Страницы

17.12.2015

Mənsur Həqiqətpur: Siyavuş Novruzovu Araz kənarına çağırdım, gəlmədi!

Mənsur Həqiqətpur, İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini:

Alimlə cahil arasında əsas fərq odur ki, alimin əvvəldə qəbul etdiyini cahil sonda qəbul edər.
Vətəni bölən Araz deyil, sərhəddir, viza rejimidir, ABŞ və İsrailin küləkləri də izləyən casus kameralarıdır.
Uzun müddətdir Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzova müraciət edib onu Araz kənarında, canlı yayım şərti ilə iki ölkə arsındakı problemlərin müzakirəsinə çağırmışam. Çox istəyirdim ki, həm Azərbaycan, həm İran əhalisi bu müzakirələri canlı izləsin və şahid olsun ki, münasibətlərin soyuqluğu yalnız düşmən fitnəsidir, bu iki xalq qardaşdır və sevgidən savayı bölüşəcəyi bir şey yoxdur. Amma istəyim baş tutmadı və Novruzovun son cavabından sonra  ümidsiz oldum. 
Əgər o desəydi gələn Novruz Qarabağda görüşüb danışarıq sevinərdim, amma dedi ki, gələn il Təbrizdə parlament sədri olacağam, onda görüşərik. Azərbaycan Milli Məclisinin düputatı, YAP yetkilisi beynəlxalq hüquqdan da xəbərsiz imiş. Soruşan gərək ki, cənab Novruzov, bu qədər gücün varsa, Qarabağı nə üçün almırsan? Sən 20 ildir supergüclərin qarşısında ikiqat olmusan ki, Qarabağı alıb sizə qaytarsınlar.
 İran 34 ildir dünya ilə vuruşur bir addım geri çəkilməyib, bir dəfə də baş əyməyib. Siz hansı keçmişlə bərkdən danışırsınız?! Təbrizi dünya mavilərinə meydan etdiyiniz məzlum Bakı ilə birmi görürsünüz?! Yadda saxlayın ki, İslamdan çıxmış təbrizli də sizə boş çanta etibar etməz. Gəzin İranı, görün təbrizlinin nüfuzunu.
Təbrizlini bir ucu Tel-Əviv, bir ucu Vaşiqtonda olan qalstukla aldatmaq olmaz.
Cənab Novruzovla polemikaya girməyimə təəssüf etdim. Bütün dünya bilir ki, Azərbaycanda Milli Məclisə deputatlar necə seçilir. Elşad Abdullayevin videomaterialları bunu yetərincə göstərdi. Təbriz isə Bakı deyil ki, kimsə rüşvətlə, yaxud yuxarıdakıların tapşırığı ilə deputat seçilsin.
Qarabağ müharibəsi əsil ordu istəyir. Korrupsiya, yeyinti, əsgər ölümləri yaşayan, namazqılan zabitləri tərxis edilən, təlim görməmiş və hərbi təchizatsız ordu nə edə bilər?!
Təəssüf ki, Azərbaycanda ordu da pul silmək üçün bir vasitəyə çevrilmişdir.
Azərbaycan hökuməti İsraildən silah alır, amma ondan Ermənistan əleyhinə istifadə etməmək üçün öhdəlik də götürür. Bəzən silahı satır, amma bəzi hissələrini, yaxud mərmilərini satmırlar. Aydındır ki, məqsəd pul silməkdir, ordunu gücləndirmək yox. 
Üçüncüsü isə, müharibə başlasa xalq başçılardan soruşacaq ki, bəs sizin balanız hanı?
Tutaq ki, bir möcüzə baş verdi və Qarabağ qaytarıldı. Əhalini necə qaytaracaqlar viran qalmış torpaqlara. Kristal Zal tikməklə qürrələnənlər qıyacaqmı Qarabağın yenidən qurulmasına milyardları?! İndi nə etsinlər, xalqın başını necə qatsınlar? Məhz bu məqamda yalançı düşmən formalaşdırmaq gəlir ağıllarına. Onlar bununla həm ictimai rəyi aldadır, həm də ABŞ-ı, İsraili və Ermənistan təcavüzünün digər himayədarlarını razı salırlar. 
Çünki Qarabağ müharibəsini yaradanlar, yaxud maraqları onun həll olunmamasını tələb edənlər heç zaman Azərbaycanın İranla dostluğuna dözməzlər. Çünki bu, Qarabağın azadlığı və Azərbaycanın qələbəsi deməkdir. Onlar gördülər ki, Livan və Fələstin gəncləri İranla dost olduqlarına görə hansı zəfərlərə nail oldular. Halbuki Azərbaycanın potensial gücü onlardan çox, Ermənistan isə İsraildən qat-qat zəifdir.
Qaniçən ABŞ-a 34 il sinə gərmiş İranı şər qüvvə kimi təqdim edirlər və Qarabağı unutdurmaq üçün Böyük Azərbaycan fantaziyasını atırlar ortaya. Mən tarixçilərlə danışmışam, soruşmuşam ki, bu Böyük Azərbaycan nə vaxt və harada yaranıb? Gəlirlər Səfəvilər üzərinə. Soruşuram Səfəvilər Azrəbaycan dövləti idisə, İran harada idi? Səfəvilərin sərhədlərinə bax, bir tərəfi İraq, bir tərəfi Əfqanıstan, bir tərəfi də İran körfəzi. Budur Azərbaycan dövləti?!
Cənab Novruza demək istəyirəm ki, bir boyunuza baxın. İran ABŞ-a, İsrailə meydan oxuyur. Belə böyüklük iddiasında olan və Nildən Fərata qədər ərazilərdə böyük dövlət yaratmaq istəyən İsrailin son yeddi ildə üç dəfə belini sındırmışıq: Hizbullahla 33 günlük müharibədə və Qəzzada baş verən 22 günlük və 8 günlük müharibələrdə. Görün bu böyüklük iddiası onların başına hansı müsibəti gətirib. Siz isə zəiflikdən üzülən halda zorluların iddisı ilə çıxış edirsiniz.
Biz körpəlikdən İslam dəyərləri ilə tanış olmuş, Allahın öz bəndəsi qarşısında qoyduğu vəzifələri Onun yardımı ilə yerinə yetirmişik. Biganəlik bizə yad olub. Bir insanın əlinə silah alıb Din və Vətən yolunda döyüşə girməsi onun səmimiyyətinə ən güclü dəlildir. Mən Vətənimdə və Qarabağda döyüş meydanına girməklə dinimə və vətənimə sevgini izhar etməyə çalışmışam. Bu nöqtəni hökmən vurğulayım ki, Azərbaycana sevgi təkcə qan qardaşlığından nəşət götürmür. İranda bütün rəsmilər, bütün məsullar mərhum İmam Xomeyninin (r) Azərbaycanla bağlı tövsiyələrini xatırlayır. Mərhum Ayətullah Badkubeyi kimi ustadlar görmüş İmam bu torpağın gücünə, onun insanlarının böyüklüyünə inanıb möhkəm-möhkəm tapşırmışdı: "Azərbaycandan muğayat olun, onlara köməyinizi əsirgəməyin."
İranla Azərbaycan arasında düşmənliyin təbliğatçıları İranı Ermənistanla rabitələrinə görə qınayırlar. Azərbaycan rəhbərləri işğalçı Ermənistan rəhbərləri ilə görüşür, deyib-gülür, xizək sürür. Sizdə belə bir fakt varmı ki, İran rəsmilrindən kimsə bu işğalçılarla əylənsin, vaxt keçirsin? İranın Ermənistanla məhdud ticari və iqtisadi əlaqələri var. Bu adi şeydir. Mən rəsmi şəkildə demişəm, sübut etməyə də hazıram ki, Qarabağ müharibəsində Azərbaycana hər növ yardımlar etmişik, İslamın və Azərbaycanın xeyrinə vuruşmuşuq. Qoy onlar da sübut etsinlər ki, İran Ermənistana bir patron verib. Ərzağın və yüngül sənaye mallarının ticarəti nə vaxtdan hərbi yardım sayılır? Strateji məhsul neft olardı ki, bunu da Azərbaycan özü dolayı yollarla erməni tanklarına tökür.
Nə üçün ABŞ-la dostlaşmırıq? Çünki bu quldurla dostluğun acı nəticələri var. Azərbaycan dost oldu və İrana qarşı poliqona çevrildi. Bakının İsraillə hərbi əməkdaşlığı hamıya gün kimi aydındır. 
Türkiyəyə baxın. İslam şüarları ilə hakimiyyətə gələnlər indi ABŞ-ın əlaltısına çevrilib, NATO-nun havasına oynayır. Ərəb diktatorları ilə oturub Əsəddən demokratiya tələb edirlər. Əgər Türkiyə-İran  rabitələri güclənsəydi, bu ABŞ və Qərbin məntəqədə sonu ola bilərdi. Tarix boyu bu iki ölkəni bir-birinə vurub alçaq məqsədlərinə çatıblar. Türkiyədə islamçılar ayağa qalxanda kürklərinə birə düşdü. 
Türkiyə rəsmiləri bilməli idi ki, Amerikanın üzünə bir təbəssüm neçəyə başa gəlir. Qurani-Kərim qadınlara xəbərdarılıq edir ki, qəlbində xəstəlik olanlarla xoş rəftar etsəniz, pis fikrə düşərlər. ABŞ və müttəfiqlərinin işi xalqları məhv etməkdir. Bu gün üzünə gülsən sabah milli mənafeləri qurban verməli, beynəlxalq imperializmin quyruğu olmalısan. Bu həmin ABŞ-dır ki, Azərbycana qarşı bütün dövlət yardımlarını qadağan edən 907-ci düzəlişə imza atıb, digər tərəfdən isə qondarma Dağlıq Qarabağ respublikasına yardımlarını əsirgəmir. İrəvana 2013-cü il üçün ayrılmış 36,6 milyon dolların 27,2 milyon dolları Ermənistanla hərbi sahədə əməkdaşldıq üçün nəzərdə tutulub. Nə üçün Azərbaycan xalqını ABŞ-a yox, qardaş İrana qarşı kökləyirlər? Gəlin gömrük-keçid məntəqələrinə. Şahid olun bu qardaşlığa nə qədər ehtiyac var. Azəri bacı-qardaşlarımız ən kiçik maddi və tibbi yardım üçün İrana üz tutur. Biz onlara zərrə qədər əl tuta biliriksə bundan məmnunuq.
Bu gün mənim Araz kənarında müzakirələrimə müsbət cavab gəlmədi. Amma mətbuatda gedən məktublaşmalarda bir çox qaranlıq nöqtələr aydınlaşdı. Qarşıdakı seçkilərdən gözaydınlığı ümidi ilə. Sevimli azəri bacı-qardaşlarımı Allaha əmanət tapşırıram.

Комментариев нет:

Отправить комментарий