Страницы

25.05.2016

Kainatın sərhədləri və ya Cingiz xanın ölümsüzlük arzusu

Mətləb Ağa

Hər kəsdə belədir yəqin. Müəyyən yaş dövrünə qədər adama elə gəlir ki, hər şey, özü də, ətrafındakılar da daimidir, əbədidir, zaman keçsə də, heç nə dəyişməyəcək, hər şey olduğutək qalacaq. Buna görə də, məchul gələcək adama maraqlı və əlçatmaz görünür. Uşaqsansa, böyümək istəyirsən, böyüklərə həsədlə, maraqla baxırsan. Və bir gün böyüyürsən, sonra, təbii ki, qocalırsan və bu dəfə ötüb keçmiş həyatın arxasınca ümidsizcəsinə baxmalı olursan. Baxırsan və başa düşürsən ki, nahaq tələsirdin. Amma, aydındır ki, əlindən ümumiyyətlə  heç nə gəlmir...
Nədən əmələ gəlir bu? Bəlkə, insan qocalıqca ölümə yaxınlaşdığındandır? Bəlkə, elə buna görə insan heç vaxt yaşadığı həyatın ölümlü olması ilə barışmır və bu onda bütün ömrü boyu əbədi var olmaq arzusunun (heç olmasa, arzusunun)  hakim olmasına gətirib çıxarır, bunun mümkün olmayacağını özlüyündə anlayır, ölümünə inanmasa da bir gün öləcəyini bilir, amma daimi həyatı, var olmanı şiddətli bir ehtirasla arzulayır. Dünya mədəniyyətlərində, dinlərində də bu istəyin ifadəsinə, müxtəlif variasiyalarda təzahürünə hər addımda rast gəlinir, müxtəlif adət-ənənələr, mədəniyyətlər, incəsənətlər, ədəbiyyatlar həm də bunun göstəricisidir ki, insan heç vaxt öləri olmağı ilə barışmır, barışmaq istəmir... 
Kəndimizi qonşu kəndlə birləşdirən bir yol var. Uşaqlıqda buradan o qədər keçib o qonşu kənddə, Xocalıda yaşayan Münəvvər bibimgilə getmişəm ki. Ancaq, bu yaxınlarda yenə də, o yolla keçib gedəndə, birdən fikir verib gördüm ki, sən demə, Salyan- Neftçala asfalt yolu bu kənd yolunun lap yaxınlığından keçirmiş, heç beş yüz metr uzaqlıqda da deyilmiş. Bəs necə olmuşdu ki, bu uzun illər boyu bunu görməmişdim? Bu yerlərdə həm də uşaqlıqda o qədər mal-qara otarmışdım ki. Ancaq yenə də, o yolun bu qədər yaxınlıqdan keçməsi heç vaxt diqqətimi çəkməyib. Elə bilmişəm ki, o yol çox-çox uzaqlardan keçir, gərək bir xeyli gedəsən ki, o asfalt  yola çatasan. 
Necə olub? Yəqin ki, bu sualın cavabı elə yuxarıdakı abzaslardadır. Uşaqlıqda hər şey insana uzaq, heç vaxt çatmayacağı məsafədə görünür. Ancaq, sonra bir gün aydın olur ki, o əlçatmaz bildiyi uzaqlıq əslində elə burada, yaxınlarda, burnunun ucundaymış. Çox yox, beş yüz metrlik uzaqlıqda.
***
Bu günlərdə baxdığım, National Geographic Channelin “Kainatın sərhədinə yolçuluq” adlı sənədli filmində deyilir ki, bizim Yer planeti kainatda qum dənəsindən də xırdadır. Lakin National Geographic Channelin bu iddiasına şübhəylə yanaşmaq olar. Hər halda, mən elə fikirləşirəm. Nədən ki, ölçüsü haqqında heç bir anlayışımızın olmadığı Yer bəlkə qum dənəsindən də kiçikdir və yaxud bu ölçü-zaman anlaşılmazlığında hər hansı müqayisə üçün qum dənəsi, meyvə çəyirdəyi, futbol topu ölçülərindən danışmaq belə yersiz görünmürmü? Filmin iddia etdiyi kimi, əgər kainatın sərhədi varsa, onda bu sərhədin mövcudluğu  hara qədərdir? Kainat bizim bildiyimiz, dərk etdiyimiz bir məkan ölçüsündədirmi ki, bir sərhədi də olsun? Bəlkə elə bizim Tanrı dediyimiz o İlahi də elə bu Kainatın özüdür?
***
Prosmer Merimenin “Tamanqo” povestini oxuyanlar bilir. Müstəsna gücə, ağla, başqalarını öz arxasınca aparmaq qabiliyyətinə, möhkəm xarakterə malik olan Tamanqo tamahı ucbatından öz zənci həmvətənlərini qul alverçisi, “Esperans” ikidorlu yelkənli gəmisinin kapitanı fransız Löduya dəyər-dəyməzinə satır, lakin sonradan iş elə gətirir ki, özü də satdığı zəncilərlə eyni taleyi paylaşmalı olur və Lödunun “Esperans”ının göyərtisinə düşür. İndi də yalnız özünü, öz mənafelərini düşünən Tamanqo xilas olmaqdan ötrü, satılmaq üçün aparılan (özü satdığı) qulları üsyana təhrik edir və bu dəfə könüllü Tamanqonun arxasınca gedən zəncilər Lödu başda olmaqla briqin (19-cu əsrdə ekspedisiya, ticarət və döyüş təyinatlı ikidorlu yelkənli gəmi) ekipajını büsbütün öldürüb gəmidəki hakimiyyəti ələ keçirirlər. Lakin bu zaman  hamıya aydın olur ki, zənciləri satılmaqdan, bir qarın çörəyə işləməkdən də betər bir gələcək gözləyir, (bilmirəm, “azadlıq hər şeydən üstündür, azad ölmək qul kimi yaşamaqdan min dəfə əfzəldir, filan” kimi şüarlar burada bir işə yarayırmı?) belə ki, bu qullardan heç biri bu fransız gəmisini idarə etməyi bacarmır, buna görə də, yenə də Tamanqonun təhrikiylə ağılsızcasına gəmidəki qayıqlara doluşub ucsuz-bucaqsız okeanda xilas olmağa can atır, ancaq bu dəfə də okeanda  boğulacaqlarını görüb yenidən  gəmiyə dönürlər. Əlbəttə ki, Tamanqonun bu avantürası zamanı da çoxlu ölənlər olur. 
Sonra da aclıq və susuzluqdan hamı bir-bir qırılır: ”Bir neçə gündən sonra “Esperans” gəmisindəki keçmiş heyətdən Tamanqoyla Aişədən başqa heç kim qalmamışdı”. Daha sonra Aişə də ölür, axıra tək qalmış Tamanqonu bir ingilis gəmisi xilas edir. Məhz ingilislərin fransızlarla düşmənçiliyi qiyamçı Tamanqonun boğazını dar ağacından qurtarır, çünki Lödu  və ekipajı fransızdı, biz artıq bunu bilirik. Nəhayətdə, hərbi orkestrdə simbal (zərb çalğı aləti)  çalan olan Tamanqonu çox içmək və sətəlcəm öldürür. İbrətamiz əhvalatdır. 
Yeri gəlmişkən, 1960-cı ildə “Azərbaycanfilm”də Prosper Merimenin “Matteo Falkone” adlı novellası əsasında qısametrajlı film də çəkilib ki, baş rolda da rəhmətlik Nodar Şaşıqoğlu oynayıb.
***
Deməli, insanın bacarığından və xarakterindən danışırıq.
Bir də, yuxarıda dediyim kimi, insanın ölümsüzlük, daima var olmaq, bu mümkün olmadıqca isə, həmişə xatırlanmaq, yadda qalmaq arzusu var. 
Buna assosiativ olaraq, çoxumuzun  bildiyi bir əhvalatı burda yazmazdan əvvəl, maraq üçün deyim ki, sən demə, dünya tarixində adı bilinən ilk terrorçu bu yazacağım əhvalatın baş qəhrəmanı Efesli Herostrat hesab olunur. Onun bu cəhətdən dünya tarixinin birincisi olmasınısa bu yaxında öyrənib bilmişəm. Yəni, tarixdə terrorçu adını ilk dəfə Herostrata yaraşdırmışlar. 
Ümumilikdəsə, Herostratla bağlı əhvalatı çoxdan oxumuşam. Yadınıza gəlirsə, Herostratla bağlı  həmin o məşhur əhvalatda deyilir ki, bu adam bizim eradan əvvəl 356-cı ildə dünyanın yeddi möcüzəsindən biri kimi tanınan, Efesdə yerləşən Artemida (Diana) məbədini yandırır ki, adı tarixə düşsün, insanların yaddaşında həmişə yaşasın, şöhrətlənsin və deməli, bununla  bir növ ölümsüzlük istəyi reallaşsın. 
Reallaşır da. Elə, ya belə. Necə də olsa,  biz bu gün Herostratı xatırlayırıq və onun istədiyi də bu deyildimi? Lakin, düzdür, bəzi tarixi mənbələr həm də bunu  iddia edirlər ki, əslində heç də bu cür olmayıb, yəni, məsələ çoxumuzun bildiyimiz o məşhur əhvalatdakı kimi deyil. 
Belə ki, Artemida məbədinin dələduz və tamahkar kahinləri xalqın məbədə verdiyi var-dövləti öz mənafeləri, ciblərinin xeyri üçün xərcləyiblər, ancaq bir gün işin üstü açılacağından qorxduqları üçün məbədi yandırıb cinayəti günahsız Efesli gənc Herostratın boynuna atıblar... Ola bilər...
***
Bir başqası da, ayrı yolla ölümsüzlük qazanmaq xəyalına düşüb ki, bunun haqqında da yazım.
Tarixçi və səyyah yazıçı, britaniyalı Con Men özünün məşhur “Çingiz xan” adlı tarixi romanında bu böyük fatehin həyatı, döyüşləri, arzuları və ölümü haqqında ətraflı danışıb. Düzdür, öyrəşdiyimiz tarixi romanlardan fərqli olaraq kitab çətin oxunur, bu da yəqin ki, görünür, müəllifin daha çox tarixi faktlara istinad etməsindən, çoxlu arxiv materiallarından faydalanmasından, dil sadəliyinin də əsərdə məhz bu arxiv faktlarının gölgəsində itib-batmasından irəli gəlir. 
Kitabı oxuyanda  fikirləşirsən ki, müəllifi, Koreya yarımadasından Macarıstana qədər uzanan nəhəng imperiyadan, bu imperiyanın qurulmasını şərtləndirən əzəmətli döyüşlərdən, ziddiyyətli şəxsiyyətlərdən, qarmaqarışıq hadisələrdən daha çox  məhz Çingiz xanın qəbrinin harada olması maraqlandırır.
Lakin nə qədər araşdırsa da, təxminən 500 səhifəlik kitabda belə, müəllif  bu sualla dəqiq cavab verə bilmir, baxmayaraq ki, Çingiz xanın adı keçən coğrafi yerləri müəllif özü şəxsən qarış-qarış gəzərək bu suala cavab axtarır. Doğrudan da, maraqlı məsələdir. Çingiz xanın qəbri harada yerləşir, necə olub? Əgər imperatorun qəbri bu gün də heç cür tapılmırsa və bu yüzilliklər boyu heç cür mümkün olmayıbsa, onda belə çıxmırmı ki, bu  mübhəmlik elə Çingiz xanın öz istəyilə yaranıb, yəni, məzarının yerinin heç kimin bilməməsini böyük Xan özü istəyib?
Bu vəziyyəti  Çingiz xanın ölümsüzlük arzusu ilə bağlamaq olarmı?
Başqa cür olduğunu fikirləşə bilmirəm..
Con Men özü də kitabında təsdiq edir ki, böyük hökmdar Çingiz, “Tsyunçen” (“Tam kamillik”) adlı bir daosizm təriqətinin başçısı, müdrik qoca Tsyançunu (qocanın bu adı “Əbədi Bahar” mənasındadır) elə-belə, boş yerə axtarıb görüşə dəvət etmirdi, ondan ölümsüzlüyün, heç olmasa, uzun ömürlülüyün sirrini öyrənmək istəyirdi. Təriqətin məşhurluğunun və Çingiz xanın diqqətini də cəlb etməsinin səbəbi məhz insan ömrünü uzatmaq ideyasını özünün əsas fəaliyyətinə daxil etməsi deyildisə, bəs nədəydi?!
Lakin, 10 min kilometrlik məsafədən, 4 illik  yolçuluqdan sonra Çingiz xanla görüşən (bu vaxt Çingiz xanın 62, Tsyançunun 73 yaşının olduğu deyilir) Tsyançundan uzun ömür üçün ona dərman gətirib-gətirməməsini soruşan imperator, müdrik qocadan “məndə həyatı qorumaq üçün dərman var, ancaq onu uzatmaq üçün yoxdur” cavabını eşidir və bu səbəbdən görüş məyusluqla bitir.
Onda, həyatını uzatmağa nail ola bilməyən Çingiz xanın, heç olmasa, öləndən sonra, məzarının yerini gizlətməklə özünə bir növ ölümsüzlük qazanmaq istəyi təbii görünmürmü? Mən məhz belə olduğuna inanıram. Görünən, ortada olan  bir qəbrin mövcudluğu, insanlara Çingiz xanın faniliyini, ölümlülüyünü xatırlatmayacaqdımı? Qəbir yoxdur və Çingiz xan ölümsüzdür, məkansızdır, göylərə çəkilib. İmperator öz ölümünə sirr qatmaqla özünü təkcə zamanının insanları yox, gələcək nəsillər üçün də ölümsüzləşdirəcəyini düşünüb, yəni, qoy gələcəkdə də insanlar elə fikirləşsinlər ki, Çingiz xan ölməyib, bir gün geri dönə və yenidən onlar üzərində hökmranlığa sahiblənə bilər.
Çingiz xan haqqında uydurulmuş Monqol nağıllarından birində əbəs yerə deyilmir ki, “Çingiz xan haradadır? O ölməyib... ağır yaralanmış Çingiz xan yuxuya gedir və bir daha oyanmır. Məgər Müqəddəs Çingiz özünü sağalda bilməz?! Bir gün o sağalanda ayılacaq və öz xalqını xilas edəcək.”
Yəqin elə bunun nəticəsidir ki, bu gün Monqolustanda Çingiz xanı müqəddəs ruh hesab edirlər. Ruhsa, əlbəttə ölməzdir. Deməli, Çingiz xan öz məqsədinə nail olub, özünü insanlar üçün ölümsüzləşdirməyi bacarıb.
***
Ancaq, mən başqa cür fikirləşirəm.
Ölümsüzlük insanın xarakterindən yaranan istəklərində və əməllərindədir.
Baxır ki, o nə düşünür və nə edir...
Baxmayaraq ki, fransız yazıçısı Andre Moruanın (1885 – 1967) təbirincə desək, insanın xarakteri elə bir şeydir ki, onu dəyişmək mümkün deyildir, ancaq ona təsir etmək mümkündür, lakin bu təsiretmə də əslində nəticəsiz bir şeydir, yəni, insan onu başqa cür olmağa məcbur edən mövcud şərait dəyişdikdən sonra, yenə də öz əvvəlki xarakterinə qayıdır.
Vəssəlam. 

Комментариев нет:

Отправить комментарий