Страницы

27.01.2016

Qabil - KÜLƏKLİ HAVALARDA, YAĞIŞLI HAVALARDA

Külək əsir... üşüyür yenə daş-divar,
Səkilərin üstünə düşür damlalar,
Küçələrdən tələsik keçib gedirlər.
Səni xatırlayıram qəlbimdə kədər,
Biz də belə gedərdik
Küləkli havalarda, yağışlı havalarda.

Külək əsir... titrəyir qapı-pəncərə.
Yağış yağır... şırhaşır düşür şəhərə,
Dalda yerə çəkilir bir qız, bir oğlan
Qorxub yağışdan;
Biz də belə edərdik
Küləkli havalarda, yağışlı havalarda.

Külək əsir... sevdiyim mahnını çalır,
Yağış yağır, şəklini yadıma salır,
Bir qız keçır sən geyən caketdə bu dəm,
Duman çökmüş şüşədən onu görürəm,
Səni görmürəm ...
Küləkli havalarda, yağışlı havalarda.

Külək əsir, közərir odum, yanıram.
Yağış yağır, gözümdən yağır sanıram,
Səni, səni axtarır, səni gəzirəm.
Başqa vaxtı hicrinə bir cür dözürəm.
Ancaq dözə bilmirəm
Küləkli havalarda, yağışlı havalarda.

Комментариев нет:

Отправить комментарий