Страницы

10.11.2015

XəzərTV-nin unutduğu qaydalar və ya İŞİD + “Boko haram” + Fətullah Gülən = ?

Ramin Bayramov

Yazımı rəhmətlik Mirzə Ələkbər Sabirin şeiri ilə başlamaq istəyirəm. Çünki, insanların ağzını, qulağını yummaq olar, gülüşünü əldən almaq olar, lakin onun düşüncəsini, dərrakəsini əldən almaq qeyri-mümkündür.

-Görmə! -Baş üstə, yumaram gözlərim. 
-Dinmə! -Mütiəm, kəsərəm sözlərim.
-Bir söz eşitmə! -Qulağım bağlaram.
-Gülmə! -Pəkey, şamu-səhər ağlaram.
-Qanma! -Bacarmam! Məni məzur tut,
Boyləcə təklifı-məhalı unut!
Qabili-imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmuş atəşi-suzanını,
Qıl məni asudə, həm öz canını.

Dünən (7 noyabr.2015) bəzi telekanallarda Tale Bağırzadəyə qarşı səsləndirilən fikirlərin hamısını dinləmədim. Birini dinləməklə, digərlərinin də bu cür fikirlər yayacağını anladım. Vikipediyada Fətullah Gülənə bağlı ”Samanyolu Yayım Qrup”u sahibi (xarici vətəndaş) kimi göstərilən "Xəzər TV"-nin kadrlarına baxdıqda isə, nədənsə Müaviyənin İmam Əlinini (ə) dinsiz, Yezidin İmam Hüseyni (ə) xarici adlandırması yadımda düşdü...
Odur ki, bir neçə mətləbi xatırlatmaq istəyirəm.
Xəzər TV-nin süjet xətti belə başlayır: “Liviya, Suriya, İraq kimi ölkələri xarabaya çevirən qüvvələr indidə Azərbaycanı qarışdırmaq istəyir. Bu radikal qruplar din pərdəsi altında ətrafına topladıqları gəncləri iğtişaşa, terrora, ölümə sövq edirlər...
Söhbət Hacı Tale kimi tanınan qondarma “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadə, onun müavini Elçin Qasımov və tərəfdarlarından gedir. Xarici dairələrdən maliyyələşən və sifarişlə fəaliyyət göstərən bu radikal ekstremistlər “Boko Haram”, “Əl Qaidə”, “İŞİD” , “Taliban” kimi qruplaşmaların Şimali Afrika və Yaxın Şərq ölkələrində törətdikləri cinayətləri Azərbaycanda təkrarlamağa çalışırlar...”
 Niyə???
...Əvvəla Tale Bağırzadə xarici qüvvələrə bağlılığı var idisə, iki dəfə niyə o maddələrlə həbs olunmamışdı?
İkincisi Tale Bağırzadənin tərəfdarları polis idarəsinin qarşısında “terror” etmək istəyirdilərsə, niyə məhz İnzibati Xətalar Məcəlləsinin maddələrilə sutkalıq həbs olundular?
Axı bir şəxs haqqında məhkəmə hökmü yoxdursa, onun haqqında hansı haqla xarici qüvvələrlə əlaqəsi olan və ya terrorçu damğası vura biləriniz?
Konstutusiyamızdan xəbəriniz varmı?
Konstutusiyamızın 63-cü maddəsində “Təqsirsizlik prezumpsiyası”nı oxumusunuzsa bir daha təkrar xatırlamağı, oxumamısınızsa, bir dəfə oxumağı sizə məsləhət görürük. Çünki, bu maddədə deyilir:  “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.“
Axı sizin oxuduğunuz və sadiq qalmalı olduğunun “Media etikası” bu xəbərdə kobud surətdə pozulmuşdur. Yəni, bilməliydiniz ki, bir şəxsin məhkəmə qərarı olmadan ittiham olunması medianın etik qaydalarının kobud şəkildə pozulması deməkdir. Tale Bağırzadəni xarici qüvvələrə bağlılıqda ittiham etməyiniz böhtan və təhqir sayılır.
«AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ DAVRANIŞI QAYDALARI»ının  3-cü prinsipinin 7-ci bəndində deyilir: “Jurnalist, cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prizumpsiyası hüququna hörmətlə yanaşmalı, onu təqdim edərkən onu cinayətkar kimi yox, şübhəli şəxs qismində saxlanılan şəxs kimi təqdim etməlidir.“
Bütün hallarda isə, sizin bu ittihamınız şər və böhtandan başqa bir şey deyildir. Sahibinizin kim olduğunu unutmayın...
Tale Bağırzadə rəsmi olaraq sizə müraciət etməli olsa, siz onun haqqında yayılan fikirləri təkzib etməsi üçün şərait yaratmalısınız. Konstitusiyanın 50-ci maddəsində deyilir: “Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.”
Gülməli iddia...
“Samanyolu” yolunu gedənlərə isə üzümüzü tutub deyirik ki, özünüzü camaata güldürməyin. İŞİD, “Əl-Qaidə”, “Taliban”, “Boko Haram”ın məhz kimə ən çox düşmən olduğunu hər kəs gözəl bilir. Məhz radikal vəhhabi əqidəsində olanlardır ki, insan başı kəsər, terror aktları törədərlər. Bütün statistikalara baxdıqda ictimai yerlər, həmçinin  məscidlərdəki terror aktlarını məhz bu vəhhabi qruplaşmaların kamikadze və ya terrorçularının etdiyini görürük. Hacı Tale Bağırzadə isə, Azərbaycan əhalisinin əksəriyyətini təşkil edən 12 imam şiəsidir. Yəni, İraqda, Suriyada terrorçularla vuruşanların əksəriyyəti ənənəvi islam; şiəlik və klassik sünnilikdə olanlardır. Sözümün canı budur ki, Allah eləməsin, vətənimizdə İŞİD, “Əl Qaidə” təhlükəsi baş qaldırarsa  radikal adlandırdıqlarınız, əslində isə vətənini sevənlər, bu canilərə qarşı mübarizə aparacaqlar.
Əl öpmək məsələsi. Bildiyimiz kimi, Qafqaz Müsəlmanlar İdarəsi dəvətilə (Dövlətin izni olmasa QMİ belə bir dəvət gerçəkləşdirməzdi) İslam Dünyasının böyük alimi, mərceyi-təqlid müctəhidi Ayətullah Nuri Həmədani bir neçə ay əvvəl ölkəmizə səfərə gəlmişdi.
Bu haqda Trend agentliyinin bir xəbərini diqqətinizə çatdırıram: “Trend xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bir müctəhidin Azərbaycana gəlişi bizim tariximizdə bizə nəsib olmayan bir nemətdir: "Hələ Azərbaycan torpağına ayətullahül-üzma, müctəhid gəlməyib. Sovet dövründə biz onları oğrun-oğrun öyrənərdik. Amma bir müctəhidin bizim dövrümüzdə gəlməsi, bizləri ziyarət etməsi olmamışdı. Bu gün bizə böyük nemət qismət olub. Müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycana müctəhid, ayətullahül-üzma gəlib. 92 yaşı olmasına baxmayaraq, böyük əziyyət çəkərək Azərbaycana gəlib. Bu səfər Azərbaycan tarixində qalacaq. Bu bir yol oldu, cığır oldu. Onu Şeyx Həmədani açdı. Arzu edirəm ki, bundan sonra digər müctəhidlər də Azərbaycana gələcəklər. O, birinci müctəhiddir ki, Azərbaycanda Qarabağ şəhidlərinin ruhuna, Qarabağ torpaqlarının azad olunması üçün dualar edib".
Belə bir tərifə layiq İslam alimilə təbii ki, dindar və ruhanilərin görüşləri təşkil olundu. Görüşlər zamanı bir çox mömin kimi Tale Bağırzadə də ona sayğı və hörmət əlaməti olaraq əlindən öpmüşdür. Qeyd üçün bildirək ki, əvvəla dinimizdə millətindən və rəngindən asılı olmayaraq yaşlı bir İslam aliminə ehtiram üçün əlindən öpmək icazəlidir, milli mentalitetimizdə də, yaşlı bir ağsaqqala, din aliminə hörmət etmək müsbət qarşılanır.
İkincisi, Ayətullah Həmədani azərbaycanlıdır.
Üçüncü bizim dinimizdə milli təəssübkeşlik tənqid edilir və Quranda Allah bu haqda buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır.” (Hucurat 13).
Fətullahın əl öpməsi... Mənə çox maraqlıdır. Əl öpmək məsələsini niyə bu qədər qabartdınız? Tale Bağırzadə ki, Roma Papasının əlini öpməyib. Fətullah Gülən və ən yaxın adamlarından olan Nurəddin baş niyə Roma Papasınin əlini öpəndə belə canfəşanlıq etmirdiniz?  Nə isə cavab verməsənizdə, olar...
Yenə Fətullah Gülən... Fətullah Gülən bir çox sübut olunmuş dəlillərə əsasən Qərbin xüsusi xidmət orqanlarının adamı obrazını özündə cəm etmişdir. Onun hədəfi hər kimlə olursa olsun əməkdaşlıq edərək özünün fətullahçılıq təriqətini inkişaf etdirmək, Türkiyənin ağası olmaqdır. Ərdoğanın ona düşmənçiliyi də, məhz buna görədir.
Haşiyə... Bu arada, Fətullah Gülənin İsrail quldurlarının “Mavi Mərmərə” gəmisinə hücum edərək 9 türkü şəhid  etməsinə “Onlar İsraildən icazə almalıydılar. Onlar şəhid deyillər, çünki bilə-bilə ölümə gediblər.” fikirlərini yada salmaq istəyirəm. Bu şəxsin İsrail sevdası gələn yazılarımzıda İnşəAllah...
Və... Odur ki, rəsmi qurumlar bilsin ki, bu “radikal dindar” dedikləriniz şəxslər Azərbaycan üçün canlarından keçməyə hazır olan təmiz azərbaycanlılardır. Onları xalqa düşmən göstərməyin. Onlar Can Azərbaycanımızın düşməni deyil. Axı bir şəxs öz millətinə, vətəninə necə düşmən olar? Düşmən onlar deyil, düşmənləriniz - Türkiyədə və digər yerlərdə dövlətə qədər sızan, dövlət rəsmilərinin və ailələrinin telefonlarını dinləyən, evlərində gizli kameralar quraşdıran fətullahçı və fətullahçı xislətlilərdir.

P.S. Bu yazının bir hissəsi digər telekanallara da aid edilə bilər. Çünki hər bir telekanal Kontutusiyamıza tabe olmalı, “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na əməl etməlidir.
P.P.S. Üzümü inanclı təbəqəyə tuturam. Adətən belə vaxtlarda öyrədilmiş, muzdlu ikiüzlülər ortaya çıxar və təmiz adamlara ləkə atarlar. Odurki, belə zamanlarda din qardaşlarınızı açıq aşkar tənqid etməkdən çəkinməyiniz, tənqid etmək istədiyiniz şəxslə və ya onun yaxınları ilə görüşməyiniz daha məqsədəuyğundur. Çünki belə olan halda münafiq və sadəlövh şəxslərə fürsət verilməyəcək, islamçılar arasında çoxdan istədikləri parçalanma layihəsi baş tutmamış olacaqdır.

islamazeri.az

Комментариев нет:

Отправить комментарий