Страницы

23.12.2015

Cəlilabadda Sovet Hakimiyyətinin qurulması

Araz Gündüz

1.SOVETLƏRİN MUĞANA GƏLİŞİ. Çar hökuməti yıxılandan sonra Bakıda 26 Bakı Komissarları hakimiyətə gəldi, ancaq onlar hakimiyyətdə çox duruş gətirə bilmədilər. Bolşeviklər Bakıda hakimiyyəti itirsələr də Muğan bölgəsində Muğan Sovet resbublikası bir müddət duruş gətirə bilmiş, ancaq sonradan dağılmışdı. 1920-ci ilin aprelində Kirovun başçılığı ilə XI Qızıl Ordu gəlib Müsavat hakimiyətini yıxandan sonra bolşeviklər Muğan bölgəsinə birdən-birə gələ bilməmişdilər, XI Ordu ancaq o ilin avqustunda Lənkəran mahalına gəlib çıxa bilmişdi. Onların gəlişi ilə xalq içində çoxlu dedi-qodular yayılmağa başlamışdı. Biriləri deyirdi, bunlar ruslardır, müsəlmanları qırıb qurtarmaq üçün gəliblər, o biriləri deyirdilər, yerli ruslar özlərinə kömək çağırıblar yenidən rus hökuməti quracaqlar, bir başqaları deyirdilər, yox, bunlar bolşeviklərdir, ancaq ruslarla birləşiblər, müsəlmanların çoxunu qırandan sonra, böyük yorğanlar düzəldəcəklər, hər qırx adam qadınlı-kişili bir yorğan altında yatacaq, kim kim ilə istəsə onunla başıbirlik eləyəcək, sənin-mənim olmayacaqdır, yeməyi də hər əlli nəfər bir yekə qabda yeyəcəkdir. Belə sözlər insanları Sovet hakimiyyətinə qarşı qaldırmağa hesablanmışdı. Gücü çatanların hamısı tüfəng alıb kommunistlərlə savaşa hazırlaşmağa başladılar. Adamların hamısı birağızdan deyirdilər: “Bolşeviklərin dediyi kimi namussuzluqla yaşamaqdansa, kişi kimi vuruşub ölmək yaxşıdır”. Cəlilabadın dağlıq bölgəsində çoxlu atlı, yayaq (piyada) döyüşçülər toplandı, onlar yol boyunca hündür təpələrin başında səngərlər qazdılar, bolşeviklərlə savaşmaq üçün yerlərini bətkitdilər. Bir gün hay düşdü, bolşeviklərlə yerli ruslar birləşib böyük bir qoşunla Dövlətalıbəyli kəndinəcən gəlib çıxıblar, orada Allahyarın qapısındakı böyük Qoz ağacının altında yerləşiblər, bir azdan yuxarı kəndlərə yürüş eləyəcək, bu kəndləri tutandan sonra isə Dağa (Yardımlıya) sarı gedəcəklər. Ertəsi günü Koryədi (Porsava)  kəndinə sarı gələn beş-atlı rus göründü, atlılardan bir az qabaqda isə bir nəfər ayaqla gedirdi. Bir az yaxınlaşandan sonra ayaqla gələn adamın Dövlətalıbəyli Allahyar olduğu bəlli oldu, Allahyar bu tərəflərdə sayılıb-seçilən bir ağsaqqal idi, ruslar onu savaşmaq istəyən adamlarla danışıq aparmaq üçün özləri ilə götürmüşdülər. İstəyirdilər onun yardımı ilə savaşa girənləri yaraqlarını yerə qoyub dağılışmağa inandırsınlar. Ancaq insanların üzü elə dönmüşdü, yüzlərlə Allahyar kimi ağsaqqallar gəlsəydi də sözə baxmazdılar, savaşa girişənlər ölümü gözlərinin altına alıb dayanmışdılar, ya rusları öz torpaqlarına buraxmamaq, ya da vuruşub ölmək istəyirdilər. Onların çoxu, sizi inandırım, ölümə sevinə-sevinə gedən insanlar idi.  Ona görə də, bu atlıları gülləyə tutdular, onlar da geri qayıtmalı oldular. Bir azdan bolşevik-rus qoşunu bütün gücünü toplayıb irəliləməyə başladı. Onlar toplardan, pulemyotlardan arasıkəsilmədən atmağa başlasalar da, döyüşçülər bir addım da geri çəkilmədilər, daldalandıqları yerlərdən rusları gülləyə tutub onlardan çoxlu döyüşçü öldürdülər. Ruslar böyük itki verib geri çəkilməli oldular, bizim adamlar onları izləyib güllə yağışına tutdular, rusların itkisi bir az da artdı, onlar geri çəkilib güclə özlərini Həməşaraya (Cəlilabada) çatdırdılar. Türklərin yaraqları çox yararsız idi, ancaq varlı adamların beşatılanları var idi, qalanları dayandoldurum tüfənglərlə vuruşurdular. Bundan başqa da vuruşanların sursatı da yox idi, hərənin əlli-altmış gülləsi vardı, onları atıb qurtarandan sonra döyüşdən əl çəkməli olurdular. Rusların isə topları, pulemyotları, yaxşı tüfəngləri var idi, döyüş sursatları isə tükənməz idi.
Ruslar Həməşaraya çəkiləndən iki-üç saat sonra şəhərin yaxınlığından çox uzaqlardan belə görünən qatı bir tüstü qalxdığı görünməyə başladı, bu elə bir tüstü idi günün üzü tutulmuşdu. Kimi deyirdi, kövşənə od vurublar, kimi deyirdi, ev yanır, ancaq nə ev yanmaqdan, nə də kövşənin yanmasından belə bir tüstü qalxa bilməzdi. Ertəsi günü bu tüstünün haradan qalxdığı bəlli oldu, sən demə müsəlmanlar rusları qovaraq Həməşaraya salıb qayıdandan bir neçə saat sonra ruslarla bolşeviklər güclərini toplayaraq Həməşaranın yaxınlığındakı Abdullu ilə Fərzili kəndlərinə gəlib, bu iki kəndi başdanayağa yandırıblar. Yerli ruslarla Fərzili kəndinin adamlarının arası yaxşı olduğuna görə kəndi yandırsalar da, adamlarına toxunmamışdılar.
Fərzili ilə Abdulluda baş verən olaylardan on gün sonra ruslarla bolşeviklər bir də bütün güclərini toplayıb dağ kəndlərinin üstünə yürüş elədilər. Kəndlərdəki döyüşçülər sursatlarının az olduğunu bildiklərindən kəndləri boşaldıb gücü çatan qədər ev avadanlıqlarını, bir də mal-qaralarını götürüb yuxarı dağ kəndlərinə çəkildilər. Kiçik bir bölük isə yenə rusların qabağını kəsib onlarla döyüşə başladılar. Beş saatlıq döyüşdən sonra sursatları tükənən kəndli döyüşçülər geri çəkilməli oldular. Bu döyüşdə ruslardan yüzdən artıq adam öldürülmüşdü, kəndlilərdən isə bir nəfər, Çinar kəndindən Səfər öldürülmüşdü. Ruslar ağır itki vermələrinə baxmayaraq sayca, yaraqca üstünlüklərindən yararlanıb irəliləyirdilər. Onlar ölülərini arabaya yığıb, rus kəndlərinə göndərəndən sonra yenidən kəndlərin üstünə yürüş elədilər. Rusların yolunun üstündə olan kəndlərin adamları hamısı qaçıb yaxınlıqdakı meşələrə sığınmışdılar, ruslar boş kəndləri keçib, insanların daldalandığı meşələrə, kəndlərə sarı üz tutub gəlməyə başladılar. Bizim kəndin adamlarının bir bölüyü Qaradağlı kəndinə sığınmışdı, qalanları Qaradağlının yaxınlığındakı meşədə, Kükürdbulağın yanında daldalanmışdı. Bizdən başqa da burada Xanlarlı, Bala Koryədi, Keçili, Cəngan, Fərəcullalı kəndlərinin adamları daldalanırdı. Toplaşan adamlar öz aralarından Cənganlı Şamili seçib rusların gəlişini öyrənmək üçün göndərdilər, Şamil çox keçmədən qayıdıb rusların Fərəcullalı kəndinin üstündəki pambıqlıq deyilən yeri keçib yaxınlaşdıqları sorağını gətirdi. Ləzran kəndindən Qaradağlıya sığınan adamlar rusların yaxınlaşdığını eşidəndə aradan çıxmağın gec olduğunu anladılar, Qaradağlıya gedən Güney yolunu tutaraq, gələn rusların qarşısına çıxıb onlarla anlaşmağa çalışdılar. Kəndlilərin arabaları yolu bağlayıb rusların yürüşünü əngəllədiyindən ruslar elə bildilər bu adamlar onların yolunu bağlamaq istəyirlər, ona görə də qoşqu heyvanlarını açıb arabaları Güney yolunun altındakı uçuruma yuvarladılar. Bizim olduğumuz Kükürdbulaqdan üzüaşağı yuvarlanan arabalardan adamların ev avadanlıqlarının necə dərəyə sarı diyirləndiyi görünürdü. Ruslar adamların Kükürdbulaqda daldalandığını bilib oranı gülləyə tutdular. Bu vaxt tanımadığım bir kişi əlindəki tüfəngi başının üzərinə qaldırıb dedi: “Qardaşlar, bizim savaşımız namus üstündədir, bizim indi ölməyib diri qalmağımız, gündə yüz dəfə namusu tapdalanaraq yaşamağımız, elə gündə neçə dəfə ölmək deməkdir, ondan yaxşısı bir dəfə kişi kimi ölməkdir. Mən gedirəm ruslarla vuruşub ölməyə, kimin namusu varsa ardımca gəlsin”. O bunu deyib, yola düzəldi, onun ardınca iyirmiyə yaxın əlitüfəngli kişi də savaşa getdilər. Gedənlər Kükürdbulağın aşağısında Meşəiçi dərəsi deyilən yerdə daldalanıb rusları gülləyə tutdular, ruslar Güney yolunda açıqlıqda olduqlarından çoxlu itki verdilər, bayaq adamların ev avadanlıqları diyirlənən uçurumla indi rusların ölüləri üzüaşağı yuvarlanırdı. Atışma başlayan kimi Kükürdbulağın yan-yörəsindəki adamlar mal-qaralarını, ev avadanlıqlarını da atıb, meşənin içi ilə Dağ kəndlərinə, o tay Azərbaycana getmək üçün yola düşdülər. Mən iribuynuzlu mal-qaramızı orada qoyub, nökərimiz Nurməmmədin köməyi ilə 84 baş qoyunumuzu sürüb apara bildim. Bi az yol gedib yaxınlıqda olan Musalı kəndinə çatdıq. Orada dayanıb dincələndə ruslarla vuruşmağa gedənlərin hamısı sağlıqla gəlib bizə çatdılar. Bizim kəndin köçü Dağ Ləzran kəndinə getməli olduğu üçün dincələndən sonra gecəykən yola düşdük. Əsədli kəndinin yaxınlığında qarşımız əltüfəngli bir atlı çıxdı, kimliyimizi, hara getdiyimizi soruşdu, Ləzranlı olduğumuzu biləndə dedi, sizi qarşılamağa çıxmışam, adamlardan bir neçəsi onun adının Qaraş olduğunu dedilər. Qaraşa qoşulub onun evinə gəldik, gecəylə çıraq yandırıb bizi qarşıladılar, yaxın evlərdən çörək gətirib bizə yüngül şam yeməyi verdilər, sonra qonşulardan da bir neçə tabaq gətirib xamır yoğurdular, bir azdan süfrələrə isti təndir çörəyi ilə pendir düzüb bizi doyurdular. Gecə yatmayıb obaşdan çağı yola düşdük, axşama Dağ Ləzran kəndinə gəlib çıxdıq. Burada dörd gün qalandan sonra kəndimizdən adamlar gəlib, rusların onlarla savaşmaq istəməyən kəndlərə toxunmayacağı sorağını gətirdilər, bizim kəndlilərin artıq bir çoxlarının kəndə qayıdıb qulağıdinc yaşadıqlarını da öyrəndik. Bunu bilincə köçümüzü götürüb geriyə, kəndimizə qayıtmaq üçün yola düşdük. Zevin kəndini keçib Gendərə kəndinə yaxınlaşanda gördük bir az aşağıda top-tüfəng səsindən qulaq tutulur, dedilər, Şatırlı düzündə ruslarla yerli adamların qanlı savaşı gedir, yolumuzu dəyişib Buravar kəndinin üstündən keçib, meşəiçi yolla getməli olduq. Yaşlı adamlar gənəşəndən sonra dedilər, yaxşısı meşənin içi ilə gedib Ağdaş dərəsinə çıxaq, oradan da meşəqırağı kəndlərin içi ilə keçib kəndimizə gedək, hamılıqla razılaşıb yola düşdük. Köçdə olan qaçqınların sayı beş yüzə yaxın olardı, hamı əliboş, quru canını götürüb yola düşmüşdü, ancaq mənim, köçün arxası ilə nökərimiz Nurməmmədlə birlikdə sürüb apardığım qoyunlarım var idi. Buravar kəndini keçib meşəyə girəndə yanımızdan ona yaxın atlı çaparaq keçib getdilər, hara getdiklərini soruşanda ruslarla savaşmağa getdiklərini dedilər. Meşə yolunun daraldığı bir yerdə həmin atlılar yolumuzu kəsib dedilər, qoyunları verib keçəcəksiniz. Çox yaxşı atıcı olan Nurməmməd bizə dedi, bunlar otay Azərbaycandan gəlmiş soyğunçulardır, siz keçib gedin, mən görüm bunlarla nə eləyirəm. Nurməmməd quldurlara dil töküb, bizim necə ağır bir günə düşdüyümüzdən, hər şeyimizi itirməyimizdən, gözümüzü ancaq bu qoyunara dikdiyimizdən danışsa da onlar əl çəkməyib, qoyunları verməlisiniz dedilər, danışığın gedişində Nurməmməd gözlənilmədən onlardan ikisini güllə ilə vurub, özünü yaxınlıqdakı qalın ağaclığa vurdu, atışma uzun çəkdi, quldurlardan biri də vurulandan sonra onlar daha da qızışdılar, ancaq meşənin içində Nurməmmədə bata bilməyəcəklərini görüb, qoyunları sürüb apararaq çıxıb getdilər. Sonra Qamışlıgöl kəndinin yanından keçib kəndimizə doğru yol aldıq, ertəsi gün səhər gəlib kəndimizdə yerləşdik.
Sonradan Şatırlı düzündə gördüyümüz savaşla bağlı da soraq aldıq. Bizim gördüyümaz bu savaşda Dağdan (Yardımlıdan), bir də otay Azərbaycandan gələn yaraqlı adamlar rusların qarşısını kəsib vuruşurmuşlar. Ruslar günortaya kimi duruş gətirə bilsələr də, sonra çoxlu itki verdiklərinə görə geri çəkilib Eşşəkçi kəndinə gəlmişdilər. Üç gün sonra otayın Dilağarda oymağından Qara bəy rusların üzərinə yürüş eləyərək onları Cəlilabada kimi geriyə oturtdu. Bu savaşda rus qoşunun yarıdan çoxu qırılmış, çoxları da əsir düşmüşdülər. Qara bəy əsir düşən rusları öldürməyib, hamısını evlərinə buraxmışdı. Ertəsi günü ruslar yenidən güclü qoşun toplayıb, dağ kəndlərinə yürüş elədilər, yol boyu onların qarşısına çıxan olmadığından döyüşsüz Eşşəkçi kəndinə kimi gəlib çıxdılar. Burada iki gün qalandan sonra Dağa (Yardımlıya) sarı yürüş elədilər. Ləkin kəndinə çatanda Dağdan, bir də otay Azərbaycandan toplanmış döyüşçülər onları mühasirəyə alıb vuruşmağa başladılar. Ruslar burada çoxlu itki verəndən sonra güclə mühasirəni yarıb yenidən Eşşəkçi kəndinə qayıtdılar. Ruslar Eşşəkçi kəndində altı gün qalandan sonra yenə də otaydan Qara bəy onların üstünə gəldi, ruslar bir az döyüşəndən sonra geri çəkilməyə başladılar. Qara bəy onları izləyərək bizim kəndin yaxınlığına kimi gətirəndə, burada bir yandan Molla Qüdrətin başçılıq elədiyi döyüşçülər, o biri yandan isə Dağın Hunoba kəndindən gəlmiş yaraqlılar onların üstünə yeridilər, burada çox güclü atışma oldu, ruslar demək olar adamlarının hamısını itirib az bir qüvvə ilə yaralıları ilə ölülərini qoyub qaçdılar. Yaralıları Ağusəm kəndindən olan Şirin araya girib öldürməyə qoymadı, onların bir azını yığıb öz kəndinə apardı, oradan da öz kəndlərinə yola saldı. Qalan yaralıları Ləzranlı Abdul kişi evinə apardı, sonra onları da öz evlərinə yola saldı.
2. NƏCƏFQULU XANIN SOVET HÖKUMƏTİNİ ALDATMASI. Deyilənə görə, günlərin birində Nəcəfqulu xanın adamları Ərdəbil yaxınlığında bir adamı soyanda bunun üstündən bir kağız da çıxır. Bu kağız İran kommunistlərindən Lənkəranda yerləşən sovet hökumətinə yazılıbmış, orada bu məktubu gətirənin inanılmış, sözünə güvənilə bilən birisi olduğu yazılıbmış. Nəcəfqulu xan da bu məktubu Lənkəranda oturmuş sovet hakimiyyəti nümayəndələrinə verməklə onları aldada bilmişdi. Günlərin birində, bizim Ləzran kəndinin quzeyindən keçən yolla Nəcəfqulu xanın iki yüzə yaxın atlı ilə keçib getdiyini gördük. Adamlar arasında söz yayıldı, Nəcəfqulu xan kommunistlərə qoşulub, onların tərəfinə keçib, indi də onlarla bağlaşmağa gedir. Aradan üç gün keçmiş yenə həmin yolla Nəcəfqulu xanın qayıdıb getdiyini gördük. Bu dəfə onun başının iki yüz atlısından başqa, ruslardan da kömək üçün verilmiş əsgərləri, iki topu, silah-sursatla ərzaq yüklənmiş beş arabası da var idi. Nəcəfqulu nə eləmək istəyirdi? O çağlarda Nəcəfqulu artıq Ərdəbil bölgəsində olan bütün bəyləri özünün əlaltısı eləyə bilmişdi, hamısı da ona töycü verirdi, təkcə sərhədboyunda yerləşən Moran kəndlərinin bəyləri, bir də Dilağarda bəyi Qara bəy ona boyun əymirdi. Bundan başqa sovetlər də onlara qarşı döyüşən, onları Cəlilabadın dağlıq hissəsi ilə Yardımlıya buraxmayan tək bir qüvvənin Qara bəy olduğunu bilirdilər. Yuxarıda da deyildiyi kimi, Qara bəy tez-tez Cəlilabadda sovetlərlə döyüşən adamlara köməyə gəlir, onlarla birlikdə sovetlərə qarşı döyüşürdü, bu adamlar bezib evlərinə dağılışanda, sovetlər bundan yararlanaraq irəliləmək istəyəndə isə özü təkbaşına sovetlərin qarşısına çıxır, insanları sovet hakimiyyətinə qarşı qaldırmağa çalışırdı. Ona görə də Nəcəfqulu xan sovetlərdən aldığı top-tüfəng və yardımlarla həm onların həm də öz düşməni olan Qara bəyi aradan götürmək istəyirdi, üstəlik bu işi görəndən sonra ələ keçirdiyi toplar ilə təkcə Ərşə bölgəsində yox, öncə bütün Ərdəbil bölgəsində hakimiyyətə yiyələnmək, bundan sonra isə öz ağalığını başqa bölgələrə də yaymaq istəyirdi. Qara bəy də bunu bildiyindən baş verənləri ayıq-sayıqlıqla izləməkdə idi. Nəcəfqulu xanın kommunistlərdən yardım alıb geri qayıtdğını eşidən Qara bəy butaya adlayıb Kövüzbulaq kəndinin üstündəki təpəliklərdə yerini bərkidərək, Nəcəfqulu xanı gözləməyə başladı. Nəcəfqulu xan Edişə kəndinə yaxınlaşanda Qara bəyin döyüşçüləri onu güllə yağışına tutdular, Nəcəfqulu xan gözlənilmədən yaxalandığından böyük itki verdi. Beş gün ara vermədən Qara bəylə Nəcəfqulu xanın arasında güclü atışma oldu, hər iki tərəfdən ölənlər olsa da Nəcəfqulu xanın itkisi daha çox idi. Ancaq burası da vardı, ruslar bu vuruşmada ölən əsgərlərinin yerinə yeni qüvvələr çağırıb gətirdirlər, ona görə də get-gedə Qara bəyin vəziyyəti ağırlaşmaqda idi. Qara bəy bir az da keçsə yeniləcəyini anladığından çıxılmaz durumdan qurtulmaq üçün öz qan düşmənləri olan Moran bəyləri Qulam bəylə Ağalar bəyə belə bir məktub göndərdi: “Hörmətli Qulam bəy və Ağalar bəy! Düzdür, bizim aramızda qan düşmənçiliyi vardır, bunu da hamı bilir. Ancaq bundan başqa da biz sizinlə qonşuyuq, boynumuzda bir-birimizə qarşı göstərməli olduğumuz qonşuluq haqqı vardır. Bilməmiş deyilsiniz, Nəcəfqulu xan Ərdəbilin yan-yörəsində olan çox bəyləri özünün əlaltısına çevirməklə onların kəndlərinə böyük ağrı-acılar verməkdədir. Mənim üstümə də bir neçə dəfə basqın eləyib özünə tabe elətdirmək istəyibsə də, hər dəfə gücü çatmadığından əli boş qayıdıbdır, elə bilirəm bunu da eşitmiş olarsınız. İndi bu Nəcəfqulu xan necəsə sovet hökumətindən güclü silah-sursat, əsgəri kömək alaraq mənim üzərimə basqına gəlibdir. Mən onu qabaqlayıb otay Azərbaycana adlayaraq Kövüzbulaq kəndinin yanında Nəcəfqulu xanın qarşısını kəsmişəm, neçə gündür onunla qanlı savaşımız gedir. Elə bilirəm onun bizim üstümüzə atdığı top güllələrinin səsi sizin kəndlərdə də eşidilir. İndiyədək onun qarşısında dayanıb Nəcəfqulu xanı irəliləməyə qoymuram. Ancaq mənim döyüşçülərim azdır, güllə almağı da çatdıra bilmirəm, bir sözlə, bir neçə gün də keçsə, Nəcəfqulu xanın qarşısında duruş gətirə bilməyəcəyəm. Onu da bilməyinizi istərdim, mən yeniləndən sonra sıra sizə çatacaq, Nəcəfqulunun isə necə alçaq bir kimsə olduğunu, sizin özünüzlə, kəndlərinizlə necə davranacağını məndən yaxşı bilirsiniz. Ona görə də sizin ikinizi də özünüzə də mənə də kömək eləməyə çağırıram. Hörmətlə, Qara bəy. 2 fevral, 1921-ci il”. Qulam bəylə Ağalar bəy məktubu oxuyandan sonra oturub gənəşdilər, sonda Qara bəyə köməyə getməyi düzgün saydılar. Ertəsi günü Qaradağlı kəndinin günbatanından keçib Kövüzbulaq kəndinin günçıxanındakı Yoncalı hamar deyilən yerə çatdılar, orada yerlərini bərkidib Nəcəfqulu xanı gülləyə tutmağa başladılar, beləliklə də Nəcəfqulu xan yarımmühasirəyə düşdü. Nəcəfqulu xan Moranlılarla Dilağardalıların birləşmiş qüvvələri ilə axşamacan döyüşüb çoxlu itki verəndən sonra, gecə atışma dayananda gizlicə geriyə çəkilib Xanəgah kəndinə getdi, ona köməyə gələn rus döyüşçülərinin hamısının tüfənglərini alıb özlərini buraxdı, ancaq topçuları öz düşərgəsində saxladı. Ertəsi günü yolboyu qarşısına çıxan bütün kəndlərin mal-qarasını, qoyunlarını çapıb özü ilə apararaq, otaya keçib getdi.
Bu olaydan on gün keçmiş kommunistlər yenə böyük bir qoşun toplayıb Cəlilabadın dağ kəndlərinə yürüş elədilər, onların qarşısına çıxan olmadığından Eşşəkçi kəndinə kimi gəlib çıxdılar. Orada yerlərini bərkitmək istəyəndə Dilağardalı Qara bəylə, Moranlı Qulam və Ağalar bəyin birləşmiş qüvvələri gələrək, onları vurub Eşşəkçi kəndindən çıxardılar, ruslar geri çəkilərək Ağusəm kəndində daldalanmalı oldular. Kommunistlər Ağusəm kəndində yerlərini bərkidib gözləməyə başladılar, ancaq Cəlilabad şəhərinə ola biləcək basqının qarşısını almaq üçün üç toplarını, topçu bölüyü ilə birgə, Dövlətalıbəyli kəndinin günçıxanındakı dikdirdə qoydular. Aradan iyirmi gün keçmiş Nəcəfqulu xan otaydan gəlib buradakı topçu bölüyünü qırıb çataraq, bu topları da götürüb otaya apardı, yolüstü qarşısına çıxan kəndlərin mal-qarasını da atdöşü eləyib apardı.
Bu olaydan sonra Ağusəmdə yerləşən sovet qoşunu bir az da geri çəkilb, Koryədi kəndinin yanındakı Ekizlər dağının, bir də Kürdlər kəndinin yaxınlığındakı hündürlüklərdə qazma qazıb daldalandılar. Bundan üç-dörd gün sonra Qara bəy əlliyə yaxın atlı ilə Ləzran kəndinin yanından keçib sovet qoşunun üstünə getdi, ancaq onların yerlərini yaxşı bərkitdiklərini görüb, yaxınlıqdakı Qışlaq dərəsi deyilən çökəklikdən qırağa çıxmağa ürək eləməyərək geri qayıtdı. Geri qayıdanda Ləzran kəndinə dönüb evləri çapıb talamağa başladılar, qadınların paltarlarına kimi soyub apardılar.
3. FƏRZİ BABAYEVLƏ SEYİDBAZARLI MİRZƏ BƏYİN SOVET HAKİMİYYƏTİNİN OTURUŞMASI ÜÇÜN GÖRDÜKLƏRİ İŞLƏR (Burada adı keçən Fərzi Babayev ünlü musiqiçi Rafiq Babayevin babası olmuşdur). Fərzi Babayev Eşşəkçi kəndində doğulub böyümüşdür. Fərzi ilə Mirzəli molla Qüdrət gəncliklərində İranın Xorasan şəhərinə molla məktəbində oxumağa getmişdilər. Burada bir, yoxsa iki il oxuyandan sonra Türkmənistan tərəfdən Çar qoşunlarının İrana basqını olmuşdu. Bu, Birinci Dünya müharibəsinin başlanmasına az qalmış baş vermişdi. Savaş başlayanda Fərzi ilə Qüdrət də yaraqlanıb, könüllü olaraq, ruslarla savaşa getmişdilər. Bu savaşın sonunda ruslar İran qoşununa güc gəlmiş, iranlılar qaçıb dağılışmışdılar. Onda molla Qüdrət öz kəndinə qayıtmış, Fərzi isə itkin düşmüşdü. Fərzi öz kəndinə gəlib çıxmadığından atası onu ölmüş bilər, yas saxlayar, ehsan verər. Fərzi isə demə, Xorasandan keçib Türkmənistana gedər, oradan da gəlib Həştərxana çıxar. Həştərxanda bolşeviklərlə tanış olan Fərzi onlara qoşular, onların içində ad-san qazanar. 11-ci Ordu Bakıya gələndə Fərzi də bu ordunun sıralarında Bakıya gəlib çıxır. Bir azdan onu tapşırıqla dəniz yolu ilə Lənkərana göndərirlər. Lənkəranda Fərzi inqilabi iş aparır, buradakı yerli bolşeviklərin yaraqlanmasına yardım eləyir. Lənkəranda sovet hakimiyəti qurulandan sonra Fərzi o vaxtlar Astarxanbazar adlanan indiki Cəlilabada gəldi. Buradan isə günlərin birində öz ata kəndi olan Eşşəkçiyə getdi. Kəndin qırağında bir-iki adamın dayanıb danışdığını görən Fərzi yaxınlaşıb onlara salam verdi. Fərzinin salamını alandan sonra adamlar onu tanımadıqlarından kim və haralı olduğunu soruşdular. Fərzi öz adını deyib bu kənddən olduğunu deyəndə adamlar ona Fərzinin 6-7 il qabaq Xorasanda öldüyünü, burada ona yas da tutulduğunu deyib ona inanmadılar. Kəndə hay düşdü, dedilər bir adam gəlib, deyir mən Fərziyəm. Fərzinin doğmaları ora gəlib onu tanıdılar, sevincləri aşıb daşdı, ayaqlarının altında qurbanlar kəsdilər. Kənd adamı Fərzinin mollalıqdan uzaqlaşdığını bilmədiyindən onu molla Fərzi deyə çağırırdılar. O günü gecə yarısına kimi bütün kənd Fərzigilin evinə yığışıb onun qayıdışını bayram elədilər.
Ertəsi günü yaxın kəndlərdən də “molla” Fərzinin qayıdıb gəldiyini eşidənlər onun görüşünə gəldilər. Fərzinin ata evində böyük bir yığıncaq düzəldi. Fərzi adamların toplaşdığını görüb, onların qarşısında belə bir çıxış elədi: “Dəyərli qandaşlarım, yaxınlarım, bildiyimə görə siz indi Şura hökuməti ilə üz-üzə dayanıb savaşırsınız. Dünəndən sizlərin Şura hökuməti ilə bağlı danışıqlarınıza qulaq asıram. Mənə elə gəlir, sizi çaşdırdıqlarından, siz də Şura hökumətini düzgün dəyərləndirə bilmirsiniz, ona görə də belə bir savaşa qoşulmusunuz. Birincisi, Şura hökuməti bütün Rusiyada Çar hökumətini yıxıb hakimiyyəti ələ almış güclü bir hökumətdir, ikincisi, Azərbaycanın ən böyük şəhəri və paytaxtı olan Bakıda da artıq Şura hökuməti qurulub və yerini bərkidibdir. Sonrası, bu bölgədə ən böyük şəhər olan Lənkəranda da Şura hökuməti qurulubdur, indi bu bölgənin çox yerlərində xalq barış və dinclik içində yaşayır. Ancaq siz burada hər cür çətinliklər içində yaşayaırsınız. Şura hökuməti bütün xalqların dinclik, bolluq içində yaşaya bilməsi üçün qurulmuşdur, siz isə onu keçmiş çar hökumətinin bir tayı saymaqdasanız. Şura hökuməti onun qurduğu dövlətdə yaşayan bütün millətlərə bərabər hüquqlar verən, onlardan heç birini o birindən üstün tutmayan bir hakimiyyətdir. Bu dünyada hələ Şura hökuməti kimi bir ədalətli hakimiyyət olmayıbdır. Siz bu hökumətə tabe olsanız  qulağı dincliklə, bolluq içində yaşayacaqsınız, siz isə boş dedi-qodulara inanıb onu bəyənmirsiniz. Baxıram, kəndin kişilərinin çoxu səhərə kimi keşik çəkib yatmır, indi eşidirəm, həmişə yaxın qonşularımız olmuş Qaradağlı kəndi ilə didişmədən neçə adamlar ölübdür. Ancaq Şura hakimiyyəti altında yaşayan yerlərə gedib baxsanız, onların necə arxayınçılıq içində yaşadığını görərsiniz. Mən bu kənddə doğulub böyümüşəm, ona görə də öz doğma kəndimə yamanlıq istəmərəm. Mənə inanın, Şura hökumətinə qol qoysanız qulağı dinc yaşayarsınız, qazandığınız da əlinizdə qalar. Yoxsa otaydan bəylər gəlir, burada sizinlə Şura hökuməti ilə döyüşürlər, qayıdıb gedəndə də kəndlərin mal-qarasını, qoyun-davarını aparırlar, evlərə girib qadınların paltarlarına kimi soyub aparırlar. Şura hökumətini gücsüz sanmaqda yanılırsınız, atalar demişkən, bu istiyə qar dözməz, onun gücünün qarşısında dayana bilməyəcəksiniz, arada canınız gedəcək”. Fərzinin bu sözlərinə onun yaxınlarının, doğmalarının bərk acığı tutdu, ona üz tutub dedilər: “Biz səni göndərmişdik gedib mollalıq oxuyub gələsən, bizi dinə imana çağırasan, sən gedib oruslaşıb gəlmisən, bizi də özün kimi oruslaşdırmaq istəyirsən”. Fərzi onların bu sözünə belə cavab verdi: “Mən sizi ruslaşmağa çağırmıram, elə Şura hökumətinin də belə bir istəyi yoxdur. Bu dedi-qoduları sizin qulağınıza dolduranlar, xalqı çapıb talamağı özünə iş bilənlər, sizi həmişəlik öz nökərçiliyndə saxlamaq istəyənlərdir. Şura hökumətində hər bir xalqın haqqı özünə veriləcəkdir, heç bir xalq başqasının üstündə böyüklük eləməyəcəkdir, insanların dininə də toxunulmayacaqdır. Sizi yoldan çıxaranlar isə yalançılarla ikiüzlülərdir, onlar sizin geriçilik içində qalmağınızı, bununla da əlinizin əməyini sizdən aldadıb almaq istəyənlərdir. Götürün elə Qaradağlı kəndi ilə çəkişməyinizi, yüzillər boyunca yaxşı qonşuluq elədiyiniz bir kəndlə savaşmağınızından sizin nə qazancınız oldu? Burada qazanan ancaq sizi qızışdıran Qara bəy oldu, sizə kömək adı ilə gəlir, qayıdanda da qonşu kəndləri soyub talayır. Bütün bunların kökündə isə hakimiyyətsizlik dayanır. Çar hökuməti olanda da sizinlə Qaradağlı kəndi arasında qovğa olmazdı, hökumət yıxılan kimi aranıza girib sizləri biri-birinizlə vuruşdurmağa başladılar. Elə buna görə də sizi aldadaraq Şura hökumətinə qarşı qaldırırlar, bilirlər Şura hökuməti gəlsə, sizi vuruşdurub əlinizdəkiləri tutub ala bilməyəcəklər”. Qonşu kəndlərdən gələnlərin də, Fərzinin öz kəndçilərinin də ona sözləri bu oldu: “Biz yanlış iş görüb sənin görüşünə gəlmişik, elə bilirdik gəlib səndən çıxış yolu göstərən dyərli sözlər eşidəcəyik, sən isə bizi uçuruma çəkib salmaq istəyirsən, yaxşısı budur necə gəlmisən elə də qayıdıb gedəsən öz ruslarının yanına, bir də buralarda görünüb bizim əlimizi öz qanına batırmayasan”.
Fərzi o gecəni də kənddə qalıb ertəsi günü geriyə, Astarxanbazara (Cəlilabada) yola düşdü. Yaxınları onu buraxmaq istəməyib dedilər: “Biz səninlə neçə illərin ayrısıyıq, neçə illər səni ölmüş bilib yas saxlamışıq, indi gəlmisən səni gözdolusu görməmiş çıxıb gedirsən. Yaxşısı bir neçə gün də qal, sonra hara istəsən gedərsən”. Fərzi onlara dedi: “Mən indi artıq özüm üçün yaşamıram, mən xalqımı zülmün pəncəsindən qurtarmaq yolunun yolçusuyam, bura da ona görə gəlmişdim, həm sizinlə görüşəm, həm də bura toplaşanlara doğru-düzgün yol göstərəm. Ancaq görürəm burada mənim dediklərimi yanlış başa düşürlər, mənim xalqım üçün eləmək istədiyim yaxşılığı yamanlığa yozurlar. Mən indi gedirəm, heç bir ay da keçməz buralara Şura hökuməti ilə birlikdə qayıdıb gələrəm, onda həm xalq zülümdən qurtarar, həm də biz dounca biri-birimizin üzünü görərik”.
Fərzi yola düşüb Seyidbazar kəndinə gəldi, burada onun xalası oğlu Mirzə bəy yaşayırdı. Mirzə bəy Fərzinin sağ olduğunu görüb çox sevindi, onun ayağı altında qurban kəsdirdi. Seyidbazardan, yan-yörədəki kəndlərdən bu xəbəri eşidənlər Mirzə bəyin evinə toplaşdılar. Yığıncaqda söz fırlanaraq gəlib Şura hökumətinin üstünə çıxdı. Adamlar bu hökumətin də ruslara kömək üçün bura gəldiyini, yerli adamların baş qaldıranlarını qırıb qurtarandan sonra qalanları ruslara nökərçiliyə sürükləyəcəyini danışmağa başladılar. Fərzi danışılanlara qulaq asandan sonra yığıncaqda olanlara üz tutub dedi: “Ellilərim, bu dediyiniz sözlərlə sizin qulağınızı dolduranlar sizin də, Şura hökumətinin də düşməni olan adamlardır. Bu adamlar xalqlar arasına qırğın salmaq istəyirlər. Ancaq bunu da biləsiniz Şura hökuməti bütün xalqlara bir gözlə baxır, onların heç birini o birindən üstün tutmur, onların haqlarına dəyib dolaşmır. Mən Şura hökumətinin qoşunun içində çox olmuşam, orada vuruşan əsgərlərin də, zabitlərin də içində rus olmayan çoxlu adamlar vardır. Siz bu otaydan sizə kömək adı ilə gələn bəylərin sözünə inanmayın, özünüz də görürsünüz, gəlirlər, ruslara sarı bir-iki güllə atandan sonra kəndlərinizi soyub-talayaraq geri dönürlər. İndi sizdən soruşuram, Şura hökumətinin qoşunu bir neçə dəfə bu kəndlərdən keçib irəliyə gedib, sonra da geri çəkilibdir, indiyənə kimi onların əsgərlərindən hansı birininsə kiminsə mal-qarasını, ya başqa bir şeyini əlindən aldığını görmüsünüzmü?” Ora toplaşanlardan Qaraş adında birisi dedi: “Otayın bəyləri yenə də mal-qaramızın bir hissəsini alsalar da, bir azı da əlimizdə qalır, ancaq deyirlər sənin öydüyün bu Şura hökuməti hamının mal-mülkün əlindən alıb qatacaq bir yerə, qız-gəlini də yığacaq bir damın altına, daha mənim-sənin olmayacaq, hamı bir yorğanın altında yatacaq, yeməkləri də deyirlər hər əlli adam bir qabdan yeyəcəkdir. Otayın bəylərinin iki-üç baş danamızı alıb aparması bunların yanında toy-bayrama getməlidir, burada bizim malımız da gedəcək namusumuz da. Əsil zülm buna deyərlər, cənab “molla” Fərzi, mən başa düşə bilmirəm sən belə oxumuş adam ola-ola necə olub allahsız bir hökumətin tərəfinə keçmisən?” Fərzi dedi: “Ay Qaraş, baxıram sən mənimlə yaşıd olarsan, biz gərək yaşımızın bu çağında boş sözlərə aldanmayaq. Sənin dediyin bu sözləri yayaynlar xalqa düşmən olan adamlardır. Şura hökuməti o boyda Çar hakimiyyətini yıxıbsa, sizə də gücü çatacaqdır, sonrası da Rusiyada neçə-neçə millətlər indi Şura hökumətinin tabeliyində yaşayırlar, onların heç birində sən dediyin şeylər baş vernəyibsə, burada nədən elə şeylər olmalıdır? Əlinizdəki beş-altı gülləyə aldanıb özünüzü ölümə verməyin, o güllələr qurtarandan sonra nə eləyəcəksiniz? Bu hökumətin isə tükənməz silah-sursatı vardır. İkincisi də bu hökumət sizi ağ günə çıxarmağa çalışır, siz onunla niyə döyüşməlisiniz?” Danışığın gedişində Mirzə bəy əlini çənəsinə dayaq verib dərin düşüncələrə dalmışdı. Bir az keçəndən sonra Mirzə bəy başını qaldırıb dedi: “Bayaqdan burada danışılanlara qulaq asıram, ürəyimdə bu deyilənləri daş-tərəziyə qoyuram, mənə elə gəlir, mənim bu xalamoğlu Fərzi çox özünə arxayın danışır, ona görə də ola bilsin onun dedikləri düzdür. Bütün bunları özüm görüb yoxlamaq üçün xalam oğlu ilə sabah Şura hökumətinin qoşununun içinə gedəcəyəm, Fərzinin dediyi sözlərin doğru-düzgünlüyünü sınayacağam. Deyilənlər düzdürsə, onda mən də keçirəm Şura hökumətinin tərəfinə, ancaq gərək onda sizlər də mənim arxamda dayanasınız. Elə bilirəm adamlarımızı vardan-yoxdan çıxaran bu qanlı savaşlar bizim axırımıza çıxmamış biz bir barış yolu tapmalıyıq. Sözün düzü, baxıram elə bu savaşlar ancaq elə otayın bəyləri ilə xanlarının işinə daha çox yarayır, rus-müsəlman savaşına qoşulmaq adı ilə gəlib kəndlərimizi çalıb çapıb gedirlər”. Kəndlilərdən bir ağsaqqal kişi dedi: “Bəy, sən bu Seyidbazar kəndində insanlarla düzgün davranmağınla ad-san qazanmısan, sənin rəhmətlik atan Adnabazar kəndində katda olanda o kəndin adamları onun başına and içərdilər, deyərdilər biz o kişidən yaxşılıqdan başqa bir şey görmədik. Sən özün də neçə illər bu tərəflərin kəndlərinin katdası, sonra da meşəbəyisi oldun yenə də xalqı yaxşı yola verdin, ona görə də bizim kənddən başqa da yan-yörədəki kəndlər də sənə arxa-dayaq duracaqlar, təki sən qabağa düşüb öz böyüklüyünü yürüdəsən”.
Ertəsi günü Fərzi Mirzə bəyi də götürüb Astarxanbazarda yerləşən Şura hökumətinin qoşunlarının içinə gətirdi, onlar bura çatanda günorta yeməyinin vaxtı idi. Fərzi qabaqca Mirzə bəyi əsgərlərin yemək yediyi yerə apardı, Mirzə bəy əsgərlərin oturub hərəsinin ayrıca qabda yemək yediyini gördü, sonra onların yatacaqları olan yerə gedib baxdılar, bütün bunlardan sonra Fərzi dedi: “Xalaoğlu, öz gözünlə görürsən, buradakı döyüşçülərin də, əsgərlərin də içində ruslardan başqa da xalqların insanları var, hamının pal-paltarı eynidir- ayrıseçkilik yoxdur. Yeməyi hərə öz qabında yeyir, hərə öz yatağında yatır. Deməyim odur, bu gördüklərin də elə Şura hökuməti ilə bağlı başqa deyilənlərin də yalan olduğunu göstərir. Buradakı insanlarla danışsan, sizə deyilənlərin hamısının yalan olduğunu öyrənəcəksən”. Mirzə bəy dedi: “Xalaoğlu, elə bu gördüklərim də Şura hökumətini bəyənməyimə yetər. Mən bugündən keçdim Şura hökumətinin tərəfinə, səndən bir istəyim var, mənə güllə ilə köməklik eləyə bilsən, mən otaydan gələn soyğunçu bəylərin ayağını biryolluq buralardan kəsərəm, xalqı onların zülmündən qurtararam”. Fərzi dedi: “Xalaoğlu, güllə ilə köməklik göstərmək çox asan bir işdir, mən istəyirəm burada danışam sənə bir neçə topla pulemyotlar da versinlər, onda sənin gücün daha da artar”. Mirzə bəy dedi: “Mənim o toplarla pulemyotları işlətməyi bacaran adamlarım yoxdur, sən yaxşısı mənə güllə köməkliyi elə, topsuz, pulemyotsuz da bu işi görə bilərəm” Fərzi dedi: “Xalaoğlu, sənə toplarla pulemyotlar veriləndə onları işlədən adamlar da veriləcəkdir, ondan ötrü darıxma” Mirzə bəy dedi: “Xalaoğlu, mən istəyirəm bu işi özüm görəm, sonra deməsinlər Mirzə bəy getdi kiminsə gücünə arxalanıb bizi yendi, sən elə mənə güllə verdir, qalanını mən özüm bilərəm”. Fərzi ona iki gündən sonra yetərincə güllə göndərəcəyinə söz verəndən sonra Mirzə bəy qayıdıb öz kəndinə getdi.
Mirzə bəy kəndə qayıdandan sonra adamları evinə çağırıb Şura hökuməti ilə bağlı görüb-eşitdiklərini onlara geniş danışdı, bugündən sonra Şura hökumətinin tərəfində vuruşacağını, kim bu işə könüllü qoşulmaq istəyirsə, onlara da burada yer olduğunu bildirdi. Kəndçiləri Mirzə bəyin sözlərini böyük coşqu ilə qarşıladılar, könüllü olaraq Şura hökuməti uğrunda vuruşmaq istəyənlər də çox oldu. Bundan sonra Mirzə bəy yan-yörədəki kəndlərə gedib oradakı ağsaqqallarla danışdı, Şura hökumətinin heç də deyildiyi kimi olmadığına onları inandıra bildi. Bu işdə ona Sarxanbəyli Böyükxan, Qayalı kəndindən Hacı Möhbalı da yaxından köməklik göstərdilər. Beləliklə də, Mirzə bəyin başına ikiyüz könüllü döyüşçülər toplandı, Fərzi də dediyi kimi Mirzə bəyə yetərincə güllə göndərdi.
Bütün bu işlər görülüb qurtarandan sonra Mirzə bəy Fərzi ilə birlikdə Göytəpəyə, Şura qoşunlarının baş komandirinin yanına gəldi. Mirzə bəy üzünü komandirə tutub dedi: “Bildiyiniz kimi mən Şura hökumətinə tabe olmaqla ona əlimdən gələn köməyi eləməyi boynuma götürmüşəm. Mənə elə gəlir, sizin adınızı buralarda yamanlığa elə çıxardıblar, xalq aldanaraq sizə piz gözlə baxır, sizi yanlış olaraq rus qoşunu sayır. Mənim başımda olan döyüşçülər isə hamısı yerli adamlardır, bir yandan da məni bu yerlərdə yaxşı tanıyırlar, ona görə də elə bilirəm biz kəndlərə çıxsaq bizimlə savaşa girən olmayacaqdır. Mənim düşüncəmə görə, biz ilk olaraq Biləsuvardan başlayaraq çar zamanında olan bütün sərhəd postlarını yenidən qurmalıyıq, Çar hökuməti yıxılandan sonra o postlar da götürülüb, ona görə də otaydan butaya keçən qaçaq-quldurun yolu da açıqdır. Mən istəyirəm qabaqda mən ikiyüz atlı ilə keçib gedəm, olduğum yerlərdə xalqı başa salam, Şura hökumətinin yaxşılığına inandıram, siz isə öz qüvvənizlə mənim ardımca gəlib sərhəd postlarınızı qurub orada döyüşçülərinizi yerləşdirəsiniz. Biləsuvardan başlayıb Yardımlı, Lerik, Astarayacan belə geçib getsək, elə bilirəm çox keçmədən sərhədlər möhkəmlənər, adamlar da Şura hökumətinin onları qaçaq-quldurlardan qoruduğunu, xalqla düzgün davrandığını görüb yavaş-yavaş hökumətə inanar, onun tərəfinə keçər”. Komandir Mirzə bəyə dedi: “Nə olaydı biz sizinlə qabaqcadan tanış olaydıq, sənin bu göstərdiyin yol olduqca ağlabatan yoldur, biz bura gələni, yəni 1920-ci ilin avqustundan 1921-ci ilin martına kimi bu yerlərdə apardığımız savaşlarda min beş yüzdən artıq döyüşçümüzü itirmişik, ancaq sən demə belə çoxlu itkilər vermədən də buralarda Şura hökumətini qurmaq olarmış. Dediklərinizlə tam razılaşıram, haçağ desən sizinlə birgə yola düşə bilərik”. Uzun götür-qoydan sonra komandir Mirzə bəydən haçağ yola düşmək istədiyini soruşdu. Mirzə bəy dedi: “İndi mart ayıdır, bizim gedəcəyimiz yerlər dağlıqdır, oralarda bu çağlar gecələr çox soyuq olur, elə gündüzlər də çox vaxt soyuq keçir, indi yola düşsək başımızda apardığımız döyüşçülər çox əziyyət çəkərlər, xəstələnənlər də çox olar, ona görə də bir az gözləməliyik. Həm də mən istəyirəm otayda Nəcəfqulu xana, Qara bəyə, Əbülfət bəyə, butayda isə Dağda (Yardımlıda) Eçaralı Qulama, Zuvandlı Şahverənə məktub yazam. Onlara mənim Şura hökumətinin tərəfinə keçdiyimi, bu hökumətin qanunlarını bu yerlərdə oturuşdurmaq istədiyimi yazacağam. Bunu da bildirəcəyəm bu gündən belə Şura hökumətinə qarşı çıxmaq butayın xalqına qarşı çıxmaq demək olacaq, əllərini biryolluq bu xalqın yaxasından çəkib yerlərində otursunlar”. Şura hökumətinin qoşun komandiri Mirzə bəylə sağollaşıb onu gözləyəcəyini deyəndən sonra Mirzə bəy öz kəndinə qayıtdı.
 Mirzə bəy evə qayıdandan sonra yuxarıda dediyi adamlara eyni məzmunda yazılmış belə bir məktublar göndərdi:
“Hörmətli din və millət qardaşlarım, Nəcəfqulu xan, Qara bəy, Əbülfət bəy, Qulam və Şahverən! Sizin rus deyibən savaşdığınız bu hakimiyyət heç də rus hakimiyyəti olmayıb Şura hökumətidir. Bu hökumət dinindən, millətindən asılı olmayaraq bütün insanlara bir gözlə baxır, yoxsul xalqla ədalətli davranır. Sizlər, sanasan, rusla savaşmaq adı ilə bu yerlərə gəlirsiniz, bir az döyüşəndən sonra kəndlərimizin mal-qarasını, davarını, xalqın əyin-baş geyimlərinə kimi soyub aparırsınız. Sizin bu yaramaz davranışlarınız xalqı boğaza yığdığına, aclığa sürüklədiyinə görə, həm də Şura hökumətinin bizimlə, sizin kimi alçaqcasına davranmayacağına söz verdiyinə görə, mən və butayın bir çox sayılan adamları Şura hökumətini tanımağı kəsdirmişik. Bu işin başında mən durduğum üçün onlar məni özlərinə başçı seçmişlər, indi mənim əlimin altında çoxlu könüllü döyüşçülərim, tükənməz silah-sursatım vardır. Yaxın günlərdə mən Çar hökuməti çağında otayla butay arasında olan sərhəd postlarını yenidən qurmaqla sərhəd boyunca Biləsuvardan tutmuş Astaraya kimi keçib gedəcəyəm, mənim qarşıma savaşmaq üçün çıxsanız onda məndən yox, özünüzdən inciyəsiniz, mən Şura hökumətinin butayda qurulması, xalqın hakimiyətsizlikdən çəkdiyi zülümlərdən qurutulması üçün qarşıma kim çıxırsa çıxsın, onunla vuruşmaqdan çəkinməyəcəyəm. Seyidbazarlı Mirzə bəy.”
Bir az öncə sizə Ağusəm kəndində yerləşən Şura hökuməti qoşunlarının oradan çıxıb Dövlətalıbəyli kəndinin yaxınlığında, Koryədi ilə Çünəxanlı kəndləri arasındakı Ekizdağda və yaxın təpəliklərdə qazma qazıb yerlərini bətkitdiklərini yazmışdıq. Mirzə bəy adını çəkdiyimiz adamlara yazdığı məktubları göndərməzdən qabaq Moran bəylərindən Ağalar bəylə, Hüsü bəy, Eçaralı Qulamla birlikdə çoxsaylı döyüşçülər toplayıb Şura hökumətinin qoşununun üstünə gedəndə Mirzə bəyin döyüşçüləri Həsənli ilə Məşədihüseynli kəndlərinin arasında onların yolunu kəsdilər. Mirzə bəyin döyüşçüləri az olsalar da, ancaq meşənin içində özlərinə yer eləyib yaxşıca daldalanmışdılar, Moranlılar sayca qat-qat çox olsalar da açıqlıqda idilər, üz-üzə dayanan bu iki qüvvələrin arasından kiçik bir çay axırdı. Bundan başqa da Mirzə bəyin əlində tükənməz güllə ehtiyatı olduğundan onun döyüşçüləri ara vermədən yağılarını güllə yağışı altında saxlayırdılar, qarşı tərəf isə yalnız görünən hədəflərə güllə atırdılar. Şura hökumətinə qarşı döyüşənlər iki dəfə Mirzə bəyin döyüşçülərinin üstünə yerisələr də, hər dəfə çoxlu itki verib geri çəkilməli oldular. Onlar açıqlıq yerdən bir az geriləyib necə gəldi daldalanmağa çalışdılar, Mirzə bəyin adamları isə lap meşənin qırağına kimi irəliləyərək onları gülləyə tutub göz açmağa qoymurdular. Ona görə də Şura hökumətinə qarşı döyüşənlər geri çəkilə də bilmrdilər, yaman-yaxşı daldalandıqları yerlərdən çıxıb geriləmək istəsələr çox ağır itkilər verəcəkləri qaçılmaz idi. Atışma yavaşıyanda Mirzə bəyin səpələnmiş döyüşçüləri tez-tez Mirzə bəyi çağırıb daha nə etməli olduqlarını soruşurdular. Otayın Van kəndindən olan Hüsü bəy onlarla döyüşənlərin başında Mirzə bəy adında birisinin olduğunu eşidəndə daldalandığı yerdən qışqırıb soruşdu: “Ayə, sən hansı Mirzə bəysən?” Mirzə bəy Hüsü bəyi səsindən tanıyıb dedi: “Hüsü bəy, mən Seyidbzarlı Mirzə bəyəm!” Hüsü bəy Mirzə bəyi harayladı: “Ayə Mirzə bəy, biz səninlə qohumuq, sən niyə bizim yolumuzu kəsmisən, qohum da qohuma güllə atarmı?” Mirzə bəy cavabında dedi: “Qohum əyri yolda olanda ona güllə atmayasan neynəyəsən?” Hüsü bəy dedi: “Mirzə bəy, biz sizi rusların zülmündən qurtarmaq üçün çalışırıq, biz buraya din uğrunda savaşmaq üçün gəlmişik, sən buna əyri yola düşmək deyirsən?”  Mirzə bəy dedi: “Siz ruslarla yox, Şura hökuməti ilə savaşırsınız, özü də sizinki din davası yox, un davasıdır, bura savaşmaq adı ilə gəlib sonra da kəndlərimizi soyub aparırsınız, yoxsul insanların mal-qarasından tutmuş taxılına, geyiminə kimi əllərindən alırsınız. Onu biləsəniz, sizin döyüşdüyünüz Şura hökuməti Rusiyada o boyda Nikolayı yıxmış bir hökumətdir, sizdən mini ola bu hökumətlə bacarmazsınız”. Hüsü bəy dedi: “Qohum, biz indiyə kimi kimin əlindən nə tutub almışıq, kimin mal-qarasını aparmışıq? Belə bir iş olmayıb, bu yalanları sənə kim deyib?” Mirzə bəy dedi: “Unutmusansa deyə bilərəm, Nəcəfqulu özünə xan adı qoyub, xan demək doğru-düzgün adam deməkdir, beş-on gün bundan qabaq Nəcəfqulu gəlmişdi sanasan ruslarla savaşa, Dövlətalıbəylidə ruslara bir-iki güllə atıb əllərindən üç toplarını alandan sonra Mollalı ilə Dövlətalıbəyli kəndlərindən otuz baş kəli, Astanlı kəndindən əlinə keçən bütün mal-qaranı götürüb aparmış, Ləzran kəndinin evlərini talan eləmişdi. Qara bəyin adamları sanasan din yolunda savaşıb qurtarandan qonra Ləzran kəndindən yeddi baş at aparmışdılar, yolüstü Ağusəm kəndini soyanda orada buna qarşı dillənən bir adamı da vurub öldürmüşdülər. Sənin əminoğu Əbülfət bəy basqın eləyib Xanlarlı kəndinin qoyun sürüsünü aparmışdı, elə sən özün də onda onun yanında olmusan. Bütün bunlara sən din davası deyirsən, ancaq mən bilən bunlar hamısı un davasıdır, qarın davasıdır!” Hüsü bəy dedi: “Bəy, indi nə olubsa olub keçib, bizim burada yenidən bir-birimizi qırmağımızdan nə çıxar? Gəlin bu savaşı saxlayaq, biz ölənlərlə yaralılarımızı götürüb gedək, elə sizin də öləniz, yaralananız olar”. Mirzə bəy dedi: “Allah eləməsin, mənim döyüşçülərimdən ölən, ya yaralanan olsun, inanmırsansa yaxınlaşıb baxa da bilərsən. Yaxşı, mənim sizinlə işim yoxdur, çıxın gedin, ancaq buralardan ayağınızı kəsin, yoxsa mənimlə qarşılaşmalı olacaqsınız. Hüsü bəy, bizimlə qohumluq, dostluq eləmək istəyirsinizsə, bir də Şura hökuməti ilə savaşmağa qoşulmayın, onda necə gərəkirsə doğmalığımız, yaxınlığımız da yerini tutar. Allah bu savaşda ölənlərinizi rəhmət eləsin, yaralılarınıza şəfa versin, gedin ağlınızı başınıza yığın, xalqın qanını boş yerə axıtmayın”.
Moranlı, dağlı, zuvandlı birləşmələri yaralılarla ölənləri götürüb Əhməd dağından Ləzran kəndinə aşdılar, burada yaralılarla ölüləri evlərinə aparmaq üçün bir bölük adam ayırandan sonra, güclərini toplayıb yaxın təpəliklərdə yerləşmiş Şura hökumətinin qoşunlarını üstünə yürüş elədilər. Onların hökumət qoşunlarının üstünə basqın eləməsini tez Mirzə bəyə çatdırdılar, o da yenə hökumət qoşunlarının bu qüvvənin qarşısında dayana bilməyəcəyini bildiyindən, öz adamları ilə Ekizlər dağına gəlib Şura hökuməti ilə savaşan qüvvələrlə döyüşə girdi, onlar da yenə Mirzə bəyin gəlib çıxdığını görüncə geriyə çəkilb getməli oldular. Moranlı Hüsü bəyin başçılıq elədiyi bu döyüşçülər o günü Moran kəndi olan Cənganda gecələdilər, ertəsi günü otaya gedərkən Cəngan, Keçili, Xanlarlı kəndinin çoxlu mal-qarasını da sürüb özləri ilə apardılar.
Bu hadisədən iki gün sonra, 14 aprel 1921-ci ildə Mirzə bəy yuxarıda adını çəkdiyimiz məktubları öz yiyələrinə göndərdi, sonra Göytəpə şəhərinə gəlib burada Şura hökuməti qoşunlarının komandiri ilə 16 apreldən başlayaraq düşündükləri planı yerinə yetirməyə başlamağı razılaşdı. İlk olaraq Biləsuvar şəhərinə gəldilər, o çağlarda otay Biləsuvarla butay Biləsuvarın arasında on metrlik ayırıcı zolaq var idi. Çar hökuməti vaxtı harada sərhəd postu var idisə, elə oraya da gözətçilər qoyandan sonra, Mirzə bəy otay Biləsuvara yaxınlaşıb oranın insanlarını başına yığıb danışmağa başaladı: “Bilirəm, bizə deyilən yalanları sizə deyib qulaqlarınızı doldurublar. Ancaq bunu mən sizə deyirəm, çox keçmədən özünüz də görəcəksiniz, Şura hökuməti yoxsul insanları zülmdən qoruyan bir hökumətdir, heç kimin də nə dininə, nə də millətinə hörmətsizlik eləmir, əksinə hamıya bir gözlə baxır. İnanmırsınızsa, mənimlə gedək Şura hökumətinin qoşununun içinə, özünüz baxın, bu yalnız ruslardan qurulma bir hökumət deyil, burada hər xalqdan insanlar var, hamısının da hüququ birdir, kimsə o birindən üstün tutulmur”. Adamların içindən bir neçəsi danışmağa başlayıb dedilər: “Bu adamın dedikləri düzdür, bizim içərimizdə olan kommunistlər də belə danışırlar, həm də Bakıya fəhləlik eləməyə gedənlər də oralarda Şura hökumətinin ədalətli olmasından çox danışırlar”. Mirzə bəy onlara üz tutub dedi: “Qardaşlarım, otay Biləsuvarla butay Biləsuvarda çoxlu qohumlar, dostlar vardır. Yarısı bu tayda, o biri yarısı bu biri taydadır, bir-birinizin xeyir-şərində olursunuz, bugündən sonra da bir-birinizə gedib gəlməyə heç bir maneə olmayacaqdır, ancaq istər butaydan otaya, istərsə də əksinə keçmək istəyəndə burada qoyduğumuz sərhəd postundan icazə almalısınız, onlar da sizə mane olmaycaqlar, ancaq gərək hər dövlətin sərhəddi bilinsin”. Ora yığışan adamlar Mirzə bəyə sağollarını yetirdilər. Sonra Mirzə bəy sərhəd keşikçilərinə də oatyala butay arasında gəliş-gedişə mane olmamağı gənəşdi, belə olarsa Şura hökumətinin də xalq içində hörmət qazanacğını başa saldı.
Mirzə bəy irəlidə, Şura hökumətinin qoşunu arxasınca yürüyərək 18 aprel 1921-ci ildə gəlib Eşşəkçi kəndinə çatdılar. Burada Mirzə bəyə, bu gecə Dilağardalı Qara bəyin yolboyu qoyub gəldikləri Edişə postuna basqın edəcəyi sorağını gətirdilər, Qara bəy postdakı adamları qırıb tökəndən sonra onun üstünə gələcəkdi. Mirzə bəy oğlu Məşədi İsanı yanına çağırıb dedi: “Bir bölük döyüşçü götürüb gecə ilə gedirsən Kövüzbulaq kəndinin altında, Bolqarçaya yüz metr qalmış aypara şəklində yerləşən bir neçə qazma (səngər) qazdırırsan, onları bayır tərəfdən ot biçdirib gizlədirsən, Qara bəy bu taya keçəndə onun atlılarını mühasirəyə salandan sonra çağırıb onlara deyərsən xoşluqla geriyə dönsünlər, qayıtmasalar, onda vuruşaraq onları qovarsınız”. Məşədi İsa atasının dediyi kimi də elədi, Qara bəyin atlıları Bolqar çayı keçən kimi mühasirəyə düşdülər, Məşədi İsa onları çağırıb, atasının dediyi kimi, Şura hökumətinin adından danışaraq sərhədi pozmamağa, geriyə öz yerlərinə qayıtmağa çağırdı. Burada Kərbəlayi Böyükağa bəylə Məşədi İsanın bir para danışıqları oldu. Kərbəlayi Böyükağa bəy Məşədi İsaya özlərinin din uğrunda savaşa gəldiklərini anlatmağa çalışdı, Məşədi İsa isə Şura hökumətinin kimsənin dinini alçaltmadığını, adamlarla ədalətli davrandığını çatdırdı, üstəlik onları: “Gəlib butayda çapqınçılıq eləməklə bizi rusların qarşısında da başıaşağı eləyirsiniz” deyərək qınadı. Məşədi İsa onlara qardaş qanı tökülmədən qayıdıb o taya getməyi gənəşəndə, Qara bəy geriyə dönmək istəməsə də, Kərbəlayi Böyükağa bəyin öyüdlü sözlərindən sonra inadından əl çəkdi, Dilağarda atlıları savaşmaqdan çəkinib geriyə döndülər.
Ertəsi günü Şura hökumətinin qoşunları Mirzə bəyin başçılığı ilə Dağ (Yardımlı) kəndlərinə yola düşdülüər, kəndlərdə onların qarşısına savaşla çıxan olmadı. Bir neçə gündən sonra gəlib Dağın Eçara kəndinə çıxdılar. Burada Şura hökuməti ilə qanlı savaşlar aparan Qulam yaşayırdı. Ancaq Qulam da artıq Mirzə bəyin ona göndərdiyi məktubda deyilənləri götür-qoy eləyib savaşdan əl çəkməyi kəsdirmişdi, ona görə də Mirzə bəy Şura hökumətinin qoşunu ilə onun kəndinə yaxınlaşanda onların qarşısına çıxıb Şura hökumətinə tabeçiliyini bildirdi. Mirzə bəy burada qoşuna iki-üç günlük dinclik verdi, buracan gəldikləri dağ yollarında atlar da, insanlar da çox yorulmuşdular. Burada olduqları ikinci günün gecəsi rus döyüşçülərinin komandiri Mirzə bəyə demədən yüz döyüşçüsünü yaxınlıqdakı Limar dağının başına göndərər, bu dağ çox uca olduğundan oradan bütün yan-yörəni əliçi kimi görmək olurdu. Bu tərəflərdə çuğulları olan otay bəyləri Limar dağında yerləşənlərin ancaq rus döyüşçüləri olduğunu eşidib, gecə yarıdan keçmiş onların ehtiyatsızlığından yararlanaraq, üstlərinə basqın eləyib çoxunu öldürmüşdülər. Yüz əsgərdən ancaq qırx beşi sağ qayıtmışdı. Bu olaydan bərk acıqlanan Mirzə bəy bir bölük atlı ilə Bolqarçayın qırağındakı Birəmətə kəndinə gəldi, orada kənd ağsaqqallarından Möhsünün evinə düşüb, otaya Hüsü bəylə, Ağalar bəyi çağırtdırmaq üçün adam göndərdi. Çox keçmədən Hüsü bəylə Ağalar bəy Mirzə bəyin görüşünə gəldilər, görüşəndən sonra Mirzə bəy onlara üz tutub dedi: “Bəylər, arada qandaşlığımız olmasaydı, elə bu gün sizin Van kəndini topa tutdurub altını üstünə çevirərdim. Mən sizə məktub göndərdim, ondan qabaq da butayda qarşı-qarşıya gələndə danışığımız oldu, kişi kimi danışıb-anlaşdıq, siz bir də Şura hökumətinə qarşı çıxmayasanız, yoxsa ona qarşı çıxmaqla mənimlə qanlıçılıq eləməmiş sayılacaqsınız. Dünən gecə haradansa öyrənmisiniz. Limar dağında rus əsgərləri yerləşibdir, üstlərinə basqın eləyib çoxunu öldürmüsünüz, indi buna nə ad vermək olar?” Hüsü bəy dedi: “Əmioğlu, biz səninlə son görüşümüzdən sonra butaya basqın eləməmişik. Özün də yaxşı bilirsən, sən Şura hökumətinə qoşulana kimi bu hökumət buralarda duruş gətirə bilmirdi, ən uzağı Eşşəkçi kəndinə kimi gəlsə də bizim, Dilağardalıların qarşısında dayana bilməyib geri çəkilirdi. Bugünə kimi ruslar buralara yürüş eləyib sonra da geri şəkilməklə minlərlə adamlarını itiriblər. Daha indi sən onlara qoşulmusan, biz də qırağa çəkilib durmuşuq, ancaq düz deyirsən, dünən gecə Limardakı rus döyüşçülərini qırıb çatan bizm kəndli Əbülfət bəy olubdur”. Mirzə bəy dedi: “Onda icazə verin, bu gecə Əbülfət bəyi oğurlatdırıb başını batırım”. Hüsü bəy dedi: “Mirzə bəy, bu kişilikdən olmaz, belə çıxır biz Əbülfət bəyi satıb, onu sənin əlin ilə öldürtmüş oluruq”. Mirzə bəy dedi: “Mən bu işi elə görərəm, kimsə bunu sizdən bilməz”. Bəylər ikisi də bununla razılaşmadılar. Onda Mirzə bəyin sözü belə oldu, kəndinizin topa tutulub dağıdılmasını istəmirsinizsə, ya Əbülfət bəyi butaya basqın eləməkdən çəkindirin, ya da heç olmasa o butaya basqın eləmək istəyəndə mənə ismarış göndərin. Bəylər bu sözlə razılaşıb getdilər.
Mirzə bəy Ağalar bəylə Hüsü bəyi çıxlmaz bir duruma salmışdı, ona görə də onlar kəndə qayıdan kimi Əbülfət bəyi arayıb onun Ərşəyə, Nəcəfqulu xanın yanına getdiyini öyrəndilər. Əbülfət bəy qayıdan kimi ikisi də onun yanına gedib Ərşəyə nə üçün getdiyini soruşdular. Əbülfət bəy qabaqca sözü yan salıb, indiyədək Ərşədə olmadığı üçün oraya gəzməyə getdiyini dedi, orada gördüyü gözəlliklərdən, ən çox da Nəcəfqulu xanın kəndi Lənganın çox axar-baxarlı bir yer olmasından danışdı. Bəylər ona dedilər ilin-günün bu çağında, yollar belə qorxuluykən sənin Ərşəyə gəzmək üçün getməyin düz söz deyil, sən bizdən nə isə gizlədirsən. Onda Əbülfət bəy dedi: “Bildiyiniz kimi o günləri Limar dağında rus qoşunun üstünə basqın etmişdim, çoxlu adamlarını öldürdüm, 40-50 tüfənglərini ələ keçirdim, ancaq bizim adamlar daha otaya vuruşmağa getməkdən çəkinirlər. Ona görə də Ərşəyə, Nəcəfqulu xanın yanına gedib ona rus qoşununun Mirzə bəyin başçılığı ilə gəlib Dağın Eçara kəndində oturduğunu, Eçaralı Qulamın da onların tərəfinə keçdiyini dedim. Xanın sözü bu oldu, rus qoşunu Dağda yerini bərkitsə, daha bizim otaya yolumuz bağlanacaq, ola bilsin bir azdan bizim üstümüzə də gələcəklər, sən öyrən rus qoşunu Eçaradan haçağ yola çıxacaq, bir də mən onların qarşısına harada çıxsam, onlara üstün gələ bilərəm”. Hüsü bəy Əbülfət bəyə dedi: “Əmioğlu, bizim otayda adamlarımız var, onlar bizə tez-tez xəbər gətirirlər, bugün, ya sabah biz sənə rus qoşunun haçağ yola düşəcəyini də, onları harada pusquya salmağın yaxşı olacağını da deyərik”.
Elə o gecə Hüsü bəylə Ağalar bəy Birəmətə kəndinə, Möhsünün evinə gəlib Eçara kəndinə, Mirzə bəyin arxasınca adam gönərdilər. Mirzə bəy gələndən sonra onlar Əbülfət bəyin dediklərini ona çatdırdılar. Mirzə bəy dedi, gedib ona deyərsiniz rus qoşunları buradan üç gün sonra çıxacaq, buradan çıxandan iki gün sonra Dağ Koryədi kəndində olacaqlar, oradakı Moran dağının yanında pusqu qursalar, rusları çox böyük itkiyə uğrada bilərlər.
Gecəylə Van kəndinə qayıdan bəylər Əbülfət bəyi tapıb ona bu xəbəri çatdırdılar. Əbülfət bəy də gecikmədən bu xəbəri Nəcəfqulu xana çatdırdı. Nəcəfqulu xan deyilən gün Moran dağına gəlib rus qoşununa pusqu qurmaq istəyəndə özünün çoxsaylı atlı qoşunu ilə pusquya düşdü, atışmada çoxlu itki verəndən sonra Mirzə bəy onunla danışığa girib, bir də butaya keçməmək şərti ilə onun mühasirədən çıxıb getməsinə razılıq verdi. Dağ kəndlərində Şura hökumətinin sərhədlərini bərkidəndən, hər yerdə sərhəd postları qurandan sonra Mirzə bəy Zuvand bölgəsinə keçdi, burada heç bir qarşıdurma olmadı, oradan da keçib Astaraya gəldilər, beləliklə də İran dövləti ilə olan sərhəddi bərkitməklə otaydan olan quldur basqınlarının qarşısını aldılar. Sərhəd nəzarətə götürüldükdən sonra Şura hökuməti Cəlilabadla Yardımlının dağ kəndlərində bərqərar oldu.
Cəlilabad rayonunun Ləzran kənd sakini Mirzəqulu kişi, Azərbaycanda Sovet inqilabından əvvəlki illərə təsadüf edən hadisələri qələmə alır. 50 şagird dəftərindən ibarət olan bu əlyazmanın böyük hissəsi it-bata düşür. Yalnız bir hissəsi qorunub saxlanılır və hal-hazırda Rusiyada yaşayan həmyerlimiz, yazıçı Araz Gündüz Vətənə tətilə gəldiyi zamanlarda bu əlyazmaların izinə düşür və onun fədakarlığı sayəsində bu qiymətli əlyazma tarixin qaranlığına düşmür. Araz Gündüzün düzgün imlada yenidən işləyib çapa hazırladığı "Ləzranlı Mirzəqulu - Olanlardan keçənlərdən" kitabı bu tay Azərbaycanın Cəlilabad-Yardımlı, o tay Azərbaycanın Ərşə-Ucarlı bölgəsində yaşayan insanların keşməkeşli həyatını əks etdirən tarixi bir salnamədir.

Комментариев нет:

Отправить комментарий