Страницы

22.03.2016

Ramin Cahangirzadə - Gəl, dostum, gəl!

Tormuz

sən dünyanı bir balaca 
Təbletin içində gəzdirdin
söndürmə gözlərini
qatarlar aldadır
dəmirlər yuxularımızı pasladar
ən gözəl səsləri qatarlar oğurlayır
bir azdan
gəmilər yola düşəcək
və dəniz quldurları
dalğaları oğurlayanda
kəndin gün batan çağından
şəhərin gün çıxan yerinə qədər 
qoyunların sürüsü çəkiləcək
bir azdan
hər nəyin içinə girəcəklər qoyunlar
şerimdə mələşəcək quzular
heç bilmirəm
şerimin başına nə oyun gələcək
onu it qapanda
pişiklər xoruzları sarıdı
sıçanlara heç kim bir söz demədi
bəlkə də qarışqalar dondurma yeyəndə
hər nə dəyişdi
dəyişməsin ürəyindəki üsyan
bilmirəm hara gedirsən belə
bəlkə də özünü
özünə çatdırmaq üçün
bir an
hamı yatanda
qatarın tormuzunu çəkdin
mən özüm çəkərəm şerimin tormuzunu
sən birdən yıxılarsan şerimdə

Bu günlər hamı oğru olub

Bu günlər hamı oğru olub
Biri gözlərimi oğurlayır
Sonra yarı yolda qoyub qaçır
Gözlərim yolda qalır

Biri ayaqlarımı oğurlayır
Butun şəhərin küçələrini sümsünür
Ayaqlarım işdən düşür
Başmaqlarım ayaqsız qalır
Daha şəhərə ayaq basa bilmirəm

Biri burnumu oğurlayır
Hər yerə burnumu soxub iyləyir
Daha heç yerə burnumu soxa bilmirəm

Biri dodaqlarımı oğurlayır
Dodaqlarım züyüyür 
Düşür çayın içinə
Dodaqlarım qırmızı balıq olur
İlişir balıq tutanların qırmağına

Biri ürəyimi oğurlayır
Atır alkolla dolu şişənin içinə
Otağındakı taxçaya qoyub
Hərdən götürüb 
Şişəni oyan buyan edərkən
Baxır ürəyimə
Bir az gülümsəyir
Bir az da oxuyur öz-özünə

Hər nəyimi oğurladılar
Heç nə edə bilmədim
Təki mənə qalan 
Bu keybordun üstündə
Çak-ha-çuk salan 
Barmaqlarımdır
Həm bu barmaqlarımla görürəm
Həm addımlayıram
Həm iyləyirəm
Həm tamsınıram
Həm də ki ürəyimin döyüntüsünü 
Eşidirəm ondan
Qorxuram 
O qədər qorxuram kı
Barmaqlarımı basıram bağrıma
Qorxuram bəlkə biri
Mən yuxuya gedərkən
Barmaqlarımı kəsib apardı

Gəl dostum gəl!

O yenə də meydan oxuyur
O bilmirki meydanlardakı Daş Tanrıları
Yenə də ayağa qalxacaqlar
21-ci əsrdə günəşin rəngi metalikdir
Ulduzların rəngi meyit sufatına çevrilib
Ayın başına hava gəlib
Gecənin içində yaşayan otaqlar
Şəhərin qısır çağını sayaqlayırlar
Daha tənhalığımızı daşıyan
Heç bir küçə doğulmayacaq bu şəhərdə
Mənə parazet buraxan dostum bilmirki
Ferkanslarım daha işdən düşüb
Beynimin qapağı atandan sonra
Daha öz qınımda qala bilmirəm
Əllərim bədənimdən ayrılıb gedib
Əl çatmaz yerlərə
Əllərim gedəndən sonra
Ayaqlarım balansını itirib
Dodaqlarım qaçır
Dişlərimin dibinə yıxılır sözlərim
Gəl dostum gəl!
Boğazından sallanım
Düşüm içinə
Məni bir az içində gəzdir
Məni bir az əzdir
Ürəyinə yol tapa bilmirəm
Heç ürəyini tapa bilmirəm
Bəlkə gözlərində əyləşib
Qıçlarımı salladım gözlərindən
Lənət olsun başmaqlarıma
Başmaqlarım qanad çıxardıb uçub getdilər
Qondular işıq dirək tellərinə
Gəl dostum gəl!
Əllərini borc ver mənə
Ayaqlarımın balansı olsun
Qoy yenə də bu şəhəri gəzim
Bəlkə yenə də tənhalığımı özündə daşıyan
Bir küçə doğdu bu şəhər…

Yenə də dəlilər

Yenə də dəlilər, işə düşübdür,
Deşirlər gəmini, batırmaq üçün.
Deyirlər gedirik, dərinliklərə,
Dənizin dibində, oturmaq üçün.

Gedirik danəşaq, balıqlar ilə,
Dost olub onlarla, deyib danışaq.
Qoysalar bizi də, qanad çıxardıb
Qoşulaq onlara, biz də qarışaq.

Somurulmaq

Bu dönə qolundakı saata baxma
Gözlərimdəki əqrəbələr
O qədər dal - dalı fırlanır kı
Mən öz içimə somuruluram
Bax! nə qədər maraqlıdır bu anlar
İlk öncə başım gözümün içinə keçir
Sonra boynum, Çiynağım
Qarnım və əllərim
Qıçlarım....
Və sonunda Dırnaqlarım
Demək yaşamaq
Təpədən dıranağacaq
Öz içimizə hər an somurulmaqdır
)

Bizi qınamayın

Bizi qınamayın
Bizdən adam olmaz
Biz Kərtənkələ olmaq istəyirik
Hay bərk gələndə 
quyruğumuzu qoyub qaçarıq sakit səhralara
Günəşin qızmar çağında
Bir – birimizi içərik
İlanlara söz atarıq
O qədər qaqqıldarıq kı
Ilanlar bizi udar
Ilanların qarnında oturub yenə də qaqqıldarıq
Sonra qıçımızı uzadıb
Şeir yazarıq
O qədər şeir yazarıq kı
Bizi udan ilanın qarnı partayar
Hamı qaqqıldayar
Hamı bilər ki
Bizi qınamaq olmaq
Hamı bilər ki bizdən adam olmaz
Adam olmaz

“Mənim naylon darağım var”

Mənim naylon darağım var
Məndən küsüb
Başımın tükünü daramır
Onun rəngi mavidir
O mənim sol cibimdədir
O yuxu görür
Mən onun yuxularını görürəm
O kəhkəşanlarda olan süd yolundan
Gəlib gedən ulduzların saçlarını darayır
Ulduzların saçları pırpızaqlıdır
O özünü çıxarda bilmir 
ulduzların pırpızaqlı saçlarından
Ulduzlar yuyunmaqdan çəkinərlər
Ulduzlar saçlarını yumazlar
Göydə bir neçə güzgü gəzir
Ulduzlar güzgülərdən qorxarlar
Güzgülərin qoyruğu var
Güzgülərin bığı var
Mən qorxuram
Naylon darağımın yuxularından qorxuram
Sol cibim ağırlaşır
Kəhkəşanları cibimdə gəzdirmək istəmirəm
Kəhkəşanlarda qara quyular var
Hər nəyi somurar

Комментариев нет:

Отправить комментарий