Страницы

28.05.2016

Naxçıvandan qaçmış sahibkar: Vəli Ələsgərov zirzəmidəki işgəncə maşınlarını göstərib dedi ki...

Azərbaycan mətbuatı neçə vaxtdır ki, Eldar Mahmudovun və Akif Çovdarovun başçılıq etdiyi, fəaliyyətinə artıq xitam verilmiş MTN-də formalaşmış mütəşəkkil cinayətkar qruplaşmanın əməllərindən zərər çəkən çoxsaylı sahibkarların, sadə vətəndaşların başlarına gətirilənlər haqda dəhşətli epizodları yayır. Belə görünür ki, hələ bu yazılanlar Mahmudov-Çovdarov bandasının törətdiyi əməllərin cüzi hissəsidir.
Mahmudovun qruplaşması Bakıda zərərsizləşdiriləndən az sonra onun qurduğu qorxu imperiyasının Naxçıvan özəyi də çökdürülüdü. Naxçıvan MTN-in Eldar Mahmudova sadiq rəhbəri Vəli Ələsgərov işdən azad edildi və ev dustağına çevrildi. Bu ilin martında isə onun barəsində rəsmən həbs qətimkan tədbiri seçmişdilər, ancaq təxminən 20 gün sonra V.Ələsgərovu ev dustaqlığına buraxmışdılar.
Lakin vəkilinin keçmiş nazirin hüquqlarının pozulması və qəddar rəftara məruz qalması barədə Bakıda keçirdiyi mətbuat konfransının ardınca onu yenidən təcridxanaya saldılar. Və nədənsə Mahmudov-Çovdarov qruplaşmasının amansız cinayətlərindən bəhs edən mətbuatın diqqəti Vəli Ələsgərovun vaxtilə Naxçıvanda qurduğu dəhşətli sistemin qurbanlarına yox, onun hüquqlarının qorunmasına yönəldi.
Bəs indi hüquqlarının pozulmasından şikayətlənən Vəli Ələsgərov özü nazir işləyəndə heç hüquq tanıyıbmı? Bəlkə o, Naxçıvan MTN-in təcridxanasında "insan haqları mərkəzi" yaradıbmış?
Qeyd etmək lazımdır ki, Vəli Ələsgərovun əməllərindən zərər çəkənləri axtarıb tapmaq elə də asan deyil. O, artıq nazir olmasa da Naxçıvan MTN-də hər cür qeyri-insani rəftara məruz qalanların çoxu hələ də susmağa üstünlük verir. Danışmağa hazır olanlar isə ya onun təqiblərindən xaricə qaçanlar, ya Bakıya sığınanlardır. Bir vaxtlar Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Məmməd Qurbanov kimi...
Məmməd Qurbanov deyir ki, Naxçıvanda uzun  məruz qaldığı təqiblərdən sonra Bakıya qaçmalı olub. 3 ilə yaxındır ki, Bakıda kirayə yaşamağa məcburdur. O, Naxçıvan MTN-in və agentlərinin əlindən ev-eşiyindən didərgin düşüb.
M.Qurbanov danışır ki, Naxçıvanda xeyli müddət işsiz-gücsüz olub. Nəhayət Türkiyə vətəndaşı olan tanışının köməyi ilə xırda biznes qura bilib, Türkiyədən mal gətirib satmağa başlayıb.
"Dolanışığım bir az  düzəlmişdi. Ancaq 2006-cı ildən bəri gözümüzü açmağa imkan vermirdilər. Gömrükdə problemlər yaradırdılar, mallarımızı keçirməyə imkan vermirdilər. Hətta iş o yerə çatmışdı ki, məni ruhi xəstəxanaya saldılar. Bir ay orada yatırtdılar, sonradan beynəlxalq təşkilatlardan gəldilər Naxçıvana, məcbur olub buraxdılar"- naxçıvanlı keçmiş sahibkar danışır.
M.Qurbanov xatırlayır ki, 2012-ci ilin dekabrında Türkiyədən mallarını gömrükdə boşaltdılar. Hüquq müdafiəçiləri İlqar Nəsibov və Elman Abbasov orada olub.
Keçmiş sahibkarın danışdıqlarından: "Bir də gördüm ki, kürəkənlərimi gömrüyün anbarında 30-40 nəfər döyür. Bizə qarşı təxribat idi. İlqarla Elmanı da təzyiq olundu. Elmanın əlindən kamerasını almaq istəyirdilər. Yarım saat sonra Naxçıvan DİN əməkdaşları gəldilər. Hamısı əvvəldən qurulmuş bir təxribat idi. Bizi təcridxanaya saldılar. Qışın ortasında bizi lüt soyundurub üstümüzə su tökürdülər, ayaqyoluna getməyə qoymurdular. Bu barədə Sədərək prokuroru Teymur Vəliyevə şikayət etdim. Mənə ittiham vermişdilər ki, gömrük işçisi Namiq Şıxəliyevə yumruq vurmuşam. 4 il mənə, 5 il kürəkənimə verdilər. 4 ay həbs-qətimkan tədbiri seçildi. Sonradan apelyasiyanın qərarı ilə azadlığa buraxıldıq".
M.Qurbanov deyir ki, Naxçıvan MTN-in işi-gücü həmişə sahibkarlara qarşı şantaj, təhdid, təxribat quraşdırmaq olub: "Naxçıvanda MTN qədər qəddar qurum olmayıb.
Bu nazirliyin işi çayxanada insanları güdməkdən,  gizli səs yazmaqdan ibarət idi. Vəli və onun kollektivi ancaq bu işlərlə məşğul olub. Mən MTN-in qara siyahısında idim, çünki haqqımı tələb edirdim. Daim izlənmişəm, telefonlarıma qulaq asılıb, ailə üzvlərim izlənib”.
M.Qurbanov deyir ki, dəlixanadan çıxandan sonra bir neçə gün sonra onu  MTN çağırıblar. 5 saat saxlayıblar, təzyiq edibllər: "Dedilər ki, İlqar və Məlahət Nəsibovalardan şikayət etməlisən, çünki sən içəridə olanda səndən icazəsiz mətbuata məlumat ötürülüb. Bu barədə şikayət ərizəsi yazmağımı tələb etdilər, razılaşmadım. Onda  mənə bildirdilər ki, əks təqdirdə sənin ermənilərlə iş birliyində olduğunu deyəcəyik".
Keçmiş sahibkarın dediyinə görə onun 16 yaşlı qızı Fərizəni hazırlıqdan gələndə boğmaq istəyiblər, öldürməyə cəhd ediblər. M.Qurbanov deyir: "Bu işdə yüz faiz MTN əli var idi. Məni bu cür susdurmaq istəyirdilər. Bu barədə polisə də şikayət etdim, ortaya bir şey çıxmadı. Kürəkənim "Badamlı” zavodunda mühafizəçi işləyəndə MTN əməkdaşları zavoda gedərək rəhbərlikdən onu işdən çıxarmalarını tələb etmişdi...”
Keçmiş sahibkar danışır ki, o, həbsdə olanda şikayətlərini geri götürməsi üçün ailə üzvlərini təhdid edibər. MTN M.Qurbanovun ailəsinə çatdırıb ki, onların çılpaq şəkillərini montaj edib yayacaqlar.
"Bu cür iyrənc üsullarla ailə üzvlərim, yoldaşım, qızım qorxudulub. Evimizə gecə vaxtı işıq salmağa başlayıblar. Ailəm barədə mənfi rəy formalaşdırmaq istəyiblər. Nəticədə ailəm məcbur olub ki, Naxçıvanı tərk etsin. Amma onları aeroporta buraxmayıblar. Qızım Zakir Qaralova müraciət edib. Yalnız  bundan sonra ailəmi Naxçıvandan çıxmağa icazə veriblər. Bizim guya əxlaqsız ailə olmağımız haqda şaiyələr yaydırıblar, şərəf ləyaqətimizi alçaldıblar. Bunun da başında Vəli Əsgərov dayanıb. Bunlar hər cür şərəfsizliyə imza atmış insandır. Vəli bütün fəaliyyətini sadə vətəndaşları ləkələməyə sərf edib, bu dövlətə xidmət deyil axı. Ona qarşı irəli sürülən ittihamlar çox yüngüldür, bunlar Vəlinin elədiklərinin yanında heç nədir"- M.Qurbanov deyir.
Həmsöhətimiz deyir ki, kürəkəni Toğrul Abbasovu MTN-ə aparıb zirzəmiyə salıblar. Zirzəmidəki işgəncə maşınlarını ona göstərərək Məmməd Qurbanovun qızını boşamağı tələb ediblər, psixoloji təzyiq ediblər, qorxudublar: "Vəli özü Naxçıvanda cavan uşaqları çağırıb deyirmiş ki, gedin Məmmədin qızına sataşın. Həmin gənclərin üçü bu barədə bizə özləri dedilər. Onların adını çəkmək istəmirəm. Dedilər ki, başqa adamların əli ilə sizə xətər toxunduracaqlar, ehtiyatlı olun. Vəlinin indi həbsdə yatması azdı, onun yerinə başqası olsaydı özünü asardı".
Keçmiş sahibkar deyir ki, Naxçıvanın sadə vətəndaşları arasında Vəli xofu hökm sürürdü, hamı qorxu içində idi. Elə bu cür hədə-qorxuların nəticəsi olaraq çoxları ata-baba yurdundan didərgin düşüb.
"Orada bizə yaşamağa imkan vermədilər. Daha bizneslə də məşğul ola bilmirəm, əlim-ayağım hər şeydən soyuyub. Azərbaycandan getmək istəyirəm”- Məmməd Qurbanov söhbətini yekunlaşdırır.

virtualaz.org

Комментариев нет:

Отправить комментарий