Страницы

20.12.2015

Ədalət Ağaoğlunun ən gözəl qəzası

Mətləb Ağa

1996-cı ildə avtomobil qəzasında ağır xəsarət alması ucbatından iki il xəstəxanada yatıb müalicə olunan və bundan sonra Can Yücelin “Sən Türkiyənin ən gözəl qə¬z¬asısan” sözləriylə şərəfləndirdiyi Ədalət Ağaoğlu¬nun sayca ikinci romanı “Fikrimin incə gülü” öz adını əsərin qəhrəmanı  Bayrama sevgilisi Kezbanın  hədiyyə verdiyi valdakı  mahnıların  birinin başlığından alır.
Türk ədəbiyyatında “ilk yol romanı” sayılan və birinci nəşri 1976-cı ildə reallaşan “Fikrimin incə gülü”nün müəllifi xanım Ağaoğlu 1929-cu ildə Ankara¬da, Nallıhan rayonunda doğulub, ədəbi həyatı-na şeir yazmaqla başlayıb.
“Fikrimin incə gülü” romanının dərci böyük səs-küyə səbəb olmuş, bu kitaba görə Ağaoğlu 1981-ci ildə “Türk Silahlı Qüvvələrini təhqir etmək və hörmətdən salmaq” ittihamıyla məhkəməyə verilmiş və kitabın dördüncü nəşri hələ çapdaykən yığılıb qadağan edil-mişdi.
Hansı ki, artıq 12 sentyabr 1980-cı ildə Türkiyə Sılahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Kənan Evrənin (9 may 2015-ci ildə  vəfat edib) rəhbərliyilə Türkiyədə hərbi çevriliş baş vermişdi. 
Roman iki il sürən məhkəmə prosesindən sonra bəraət almış, Ədalət Ağaoğlunun digər yazılarına və məhz bu romanın çapına qoyulmuş maneə aradan götürülmüşdü.
Kitabın hərbçilərin qəzəbinə belə tuş gəlməsi ordan qaynaqlanırdı ki, yazıçının romandakı əsas surəti Bay-ram onu gələcəkdə alçaq əməllər törətməsinə  istiqa-mət¬ləndirən vicdansızlığını ilk dəfə məhz orduda əsgərlik dövründə qazanmış, oradakı  sürücülük illərində siyasətçilərə qarşı təzyiqlərə şahidlik etmiş və özü də bu hadisələrdə  iştirakçı olmuşdu. 
“Fikrimin incə gülü” bir də “Sarı Mersedes” olaraq Türkiyə, Fransa və Almaniya ortaqlığıyla Tunc Okanın rejissorluğunda  ekran variantına sahiblənmişdi.
Xanım Ağaoğlu müsahibələrinin birində Türkiyənin “ilk yol romanının” ekran yolçuluğunun “Sarı Mersedes” adıyla təqdimatının heç də doğru olma¬dı-ğı¬nı və ümumiyyətlə rejissorun film barədə aralarında əvvəllər əldə etdikləri dörd bəndlik razılaşmaya sonradan  arxa çevirdiyini deyib, Okanı o ki, var  qınamışdı. 
Ancaq “Fikrimin incə gülü”ndən fərqli olaraq, “Sarı Mersedes”də Bayramın yol boyu avtomaşının maqnitafonunda o məşhur mahnını səsləndirməsini eşitmirik  və yəqin ki, elə bu kifayət edib ki, Tunc Okan filmin romanla adaş olmasına ehtiyac görməsin.
Yeri gəlmişkən, bu həmin Tunc Okandır ki, 1974-cü ilə qədər aktyorluq edib, “Avtobus” filmiylə rejissorluq kürsüsünə oturmuş, lakin uzun illər “Avtobus”un Türkiyədə göstərilməsi qadağan edilmişdi. “Avtobus”da kəndlərindən başqa heç bir yeri görməmiş bir dəstə kəndlinin bir qaçaqmalçı tərəfindən avtobusla qaçaq işçi qismində Stokholma (İsveçin paytaxtı) gətirilib orada pasportlarını və pullarını əllərindən aldıqdan sonra qaçaqmalçının qaçıb aradan çıxmasından və həmin vəziyyətdə bu biçarələrin başlarına gələnlərdən danışılır. 
Çəkilişləri 1992-ci ildə tamamlanmış “Sarı Mersedes”in zidiyyətli əsas qəhrəmanını İlyas Salman canlandırır. Şablon ”mənfi-müsbət” rakursundan yanaşsaq, bu kadrlarda mənfi rola girmiş İlyas Salmanı digər baxdığım bir-çox filmlərində həmişə saf və sadəlövh surətlərdə gördüyümdən Bayramı qəbul etmək mənim üçün əvvəl bir az çətin oldu.   
“Sarı Mersedes”dəki ifasını Salmanın aktyorluğunun zirvəsi hesab edənlər çoxdur və yəqin ki, onlar heç də yanılmırlar.
Bayram 1993-cü ildə  məşhur aktyora  Ankara film festivalında “Ən yaxşı kişi oyunçu” fəxri adını da qazandırıb.
Film nədən danışır? Bayram adlı bir türk gənci Münhendə, “BMW” zavodunda montaj ustası işləyib, yeməyib-içməyib üç illik qazancına sarı (bal) rəngli bir “Mersedes” alıb, bu səbəbdən də “Balqız” adlandırdığı  avtomobiliylə  bir yaz günü Almaniyadan doğma yurduna, Əskişəhərin Ballıhasar kəndinə  qayıdır və bu səfərin Bolqarıstan sərhədindən kəndlərinədək yeddi saat sürən hissəsi  Bayramın iyirmi beş il əvvəldən başlayan keçmiş xatirələri və hal-hazırda başına gələnlər şəklində  gözlərimiz qarşısında canlandırılır.
Bayram vicdanını, insanlığını, kişiliyini, şəxsiyyətini, sevgisini bahalı bir avtomobil almaq üçün qurban verir və hesab edir ki, bütün bu itirdiklərini həmin avtomobilin ona gətirəcəyi şöhrətlə geri qaytaracaqdır.
Belə ki, uşaqlığında çox çətinliklər görmüş, əmisi Rüstəmin himayəsində bir qarnı ac-bir qarnı tox yaşamış Bayramın uşaqlıq günlərinin birində “Ford” markalı bahalı bir avtomobillə kəndlərinə gəlmiş bir siyasətçinin hamı tərəfindən böyük hörmətlə qarşılanması onun gələcək həyat yolunun istiqamətini müəyyən edir. Bayram düşünür ki, belə bir avtomobil sahibi olsa, hər kəs ona hörmətlə yanaşacaq, cəmiyyətdə sayılıb-seçilən biri olacaqdır. Bu fikirlə də, əlinə imkan düşən kimi kənddən qaçır, şəhərdə müxtəlif işlərdə çalışır, bir gün orada uşaqlıq dostu İbrahimə rast gəlir, onun Almaniyaya getmək üçün növbəyə yazılmasını və getmə vaxtının yaxınlaşmasını öyrənir, bu aralar İbrahimin qohumlarına baş çəkmək üçün kəndə getməsindən istifadə edərək  laboratoriyada rüşvət verib  onun sağlamlıq raportunu dəyişdirir, bu yolla İbrahimin növbəsinə yiyələnir və çoxdankı arzusuna çatmaq xəyalıyla Almaniyaya yola düşür. Bu aralarda şəhərə gəlib Bayramla görüşən, ondan sevgi və qayğı gözləyən Kezbana da sahib çıxmır, şəhərdəki görüşlərində qəpik-quruş xərcləyib Kezbana  bir çay və ya bir simit almağa belə qıymır, əvəzində Kezban özü “Mersedes “ aşiqini simitə qonaq edir, Bayram fikirləşir ki, nə vaxtsa Almaniyadan dönəndə dəbdəbəli avtomobilini görən Kezban onun ayaqlarına səriləcəkdir.
Kezban Bayramın İbrahimə qarşı alçaqlığını eşidənədək ona sədaqətini qoruyur, onu sevir, bu xəbər ona çatanda isə daha dözmür  və onu istəyən  bir balıqçıya ərə gedir. Bayramsa bu vaxt Almaniyada Solmaz adlı yüngüləxlaqlı bir qadınla öz “Balqız”ının arxa oturacağında kefini sürür, yolda, Türkiyədə Yalova bərəsində, bahalı avtomobilindən aldığı cəsarətlə sarışın bir qadınla da münasibət qurur, Solmazla olduğu kimi  bu qadına da avtomobilinə oturar-oturmaz hücum çəkib qucaqlayır, qadınsa onun bu vəhşiliyini görüb qışqırıqla maşından düşür və Bayram bütün gəmidə biabır olur. Bununla da,  bahalı avtomobilini və dəbli geyimini görər-görməz bütün gözəl qadınların ona vurulacağına dair Bayramın sərsəm xəyalları məhv olur. (Buna qədər, Türkiyə sərhədində polislərin və gömrük işçilərinin Bayramla adi bir insan kimi davranması da, sarı “Mersedes”inin ona hörmətli bir zat şöhrəti gətirəcəyinə dair qəhrəmanımızın fikirlərini alt-üst etmişdi.)
Bayram bu illər boyu o qədər rəzilləşib ki, Türkiyəyə gələn Solmazı da avtomobilinə yük olmasın deyə aldadır,  vədələşdikləri yerə gəlib onu götürmür, Almaniyada Bayrama hörmətlə yanaşıb hətta onu Solmazla tanış etmiş Vəlinin avtomobilinin Türkiyə yolunda qəzaya uğramasını görsə də, dayanıb Vəliyə və onun ailəsinə heç bir köməklik göstərmir.
Şossedə Solmaz Vəlinin avtomobilində “Mersedes”in yanından ötüb keçərkən pəncərədən “Sən də kişisən?!” deyə Bayramı lənətləyəndə qəhrəmanımız onunla arxa oturacağdakı münasibətiylə qürurlanıb “Sən mənim kişiliyimi bilirsən!” deyə özünə təsəlli verir və rəzilliyini bir daha isbatlayır.
Bununla kifayətlənməyib, bu yeddi saatlıq səfər boyunca davranışıyla özünü dəfələrlə çətin vəziyyətlərə salır, insanlarla yerli-yersiz mübahisələr edir, bir yük maşınının təkərlərinin altından qopan daş avtomobilinin şüşəsinə dəyib çatladandan sonra yük maşınının sürücüsünü saxlayıb  hədələyir, ondan çatlayan şüşəyə görə pul ödəməsini tələb edir və mübahisə zamanı döyülür. Baxmayaraq ki, elə özü naşı sürücülüyü ilə digər avtomobillərə neçə dəfə qəza şəraiti yaradır.
Kəndlərinə çatar-çatmaz Bayram yoluna çıxan bir kombaynla möhkəm  toqquşur və sarı Mersedes”i tanınmaz hala düşür. Artıq kənddə lovğalanmaq və hamıya yuxarıdan aşağı baxmaq arzusundan məcburən əl çəkən Bayram orada rastlaşdığı gənc çobandan kəndlərinin başqa əraziyə köçürüldüyünü öyrənir, bu gənc ço¬ban onu tanımayıb yaxınlarına, doğmalarına qarşı etdiyi bütün alçaqlıqlarını Bayramın sifətinə çırpır, əmisi Rüstəmin bir həftə əvvəl “Bayram” deyə-deyə öldüyünü, onun İbrahimə xəyanət etməsini kənddə hamının öyrəndiyini və İbrahimin atasının Bayramın bu şərəfsizliyinə dözməyib can verməsini , İbrahimin arvad-uşağının da bu səbəblərdən pis günlər keçirməsini, ərə getmiş Kezbanın artıq hamilə olmasını bildirir. Şoka düşmüş Bayram özünü müdafiə etməyə çalışır, gənc çobansa:- “Sənin kim olduğunu bir yerdən öyrənəcəyəm, salamat qal” söyləyib ayrılır və bizim rəzil qəhrəmanımız dörd yol ayrıcında çarəsiz, yazıq bir vəziyyətdə , dəmir yığınına çevrilmiş “Balqız”ıyla bir yerdə heykəl kimi donub qalır.
Əlindən gələni, bacardığını sərvət (“Mersedes”) qazanmağa sərf etmiş, bu yolda bütün mənəvi dəyərlərə tüpürmüş birinin əhvalatı məhz bu cür də yekunlaşır, buna Bayramın biryolluq sonu, məhvi də demək olar – budur, bir vaxtlar Bayramı sevdiyi üçün onun yolunda ölməyə belə razı olacaq Kezban, yeganə doğması-əmisi, kişiliyi, şərəfi və ləyaqəti artıq birdəfəlik yoxdur və vicdanını büsbütün uğrunda xərclədiyi sarı “Mersedes”dən də ona dəmir topasından savayı heç bir şey qalmayıb.
Belə. İtirilmiş vicdan gec də olsa, hər halda vaxtında öz cavabını verir-bir yığın əzik-üzük dəmir parçası şəklində.
Kim nə deyir desin, Bayramın vicdansızlığına ən ədalətli və ən adekvat cavab da elə bu idi və yəqin ki, ibrət götürməyə  dəyər.

Комментариев нет:

Отправить комментарий