Страницы

27.12.2015

On tərkibli nəsihətlər

Peyğəmbərdən (s) hədislər

◘Sədəqəni heç vaxt yaddan çıxarmayın. Çünki onun on xüsusiyyəti var. Bunların beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar bunlardır: malı və canı paklaşdırar, xəstələrə şəfa olar, qəlblərə şadlıq bəxş edər, var-dövləti çoxaldar və ruzini artırar. Axirətə aid olan xüsusiyyət isə bunlardır: Qiyamət günü baş üzərinə kölgə salar, haqq-hesabın asan çəkilməsinə səbəb olar, savabları artırar, Sirat körpüsündən asanlıqla keçməyə kömək edər və insanı ali dərəcələrə çatdırar.

◘Elə ki, mənim ümmətim arasında on xüsusiyyət meydana gəldi, onlar on əzaba düçar olarlar; elə ki, dua etmək azalar, bəla nazil olar, elə ki, sədəqə vermədilər, xəstəliklər çoxalar, zəkat verməkdən boyun qaçırsalar, heyvanlar qırılar, padşahlar zülm etsə, yağış yağmaz, zina artsa, qəfil ölümlər çoxalar, riya və ikiüzlülük, özünügöstərmə artarsa, zəlzələlər çoxalar. Allahın hökmü əsasında deyil, özlərindən hökm versələr, düşmən onlara müsəllət olar, əhd-peyman sındırmaq artsa, adam öldürmək rəvac tapar, satış zamanı çəkini azaltsalar, onlara qıtlıq üz verər.

◘Allahdan qorxun, qohumlarınızla əlaqə yaradın. Bu iki xüsusiyyət dünyada xeyir-bərəkət, axirətdə isə bağışlanmağa səbəb olar. Sileyi-rəhmin isə (qohumlarla əlaqə saxlamağın) on özünəməxsus xüsusiyyəti var: Allahın razılığı, qəlblərin şadlığı, mələklərin sevinci, camaatın (bir-birinə) təşəkkür və razılığı, şeytanın xar olması, ömrün uzanması, ruzinin genişlənməsi, ölülərin ruhunun şadlığı, alicənablığın artması və savabın çoxluğu.

◘Bir gün bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: “Olarmı mən ölümü arzulayım? “Peyğəmbər (s) buyurdu: “Ölümə çarə yoxdur. Lakin bu, uzun bir səfərdir. Bu səfəri arzulayan gərək öz yanında on töhfə aparsın.” Kişi soruşdu: “Nə töhfə?” Peyğəmbər (s) buyurdu: “Əzraildən ötrü, qəbirdən ötrü, Nəkir və Münkərdən ötrü, mizan tərəzisindən ötrü, Sirat körpüsündən ötrü, Cəhənnəmin qapıçısından ötrü, behiştin qapıçısından ötrü, Peyğəmbərdən (s) ötrü və Mütəal Allahdan ötrü. Əzraildən ötrü dörd töhfə aparmalıdır: boynunda haqqı olanların razılığı, namazların qəzası (yə`ni, yerinə yetirilmiş qəza namazları). Allaha qarşı şövq və ölüm arzusu. Qəbirdən ötrü də dörd töhfə aparmalıdır: söz gəzdirməyi tərk etmək, sidiyin istibrası, Qur`an oxumaq və gecə namazı. Nəkir və Münkərdən ötrü də dörd töhfə aparmalıdır: doğru danışmaq, qeybəti tərk etmək, hamı barədə haqq danışıq və təvazökarlıq. Mizan tərəzisindən ötrü də dörd töhfə aparmalıdır: qəzəbi udmaq, həqiqi təqva, ictimai məsələlərdə (camaat namazı kimi) iştirak etmək, camaatın xeyir işlərdən ötrü də`vətini qəbul etmək. Sirat körpüsündən ötrü də dörd töhfə aparmalıdır: ixlas, xoş xasiyyət, çoxlu zikr və başqalarının əziyyətinə dözmək. Cəhənnəmin qapıçısından örtü də gərək dörd töhfə aparsın: Allah qorxusundan ağlamaq, gizli sədəqə, günahı tərk etmək və ata-ana ilə xoş rəftar etmək. Cənnətin qapıçısından ötrü də dörd töhfə aparmalıdır: xoşagəlməz hadisələr müqabilində səbr, ne`mətlərin şükrü, malın-pulun Allah yolunda sərf olunması, vəqf olunmuş əmlakda əmanətə riayət etmək. Peyğəmbər (s) üçün də dörd töhfə aparmalıdır: o Həzrəti (s) sevmək, onun (s) sünnəsinə tabe olmaq, əhli-beytinə (ə) məhəbbət və dilin iffəti. Cəbraildən ötrü də dörd töhfə aparmalıdır (Cəbrail əvvəldə gəlməyib); az yemək, az yatmaq, ne`mətin şükründə davamlı olmaq (dördüncüsü hədisdə gəlməyib). Mütəal-Allahdan ötrü də dörd töhfə aparmalıdır: əmr be mə`ruf, nəhy əz münkər, camaata qarşı xeyirxah olmaq və hamıya mehribanlıq.”

◘Qiyamət günündə mənim ümmətimdən olan on dəstə Allahın qəzəbinə düçar olar və Cəhənnəmə vasil olar. Həmin insanlar bunlardır: zinakar qoca, yolunu azmış rəhbər, şərabxor, ata-anası ilə bədrəftar olan, günahsız qadına haqsız töhmət vuran, söz gəzdirən, yalançıya şahidlik edən, zəkata mane olan, zalım və namazı tərk edən. Bilin ki, Qiyamət günü namazı tərk edənin əzabı ikiqatdır. Məhşərə gələn zaman əlləri boynuna qandallanmış halda olar və bu vəziyyətdə olduğu halda əzab mələkləri odlu gürzlərlə onun alnına və yanaqlarına vurarlar. Behişt ona deyər: “Nə sən məndənsən, nə də mən səndən.” Cəhənnnəm isə ona deyər: “Yaxın gəl, sənə dəhşətli işgəncə verəcəyəm!” Həmin an Cəhənnəm fəryad çəkib həmin bədbəxti öz içinə alar və o, Qarunun yanına gedər. (Bu məsələdə yalnız o kəslər istisnadır ki, tövbə edərək namaza başlayıb və keçmişdə əldən verdiyi vacib namazlarının da qəzasını yerinə yetirir.)

◘Allaha əqldən başqa bir şeylə ibadət etmək olmaz və nə qədər ki, bir adamda on xislət cəm olmayıb, heç vaxt əqli kamil olmaz: camaat onun xeyrinə ümidvar olsun, şərindən amanda olsun, özünün çoxlu xeyir işini az hesab etsin, başqalarının az xeyir işini çox hesab etsin, öz ehtiyacları üçün çalışmaqdan yorulmasın, ömrü boyu elm öyrənməkdən bezməsin, yoxsulluğu varlılıqdan və zilləti izzətdən üstün tutsun (yə`ni, qəlbində batil böyüklük məhəbbəti olmasın), dünya malında əsla gözü olmasın və nəhayət, onuncu budur ki, hamını özündən üstün tutsun (yaxşı bilsin).

◘Abdullah Abbas deyir ki, bir gün Peyğəmbər (s) camaat arasında dayanıb xütbə oxudu. Daha sonra buyurdu: “Allah-təala biz Əhli-beytin vücudunda on fəzilət qərar verib ki, bizdən başqa bu fəzilətləri heç kəsdə cəm etməyib. Həmin fəzilətlər bunlardır: Hökumət etmək haqqı, helm, elm, peyğəmbərlik, səxavət, şücaət, ədalət, paklıq, iffət və təqva. Bizik təqva kəlməsi (təqva mücəssiməsi), hidayət yolu, ən ali bəşər nümunəsi, Allahın ən böyük   höccəti, möhkəm əltutan və qırılmaz ip! Bizik ki, Allah məhəbbətimizi vacib edib! Elə isə haqdan başqa yol zəlalət deyilmi?! Hara gedirsiniz?!

***
Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər

◘Misvakı (dişlərinizi fırçalamağı) unutmayın. Çünki misvak on xüsusiyyətə malikdir: ağızı tər-təmiz və pakizə edər, Allahı razı salar, Şeytanı qəzəbləndirər, insana təhkim olunan mələklərin məhəbbətini cəlb edər, dişin ətini möhkəmləndirər, bəlğəmi dəf edər, ağızı xoş iyli edər, üzün sarılığını aparar, gözün nurunu artırar, dişlərin ağarmasına səbəb olar. Başqa bir hədisdə gəlmişdir ki, dişin çirkini aradan aparar və bu iş, Peyğəmbərin (s) sünnəsindəndir.

◘Bu ümmətdən on tayfa özünü mö`min hesab edir, lakin əslində isə elə kafirdirlər. Onlar bunlardır: nahaqdan bir kəsi qətlə yetirən, dəyyus (qeyrətsiz), zəkata mane olan, şərabxor, imkanı ola-ola Həcc əməlini tərk edən, fitnə törədən, düşmənə silah satan, naməhrəm qadınla qeyri-təbii yolla yaxınlıq edən heyvanla yaxınlıq edən və (ana, bacı, bibi, xala və bu kimi) öz məhrəmi ilə yaxınlıq edən.

◘Bəndə yerdə və göylərdə mö`min adlanmaqdan ötrü fəzl və kərəmə sahib olmalıdır, fəzl və kərəm sahibi olmaqdan ötrü müsəlman olmalıdır, müsəlman olmaqdan ötrü gərək camat onun əlindən və dilindən rahat olsun, camaatın ondan asudə olmasından ötrü alim olmalıdır, alim olmaqdan ötrü öz elminə əməl etməlidir, öz elminə əməl etməkdən ötrü zahid olmalıdır. Zahid olmaqdan ötrü günahdan çəkinməlidir, günahdan çəkinməkdən ötrü təvazökar olmalıdır, təvazökar olmaqdan ötrü özünü tanımalıdır, özünü tanımaqdan ötrü ağıllı olmalıdır.

◘Xoş və uğurlu aqibət on şeydədir. Onun beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar bunlardır: din elmlərinin təhsili ibadətləri yerinə yetirmək, halal ruzi, çətinliklər zamanı səbr və ne`mətlər içində olarkən də şükr etmək. Axirətə aid olanlar isə bunlardır: ölüm mələyinin insana mərhəmət və nəzakətlə yaxınlaşması, qəbrdə Nəkir və Münkərdən amanda olmaq, Qiyamət gününün vəhşətindən amanda olmaq, günahların aradan getməsi və ibadətlərin qəbul olması, Sirat körpüsündən ildırım sürəti ilə keçmək və salamatlıqla behiştə daxil olmaq.

◘On sünnə var ki, onlar İbrahim peyğəmbərdən (ə) yadigar olaraq qalmışdır. Bunlardan beşi başa, beşi isə bədənə aiddir. Başa aid olanlar bunlardır: misvak (dişləri fırçalamaq), məzməzə (ağıza su alıb qarışdırmaq), burunu yumaq, bığların üst dodağın üstünə tökülən tüklərini kəsmək, saqqalı çox saxlamaq. Bədənə aid olanlarsa bunlardır: sünnət etmək, nurə qoymaq, bövl və qaitin məxrəcini paklamaq, qoltuğun altındakı tükləri qırxmaq və dırnaq tutmaq.

◘Mənim ümmətimdən on tayfa nə qədər ki tövbə etməyib, behiştə daxil olmaz:
1. (Zalım dövlət mə’murları və) hökumət başçılarına cangüdənlik edənlər.
2. Qəbir açan. 
3. Söz gəzdirən. 
4. Qeyrəti, namusu olmayan dəyyus. 
5. Təbil çalan. 
6. Saz çalan. 
7. Camaatın təqsirindən keçməyən və onlara zülm etməyi rəva görən. 
8. Həddi-büluğa çatdıqdan sonra yolunu azmış haramzada. 
9. Qeybət edən. 
10. Ata-anası ilə bədrəftar olan.

◘On kəsin namazı qəbul olmaz: furada (tək halda) namaz qılarkən qiraəti tərk edənin namazı, zəkat verməyənin namazı, camaatın narazı olduğu imam camaat, sahibindən qaçmış qulun namazı, şərab içənin namazı, ərini qəzəbləndirib gecəni səhər edən qadının namazı, başını örtməmiş namaz qılan qadının namazı, zülmkar rəhbərin namazı, ribaxorun namazı, pis və çirkin işlərin qarşısını almayan kişinin namazı.

◘Nazam dinin sütunudur. Namaz on məziyyətə sahibdir: üzün gözəlliyini artırar, qəlbin nurani olmasına, bədənin rahatlığına səbəb olar, qəbrdə insanın həmdəmidir, rəhmət nazil olma məhəllidir, göydən baxan mələklərə işıqlı çıraq kimi görünər, mizanın ağırlığını artırar, Allaha xoş gedər, Behiştə səbəb olar, Cəhənnəmlə bəndə arasında səddə çevrilər. Hər kəs namazı dirçəltsə, dini dirçəldər. Hər kəs də namazı tərk etsə, dini tərk edər.

◘Allah behişt əhlini behiştə daxil etmək istəyərkən bir mələyi bir töhfə və bir behişt libası ilə onlara göndərər. Behişt əhli behiştə daxil olmaq istəyərkən mələk onlara deyər: “Dayanın, mən Aləmlərin Pərvərdigarı tərəfindən sizin üçün töhfə gətirmişəm.” Soruşarlar: “O nə töhfədir?” Mələk deyər: “On üzükdür. Birincisinə “Siz artıq paksınız, həmişəlik olaraq ora daxil olun!”, ikincisinə "Həmişəlik olaraq salamat və əmniyyətlə ora daxil olun", üçüncüsünə “sizin qəm-qüssəniz, artıq bitdi”, dördüncüsünə, “sizi bər-bəzəyə bürüyəcəyik”, beşincisinə, “Sizdən ötrü pak-pakizə qadınlar–Hurilər hazır etmişik”, altıncısına, “Etdikləriniz səbrə görə bu gün Mən onların mükafatlarını verəcəyəm”, yeddincisinə, “Elə bir cavanlığa qovuşdunuz ki, həmin cavanlığın qocalığı yoxdur (yə`ni əbədi cavanlıqdır)”, səkkizincisinə, “Peyğəmbərlər, şəhidlər və salehlərlə yoldaşsınız”, doqquzuncusuna, “Elə bir əmin-amanlığa qovuşdunuz ki, heç bir qorxu və narahatlıq görməyəcəksiniz”, onuncusuna isə “Siz əzəmətli ərşin sahibi olan mehriban və bağışlayan Allahın yanındasınız” yazılıb.” Mələk daha sonra deyər: “Buyurun, daxil olun!” Onlar behiştə daxil olub deyərlər: “Şükr olsun Allaha ki, qəm-qüssəni qəlbimizdən çıxartdı. Bizim Allahımız bağışlayan və mehribandır. Şükr olsun Allaha öz və`dəsinə əməl etdi və bizi buranın varisləri etdi ki, ürəyimiz istədiyi yerə gedib orada məskən salaq. Əməl sahibi olanların nə gözəl mükafatı var!!!”

◘Elə ki, Cəhənnəm əhlinin cəhənnəmə salınma vaxtı yetişdi, yenə də, Allah-təala bir mələyii on üzüklə onlara göndərər. Həmin üzüklərə belə yazılıb: Birincisinə «Cəhənnəmə daxil olun. Orada nə ölmək var, nə də oradan çıxmaq imkanı», ikincisinə «Əzaba qərq olun. Sizin üçün heç bir asayiş yoxdur», üçüncüsünə «Mənim rəhmətimdən naümid olun», dördüncüsünə «Qəm-qüssəyə batın», beşincisinə «Geyiminiz, yeməyiniz, suyunuz, yatağınız hamısı atəşdən hazırlanmışdır», altıncısına «Siz atəş içində olduğunuz müddətdə daim Mənim qəzəbimə uğrayacaqsınız», yeddincisinə «Bütün bunlar etdiyiniz günahların cəzasıdır, səkkizincisinə «Etdiyiniz böyük günahlara görə nə tövbə edirdiniz, nə də etdiklərinizə görə peşman olurdunuz, Mənim lə`nətim olsun sizə!», doqquzuncusuna «Şeytanın ardınca getdiniz, dünya həyatını daha üstün saydınız, axirətinizə əhəmiyyət vermədiniz. Buna görə də dadın əzabı!», onuncusuna isə «Yalnız özünüzü danlayın. Çünki sizə deyilənləri qəbul etmədiniz, günahlara davam etdiniz, bütün bu üzdöndərmələrinizə görə əzaba düçar olun!»

◘Bir gün Peyğəmbər (s) İblisdən soruşdu: “Mənim ümmətimdən olan dostların nə qədərdir?” İblis cavab verdi: “On dəstə: zalım rəhbərlər, lovğa dövlətlilər, hardan gəlib, hara sərf olunmasının ondan ötrü heç bir fərqi olmayan haramyeyən, rəhbərin zülmü ilə müvafiqət edən alim, xain (camaatı aldadan) tacir, möhtəkir (yə`ni, bir şeydən çox miqdarda alıb qıtlıq zamanında da onu baha satmaqdan ötrü saxlayan kəs), zinakar, ribaxor (sələmçi), simic və bir də hardan gəldi mal toplamağa çalışan kəs.” Sonra Həzrət (s) soruşdu: “Bəs mənim ümmətimdən olan düşmənlərin kimlərdir?” İblis cavab verdi: “On beş dəstə insan. Birincisi, sən özün, ikincisi, əməl sahibi olan alim, üçüncüsü, Qur`an qiraət edib ona əməl edənlər və beş dəfə azan deyənlər, dördüncüsü, yoxsulları, kimsəsizləri və yetimləri sevənlər, beşincisi insanları sevib onlara qarşı mehriban olanlar, altıncısı, haqq qarşısında təvazökar olanlar, yeddincisi, ömrünün baharını Allaha itaətdə keçirərək gecənin bir aləmi bütün gözlər yuxuda olarkən namazla məşğul olan cavanlar, səkkizincisi, haramdan qorunan kəslər, doqquzuncusu, Allah yolunda xeyirxahlıq edənlər, (başqa bir hədisdə “qəlbində heç bir kin qoymayaraq mö`min qardaşından ötrü dua edənlər”), onuncu, daim dəstəmazlı olanlar, on birincisi səxavətlilər, on ikinci xoş xasiyyət olanlar, on üçüncüsü, Allahın və`dələrini təsdiqləyənlər, on dördüncü, pakdamən və örtülmüş qadınlar, on beşincisi də, ölümə hazır olan kəslər.”

***
Şiələrin Peyğəmbərdən (s) və Həzrət Əlidən (ə) nəql etdikləri hədislər

◘Peyğəmbər (s) buyurub: ”Allaha ağıldan da artıq heç bir şeylə ibadət etmək olmaz. Mö`min də nə qədər ki, on xüsusiyyətə yiyələnməyib onu ağıllı hesab etmək olmaz. Həmin xüsusiyyətlər bunlardır: camaat onun xeyrinə ümidvar olsun, şərindən amanda olsun, başqalarının xeyir işini az olsa da, çox hesab etsin, öz yaxşı işlərini isə çox olsa da az hesab etsin, ömrü boyu elm öyrənməkdən yorulmasın, ona ehtiyaclarını bildirənlərin işlərini yoluna qoymaqdan usanmasın, tanınmamağı şöhrət və ehtiramdan daha artıq sevsin, yoxsulluğu varlılıqdan daha artıq xoşlasın, dünyadan yalnız zəruri ehtiyaclarını ödədiyi qədər istifadə etsin və nəhayət, onuncu və eyni zamanda ən mühümü budur ki, hər kəs barədə onun özündən üstün olduğu fikrində olsun. Çünki camaat ona nisbətən iki dəstədir: ya ondan üstündür, ya da üstün deyil. Üstün olan barədə təvazökar olsun ki, ona çata bilsin. Xoşu gəlmədiyi şəxs barəsində də belə fikirləşsin: “Ola bilsin ki, batini məndən daha yaxşıdır”, yaxud “ola bilsin ki, inhirafdan qayıdar və aqibəti xeyirlə tamamlanar.” Hər kəs bu on xüsusiyyətə riayət etsə əzəmətə və insaniyyətin yüksək dərəcəsinə yiyələnmiş olar və bu şəxs öz dövrünün bütün insanlarından üstündür.

◘Məaz deyir ki, bir gün Peyğəmbərdən (s) Qiyamətin dəhşətli qorxuları barədə soruşdum. Həzrət (s) buyurdu: “Böyük bir şey barədə soruşdun: “Sonra mübarək gözlərindən yaş axmağa başladı və buyurdu: “Mənim ümmətimdən on tayfa məhşərə müxtəlif sifətlərdə daxil olar. Bə`ziləri meymun, bə`ziləri isə donuz sifətində həşr olunar. Bə`ziləri ayaqları yuxarı, başı aşağı, üzləri də yerlə sürünə-sürünə məhşərə gələr, bə`ziləri kor, kar və lal halda həşr olar. Bə`ziləri dilləri ağızlarından çıxıb sinələrinə qədər sallanar dilindən üfunətli çirk axaraq hamıya əziyyət verər. Bə`zilərini qolları və ayaqları kəsilmiş halda, bə`ziləri isə atəşdən olan dar ağacından asılmış halda həşr olunar. Bə`ziləri əyinlərində dərilərinə yapışmış qır köynəklər olduğu halda pis iy verə-verə məhşərə gələrlər. Meymun sifətində olanlar sözgəzdirənlərdir. Donuz sifətində olanlar haram yeyənlərdir. Başayaqlar riba yeyənlərdir. Korlar zülmkar qazilər, korlar və lallar isə özlərini bəyənənlərdir. Dilləri sallanaraq ondan üfunətli çirk axanlar qeybət edənlərdir. Qolları və ayaqları kəsilmiş halda həşr olunanlar qonşularına əziyyət edənlərdir. Odlu dar ağaclarından asılmış vəziyyətində olanlar camaatı qaniçən zalımların çənginə verməyə səy göstərənlərdir. Dərilərinə pis iyli qır köynəklər yapışmışlar isə şəhvətbazlar, əyyaşlar və ilahi hüquqları ödəməkdən çəkinən şəxslərdir. Axırıncı dəstədən olanlar isə Allah bəndələrinə böyüklük edən lovğalar və mütəkəbbirlərdir.”

◘Əliyə (ə) verdiyi göstərişlərində belə buyurur: “Ey Əli! Sən öz xalis şiələrini on imtiyazla müjdələ: 
1. Halalzadəlik. 
2. Səhih iman. 
3. Allahın onları sevməyini. 
4. Qəbr genişliyini. 
5. Sirat körpüsünün aydınlığını. 
6. Fəqirlikdən qorxmamaq və qəlb ehtiyacsızlığı. 
7. Onların düşmənləri ilə Allahın da düşmən olması. 
8. Xora xəstəliyindən amanda olmaq. 
9. Günahlarının bağışlanması. 
10. Mənimlə behiştdə yanaşı olmaq.”

◘Həzrət Əli (ə) buyurur: “Peyğəmbərdən (s) mənə on iftixar ediləcək şey qalıb ki, bütün dünyadan və günəşin saçdığı hər bir şeydən daha dəyərlidir. O həzrət mənə buyurdu: “Ey Əli! Sən dünya və axirətdə mənim qardaşımsan, məhşərdə mənə hamıdan yaxınsan, sən mənim vəzirim və vəsimsən, ailə və malımda mənim canişinimsən, dünya və axirətdə mənim bayraqdarımsan, sənin dostun mənim dostum, düşmənin də mənim və Allahın düşmənidir.”

◘Bir gün Peyğəmbərdən (s) soruşdular: “Nə üçün bizim dualarımız qəbul olunmur? Halbuki, Allah-təala buyurur: “Məni çağırın, Mən də sizə cavab verim.” Həzrət (s) buyurdu: “On şey sizin qəlbinizi öldürüb: 
1. Allahı tanıyıb öz bəndəlik vəzifələrinizi yerinə yetirməmisiniz. 
2. Qur`anı oxuyub ona əməl etməmisiniz. 
3. Peyğəmbərlə dost olduğunuzu iddia edirsiniz, lakin övladları ilə düşmənçilik etdiniz. 
4. Şeytanla düşmən olduğunuzu deyirsiniz, lakin onun ardıcıllarındansınız. 
5. Dediniz ki, behişti istəyirik, lakin heç bir əməl yerinə yetirmədiniz. 
6. Dediniz oddan qorxuruq, lakin bədənlərinizi ora atdınız. 
7. Camaatın eyiblərini araşdırmaqla məşğul oldunuz, lakin öz eyiblərinizdən xəbərsiz oldunuz. 
8. Dünyaya düşmən olmağınızı dilə gətirdiniz, lakin var-dövlət toplamaqla məşğul oldunuz. 
9. Ölümü iqrar etdiniz, lakin ona hazırlaşmadınız. 
10. Ölüləri torpağa tapşırdınız, lakin bundan ibrət almadınız. Bütün bunlara görə də dualarınız qəbul edilmir.”

◘On şeydə möhtəkirlik etmək qadağandır: buğda, arpa, xurma, kişmiş, qarğıdalı, yağ, bal, pendir, qoz, zeytun.

◘Mənim dediklərim şəriətdir, rəftarım təriqət, halətim həqiqətdir, əqlimin üstünlüyü mə`rifət, ləyaqət və səlahətim elmdir, geyimim təvəkküldür, xəzinəm qənaətdir, mənzilim doğruçulluq, məskənim yəqin, iftixarım fəqirlikdir və elə məhz bu da mənim başqa peyğəmbərlər yanında fəxrimdir.

◘Əli (ə) buyurub: ”Elm ən gözəl irsdir, əql ən gözəl (ilahi) bəxşişdir, ədəbən gözəl məşğuliyyətdir, təqva ən gözəl ehtiyat azuqəsidir, ibadət ən faydalı sərmayədir, saleh əməl ən gözəl rəhbərdir, xoş xasiyyət ən gözəl dostdur, səbrli olmaq ən mənfəətli yoldaşdır, qənaət (qane olmaq) ən böyük dövlətdir və tövfiq ən yaxşı köməkçidir.”
Dördüncü fəsil
İmam Məhəmməd Baqir (ə) və İmam Sadiqdən (ə) hədislər
◘Peyğəmbər (s) şərab barəsində on kəsə lə`nət edib: (şərab əldə etmək məqsədi ilə) ağac əkənə, ona qulluq edənə, üzümünü sıxana, şərabı içənə, paylayana, daşıyana, təhvil alana, satana, müştərisinə və pulunu yeyənə.

◘İslamın on sütunu var: tövhidi iqrar etmək, gecə-gündüz vacibi namazlar, cəhənnəm odu qarşısında sipər olan oruc, zəkat, həcc, müsəlmanların izzəti olan cihad, imanı qoruyub saxlayan əmr be mə`ruf, günahkar əleyhinə höccət olan nəhy əz münkər, cəmiyyət və ismət (yə`ni, nəfsi çirkinliklərdən qorumaq)

◘On şey var ki, hər kəs ölüm zamanı onlara malik olsa, behiştə gedər: tövhid və nübüvvətin iqrarı, səmavi kitabları tanıyıb e`tiraf etmək, namaz, zəkat, oruc, həcc, Allahın dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik və hər cür günahdan uzaq olmaq.

◘On kəs on şeyin intizarında olmasın: lovğa yaxşı adın, hiyləgər çoxlu dostun, ədəbsiz şərəfin, simic sileyi-rəhmin, məsxərəçi həqiqi dostluğun, təhsili olmayan qəzavətin, qeybətcil xoşagəlməz hadisələrə düçar olmaqdan salamat qalmağın, paxıl qəlb rahatlığının, xırdaçı böyüklüyün, özünübəyənən təcrübəsiz isə hakimliyin.

◘Bir gün bir kişi İmam Sadiqin (ə) hüzuruna gəlib dedi: “Atam-anam sənə fəda olsun, mənə mövizə et.” Həzrət (ə) buyurdu: “Əgər Allah-təala ruziyə zamindirsə, qüssələnmək nə üçün? Əgər ruzi bölünübsə, hərislik nə üçün? Əgər Qiyamət haqq-hesabı həqiqətdirsə (haram yolla) dövlət toplamaq nə üçün? Əgər Allah infaqın əvəzini verəcəksə, simiclik nə üçün? Əgər Allahın əzabı atəşdirsə, günah nə üçün? Əgər ölüm haqdırsa, (günah və batil işdən ötrü) sevinmək, şadlanmaq nə üçün? Əgər, əməllər barədə Allaha səhih hesabat veriləcəksə, özünü aldatmaq nədir? Əgər Sirat körpüsündən keçmək haqdırsa xudpəsəndlik nə üçün? Əgər hər şey müqəddər olunubsa, qəmlənmək nə üçün? Əgər dünya fanidirsə, ona e`timad nə üçün?

◘Ali insani keyfiyyətlər ondur. Bacarırsansa, bu keyfiyyətlərin hamısını əldə et. Bu xüsusiyyətlər bə`zən atada olur, lakin oğulda olmur, bə`zən də əksinə, oğulda olur, atada olmur, bə`zən qulda olur, azad insanda isə olmur. Həmin keyfiyyətlər bunlardır: camaatla rəftarda doğrucul olmaq, düz danışmaq, əmanətdarlıq, sileyi-rəhm, qonaqpərvərlik, dilənçiyə yemək vermək, yaxşılığın qədrini bilmək, qonşuluq haqlarına riayət etmək, dostluq haqlarına riayət etmək və nəhayət, bütün bu xüsusiyyətlərin başı olan həya.

◘Allah-təala öz Peyğəmbərini (s) ali əxlaqi keyfiyyətlər vasitəsi ilə üstün etmişdir. Siz özünüzü yoxlayın. Görsəniz ki, bu xüsusiyyətləri Allah sizə də verib, onların daha da kamala çatmasından ötrü çalışın: yəqin, qənaət, səbr, şükr, razılıq, xoş xasiyyət, səxavət, qeyrət, şücaət və alicənablıq.

◘“Qəsəsül-ənbiya” kitabında Peyğəmbərin (s) me`racı barədə uzun və müfəssəl bir hədis nəql olunub. Biz onun bir hissəsini nəql edirik:
–Ey Məhəmməd! İstə ki verim.
–Pərvərdigara! boynumuza ağır və bizi əldən salacaq yük qoyma. Çünki mümkündür biz onları (ağırlığı səbəbindən) həll etməkdən boyun qaçıraq və bu günahın nəticəsində Bəni-İsrailə etdiyin kimi öz halallarını bizə haram edəsən.
Xitab oldu:
–Çətinlik və sıxıntını sənin ümmətinin üzərindən götürdüm. Allah dininizi sizdən ötrü asanlaşdırmış, sizin üçün asayiş və rahatlıq istəmişdir. Bəni-İsrailin boynunda on ağır vacibat var idi: 
1. Günah etdikləri zaman halal yeməklər onlara haram olurdu. Bu barədə Qur`anda belə buyurulur: “Yəhudilərin özlərinə etdikləri zülm nəticəsində onlardan ötrü halal etdiyimiz pak-pakizə yeməkləri onlara haram etdik.” 
2. Əlli rəkət vacib namazları var idi. 
3. Zəkatları mallarının dörddə-biri qədər idi. 
4. Əgər cunub, ya heyz, yaxud da nifas halında olub su tapmasaydılar, o halda da gərək su tapana qədər gözləməli idilər. Çünki onlardan ötrü sudan başqa bir paklayıcı qərar verilməmişdi. (Lakin İslamda torpağa təyəmmüm etmək də paklayıcı qismindədir) 
5. Məsciddən başqa bir yerdə namaz qılmaq haqları yox idi. 
6. Oruc tutan zaman əgər məğrib namazını qılsaydılar, yaxud onları yuxu aparsaydı, növbəti gecəyə qədər bir şey yeməyə haqları yox idi. (Yalnız, məğrib namazından qabaq, yaxud yatmamışdan qabaq yemək yeyə bilərdilər). 
7. Namazdan sonra və yatandan sonra Ramazan ayında cima onlara haram idi. 
8. Sədəqələri qəbul edilməsəydi, bu onların rüsvayçılığına səbəb olardı. Çünki qəbul olunduğu halda atəş gəlib onun (yə`ni onların sədəqələrinin) bir hissəsini yandırar, qalan hissəsi ilə yoxsullara paylanılardı. Əgər, sədəqələri qəbul edilməsəydi, o zaman yanmırdı və sahibi camaat arasında rüsvay olurdu. 9. Paltarları nəcis olsaydı, həmin hissəni kəsib atmaqdan başqa çarəsi yox idi. 10. Günahları onların biabırçılığına səbəb olurdu. Çünki gecə günah etsəydilər, səhər çağı qapıları üzərinə yazılmış olurdu.
Bu on məsələ Musanın (ə) dininin ən çətin hökmlərindən idi. Bu hökmlər İslam Peyğəmbərinin (s) duası ilə bu ümmət üzərindən götürüldü. Bunun əvəzində on asan hökm müəyyən olundu. Xitab olundu:
Ey Məhəmməd! Sənin dualarına görə günah səbəbinə halalları sənin ümmətinə haram etmədim və Bəni-İsrailə haram etdiklərimi sənin ümmətinə halal etdim.
Bu barədə Qur`anda belə buyurulur: “Adı və əlamətləri Tövratda və İncildə göstərilmiş məkkəli Peyğəmbər onları yaxşı işlərə sövq edir və pis işlərdən çəkindirir. Pak-pakizə şeyləri onlara halal, çirkinlikləri isə haram edir.”
Ey Məhəmməd! Sənin etdiyin dualar səbəbinə ümmətindən ötrü əlli rükət namazı vacib etmirəm və Öz fəzl və kərəmimə əsasən torpağı sənin ümmətindən ötrü paklayıcı qərar verdim ki, qüsullu halda olub su tapmadıqları təqdirdə pak torpaqla təyəmmüm etsinlər.
Bu barədə Qur`anda buyurulur: “Əgər xəstə, ya cunub, yaxud səfərdə olsanız, yaxud hər hansı bir səbəb üzündən dəstəmaz, yaxud qüsul almalı olsanız, su tapmadığınız halda torpağa təyəmmüm edin.
Ey Məhəmməd! Sənin duanın bərəkətinin səbəbinə sənin ümmətindən ötrü onların məscidlərdən başqa yerdə qıldıqları namazlarını batil qərar vermədim. Harda namaz qılırlarsa qılsınlar, Öz fəzl və kərəmimlə onların bu namazlarını qəbul edərəm.
Ey Məhəmməd! Sənin duanın bərəkəti səbəbinə Ramazan ayında namazdan və yatdıqdan sonra yeməyi sənin ümmətinə haram etmirəm və Öz fəzl və kərəmimlə sübh azanına qədər yemək-içməyi onlara mübah edirəm.
Ey Məhəmməd! Sənin duanın bərəkətli səbəbinə Ramazan ayının gecələrində yaxınlıq etməyi sənin ümmətindən ötrü mübah edirəm.
Ey Məhəmməd! Sənin ümmətinin sədəqələrini onların rüsvayolma səbəbi etmirəm.
Ey Məhəmməd! Suyu sənin ümmətindən ötrü paklayıcı qərar verdim. Sənin ümmətinin Bəni-İsrail kimi paltarlarının nəcis olmuş yerlərini kəsmələrinə ehtiyac yoxdur (həmin hissəni su vasitəsi ilə paklaya bilərlər.)
Ey Məhəmməd! Sənin ümmətinin günahlarını qapıları üzərinə yazmaram və onları biabır etmərəm. Öz fəzl və rəhmətimlə onların günahlarını mələklərin və digər məxluqatın gözündən gizli saxlayaram.”

***
Duanın ədəbləri barədə

◘Duanın on ədəbi vardır:
1. Şərəfli məqamları qənimət hesab etmək. Məsələn, ərəfə günü, ramazan ayı, cümə günü, gecənin axırları (yə`ni, gecənin sübh namazından qabaqkı hissəsi) və s. Peyğəmbər (s) buyurub: Gecənin axırıncı üçdə bir hissəsində Allah-təala bir mələyi dünya səmasına göndərər ki, uca səslə car çəkib deyər: Kimdir ki, dua etsin və duası qəbul olunsun? Kimdir ki, xahiş etsin və ona əta olunsun? Kimdir ki, bağışlanma diləyir və bağışlanır?
2. Münasib anlardan yararlanmaq. Məsələn, hədislərdə gəlmişdir ki, göyün qapıları mücahidlərin Allah yolunda döyüşmək üçün sıraya düzüldükləri vaxt, vacib namaz vaxtları açıq olur. Elə isə, bu vaxtları dua etməkdən ötrü qənimət bilin. Bir hədisdə Peyğəmbər (s) buyurur: “Oruc tutan şəxsin duası rədd olunmaz.” Eləcə də, buyurub: “Bəndə səcdədə olarkən Allaha yaxın olduğu qədər heç bir anda Ona bu qədər yaxın olmur. Elə isə, səcdədə olarkən çox dua edin.” 
3. Dua edərkən üzü qibləyə oturulsun və əlləri o qədər göyə qaldırsın ki, qoltuqları görünsün. Salman Farsi Peyğəmbərin (s) belə buyurduğunu deyir: “Sizin Allahınız kərim və həyalıdır. Elə ki, bəndəsi dua etməkdən ötrü əllərini qaldırar, həya edər ki, Öz bəndəsinin əllərini boş qaytarsın.” Peyğəmbər (s) hər zaman dua etdikdən sonra əllərini mübarək üzünə sürtərdi.
4. Dua gərək aram və gizli şəkildə edilsin. Qur`anda buyurulur: “Öz Pərvərdigarınızı gizli şəkildə və ah-zar edərək yalvardığınız halda çağırın.” 
5. Hacətlər dilə gətirilsin. İmam Cə’fər Sadiq (ə) buyurub: “Allah-təala dua edən bəndələrinin hacətlərindən xəbərdardır, amma Allahın xoşu gəlir ki, bəndəsi öz hacətlərini dilə gətirsin və eləcə də, duanı cəm halda edin ki, qəbul olunmağa daha yaxındır.” 
6. Dua gərək ümid və qorxu halında edilsin; dua edərkən ali istəklərdə olsun. Çünki, heç bir şey Allahdan ötrü çətin deyil və duanın qəbul ediləcəyinə yəqini olsun, çünki, qəflətdə olan qəlbdən dua qəbul edilməz.
7. Dua edərkən gərək israr edilsin və öz istəyini üç dəfə dilə gətirsin. Məs`ud deyir ki, Peyğəmbər (s) dua və istəklərini üç dəfə təkrar edərdi. Dua edərkən gərək tələsmək lazım deyil. Peyğəmbər (s) bu barədə belə buyurur: “Dua qəbul olunar, lakin, siz tələsməyin və deməyin ki, mən dua etdim, lakin qəbul olmadı. Çox dua edin, çünki, siz Kərim olan Allahı çağırırsınız. 
9. Duadan qabaq Allaha zikr deyilsin. Bir hədisdə deyilir ki, Peyğəmbəri-Əkrəm (s) buyurub: “Dua etmək istəyərkən əvvəl mənə salavat göndərin. Allah böyük kərəm sahibidir. Allah belə deyil ki, iki istəyin birini qəbul edib, digərini geri qaytarsın. Çünki, salavat qəti olaraq qəbul edilən duadır.
10. Duanın batini qaydaları yerinə yetirilsin. Bu, yuxarıda qeyd olunan bütün şərtlərin əsası və köküdür. Məsələn, günahlardan tövbə etsin, camaatın haqqını ödəsin, Haqqın müqəddəs zatına kamil surətdə diqqət yetirsin və s. 
Duanın qəbul olunmasından ötrü ən mühüm şərtlər bunlardır.

***
Hikmət sahiblərinin dediklərindən

◘Bir hikmət sahibi deyib: “Ağıllı insanın on xüsusiyyəti var. Bunlardan beşi zahirdə, beşi isə batindədir. Zahirdə olanlar bunlardır: sükut, xoş xasiyyət, təvazökarlıq, doğru danışmaq və yaxşı əməl. Batində olan xüsusiyyət isə bunlardır: təfəkkür, ibrət almaq, xüzu, özünü kiçik tutmaq və ölümü yad etmək.”

◘Başqa birisi isə deyib: “Allah on xüsusiyyətin on kəsdə olmasını xoşlamır: Dövlətlidə xəsislik, fəqirdə təkəbbür, alimdə tamah, qadında həyasızlıq, qocada dünyapərəstlik, cavanda tənbəllik, sultanda tündxasiyyətlik, döyüşçüdə qorxu, zahiddə xudpəsəndlik (özünübəyənmə) və abiddə riyakarlıq.

◘Loğman öz oğluna deyib: “Oğlum! Hikmətin on hünəri var; insanların qəlbini dirildər, dərvişi sultanların məclisində oturdar, qədri bilinməyəni şərəfləndirər, qulu azad edər, qəribə yer verər, möhtacı ehtiyacsız edər, şəriflərin şərəfini, böyüklərin böyüklüyünü və əzəmətini artırar, qorxunu cür`ətə çevirər, döyüş meydanının zirehi, sülh zamanı mənfəətlə dolu sərmayədir, yəqin yolunu qət etməkdən ötrü bir çıraqdır, eyibləri örtən bir libasdır.”

◘Bir hikmət sahibi deyib: “Dünyanın sonu zaval, həyatın sonu ölüm yeməyin sonu zibillik, mal toplamağın aqibəti haqq-hesab, abadlığın sonu viranlıq, zalımın aqibəti əzab, ictimanın axırı pərakəndəlik, tövbənin nəticəsi bağışlanmaq, günahın sonu biabırçılıq, zöhdün sonu Allahın razılığı, hər bir mövcudun sonu ölümdür. Yalnız Allahın müqəddəs vücudundan başqa.”

◘Əflatun deyir: “On şəxs həmişə xardır: borclu, sözgəzdirən, yalançı, paxıl, aşiq, möhtac, tamahkar, əsir, müttəhim və nadan.

***
Zahidlərin dediklərindən

◘Bir zahid deyir: “Ən faydasız şey ondur; istifadəsiz alim, əməl olunmayan elm, qəbul edilməyən səhih rəy, işlədilməyən silah, istifadəsiz məscid, oxunulmayan Qur`an, infaq olunmayan mal, minilməyən at, dünyapərəstin qəlbində olan elm, axirət tədarükü görülməyən uzun ömür.”

◘Hər kəs on şeydən sağlam olsa, hər şeydən sağlam olar; xəsislik, təkəbbür, özünübəyənmə, riya, həsəd, şiddətli əsəbilik, yeməyə qarşı həris olmaq, cinsi yaxınlığa qarşı hərislik, var-dövlət hərisliyi və cah-cəlal və şöhrət hərisliyi.

◘Hər kəs insana nicat verən on xüsusiyyətə yiyələnsə onun üçün kafidir; günahdan peşimanlıq, bəlalara səbr, təqdirə razılıq, ne`mətin şükrü, ümid və qorxu arasında e`tidal, dünyada zahidlik, ibadətdə ixlas, camaata qarşı xoşxasiyyət olmaq, Allaha məhəbbət, Onun qarşısında müti olmaq.
Bu iyirmi xüsusiyyət bütün yaxşı və pis xüsusiyyətlərin kökü və əsasıdır.

◘Mövlana Cəlaləddin Rumi öz yaxınlarından birinə belə deyib: “Sənə tapşırıram; gizlində də, aşkarda da Allahdan qorx, az ye və az yat, artıq danışıqdan çəkin, günahdan uzaq ol, şəhvətlərə qurşanma, oruca mühüm yer ver, heç vaxt namazı əlindən vermə, camaatın əziyyətinə səbr et, adi camaatdan olan ağılsızlardan uzaq gəz, saleh və kərim insanlarla dostluq et.”

◘Bəni-İsraildən olan bir abid deyib: “Allahı tanı, başqalarını tanıma, Onun dostlarını dost, düşmənlərini də düşmən bil, dünyaya qarşı e`tinasız, axirətə qarşı meyilli ol, dünya malında səxavətli ol, axirət işlərində isə xəsis (yə`ni, heç bir savabdan imtina etmə), haqqa itaətdə şücaətli ol, günah etməkdə isə çox zəif.”

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий