Страницы

31.03.2016

Əmirəl-mö`mininin (ə) Kumeyl ibn Ziyada nəsihətlərindən

◘Ey Kumeyl! Hər gün Allahın adını çək və de ki, Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Allaha təvəkkül et. Bizi də yad et və bizim adlarımızı çək, bizə salavat və salam göndər.
◘Ey Kumeyl! Allah Öz rəsulunu tərbiyələndirib ona ədəb qaydalarını öyrətdi. O, əziz isə məni tərbiyələndirib ədəbləndirdi. Mən də mö`minlərə tərbiyə verib ədəbləndirirəm və bu ədəb qaydalarını ali və nəcib insanlara irs olaraq verirəm.
◘Ey Kumeyl! Elə bir elm yoxdur ki, mən onu bilməmiş olum və agah olmadığım heç bir sirr yoxdur.
◘Ey Kumeyl! (Ali-İmran surəsinin 34-cü ayəsində olan) Əhli-beyt (ə) və imamət silsiləsindən olanlar elə bir nəsil və elə bir övladlardır ki, onlardan bə`ziləri bə`zilərinin övladlarıdır, Allah eşidən və biləndir.
◘Ey Kumeyl! Bizdən başqa heç kəsdən dini və elmi məsələ, yaxud hədis öyrənmə ki, həmişə bizdən olasan!
◘Ey Kumeyl! Yemək yeyən zaman Allahın adını çək, çünki, Onun adı ilə heç bir xəstəlik insana zərər yetirməz və Onun adında hər bir dərdin çarəsi var.
◘Ey Kumeyl! Başqalarına təam ver və onları yedizdir. Bu işdə xəsislik göstərmə. Bu işinə görə Allah sənin mükafatını qat-qat artıq edər. Əxlaqını gözəlləşdir, oturub-durduğun adamlarla xoş münasibətdə ol və öz xidmətçilərinə yersiz töhmətlər vurma.
◘Ey Kumeyl! Süfrə kənarında oturarkən yemək yediyin vaxtı uzat ki, səninlə bir süfrə kənarında oturan süfrədə olanlar da kamil şəkildə bəhrələnə bilsin.
◘Ey Kumeyl! Elə ki, yeməyini yeyib qurtardın sənə verdiyi ne`mətlərə görə Allaha şükür et. Şükr edərkən də elə səslə de ki, başqaları eşitsin və onlar da şükr etsin. Belə etsən sənin savabın daha da artıq olar.
◘Ey Kumeyl! Mə`dəni yeməklə doldurub ağırlaşdırma. Yeməkdən əlavə onun bir hissəsini su və bir hissəsini də nəfəs almaqdan ötrü boş saxla. Yeməkdən doymamış əlini çək. Əgər belə etsən həmin yemək sənin üçün dadlı olacaq və bil ki, bədənin sağlamlığı az yemək və az içməkdən irəli gəlir.
◘Ey Kumeyl! Xeyir-bərəkət o kəsin malındadır ki, zəkat verir, mö`minlərə kömək və xeyirxahlıq edir və yaxınları və qohumları ilə əlaqə saxlayıb onlara ehsan və yaxşılıq edir.
◘Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan mö`minlərə (səninlə qohum olmayan sair mö`minlərdən daha artıq əl tut və onlara qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver.
◘Ey Kumeyl! Səndən bir şey istəyən heç bir kəsi əli  boş qaytarma, hətta, yarım dənə üzüm giləsi də olsa ona ver. Çünki, sədəqə Allah dərgahına ucaldıqca böyüyür.
◘Ey Kumeyl! Mö`minin ən gözəl zinəti təvazökarlıqdır, onun gözəlliyi pakdamənlik və iffətdir, şərəfi fəhm, (dində) bəsirət və elmdir, başıucalığı isə bihudə danışıqları tərk etməkdir.
◘Ey Kumeyl! Hər bir cəmiyyətdə bir dəstə insan digərindən üstündür. Məbada onların alçaq fərdləri ilə mübahisə edəsən! Hətta, sənə nalayiq sözlər desələr də onlara baş qoşma. Təmkinli ol və o kəslərdən ol ki, Allah-təala onların barəsində belə buyurur: “Elə ki, nadan insanlar onlarla danışmaq istəyir, onlara sadəcə, salam deyirlər.” 
◘Ey Kumeyl! Hər bir halda haqq söz danış. Təqvalılarla dostluq et və fasiqlərdən uzaq ol. Münafiqlərdən də kənar gəz. Xainlərlə əlaqə saxlama.
◘Ey Kumeyl! Zülümkarların qapısını döymə və onlarla qətiyyən əlaqə yaratma, məbada onlara tə`zim və ehtiram edəsən və onların məclislərində əsla iştirak etmə! Əgər, məcbur olub onların məclisində iştirak etməli olsan, ardıcıl olaraq təkrar-təkrar Allahı yad et, Ona təvəkkül et və şərlərindən Allaha sığın. Qəlbində onlara qarşı müxalif ol və uca səslə özünün Allaha olan tə`zim və ehtiramını onların eşidə biləcəyi tərzdə dilə gətir.
◘Ey Kumeyl! Allah bəndələri içərsində Onu tanıyıb, elçisini (s) və övliyalarını (ə) iqrar etdikdən sonra təqva, səbr, təmkin və davamiyyət sahəsində ən çox ciddiyyət göstərənlər Allahın ən çalışqan bəndələri hesab olunur.
◘Ey Kumeyl! Öz çətinliklərini camaata bildirmə. Allahın savabına ümidvar olaraq izzət və heysiyyətlə öz fəqirlik və yoxsulluğuna səbr et.
◘Ey Kumeyl! Öz sirrini qardaşına deməyin heç bir eybi yoxdur. Lakin, qardaşın kimdir?! Sənin qardaşın o kəsdir ki, çətinlik zamanı səni tərk etmir, günaha getdiyin zaman səni qaytarmaqdan ötrü nəsihət və hidayətini əsirgəmir, sənə imkan vermir ki, öz ehtiyacını ona bildirəsən, səni öz işlərinlə baş-başa buraxmır ki, onu agah edəsən (yə`ni, onu agah etməyə ehtiyac olmur, bütün işlərinlə maraqlanır), əgər işlərində nöqsan əmələ gəlsə onu aradan aparıb islah etməyə çalışır.
◘Ey Kumeyl! Mö`min mö`minin güzgüsüdür. Çünki, ona baxıb diqqət yetirir, çatışmazlıqlarını aradan aparır.
◘Ey Kumeyl! Mö`minlər qardaşdırlar və qardaşdan ötrü də qardaşından da dəyərli bir şey yoxdur.
◘Ey Kumeyl! Əgər qardaşını sevmirsənsə onun qardaşı deyilsən. Mö`min odur ki, bizim dediklərimizi desin. Hər kəs bizim dediklərimizdən uzaq gəzsə bizdən deyil, hər kəs də bizdən olmasa Cəhənnəmin ən aşağı dərəcəsinə yuvarlanar.
◘Ey Kumeyl! Bizdən hesab edilən kəs dərdini sənə bildirsə və səndən bunu gizli saxlamağını istəsə, məbada onun üstünü açasan. Çünki belə etsən, sənə tövbə yoxdur. Hər kəsdən ötrü də tövbə olmasa, Cəhənnəm əhli olacaq.
◘Ey Kumeyl! Ali-Məhəmmədin (s) sirrini yaymaq məqbul deyil. Buna heç kəsin dözümü və təhəmmülü çatmaz. Ali-Məhəmmədin (s) dediklərini yalnız müvəffəq mö`minlər yanında açıb de.
◘Ey Kumeyl! Hər cür çətinlik zamanı “La həvlə və la qüvvətə illa billah” Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur desən, həmin çətinlikdən qurtararsan. Hər bir ne`mət zamanı da “Əlhəmdu lillah” Həmd Allaha məxsusdur desən, ne`mətlər artar. Elə ki, ruzin gecikdi, istiğfar et və Allahdan bağışlanma dilə. Belə etsən, Allah işlərini yoluna qoyar.
◘Ey Kumeyl! Bizim vilayətimiz vasitəsi ilə şeytanın sənin mal və övladına şərik olmasından azad ola bilərsən.
◘Ey Kumeyl! Heç bir vacib əməli tərk etmək olmaz və heç bir nafilə və müstəhəb əməli yerinə yetirmək də vacib deyil.
◘Ey Kumeyl! Sənin günahların yaxşı əməllərindən çoxdur, qəflətin də Allahı yada salmaqdan və Onu zikr etməkdən çoxdur və Allahın sənə olan ne`mətləri sənin əməllərindən çoxdur.
◘Ey Kumeyl! Sən hər bir an Allahın ne`mətlərinə, Onun sənə əta etdiyi salamatlıq və afiyətə qərq olmuş haldasan. Elə isə sən də heç vaxt Ona sitayiş və həmd-səna etməkdən, Ona təsbih deyib Onu təqdis etməkdən, eləcə də daim Onu yad və zikr etməkdən yorulma.
◘Ey Kumeyl! O kəslərdən olma ki, Allah-təala onlar haqqında belə buyurur: “Onlar Allahı unutdular, Allah da onlara özlərini unutdurdu.” Belə kəsləri Allah-təala fasiqlər zümrəsinə aid edib buyurur: “Onlar fasiqlərdir”
◘Ey Kumeyl! Namaz qılıb, oruc tutub, sədəqə verməyin elə də mühüm deyil, mühüm olan odur ki, namaz pak qəlblə, Allah yanında bəyənilmiş əməllərlə, xüzu-xüşu və təvazökarlıqla yanaşı olsun və bax gör ki, nədə (necə paltarda), nəyin üzərində namaz qılarsan. Çünki əgər onlar səhih və halal yoldan ələ gətirilmiş olmazsa, namazın qəbul olunmaz. 
◘Ey Kumeyl! Dil (sözü, danışığı) qəlbdən çəkib çıxarır, qəlb də (yə`ni, onun pak olub-olmaması) yeməkdən asılıdır. Elə isə bədəninə və qəlbinə verdiyin yeməyə nəzarət et, çünki, əgər o, halal olmasa, Allah sənin şükr və təsbihini qəbul etməz.
◘Ey Kumeyl! Bil və agah ol! Biz yaradılmış olan heç bir varlığın əmanətini qaytarmamağa icazə vermirik. Hər kəs məndən bu məsələyə icazə verməyim barədə hədis rəvayət etsə, yalan demişdir. And içirəm ki, Həzrət Rəsul (s) dünyadan getməmişdən bir saat öncə üç dəfə təkrarən mənə belə buyurdu: “Ey Əbəlhəsən, əmanəti sahibinə qaytar, istər yaxşı adama olsun, istər pisə, istər az olsun, istərsə də çox, istər sap olsun, istərsə də iynə.”
◘Ey Kumeyl! Adil imamsız müharibə, cihad və fazil imamsız qənimət caiz deyil.
◘Ey Kumeyl! Din yalnız Allah tərəfindəndir və Allah rəsul, nəbi və vəsidən başqa heç kəs vasitəsi ilə dinini ayağa qaldırmaz.
◘Ey Kumeyl! Allah-təala böyük, səbirli, əzəmətli və mehribandır. Allah bizi Özünün əxlaqına uyğun tərbiyələndirdi və göstəriş verdi ki, onu əxz edək və camaata öyrədək. Biz heç bir yanlışlığa yol vermədən bunu yerinə yetirdik, təkzib və inkar etmədən bunu təsdiq etdik və heç bir şəkk-şübhə olmadan qəbul etdik.
◘Ey Kumeyl! And olsun Allaha! Mənə itaət edib, sözümə qulaq asmaqdan ötrü sözbazlıq etmirəm və heç kəsə var-dövlət və vəzifə söz verməmişəm ki, sözümdən çıxıb mənə qarşı itaətsizlik göstərsinlər. Mən ərəbin rəzil, alçaq və şəxsiyyətsizlərinə Əmirəlmö`minin (ə) olmaqdan ötrü üz tutacaq deyiləm.
◘Ey Kumeyl! Arzusuna çatanlar bu fani və keçib gedən dünyada arzuya çatıblar, biz isə öz istəklərimizə əbədi axirətdə çatacağıq.
◘Ey Kumeyl! Bu iki dəstə insanın hər ikisi üzü axirətə tərəf gedir. Bizim rəğbət bəslədiyimiz şey Allahın razılığı və behiştin uca məqamlarıdır. Allah bunları təqvalı olanlara əta edər.
◘Ey Kumeyl! Behiştə getməyən kəsi qəmli əzab və zillətlə müjdələ!
◘Ey Kumeyl! Mən Allahın verdiyi tövfiq sayəsində hər bir halda ona həmd və səna edirəm. İstədiyin vaxt qalxa bilərsən.

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий