Страницы

03.02.2016

İman Abdulla inamı

İbrahim Sel

“Kədərə müsbət enerji yükləmək elə bilirsiniz asandı?” Kənan Hacı

 Əziz oxucu, İman Abdulla son illərdə ədəbi ictimaiyyətin diqqət mərkəzində olan bir şairdir. Şeir xiridarı olan bu insan yaxınlarda “Oxşadı dərd məni sirdaş yerinə” adlı şeirlər kitabı ilə görüşümüzə gəldi. Bilmirəm, oxuyanlardan kim öz fərdi deyim tərzi ilə seçilmək isəyən bu insanın şeirlərini necə qarşıladı, amma mən o şeirlərdə bir közərti gördüm. Bu kitabdakı şeirlər, zənnimcə onun poeziyada öz cığırını bələdləmək üçün yetərincə bəs elədi. Poeziya aləmində həmişə seçilmək, fərqlənmək, özünü təsdiq etmək çox çətin olur. İlk növbədə, gərək poetik istedada malik olasan ki, bu istedad səni hər maneədən, gözlənilməz və qəfil aşırımlardan qorusun. İkincisi, bu istedadı nəyə sərf etdiyini müəyyənləşdirə biləsən, yəni gərəklilik əmsalını, oxunaqlıq istiqamətini dəqiq müəyyyənləşdirəsən. Və üçüncüsü, daim axtarışda olasan. Kitabı çıxana kimi İmanın qəzet və jurnallarda çap olunan şeirlərində bütün bunları aydınca sezmək olurdu. 
 Şairin bu kitabı tənha bir guşəyə çəkilib dərdini, fikirlərini göylərə danışan, üzünü muzaya tutan bir şairin kədərli monoloqunu xatırladır.

Dərd süzüldü bəbəyimdə qurudu,
Quru sözdən göz yaşlarım durudu.
Məni tanrım sevə-sevə qorudu,
Neçə dərdin, neçə ahın içində.

 Bəs bu kədərin mənası, mahiyyəti nədir, hardan gəlir? Bəlkə bunlar şəxsi umu-küsülərdir şeirlərə sızır? Müasir şeirimizdə azmı belə hallara rast gəlirik? Görürsən ki, ömründə mənəvi əzabın nə olduğunu dərk etməyən, böyük bir kədərin burulğanına düşməyən bir şairin (hətta cavan şairlərin) kitabı göz yaşları ilə doludur. Şair hər kəlmədən bir zar-zar ağlayır. İman Abdulla şeirlərindəki ağrı isə təkcə onun fərdi kədərini və təəssüfünü ifadə eləmir, həm də xalqın içindən keçən kədərdən xəbər verir. Çünki şeirin gücü ondadır ki, mənim, sənin, onun, onların içindəki duyğularla həmahəng olsun. 

Qəm adlı dəryada üzən kimiyəm,
Ruhumun naxışın düzən kimiyəm.
Fələyin qapısın kəsən kimiyəm,
Özümü yaxşıca tanımaq üçün.

 Bir çox şeirlərində İmanın ictimai yaramazlıqlara qarşı etiraz motivləri güclüdür. İçimizdəki yaramaz ünsürlərə, tamah və sərvət düşkünlərinə, alçala-alçala ucalmaq istəyənlərə İman Abdullanın nifrəti böyükdür:

Çaş-baş qalıb artıq, nədən olsun bu klanlar,
Bu milləti söylə, bu klanlar necə anlar?
Off… Vətənin başına açıldı divanlar,
Bütləşdi, fikirlər dilədi çün hərə bəylik,
Baş aldı bütün ölkəni, qardaş, dərəbəylik.

 “Dərəbəylik” şeirini ölkəni satanlara, sərvətləri talayanlara, ümumiyyətlə millətə yad elementlərə qarşı açılan atəşə bənzədirəm. 
 İman Abdullanın şair kimi yalnız bir amalı var: öncə Vətəndir! Kitabda müxtəlif səpgili şeirlər toplanmışdır ki, bu şeirlərin də əsas qayəsini vətən eşqi, torpaq həsrəti, yurd harayı təşkil edir. 
 İmanın kitabında Qarabağ harayı, Qarabağ itkisi önəmli yerdədir. Bu mövzu ilə onun bir çox şeirlərində, hətta qəzəllərində də rastlaşırıq. Bir çoxlarının fikrincə, bu mövzu artıq öz aktuallığını itirir, çünki bəzi dar düşüncəlilərə elə gəlir ki, yurdundan ayrı düşmüş qarabağlının başı alverə, pul qatlamağa qarışıbsa, onun əvəzinə vətən dərdi çəkməyə dəyərmi? “Qarabağın dərdi sənə qalıb, qoy onu Bakı-Sumqayıt yolunda “Laçın Koridoru” açanlar çəksin”- o gün facebook-da yazırlar. Lakin İman bir daha sübut edir ki, belə deyil, Qarabağ hamımızın dərdidir, ümumilli ağrıdır və onun acılarından hamımıza pay düşür:

Gördüm Laçını mən viran olmuş ürəyim tək,
Gördüm necə sınmış vüqarı ah biləyim tək.
Məscidləri viran dağılıb Ağdamı yurdun,
Necə səbr eylədin ey ruh, necə durdun.
Kəlbəcəri vermək, nə demək! Yıxılıb ölmək 
Qəlbimi didir ah gecə, gündüz dəli gülmək.

 Şair sübut edir ki, bu dünyada azəri atlarının nallarından qopan şimşək timsallı qığılcımlar, bədöy atlarının dağları lərzəyə gətirən kişnərtisi, azəri qılıncından qopan ildırımlar və bu qədim örnəklərdən savayı xalqın sarıldığı bir İNAM da var. Sabaha olan inam! Və biz bu inamı itirməməliyik. 
 Şairin qəzəlləri formaca bu janrda yazılanlardan seçilmir, amma məzmunca yenidir. Çünki bu qəzəllədə son iyirmi ildə keçdiyimiz müsibətli, ağrı-acılı yolumuzun mənzərəsini bir fərdin- məmləkətin bir şair oğlunun taleyində izləyirik. Qəzəllərdəki minor motivlər zamanın insana içirdiyi acılıqlardan doğur. 
 Şair yaşadığı mənəvi ağrıları şeirin bədii toxunuşuna hopdurur. Şeirin yaratdığı bədii mühitdə bir çıxılmazlıq ovqatı da hökm sürür, şairin səsi təəssüf hisslərilə də doludur. Və bu, ümidsizlikdən doğan əhvalı daha da dramatikləşdirir, onu facəvi çalarlarla zənginləşdirir, nəticədə bu hal mətnə oturur və lirik-psixoloji sarsıntılarla davam edir. 
 O, mənəvi təlatümlərdən, psixoloji gərginlikdən çıxış yolunu ziyalı mövqeyinin möhkəmlənməsində görür, öz şeirləri ilə oxucularını bir növ haqsızlıqlara, özbaşnalıqlara qarşı haqq səsini qaldırmağa çağırır.
 İman Abdullanın bu kitabında nələr gördüm? Orijinallıq, sadəlik, xəlqilik, özünəməxsusluq, təzə söz demək istəyi… İmanın buna imkanı var, onun potensialı duyulur və bu potensial imkan verir ki, hər hansı fəlsəfi deyimi, psixoloji məqamı sadə dillə oxucuya çatdırsın. 
 İman Abdulla yaradıcılığının məxsusi bir cəhəti odur ki, oxucu üçün mikromühit yox, makromühit yaradır, özü də təkcə məkan yox, həm də zaman baxımından. Onun yazılarında sanki min illərin əzab-əziyyəti, türkün qan yaddaşı var. O, ağrıya-ağrıya yazan və mətnin lap dərinliklərinə siraət edərək öz ağıllı məntiqi, düşüncəsi, fikirləri ilə oxucu beyninin dərin qatlarına nüfuz edən və bəzən doğrudan da “yatmış duyğuları ayıldan” bir şairdir. Mənə elə gəlir ki, İmanın içindəki enerji, potensiya onu hər gün rahatsız edir, silkələyir, ona “yaz” deyir.
 Sözə qiymət verməyi bacaranların bu kitabda öz istədiyini tapacağına inanınram. “Oxşadı dərd məni sirdaş yerinə” kitabı dil xətalarından, qrammatik qaydaların pozulmasından xali olmasa da, birbaşa ürəkdən gələn səmimi misralarıyla diqqəti cəlb edir.
 İman qaranlıqda hərəkət edən, buna görə də çaşıb büdrəyən bəzilərinin tam əksinə olaraq, qaranlığın özünü parçalayıb onu işığa çevirməyi bacarır. Kitabının mütaliəsindən aldığım həzzə görə mənim ona deməyə yalnız bir sözüm var: “Halal olsun!”
Çünki o, öz ömrünü ədəbiyyata, mədəniyyətin təkanına həsr edən təmənnasız bir insan, hər cür tərif və qiymətə layiq yazardır. Amma yenə də təkrar etməli olursan ki, İman kimilərin Azərbaycan ədəbiyyatına namusla, qeyrətlə xidmət etməsinin fərqindəyikmi? Mənə elə gəlir ki, yox!
 Belə. Danışmağa sözüm çox idi, amma başlasam, bir qəzet səhifəsinə sığmaz. İllah da ki, İmanın yaradıcılığındakı çatışmazlıqlar barədə… Nəsə,  qalsın sonraya. Ümidvarıq ki, öz yaradıcılığı üzərində daha məhsuldar işləyəcək, gələcəkdə daha sanballı, daha mənalı əsərlər ortaya qoyacaq, bizi maraqlı yaradıcılıq məhsulları ilə tanış edəcək. Ona uğurlar arzulayaq, şablon da olsa.

Комментариев нет:

Отправить комментарий