Страницы

29.05.2016

Pirverdiyevin yaratdığı 780 milyon manatlıq borcun sirri - ŞOK TƏFƏRRÜAT

Məlum olduğu kimi, Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəyə əsasən "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin hazırda 780 milyon manat borcu var. Bu ölkənin iri vergi ödəyiciləri arasında ən yüksək borclardan biridir. Bəs Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun belə fantastik məbləğdə borclanmasının səbəbi, daha doğrusu, səbəbləri hansılardır?
"Azərenerji”nin külli miqdarda borclanmasına əsas səbəblərdən biri kimi, uzun müddətdir bu qurumun gəlirləri üzərində şəffaflığın təmin edilməməsi göstərilir.
Kiçik bir fakt: 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon dollar kredit alıb, bunun 24,09%-i və ya 2,3 milyard dolları "Azərenerji"nin payına düşür. Bunun üzərinə yüz milyonlarla manat dövlət investisiyasını gəldikdə ötən illər ərzində Pirverdiyevin rəhbəri olduğu quruma fantastik məbləğdə pulların yönəldiyinə heç bir şübhə qalmır.
Buna baxmayaraq, həmin vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyi mübahisə mövzusudur. Belə mübahisələri anlayışla qarşılamamaq mümkün deyil. Məsələn, "Azərenerji” həmin milyardlarla dollara rəğmən ölkənin fasiləsiz elektrik enerjisi ilə təchizatına nail ola bilməmişdi. Bunu ötən illərdə paytaxt Bakı da daxil olmaqla, az qala ölkənin hər yerindən davamlı şəkildə işıqla bağlı şikayətlərin səngiməməsindən aydın təxmin etmək olar.
Bir sözlə, "Azərenerji”nin qeyri-şəffaf fəaliyyəti və qurumda hesabatlılığın demək olar ki, yoxluğu sözügedən ASC-yə yönələn vəsaitlərin taleyindən narahat olmaq üçün ciddi əsaslar yaradır. Səhmdar Cəmiyyətin açıqlanan yüksək borcu da həmin əsasları bir az da qüvvətləndirir.
Etibar Pirverdiyevin rəhbərlik etdiyi ASC-nin adı daim korrupsiya qalmaqallarında hallanır. Bunlardan ikisini xatırladaq:
1. Ötən ilin dekabrında Hesablama Palatası "Azərenerji” ASC-də aparılmış auditin nəticələrinə dair məlumat yayıb. Nəticələrdən isə sözün həqiqi mənasında korrupsiya qoxusu gəlir. Belə ki, audit "Azərenerji”yə ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi pozuntular üzə çıxarıb. Məlum olub ki, "Azərenerji” ASC tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib. Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi aparılmayıb. Tikinti layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi üçün ekspertizadan keçirilməyib. Habelə müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyb. Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını müəyyən edib. Həmçinin layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini üzə çıxarıb. Yoxlamalar nəticəsində müəyyən olunub ki, "Azərenerji” ASC işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən podratçılarla birbaşa müqavilələr bağlayıb. Hesablama Palatası həmçinin müəyyən edib ki, bir neçə obyektin tikintisi başa çatdırılsa da Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Ancaq həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyi üzə çıxıb.
2. Bu ilin aprelində Hesablama Palatasının 2015-ci il üzrə açıqladığı hesabatda da "Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna ziddi hallar aşkarlandığı bildirilirdi. Hesabatda deyilirdi ki, ümumilikdə 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95%-i olmaqla 8 satınalma müqaviləsi bağlanıb. Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 %-i birbaşa müqavilələrin bağlanması ilə icra edilib. Qurumda dövlət satınalamalarını tənzimləyən normative hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i satınalma proseduru tətbiq edilmədən xərclənib. Audit sübutları ilə "Azərenerji” ASC tərəfindən 2013-2014-cü illər üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub.
ASC tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisya təkliflərinin tərtib edilmədiyi aşkarlanıb. İki obyektin layihə-smeta sənədlərinin hazırlanması xərcləri podrat müqaviləsinə daxil edilib, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə artıq vəsait ödənilməsi hesabına debitor borcun formalaşmasına, bununla yanaşı üç layihə üzrə kreditor borcun yaranmasına yol verilib. Göstərilən hər iki fakt "Azərenerji”də korrupsiyanın nə qədər dərin kök saldığının rəsmi ifadəsidir. Belədə isə Etibar Pirverdiyevin qurumunun 780 milyon manat kimi ciddi bir məbləğdə borclanmasına təəccüblənmək yersizdir.
O da maraqlıdır ki, "Azərenerji” külli miqdarda borclanarkən, ASC prezidenti özünə böyük bir biznes qura bilib. Onun tikinti biznesinin, dəvə fermalarının olduğuna dair KİV uzun illərdir yazır. Bundan başqa, Pirverdiyevin ölkənin şimal bölgəsində istirahət mərkəzlərinin varlığı da sirr deyil. Həmçinin real bazar dəyəri iki il öncə təxminən 500 milyon manat dəyərində qiymətləndirilən və 7 min nəfərin çalışdığı deyilən "Azenco” şirkətinin səhmlərinin təxminən 97 faizini əlində saxlamış "İnter-Enerji” MMC də Pirverdiyevin nəzarətində olub. Həmin vaxt KİV yazırdı ki, Etibar müəllimin MMC-si həmin şirkətin səhmlərini 6,4 milyon manata – yəni real qiymətindən 78 dəfə ucuz qiymətə əldə edib.
Pirverdiyev "İnter-Enerji” vasitəsilə Sumqayıtdakı Texnologiya Parkına (STP) da nəzarəti ələ keçirib. Nəticədə hazırda STP-nin fəaliyyəti demək olar, iflic vəziyyətdədir. "Azərenerji” rəhbərinin ölkədən kənarda da biznesinin olduğuna dair iddialar səsləndirilir. Maraqlıdır ki, deyilənlərin və yazılanların heç biri indiyədək rəsmi olaraq təkzib olunmayıb. Bəs şəxsi varidatı ötən illərdə xeyli artmış Etibar Pirverdiyevin "dəyirmanına su hardan gəlib?” 
Fikrimizcə, bu sualın cavabını tapmaq üçün yenə də "Azərenerji”nin 780 milyon manatlıq borcuna nəzər salmaq lazımdır...

az.qaynarinfo.az

Комментариев нет:

Отправить комментарий