Страницы

24.06.2016

Dövlət Dumasının sədr müavini: Rusiya ilə Azərbaycanın yaxınlaşmasında yeni mərhələ başlanıb

Rusiya Dövlət Dumasının maliyyə bazarı komitəsi sədrinin müavini Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının işi və Rusiya-Azərbaycan biznesinin planları barədə söhbət açıb.

-Son illər Rusiya ilə Azərbaycan bir-birinə çox yaxınlaşıb: rəsmi şəxslərin səfərləri, birgə layihələrin həyata keçirilməsi barədə bəyanatların sayı artıb. Sizcə buna səbəb nədir?
-Mən sualı başqa cür qurardım. Mən deyərdim ki, hazırda Rusiya ilə Azərbaycanın yaxınlaşmasında yeni mərhələ başlanıb. Ona görə ki, ölkələrimiz arasında həmişə çox sıx, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan münasibətlər olub. Azərbaycanda rusdilli təhsil tam həcmdə qorunub saxlanıb. Postsovet məkanında bununla fəxr edə biləcək respublika çox deyil. Bizim aramızda dil baryeri yoxdur. Bizim ortaq dəyərlərimiz, ortaq tarixi yaddaşımız var. Qarşımızda ortaq məsələlər, o cümlədən müxtəlif resurslarla zəngin olan Xəzəryanı ərazinin mənimsənilməsi məsələsi durur. Rusiya onilliklər boyu Azərbaycanın aparıcı ticari tərəfdaşı olaraq qalır. Azərbaycan Rusiya Federasiyasının 85 regionundan 72-si ilə sıx iqtisadi əlaqə saxlayır. Həm də bu əlaqələr nəinki dünən, hətta iki il əvvəl də yaranmayıb.
İndi bizim əməkdaşlığımız bütün istiqamətlər üzrə daha yüksək səviyyədədir. Bu, ilk növbədə iqtisadiyyata aiddir. Hazırda dünyada yaranmış iqtisadi vəziyyət, yəni enerji daşıyıcılarının ucuzlaşması, şaxələndirmə, qeyri-neft sektorlarının inkişafı kursunu davam etdirmək zərurəti həm Rusiyaya, həm də Azərbaycana ciddi təsir göstərir. Biz qonşu və tərəfdaş ölkələr kimi bir-birimiz üçün son dərəcə faydalı ola bilərik. Qeyd etmək lazımdır ki, son vaxtlar Rusiya-Azərbaycan əməkdaşlığı ilə bağlı çoxsaylı mühüm iqtisadi və siyasi hadisələr baş verir, ciddi bəyanatlar səslənir.

-Bu yaxınlarda Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşündə iki ölkə arasında əmtəə dövriyyəsinin azalması məsələsi müzakirə edilib.
-Elədir, Sankt-Peterburq görüşü bir daha göstərdi ki, Rusiyanın Xəzəryanı qonşusu ilə münasibətləri çox vacibdir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin keçən il təəssüf ki, azalması həmin görüşdə müzakirə edilən mövzulardan biri olub. Hərçənd, burada bir incə məqam var. 2014-cü ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 4 milyard dollara çatmışdı. 2015-ci ildə maliyyə böhranı fonunda bu göstərici azalıb, lakin həmin ildə də qarşılıqlı malgöndərmələrin fiziki həcmi cəmi 5 faiz azalıb. Bu onu göstərir ki, Rusiya-Azərbaycan iqtisadi münasibətləri çox böyük möhkəmlik ehtiyatına və inanılmaz potensiala malikdir, onu inkişaf etdirmək lazımdır. Özü də məhz indi, maliyyə konyunkturunun neft sektoru üçün əlverişsiz, lakin kənd təsərrüfatından başlamış maşınqayırmaya qədər bütün digər sahələr üçün əlverişli olduğu vaxtda inkişaf etdirmək lazımdır.

-Rusiya hökuməti bu istiqamətdə hansı addımları atır?
-Ən əvvəl Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının işini qeyd etmək lazımdır. Bu Komissiyanın işinin nəticələri artıq belə inam yaradır ki, iqtisadi əməkdaşlığa dair bütün məsələlər – gömrüklə, investisiyalarla, vergi rejimləri ilə bağlı məsələlər çox operativ şəkildə həll ediləcək.
Azərbaycandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsulları üçün “yaşıl dəhliz” yaradılması barədə razılıq əldə edilib. Bilirsinizmi, ərzaq embarqosu şəraitində ölkəmizə ekoloji, keyfiyyətli meyvə və tərəvəz göndərilməsi həyati əhəmiyyətli məsələdir və bu məsələnin həllində Azərbaycan bizim birinci köməkçimizdir. Hazırda bu sahədə göstəricilərimiz heç də pis deyil. Bir misal göstərim: keçən il Rusiyanın idxal etdiyi pomidorun ümumi həcminin yalnız bir faizi Azərbaycandan göndərilirdisə, indi bu göstərici 7,5 faizdir. Üstəlik, bu məhsulun qiyməti aşağı düşüb və zənnimcə, gələcəkdə satışın həcmi artdıqca qiymət bir qədər aşağı düşəcək.

strateq.az

Комментариев нет:

Отправить комментарий