Страницы

27.12.2015

Qədim Azərbaycan tarixi -1

I hissə: Münbit vilayət və geniş düzənlikləri buğda tarlaları ilə örtülü idi, çəmənlərində çox gözəl at ilxıları bəslənirdi

 Bir çox tarixçilər qədim Azərbaycan ərazisi haqqında danışdıqda yunan və Roma mənbələrində göstərilən Atropaten ərazisini nəzərdə tuturlar. İran tarixçiləri içərisində Azərbaycanın (Atropatenin) qədim dövrünün fiziki-siyasi coğrafiyası haqqında nisbətən geniş məlumat verən Məhəmməd Həsənxan Etimadüs-Səltənə olmuşdur. O, Əbu On İshaq-ibn-e-Əliyə və ibn Müqəffeyə əsaslanaraq, Azərbaycanın keçmiş sərhədlərini belə müəyyən etmişdir: “Azərbaycanın sərhədi şərqdən Bərdə  və qərbdən Zəncandır. Şimal tərəfdən onun sərhədi Tarum dağı və Deyləm ölkəsi ilə birləşir. O, geniş bir ölkədir. Onun məşhur şəhərlərindən biri Təbrizdir. Bu əzəmətli bir məmləkətdir. Onun çox hissəsi dağlıqdır, bu məmləkətdə mühüm və faydalı olan çoxlu qala vardır. Onun meyvəsi boldur. Bu qədər bağlı-bağatlı, axar sularından daha çox bulaqları olan başqa bir yer görməmişəm”.
 Müəllif davam edərək yazır: ”Azərbaycanda elə bir çeşmə vardır ki, oradan çıxan su bərkiyir və daşa çevrilir. Əhali kərpic qəlibi həmin su ilə doldururlar, az bir vaxt keçdikdə onun suyu yerə çöküb daş kərpic əmələ gəlir”.
 Məhəmməd Həsənxan Şardenə istinad edib yazmışdır: ”Azərbaycanın iki böyük dağı var: Savalan və Səhənd. Savalan muğların yeri olmuşdur. Atəşpərəstlərdə savalan müqəddəs yer mənasındadır. Bu vilayətdə mədən suları vardır ki, firəng həkimləri onlara diqqətli yanaşdıqda çox faydalı olmasını görmüşlər. Yunan və Roma tarixlərində qeyd edilən Midiya indiki Azərbaycandır”.
 Müəllif Yaqut Həməvinin “Möcəm-ül-büldan” əsərinə istinadən qeyd etmişdir: “Böyük İsgəndərin dövründə Mazandaran dənizi Herkaniya adı ilə məşhur idi”. O sonra yazır: ”Makedoniyalı İsgəndərin dövründən qabaq bir dəstə yunan taciri Qara dəniz tərəfdən Mazandaran dənizi sahillərinə gəlirdi. Yəni Poti tərəfdən o zaman Fazis adlanan Rioni çayının yanından Gürcüstana, Ermənistana və indiki Şirvana köçdülər. Onlar Kirus adlanan Kür çayı ilə Araks adlanan Araz çayı arasındakı ərazidə yaşayan Turan tayfasına mənsub bir dəstəyə rast gəldilər. Qədim iranlılar və yunanlar həmin əhaliyə sak, skif, sit və ya sakasena deyirdilər. Yəni saklar, skiflər və sakasenlərin sakin olduğu yeri, habelə Mazandaran dənizini də həmin nahiyələrin və ya sakinlərin adı ilə  Sakasena adlandırdılar. Sakasena yavaş-yavaş Kaspiyən oldu”.
 Məhəmməd Həsənxan “Bandhoş” kitabına istinadən qeyd etmişdir: ““Zare zənd” lüğətində “şorsu” dəniz mənasında işlədilmişdir. Zare fəraxrud, yəni böyük dəniz. Zənd “Avesta”da bir yerdə bu dənizin adı “Zare Ocestan” yazılıb və deyildiyinə görə, Dird çayı o dənizə tökülür”.
 Məhəmməd Həsənxan Bakı şəhəri haqqında yazır: “Həmzə İsfahaninin dediyinə görə, Sasani dövründə tarixçilər Mazandaran dənizini Akfudə dəryah və ya dra Akfudə adlandırmışlar. Dra və ya dəryah hər ikisi dənizdir. Şübhəsiz ki, Akfudə Badkubə deməkdir. Məşhur coğrafiyaşünaslar bu sözü “Baku”qeyd etmişlər”.
 Qeyd etmək lazımdır ki, Məhəmməd Həsənxanın Akfudanı müasir Bakı hesab etməsi sübutsuz olduğundan inandırıcı deyildir. Digər tərəfdən, Bakı adı, ehtimala görə, Baqavan-Baquan formasından əmələ gəlmişdir.
 Məhəmməd Həsənxan daha sonra qeyd edir: “Azərbaycanın paytaxtı ikinci şahnişin sayılırdı. Əzəmətinə və əhalisinə görə də ikinci idi. Belə ki, indi də belədir”. Müəllif həmin əsərin coğrafiya bölməsində yazır: “Atropaten qədim Azərbaycan ölkəsinin adıdır. Azərbaycan əvvəl Midiyadan, yaxud  Çibal ölkəsindən ayrılmışdır”... “Kəyan nəslinin sonuncu şahı olan III Daranın dövründə Azərbad adında olan bir şəxs şah tərəfindən bu vilayətdə hakim idi. Yunanlılar Azərbada Atropat deyirdilər. Ona mənsub olan vilayəti Atropaten kimi qeyd etmişlər”.
 Müəllif Albaniya haqqında da qısa məlumat verir: “Albaniya” qədim Dağıstanın və Şirvanın adı olmuşdur. Qədim coğrafiyaşünaslara görə, bu ölkənin sərhədi Xəzər dənizi, Kür çayı, Gürcüstan və Azərbaycandır... Bu ərazinin paytaxtı Kabala savar idi”.
 Həsən Pirniya Azərbaycanda olan Urmu gölü və Qafqazdakı Göyçə gölündən bəhs edərkən birincinin qədim fars mənbələrində, “Avesta”da və pəhləvi dilində olan kitablarda Çiçəst, ərəb mənbələrində Urmiyyə adlandırıldığını qeyd edir. Müəllif doğru olaraq Xəzər dənizi adının əsrlər boyu onun şimal-qərbində yaşamış  xalqın adı ilə əlaqədar meydana çıxdığını göstərir. O, Strabona istinad edərək qədim dövrlərdə bu dənizin Kasp və yaxud Herkan adlandığını, ərəb coğrafiyaşünaslarının isə Kasp sözünü Qəzbiyyən işlətdiklərini yazır.
 H.Pirniya Amerika coğrafiyaşünası Hüntinqtona əsaslanaraq bu dəniz suyunun Makedoniyalı İsgəndər dövründə hazırkı səviyyəsindən 150 ayaq yuxarıda olduğunu qeyd edir.
 İran coğrafiyaşünaslarından Məsud Keyhan özünün “Coğrafiya-ye müfəssəl-e İran” əsərində Azərbaycanın qədim siyasi coğrafiyası haqqında yazır: “Azərbaycan qədim Midiyanın bir hissəsidir ki, şimaldan Arran, cənub-qərbdən Assuriya, qərbdən Ermənistan və şərqdən iki əyalət- Muğan və Gilanla həmsərhəd olmuşdur”.
 Məsud Keyhan Midiyanın sərhədlərindən danışarkən Azərbaycan haqqında da məlumat verir: “Midiya” (“Avesta”da Raqa, yaxud Rey) şimaldan Xəzər dənizi, qərbdən Ermənistan, cənubdan Suz, şərqdən isə Ariya (Harayu)  ilə həmsərhəd olmaqla, onun mərkəzi Əkbatan və ya Həngmədan (müasir Həmədan) şahın yay düşərgəsi idi. Midiyanın Ermənistana yaxın hissəsi dağlıq və soyuq olan Atropatena və yaxud Azərbad imiş. Münbit vilayət və geniş düzənlikləri buğda tarlaları ilə örtülü idi. Çəmənlərində çox gözəl at ilxıları bəslənirdi ki, hər il qatır və qoyundan başqa onlardan külli miqdarda xərac əvəzinə İran şahlarının xəzinəsinə təqdim edilirdi”.        
 Antik və ərəb tarixçilərinin verdikləri məlumat əsasında demək olar ki, Albaniya və Arran müasir Azərbaycanın müəyyən ərazisini təşkil edirdi. Antik tarixçilər bu ərazini Albaniya, ərəb müəllifləri isə Arran və ya Aran adlandırmışlar. Qeyd etmək lazımdır ki, müasir İran tarixçiləri Albaniya və ya Arranın qədim coğrafiyasına az diqqət yetirmişlər. İran tarixçilərindən Səid Nəfisi bu ərazi haqqında bir neçə cümlə deməklə kifayətlənmişdir: “Qədim zamanlarda oraya (Şimali Azərbaycana) daha çox Arran deyirdilər”. S.Nəfisiyə görə, çox qədim zamanlarda ari irqində bir qəbilə bu ərazidə yaşayırmış. İranlılar bunlara alan və ya alani deyirdilər və nisbətən yaxın dövrlərdə alan sözü İran dillərində arran şəklində yazılmışdır.
 Albaniya və Arran adları haqqında akademik Yusif Yusifovun tədqiqatına görə isə: “Qədim Azərbaycan ərazisində hal adlı qəbilələr yaşamış və həmin “hal” etnonimindən (h) alban adı  əmələ gəlmişdir”. Müəllifə görə, Aran adı isə qədim Azərbaycanda yaşamış yerli qəbilələrin dilindən götürülmüşdür. “Bu yerli dillərin qalığı İberiya-Qafqaz dillərində ehtimal ki, gözə çarpır. Məsələn, azərbaycanlılar isti düzən yerə aran deyirlər...”
 S.Nəfisi Arran ərazisinin sərhədi haqqında yazır ki, əvvəllər Arran ərazisini şimal-şərqdən Dərbəndə, qərbdən isə Tiflisə, cənub və cənub qərbdən Kür çayına qovuşan bir nahiyə kimi tanıyırdılar. “Sonrakı dövrlərdə Arranı Şirvan ilə İran Azərbaycanı, yəni Kür ilə Araz çayları arasında yerləşən bir nahiyə kimi tanıyırdılar. Bu nahiyənin paytaxtı islamdan əvvəl Qabala, Gəvələk olmuş, ərəblər isə ona Qəbələ adı vermişlər”.
 S.Nəfisi Arranın istər qədim, istərsə sonrakı dövrlərdə sərhədini və paytaxt şəhərinin yerini düzgün müəyyən  etmişdir.
 Azərbaycanın qədim coğrafiyası haqqında Ələkbər Dehxuda yazmışdır: “Qədim dövrdə Azərbaycan şimaldan Arran, cənub-qərbdən Assur, qərbdən Ermənistan və şərqdən isə iki əyalət olan Muğan və Gilan ilə həmsərhəd olmuşdur. İqlimi mülayim və soyuğa maildir. Xüsusilə qışda hündür yerlərdə çox soyuq olur. Onun ərazisi ümumiyyətlə məhsuldar və yaşıl çiçəkli otlaqlardan ibarətdir. Azərbaycanın ən mühüm dağları Savalan və Səhənddir”.
 Ə.Dehxuda Arran haqqında yazır: “Arran Azərbaycanda bir ölkədir. Bu gün ruslar oranın hamısını Azərbaycan adlandırırlar... Azərbaycanda vilayətdir. Gəncə və Bərdə onun şəhərləridir, deyirlər orada qızıl və gümüş mədənləri vardır. “Arran” təşdidsiz də deyilmişdir”.
 Ə.Dehxuda Deməşqinin “Nüxbət-üd-dəhr” əsərinə istinadən göstərmişdir: “Deyildiyinə görə iki adam- Qubad və Ənuşirəvan Arranın düzənliklərində, Arran və Ermənistanda 30-dan artıq şəhər tikdirmişdir. Onu bina edən isə Arran bine Kəşlu Cim bine Liti olmuşdur”. Müəllif “Hüdud-ül-aləm” əsərinə əsasən aşağıdakıları qeyd edir: “Arran ölkənin bir hissəsidir ki, Bərdə şəhəri onun qəsəbəsidir. Kiçik şəhər olan Beyləqan, Bajgah, Gəncə, Şəmkur, Xunan nahiyəsi, Vərduqiyyə şəhəri, Tiflis, Qala, Şəki və Mübarəkə kəndi, Soq-ül-Cəbəl və Sünbatman, Senar nahiyəsi, Bərdic şəhəri, Şirvan nahiyəsi, Xirsan, Lizan və Kərdvan şəhərciyi və Şirvan və Xəzər Dərbəndi bu nahiyədəndir”... “Axar suları çox olan ölkədir. Gözəl meyvələri, qırmızı boyağı, şalvar bağı, sumax, zili və xalçaları, ağacı, ipəyi, tutu, bitkidən hazırlanan rəngi, şabalıdı, qiymətli xəzi, zirəsi, yun paltarları və neft mədənləri vardır və s...”
 Azərbaycan çaylarından danışan Dehxuda Azərbaycanda Araz, Maku çayı, Ağçay, Xoyda isə Qoturçay, Mərənd çayı (Mari kəndi Qoturçay ilə Ağçayın birləşdiyi yerdədir), Göy günbəz, Əndarab və Əhər çaylarının olduğunu göstərir.
 “İranın hərbi coğrafiyası” əsərinin müəllifi Əli Rəzmara Azərbaycanın coğrafi mövqeyi haqqında yazır: ”Azərbaycan məntəqəsi şahənşahlıq ölkəsinin sərvətli, məhsuldar və mühüm əyalətlərindən biri olmaqla, sakinlərinin də nisbəti (çoxluğu) başqa məntəqələrə görə çox artıqdır”. Müəllifə görə: “Müxtəlif dağlıqlar, cürbəcür çaylar və yerin daim rütubətli olması bu əraziyə təravət və bol məhsuldarlıq vermişdir ki, ölkənin başqa yerləri ilə müqayisəedilməzdir. Bu məntəqədə məhsul və meyvələrin ölkənin başqa yerlərindən daha artıq olması burada torpağın münbit və bərəkətliliyini sübut edir. Ərazinin məhsuldarlığı və kifayət qədər qüvvətli sakinlərinin olması buranı iqtisadi və ticarət nöqteyi-nəzərindən çox əhəmiyyətli edir”. Əli Rəzmaraya görə, Azərbaycan istər hərbi və istərsə iqtisadi və ticarət nöqteyi-nəzərindən görkəmli məntəqələrindən biri olmuşdur.
 Beləliklə, müasir İran tarixçilərinə görə Azərbaycan şimalından Arran, qərbdən Ermənistan, cənub-qərbdən Assur, şərqdən Muğan və Gilan əyalətləri ilə həmsərhəd olmuşdur.
 Müasir İran tarixçiləri, habelə coğrafiyaşunasları Azərbaycanın sərhədlərini düzgün göstərmirlər. Ona görə ki, Atropatena dövründə (eramızdan əvvəl III eramızın II əsri) Muğan və Gilanın bir hissəsi Kiçik Midiya, yaxud Atropaten ərazisinə daxil idi. Atropatenin (Kiçik Midiyanın) sərhədləri haqqında Strabon belə demişdir: “Bu ölkə Ermənistan və Matianadan şərqdə, Böyük Midiyadan qərbə tərəf və hər iki ölkədən şimala tərəf yerləşmişdir. Cənubdan o, Qirkan dənizinin çökəkliyinə yaxın əyalətlərlə və Matiana ilə həmsərhəddir”. Göründüyü kimi, bu dövrdə Albaniya və yaxud Arran ərazisi Azərbaycana daxil edilməmiş və Muğanın sərhəd olması barədə bir söz deyilmir.
 Ərəb coğrafiyaşünası İstəxriyə görə, Azərbaycan şərqdən Kuhistan və Xəzər dənizi, qərbdən Ermənistan və şimaldan Allan, Qıbk dağları (Qıbk dağı Qafqaz dağı deməkdir), cənubdan İrak və Cəzirə ilə həmsərhəddir. İstəxrinin dediklərindən məlum olur ki, onun dövründə Atropaten (Kiçik Midiya), habelə Arran Azərbaycan adlanırmış. Müəllif Azərbaycanın şimal sərhədlərinin (Qıbk) Qafqaz dağlarına qədər uzandığı fikrini irəli sürmüşdür.

İbrahim Sel, “Qədim Azərbaycan tarixi”

Комментариев нет:

Отправить комментарий