Страницы

31.03.2016

Cavid Cabbarlının "Gizli Həqiqət: Nurçuluq və Səid Nursi gerçəkliyi" kitabı barədə

Cavid Cabbarlının “Nurçuluq və ya Səid Nursi gerçəkliyi” kitabı ciddi və aktual bir mövzuya həsr olunub. Nurçuluq nədir və müsəlman aləmində hansı rola malikdir? Elmi-siyasi dairələrdə geniş müzakirələri gedən bu cərəyana müxtəlif yöndən yanaşmaq olar. Elə yanaşmaq olar ki, dərhal onun təsiri altına düşə bilərsən. Çünki onların söykəndiyi ideoloji silah “islami” əxlaqdır.
Bu adamlar Məhəmməd (s) peyğəmbərə və Əhli-beytə (ə) sayğı ilə yanaşır və asanlıqla insanların qəlbinə girirlər.
Bir zaman fəaliyyətlərinə toxunanda onları “qalstuklu vəhabilər” adlandırmışdım. Uzun müddət cərəyanın mahiyyətini öyrənəndən sonra bu qənatə gəldim ki, əslində vəhabizm də, nurçuluq da eyni mənbədən qaynaqlanır.
Təriqətlərin tarixi göstərir ki, onların meydana çıxması, təxminən VIII əsrdən başlayır. Düzdü, VII əsrin sonlarında zahidlik həyatını seçənlər var idi. Amma VIII əsrdən artıq formalaşma başladı. Bunun da başlıca səbəbi İslam aləmində baş verən proseslər idi. İslam tarixinin araşdırılması sübut edir ki, İslamın ilkin dövrləri ilə sonrakı dövrlər arasında kəskin dərəcədə fərqlər mövcuddur. Əslində, bunu belə dövrləşdirmək olar:
1.Məhəmməd peyğəmbər (s) dövrü.
2.Raşidi xəlifələr dövrü.
3.Əməvilər dövrü.
4.Abbasilər dövrü.
Bu dövrləri nəzərdən keçirəndə sonradan İslam aləmində baş verən prosesləri tam çılpaqlığı ilə dərk etmək mümkündür. Əməvi sülaləsinin İslam aləmində apardığı siyasət “ərəbizm”ə söykənirdi. İslami dəyərlər yeni qaydalarla əvəzlənmişdi. Əhli-beyt (ə) övladları təqib edilir, onlara iman gətirənlər isə edam olunurdu. Belə bir zamanda Əhli-beyti (ə) sevənlərlə, onlara qarşı çıxanlar arasında böyük mücadilə başlandı. Əməvilər sülaləsi dövründə birincilərə qarşı ən iyrənc üsullardan istifadə edirdilər. Bu siyasət Abbasilər sülaləsi dövründə başqa üsullarla davam etdirildi. Bu cür münasibətlərə qarşı müxtəlif zamanlarda çoxlu üsyanlar baş verdi.
Etirazın başqa nümunəsi isə sufizm şəklində davam edirdi. Bu zamandan etibarən İslam aləmində sufizm geniş inkişaf edib. Xüsusilə, IX əsrdən başlayaraq sufizm təşkilatlanmağa başlandı və təriqətlər meydana gəldi. İslam aləmində təriqətlərin rolu bu əsrdən başlayaraq, hər yerə yayılıb. Nüfuzları o qədər genişlənib ki, artıq dövrün iqtidarları onlarla hesablaşmağa məcbur idi. Bir müddət keçdikdən sonra bəzi sufi şeyxləri saraylara dəvət olundu. İqtidarla xalq arasında onlar körpü rolunu oynamağa başladılar. Səlcuqlar dövründə şeyxlərin iqtidarla ilişkiləri daha da gücləndi. Müharibə aparanda, barışıq olanda iqtidarlar onlarla məsləhətləşirdilər. Səlcuqlardan sonra gələn iqtidarlar da buna əməl edirdilər. Xüsusilə, Əmir Teymur zamanında onların rolu artdı. Osmanlı və Səfəvi imperiyaları onların hesabına siyasət səhnəsinə qədəm qoydular. Sufizmin ən yüksələn dövrü Azərbaycan Səfəvilər dövlətinin başçısı Şah I İsmayıl Xətai ilə bağlıdır. Şah I Xətai mürşidi-kamil idi. Əslində, bu dövrdə sufilər iqtidara gəlmişdi. Sonradan şəriətin güclənməsi sufilərin sıxışdırılmasına səbəb oldu.
XVIII əsrdə Şərqə nəzarət mexanizmini ələ keçirən ingilislər bu sahə ilə ciddi maraqlanmağa başlamış, sufilərin gücünü görüb istifadə etməyə çalışmışdılar. Nəticə uğurlu oldu. Əslində onları ya pulla satın aldılar, ya da ki, sıralarında öz adamlarını yerləşdirdilər. Orta əsrlərdə sufi şeyxləri müstəqil idilər və iqtidarlar onlarla hesablaşırdı. Amma XVIII əsrdə onlar imperiya rəhbərlərindən asılılığı qəbul etdilər və nəticə onlar üçün çox uğurlu oldu. XVIII əsrin sonlarında isə ingilislər birbaşa siyasi məqsədlər üçün vəhabiliyi yaratdılar.
Vəhabilərdə elm əsas rol oynamır. Qurani-Kərimdə olanlarla kifayətlənib, özlərindən başqalarını İslamdan çıxmış sayırlar. Bundan əlavə yerli adət-ənənələrə qarşı çıxır və yerli tarixi abidələri dağıdırlar. Bu cür sistem özünü bəzi ölkələrdə doğrultmurdu. Buna görə də vəhabiliyə qarşı bir çox ölkələrdə, o cümlədən Türk dünyasında dərin antipatiya var idi. Buna görə də yeni bir sistem üzərində işlədilər. Onlara yeni düşüncə sisteminə əsaslanan bir təriqət düzüb qoşmaq lazım idi. Bu da nurçuluq oldu. Nurçuluq elmi əsaslara söykənir və ciddi məsələlər ortaya qoyurdu. Buna görə də onlar elmi yolla cəmiyyətə daxil olub, ziyalılar arasında nüfuz əldə etdilər. Onlara külli miqdarda pul ayrıldı. Buna görə də istədiklərinə asanlıqla nail olurdular. Artıq XX əsrin sonlarında Türkyədə xeyli güclənən nurçular, sonradan bütün türk və müsəlman dünyasına yayıldılar. Onlar əsasən təhsilə və elmə önəm verirdilər. Nurçular Azərbaycanda da güclü bir şəbəkə yaratdılar. Güclü biznes fəaliyyətinə malik olan nurçular istədiklərinə asanlıqla nail olduqlarından, dünyada çox böyük gücə malikdirlər.
Bir tərəfdə vəhabilər, digər tərəfdə nurçular İslam aləmində fəaliyyətlərini artırmaqla parçalanmanı sürətləndirirlər. Hər birinin xüsusi texnologiyası var. Bu texnologiyalar indi də xaricdə hazırlanıb, onlara təqdim olunur. Bütün bunlar isə hər gün onların tərəfdarlarını artmasına səbəb olur. 
Cavid Cabbarlının təqdim etdiyi bu kitabda nurçuluq ilk zamanlardan sona qədər izlənmiş və onun siması üzə çıxarılmışdır. Bu baxımdan böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu kitab geniş oxucu kütləsinin marağına səbəb olacaq və İslama baxış məsələsində obyektiv rol oynayacaqdır.

Dilavər Əzimli, 
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, 
Tarix üzrə fəlsəfə doktoru

Комментариев нет:

Отправить комментарий