Страницы

11.04.2016

Kasıbın şəhid, varlının məmur oğlu

Dünyada ən qəribə qoxu müharibə qoxusudur. Sözlə ifadə edə bilməyəcək qədər qəribə… Nə pis demək olur, nə də yaxşı…
İlk dəfə bu qoxunun Cəbrayılın işğalından bir qədər əvvəl babamgildə hiss eləmişdim. Sübh tezdən kəndin girəcəyində, dərədə qraddan açılan atəşdən sonra kəndimizi müharibə qoxusu bürüdü. Bəlkə də, bu qoxu çoxdan var idi, sadəcə, mən o andan hiss etməyə başlamışdım.
Müharibə qoxusunun ardıyca gələn ən qəribə hiss isə şəhid xəbəri almaqdır. Bu xəbəri ilk dəfə 22 il öncə aprel ayında almışdım. Tam dərk eləməsəm də, bu xəbərdən insanların necə sarsıldığını görürdüm. Amma bu ölüm xəbəri, adi ölümlərdən deyildi. İnsanların gözündə qürur qarışıq acı var idi. Sanki o qürur acıdan qıvrılmağa imkan vermirdi. İnsanı mətin olmağa məcbur edirdi…
22 il sonra, yenə də apreldə şəhid xəbəri aldım. 12 şəhid xəbərini alanda bir anlığa 22 il öncəyə getdim. Bir anlığa nə hiss etdiyimi özüm də anlamadım. Öz-özümə Vətən sağ olsun dedim. Vətən sağ olsun, dövlətim var olsun!
Amma bu Vətən, bu dövlət təkcə kasıbların deyil. Nəyə görə onu qorumaq, uğrunda can vermək, ölüb, öldürmək təkcə kasıbların taleyinə yazılmalıdır? Sözsüz ki, bu tale hər kəsə nəsib olmayacaq qədər şərəfli bir taledir. Amma bir o qədər də acı taledir…
Diqqət elədim. Şəhid cənazələri çıxan evlərin demək olar ki, hamısı kasıb evləri idi. Şəhid ataları, qardaşları nə qədər qürurlu olsalar da, tabuta sarılan bayrağı ovuclarına alanda əllərindəki qabar göz çıxarırdı. Yalnız o əliqabarlı kişilər «Vətən sağ olsun!» demək qüdrətini özlərində tapırdılar. Bax, o kişilərin, o ailələrin yaşadıqları bu məmləkətə Vətən deməyə haqları çatır.
Cəbhədəki gərginliyin, şəhid xəbərlərinin gəldiyi bir vaxtda mediada belə bir xəbər getdi: “Rektorun oğlu səfir təyin olundu”. Prezidentin sərəncamı ilə BDU retoru Abel Məhərrəmovun oğlu İspaniyaya səfir göndərildi. Bu təyinatın belə bir məqamda gerçəkləşməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Uzun-uzadı danışmayacam. Yəni, caamaat deyir ki, kasıbın balasını Qarabağı, vəzifəlinin balasını Avropanı fəth etməyə göndərirlər. Acı da olsa, gerçəklik budur.
Cəbhə xəttindəki hərbi hissələrdə xidmət edən əsgərlərin hamısı kasıb ailələrin övladlarıdır. Varlıların övladları ya hərbi xidmətə getmirlər, ya da pul hesabına xidməti kurort kimi keçirirlər. Digər tərəfdən, imkanlı və ya vəzifəli şəxslərin övladları hərbiçi də olmurlar. Çünki onlar üçün daha komfortlu peşələr var. Şirkətlər, banklar, hotellər, avtomobil qaleriyalarına rəhbərlik etmək, xaricdə təhsil almaq, bahalı maşın minmək, bir sözlə, dəbdəbəli həyat sürmək hərbiçi olmaqdan çox asandır. Məmurların gülməşəkər balaları beşulduzlu hotel otaqlarını soyuq səngərə dəyişərlərmi? Əsla. Ona görə də hansısa məmur oğlu bu dəbdəbəli həyatı buraxıb cəbhə bölgəsində xidmət etməz, heç etmir də…
Dünyada qarşılıqsız sevilən yeganə nəsnə Vətəndir. Çünki onun sevgiyə cavab verəcək ürəyi yox, danışacaq dili yox. Lakin sonda şəhid övladını ehtiramla qucaqlayacaq böyük ağuşu var. Bu ağuşda uyumağı özünə şərəf bilənlər isə hər evdən çıxmaz…

Zaur Əhməd                            mia.az

Комментариев нет:

Отправить комментарий