Страницы

19.01.2016

Ələddin Əzimov - Bu yağış hardan yağır?

Baş daşı

Al məni çiyninə, keçir bu çaydan,
Tulla o sahilə çay daşı kimi.
Qoy xəbərim gəlsin hər vaxt o taydan,
Bir qərib yolçunun yoldaşı kimi.

Çınqıllı sahillə uzağa gedim,
Kənardan görünən o dağa gedim.
Babam at oynadan oylağa gedim,
Bu yurdun doğması, sirdaşı kimi.

Gah dərəyə düşüm, gah dağa qalxım,
Bircə imkan yarat, hər yerə baxım.
Uzaqdan, yaxından gəlsin sorağım,
Ulu əcdadımın soydaşı kimi.

Çay da vəcdə gəlsin, qoy mən də çoşum,
Doğmayla görüşüm, dosta qarışım.
Daşdan-daşa dəysin bəlalı başım,
Səpilim yollara göz yaşı kimi.

Bu çayın axarı aparar məni,
Yerlərdən, göylərdən qoparar məni.
Axtaran yorulmaz, tez tapar məni,
Ucalsam, yüksəlsəm baş daşı kimi.

Uşaqlıq

Hələ payız gəlməyib,
Buludlar kövrəlməyib.
Yerə qanad sərməyib,
Bu yağış hardan yağır?

Çaylar baş alıb gedir,
Göylər boşalıb gedir.
Gözlər yaşarıb gedir,
Ağlayır fağır-fağır.

Hər işin öz çağı var,
Öz yeri, oylağı var.
İçimdə bir ağı var,
Tərpənir ağır-ağır.

Narahatam gecədən,
Yağdı yağış sübhəcən.
İndisə gölməçədən,
Bir uşaq mənə baxır.

Комментариев нет:

Отправить комментарий