Страницы

02.12.2015

Yakovun skripkasının havasında yazılmış aprel tezisləri

Mətləb Ağa

Hər kəs istəyir ki, insanlıq, rahatlıq, doğruluq və sevgi içində yaşasın.
Ancaq fərqində də deyilik ki, buna mane olan səbəb də elə özümüzük, öz düşüncələrimiz və əməllərimizdir.
Bu bahar tətilində qərara aldım  ki, oturub Anton Pavloviç Çexovun əsərlərini yenidən oxuyum. Niyə ki, bu yaşda Çexovu oxumağın ayrı  ləzzəti var. 
Yəni, bəlkə də Çexovu daha yaxşı başa düşmək üçün həm də müəyyən yaş həddinə çatmalısan. 
Amma, sözsüz ki,  kimisə, nəyisə, ələlxüsus da yazıçını, kitabı başa düşmək yalnız yaşla bağlı olan məsələ deyil.
Məşhur sovet yazıçısı Konstantin Paustovski (1892-1968) “Məni düşündürən kitab” adlı əsərində, fransızlar Gi de Mopassan və Viktor Hüqoyla yanaşı, rus Çexov haqqında da fikirlərini bölüşür və  yazır ki, “yalnız sözün əsl mənasında böyük adamlar Çexov kimi təvazökar ola bilərdi. Lovğa, iddialı, tərifbaz adamlardan onun zəhləsi gedirdi. Bir insan kimi də Çexov olduqca xeyirxah idi, lakin əsas məsələ onun bir yazıçı kimi xeyirxah və humanist olmağındadır... Çexov insan ürəyinin sirrlərinə, insan dərdinin, bədbəxt taleyin nə demək olduğuna çox yaxşı bələd idi, bunu bir həkim kimi bilirdi, bir yazıçı kimi bilirdi və insanlardan bir-birinə qayğı ilə yanaşmağı tələb edirdi”.
Bu həmin Paustovskidir ki, adı bəlkə də indi bir çox oxuculara heç bir şey demir. Yeri gəlmişkən, Moskvada doğulmuş və elə orada da ölmüş Paustovskinin atası Zaporojye kazakı, ata nənəsi isə türk qadını olub. 
Yazıçıdan və kitabdan danışırkən, Viktor Hüqonun “Səfillər” romanını də bu aralar bir daha oxumaq istəyirəm. 
Bu əsəri oxumamısansa mütləq oxumaq, oxumusansa, hökmən  təzədən oxumaq lazımdır.
“Səfillər”i oxuyub öyrənən adamı həyat çaşdıra, yolundan çıxarda, şərə istiqamətləndirə bilərmi?! 
İnanmıram.
Müxtəlif, fərqli insan xarakterlərinin “bəsdir” deyincə bolluğu, kitabın səhifələrindən oxucunun sifətinə çırpılan amansız həyat həqiqətləri, Böyük Xeyirxahlığa israrlı, davamlı və qüdrətli çağırış oxuduğumuz hansı başqa əsərdə var?! 
Bu kitabdakı Marius və Kozettanın məhəbbətini təsvir edən cümlələr qədər əlahəzrət Sevginin müqəddəs və həqiqətən də var olduğuna məni başqa nə inandıra bilər?
 Xatırlamıram.
Gələk Çexova.
Anton Pavloviçin “Qara rahib” adlı əsərinin qəhrəmanı Andrey Kovrin oxucuyla ilk tanışlığından “əbədi həqiqət nədir” sualının  cavabını axtarır. 
Çexov yazır ki, özü inanmasa da, Kovrin bu sualın cavabını artıq bilirdi. Oradan bilirdi ki, xeyirxah və ləyaqətli bir insan kimi xarakterizə edə biləcəyimiz Kovrinin  beynindəki o qəribə əfsanənin qəhrəmanı, Kovrinin Tanyaya əvvəlcədən dediyi kimi, min ildən sonra düz təyin edilmiş vaxtda peyda olub Andreyin gözlərinə bir kabus kimi görünən Qara rahib özünü ruhi cəhətdən xəstə, dəliliyin bir addımlığında hiss edən Kovrinlə söhbətlərində Andreyin bu barədəki suallarına “Əbədi həyatın qayəsi zövqdür. Zövq isə  mərifət, idrak deməkdir... əgər sağlam və normal olmaq istəyirsənsə, onda get sürüyə qoşul” cavabını vermişdi. 
Başqa sözlə, Kovrin həvəslə söhbətləşməsinə, inancına zidd olsa da, xəyallarındakı müdrik Qara rahibə azacıq da olsa, etimadsızlıq bəsləyirdi, rahibin gözlərinə görünməsinə həm də başlayan dəliliyinin, ruhi xəstəliyinin təzahürü kimi də baxırdı. Qara rahibsə, Kovrini onun özündən yaxşı tanıyır və deyirdi: ”Siz insanları böyük, parlaq bir gələcək gözləyir, özü də yer üzündə sənin kimi adamlar nə qədər çox olsa, bəşəriyyət o gözəl gələcəyə bir o qədər tez qovuşar. Sizin kimi ülviyyətə xidmət edən və  azad şüurla yaşayan adamlar olmasaydı, bəşəriyyətin vəziyyəti çox acınacaqlı olardı... siz isə bəşəriyyəti əbədi həqiqət səltənətinə bir neçə min il daha tez çatdıracaqsınız...”
Müdrik Qara rahib israr edirdi ki, Andrey öz ülviyyətilə əbədi həqiqəti anlamasının bir addımlığındadır, bəlkə də artıq anlayıb, əbədi həqiqətin içindədir, onun bir parçasıdır. 
Düzünə qalsa, Kovrin bu halıyla çox xoşbəxtdi. 
Bu vəziyyətilə eyni zamanda Tanyanı, ətrafdakıları, sevdiklərini, qoca Yeqor Semyonıçı də xoşbəxt edir. Lakin, elə təsadüfən evləndiyi Tanyanın təhrikilə də həkimə gedib müalicə olunur  və bu “sağalma” müdrik məsləhətçisi və müəllimi Qara rahibin qeyb olmasına,  özünün də məhvinə gətirib çıxarır.
Beləliklə, Kovrin bu İlahi xoşbəxtliyi-xəstəliyi özünə çox görür, arvadı Tanyanın onu həkimə aparmasına razılıq verib bizim başa düşdüyümüz mənada sağalmağa başlayır, adiləşir, gün-gündən əbədi həqiqətdən uzaqlaşır və nəticədə, əvvəl mənəvi anlamda, sonrasa fiziki cəhətdən də məhv olur, ölür.
Çexovun təbirincə, sürü-əbədi həyatın, əbədi həqiqətin düşmənidir. Əslində, xəstə - Kovrinin ətrafındakı cəmiyyətin özüdür. Gözlərinə Qara rahibin görünməsi halıyla magistr Kovrin ruhən sağlamdır, doğru yoldadır, əbədi həqiqətin yolçusudur. Ətrafındakılarsa yanlış olaraq onu xəstə, dəli sayır, Kovrin də bu insanların özü haqqındakı fikirlərinin təsirinə düşür. 
Budur,  Andrey Tanyanın təhrikilə guya sağalır, əslindəsə ruhən pozulur, ülviyyəti yox olur, zəif, əvvəllər onu çox sevən arvadı Tanyanı, qoca qaynatası, yazıq Yeqor Semyonıçı təhqir edə, onları incidə biləcək qədər rəzil birinə çevrilir. 
Həm də, Andreyin bu rəzilliyindən ən çox onu əvvəllər dəli, xəstə hesab edən, qəhrəmanımızı “sağaldıb” özlərinin gününə salan adamlar  ziyan çəkir.
Buna görə də anlamaq olar ki, əbədi həyat və əbədi həqiqət mümkün deyil. 
Heç olmasa indilik və sabahlıq. 
Kovrinin ətrafındakı “sağlam və normal” insanlar öz düşüncələri və əməllərilə əbədi həqiqətin qələbəsinə heç vaxt imkan verməyəcəklər. Çünki, həddən artıq çoxdurlar.
***
Müəllifin digər əsəri “Qılaflı adam”ın qəhrəmanı Belikov da məhz belə “sağlam və normal” insan deyildimi? 
Baxmayaraq ki, ilk baxışdan elə çıxır ki, “qılaflı” Belikovun özü xəstədir, təsadüfən rast gəlinən, həyatda az tapılan bir personajdır. Həqiqətdəsə, cəmiyyət əksəriyyət olaraq qılaflı adamlardan ibarətdir. Bu adamlarsa əbədi həyatın-əbədi həqiqətin düşmənləri və Kovrin kimi “ülviyyətə xidmət edən” insanların məhv olmasının birbaşa səbəbidir.
Bu baxımdan, yazıçı “Rotşildin skripkası” hekayəsində bəşəriyyətə çoxlu  mesajlar verir... Hekayənin qəhrə¬manı, həyatını ancaq mənfəət qazanmaq üzə¬rində qurmuş, insanları pul qazanmaq vasitəsi sayan,  gücü çatdıqlarını  alçaldan, çatmadıqlarına yaltaqlanan  tabutçu Yakov ancaq arvadı qoca Marfa xəstələnib öləndə başa düşür ki, indiyədək heyvan kimi yaşayıb. Bircə dəfə də olsun Marfaya xoş söz deməyib, qayğısına qalmayıb (elə ona görə də Marfa ölərkən üzü belə fərəhlidir, canının Yakovdan biryolluq qurtardığına görə sevinir), nəinki bircə dəfə də olsun yaxınlığdakı çayda qayıqla üzüb, heç o çayın qırağına belə getməyib, oturub ancaq insanların ölümünü gözləyib ki, tabutlarını düzəldib pul alsın və bu pulu banka qoyub faiz qazansın. 
Bir sözlə, Yakov ancaq Marfa öləndə dərk etməyə başlayır ki,  bu günə qədər elədikləri doğru deyil, hər şey nəsə başqa cür olmalıydı.
”Nə üçün insanlar, həmişə ancaq lazım olmayan şeyləri edirlər. Nə üçün Yakov bütün həyatı boyu savaşmış, dalaşmış, yumruqlarını sıxıb başqalarına hücum eləmiş, arvadını təhqir etmişdir?... Nə üçün insanlar, ümumiyyətlə bir-birinin yaşamasına mane olurlar? Axı bunun nəticəsində böyük zərərlər olur. Dəhşətli zərərlər olur.” 
Lakin Yakovun həyatını dəyişməyə vaxtı qalmır, çünki çox keçmir ki, özü də ölür.
Ancaq bizim özümüzün də bütün bu deyilənlərdən başa düşdüyümüz haraya qədərdir?
Elə yəqin buna görə, hekayə belə acı notlarla qurtarır ki, Yakov ölüb gedir, tabutçunun vəsiyyət etdiyi skripkada onun ölməzdən əvvəl daxmasının astanasında oturub çaldığı qəmli havanı təkrarlamağa çalışan yəhudi çalğıçı Rotşildin, Yakovun astanadakı havasına oxşar havasısa, qulaq asanların hamısını kədərləndirib ağlatsa da, bütün dinləyənlərin, məmurların və tacirlərin bu musiqidən zərrə qədər də qandıqları şey olmur, bu hava onların sadəcə xoşuna gəlir. 
Ancaq biz oxucular artıq bilirik ki, bu hava  Yakovun əldən getmiş, zərərlə dolu, insan kimi yaşamadığı, insanları incitdiyi, yalnız banka pul qoyub faiz qazanmağa çalışdığı mənasız həyatının havası, əlacsız, çarəsiz  ifadəsiydi...
Bu arada, Lev Tolstoyun “Saxta kupon” hekayəsini  də xatırlayaqmı? 
Xatırlayaqmı ki, bizim öz mənafeyimiz, şəxsi qazancımız üçün atdığımız bir addım, bəzən də heç fərqinə belə varmadan etdiyimiz kiçik bir pislik belə nə qədər insan faciələri törədə, dəhşətli həyat mənzərələrinə səbəb ola bilir.
İki manat əlli qəpiklik kuponu saxtalaşdırıb o kupondakı iki rəqəminin qarşısına bir rəqəmini əlavə edib kuponu on iki manat əlli qəpiklik saxta kupona çevirən gimnaziyaçılar Maxin və Smokovnikov, bəlkə ağıllarına da belə gətirmirdilər ki, adi, xırda bir şey hesab etdikləri bu yaramazlıq bir azdan “domino effekti”lə neçə insanın  bədbəxtliyinə, həbsxanaya düşməsinə və qətlinə səbəb olacaq.
Deməli, insan təbiətindəki şərin indiki ən kiçik təzahürü belə sonradan böyük faciələrə yol açır.
Tabutçu Yakovun  dediyi “böyük zərərlər” özlüyündən, elə-belə əmələ gəlmir, birbaşa insanların qeyri-insaniliyindən, tamahından, acgözlüyündən, dargözlüyündən, xəbisliyindən  törəyir.
***
Bu yerdə, çoxdan, hardasa iyirmi beş il əvvəl  eşitdiyim bir əfsanəni xatırlayıram. Maraqlı olduğu üçün burada yazıram. Təxminən belədir:
 Bir kənddə üç qardaş yaşayır. Bir gün hardansa peyda olan, yaxınlıqda yerləşən dağdakı mağarada  köç salan  əjdaha kənddəki insanlara əziyyət verməyə, öldürməyə, var-yoxlarını talamağa başlayır. 
Bu üç qardaş qərara alır ki, gedib o əjdahanı öldürsünlər. 
Gedir və əjdahanın yaşadığı  mağaranın həndəvərinə çatırlar. 
Mağaraya birinci böyük qardaş girir. 
İçəridən qarmaqarışıq səslər, qışqırıqlar və döyüş çığırtıları eşidilir. 
Bir azdan əjdaha çıxır bayıra, qürurla, qalib ədasıyla gəzişib yenidən mağaraya dönür. 
Bu dəfə ikinci, ortancıl qardaş gedir əjdahaya döyüşməyə. 
Eyni şeylər baş verir içəridə. 
Əjdaha yenə də çıxır bayıra, şəstlə gəzişir və yenə mağaraya qayıdır. 
Bu dəfə mağaraya kiçik qardaş girir. 
Baxır ki, nədənsə içəridə qardaşlarının ölüsü gözünə dəymir. Deyir, yəqin ikisini də əjdaha yeyib. Əjdahayla döyüşüb onu öldürür. Sonra ətrafına göz gəzdirir, görür ki, hər tərəf qızılla doludur. Tamah kiçik qardaşa üstün gəlir. Əyilib qızıldan götürmək istədikdə, dizlərinədək əjdahaya çevrilir. Nə baş verdiyini anlamadan təzədən əyilir ki, yenə qızıldan götürsün. Bu dəfə qurşağa qədər əjdaha olur. 
Kiçik qardaş indi başa düşür ki, tamahı onu əjdahaya çevirməkdə, insanlıqdan çıxarmaqdadır. Dərk edir ki, əjdahaya dönməkdən qurtulmağın bircə yolu var, o da öz tamahına qalib gəlməkdir.Və tamahına üstün gəlib əjdahaya çevrilməkdən qurtarır, bu zaman həm də anlayır ki, sən demə, elə birinci döyüşdə böyük qardaşı əsl əjdahanı öldürübmüş, ortancıl qardaşının öldürdüyü nəfsinin insanlıqdan çıxartdığı böyük qardaşıdır. Özüsə tamahının əjdahaya çevirdiyi ortancıl qardaşını öldürüb.
Əlbəttə, bu əfsanədəki məna çox dərindi. 
Əjdahadan, qızıldan və tamahın adamı zəlil günə salmağından artıq bir şeydi yəni...
İnsanlığa, insan olmağa, Çexovun “əbədi həqiqət” inə  çağırışdı...
Ancaq, doğrudanmı bizə elə gəlir ki, Kovrinin, tabutçu Yakovun, Belikovun və yaxud hansısa əfsa¬nə-dəki üç qardaşın bizə heç bir aidiyyəti yoxdur,  bütün bunlar hamısı mənasız şeylərdir, boş-boş hekayətlərdir?
Özümüzü əjdaha və ya tabutçu Yakov olmaqdan qoruya bilmişikmi?
Deyəsən, heç vecimizə də deyil.
Niyəsə yadımızdan çıxıb ki, tabutçu Yakovun qaçılmaz sonluğu hamımızı gözləyir...
Sondasa, çalınan havamızı başa düşməyə də bilərlər...
Çünki, onda çox gec olur...
Eynən tabutçu Yakovda olduğu  kimi...
...Havamızı oynamağa hazırığmı?

Комментариев нет:

Отправить комментарий