Страницы

06.02.2016

Kredit zəngi ləğv olunub - Mərkəzi Bankdan tapşırıq

Banklarla əlaqəli intiharlar bir-birini əvəzləyir. Hər gün bir bankın müştərisinin özünü asdığı, yandırdığı, həyatına qəsd etdiyi haqda məlumatlar yayılır. Bir qədər əvvəl Bakı metrosunun “Azadlıq prospekti” stansiyasının yaxınlığında - “Muğanbank”ın filialının qarşısında Malik Hüseynov adlı orta yaşlı şəxs intihara cəhd edərək özünü yandırıb.
Moderator.az xəbər verir ki, musavat.com-un yazdığına görə, Bakı şəhər sakini Elvin Mehdiyev isə özünü “Nikoil” bankının Puşkin küçəsi, 30 ünvanında yerləşən ofisinin qarşısında yandırmağa cəhd edib. O, üstünə benzin tökərək özünə od vurmaq istəsə də, yaxınlıqdakı insanlar buna imkan verməyib. Bərdə rayonunda 23 yaşlı gənc özünü Tərtərçay üzərindəki körpüdən asmaqla intihar edib. Verilən məlumata görə, 35 yaşlı Elşad Dadaşovun bu addımı atmasına səbəb banklara olan kredit borcunu ödəyə bilməməsi olub.
Biləsuvar rayonunda Telekommunikasiya Qovşağının rəisi İlkin Ağayev iş otağında özünü asıb. Onun banklara kredit borcu olması səbəbindən intihar etdiyi xəbəri yayılıb. Biləsuvarın Bəydilli kəndinin sakini Cavanşir Məmmədov da özünü asaraq intihar edib. 40 yaşı olan C.Məmmədovun özünü asmasına səbəb kimi banklara olan borcu göstərilir. Mərhum ailəli olub, bazarda meyvə satırmış.
Sayta bank sektorundan verilən məlumata görə, Mərkəzi Bankdan bir çox banklara borclu müştərilərə zəng etməmək, onları narahat etməmək tapşırığı verilib. Bu tapşırıq borclu müştəriləri kəskin addımlardan yayındıracağı düşüncəsi ilə verilib. Əvəzində banklara borclu müştərilərlə yaranmış problemlərin məhkəmələrdə çözülməsi tövsiyyə olunub.
Qanuna görə, intihar, özünə qəsd faktı varsa, Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılır və intiharın səbəbi araşdırlmağa başlanır. Əgər vətəndaşı özünü öldürmə həddinə çatdıran şəxs varsa, müəyyən olunaraq istintaqa cəlb olunmalıdır. Amma reallıq başqadır. Belə cinayət işlərinin 99 faizindən artığı intihara sürükləyən şərtləri yaradanların müəyyən olunmaması ilə sonuclanır və cinayət işinə xitam verilir. Banklarla əlaqəli cinayət işlərində vətəndaşın intiharına yol açan şəraiti yaradan şəxlər kimi bankların işçiləri məsuliyyətə cəlb oluna bilərmi? Özünü öldürmüş müştəriyə ölümündən əvvəl zəng etmiş bank işçisi istintaqa cəlb olunmalıdırmı?
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, əgər bank əməkdaşı vətəndaşın kreditlə aldığı maşını, əmlakı heç bir məhkəmə qərarı olmadan əlindən alırsa, burada qarnunsuzluğa yol verirlər: “Bank əməkdaşı həmin kreditordan pulu geri tələb edirsə və bu tələblər əsasında kimsə özünü öldürürsə Cinayət Məcələsinin 125-ci maddəsi ilə bank əməkdaşını cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil. Çünki həmin maddənin dispozisiyasında belə təsbit olunub ki, təqsirkardan maddi, xidməti və s cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma hərəkətləri nəzərdə tutulur. Sübut olunmalıdır ki, bank əməkdaşı ilə zərərçəkən şəxs arasında maddi aslılıq olub.
Dispozisiyadakı 3 şərt də sübut olunmalıdır - Bank əməkdaşı zərərçəkənlə amansız davranıb; onun ləyaqətini mütəmadi olaraq alçaldıb; mütəmadi olaraq hədə-qorxu gəlib və zərərçəkən sonuc olaraq intihar edib. Bütün bunları sübut etmək çox çətindir".
M.Baxış deyir ki, bu baxımdan CM-nin 125-ci maddəsini bank əməkdaşlarına tətbiq etmək çətindir: “Amma belə hallar da olur ki, vətəndaş avtomobili kreditlə alıb və sonradan krediti vaxtında ödəyə bilmir. Belə bir halda bank əməkdaşı özbaşına olaraq həmin avtomobili kreditordan alırsa və ya digər qanunsuz hərəkətlərə yol verirsə, bank əməkdaşlarını cinayət məsuliyyətinə cəlb etmək üçün əsas yaranır”. /moderator.az/

Комментариев нет:

Отправить комментарий