Страницы

17.02.2016

Şah Təhmasib sultan Süleymana yazır....

―Mənə deyiblər ki, rum tayfası öz amansız qədəmlərini Naxçıvan vilayətində basıb zülm bayrağını ucaltmışdır. Mən bəzi əsgərlərimi o tərəfə yolladım. Onlar Naxçıvan ulkasından itlər kimi qaçmış, qəhətlik, çatışmamazlıq, aclıq və başqa səbəblər üzündən təngə gəlib Diyarbəkirə dönmüşlər. Bu xəbər mənə çatdıqda, əziz fərzəndim İsmayıl Mirzə bəzi adlı-sanlı əmirlər, qazilər və ağır qoşunla onların arxasınca getmək icazəsi istədi. Mən buna razı olmadım. Qələbə Allah tərəfindən müəyyənləşibsə, qoşuna nə hacət... Mənə yazdığın ―"mən bir dəfə sənin məmləkətinə hücum etdimsə də, sən qarşıya çıxmadın və bizimlə bacarmağa qüvvən çatmır" kimi yava sözlərinə qarşı bildirirəm ki, adlı-sanlı sultanlar və dünya xaqanları heç də mərdliyi, mərdanəliyi, igidliyi və müdrikliyi sənə şamil etmirlər, çünki sən heç vaxt igidlər səfindən olmamısan, müdirklik və mərdanəlik etməmisən, həmişə şədəbazlıq və atəşbazlıq edərək, üzü çadralı qadınlar kimi qala içərisində oturmusan və üç yüz min namərdi də meydanda məhbus vəziyyətində saxlayaraq, onların ətrafını zəncirləmisən.* Şücaət və igidlik bizə böyük əcdadlarımızdan və atamızdan miras qalmışdır! Mən üç min adamla qalmışdım. Məhərrəmin 12-də sübh vaxtı iki yüz əlli min özbək əsgəri və bütün Turan məmləkəti sultanları qarət üçün atlandıqları vaxt qaibdən qulağıma bir səda gəldi: 12 müqəddəs imam və həzrət Sahibüz-zəman sənin köməyinə gəlmişdir, tez ata min! Mən həmin üç min silahlı cavanla iki yüz min özbəyə həmlə etdim. Üç min qılınc eyni vaxtda işlədi. Turan mülkünün 80 padşahını ləşkərləri ilə birlikdə bir fərsək uzağa qovduq. Biz həmin döyüşdən zəfərlə qayıtdıq. Əgər indi sən də mənim mərdlik və mərdanəliyimi müşahidə etmək istəyirsənsə, pərdə arxasında əyləşən qadınlar kimi deyil, şir ovlayan nəhənglər kimi top-tüfəng qalasından çıx və bizim ilahi qüdrətimizi gör! Məlumunuz olsun ki, biz sizin üləmaları bir neçə xüsusiyyətə görə kafir, fitnəkar, bədbəxt və üzüqara sanırdıq. Osmanlıların və Mərvani davamçılarının məzhəb və qanununun şərəfsizliyinə və rüsvayçılığına baxmayaraq, siz şiə tayfasına 'rafizi" demiş, onları "şiəye şəniyye" (murdar şiə) adlandırmısınız . Həzrıte-kainatın (Məhəmməd peyğəmbərin) dövründə onlara heç kim belə deməzdi. Yazmısan ki, üç illik yaraq-yasaq hazırladığından sonra, ağır qoşunla dörd bir tərəfdən İrana yollanırsan. Sən beş dəfə bu diyarı tutmaq və viran etmək üçün üç yüz minlik qoşunla gəlmisən. Qüvvət və qüdrət toplamısan ki, [burada] beş gün qala biləsən. Sən gərək mənə yazdığın layiqsiz məktubun bu cavabını oxuyub cəhalət və ədavəti tərk edəsən, peyğəmbər şəriətinə tabe olasan, İslam əhlinin yolunu tutasan, inadı yerə qoyasan və səadət tapasan...

P.S. * Burada Şah Təhmasib türklərin döyüş üsuluna işarə edir. Məlum olduğuna görə, Osmanlılar əsgərlərin fərar etmələrinə (qaçmalarına) yol verməmək üçün ordunun arxa tərəfinə araba və zəncirlərdən sədd çəkirdilər.

P.P.S. Həsən bəy Rumlunun da məlumatına görə, ―bir Qızılbaşın iyirmi özbəyə qarşı döyüşdüyü Ülənge-Cam, Sarıqamış və yaxud Cam döyüşü adlanır ki, orada özbək Übeydulla xanın bütün Mavəra ən-nəhr, Kaşqar, Əndican, Otrar, Seyran, Kabul, Qılmaq, Məska, Çərkəz və Qıpçaqdan topladığı nəhəng bir ordu ilə gənc Səfəvi şahının qarşısına çıxmışdı..

Ə. Nəvai. Şah Təhmasib Səfəvi, səh. 204-237

Комментариев нет:

Отправить комментарий