Страницы

23.01.2016

İlya Zemtsov. Oğurlanmış respublika -12

İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan”

XII hissə: Əliyev korrupsiyaya qarşı mübarizə adı ilə rəqiblərini sıradan çıxarırdı

Vəzifəyə KQB əməkdaşlarının gətirilməsi daha nələrə xidmət edirdi?

Heydər Əliyevin yerinə hazırlanan Əmirov kim idi?

İnqilabı yumurta, ət və kolbasa ilə boğmağa başladılar. Bakı və Sumqayıta mərkəzdən ərzaq göndərildi, vitrinlərdə  ət, kolbasa, yumurta, yağ görünməyə başladı. Bu vəziyyət uzun çəkəcəkmi? İki-üç ay keçmir, mağazalar yenə boşaldı. Moskva bölüşmək istəmirdi. Bakı və Sumqayıtdakı etiraz səslənən may nümayişləri üfüqdə parıltı idi? Bunun ardınca qızmar yay başlayacaqdımı? On il sonra bu nümayişlər yada düşəcəkdimi? Ola bilsin, kimlərsə bu etirazların olduğuna inanmayacaqlar. Azərbaycan neft-kimya institutunun  tələbələrinə inanmadıqları kimi. Onları 12 gün Sumqayıtda zirzəmidə saxladılar, döydülər, işgəncə verdilər, amma  qiyamı kimin təşkil etdiyi barədə məlumat ala bilmədilər.

“Rus olmaq istəyirəm”

Akademik, üstəlik Sosialist əməyi qəhrəmanı. Axundov özünü akademik kimi hiss edirdi. “Niyə olmamalıyam?”, fikirləşirdi. Professorlar akademik olurlar, o da artıq professordu.
Dadlı Kuba siqaretini çəkən Axundov uşaqlığını yada saldı. Bir dəfə müəllim ondan soruşmuşdu: Kim olmaq istəyirsən?
-Rus olmaq istəyirəm ,- demişdi.
Yadına Qazaxıstan KP MK-nın birinci katibi Kunayevin  zarafatla dediyi sözləri düşdü: “Mən Siyasi Büroya düşən birinci və sonuncu Qazaxam”.

Akademiklik uğrunda çəkişmə

Axundov böyük kabinetdə xeyli gəzindi. Nə deyirlər, desinlər, Qusman düz fikirləşir. O bu dəfə də başqalarından uzaq görən bir addım atdı. Sov.İKP MK ona, İsgəndərova və Əlixanova respublika Elmlər Akademiyasına (EA) seçkilərdə iştirak etməyə icazə vermədi. Çünki bu üç nəfərin akademiklik uğrunda mübarizəsi Siyasi Büroya qədər gedib çıxmışdı. 
Axundov birinci katibliyi akademiyaya üzv olmağa dəyişməyə hazır idi. Əlbəttə, respublika səviyyəsində deyil, SSRİ səviyyəsində. Brejnevin əlində nə idi ki? İmkanları çoxdu, amma o katibliyi Elmlər Akademiyasının həqiqi üzvlüyünə dəyişməyə hazır olduğunu Brejnevə dedi. SSRİ Elmlər Akademiyasının mikrobiologiya şöbəsinin elmi katibi olmaq istəyirdi. Bəlkə, elə akademiyanın vitse-prezidenti olsun?! Onda sakitcə ölmək mümkündür. Bir də niyə ölür ki, yaşamaq  lazımdır. Fransız dilində akademik sözünün mənası “yaşamaq” idi. Azərbaycan respublikasının EA prezidenti R.İsmayılov seçkilərdə uduzmuşdu, qoca, hərəkət edə bilməyən bu adam rəqiblərindən çox az səs toplamışdı. Bəlkə elə İsmayılovun yerinə seçilsin?!
Brejnevi inandırmaq çətin olmadı. 1969-cu ilin mayında Axundov Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildi. Bir neçə həftədən sonra Axundov öz ərizəsi ilə birinci katiblikdən azad edildi. Düşünürdü ki, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olacaq.
Axundov bir də fikirləşdi. Hətta ərizəsinə “elm sahəsini gücləndirmək məqsədi ilə” sözünü də yazmaq istədi. Belə yaxşıdı. Bəlkə Kirilenkoya desin. Axundov Brejnevlə hər şeyi danışmışdı. Hətta yerinə Əmirovu təyin edəcəkləri barədə razılıq da alınmışdı. Əmirov zəifdi, amma Axundova sədaqətli idi. Yadına plenumdan suyu süzülə-süzülə çıxan İsgəndərovu və Əlixanovu saldı, “axmaqlar, elə bilirdilər ki, onları seçəcəklər”. Yoxsa sözəbaxan qoyunlar kimi Bakı ilə Moskva arasında qalmışdılar. Plenuma Kirilenko gələcək. Birdən yadına düşdü ki, bəs Kirilenko gələcəyi tarix barədə niyə məlumat vermir? Bəlkə ona zəng edim?
Axundov fikirlərdən ayıldı. Stolun üstündəki məlumatlara baxdı. Yenə Əlizadənin adını gördü, elə bil beyninə qan sızdı. 1968-ci ildə həbsxanadan qayıdanların 31 faizi, 1969-cu ildə isə 33 faizi yenidən cinayət törədib həbsxanaya qayıtmışdı. Onu əvəz edəcək gözlənilməz rəqibinin dövründə isə bu rəqəm 37 faizə  çatacaqdı. 1970-ci ildə 922 nəfər yeniyetmə oğurluğa görə məsuliyyətə cəlb ediləcəkdi.

Heydər Əliyev Azərbaycanı “KQB”ləşdirirdi

4 sentyabr 1971-ci ildə Azərbaycan KP MK bürosunun iclasında çıxış edən KQB sədri Krasilnikov deyəcəkdi: Azərbaycanda təqaüdə çıxandan sonra 983 təhlükəsizlik əməkdaşı işlə təmin olunub. Onların 20 faizi Nazirlər Sovetində, 42 faizi ədliyyə sistemində, 22 faizi institut və məktəblərdə, 16 faizi milisdə yerləşdirilib. 
1969-cu il statistikasına görə, Azərbaycanda partiya işçilərinin 67 faizinin, Nazirlər Sovetində çalışanların isə 63 faizinin elmi dərəcəsi vardı.
Əliyevsə onları təhlükəsizlik xidmətinin əməkdaşları ilə dəyişəcəkdi. Azərbaycan hara gedirdi?  
Sonradan daha dərindən təhlil etdim. Əliyev partiya-sovet aparatı işçilərini niyə KQB əməkdaşlarına dəyişirdi? 
O, KQB qorxusunu cəmiyyətin içinə köçürürdü. Kompromatlar zənciri ilə bütün qapıları kilidləyirdi, ipin ucunu öz əlində saxlayırdı.

Yalan və şayiələrlə məlumatlandırılan adamlar

Azərbaycanlılar SSRİ-də bəlkə də ən çox şayiə və yalanla məlumatlandırılan adamlardır. Mən bunu Azərbaycan KP MK-da çalışanda bir daha yəqin etdim. Çünki bu yalanı yaradanların özləri də yalana, şayiəyə inanırdılar.
Sov.İKP MK-nın Zaqafqaziya respublikaları bölməsində son günlər görünməyən fəallıq hiss edilirdi. Key Morozov əməkdaşları məruzə üçün qəbul edirdi. Dəhlizlərdə şişkin çantalı kişilər onun otağına girir, hesabatlarını verib, tövşüyə-tövşüyə katibliyə qaçırdılar. Çantalar bir andaca boşalırdı...

Sən kimsən? Nə üçün ölməyib sağ qalmısan?!

Əliyev Kapitonovun qəbul otağına axşamdan xeyli keçmiş gəldi. Bir qədər çəkinə-çəkinə stulda oturdu, o, otaqdakılardan çəkinmirdi, düşünürdü ki stul uzun boylu, möhkəm bədənli bu adamı götürməyə də bilər. “İndi və ya heç vaxt! Hakimiyyəti götürməliyəm!” Əliyev təmtəraqla düşünməyi sevərdi, fikirlərini bədii sözlərlə ifadə etməyi xoşlardı. Əliyev qısqanclıqla bir Allaha- özünə pərəstiş edərdi, o sadəlövhlükdən uzaq olmağa çalışardı, hətta qeyri-iradi hallarda belə “başqalarının rifahı üçün” düşünməzdi. Onun həyatında sinəsinə döydüyü anlar da çox olub, çıxışlarında öz zəifliyini etiraf etdiyi anlar da vardı...

“Pomeran qrupu”

1945-ci ili xatırladı. Onu- gənc leytenantı baş komissar çağırmışdı:
-Sən kimsən?,- Abakumov ondan soruşdu.
-Mən?- Əliyev diksindi ,- “pomeran qrupunun” istintaqı ilə bağlı çağırılmışam.
-Deməli belə, Abakumov sağ əli qulağının dibini qaşıdı.
-Belə çıxır ki, hamınız geri dönmüsünüz... Qəribədir! Böyük müharibə, ölüm, sizsə sağ qayıtmısınız.
-Günahkaram!
Abakumov sakitcə gülümsədi:
-Yaxşı ki özünüzü günahkar hesab edirsiniz.  Cəzalandırarıq.
-Oldu, yoldaş general-polkovnik.
Abakumovun sifətində məmnunluq göründü:
-Sağ ol, belə cavab verərlər.
***
Əliyevi hərbi kəşfiyyata götürdülər, KQB yenidən qurularkən Şərq şöbəsi genişləndirildi və onu bu şöbəyə keçirdilər.
***
Zemtsov daha sonra yazır: Əliyev haralarda çalışmamışdı ki? İranda, Türkiyədə, Pakistanda və Əfqanıstanda olmuşdu, axırda yenidən Türkiyəyə göndərilmişdi. Ötən əsrin 50-ci illərində Əliyev KQB-nin ali məktəbini qurtarır. 1956-cı il Macarıstan hadisələri vaxtı Budapeştdə olması, orada səfir olan Andropovla görüşməsi haqqında ehtimallar da var (İlya Zemtsov başqa bir əsərində yazır ki, Əliyevin birinci katib seçilməsində KQB sədri Y.Andropovun xüsusi rolu olmuşdu).

Brejnev ailəsi ilə xüsusi münasibətin nəticələri

Sonrakı illərdə Sviqunla dostluğu Əliyevə daha geniş imkanlar açır. Hər şey Xruşşovun devrilməsindən sonra başladı. Sviqun yarıtmaz işinə görə Tacikistandan geri çağırılmışdı. 1964-cü ildə Brejnev Sviqunun Azərbaycan KQB-sinə sədr təyin olunmasına göstəriş verir. Sviqun Brejnevin arvadının qohumu idi. 1967-ci ildə Sviqun SSRİ KQB sədrinin birinci müavini təyin edilir.
Sviqunun ailəsi tez-tez Əliyevin Zağulbadakı bağında olurdu. Burada həmişə maraqlı adamlarla görüşmək mümkün idi. Şairlər, rəssamlar, alimlərlə söhbətlər uzun çəkərdi. Maraqlı söhbətlər, bol süfrə heç vaxt yaddan çıxmırdı. Sviqun Moskvaya göndəriləndə öz yerinə Əliyevin namizədliyini verdi. Bircə sədd vardı: Bağırov güllələnəndən sonra qeyri-rəsmi qərar qəbul edilmişdi: respublikada KQB-nin sədri kim olursa-olsun, azərbaycanlı olmasın. Əslində bu, “milli azlıqların” hamısına aid edilmişdi. Belarusiya və Ukraynadan başqa. Belə hesab edirdilər ki, bununla yerlibazlığın, korrupsiyanın qarşısını daha yaxşı almaq mümkündür. 
Əliyev belə hesab edirdi ki, Sviqun qeyri-adi adamdır, alman kimi pedantdır, belə görünürdü ki Almaniyada xidmət öz izlərini qoyub, əfqanlar kimi əməksevərdir, təhsilli və təmkinlidir. Əliyev Andropovun da xoşuna gəlmişdi. Brejnevlə Sviqunun həyat yoldaşı danışmışdı. Beləliklə, Əliyev KQB-nin sədri təyin olundu və general-mayor rütbəsi aldı.
Sviqun düşünürdü ki, Əliyev lovğalanmır, intizamlıdır, sadəcə faktları qeydə almaqla kifayətlənmir, icazə  veriləndə cinayətin köklərini araşdırır...

(Ardı var)           azadliq.info       Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий