Страницы

13.12.2015

Məmməd Süleymanov - Dünya Oblonskilərin evi kimi

“Oblonskilərin evində hər şey qarışıb” - Lev Tolstoyun “Anna Karenina” romanındakı bu ifadəni yaşadığımız dünyanın klinik mənzərəsinin illüstrasiyası saymaq olar.
Çoxdandır bu cümlə mövcud xosu, nizamsızlığı, qarışıqlığı göstərmək üçün ironiya kimi işlədilir.
Romanda qadın ərinin evdəki fransız dayə ilə əlaqəsindən xəbər tutur və üç gündür otağından çıxmır. Ər evə gəlmir, özbaşına qalan uşaqlar ora-bura qaçışır, xidmətçilər bir-biri ilə dalaşır, aşpaz dünəndən çıxıb gedib, faytonçu da evi tərk etməyə hazırlaşır. Bir sözlə, aləm bir-birinə qarışıb və artıq evin əmin-amanlığından söhbət belə gedə bilməz...
Dünyamızda baş verən hadisələrə ən səthi diqqət yetərlidir ki, Yer kürəsinin Oblonskilərin yuvasından fəqlənmədiyini görək. Çox yox, bircə günün, cəmisi bircə saatın gətirdiyi informasiyalar absurd teatrının tamaşaçı və iştirakçısı olduğumuzu anlamağa yetərlidir.
Klassikin əsərində xaosun başlanğıc nöqtəsi də, səbəbləri də bəlli idi. Bizim reallığımızda isə kələfin ucu itirildiyi kimi, bu yumağın nə vaxt, harada qarışdırılmağa başladığını aydnlaşdırmaq titanik əmək tələb edir. Çünki başlanğıc və qaynaqlar unutdurulub, nəzarətdə saxlanan informasiya mənbələri çaşqınlığı artırmaq üçün əllərindən gələni edirlər və koordinat başlanğıcını izlmək müşkül işə çevrilib.
Xəbərlər isə absurdla dəhşətin vəhdətindən xəbər verir. Bircə gün onları izləmək bu çarəsizlik hissinin hər bir izləyicini çulğamasına bəs edir.
Baxın - keçmiş stabillik oazisi olmuş Liviyada islamçılar artıq öz hərbi təyyarəçilərini hazırlamağa başlayıblar. Bu, baş tutarsa, təkcə Şimali Afrika yox, həm də Avropanın cənubunu hansı panikanın bürüyəcəyi anlaşılandır.
Eyni vaxtda məlum olur ki, Böyük Britaniyada yaşayan və İŞİD-in əsas sponsorlarından sayılan Məhəmməd Xalid əlini-qolunu sallayıb ölkəni tərk edib və Suriyaya yollanıb. Onu Britaniya hökuməti Suriya üçün toplanan humanitar yardım və vəsaitləri islamçı terrorçulara yollamaqda rəsmən ittiham edərək nəzarətdə saxlayırdı (ancaq nədənsə həbs etmirdi).
Və bu cür güclü nəzarət altında olan terror təbliğçisinin ölkənin sərhədlərini necə asanlıqla tərk etdiyini görmək Britaniya kəşfiyyatına olan bütün ümidləri puça çıxarır.
Bu, hələ harasıdır?! Səudiyyə Ərəbistanının bombalarından inləyən yəmənlilər nəinki təslim olmur, əksinə, artıq döyüşləri işğalçının ərazisinə keçiriblər. Yəni husilər Səudiyyə Ərəbistanının Rabua və Nicran şəhərləri uğrunda döyüşlər aparırlar.
Bu fonda qoca Avropada millətçilər ilk böyük uğurlarından birini qazanır- Marin Le Penin “Milli Cəbhə”si Fransada məhəlli seçkilərdə səslərin çoxunu əldə edir.
Doğrudanmı faşizm Avropaya qayıdır? Bu sualı çoxları verirlər, o cümlədən, Fransada mühacir sayılan azərbaycanlılar. Məsələn, onlar sosial şəbəkələrdə müzakirələr açıblar: Le Penin qələbəsi onlara nə vəd edir?
Biri deyir ki, pis olacaq.
Digəri təsəlli verir: “Bizə yox, ərəblərə pis olacaq. Kaş ərəbləri qovaydılar, rahat nəfəs alardıq”.
Üçüncüsü bu optimist ovqatı davam etdirərək yazır: “Ərəbləri qovsaydılar, mühacir kvotasını doldurmaq çətin olduğundan Azərbaycandan gələnlərə status almaq da asanlaşardı”.
Bir sözlə, bu “siyasi mühacirlər” Fransada oturub ərəb mühacirlərin qovulacağı günü həsrətlə gözləyirlər: Tanrı xalqları bu cür humanist “vicdan əzabkeşləri”ndən qorusun. Onlar öz gönləri üçün faşistlərə son ümid yeri kimi baxmağa da hazırdırlar.
Yaxud Türkiyə İŞİD-in işğalında olan İraq Mosulunun şimalına qoşun hissəsi yeridilir, Bağdad hökuməti bundan qəzəblənir, türklərə çıxıb getmək üçün 48 saat vaxt verir, əks halda BMT-yə müraciət edəcəyini söyləyir.
Baho, BMT müqəvvası nə vaxtdan kimisə qorxutmaq gücündədir ki?!
Ancaq ən qəribəsi Ankaranın izahıdır: onlar Mosula kürd peşmərgələrinə yardım etmək üçün gəliblər. Yəni türklər kürdləri təlimatlandıracaq, onlar da hücum edib Mosulu İŞİD-dən alacaqlar.
Əcəbdir, Suriyada kürdləri bombalayan türklər İraqda kürdlərin qəyyumu kimi çıxış edirlər. O türklər ki, min bir üsulla Suriyadakı kürdlərin islamçıların paytaxt elan etdikləri Rakka şəhərinə irəliləməsinə mane olmaqdadırlar.
Və bu fonda daha bir qarışıq xəbər Suriyadan gəlir: başında ABŞ-ın dayandığı koalisiya bütün müharibə ərzində ilk dəfə Bəşər Əsədin ordu hissələrini bombalayır. Çətini bir dəfədir, sonra bu da adiləşər yəqin.
Bombaların yağdırıldığı yer də çox simvolik əhəmiyyət daşıyır- hədəf kimi Deyr-əz-Zor şəhəri seçilir. “Səhranın mirvarisi” adlandırılan, paytaxt Dəməşqdən 450 kilometr şərqdə yerləşən bu şəhər müharibənin əvvəlindən bəri sivillərin İslam terroruna qarşı dirənişinin bastionu sayılır.
Belə ki, Deyr-əz-Zor şəhəri üç ildir mühasirədədir, şəhərin yarısı islamçıların əlinə keçib, oradakı aviabazanı isə Suriya müharibəsinin ən məşhur generalı sayılan druz İssam Zəhrəddinin briqadası qoruyur.
Deyr-əz-Zor neft yataqları ilə zəng olmaqla bərabər, mühüm strateji yolların üstündə yerləşir. Bu şəhərin çöküşü Suriyanın onsuz da illüzor olan bütöv qalmaq ehtimalını birdəfəlik dəfn etmiş olacaq. Son bombardmanda koalisiya gücləri təkcə canlı qüvvəni yox, həm də silah anbarlarını hədəf götürüb, bombardmandan dərhal sonra isə İŞİD irəliləyərək qəsəbələrdən birini ələ keçirib. Bir sözlə, tandem.
Dəməşq etiraz edir, BMT-yə şikayət edəcəyini bildirir, ancaq bütün bunlar tək əldən çıxan səs kimi bir şeydir.
Belə bir dünyada yaşamaq çətindir- çünki oyunçular hazırkı absurd, nevrotik situasiyada istənilən düzəldilməsi mümkün olmayan səhvə yol verə bilərlər. Hərarəti yüksəlmiş, ekstremal şəraitin adiləşdiyi, məntiqin yox olduğu dünyada sabahı az-çox aydın edən istənilən dayaqlar gücdən düşür.
...Oblonskilərin evində vəziyyət tədricən düzələ bilər. Ancaq bütün dünya “Oblonskilərin evi”dirsə, ümidi haradan və kimdən gözləmək olar ki?!

virtualaz.org

Комментариев нет:

Отправить комментарий