Страницы

23.06.2016

Mahmudovun şər imperiyasının qurbanları: 300 min istədilər, vermədi, ömürlük cəza aldı

“Mənim oğlum casus deyil, vətənini, dövlətini sevən, ömrü boyu haram tikə yeməyən adamdır. MTN-də oğlumdan 300 min manat tələb ediblər, istədikləri məbləği ala bilmədikdə işgəncə veriblər, döyüblər, ayağını sındırıblar, boynuna narkotik vasitə, vətənə xəyanət kimi ağır ittihamlar qoyublar, ömürlük həbsə atıblar”.
Bunu virtualaz.org saytına İran kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən Hafiz Vəliyevin anası Dilzarə Vəliyeva deyib.
Söhbət 2013-cü ilin mayında MTN-in keçirdiyi səs-küylü “casus əməliyyatı” zamanı həbs olunan iki nəfərdən birindən gedir. Həmin vaxt MTN elan etmişdi ki, Hafiz Vəliyev və Müdafiə Sənayesi Nazirliyinin işçisi olan Ağamir Ağamirov İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunublar, SEPAH-ın “Qaffari” adlı əməkdaşı ilə görüşərək İranın xeyrinə casusluq etmək öhdəliyini üzərlərinə götürüblər. Sonradan qapalı keçirilən məhkəmə prosesində bu şəxslərə ən ağır cəza-ömürlük həbs cəzası verilib.
Ancaq H.Vəliyevin anası Dilzarə Vəliyeva deyir ki, oğlu əslində MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı cinayətkar qruplaşmanın çoxsaylı qurbanlarından biridir. Belə ki, MTN əməkdaşları əslində H.Vəliyevi İrana casusluq ittihamı ilə şantaj edərək ondan yüz minlərlə dollar pul qoparmaq istəyiblər. Xırda ticarətlə məşğul olan H.Vəliyevdə isə MTN-çilərə verməyə bu qədər pul olmadığına görə ona amansız işgəncələr veriblər, qurama ittihamlarla qapalı məhkəməyə çıxarıblar və ömürlük həbsə məhkum ediblər.
D.Vəliyevanın sözlərinə görə, oğlu Hafiz 20 ilə yaxın kiçik bizneslə məşğul olub, İrandan, Dubaydan gətirdiyi qab-qacaqları Mingəçevir şəhərindəki özünəməxsus mağazada satıb. Qab-qacaq mağazası ilə yanaşı Hafizin dini rəmzlərin, suvenirlərin satıldığı dükanı da olub. Növbəti dəfə İrana mal dalınca gedərkən 2013-cü ilin mayında hava limanında saxlanılıb. Üç gün onun harada olduğunu öyrənə bilməyiblər. Sonradan Hafiz Vəliyevin MTN-də saxlanıldığı bəlli olub.
Dilzarə Vəliyevanın danışdıqlarından: “Həmin gün gəlinim zəng vurub dedi ki, evimizdə axtarış aparırlar, Hafizin həbs olunduğunu deyirlər. Üç gün oğlumu axtardıq, tapa bilmədik. Evdə axtarış aparanlar bizə Hafizin harada olduğunu demirdilər. Üç gündən sonra məlum oldu ki, oğlum MTN-də saxlanılır. Bizi vəkil tutmağa da qoymurdular, dedilər dövlət tərəfindən vəkillə təmin olunub. İstintaq dövründə Hafizin dostlarını, biznes ortaqlarını bir-bir MTN-ə çağırıb, dindirdilər. Cəmi 12 nəfərə yaxın adamı istintaq adı altında MTN-ə çağırıblar, şantaj ediblər, pullarını alıb buraxıblar. Düz 1 il 3 ay oğlumun üzünü görmədim. Məhkəmə prosesi də qapalı keçirilirdi, yalnız məhkəməyə gətiriləndə Hafizi uzaqdan görə bilirdim, övladımı elə hala salmışdılar ki, tanıya bilmədim, çox  arıqlamışdı, ayağını çəkirdi. Öyrəndik ki, ona amansız işgəncələr veriblər”.
D.Vəliyeva deyir ki, oğluna əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxta ittiham irəli sürülüb. Onun bildirdiyinə görə, saxlanılanda Hafizə əvvəlcə deyiblər ki, guya maşınında külli miqdarda narkotik vasitə  olması barədə onlarda məlumat var. MTN-ə aparanda isə ona vətən xaini, casus damğası vurublar, deyiblər ki, guya İranın xeyrinə casusluqla məşğul olub.
“Barəsində cinayət işi başladıblar, deyiblər ki, 300 min manat versə casusluq ittihamını götürəcəklər, narkotik ittihamı ilə məhkəməyə çıxarıb yüngül cəza ilə azadlığa buraxılmasına kömək edəcəklər. Hafiz o qədər pulu haradan tapa bilərdi axı? Tələb olunan məbləği verə bilməyəndə oğluma vətənə xəyanətlə bağlı saxta ittiham irəli sürdülər”- qadın danışır.
D.Vəliyevanın bildirdiyinə görə MTN-də oğluna işgəncələr verilib, sol ayağı dizdən aşağı sındırılıb, müntəzəm olaraq döyülüb. H.Vəliyevin işinin istintaqını MTN-in İstintaq İdarəsinin rəisi, hazırda həbsdə olan general Mövlan Şıxəliyev şəxsən nəzarətdə saxlayıb. İş üzrə müstəntiq isə Kənan Əliyev olub.
“Oğlumdan 300 min manat tələb edən də həmin müstəntiq olub. Ona deyib ki, 300 min gətirsə məhkəməyə narkotik ittihamı ilə çıxarılacaq. Ancaq nə narkotik, nə vətənə xəyanət ittihamı mənim övladıma yaraşmır. Hafizi tanıyanlar onun necə vətənpərvər olduğunu bilir. Vətəninə, dövlətinə çox bağlı insandır. Oğlum Qərb Universitetini bitirib, bir ilə yaxın İranın Qəzvin şəhərində oxuyub, dindar, hacı adamdır. Ziyarətgahlara insanları aparırdı, köməksizlərə  əl tutur, yardım  edirdi. Mingəçevir, Bərdə camaatı Hafiziə, onun xeyirxahlığına yaxşı bələddir”- D.Vəliyeva deyir.
H.Vəliyevin anası yada salır ki, istintaq oğlunu İran vətəndaşı olan Əhməd Qəffari adlı şəxslə əməkdaşlıqda ittiham edib. Hansı ki, bu adda adamın mövcudluğunu göstərən heç bir dəlil, heç bir əlamət ortaya qoyulmadı: “MTN onun Əhməd Qəffari adlı İran vətəndaşı ilə hər hansı təmasını sübut edən heç bir dəlil göstərməyib. Yəni, belə bir adamın Hafizlə hər hansı bir əlaqəsi  üzə çıxmadı. İstintaq zamanı son 10 ildə Hafizin telefon nömrələri,  danışıqlar, evimizdə, mağazada aparılan axtarışlar, şəxsi həyatı, ticarət əlaqələri belə araşdırıldı. Bütün bu araşdırmalara baxmayaraq orada Əhməd Qaffari adlı şəxslə heç bir təmas müəyyən olunmadı. Ancaq oğlumun üzərindən bu qurama ittihamı götürmədilər”.

Hafiz Vəliyev özü barəsində çıxarılan hökmdən verdiyi apelyasiya şikayətində ona qarşı irəli sürülən ağır ittiham barədə bunları yazır:  “Onların istədiyi pulu vermədikdə düşündüm ki, yəqin casusluq ittihamının boşa çıxdığını görüb məni qurama narkotik ittihamı ilə məhkəməyə çıxaracaqlar. Çünki müstəntiq özü “pul verməsən ən azı narkotiklə içər gedəcəksən” demişdi. Ancaq  pul vermədiyimə görə bu qədər alçaqlığa gedəcəklərini, mənə vətən xaini damğası vuracaqlarını ağlıma gətirməzdim. Mən bir müsəlmanam, özümü vətənpərvər azərbaycanlı hesab edirəm. Dövlət mənə nə pislik edib ki, mən də ona xəyanət edim?”.
Hafiz Vəliyev apelyasiya müraciətində bildirir ki, Azərbaycan dövlətinə, onun qanunlarına güvənir. Azərbaycanın milli mənafelərini həmişə üstün tutub, heç bir düşmənçilik fəaliyyəti ilə məşğul olmayıb:  “İstintaq zamanı yüzə yaxın adam dindiriblər. Onlar da mənim dövlət mənafelərini qoruduğumu bildiriblər. Necə ola bilər ki, məni dövlətə xəyanətdə günahlandırsınlar?”.
D.Vəliyeva deyir ki, istintaq yekunlaşıb iş məhkəməyə göndərilən ərəfədə müstəntiq Kənan Əliyev o biri oğlu Xəyyamı çağıraraq heç olmasa 100 min manat vermələrini istəyib. Hətta bir dəfə Hafizi Xəyyamla görüşdürüb də. Xəyyam ondan soruşub ki, bəlkə şeytan aldadıb səni, bizə düzünü danış. Hafiz isə bircə kəlmə deyib ki, bu işin üstü onsuz da açılacaq, qoy nə qədər istəyirlər araşdırsınlar, heç kimə pul verməyin, mənim heç bir günahım yoxdur.
Dərdli qadının danışdıqlarından məlum olur ki, ötən ilin oktyabrında Eldar Mahmudovun işdən çıxarılmasından, onun mütəşəkkil qruplaşmasının üzvlərinin həbsindən sona Anar adlı MTN əməkdaşı 1 saylı İstintaq Təcridxanasına gələrək “bank işçisi” adı altında H.Vəliyevlə görüşüb. Görüş zamanı H.Vəliyevə məlum olub ki, həmin şəxs bank işçisi deyil, MTN əməkdaşıdır.
Həmin əməkdaş cəmi bir neçə ay əvvəl MTN-də  işgəncəyə məruz qoyduqları, saxta ittihamlarla ömürlük həbsə atdıqları Hafizə bu dəfə yalvar-yaxar edib ki, MTN-də baş verənlər barədə heç nə danışmasın, heç kimə heç nə deməsin. Bildirib ki, apellyasiya məhkəməsində ona köməklik ediləcək, bəraət veriləcək.
“Bu, bir daha sübut edir ki, mənim oğlumu günahsız həbs ediblər. Dəfələrlə bu işin yenidən araşdırılması ilə müxtəlif qurumlara şikayət etdik, xeyri olmadı. Açıq-aşkar deyirdilər ki, bizlik deyil, MTN qoymur”- D.Vəliyeva deyir.
H.Vəliyevlə eyni vaxtda onun tanışı, Müdafiə Sənaye Nazirliyinin baş məsləhətçisi Ağamir Ağamirov da eyni ittihamlarla həbs olunub və məhkəmənin hökmü ilə ömürlük cəza alıb. D.Vəliyeva deyir ki, Ağamirin atası Novruz Ağamirov oğlunun başına gələn haqsızlıqlara dözməyib, infarktdan ölüb: “Ağamir ibadət əhli olub, Hafiz onu dindar kimi tanıyıb. Ağamirin valideynləri  Ağcabədidə yaşayır, çox nüfuzlu bir ailədəndir. İş məhkəməyə gələndə oğluma deyiblər ki, Ağamirin üzünə dur, səni buraxaq. Hafiz buna razılıq verməyib”.
Qadın danışır ki, onun oğluna və Ağamirə MTN-də verdikləri zülmlər bəs etmirmiş kimi qapalı keçirilən məhkəmədə də əzab veriblər, ailə üzvləri ilə görüşməyə qoymayıblar: “Bir dəfə Ağamirin 14 yaşlı oğlu atasını görmək üçün zala girmək istəyirdi, qoymadılar, MTN icazə vermir dedilər. Uşaq isə “MTN Allah deyil, Allahdan qorxun! Mən atamın üzünü görə bilməyəcəyəm?” deyib ağlayırdı. Ağamirin atası sonuncu dəfə MTN-dən çıxanda dedi ki, bilmirəm, o günü görəcəyəm, ya yox, amma bu binada bu qədər haqsızlıq, allahsızlıq edənlər elə yerlə yeksan olacaq ki, biri də qalmayacaq. Onun dediyi kimi də oldu. Onun oğluna, mənim oğluma torba tikənlərin biri də yerində qalmadı. Mən gecə-gündüz prezidentmizə dua edirəm ki, bu zülmkarların cəzasını verdi ”.
Dilarə Vəliyevanın danışdıqlarına görə MTN-in MTN-in Antiterror Mərkəzinin rəis müavini İ.Əliyev (həbsxanada özünü asıb) də oğlunun dindirilməsində iştirak edib: “İlqar ona hədə-qorxu gəlirmiş ki, sənin telefon danışıqlarına qulaq asmışıq., casusluq edibsən, İrandan narkotik daşımısan. Hafiz də deyib ki,mən İranda da, Dubayda da ancaq tacirlərlə görüşürəm, onlarla əlaqə saxlayıram, telefonla danışdıqlarım da ancaq ticarət adamlarıdır. Hafizə məhkəmədə danışmaq, özünü müdafiə etmək imkanı da verməyiblər, həqiqəti deməyə qoymayıblar. Hətta müstəntiq  dəfələrlə hədələyib ki , danışsa vəziyyəti yaxşı olmayacaq”.
Dilzarə Vəlieva Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və ölkə başçısına müraciət edib. MTN-in quldur dəstəsinin zərərsizləşdirilməsindən sonra bu bandanın əməllərindən zərər çəkən digərləri kimi onların müracətlərinə də baxılacağını, işin yenidən araşdırılacağına ümid edir.
“Bu işə yenidən baxılmasını, dərindən araşdırılmasını xahiş edirik. Mənim oğlum da MTN qurbanıdır. Bu işin qurama olduğu gün kimi aydındır.  Haqsız yerə məhkum olunmuş övladlarımızın azadlığa buraxılmasını istəyirik. Biz dövlətimizə xəyanət edən yox, onun uğrunda özümüzü və övladlarımızı mərdliklə qurban verənlərdənik”.
Xatırladaq ki, MTN-in vəzifəli şəxslərinin sahibkarlara qarşı cinayətləri və digər əməlləri Baş Prokurorluqda araşdırılır. Araşdırma ilə bağlı H.Vəliyev özü, qardaşı və anası artıq ifadə veriblər.
D.Vəliyeva deyir ki, aprelin 15-də  baş prokuror Zakir Qaralovla görüşüb. Baş prokuror onun şikayətini dinləyib və yaxın günlərdə araşdırılacağını bildirib.
H.Vəlievin vəkili Fərid Həsənov isə virtualaz.org saytına bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin işgəncələrə məruz qalması, saxta sübutlarla ittiham olunması və qanunsuz həbs edilməsi ilə bağlı Hafiz Vəliyevin işini aparan müstəntiq K.Əliyev və digərləri Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindiriliblər. İndi ümid ona qalır ki, hüquq-mühafizə orqanları, şəxsən Baş prokuror bu işin yenidən araşdırılmasını, ədalətin yerini tapmasını təmin edəcəklər…

m.virtualaz.org

Комментариев нет:

Отправить комментарий