Страницы

06.07.2016

Mahir Şəkərov - Ramazan ayı bitdi

Ramazan ayı bitdi, möminlər...
Ey Allahın əvliyaları! Allah əvliyalarının ayı olan Ramazan ayı bitdi.
Elə bir ay ki, Quran onda nazil oldu. 
Elə bir ay ki, bu ayda oxunan bir ayə, digər günlərdə Quranı xətm etməyə bərabər idi.
Elə bir ay ki, onda alıb-verdiyimiz hər bir nəfəsə Allah zikr və təsbih savabı verirdi.
Elə bir ay ki, Allahın rəhməti, bərəkəti və məğfirəti onda daha çox təcəlli edirdi.
Elə bir ay ki,  Onun günləri digər bütün günlərdən daha fəzilətli idi.
Elə bir ay ki, Onun bütün saatları digər günlərdə olan bütün saatlardan daha üstün və fəzilətli  idi.
Elə bir ay ki, gecələri də digər günlərin gecələrindən daha fəzilətli  idi.
Elə bir ay ki, Allah sizi öz mənəvi süfrəsinə, ilahi ziyafətə dəvət etmişdi. Elə bir süfrə ki onun nemətləri rəhmət, bərəkət  və məğfirət idi.
Elə bir ay ki,  Allah hətta yuxumuza da ibadət savabı verirdi.
Elə bir ay ki, Allah etdiyimiz duaları qəbul ediridi.
Elə bir ay ki,  Allah bir dəstə mələyi oruc tutanlar üçün təyin edərək Ramazanın sonuna qədər onlara dua etmələrini əmr etmişdi.
Elə bir ay ki, hər iftar vaxtı bir mələk oruc tutana nida edərək "Ey Allahın bəndəsi! Müjdə olsun sənə. Çox az bir müddət ac qaldın, əvəzində uzun bir müddət tox olacaqsan. Allah sizə bərəkət nazil etdi.Allahın bir süfrəsi var ki yalnız oruc tutanlar üçündür. Elə bir süfrə ki, heç bir göz o nemətləri görməyib, heç bir qulaq onun barəsində eşitməyib və heç bir ürək onu təsəvvür belə etməyib."
Elə bir ay ki, isti günlərində tutulan orucun savabı daha çox idi. Elə bir savab ki, hədisdə buyurulur: "Hər kim  bir gün şiddətli istidə oruc tutsa, Allah min mələk təyin edir ki, bu insanın alnında, üzündə olan tərləri silsinlər. O mələklər onun üzünə əl sürtərlər. Eləki iftar  oldu, ona Cənnəti müjdə verirlər və Allah buyurur: Ey mənim mələklərim! Sizdə  şahid olun  ki Mən onu bağışladım".
Elə bir ay ki, tövbələrin Allah dərgahında daha tez qəbul olunduğu bir ay idi.
Elə bir ay ki, vəsfində dillər belə aciz idi.
Bəli mübarək Ramazan ayı bitdi. Bir daha ona qovuşa biləcəyikmi? Bilmirik...
Bu ayı dərk edənlər özlərini dərk edənlər idi. Ona görə əziz İslam peyğəmbəri (s) Ramazan ayına xitabən buyurardı. "Allahın salamı olsun sənə ey Allah əvliyalarının ayı!"  
Allahın həqiqi bəndələri, dostları bu ayın nə demək olduğunu dərk etdilər. Belə əzəmətli bir ayın sonunda da həqiqi bayram sevincini yaşadılar. Çünki ilahi ziyafətdən öz nəsiblərini aldılar. Onlar ilahi süfrənin ən dəyərli neməti olan Quranı çox tilavət etdilər. Namazlarında daha çox diqqətli oldular. Təkcə ac qalamqla deyil, Allahın kitabında keçən və sözün əsl mənasında oruc  tutdular. Təkcə özlərinə deyil, insanlığa faydalı olmağa çalışdılar. Allahın gör dediyi yerdən görüb, eşit dediyi yerdən eşitdilər və həqiqi mənada ilahi rəngə boyandılar. Elə bir rəng ki, il boyunca, onların mənəviyyatında nur olacaq və maddi həyatlarında büdrəmələrinin qarşısını alacaq.
Allah Ramazan ayına xatir, bu ayda nazil olan müqəddəs kitabımız Qurana xatir, bu ilahi kitabın  nazil olduğu mübarək qəlbə və o qəlbin sahibi, Qiyamətdə ,buyur Cənnət daxil ol deyildiyi zaman, "ümmətim! ümmətim deyə fəryad edən, öz ümmətinə bir atadan daha da mehriban olan və beləliklə "Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca  qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən" (Kəhf 6) deyə ilahi vəhyin muxatəbinə çevrilən əziz  peyğəmbərimizə (s) və onun yolunu gedən pak insanlar xatirinə Ramazan orucunu bizdən qəbul eyləsin. Bu ayda etdiyimiz xeyir əməlləri  ən gözək şəkildə bizdən qəbul eyləsin. Bütün məzlumar kimi o Məzlumun da məzlumiyyətinə son verib, Onu, onu sevənlərinə qovuşdursun. 
Sonda bu yazı vasitəsi ilə mənə əziz olan dostlarımı (MİB) bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir, mübarək qəlblərində olan bütün dualarına Amin deyirəm. Və aşağıdakı şeir ilə təbrikimi bitirirəm:

Bayram gözəldir, gözəlliklər sizin olsun,
Bayram duadır, dualar qəbul olsun.
Bayram ümiddir, ümidlər gerçək olsun,
Ramazan bayramınız mübarək olsun.

Комментариев нет:

Отправить комментарий