Страницы

24.05.2016

"Gizli Həqiqət: Nurçuluq və Səid Nursi gerçəkliyi" kitabının yazılma səbəbi

Cavid Cabbarlı

XX əsr özündən əvvəkli dövrlərlə müqayisədə çox fərqlidir. Tarixidə  XX əsrdə olduğu qədər inkişaf  müşahidə olunmayıb və XX əsrdə baş verən cinayət hadisələri əvvəlki on doqquz əsrdəki cinayətlərdən təqribən iki dəfə çoxdur. Nəticə etibarı ilə texniki inkişaf cinayət faktlarının sayını çoxaldıb. Deməli, ümumi şəkildə inkişaf bəşəri xilas etmək iqtidarında deyil. Elmi və texniki inkişafla bərabər, mənəvi və ruhi təkamül də lazımdır ki, bəşər, ən böyük düşməni hesab olunan cəhalətdən qurtula bilsin.
Təbii ki, cəhalət bütün sahələrdə olduğu kimi dində də öz mənfi təsirini göstərir. Məhz cəhalət səbəbindən dində yüzlərlə cərəyan və hərəkat peyda olub. Belə cərəyanlardan biri də nurçuluqdur.
Nurçuluq günümüzün çox təhlükəli hərəkatlarından hesab olunur. Biz bu kitab vasitəsilə oxuculara nurçuluq barəsində geniş məlumat verməyə çalışacağıq. Amma əvvəlcə Allah-Təalanın Müqəddəs Kitabında qeyd olunan ayəni diqqətinizə çatdırmaq istəyirəm.
Ulu Tanrım Ali-İmran surəsində insanları birliyə, vəhdətə səsləyir. Vəhdət müqəddəs bir dəyərin ətrafında baş tutarsa bəşərin xilası, əks halda zəlaləti olar. Ayədə göstərilir ki, Allahın ipindən (Quran və sonuncu din olan İslam) möhkəm yapışın. Eyni zamanda xüsusi vurğu ilə “ayrılmayın” deyir. Nədən və kimdən ayrılmamaq isə açıq şəkildə başa düşülür.
Vəhdət bəşərin səadəti üçün çox zəruri göstərişdir. Bəs günümüzdə bu mövzunun yeri hardadır? Heç bir şübhə etmədən deyə bilərik ki, vəhdət günümüzün əsas ehtiyacıdır. Quran, Məhəmməd (s), Qiblə və Əhli-beytə sevgi vəhdətin əsas mənbəyidir.
İslamla əkiz olan, Həzrət Məhəmmədin (s) möcüzələrindən sayılan Qurani-Kərim dönə-dönə müsəlmanları birliyə, qardaşlığa və anlaşmaya dəvət edir. Hucurat surəsinin 10-cu ayəsində bu fikir daha da qüvvətləndirilib: “Həqiqətən möminlər qardaşdırlar. Elə isə iki qardaşınızı bir-biri ilə mehriban edin və Allahdan qorxun; bəlkə rəhm olunasınız”.
Ali-İmran surəsinin 105-ci ayəsində isə müsəlmanlar arasında qərəzli şəkildə ixtilaf və düşmənçilik yaradan şəxslər ilahi əzabla qorxudulurlar: “Açıq-aşkar dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”.
Bu mövzuda kifayət qədər ayə göstərmək olar ki, bəşəri qardaşlığa səsləyir, ixtilafdan və məntiqsiz ayrı-seçkilikdən uzaqlaşdırır.
Quranda ən gözəl ülgü kimi göstərilən və İslam dininin dərkində yeganə nümunə olduğu qeyd olunan Əziz İslam Peyğəmbərinin və bütün nöqsanlardan uzaq tutulan məsum Əhli-Beytin (ə) davranışlarında vəhdətə meyl daim müşahidə olunub. Bu pak zatlar bütün əməl və sözlərində vəhdət məsələsini xüsusi vurğulayıb, ixtilafdan çəkinməyi isə təkidlə tapşırıblar. Misal olaraq göstərə bilərəm ki, Əziz Peyğəmbərimizin (s) Məkkədən Yəsribə hicrət edəndən sonra gördüyü ilk işlərdən biri də mühacirlərlə (Məkkədən Peyğəmbərlə Yəsribə köçən müsəlmanlar)  ənsarlar (Yəsribdə həzrət Məhəmmədə və onunla gələn müsəlmanlara yardım edən müsəlmanlar) arasında qardaşlıq əqdini bağlamaq oldu (Sireyi-ibn Hişam, I cild, səh. 337-338).
Həzrət Məhəmməd (s) bütün fəaliyyəti dövründə yalnız Allahı inkar edən şəxslərlə (kafirlər və müşriklərlə) mübarizə aparmışdı. Həzrət hədislərinin birində buyurur: “Kim “La ilahə illəllah” deyib Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir” (Səhihi-Muslim, İman, 37).
Başqa bir yerdə isə belə buyurur: “Hər kim “Allahdan başqa tanrı yoxdur; o, təkdir və şəriksizdir. Məhəmməd (s) Allahın bəndəsi və elçisidir”- desə, heç kimin ona toxunmağa haqqı yoxdur. Yalnız həddi pozarsa (günah edərsə), haqqında cəza tətbiq olunmalıdır” (Sünəni-İbn Macə, 2539).
İndi isə Əhli-beytin (ə) davranışına baxaq; 
Həzrəti Əli (ə) məşhur “Şiqşiqiyyə” xütbəsində Peyğəmbərdən sonrakı vəziyyətini belə şərh edir: “Fikirləşəndən sonra bu nəticəyə gəldim ki, səbir etmək ağla daha uyğundur. Ona görə də gözünə tikan batmış, boğazında sümük qalmış adam kimi səbr etdim...”
Başqa xutbəsində isə belə deyir: “Mən gördüm ki, səbir etmək müsəlmanlar arasında təfriqə salıb qan tökməkdən daha yaxşıdır. Çünki camaat İslam dinini yenicə qəbul etmişdi. Din, qaynayıb üzünə köpük çıxmış südə bənzəyirdi. Azacıq diqqətsizlik və tərpəniş nəticəsində korlana bilərdi” (İbn Əbil-Hədid - Nəhcul-bəlağənin şərhi, 8-ci cild).
Həzrət (ə) misirlilərə yazdığı məktubda ürəkağrısı ilə qeyd edir: “Gördüm ki, bəziləri dindən dönüb, Peyğəmbərin dinini məhv etmək üçün çalışırlar. Belə bir şəraitdə qorxdum ki, əgər Allahın dininə yardım etməsəm, İslam küfrə məğlub olar, ya da tamam məhv olar. Bunu görmək mənim üçün sizin üzərinizdə hakimliyi itirməkdən daha ağırdır...”
İmam Əli (ə) firqələrə parçalanan, siyasi qruplaşmalara qoşulub bir-birinə qarşı silah çəkən müsəlmanları birləşdirməyə çalışır: “Cammat, fitnə dalğalarını nicat gəmisi ilə yarıb parçalayın! İxtilaf və nifrət törətməkdən əl çəkin! Fəxr və lovğalıq tacını kənara qoyun!”
Yaranmış ixtilafların səbəbi;
Quran insanları birliyə çağırdığı, Əziz Peyğəmbərimiz (s) və Əhli-Beyt (ə) bütün fəaliyyətləri dövründə vəhdət yaratmağa çalışdıqları halda ixtilaf və qarşıdurmaların səbəbi nə ola bilər? Bu sualın cavabını araşdırmazdan əvvəl bir neçə sual da əlavə edim. Çünki, suallar müxtəlif olsa, zaman və məkan baxımından fərqli yerlərdə, fərqli zamanlarda deyilsə də cavablar eynidir. Peyğəmbərdən (s) sonra İlahi göstərişə niyə əməl olunmadı? Həzrət Hüseyn (ə) niyə şəhid edildi? Zamanın sahibi, sonuncu İlahi Höccət (ə.f) niyə qeybdədir?
Bu suallara cavab olaraq və bu vaxta qədər müsəlmanlar arasında vəhdətə mane olan səbəblər aşağıdakılardan ibarətdir:
Cahillik; 
Müsəlmanların vəhdətinə mane olan birinci səbəb cahillik və məlumatsızlıqdır. Məzhəblər arası qarşıdurma məhz bu səbəbdən alovlanır. Tərəflərin kifayət qədər elmə sahib olmamaları, qarşı tərəfin əqidə və əhkam məsələləri haqqında məlumatsızlıq sonda ixtilafa səbəb olur.
İnadkarlıq;
İnadkarlıq cəhalətdən yaranan xasiyyətdir. Həqiqəti dərk etməkdə insana mane olur. İnsan həqiqəti anlasa da inadkarlıqdan onu qəbul etmir.
Təəssübkeşlik;
Adətən yersiz təəssübkeşlik insanı həqiqətdən xeyli uzaq salır. Buna misal olaraq Məkkə müşriklərini göstərə bilərəm. Onlar ata-babalarının dininin təəssübünü çəkib İslamı qəbul etməkdən imtina edirdilər.
Uzun arzular və nəfsi istəklərin əsiri olmaq;
Uzun və reallıqdan xeyli uzaq olan arzular, eyni zamanda nəfsi istəklərin əsiri olmaq insanla həqiqət arasında qalın pərdə yaradar. İnsan həqiqətdən uzaq olduqca dini dəyərlərin mahiyyətini də anlamaz. Uzun arzuları, şeytana əsir olması ona batili həqiqət, həqiqəti də batil simasında göstərər. Bu zaman nə İslamın çox önəm verdiyi vəhdət mövzusu, nə də digər dəyərlərin mahiyyəti qalmaz. 
Siyasi amillər;
Birləşməyin qarşısında dayanan əsas səbəblərdən biri də özünü supergüc hesab edən dövlətlərin siyasi maraqlarıdır.
Bu dövlətlər İslam dünyasında idarəçiliyə nəzarət eləmək üçün müsəlman dövlətləri arasında süni ixtilaflar yaratmaqla, siyasi maraqlarını təmin edirlər. Yuxarıda qeyd etdiyim səbəbləri görmədiklərindən müsəlman rəhbərləri İslam dünyasını imperialist Qərbin siyasi maraqlarına qurban verirlər.
Qərb və Avropa ölkələri çox yaxşı anlayır ki, İslam dünyasında ixtilaf olmasa müsəlmanlar bütün dünyada rəhbərliyi ələ alacaqlar. Quranda qeyd olunur ki, “Allah yanında ən kamil din İslamdır”. Qərb ölkələri bu həqiqəti çox yaxşı anlayır. Ona görə də məzhəblər arası ayrı-seçkilik salır, yaxud yeni cərəyanlar yaradıb dəstəkləyirlər.
Kiçik araşdırma aparsaq görərik ki, son iki-üç əsrdə İslamda yaranan bütün cərəyanların arxasında Qərb imperializminin barmağı var. Əsas məqsəd isə İslam dünyasında vəhdətə mane olmaq və müsəlmanları daim təzyiq altında saxlamaqdır.
İslam dünyasının görkəmli alimləri Qərbin bu hiyləsini başa düşüb və gərəkən addımlar atıblar. Xüsusən, XX əsrdə məzhəblər arası dostluq və qardaşlığın yaranması istiqamətində ciddi fəaliyyətə rast gəlmək mümkündür. Əl-Əhzər Universitetinin rektoru Şeyx Səlim Bişri Seyyid Şərafuddin Amili ilə bir qədər məktublaşandan sonra etiraf edir: 
“Mən təəssübkeş və zalım şəxslərin töhmətlərinə uyaraq şiələr haqqında yanlış təsəvvürdə idim. Çox şükür olsun ki, Allah bizim birləşməyimiz üçün şərait yaratdı, mən sizin bələdçiliyiniz altında elm çırağınızın nurundan bəhrələndim. Bunun üçün aləmlərin rəbbi olan Allaha həmd edirəm” (Əl-Muraciat – Seyyid Şərafuddin).
Təəssüflər olsun ki, islam mütəfəkkirlərinin səyinə baxmayaraq, Qərb öz məkrli siyasətindən əl çəkmir. Hər il milyonlarla vəsait ayrılır. Sirr deyil ki, bu vəsait ancaq müsəlmanlar arasında qarşıdurma yaratmağa və islam dünyasını parçalamağa sərf olunur. Batil əqidə ilə yüklənmiş “cahil müsəlman”lar Qərbin əlində islama qarşı ən kəsici silahdır.
Yaxın və Orta Şərq Qərb, xüsusən ABŞ üçün çox əhəmiyyətli region hesab olunur. Bu region həm enerji ehtiyatlarına və quru sahələrinin çoxluğuna, həm də əhalisinin böyük əksəriyyətinin müsəlman olduğuna görə,  Qərbin diqqət mərkəzindədir. Şərq insanını idarə etmək üçün “Qərb demokratiyası” yetərli deyil. On dörd əsr zatı, varlığı islam qaydaları ilə yoğrulan millətləri Avropa dəyərləri ram edə bilməz.
Qərb də istədiyi vaxt bu cür cərəyanları çox asanlıqla və peşəkarcasına ortaya çıxara bilir. 
Belə cərəyanlardan biri və dövrümüz üçün ən təhlükəlisi Nurçuluqdur. Bu cərəyan bir tәriqәt kimi fәаliyyәt göstәrdiyini iddia eləsə də siyasi hərəkat görüntüsünü gizlədə bilmir. Tez bir zamanda dünya miqyasında yayılması və cəmiyyətə nüfuz etmə səbəbləri müxtəlifdir. Təhsil, elm, kreativ düşüncə, müasirlik və modern islam adı ilə olunan təqdimat nurçuluğu tez ayaq üstə qoydu. Seçilmiş taktika uğurlu olduğu üçün Qərbin dəstəyi də özünü çox gözlətmədi. Nəticədə digər cərəyanlardan fərqli olaraq hələ ki, həqiqətlə toqquşduğunu ört-basdır etməyə nail olan nurçuluq insanlarda dinlə bağlı ciddi şübhələr yarada bilib. Xüsusən bir əsrə yaxın dini maarifdən uzaq qalan Azərbaycan vətəndaşının nurçuluğun zəhərli təbliğatına daha tez uya biləcəyi ehtimalındayam.
17 dekabr 2013-cü il tarixdə Türkiyədə kütləvi həbslər nurçuluq mövzusunu bir daha gündəmə gətirdi. O vaxtdan etibarən nurçuluğun təhlükəli cərəyan olduğunu iddia edənlər iddialarını daha açıq şəkildə bəyan edə bildilər. Bu da, insanlar arasında nurçuluğa qarşı ən azı şübhələr yaratdı.
Nurçu Hərəkatı çox yeni cərəyan olduğu üçün onun barəsində geniş və əhatəli ədəbiyyat qıtlığı yaşanır. Buna görə də Nurçuluğun yaranması, məqsədi və fəaliyyət istiqamətləri barədə etibarlı mənbələrə istinad edərək bəzi məlumatları kitab formasında oxucuların ixtiyarına qoymağı özümə borc bildim. Çox ümid edirəm ki, bu işim həqiqi dinə xidmət olaraq, Uca Yaradanım tərəfindən qəbul ediləcək!

Комментариев нет:

Отправить комментарий