011-ci il tədris ilində Cəngan kənd orta məktəbində 205 şagirdin orta təhsil alması üçün 24 müəllim çalışır.

(ardı var)

Комментариев нет:

Отправить комментарий