Страницы

03.02.2016

Sabutayın “Cəllad”ı barədə

İbrahim Sel

“...bu kitabdan çıxan sualı- “Nə etməli?”ni oxumuşdu. Amma onun nə Radişşevi vardı bu kütlənin həyatını göstərsin, nə də Çernişevskisi vardı ki, çıxış yolunu göstərsin”. Sabutay.

 Sabutayın “Cəllad” kitabını böyük maraqla və etiraf edim ki, bir az da nigarançılıqla oxudum. Əvvəla məncə qəbul olunan ədəbiyyatı inkar edən, ədəbi-ictimai mühitin bir çox tanınmış nümayəndələrini öz yazılarında yıxıb-sürüyən bir yazarın zəif, yaxud orta səviyyəli əsər yazmağa haqqı yoxdur. Və təsisçisi olduğu “Çərçivəsiz” jurnalının məlum buraxılışlarından sonra heç yoxdur… İkincisi, Sabutay təkcə yazıçı deyil, həm də jurnalistdir, ictimai-siyasi proseslərdə iştiraka can atır, bir tərəfdən də o mənimçün bir analitikdir. Klassik ədəbiyyatdan tutmuş postmodern duruma kimi dərindən bələd olan və buna görə də özünəməxsus analizlər edən birisi. Ədəbi camiəmizin ətalətdən uzaq, işlək və məhsuldar hissəsi çayxanalarda cəmləşdiyindən mən də elə onunla çayxanada tanış olmuşam. Onunla münasibətdə olan qələmdaşlar yaxşı bilirlər ki, Sabutay hamının qəbul etdiyi “büt”lər haqqında belə söyüşlə danışa bilər, çünki bu cavan oğlan əvvəldən axına qarşı üzənlərdən olmuşdur; əyalətin bir sıra rayonlarını əhatə edən “Çərçivəsiz” ədəbi qrupu yaradaraq kor qaragüruha qarşı çıxmış və mövcud çərçivələri vurub dağıtmağa çalışmışdır. Və bu da Sabutayın üzərinə düşən məsuliyyətin miqyasını genişləndirir. Mənə kitabını verəndə də elə bunu fikirləşdim; hər yazıçının nüfuz, hər sənətkarın interpretasiya edə bilməyəcəyi mürəkkəb mətləblərə, problemlərə toxunacağına əmindim. Əlbəttə, münasibətimiz olduğundan və onun necə sadə qəlbə malik bir dost olduğunu bildiyimdən, Azad Yazarlar Ocağı kitabxanası seriyasından çıxan bu kitabın nəinki öz yaradıcılığında, ümumən ədəbiyyatımızda bir hadisə olmasını istərdim.
 Alınıb. Deyim ki, mən çox nadir kitabları birnəfəsə oxuyuram. Bir gecənin içində oxudum. Çox məmnunam ki, Sabutay “Cəllad”da yalnız bir yazıçı kimi deyil, cəmiyyətşünas kimi də çıxış edir, insanlığın, xüsusən də yeni həyat tərzinə başlamış Azərbaycan insanının hansı qlobal fəlakətlər qarşısında qaldığını cəsarətlə açıb göstərir.
 “Azadlıq meydanı zorlandı. Kütlənin sevdiyi şair Şeytana baş əyəndə, Azadlıq öldü. Gənclik şaşqınlaşdı. Şəxsiyyətlər sındı, sındırılanlardan Şəxsiyyət qayrıldı”. 
 Milli azadlıq hərəkat dalğasında aldanmış insanların faciəsi, pərdəarxası canavarların hakimiyyətə gəlişindən sonra onların düşdükləri acınacaqlı vəziyyət doğrudan da aktual, maraqlı bir mövzudur. Doğrudan da, isti yorğan-döşəkdən çıxıb meydanlarda gecələyənlər indi kiminçün vuruşub-əlləşdiklərini anlayanda başlarını tuturlar… Kitabın şərti olaraq “Depress” və “Gilyotina” adlandırdığımız son hissələri insanda əsl depressiya ovqatı yaradır...
 Hər şeydən əvvəl ona görə ki, biz də insanıq; Tanrı (lap olsun təbiət!) ən böyük gücü, ən böyük yük səlahiyyətini yaradılışların içərisində yalnız insana verəndə onun qarşısına şüur parametrləri, vicdan, əxlaq dəyərləri ilə ölçülən məsuliyyət də qoyub. Gəlin görək divara dirənmiş cəmiyyətimizdə bu məsuliyyət qalıbmı? Səlahiyyətlə məsuliyyət arasındakı harmoniya pozulanda, günahkar ehtiraslar cəzasız qalanda qələm adamının həyəcan təbili çalması, çıxış yolu araması təbiidir…
 “Filmin ardına bax… Görürsən, sənin şairlərin, ziyalıların… Onlar həmişə şeytanın dal qıçı olublar. Belə olmasa idilər, şeytana qulluq etməsəydjilər, onlar kim olardı ki? Tarix onları cəzalandırana qədər özlərinin yalanları ilə kütləni hələ çox aldadacaqlar ki, soxulcan kimi yaşaya bilsinlər…”  
 Qəhrəmanın mənəvi saflığı uğrunda çarpışması əsərdə ön plana çıxarılmışdır; insan naqisliyi bütün cəmiyyəti bürümüş, sosial bəlaya çevrilmişdir. Qəhrəman etirazı ilə sanki sos qaldırır, amma onun səbəb bildiyi divarlar qurulu sosial əxlaq çevrəsində qapanır (süjet belədir ki, qəsəbə sakinləri əsərin qəhrəmanının meyidini uçmuş kinoteatrın divarları önündə tapırlar). 
 Yazıçı altqatda yanılırdı; qəhrəman uçuq divarların önündə canını tapşırdı və… bütünlüklə imperiya divarları (əslində o imperiya bizə təhlükəsizlik çətiri yaratmışdı) dağılsa belə, mənəvi naqislik olduğu yerdə olduğu kimi durur. 
 Sabutayın “Cəllad”ı necədir; burda sosial naqislk necə var elə- yerində, fondadır, bu təzahür planıdır, qəhrəmanın əməllərində də reallığı ilə görünür. Naqisliyin kökü, daha dərində- İnsanın içindədir. Əsər boyu qəhrəman məhz içində gizlənmiş etiraza qalib gəlməyə, onu yerində oturtmağa çalışır. Bu zaman yazıçı ekzistensial problemin həllini- Şərq motivlərinə qarşı çıxmaqla həllə çalışır. Əsərin ideya planında Mirzə Cəlil ruhu, poetikasında isə Qərb ironiyası incəliklə duyulur. Postsovet insanının düçar olduğu ənənəvi bəlalar içrə özünü, yolunu, mahiyyətini tapıb dinclik axtarması əsərdə inandırıcı verilmişdir.
 Sabutayın hekayətlərində İnsan həmişə qalibdir. Həyatı əzab, dramatizm, çarpışmalarda olsa da, son nəticə- özünə yetməsi ilə, mahiyyətinə çatması ilə, oxucunu öz tərəfinə çəkməsi ilə başa çatır. Burda fərd qələbə çalmasa belə, İnsani mahiyyət qalibdir. İnsan varlığı özünü təsdiq edir. Bu yerdə kimsə Sabutayın müxtəlif tiplər yaratmasında o qədər də uğurlu olmaması fikri ilə polemikaya da girə bilər. Çünki yazıçının təsvir etdiyi, içində olduğu əsas tip var- 20-ci əsr insanı; o ən müxtəlif sınaqlardan çıxıb, varlığını tanımağa, bir daha, bir daha təsdiq etməyə çalışır. Bu işdə yazıçı qəhrəmanına yardımçıdır; insanlığın əbədi mənasına inanır və bunu oxucularına da aşılamağa nail olur. Bu cəhətdən Sabutayın “Cəllad”ı bugünkü oxucuya daha yaxın və gərəklidir. Qısaca belə demək olar: o bizə lap vaxtında, səhvlərdən nəticə çıxarmağa hacət duyduğumuz bir zamanda çatdırılmışdır.
***
 Əziz dostum Sabutay, özün bilirsən ki, mən mövhumatçı deyiləm, həyatın gözəlliklərindən zövq almağı bacarıram. Ancaq hər şeyə fəlsəfi yanaşmaq vacibdir… Xüsusilə zövq aldığın gözəlliyə… Əgər onun arxasında kiminsə, yaxud nəyinsə faciəsi, fəlakəti dayanarsa, həmin zövqdən, həmin gözəllikdən imtina etməmək qeyri-insani olduğu qədər də, yüngül desək, düzgün deyil… Ona görə də sənin fikirlərinin kəskinliyinə, metaforalarının “ağırlığ”ına haqq qazandırıram. Və inanmaq istəyirəm ki, sənin bu emosional (o qədər də fəlsəfi!) mühakimələrinin sosial təsir dairəsi gələcəkdə də kifayət qədər geniş olacaqdır. Hər şeydən əvvəl ona görə ki, sən axına qarşı üzürsən (hazırkı eyforiya şəraitində axınla ancaq meyidlər üzürlər). İkincisi ona görə ki, haqlı mövqeyini əsaslandıra və KÜTləni inandıra da bilrisən. Və üçüncüsü ona görə ki, həmin əsaslandırmada bədiilik “sərt məntiq”in özü qədər güclü, siyarətedicidir…
 Hə, dostum, gülümsə, sən Azərbaycan ədəbiyyatına dəyərli bir töhfə vermisən! Mübaliğəsiz-filansız! İstedadlı, cəsarətlə yazılmış bir əsər… Səni təbrik edirəm… Növbəti kitabınadək!

Комментариев нет:

Отправить комментарий